"Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz." hədisi -1

"Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz." (Buxari, 86-cı kitab: "Kitabu'l-Hudud", 2-ci bab: "Zina və şərab içmə", hədis no:6772)

--------------------------

Şərhi:

Hər hansı bir əməli etməyə sürükləsin deyə güdülən bir elm, o əmələ sürükləmədiyi müddətcə, öhdəsindən qurtulmaq mümkün deyildir. Məsələn, günahların zərərlərini bilmək, günahları tərk etməyə bais olduğundan dolayı murad edilmişdir. Elə isə, günahlardan dönməyən, imanın bir parçasını itirmişdir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz."

sözü ilə murad edilən də, budur. Yəni Nəbi (sallallahu aleyhi və səlləm), bu ifadələrilə,

~ Allahı;

~ Onun birliyini;

~ Onun sifətlərini;

~ Onun kitablarını; və

~ Onun peyğəmbərlərini

bilmək kimi, mükaşəfə elmlərinə dair imanı nəfy etmir, onun yox olduğunu söyləmir. Çünki gərək zina, gərəksə də digər günahlar, bu imanı yox etməz.

O, zinanın Allahdan uzaqlaşdıran və qəzəbi gərəkdirən bir fel olduğunu bildirən imanı nəfy etməkdir. Bunu, bir misalla açıqlayaq:

Həkim öz xəstəsinə:

"Bu, zəhərdir. Qətiyyən içmə."

dediyində, xəstə alıb zəhəri içərsə, bu xəstə, inanmamış deməkdir. Ancaq xəstənin inanmaması, həkimin varlığına və onun həkim olduğunu təsdiq etməməsi mənasında deyil; həkimin öldürən bir zəhər olduğunu söylədiyi sözü ilə bağlı bir inanmamaqdır. Bundan dolayı, bilən kimsə, qətiyyən zəhəri içməz.

Demək ki, (Allaha qarşı) üsyankar şəxsin imanı, zəruri olaraq əskik bir imandır. Çünki iman, tək bir qapı deyildir; iman, 70 qapıdan meydana gələn faktdır. Ən üstün dərəcəsi, "lə iləhə illəllah" demək; ən alt dərəcəsi də, yoldan narahatlıq verən şeyləri qaldırmaqdır.

Bu, eynilə, adamın bu sözünü xatırladır:

"İnsan, bir tək varlıq deyildir, o 70 parçadan meydana gələn bir varlıqdır. Ən üstün parçaları, qəlb və ruhu, ən aşağı parçası da, dırnaqları uzun, pəncələri böyük, görünmələri çirkin digər heyvanlardan ayrılması üçün, vücudundakı tükləri kəsib təmizləməsidir."

Bu, münasib bir nümunədir. Çünki iman, insanı xatırladır. Ruhun yox olması, bütün orqanları hərəkətsiz buraxdığı kimi, tövhid inancının yox olması da, imanı tamamilə yox edər.

İnanılması lazım gələn şeylərə inanıb, bunun xaricində hər hansı bir əməli olmayan şəxs də, gözlərini, orqanlarını, ayaqlarını, xülasə fiziki üzvlərinin əksəriyyətini itirmiş, öz başına hərəkət edə bilməyən, ancaq hələ də özündə can daşıyan bir insanı xatırladır.

Ruhun, özünü dəstəkləyən orqanlardan yoxsul qaldığı belə bir vücudda qalması, uzun sürməyib bu insanın ölməsi yaxın olduğu kimi, əməllərdə qüsuru olan, əməl etməyən, sadəcə quru bir iman daşıyan şəxsin iman ağacının da kökündən kəsilməsi, ölüm mələyinin ilk görüldüyü anda "imanı silkələyən küləyə" qarşı dura bilməsi, mümkün deyildir.

Qəti etiqad üzərinə bina edilməmiş, dibi əməl və ibadətlərlə sulanıb bəslənməmiş, əməllərə sərpişdirilməmiş hər iman, ölüm mələyi görüldüyündə, "onun fırtınalaları"na qarşı dura bilməz, pis bir son ilə nəticələnə bilər.

Günah işləyən şəxsin, iman edib dinin vaciblərini yerinə gətirən bir möminə:

"Mən də, sənin kimi inanmaqdayam."

deməsi, balqabağın şam ağacına:

"Mən də ağacam, sən də ağacsan!" deyə lovğalanması üzərinə, şam ağacının verdiyi bu cavabı, nə qədər gözəldir:

"Payızın küləkləri əsib kökündən qopduğunda, ağac adına aldanmağın nə demək olduğunu başa düşəcəksən. O mövsüm gəldiyində, kökündən qopacaq, yarpaqların ətrafa dağılacaq, ağacların köklərini nəzərə almadan sırf ada aldanmağın nə böyük bir yanılma olduğunu görəcəksən!"

Şair də, belə deyirdi:

"Toz-duman ortadan qalxdığında, altındakının atmı, yoxsa eşşəkmi olduğunu görərsən!"

...Günahların imana verdikləri zərər, zərərli yeməklərin bədənə verdikləri zərər kimidir. Zərərli yeməklər, insan təbiətini dəyişdirib vücudda toplana-toplana, bir anda insanın ölümünə səbəbiyyət verdikləri kimi, günahların zəhərləri də toplana-toplana, iman ruhuna elə təsir edər ki, sahibi "həlak olanlardan" damğasının vurulmasına, haqq qazanar.

Bu müvəqqəti dünyada həlak olmaqdan qorxan şəxs, zəhərlərə yaxın durmamaq və hər bir halda zərərli yeməkləri tərk etməklə mükəlləf olduğu kimi, əbədi həlakdan qorxan da, zərərli davranışlardan çəkinməklə mükəlləfdir.

Zərərli bir maddəni ölməmək, zərər görməmək üçün yeyən şəxs, vaxt itirmədən yediyini qusmağa məcbur olduğu kimi; dini zəhərləyən ünsürlər demək olan günahlardan da vaxtında tövbə etməsi və ömrünün geri qalan qismində itirdiklərini yenidən əldə etməyə çalışması, dininə faydalı qidalar alması, qaçılmazdır. Çünki günah zəhərini içmək, axirəti itirmək deməkdir. Axirət isə, əbədi nemətlər və möhtəşəm səltənətlər diyarıdır. Axirətin itirilməsi demək, cəhənnəm atəşinə girmək, sonu gəlməz, dünya müddətilə müqayisə edilməyəcək əzablara düçar olmaq deməkdir.

Elə isə, vaxt itirmədən tövbəyə tələsməli, iman ruhu günah zəhərlərilə zəhərlənmədən, həkimlərin müalicə məsləhətlərinin fayda verəcəyi bir hala gəlmədən, fürsətləri qaçırmadan tövbəyə tələsməli; yoxsa elə bir zaman gələr ki, nə nəsihətçilərin nəsihəti, nə vaizlərin vaazları sənə fayda verər, həlak olanlardan damğası yeyər və Allahın bu ayətdə bildirdiyi kimsələrdən olarsan:

إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَـٰقِهِمْ أَغْلَـٰلًا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ • وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَـٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ • وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ

"Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər." (Yasin/8-10)

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "İhya'u-Ulum'id-din', 4-cü cild, 1-ci kitab: "Tövbə")

Read 47 times
In order to make a comment, please login or register