"Qadınları döyün." ayəti necə başa düşülməlidir? -2

ٱلرِّجَالُ قَوَّ‌ٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَآ أَنفَقُوا۟ مِنْ أَمْوَ‌ٰلِهِمْ ۚ فَٱلصَّـٰلِحَـٰتُ قَـٰنِتَـٰتٌ حَـٰفِظَـٰتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ ۚ وَٱلَّـٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا۟ عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا

"Allahın, (2 cinsə), bir-birindən fərqli özəlliklər bəxş etməsinə və öz mallarından xərclədiklərinə görə, kişilər, qadınlar üzərində idarəçi və himayədardırlar.

Əməli saleh qadınlar, Allaha itaətkardır. Allahın qorumasına uyğun olaraq, kimsənin görmədiyi hallarda da özlərini qoruyarlar.

Özbaşınalıq etmələrindən narahatlıq duyduğunuz (və ya qorxduğunuz) qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlar əleyhində başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür." (Nisə/34)

--------------------------------

Təfsiri:

"Kişilər, qadınların idarəçisi və himayədarlarıdırlar."

Müfəssirlər, bu ayətin ərlər haqqında endiyini söyləmişlərdir. Bunun dəlili, ayətin davamındakı:

"Mallarından xərcləmələri səbəbilə..." ifadəsidir.

Ərlər, xanımlarının nəfəqələrini təmin etməklə mükəlləfdirlər. Eyni ayətdə qadının nəfəqəsinin, əri üzərinə vacib olduğunun dəlili vardır. Bu mövzuda elm əhlinin görüşü birləşməkdədir.

Alimlərdən biri:

"Kişilər, qadınların idarəçisi və himayədarlarıdırlar.' ayətindəki bəyanda, vəlisiz nigahın məqbul olmayacağına dəlil mövcud olduğunu, çünki Allah, qadınların kişilərin idarəçisi deyil, kişilər qadınların idarəçisi və himayədarları olduğunu xəbər vermişdir." demişdir.

Ona belə cavab verilmişdir:

Əgər bu ayət, sənin dediyin kimi, həm ər-arvad, həm də vəlilər haqqında olsaydı, o təqdirdə, bu, vəlisiz nigahın batil olduğuna deyil, əksinə caiz olduğuna dəlil olardı. Bəhs mövzusu bəyan, belədir:

"Allahın (2 cinsə) bir-birindən fərqli özəlliklər bəxş etməsi..."

Burda Allah Taala, bəzi qullarına digərlərinə görə (daha çox) lütf etdiyini xəbər vermişdir. Bu fərqlilik, yaradılışıdakı fərqlilik olub bu kimi xüsuslardan ibarətdir:

Allah, kişiləri:

• qazanc və ticarət əhli;

• fərqli sənətlərə əlverişli;

• ölkələr və şəhərlər arasında dolaşan

kimsələr qılmışdır. Qadınlar isə, belə deyildirlər. Allah Taala, onları:

• zəif;

• qazanc işlərini davam etdirməkdən; və

• öz ehtiyacları üçün ölkələr arasında dolaşmaqdan

aciz qılmışdır. Kişilər onların idarəçiləri olub ehtiyaclarını yerinə gətirir və davamlı olaraq bu işləri görürlər.

Dolayısı ilə, daha əvvəl də bildirdiyimiz kimi, qadınların işlərini idarə etmək, kişilər üzərinə fərz qılınmışdır.

Bu vəzifələr kişilərə fərz qılınmaqla bərabər, qadınlar öz işlərini idarə edər, alış-satış və digər ehtiyacları görülərsə, bu da caizdir. Evlənmə-evləndirmə də, bunlar kimidir. Hər nə qədər kişilər, qadınlar üzərində idarəçi (qəyyum) isələr də, evlənmə işini, qadınlar öz üzərlərinə alıb yerinə yetirərlərsə, digərləri kimi, bu da caiz olar. Buna bağlı olaraq uca Allah:

"İçinizdən evli olmayanları evləndirin..." (Nur/32) ayətindəki bəyanında, vəlilərə evləndirmə əmri vermiş və onların nigahlanmalarına əngəl olmağı:

"...(boşanan) qadınların yenidən əvvəlki ərlərinə ərə getməyinə mane olmayın..." (Bəqərə/232) bəyanı ilə qadağan etmişdir.

Əslində qadınlar, bu işə alışana qədər, kişilərin bu işi görmələri, onların bir vəzifəsidir. Çünki bunun üçün kişilərin şahidliyi və buna şahidlik edəcək kişi məclisinin qurulması lazımdır. Bunu gerçəkləşdirmək də, vəlilərin vəzifəsidir.

Eyni şəkildə, malları olmadığı təqdirdə, qadınların nəfəqələri, məhrəmləri üzərinə gərəkli qılınmamışdır. Çünki qazanc və ticarət işlərini, qadınlar idarə edə bilməzlər, əksinə kişilər idarə edərlər.

Dolayısı ilə, yaradılış etibarı ilə, zəif və aciz olduqları üçün, qadınların yaşayışını təmin etmək vəzifəsi, kişilərə verilmişdir. Bu səbəblədir ki, Allah Taala, çalışma halında olan məhrəm kişilər arasında, məişət yardımını gərəkli qılmamışdır. Ancaq kişi, xəstə və çalışmaqdan aciz hala gəlincə, onun nəfəqəsini, məhrəmləri üzərinə yükləmişdir, çünki beləsi, yaradılış cəhətindən, qadın kimidir. Ən doğrusunu Allah bilir.

"Allahın, (2 cinsə) bir-birindən fərqli özəlliklər bəxş etməsi...səbəbilə, kişilər, qadınların idarəçisi və himayədarlarıdırlar..."

İbn Abbas (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"Kişilər, amirlərdir. Allahın, itaəti əmr etdiyi xüsuslarda, qadının kişiyə itaət vəzifəsi vardır. Onun kişiyə itaəti:

• ərinin ailəsinə gözəl davranması; və

• malını qorumasıdır."

Nəfəqə və yaşayışını təmin etmək üçün çalışması səbəbilə, Allah, kişini, qadından üstün qılmışdır.

Deyildi ki, bu ayət, xanımını vuran bir kişi haqqında enmişdir. Bunun üzərinə, qadın, ərinin yatağına girməyərək, itaətsizlik etmiş və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək:

"Ey Allahın rəsulu! Ərim məni vurdu. Bax budur üzümdəki izi..." dedi. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Sən də, ondan qisas al." buyurdu.

O vaxtlar, kişilər ilə qadınlar arasında yumruqda, yaralamada və döyməkdə, qisas tətbiq edilməkdə idi. Bu vaxt, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Cəbrail (əleyhissəlam)'ın enməkdə olduğunu görərək, qadına:

"Gözlə. Görək Cəbrail sənin haqqında nə hökm gətirmişdir?" buyurdu. Bir müddət sonra, Cəbrail (əleyhissəlam), ona, təfsirini verdiyimiz ayəti gətirdi. Yəni kişilər, qadınları tərbiyə etmək üçün, səlahiyyət sahibi qılınmışlardır.

Ayətin təfsiri mövzusunda, belə də deyilmişdir:

Kişilərin qadınlara üstün qılınması:

• ağıl;

• miras; və

• qənimət

mövzusundadır. Ən doğrusunu Allah bilir. Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Biz bir şey murad etdik. Allah da bir iş murad etdi. Onun dilədiyi şey, bizimkindən daha xeyirlidir."

Deyildi ki:

Allah Taalanın:

"Mallarından xərcləmələri səbəbilə..." bəyanı:

• (kişilərin) verdikləri mehr; və

• xərclədikləri şeylər səbəbilə

deməkdir. İmam Şafi:

"Kişilər, qadınların idarəçisi və qoruyucusudur." buyuruğunu, nigahın vəlisiz məqbul olmayacağına dəlil gətirmiş və ayətin təvilini, vəlilərə döndürmüşdür. (bax: "əl-Umm", v, s. 12)

"...və mallarından xərcləmələri səbəbilə..."

