"Qadınları döyün." ayəti necə başa düşülməlidir? -1

 

ٱلرِّجَالُ قَوَّ‌ٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَآ أَنفَقُوا۟ مِنْ أَمْوَ‌ٰلِهِمْ ۚ فَٱلصَّـٰلِحَـٰتُ قَـٰنِتَـٰتٌ حَـٰفِظَـٰتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ ۚ وَٱلَّـٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا۟ عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا

"Allahın, onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə, kişilər, qadınlar üzərində idarəçidirlər. Əməli saleh qadınlar, itaət edən və Allahın qoruması ilə, özləri də gizli olanı qoruyanlardır. Özbaşınalıq etmələrindən narahatlıq duyduğunuz (və ya qorxduğunuz) qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlar əleyhində başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür." (Nisə/34)

---------------------

Təfsiri:

Bu buyuruğa dair açıqlamalarımızı, 11 başlıq halında təqdim edəcəyik:

1. Ayətin nüzul (eniş) səbəbi:

Uca Allahın:

"Kişilər, qadınlar üzərində idarəçidirlər."

buyuruğu, mübtəda və xəbərdir. Yəni, kişilər:

• qadınların nəfəqələrini (yaşayış üçün lazım olan xərclərini) təmin edər;

• onları gərəyi kimi qoruyar və himayə edərlər.

• Eyni şəkildə, idarəçilər, əmirlər və döyüşə çıxanlar da, kişilər arasından çıxar.

Qadınlar haqqında isə, bu hal, bəhs mövzusu deyildir. Ayətdəki "qavvam" və "qeyyim" (idarəçi) ifadələri də, eyni mənada istifadə edilir.

Ayət, Sa'd b. Rəbi haqqında nazil olmuşdur. Xanımı: Zeyd b. Xaricə b. əbi Züheyr qızı Həbibə, ona qarşı itaətsizlik etmiş, Sa'd da onu vurmuşdu. Atası isə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlib, belə dedi:

"Ey Allahın rəsulu! Qızımı onun nikahı altına verdim, o da qalxdı, qızımı vurdu."

Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ərinə qisas tətbiq etsin." deyə cavab verdi.

Ərinə qisas tətbiq etmək üzərə atası ilə geri qayıtdığında, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Geri qayıdın. Cəbrail Mənə vəhy gətirdi."

dedi. Uca Allah da, bu ayəti endirdi.

Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Biz, bir iş murad etdik. Allah da ondan başqasını murad etdi."

Bir digər rəvayətdə isə:

"Mən bir iş dilədim. Allahın dilədiyi isə, xeyirli olandır."

deyə buyurdu. Və verdiyi birinci hökmü qaldırdı.

Belə də deyilmişdir:

"Bu rədd olunan hökm haqqında, uca Allahın:

فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ...

"Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə..." (Taha/114)

buyuruğunun nazil olduğu da söylənilmişdir.

İsmayıl b. İshaq bunu zikr edir:

Bizə Haccac b. əl-Minhal ilə Alim b. Fadl -ki, ləfz Haccacındır- bildirdi ---> Bizə Cərir b. Hazini bildirdi:

Mən, əl-Həsəni belə deyərkən eşitdim:

Bir qadın Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə gəlib belə dedi:

"Ərim üzümə yumruq vurdu."

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"O təqdirdə, ona qisas tətbiq etmək lazımdır."

deyə buyurunca, uca Allah:

فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ...

"Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə..." (Taha/114)

ayətini endirdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də:

"Kişilər, qadınlar üzərində idarəçidirlər."

ayəti nazil oluncaya qədər hökm verməmişdi.

• Belə də deyilmişdir:

"Bu ayət, Ubeyy qızı Cəmilə ilə əri Sabit b. Qays b. Şəmmas haqqında nazil olmuşdur."

• əl-Kəlbi də, belə deyir:

"Bu ayət, Muhamməd b. Məsləmə'nin qızı Amira ilə onun əri Sa'd b. ər-Rabi haqqında nazil olmuşdur."

• Bu ayətin nüzul səbəbinin, daha əvvəl nəql etdiyimiz ümmü Sələmənin sözü olduğu da söylənmişdir.

Bu halda, ayətlərin ifadə nizamı və aralarındakı münasibət, belə açıqlana bilər:

Qadınlar, kişilərin miras xüsusunda üstün qılınmaqlarından söz etməkləri üzərinə:

وَلَا تَتَمَنَّوْا۟ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ...

"Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənni etməyin (istəməyin)..." (Nisa/32)

ayəti nazil oldu.

Daha sonra uca Allah, kişiləri miras xüsusunda qadınlara üstün qılmasının, kişilərin mehir vermək və qadınların nəfəqəsini təmin etmək mükəlləfiyyəti dolayısı ilə olduğunu bəyan etməkdədir.

Digər tərəfdən, kişilərin bu şəkildə üstün qılınmaqlarının faydası, nəticədə yenə qadınlara racidir (aiddir).

• Belə də deyilməkdədir:

Kişilərin əqli kamillik və idarəçilik cəhətindən bir üstünlükləri vardır. Bax bundan dolayı, qadınlar üzərində idarəçilik haqqı kişilərə verilmişdir.

• Yenə deyildiyinə görə:

Kişilərin qadınlarda olmayan bir şəkildə ruhi cəhətdən və xarakter etibarı ilə bir üstünlükləri vardır.

Çünki kişilərin xarakterində (təbiətində), hərarət və quruluq qalib olduğundan dolayı, kişidə bir qüvvət mövcuddur. Qadınların xarakterində isə, daha qalib olan, nəmlilik və soyuqluqdur. Bu cəhətdən, yumşaqlıq və zəiflik mənasındakı xüsuslar, xarakterlərində də özünə yer etməkdədir.

Bu cəhətdən, kişilərə, qadınlar üzərində qiyam (idarəçilik) haqqı verilmişdir.

Uca Allahın:

"(Kişilərin) Mallarından xərcləmələrindən dolayı da, bu, belədir."

buyuruğu dolayısı ilə də, bu haqq kişilərə verilmişdir.

--------------------------------

2. Kişilərin, xanımlarını tədib (ədəbləndirmək) haqqı və ölçüsü:

Bu ayət, kişilərin, xanımlarını tədib edə biləcəklərinə dəlildir. Qadın, ərinin haqlarını qoruduğu təqdirdə, kişinin, xanımı ilə pis davranmaması gərəkdir.

Ayətdəki "qavvam" kəliməsi, mübaliğa ifadə edən bir kəlimə olub:

• bir şey üzərində durmaq;

• onu kontrol etmək;

• bütün gücü ilə onu qorumaq;

• ona nəzarət etmək

mənasındadır. Kişilərin qadınlar üzərində "qaim" olmaları, bax bu çərçivə içərisindədir.

Kişinin, qadının işlərini idarə etməsi:

evində saxlaması, çölə çıxmaqdan uzaq tutması ilə olur.

Qadının da, ərinə itaət etməsi və günah olmadığı müddətcə, əmrini qəbul etməsi, qadının vəzifəsidir. Buna gərəkcə olacaq fəzilət:

• nəfəqəni qarşılamaq mükəlləfiyyəti;

• ağıl;

• cihad;

• miras;

• əmr-i bi'l-maruf və nəhy-i ani'l-münkər (yaxşılığı əmr edib pislikdən çəkindirmək)

xüsuslarında, daha güclü olması göstərilmişdir.

Bəziləri saqqallı olmağı da üstünlükdə (fəzilətdə) göz önündə tutmuşlarsa da, bunun, heç bir qiyməti yoxdur. Çünki bir kimsədə saqqal olmaqla bərabər, bəhsini etdiyimiz xüsusların heç biri mövcud olmaya da bilər. Bəqərə surəsinin 228-ci ayəti, 3-cü başlıqda, bu qənaəti rədd edən başlıqlar keçməkdədir.

------------------------

3. Kişi, xanımının nəfəqəsini təmin edə bilməzsə, qadının, nigahı fəsx etmə (nigah hökmünü ortadan qaldırmaq) haqqı doğa bilərmi?

Elm adamları, uca Allahın:

"(Kişilərin) Mallarından infaq etmələrindən (xərcləmələrindən) dolayı belədir."

buyuruğundan, bunu başa düşmüşlərdir:

Ər, xanımına, nəfəqəsini verməkdən aciz qalarsa, artıq ər, onun üzərində idarəçi (qavvam) ola bilməz. Onun üzərində qavvam ola bilməyincə də, o təqdirdə qadın, bu nigah əqdini fəsx etmək haqqına sahib olur. Çünki özündən dolayı nigahın məşru qılındığı məqsəd, ortadan qalxmışdır.

Bax bu cəhətdən də, nəfəqəni və qadının geyimini təmin etmək xüsusunda, nigahın fəsx edilməsinin sabit olduğuna, açıq bir dəlalət vardır. Bu, imam Malik və Şafi'nin görüşüdür.

Əbu Hənifə isə:

"Nigah, fəsx olmaz."

demişdir. Buna səbəb isə, uca Allahın:

وَإِن كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍ...

"Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin..." (Bəqərə/280)

buyuruğudur. Buna dair açıqlamalar, yenə bu surədə, daha əvvəl keçməkdədir.

-----------------------------------

4- Əməli saleh qadınların bəzi özəllikləri:

Uca Allahın:

"Əməli saleh qadınlar, itaət edən və Allahın qoruması ilə, özləri də gizli olanı qoruyanlardır."

buyuruğunda, əməli saleh qadınların halları xəbər verilməkdədir. Bundan məqsəd isə:

Ərinə itaəti və malında ərinin hazır olmaması halında, qadının, öz nəfsində, ərinin haqqını yerinə yetirməkdir.

Əbu Davud ət-Tayalisi'nin "Müsnəd"ində, əbu Hureyrə (radiyallahu anh)'dan belə dediyi rəvayət edilməkdədir:

"Qadınların xeyirlisi:

• ona baxtığın zaman səni sevindirən;

• əmr verdiyin zaman sənə itaət edən;

• yanında hazır olmadığın təqdirdə də, öz nəfsində və sənin malında, səni (n haqlarını) qoruyan qadındır."

Daha sonra, bu:

"Kişilər, qadınlar üzərində idarəçidirlər..."

ayətini, sonuna qədər oxudu.

Nəbi (sallallahu aleyhi və səlləm), Ömər b. əl-Xattab (radiyallahu anh)'a belə demişdir:

"Kişinin ən xeyirli xəzinəsinin nə olduğunu sənə bildirimmi? O, əməli saleh qadındır. Əri ona baxdığı zaman onu sevindirər. Ona əmr etdiyində ona itaət edər. Yanında hazır olmadığında da, onu qoruyar."

Bu hədisi də, əbu Davud rəvayət etmişdir.

• İbn Məsud'un Mushafında:

"...əməli saleh qadınlar, itaət edən...qoruyanlardır." şəklindədir.

"Allahın qoruması ilə..." buyuruğundakı "ma" ədatı, məsdər mənası verən "ma"dır. Yəni:

"Uca Allahın, özlərini qoruması səbəbilə..." deməkdir.

• Əbu Cəfərin qiraətində, ləfzullah (Allah kəliməsi) mənsub olmaq üzərə:

"Allahı (yəni Onun hökmlərini) qoruması ilə" şəklindədir.

• ən-Nəhhas belə deyir:

"Ancaq ləfzullahın mərfu olaraq oxunması, daha açıqdır. Yəni o qadınlar:

Allahın qoruması və yardımı sayəsində, ərlərinin yanlarında hazır olmamaları halında, ərlərinin haqlarını qoruyanlardır." mənasındadır.

Bunun, bu mənaya gəldiyi də söylənilmişdir:

"Allahın, onları, mehirləri və məişətləri mövzusunda qoruması dolayısı ilə..."

Yenə bunun, bu mənaya gəldiyi də söylənilmişdir:

"Allahın, onlardan, qorumaqlarını istədiyi ərlərinə aid olan əmanətləri yerinə yetirmələri səbəbilə..."

Ləfzullahın (Allah kəliməsinin) üstün olaraq oxunmasının mənasına gəlincə:

"Onların, Allahı, yəni Onun əmrini, yaxud dinini qorumaqları surətilə..." deməkdir. Bu qiraətin təqdiri ilə bağlı olaraq da:

"Onların, Allahı (yəni Onun əmrini, yaxud dinini) qorumaqları səbəbilə..."

şəklində olduğu da söylənmişdir.

-----------------------------

5. Özbaşınalığın və ondan narahatlıq duymağın mahiyyəti:

Uca Allahın:

"Özbaşınalıq etmələrindən narahatlıq duyduğunuz (və ya qorxduğunuz) qadınlara..."

İbn Abbas deyir:

"Narahatlıq duyduğunuz, qorxduğunuz"

buyuruğu, burda: "bildiyiniz və qəti olaraq inandığınız" mənasındadır.

Bu kəlimənin, əsl mənası üzərə istifadə edildiyi də söylənilmişdir.

"ən-nüşuz" (tərcümədə: öz başınalıq etmək) kəliməsi: "üsyan etmək" deməkdir.

Ayətin mənası isə:

"Allahın, özlərinə fərz qıldığı ərə itaət xüsusunda üsyan, öz başınalıq etməklərindən qorxduğunuz qadınlar" deməkdir.

əbu Mansur əl-Luğavi belə deyir:

"Nüşuz: ərin və ya arvadın, bir-birindən xoşlanmamağı, deməkdir. Burda "zə" hərfi yerinə "sad" hərfi gəldiyi təqdirdə, o vaxt, yaşayışı pis olan qadın haqqında istifadə edilən bir fel olur."

İbn Faris deyir:

"Qadının nüşuz etməsi, ərinə qarşı sərt və çətin bir hal alması deməkdir. Kişinin nüşuz etməsi isə, xanımını döyməsi və ona sərt davranması, ondan uzaq durmağı, deməkdir."

--------------------------------

6. Nəsihət etmək:

Bu buyuruqdan məqsəd:

"Allahın kitabı ilə onlara nəsihət edin." deməkdir. Yəni onlara:

• Allahın onlar üçün vacib qılmış olduğu gözəl yoldaşlığı;

• ər ilə gözəl yaşamağı;

• ərinin, özü üzərindəki üstünlüyünü etiraf etməsi gərəkdiyini

xatırladın. Ayrıca:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in buyurmuş olduğu:

√ "Hər hansı bir kimsəyə səcdə etməsini əmr edəcək olsa idim, qadına, ərinə səcdə etməsini əmr edərdim."

√ "Qadın dəvə üzərində olsa belə, özünü ərindən uzaq tuta bilməz."

√ "Hər hansı bir qadın, ərinin yatağından ayrı olaraq gecəni keçirəcək olarsa, sabah varıncaya qədər, mələklər ona lənət edər."

və s. buna bənzər buyruqları xatırladaraq ona nəsihət edər.

---------------------------------

7. Ədəbləndirmək qəsdilə qadınları yataqlarda tərk etmək:

Həcr: "yataqlarda tərk etmək" isə, onunla birlikdə yatıb cima etmədən, ona arxasını dönməsi, deməkdir. Bu açıqlama, ibn Abbas və başqalarından nəql edilmişdir.

Mücahid belə deyir:

"Onlarla yattığınız yer arasında bir məsafə olsun."

Qadından uzaq durmaq, ancaq onunla birlikdə yatmağı tərk etməklə mümkün olur. Bu mənadakı bir açıqlamanı:

• İbrahim ən-Nəxai;

• Şabi;

• Qatadə; və

• Hasan əl-Basri

də vermiş olub, ibn Vehb və ibnu'l-Qasim da, bunu:

• imam Malik'dən rəvayət etmişlərdir.

Əbu Bəkr ibnu'l-Arabi də bunu tərcih edib belə deyir:

"Bunlar, burdakı əmri, məqsədi daha çox gerçəkləşdirəcək olan mənaya həml etmişlərdir. Bu da:

'Allah yolunda, ondan uzaq dur.' deməyə bənzəyir. İmam Malikin qəbul etdiyi əsl də, budur."

Mən (Qurtubi) isə, deyirəm ki:

Bu, gözəl bir görüşdür. Ər, qadının yatağından üz çevirəcək olarsa, qadın, ərini sevən biri isə, bu, ona ağır gələr və doğru yola dönər. Əgər ona buğz edən birisi isə, beləcə, qadının özbaşınalığı açıqca ortaya çıxar. Beləliklə də, özbaşınalığın ondan olduğu da qətilik qazanar.

Elm adamlarına görə, qadından bu şəkildə uzaq durmağın ən maksimal müddəti, 1 aydır. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, Hafsa (radiyallahu anha)'ya bir sirr verib, Aişə də bunu açığa çıxardığında, hər ikisi də, Peyğəmbərin əleyhinə bir-birilərinə kömək edincə, belə etmişdi.

Bununla birlikdə, Allahın ila edən (yəni xanımından uzaq qalacağına and içən) bir kimsə üçün, üzr olaraq müəyyənləşdirdiyi 4 aylıq müddətə qədər, bu işi uzada bilməz.

------------------------------------

8. Döymək:

"(Nəhayət) onları döyün."

buyuruğuna gəlincə, Allah, qadınlara ilk öncə nəsihət verməklə işə başlanılmasını, sonra onlardan uzaq durmağı əmr etdi. Əgər bunlar fayda verməyəcək olarlarsa, o təqdirdə, döymək yoluna baş vurulur. Çünki qadını yola gətirəcək və ərinin haqqını ödəməyə sövq edəcək olan odur.

Bu ayətdə döymək:

TƏSİR və İZ BURAXMAYAN TƏDİB YOLLU döyməkdir.

Bu da, bir sümüyünü qırmayan, hər hansı bir üzvünü çirkinləşdirməyən döyməkdir. Dürtmək və bənzəri şəkillərdir.

Çünki bundan məqsəd, salahdır. Başqa bir şey deyildir. Həlak olmaq nəticəsini verəcək bir döymək, heç şübhəsiz təzminat haqqı gərəkdirir.

Quran öyrətmək və tədib etmək məqsədilə, oğlunu tədib edənin döyməsi haqqında da, bunlar söylənə bilər.

Muslim'in "Səhih"indəki rəvayətə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qadınlar haqqında Allahdan qorxun. Çünki sizlər, onları, Allahın əmanəti ilə aldınız. Allahın adı ilə onların fərcləri sizə halal oldu. Sizin onlar üzərindəki haqqınız, xoşlanmadığınız hər hansı bir kimsəyə, yataqlarınızı (evlərinizi) tapdalatmamaqlarıdır. Əgər belə bir şey edəcək olarlarsa, iz buraxmayacaq şəkildə, onları döyün."

Muslim, bu hədisi, Cabir (radiyallahu anh)'ın həcc ilə bağlı uzunca hədisi arasında nəql etmişdir. (Bax: Həcc kitabı, 19-cu bab: "Nəbi (sallallahu aleyhi və səlləm)'in həcci babı", hədis no: 2941)

Mənası isə, budur:

"Onlar, gərək qohum-əqrəbalarından, gərək yad qadınlardan xoşlanmadığınız hər hansı bir kimsəni, evlərinizə almamalıdırlar."

Tirmizi'nin rəvayət edib səhih olduğunu bildirdiyi Amr b. əl-Ahvas yolu ilə gələn hədis də, buna görə açıqlanır.

Amr b. əl-Ahvas, "Vida həcci"ndə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər olmuşdu. Peyğəmbər, Allaha həmd və səna etdi və nəsihət verdikdən sonra, belə buyurdu:

"Bu xüsusa da, diqqətinizi çəkirəm. Qadınlar haqqında, bir-birinizə xeyir tövsiyyə edin. Çünki onlar, sizin yanınızda, əsir kimidirlər. Siz, onlar üzərində bundan başqa bir şeyə sahib deyilsiniz. Açıq bir həyasızlıq etməkləri müstəsnadır. Belə bir şey edəcək olarlarsa, yataqlarda onlardan uzaq durun və onları, iz buraxmayacaq şəkildə döyün. Sizə itaət edəcək olarlarsa, onlar əleyhinə bir yol axtarmayın. Bunu bilin ki, sizin qadınlarınız üzərində haqlarınız vardır. Qadınların da sizin üzərinizdə bir haqqı vardır.

• Sizin qadınlarınız üzərindəki haqqınız:

Xoşlanmadığınız kimsələrə, yataqlarınızı tapdalatmamaları və evlərinizdə, xoşlanmadığınız kimsələrə icazə verməmələridir.

• Onların sizin üzərinizdəki haqlarına gəlincə:

Geyimlərində və yeyəcəklərində, onlara yaxşılıq etməyinizdir."

Tirmizi deyir:

"Bu hədis, həsən-səhih bir hədisdir."

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Açıq bir həyasızlıq..."

buyuruğu ilə bildirmək istədiyi:

Ərlərinin xoşlanmayıb buğz etdikləri kimsələri, evlərinə almamaları, deməkdir.

Yoxsa bundan məqsəd: ZİNA etməkləri DEYİLDİR. Çünki zina, haramdır və bundan dolayı hədd cəzası gərəkdir.

Yenə Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmaqdadır:

"Məruf olan bir xüsusda, sizə itaətsizlik edərlərsə, qadınları, iz buraxmayacaq bir şəkildə döyün."

Ata (b. əbi Rabah) da, belə deyir:

İbn Abbasa belə dedim:

"İz buraxmayan, nə deməkdir?"

O da:

"MİSVAQ və bənzəri şeylə DÖYMƏKDİR." dedi.

Yenə, rəvayət edildiyinə görə, Ömər (radiyallahu anh) xanımını döymüş, bundan dolayı qınanması üzərinə, belə demişdi:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, belə buyurarkən eşitdim:

"Kişiyə, xanımını niyə döydüyü soruşulmaz."

-----------------------------------

9. İtaət edənlər əleyhinə yol yoxdur:

Uca Allahın: "Əgər sizə itaət edərlərsə..."

Yəni özbaşınalıq etməkdən daşınar və ya bunu tərk edərlərsə: "artıq əleyhlərində yol axtarmayın"

Yəni: söz və ya feli olaraq, onlara əziyyət verməyin.

Bax bu, onlar üzərində üstün olmağın vurğulanmasından, tədib edilmələri üçün imkan verilməsindən sonra, qadınlara qarşı zülmü qadağan edən bir buyruqdur.

Bunun:

"Onların, sizi sevmələri üçün, onları mükəlləf tutmayın. Çünki bu, onların əllərində olan bir şey deyildir."

mənasına gəldiyi də, söylənmişdir.

------------------------------------

10. Çox uca və çox böyük olan Allah:

Uca Allah:

"Şübhəsiz ki, Allah çox ucadır, çox böyükdür."

buyuruğu, işarət yolu ilə:

Ərlərə, alçaq könüllü olmalarını, yumşaq davranmalarını əmr etməkdədir.

Yəni:

Sizlərin, o qadınlara gücünüz çatsa belə, Allahın qüdrətini xatırlayın. Çünki Onun güc və qüvvəti, hər şeyin gücünün fövqündədir. Bu cəhətdən, hər hansı bir kimsə, xanımına qarşı üstünlük göstərməyə qalxmasın. Allah onu görməkdədir.

Bax bundan dolayı, uca Allahın, ucalıq və böyüklüklə vəsf edilməsi, çox gözəl və yerində olmuşdur.

--------------------------------

11. Qadının özbaşınalığı dolayısı ilə istifadə edilə biləcək haqlar:

Bu xüsus, beləcə sabit olduğuna görə, bunu bil ki:

Əziz və cəlil olan Allah, Kitabında, açıq olaraq döyməyi, yalnız burda və bir də, böyük hədləri gərəkdirən günahlarda əmr etmişdir.

Beləliklə, onların, ərlərinə olan günahları ilə, böyük günahlar işləməklə ortaya çıxan günahları, bərabər tutulmuş kimidir.

Bu mövzuda da səlahiyyəti, imamlara (İslam dövlətinin səlahiyyətli şəxslərinə) deyil, ərlərə vermişdir.

Uca Allah:

• qadınları ərlərə əmanət olaraq verməsi;

• bu mövzuda ərlərə güvənməsi

səbəbilə də, -şahid və bəyyinəyə gərək qalmadan-, hakimlərə deyil, ərlərə bu səlahiyyəti vermişdir.

əl-Mühəlləb belə deyir:

"Qadınların cima xüsusunda ərlərindən imtina etmələri səbəbilə, qadınları döyməyi caiz qılmışdır. Ancaq xidmət etməmək halında, qadının döyülməsinin vacibliyi xüsusunda, ixtilaf edilmişdir.

Qiyasa görə, cima xüsusunda imtina etməsi halında döymək caizdirsə, ərin, qadın üzərindəki haqqı olan məruf ilə xidmət səbəbilə də, döyməsini vacib qılmaqdadır."

• ibn Xuveyzməndad belə deyir:

"Özbaşınalıq etmək:

√ nəfəqə haqqını da;

√ evlilik səbəbilə sahib olduğu bütün haqları da ortadan qaldırır.

Özbaşınalıq göstərməsi halında:

√ ərin iz buraxmayacaq şəkildə tədib edici bir surətdə özbaşınalığını tərk edincəyə qədər döyməsi;

√ öyüd-nəsihət etməsi;

√ yatağından ayrı durmağı,

caizdir.

Özbaşınalığı tərk edəcək olsa, bütün haqları da geri qayıdar.

Eyni şəkildə, tədibin gərəkdirdiyi hər bir davranış da belədir.

Ərin, xanımını tədib etməsi, caizdir. Bununla birlikdə, üstün bir qadının tədibi (ədəbləndirilməsi) ilə, aşağı (təbiətli) bir qadının tədibində fərq vardır.

• Üstün qadının tədibi: onu qınamaqdır.

• Aşağı (təbiətli) bir qadının tədibi isə: qamçıdır.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qamçısını asıb ailə xalqını tədib edənə, Allaha rəhmət etsin."

Yenə, O (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz əbu Cəhm, çiynindən əsasını buraxmayan bir kimsədir."

• Bəşşar belə deyir:

"Azad olan kimsə qınanar; qamçı isə, qulun haqqıdır."

• İbn Dureyd belə demişdir

"Azad kimsəyə qınamaq, davamlı bir əngəlliyicidir. Nökəri isə, qamçıdan başqa bir şey əngəlləməz."

• ibnu'l-Munzir belə deyir:

"Elm əhli, büluğ yaşına çatmaları halında, bütün xanımların nəfəqələrinin, ərlərinə aid olduğunu və bunun vacibliyini ittifaqla qəbul etmişlərdir. Bundan tək istisna olan isə, ərinə qarşı özbaşınalıq edən və ondan imtina edən qadındır."

• əbu Ömər (ibn Abdi'l-Bərr) isə, deyir:

"Zifafdan sonra, özbaşınalıq edən -(hamilə olması halı müstəsna olmaqla)- qadının nəfəqəsi düşür.

Bu qədər var ki, özbaşınalıq edən qadının nəfəqəsi xüsusunda ibnu'l-Qasim, fəqihlərə müxalifət edərək, onun da nəfəqəsinin vacib olduğunu qəbul etmişdir.

Özbaşınalıq edən qadın, ərinə itaət etməyə dönərsə, bundan sonra o qadının nəfəqəsi, ərinə vacib olur. Özbaşınalıq halı xaricində, heç bir səbəblə, qadının, əri üzərindəki nəfəqə haqqı düşməz.

• Xəstəlik olsun;

• Ay halı olsun;

• Hamiləlik olsun;

• Oruc;

• Həcc;

• Ərinin öz yanında olmaması,

-bəhsini etdiyimiz xüsusların xaricində, haqlı ya da haqsız, ərinin ondan uzaq durmağı kimi bütün hallarda,-

qadının əri üzərindəki nəfəqəsini, düşürtməz.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Nisə/34 təfsiri)

Read 48 times
In order to make a comment, please login or register