Rəhman surəsi 39-cu ayətin təfsiri

فَيَوْمَئِذٍ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌ وَلَا جَآنٌّ

Fə yəvməizin lə yusəlu ən zənbihi insun və lə cənn.

Yəni:

"O gün, nə insan, nə də cin, günahlarından sual olunmazlar." (Rahmən/39)

---------------------------

Təfsiri:

Sual:

Bu ayə, insan və cinlərin, günahlarından sual olunmayacağını ifadə etməkdədir. Halbuki, bir çox ayədə, insanların və cinlərin, kiçik-böyük hər əməlindən sual ediləcəyi bəyan edilməkdədir. Zahirən bir-birinə zidd görünən bu ayələr, necə uzlaşdırıla bilər?

Cavab:

Haşr meydanı, çox uzun bir zamandır və bölmə-bölmədir. Hər bölmədəki hallar, fərqlidir. Bir minval üzərə getməz.

Səmanın yarıldığı (Rahmən/37) qiyamət günündən sonra, cin və ins, haşr sabahında, təkrar dirildiləcəklərdir. Cin və ins, qəbrlərindən qalxıb, haşr meydanına gələcəklərdir. Bu müddət içində, onlar, günahlarından sual olunmazlar. Çünki, hələ sual mövqeyinə gəlməmişlərdir. Hər kəs yoldadır, sorğu-sual zamanı deyildir.

Cin və ins, haşr meydanına gəldiklərində, Haqq Taala, o gün, heç kimin hesabını görməz. Hətta bütün insanlar, lal olub dayanarlar. Danışa bilməz hala gələrlər. Ərşin kölgəsi altında olanlar istisna, hər kəs, bu bölmədə, günəş altında gözləyər. O gün günəş, insanlara bir mil qalıncaya qədər yaxınlaşdırılar. Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm) şəfaət edər və hesab başlayar. Bu şəfaət, bütün cin və insə və hətta mələklərədir. Nəbilər də, bu şəfaətə daxildirlər. Buna, böyük şəfaət deyilir.

Haşr meydanındakı hesab isə, eyni minvalda getmədiyi üçün, ayə və hədislərdə haşrdakı hesabın keyfiyyətilə bağlı varid olan ayrı-ayrı xəbərlər, müxtəlif bölmələrə həml edilir. Buna görə,

"O gün nə insan, nə də cin, günahlarından sual olunmayacaqdır." ayətinin, 4 misdaq (mənanı doğrulayıcı fərd)'i zikr edəcəyik. Belə ki:

✓ Birincisi: Haqq Taala, haşr meydanının bir bölməsində, insanın etdiyi əməldən, heç sorğu-sual etməz. Çünki Allah, onun əməlini, zatən bilməkdədir. Sual soruşmağa ehtiyac yoxdur. Sadəcə, ona verəcəyi cəzanı bildirəcək.

✓ İkincisi: Haşrın bir mərhələsində, hər kəsin əməli, simasından bəlli olacaq. Bu səbəbdən, sorğu-suala ehtiyac qalmaz. Bu, qəbrdən ilk qalxdığı zamandır. O vaxt, bəzi üzlər, qara; bəzi üzlər isə, nurludur.

يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ ۚ

"O gün, neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır." (Al-i İmran/106)

Necə ki,

يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَـٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَ‌ٰصِى وَٱلْأَقْدَامِ

"Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar." (Rahmən/41)'də, bu həqiqət ifadə edilmişdir.

✓ Üçüncüsü: O gündə, bir insan, digər bir insanın; bir cin, digər bir cinin günahını soruşmağa macal tapmaz. Necə ki, Məaric surəsi 10-cu ayədə belə buyurulmaqdadır:

وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا

Və lə yəsəlu həminun həmimən.

Yəni:

"Dost dostunun halını soruşmayacaq."

Çünki, hər kəs, öz günahı və dərdilə məşğuldur.

لِكُلِّ ٱمْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ

"O gün onlardan hər birinin yetərincə işi olacaqdır." (Əbəsə/37)

✓ Dördüncüsü: O gün, cin və insə, "Sən, bu günahı işlədinmi və ya işləmədinmi?" deyə soruşulmaz. Təvbih (qınamaq) surətində, günahı nə üçün işlədiyi soruşular.

Xülasə:

Haşrın müəyyən mərhələlərində, sual və hesab vardır.

-----------------

Ayətin təfsiri:

• Birinci üslub:

Şanı uca olan Quranın adətidir ki, bəzən təkvini qanunları, yəni, kainatdakı fitri şəriət deyilən (təbiət) qanunlarını zikr edər. Sonra, o təkvini qanunlar üzərinə, təklifi qanunları bina edər. Bəzən də, ilk əvvəl, təklifi qanunları zikr edər; sonra onu qüvvətləndirmək üçün, təkvini qanunlardan bəhs edər. Nəticədə, təkvin və təklifin nəticəsi olaraq, təklifi qanunlara itaət etməyənləri, dünyəvi və uxrəvi (axirətə aid) əzab ilə zəcr və təhdid edər. İtaət edənləri də, dünyəvi və uxrəvi nemətlərlə müjdələyər.

