Qəza namazı qılmağın dəlilləri
İmam Təhanəvi, "İ'lau's-Sünən"də, "Namaz kitabı"nda, "Namazı qəsdən tərk edənlərin qəza etmələrinin fərz olması" deyə bir başlıq açmış və belə demişdir:
Zahirilər, namazı qəsdən qılmayanların qəza edə bilməyəcəkləri görüşünü mənimsəmişlərdir. Çünki şərtin meydana gəlməməsi, şərtin bağlandığı hökmün də meydana gəlməməsini gərəkdirir. Bundan da, namazı unutma (və ya yuxu halı) olmadan qılmayanların qəza edə bilməyəcəkləri mənası çıxır.
İmam Nəvəvi, Muslim şərhi olan "Minhac"da yer alan cavabında,
"Hədisdə, namazın qəzasının 'unutmaq' kəliməsilə qeyd edilməsi, qəzanın səbəbi nəzərə alınaraq ifadə edilməsindən qaynaqlanmaqdadır." dedikdən sonra, belə davam edir:
"Bəzi zahirilər, fərqli düşünərək, 'Üzrsüz olaraq qılınmayan namazın qəzası olmaz.' demişlərdir." (Haşiyə)
Biz (Hənəfilər) də, bunu deyirik:
Əksəriyyətin dəlillərindən biri, Şəvkani'nin "Neylu'l-Əvtar"da onlar üçün nəql etdiyi, bu görüşdür:
Əsl üzərində düşünülməsi lazım olan, daha əvvəl bəhs etdiyimiz, "Allahın borcu, yerinə yetirilməyə daha layiqdir." (Buxari, Savm, 42; Müslim, Siyam, 154,155) hədisinin ifadə etdiyi ümumi mənadır.
Xüsusilə də, "Bir namazı müəyyən bir dəlil ilə qəza etməyin gərəkliliyi, ədanın gərəkliliyinə dəlalət edən ilk xitabdır." deyənlərin görüşünə görə, bu, belədir.
Nəticə olaraq, ibn Daqiq əl-İd'ə görə, bizim mövzumuzda, qəsdən namazı tərk edənlərə, qəzanın gərəkli olduğu xüsusunda, heç bir tərəddüd yoxdur. Çünki o, belə deyir:
Namazı qəsdən tərk edən, namaz qılması əmr edilən və onu əda etməsi üzərinə fərz olan kimsədir. Dolayısı ilə, bu, o kimsənin üzərinə bir borc olmuş olur. Borc da, ancaq, onu əda edib ödəməklə düşər. (Şəvkani, "Neylu'l-Əvtar", l, 326)
(Təhanəvi, "İ'lau's-Sünən")
-----------------------------------
(Haşiyə:
Nəvəvi, "Minhac"da belə deyir:
"Bir namazı unudan, onu xatırladığında qılsın."
Burdan, vaxtında qılınmamış fərz namazın qəza edilməsinin vacib olduğu hökmü başa düşülməkdədir. Bu namazı vaxtında qılmaması, istər yatmaq və unutmaq kimi bir üzr səbəbilə olsun; istər üzrsüz olsun, fərq etməz.
Hədisdə, "unutmaq" qeydinin bəhs mövzusu edilməsi, bir səbəbdən dolayı tərkin bəyan edilməsi mahiyyətində olduğundan dolayıdır. Çünki üzrü olan kimsəyə qəza etmək lazım gəldiyinə görə; başqası haqqında da bu vücubun (vacibliyin) bəhs mövzusu olması, əvləviyyətlə bəhs mövzusudur. Bu da, alt mərtəbədə olanı bəhs mövzusu edərək, daha üst mərtəbədə olana diqqət çəkmək növündən olan bir ifadədir.
"Onu xatırladığında qılsın."
Bu (yəni, xatırladığında qılmaq mənası), müstəhəblik olaraq açıqlanmışdır. Çünki səhih olan qənaətə görə, bir üzr səbəbilə vaxtında qılına bilməyən namazın qəza edilməsinin gecikdirilməsi (Şafilərə görə) caizdir. Bunun açıqlaması və dəlili, az əvvəl keçdi.
Ancaq zahiri məzhəbinə mənsub bəzi fəqihlər istisna təşkil edərək, "Üzrsüz qılınmayan namazın qəzası, vacib deyildir." demiş və bunun günahından, qəzasını qılaraq qurtulmağın bəhs mövzusu ola bilməyəcəyi qədər böyük bir günah olduğunu iləri sürmüşlərdir.
Ancaq bu, belə danışanın bir xətasıdır və onun cəhalətinin bir nəticəsidir. Allah, ən gözəl biləndir.
(Nəvəvi, "əl-Minhac fi şərhi Sahihi Muslim b. Haccac", "Məscidlər və namaz qılınan yerlər kitabı", "Vaxtında qılınmayan namazın qəza edilməsi və onu qəza etməkdə tələsməyin müstəhəb olduğu babı", hədis no: 1558)
-----------------------------------
İbn Hazm əz-Zahiri, "əl-Muhalla"da (ll, s. 235 və davamında), belə deyir:
"Qəza, şəri bir icabdır. Şər' isə, ancaq, Allah Taala haqqında -Rəsulunun dililə- caizdir. O halda, biz, ondan, 'Namazı qəsdən tərk edən kimsəyə, onu qəza etməsini, kim əmr etməkdədir?' deyə soruşarıq..."
Müəllifin, zahiriliyinin gərəyi olaraq, bu məsələdə də, "Hər şeyin, Quran və sünnətdə, hərfi-hərfinə bildirilmiş olma" şərtini axtardığı görülməkdədir.
Alimlərimiz, ibn Hazm'ın bu istidlalına, tətmin edici cavablar vermişlərdir. Məsələn, onlardan:
• Birincisi: Günəş batmadan əvvəl əsr namazının; və günəş doğmadan əvvəl sübh namazının 1 rükətinə çatan kimsənin, o namazların hamısına çatmış sayılacağı, səhih hədislərdə bildirilmişdir. (Buxari, "Məvəqit", 16, 27; Muslim, "Məsəcid", 163 və s.)
Bu haldakı kimsələr, təbii olaraq, əsr namazının qalan qismini, günəş batdıqdan; və sübh namazının qalan qismini, günəş doğduqdan sonra qılacaqlardır. Halbuki, onların, namazı, nə üçün bu qədər gecikdirdiyi, yuxarıda zikr edilən hədisdə bəhs mövzusu edilməmiş, daha doğrusu, bu hökmün, sadəcə, bir üzr səbəbilə namazı bu qədər gecikdirmiş olanlara xas olduğunu ifadə edən heç bir qeyd gətirilməmişdir.
• İkincisi: ibn Hazmın, qəza edilə biləcək namazları, sadəcə haqqında danışılan hədisdə ifadə edilən "unutmaq" və "yuxu" hallarına təxsis etməsinin doğru olmadığını göstərən bir digər dəlil də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bəzi səhabələri Bənu Qureyza yəhudiləri üzərinə göndərərkən, Bənu Qureyza torpağına çatmadan əsri qılmamalarını istədiyini bildirən rəvayətdir. Bilindiyi kimi, yolda əsr vaxtı girdiyində,
~ Bəzi səhabələr, "Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), belə buyurmaqla, bizim ora tez çatmağımızı istəmişdi." deyə düşünərək, yolda əsri qılmış;
~ Bəziləri isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmrinin zahirinə tabe olmaq üçün, ora çatmadıqca, əsri qılmamışlardı. Ora çatdıqlarında isə, günəş batmışdı.
Mədinəyə qayıtdıqlarında, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu 2 qrupdan heç birinə, etdiyinin yalnış olduğunu söyləməmişdi.
Digər tərəfdən, ibn Hazm, qəsdən tərk edilən namazların qəzasının olmayacağı mövzusunda, səhabə və tabiundan bir neçə ad da zikr edir. Ancaq onlardan nəql etdiyi sözlərin bir qisminin sənədi, güvənilən deyil; bir qismi də, məsələyə açıq və qəti bir şəkildə dəlalət etməyib, təvilə açıq ifadələrdir.
İbn Hazm'ın bu məsələdəki mövqeyi, sələf və xələf alimləri də bir yana, öz imamı Davud b. Əli əl-Zahiri'nin qövlünə də zidd, şazz bir mövqedir. Dolayısı ilə, bunun, etibar ediləcək bir tərəfi yoxdur.
Xülasə: Mövzu haqqında daha təfsilatlı məlumat əldə etmək istəyənlər, ibn Abdi'l-Bərr'in "əl-İstizkar" adlı əsərinə (l, s. 301 və davamına) baxa bilərlər.
------------------------------------------------------
------------------------------------------------------
İmam Qurtubi (əl-Maliki), "əl-Cami li Əhkami'l-Quran" adlı təfsirində (Taha/9-16 təfsirlərində), belə deyir:
Qəsdən namazı tərk edən kimsəyə gəlincə, yenə, cumhura görə, bunun, asi olsa belə, namazını qəza etməsi, fərzdir. Ancaq, Davud (əz-Zahiri), bu görüşdə deyildir. Şafi məzhəbinə mənsub əbu Abdu'r-Rahmən əl-Əşari də, (bu görüşdə), ona müvafiqdir. Bu görüşü, ondan, ibnu'l-Qassar nəql etməkdədir.
Qəsdən namazı vaxtında qılmayan kimsə ilə unudan və yatan kimsə arasındakı fərq, günahın qaldırılmış olmasındadır. Qəsdən tərk edən, günah qazanar. Bununla bərabər, hamısının da qəza etmələri lazımdır.
Cumhurun dəlili, uca Allahın, "Namazı qılın" (Taha/14) deyə buyurmuş olması; və bunun, vaxtında olması, ya da olmaması arasında fərq qoyulmamış olmasıdır. Bu isə, vücub (vaciblik, fərzlik) ifadə edən bir əmrdir. Eyni şəkildə, yatanın və yadından çıxaranın da, -günahkar olmamalarına baxmayaraq- namazlarını qəza etməklə əmr olunduqları, sabit olmuşdur. O halda, qəsdən namazını qəza edənin qəza etməsi, əvləviyyətlə bəhs mövzusudur.
Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Kim, bir namazı yatar, ya da yadından çıxarar qılmazsa" hədisi də, bunu ifadə edir. Çünki unutmaq (nisyan), tərk etməklə eyni şeydir. Uca Allah, belə buyurur:
...نَسُوا۟ ٱللَّهَ فَنَسِيَهُمْ ۗ ...
"Nəsullahə fənəsiyəhum = Onlar, Allahı unutdular. Allah da, onları unutdu." (Tövbə/67);
...وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ نَسُوا۟ ٱللَّهَ فَأَنسَىٰهُمْ أَنفُسَهُمْ
"Və lə təkunu kəlləzinə nəsullahə fəənsəhum ənfusəhum = Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın!" (Haşr/18)
Bu nisyan (unutmağın)'ın, unutma ilə olması ilə olmaması arasında, bir fərq yoxdur. Çünki, uca Allah haqqında, nisyan bəhs mövzusu deyildir. Onun haqqında bu təbirin istifadə edilməsinin mənası, "onları tərk etmək"dir.
...مَا نَنسَخْ مِنْ ءَايَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَآ أَوْ مِثْلِهَآ
"Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk..." (Bəqərə/106) ayətində də, nisyan (unutmaq), tərk etmək mənasındadır. Xatırlamaq da, nisyandan sonra da ola bilər, başqa bir şeydən sonra da ola bilər. Necə ki, uca Allah, bir qüdsi hədisdə, "Məni öz nəfsində zikr edəni, Mən də Özümdə zikr edərəm." (Buxari, "Tövhid", 15) deyə buyurmaqdadır. Şanı uca olan Allahın unutması, bəhs mövzusu deyildir. Onun üçün, bu felin nə mənaya gəldiyini, az əvvəl açıqladıq. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Onu xatırladığı zaman" sözü, "Onu bildiyi zaman" deməkdir.
Eyni şəkildə, insanlara qarşı olan borcların ödənməsinin müəyyən bir vaxtı varsa, bu vaxt gəlməklə bunların ödənməsinin vacibliyi bəhs mövzusu olduqdan sonra, (ödənməzsə), qəzası (ödənmə gərəyi), ortadan qalxmaz. Ancaq zimmətdəki belə borcları, ibra salmaqdadır. Uca Allahın borcları xüsusunda ibranın səhih olmaması və bunların qəzasının Ondan gəlmiş bir icazə olmadıqca düşməməsi də, əvləviyyətlə bəhs mövzusudur.
Digər tərəfdən, bizlər, ittifaqla, bunu qəbul edirik:
Qəsdən və üzrsüz bir şəkildə ramazan orucunun 1 gününü tərk edən bir kimsənin, o günü qəza etməsi, fərzdir. Namaz da, eynidir.
Əgər "Malik'dən: 'Qəsdən namazı tərk edən bir kimsə, əbədiyyən onu qəza etməz.' dediyinə dair bir rəvayət vardır." deyiləcək olarsa, bunu bildirək ki, bundan məqsəd, keçmiş olanın, əsla geri qayıtmayacağına dair bir işarətdir (deyərik); ya da, bu, belə bir şeyin günahının, nə qədər ağır olduğunu bildirmək üçün söylənmiş bir söz olaraq qəbul edilməlidir. Necə ki, ibn Məsud və Əli (radiyallahu anhuma)'nın: "Bir kimsə, ramazanda qəsdən orucunu yeyəcək olarsa, istərsə il boyunca oruc tutsun, bu, ona kəffarət olmaz." şəklində rəvayət edilən sözləri, buna bənzəməkdədir.
Ayrıca, qəzanın, əda yerinə keçirilməsi; yaxud arxasınca tövbə edilməsi, mükəlləfiyyət haqqının yerinə yetirilməsi cəhətindən, qaçılmaz bir şeydir. Bundan sonra da, uca Allah, istədiyini edər.
əbu'l-Mutavvəs, atasından; o ---> əbu Hureyrə'dən rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Qəsdən ramazandan 1 gün oruc yeyən bir kimsə, bütün ili orucla keçirəcək olsa da, onun yerini tutmaz." (əbu Davud, "Savm", 39; Tirmizi, "Savm", 27; ibn Macə, "Siyam", 14)
Əgər bu rəvayət səhihdirsə, bunun günahının böyüklüyünü bildirmək mənasına gəlmə ehtimalı vardır. Bu isə, zəif bir hədis olub, bunu, əbu Davud rəvayət etmişdir.
Qəzaya qalan namazın kəffarətinə dair səhih hədislər gəlmişdir. Bəzilərində isə, 1 günün qəza ediləcəyi də bildirilmişdir. Uca Allaha həmd olsun.
--------------------------------------
--------------------------------------
Qəza namazları fiqhi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/q%C9%99za-namazlari-fiqhi
Sünnət namazların yerinə qəza namazları qılına bilərmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sunn%C9%99-yerin%C9%99-q%C9%...