Buna görə, vəlilərə nəfəqə vermək lazım gəlir. Halbuki Şafi, bu görüşü qəbul etmir.

İndi əgər ayət, vəlilər haqqında olsaydı, zatən hər işdə qadınların vəlilərə ehtiyacı vardır, dolayısı ilə, bütün əqdlərdə vəlilərin onlara vəli olmaları mövzusunda, qadınların, onların üzərində bir haqqı olması mənasına gəlir. Bu səbəblə kəfalətlərini (haşiyə) yerinə yetirərlər, yetəcək miqdarda olan nəfəqələrini təmin edərlərdi.

Bu, qadınların özləri, bu işləri şəxsən özləri edəcək olsalardı, etdikləri iş batil olardı, demək deyildir. Nigah işi də belədir.

Təfsir alimləri, ayətə "zövclər" mənasını verirlər. Ayəti incələyib düşünən hər kəs, Şafinin qəbul etdiyi görüş kimi deyil, müfəssirlərin söylədiyi kimi olduğunu qəbul edər. Ən doğrusunu Allah bilir...

(Haşiyə:

Kəfalət: bir kimsə, özünə aid bir işi görə bilmədiyi və ya borcunu ödəyə bilmədiyi təqdirdə, yerinə onun işini görəcəyini qəbul etmək.)

-------------------------------

"Əməli saleh qadınlar, Allaha itaətkardır."

İbn Abbas (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"Qanitat, itaətkar olan qadınlar deməkdir."

Zatən, "qanit", "itaət edən" deməkdir. Bu kəlimənin, Allaha itaət edənlər mənasına gəlmə ehtimalı olduğu kimi, ərlərinə itaət edənlər mənasına gəlmə ehtimalı da vardır. "Qanitat" kəliməsinin:

Allahın özlərinə fərz qıldığı haqları və ərlərinin haqlarını yerinə yetirənlər, mənasına gəlməsi də möhtəməldir.

---------------------------

"Allahın qorumasına uyğun olaraq, kimsənin görmədiyi hallarda da özlərinə qoruyarlar."

Deyildi ki, bu:

"Allahın, özlərinə əmanət etdiyi hüququ qoruyanlardır." deməkdir.

Yenə: "hafizətun lil-ğaybi", "ərlərinin, yanlarında olmadığı vaxtlarda, onların hüquqlarını qoruyanlar", mənasına gəlir.

Deyildi ki, bunun mənası:

"Ərlərinin qiyabında, namusları nöqtəsində özlərini qoruyanlar." deməkdir.

Digər bir görüşə görə:

"Allahın əmrlərini, qadağalarını və İlahi haqları qoruyanlar." deməkdir.

"Qanitat" və "Hafizat" kəlimələri, "salihat" kəliməsinin açıqlamalarıdır.

-----------------------------

"(Evlilik hüququna) baş qaldırmasından narahatlıq duyduğunuz qadınlar..."

Bəzi ədiblər,

-bu İlahi bəyanda, "elm/bilgi"nin, "qorxu və narahatlıq" məfhumu ilə vəsflənmə səbəbinin, qorxu və narahatlığın, elm/bilginin 2 tərəfindən birini təşkil etməsidir-,

demişlərdir.

Başqa biri də -ki, o, Fərra'dır- belə deyir:

"Qorxan adam, zənn edən kimsədir. Çünki o, həm umar, həm də qorxar."

Lakin elmin, qorxu olaraq adlandırılmasında əsl olan, şiddətli qorxudur. Bir şey haqqında həqiqi olmayan bir bilgi ilə, insan, əməl edə bilər. Çünki bu bilgi, ictihadla, qalib olan görüş və qənaətlə bilinir. Bilinməsində izlənəcək yol, ictihaddan ibarət olan hər şey, belədir; qüvvətli qənaət və qalib olan zənn, orda bir həqiqət olmasa belə, hökm mövzusunda, qəti bilgi rolu oynayır. Uca Allahın bu bəyanını bilmirsənmi:

"Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman, onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın..." (Mümtəhinə/10)

Bu bəyan, qadınların imanlarının həqiqətinə çata bilməsək də, görünənə baxılaraq əldə edilən elm/bilgi ilə əməl etməyə, bizi sövq etmişdir.

Bunun kimi, kişi, qadının baş qaldırmasını qalib olan zənlə bilərsə, ayətdə yer alan öyüd-nəsihətlər və digər xüsuslarla əməl edər. Allah Taalanın:

"...baş qaldırmasından narahatlıq duyduğunuz qadınlar..." bəyanı, qadınlarda baş qaldırmağın həqiqətən baş verməsinə görə olmayıb qalib olan zənnə görədir. Çünki qadın, itaətsiz və özbaşınalıq edərsə, ona necə nəsihət verər, onu necə tərk edər və necə döyər? Dolayısı ilə, bu halın, qalib olan zənn üzərinə bina edildiyi başa düşüldü.

Görmürsənmi ki, qəlbi imanla dolu olduğu halda, kafir olmağı gərəkdirəcək sözü söyləmək üzərə, öldürülmə və yaxud tələf olma qorxusu daşıyan və döyülməklə təhdid edilən kimsəyə, bu kəliməni söyləmək, halal olar. (haşiyə)

------------------------------

(Haşiyə:

Müəllif, hər halda, bu İlahi buyuruğa işarət etmiş olmalıdır:

مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعْدِ إِيمَـٰنِهِۦٓ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُۥ مُطْمَئِنٌّۢ بِٱلْإِيمَـٰنِ وَلَـٰكِن مَّن شَرَحَ بِٱلْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ ٱللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

"Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır." (Nəhl/106)

------------------------------

Bax bu hal, həqiqi elm/bilgi ilə deyil, qalib olan zənn və görüşlə bilinər; sonra ona həqiqi elm/bilgi ilə əməl etmək mübah olar. Əvvəlki məsələ, yəni baş qaldırma da, belədir. Ən doğrusunu Allah bilir...

Əziz və cəlil olan Allah, qadına, ərinə üsyan etməsini qadağan etmiş və bədəni haqqında ərinə itaət etməyi əmr etmişdir. Necə ki, kişiyə də, qadınla gözəl davranmasını buyurmuşdur. Ən doğrusunu Allah bilir, bu, Allah Taalanın, Bəqərə surəsinin 228-ci ayətində keçən:

"...Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə, bir dərəcə üstündür..."

İlahi buyuruğun, mücməl olaraq zikr etdiyi haqdır. Qadınlar üzərindəki haqq, bu ayətdə açıqlanmışdır. Bu da, qadının, ərinə itaət etməsi və o yanında olmadığı vaxtlarda, ərinin haqqını qorumasıdır.

Bilmirsənmi ki, Allah Taala belə buyurur:

"Əgər o qadınlar itaət edərlərsə, onlar haqqında başqa bir yol axtarmayın."

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilmişdir:

"Ərin, xanımı üzərindəki haqqı, atın üzərində belə olsa, çağırdığı vaxt, ona itaət etməsidir." (İbn Macə, Nigah/4)

(Burda qəsd edilən məcazi mənadır. Yəni, ər, xanımını cinsi istək üçün çağırınca, deməkdir.)

----------------------------

"Qadınlara nəsihət edin..."

İbn Abbas (radiyallahu anh) belə deyir:

"Onlara, Allahın kitabı ilə nəsihət edin."

"...əgər sizə itaət edərlərsə..." Yəni yatağa və itaətə dönərlərsə, nə gözəl; deyilsə, onları tərk edin.

Ayətdə yer alan "hicran" kökü:

• kişinin, öz xanımı ilə cinsi münasibətdə olmaması;

• onu qucaqlamaması;

• arxasını dönməsi

deməkdir. Əgər qəbul edərsə, nə gözəl; deyilsə, onu yaralamayacaq və sümüklərini qırmayacaq şəkildə döyməyin, sənə halal olar. Əgər qəbul edərsə, nə gözəl; etməzsə, qadının boşanma qarşılığında verdiyi fidyə, sənə halal olar.

"Qadınlara nəsihət edin..."

Kişinin, qadına yumşaq və münasib şəkildə belə deməsi ehtimalı vardır:

"Əməlisaleh, boyun əyən, namusunu qoruyan qadınlardan ol; belə davrananlardan olma."

Qadın əgər baş qaldırmaqdan dönərsə, nə gözəl; deyilsə, onu tərk et. Tərk etməyin də, 2 şəkildə olması mümkündür:

• Biri: ayrılmaqla, qucaqlaşmaq və cinsi münasibəti tərk etməklə onu qorxutmaq ehtimalı;

• Digəri: felən yataqda tərk edib cinsi münasibətdə olmamaq.

Əgər baş qaldırmaq halını tərk edərsə, nə gözəl. Deyilsə, söylədiyimiz kimi yaralamayacaq və bədəndə çirkinlik, qüsur buraxmayacaq şəkildə döyər. Ən doğrusunu Allah bilir...

Bu söylədiklərimizin sırası belədir:

İlk əvvəl qadına yumşaq sözlərlə nəsihət edər, bəlkə ona itaət edərək, baş qaldırmaq halını tərk edər. Qadın itaət etməzsə, yataqda tərk etməklə qorxudar ki, bununla, qadının qəlbi cinsi münasibəti və qucaqlaşmağı tərk etməyə tab gətirməyib ərinə itaət etməsi umular. Əgər qadın itaət etməzsə, o təqdirdə onu tərk edər, nə cinsi münasibətdə olar, nə də qucaqlaşar. Əgər bununla ərinə itaət edərsə, nə gözəl; deyilsə qadını döyər. Döydükdən sonra qadın ərinə itaət edərsə, nə gözəl; deyilsə hakimə müraciət edər.

Bu sistemə görə, yaxşılığı əmr edib pislikdən çəkindirmək, vacib olur. İlk əvvəl yumşaq bir şəkildə və gözəlliklə xanımına öyüd-nəsihət edər; sərt sözlər söyləməz. Bu nəsihəti qəbul edərsə, nə gözəl; qəbul etməzsə, sərt sözlər söyləyər. Əgər bununla nəsihəti qəbul edərsə, nə gözəl, qəbul etməzsə, əlini uzadar (yəni döyər). Necə ki, Allah Taala, ərlərə, qadınlara nəsihət verməyi, sonra yataqda tərk etməyi, sonra döyməyi, sonra hakimə baş vurmağı əmr etmişdir.

Bir hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilmişdir:

"Allahın qızlarını döyməyin."

Bunun üzərinə, insanlar da, qadınları döyməyi tərk etmişlərdi. Bir müddət sonra, Ömər (radiyallahu anh) gələrək, belə deyir:

"Ey Allahın elçisi! Allaha and olsun ki, qadınlar, itaətsiz və cürətkar oldular. Onları döyməyi əmr et."

Bunun üzərinə bir çox qadın, Peyğəmbər xanımlarının evlərini dolaşaraq, onlara şikayət etdilər. Sabah olunca, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Allaha and olsun ki, bu axşam, Muhammədin ailəsini, 70 qadın, yumruqdan şikayətçi olaraq dolaşdı. Allaha and olsun ki, yumruq vuranları, sizin ən xeyirliniz olaraq görə bilməzsiniz." (İbn Macə, Nigah/51)

Yenə O, belə buyurdu:

"Sizin ən xeyirliniz, xanımı üçün ən xeyirli olanınızdır. Mən, xanımları yanında ən xeyirli olan biriyəm." (İbn Macə, Nigah/50; Tirmizi, Mənaqib/63)

Yenə O (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Möminlərin iman yönündən ən gözəl olanı, əxlaqı ən gözəl olan və xanımına qarşı zərif davranandır." (Əbu Davud, Sünnət/15)

Əslində öyüd-nəsihət, qatı qəlbləri yumşaldan, insandan uzaqlaşmağı gərəkdirici təbiətləri sevdirən bir sözdür. Dolayısı ilə, nəsihət etmək, işlərin aqibətini və fərqli halların iç üzünü xatırladan bir fəaliyyətdir. Ən doğrusunu Allah bilir...

Bu söylənənlərə bağlı olaraq, ər, xanımına nəsihət verərək, nemətlərini, özü üzərindəki haqlarını, bu mövzuya aid vəd və təhdidləri xatırladar.

Yuxarıda zikr etdiyimiz ayətlərdə, ictihadın gərəkli olduğunun işarətləri vardır. Ayrıca mükəlləf kimsənin ancaq düşünmə, olub-keçən xüsusları ərz etmək surətilə, problemləri həll edə biləcəyinin açıqlamaları mövcuddur. Ta ki, məsələ ilə bağlı olaraq gələn nasların hikmətinə çatıla bilsin. Ən doğrusunu Allah bilir.

Bunu da bildirmək gərəkdir ki, Allah Taala, qadınların tərbiyə edilməsini, dövlət başçılarına deyil, ərlərə həvalə etmişdir. Çünki qadının cəzalandırılnası, döymək, həbs etmək və yaxud etməsi əmr edilən tərbiyə ilə bağlı, naxoş bir davranışdır. Bununla birlikdə, bu cəzalandırılma, gizlicə edilər.

Əksəriyyətlə, kişi, hakimin qarşısında bu halı açıqlama imkanı tapmaz, ayrıca, məhkəməyə çatmaq ehtimalından dolayı, öz üzərinə təzyiqin bəhs mövzusu olacağı vaxtlar da olur.

Bu hal, balaca uşaq, yetim və digər kimsələrə kəfil olan hər kəs üçün də, bir təməl meydana gətirir. Ən doğrusunu Allah bilir.

Tərbiyə mövzusundakı təməl əsas, uca Allahın bu bəyanıdır:

وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَ‌ٰجًا لِّتَسْكُنُوٓا۟ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِى ذَ‌ٰلِكَ لَءَايَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır." (Rum/21)

Allah Taala, bu bəyanında:

• tərbiyəni, bizim üçün yaradılma xüsusunu qorumağın dəlili; ayrıca

• ər-arvad arasındakı sevgi və mərhəmətə riayət etməyi də, eyni şəkildə dəlil mövqeyində qıldı.

Halbuki, bir-birilə çəkişmə və hadisələri dövlət idarəçiləri qarşısına çıxarmaq, o sevgi və mərhəməti yox edir.

Bununla bərabər, aralarındakı münasibəti kəsməyəcək, (ərə aid) bir tərbiyə şəkli qoymuşdur.

Bax bu səbəblədir ki, kişinin, öz xanımını yaralayıcı şəkildə döyməsinə icazə verməmiş, sadəcə ülfət və məhəbbət üçün qoyulan çarələr kəsildikdən sonra döyməyə icazə vermişdir.

Bu da var ki, xəfif bir döymək felində, aralarındakı sevgi və mərhəmətin kəsilməsinə məruz qalmaq təhlükəsi qarşısında, müştərək bir mərhəmətin izharı (üzə çıxarılması), ayrıca səmimiyyət və şəfqətin dilə gətirilməsi bəhs mövzusudur. Cütlər arasındakı bu cür şeylər meydana gəlmədiyi təqdirdə, qismən görülən pislik və ayrılıq qapıları, sonuna qədər açılar. Ən doğrusunu Allah bilir...

------------------------------

"Onları yataqlarda tərk edin..."

Bu bəyanın 2 cür açıqlanması ehtimalı vardır:

• Birincisi: xanımı ilə bərabər yatarkən, özü ilə danışmamaq. Ancaq bu, eyni yataqda yatmamaq demək deyildir. Çünki eyni yataqda yatmaq, aralarındakı bir haqdır, qadının bunu tərk etməsindəki günah, kişinin bunu tərk etməsində də vardır. Kişi, özünə və öz haqqına zərər verəcək bir davranışla, xanımına əziyyət verə bilməz. Ən doğrusunu Allah bilir...

• İkincisi: qadınların haqqı və sırası olan gündə, yataqlarından ayrılmaq və başqa bir xanımla yatmaq surətilə, onları tək qoymaq. Dolayısı ilə, qadının əri üzərindəki haqqı, aralarındakı xoş münasibət halında, Allahın cızdığı sərhədləri aralarında qoruduqları zaman da olur, bu sərhədləri aşmaq zamanında isə, olmaz. Ən doğrusunu Allah bilir...

İbn Abbas (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"Kişinin, yatağında xanımı ilə cinsi münasibətdə olmaması, hətta onunla eyni yataqda yatmaması, əgər yatarsa, arxasını çevirməsi, qucaqlaşmamağı surətilə onu tək qoyar. Lakin buna görə, tərbiyə etmədə ortaq olarlar. Çünki ər, etdiyi bu işlər səbəbilə ehtiyacı nöqtəsində özünü də tərbiyə etmiş olur. Hər halda, bundan qəsd edilən məna, qadının şəhvət vaxtını və qucağa olan ehtiyacını bildiyi bir zamanda, kişinin onunla cinsi münasibətdə olmamasıdır. Əri isə, onsuz şəhvətini təmin edər. Ən doğrusunu Allah bilir."

---------------------------------

"Əgər sizə itaət edərlərsə, artıq onlar əleyhinə başqa yol axtarmayın..."

Bir görüşə görə, onlara, sizi sevmələrini təklif etməyin, çünki Allah Taala, yol olaraq, sadəcə:

• nəsihət etmək;

• yataqda tərk etmək; və

• xəfifcə döyməyi

göstərmişdir.

İbn Abbasın belə dediyi rəvayət edilmişdir:

"Qadın, ərinə itaət edərsə, ərin ona tətbiq edəcəyi başqa bir yol yoxdur."

Bildirmək gərəkdir ki, döymək, zikr etdiyimiz kimi, yaralamayacaq şəkildə döyməkdir. Bu da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən bu hədisin ifadəsidir:

"Qamçını bir yerə as, yaxud ailə fərdlərinin görə biləcəyi bir yerə qoy, xanımını onunla döymə."

Başqa bir hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Qadınlar haqqında Allahdan qorxun. Çünki siz, onları, Allahın əmanəti olaraq aldınız. Allahın iznilə, onların namusları, sizə halal oldu. "

"Sizin, qadınlar üzərindəki haqqınız, onların çirkin gördüyünüz bir feli etməmələri və yad kimsələri, yatağınıza (evinizə) salmamalarıdır. Əgər bunu edərlərsə, onları, yaralamayacaq şəkildə döyün."

Qadınların isə, sizin üzərində, örfə görə ruzilərini və geyimlərini təmin edilmə haqları vardır." (İbn Macə, Nigah/3)

------------------------------

"Çünki Allah ucadır, böyükdür."

Bu, Allah tərəfindən bir xatırlatma və Onun qatından qullarına aid bir əmrdir. Belə ki:

Allah Taala:

• uca bir varlıq olmasına;

• səltənətinə;

• böyüklüyünə;

• cəlal və qüdrətinə

rəğmən, Ona qarşı etdiyimiz ilk üsyan, yaxud işlədiyimiz ilk xəta səbəbilə, -buna qüdrətinin olmasına və həlak edə bilməsinə rəğmən- cəzalandırmır.

Siz də, eyni şəkildə, qadınların sizə qarşı etdikləri ilk üsyan səbəbilə, cəzalandırmayın. Ən doğrusunu, Allah bilir...

Bu sifətlərə sahib olan Allahın -ki, zatən elədir-, bu ayəti zikr etməyi:

• Öz ucalığını və böyüklüyünü xatırlatmaq;

• kişiyə verdiyi tərbiyə çəçivəsində sərhədini qorumaq; və

• Onun qüdrətini daim xatırlamaqdır.

(İmam əbu Mansur əl-Maturidi, "Təvilatu'l-Quran", Nisə/34 təfsiri)

Read 150 times
In order to make a comment, please login or register