Hikmətli Quran, bu surənin əvvəlində, ilk əvvəl, təklifi qanunları (haşiyə) nəzərə verdi. Daha sonra, təkvini, onun üzərinə qurdu. Nəticədə, təkvin və təklifin nəticəsi olaraq, təklifi qanunlara itaət etməyənləri, dünyəvi və uxrəvi əzab ilə zəcr və təhdid etdi. Bəyanı möcüzə olan Quran, bu ayə ilə də, haşrın bəzi mövqelərində, günahkarlara sual soruşulmayacağından bəhs etdi. Çünki, işlədikləri o günahlar, Allah tərəfindən qəti olaraq bilindiyi; həm bir çox şəkildə qeyd edildiyi (əməl dəftəri və s. kimi); həm də simalarından da başa düşüldüyü üçün, artıq onlara, "Bu günahı işlədinmi?" deyə soruşmağa ehtiyac qalmaz. Əksinə, qınamaq surətində, "Bu günahı nə üçün işlədin?" deyə sual edilər.

Bax, Quran, cin və insi, belə bir gün ilə təhdid etməklə, onları küfr və üsyandan çəkindirər; iman və ibadətə dəvət edər. Çünki cin və ins, bu dünyada sərbəst və başı boş buraxılmamışlardır. Allahın əmrlərinə tabe olmaq və qadağalarından çəkinməklə mükəlləfdirlər. Xeyr və şər naminə etdikləri kiçik-böyük əməlləri, qeyd edilmişdir. Bir gün, etdiklərinin hesabı, özlərindən soruşulacaqdır.

-------------

(Haşiyə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir)

-------------

• İkinci üslub:

Bəyanı möcüzə olan Quran, bir çox ayətində, qeybi olan uxrəvi işlərdən bəhs etməklə, Quranın, möcüzə və kəlamullah olduğunu isbat edər.

Bax, Quran, bu ayətində, haşr (toplanma) meydanında, hər kəsin, öz əməlindən sorğuya çəkiləcəyindən; bir insanın, digər bir insanın cəzasını çəkə bilməyəcəyindən və o günün dəhşətindən, bir insanın, digər bir insanın halından sual edə bilməyəcəyindən bəhs edər. Bütün bunlar, Nəbi (sallallahu aleyhi və səlləm) üçün, qeyb hökmündədir. Onun kimi bir bəşərin, haşr meydanındakı bu dəhşətli hallardan xəbər verməsi, bir möcüzədir.

Demək, Muhamməd (sallallahu aleyhi və səlləm), Allahın rəsuludur. Quran isə, Allahın kəlamıdır.

--------------------------------

• Üçüncü üslub:

Quranın, muhtəva cəhətindən, 4 əsas ünsürü vardır. Bunlar:

~ Tövhid;

~ Nübüvvət;

~ Haşr;

~ İbadət və ədalətdir.

Quran, davamlı bir surətdə, bu 4 ünsürü dərs verməkdədir. Hansı ayəyə diqqət edilsə, bundan bəhs edildiyi görüləcəkdir.

Quranın bu 4 əsas ünsürü, bu ayədə də mövcuddur. Belə ki:

~ Bu ayədə, cin və insin haşr meydanında, şəxsən cəlal sahibi Hakim tərəfindən hesaba çəkilmələri, Zatı Vacib olan bir varlığın varlığını və birliyini göstərir.

~ Cin və insin, xeyr və şər naminə işlədikləri kiçik və böyük bütün əməllərinin bir çox "lövhə"lərdə qeyd edilməsi və haşr meydanında o qeydlərə görə mühasibəsinin olacağı, haşrın dəlilidir.

~ Allah, tövhid və haşrın dəlillərini, cin və insə bildirmək və cin və insi iman və qulluğa dəvət etmək üçün peyğəmbərləri vəzifələndirəcək və peyğəmbər göndərməklə, cin və insi, təklif (mükəlləfiyyət) altına alacaqdır. Çünki bunlar, ağılla bilinən məsələlər deyil. (haşiyə)

~ Beləliklə də, Allah, Öz hökmlərinin icra və tətbiqini onlardan istəyəcək; beləcə, yer üzündə, ibadət və ədaləti təsis edəcəkdir.

----------------

(Haşiyə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/husn-v%C9%99-qubh-m%C9%99s%C...

----------------

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

"Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rahmən/40)

İndi, belə bir gün gəlmədən əvvəl, sizi bir çox ayətilə belə tənbeh edən; və sizi, küfr və şirkdən çəkindirib iman və qulluq dairəsinə dəvət edən Rəbhinizin, bu nemətini inkar və təkzibmi edirsiniz?

Read 24 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR