Aliyy isminin şərhi

37. Aliyy isminin şərhi:

Mərtəbəsinin fövqündə başqa bir mərtəbə olmayan; bütün mərtəbələr, Onun mərtəbəsinin altında olan (Zat)'dır. Çünki,

"əl-Aliyy", uluvv/ucalıq'dan müştaq (meydana gəlmiş)'dir. Uluvv/ucalıq isə, alt/aşağı mənasındakı sufl'un müqabili olan "ulv"dan gəlməkdədir. Bu uluvv:

~ Ya məhsus (hisslərlə idrak edilə bilən) dərəcələrlə əlaqəli ola bilər ki, pilləkən, nərdivan və üst-üstə qoyula bilən bütün cisimlər belədir.

~ Yaxud da, bir növ əqli tərtib ilə tərtib edilmiş varlıqlarda bəhs mövzusu olan məqul/əqli mərtəbələrlə əlaqəli ola bilər.

Məkan cəhətindən üstün olan hər bir varlıq, məkani uluvvda/ucalıqdadır. Rütbə cəhətindən fövqiyyəti olan hər varlığın da, rütbə cəhətindən uluvvu/ucalığı vardır. Əqli dərəcələndirmə də, eynilə, hissi dərəcələndirmə kimi başa düşülə bilər.

Əqli dərəcələrə misal:

• səbəb ilə nəticə;

• illət ilə məlul;

• fail ilə qabil;

• kamil ilə naqis

arasındakı (dərəcə) fərqliliyidir.

Məsələn, ikinci bir şeyə səbəb olan bir şey təsəvvür etsən, bu ikinci şey, üçüncüyə; üçüncü, dördüncüyə; bu şəkildə, onuncuya qədər getsə, burda 10-cu olan, sonuncu və alt mərtəbədə yer almış olar. Birinci isə, səbəbiyyətdə ilk və ən üst dərəcəyə sahib olmuş olar. Birincinin ikinciyə olan fövqiyyəti, məkani deyil, mənəvidir. "Uluvv/ucalıq", beləliklə, fövqiyyətdən ibarətdir.

Əqli dərəcələndirmənin nə demək olduğunu başa düşdünsə, bil ki, varlıqlar, ağılda, hər nə vaxt fərqli dərəcələrə bölünsə, belə bir bölgünün edilə bilməsi, Haqq (subhənəhu və taala), bu dərəcələrin -bunun daha üstündə bir dərəcə olması təsəvvür edilə bilməyəcək şəkildə- ən üstündə olmadıqca, mümkün ola bilməz. Bax O, (beləcə), mütləq Aliyy'dir. Onun xaricindəki bütün hər şey, öz mədun (aşağısındakı)'lara nisbətlə, aliyy; fövqündəkilərə nisbətlə isə, aşağıdadırlar.

Əqli cəhətdən, (mərtəbə) bölgüsünün misalı, budur:

Varlıqlar, səbəb və müsəbbəb olaraq, 2 qisimdirlər. Səbəb, müsəbbəbdən, rütbə cəhətindən üstündür. Mütləq fövqiyyət isə, Müsəbbibu'l-əsbab (bütün səbəblərə səbəb olan)'a aiddir. Eyni şəkildə, varlıqlar da, diri və ya ölü olaraq ikiyə ayrılırlar. Diri olanlar da:

~ sırf hissi idrak sahibi olan heyvanlar ilə;

~ hissi idrak ilə bərabər əqli idraka da sahib olan varlıqlar şəklində,

iki qismə ayrılırlar.

Əqli idrak sahibi olan varlıqlar isə:

1. İdraklarında şəhvət və qəzəb qüvvələrinin müxalifətinə məruz qalan insan ilə;

2. İdrakını bulanıqlaşdıran təsirlərdən səlim qalanlar olmaq üzərə,

ikiyə ayrılırlar.

Bu ikinci qisimdəki varlıqlar da:

2.1. Mələklər kimi belə bir müxalifət ilə sınanması mümkün ikən bundan salamat qalmaqla ruziləndirilənlər ilə;

2.2. Özü haqqında, (bəhsi keçən) təsirlərə məruz qalması mümkün olmayan Allah (subhənəhu və taala)'dır.

Bu təqsim (bölgü) və tədric (dərəcələndirmə)'dən aşkar olur ki, mələk, insanın; insan isə, heyvanın fövqündədir. Allah (azzə və cəllə) isə, hamısının fövqündədir. O, mütləq Aliyy'dir. Həyat verən Hayy'dır. Alimlərin elmini yaradan Xaliq'dir. Hər cür nöqsanlıqdan müqəddəs və münəzzəhdir. Diri olmayan, kamal dərəcələrinin ən aşağısındakı dərəcədə qalarkən; digər tərəfdə (yəni, ən üst mərtəbədə) isə, Allah Taala vardır. Beləcə, Onun, fövqiyyət və uluvv'unu bilmək lazımdır.

Bu isimlər, ilk olaraq, göz idrakına izafətlə vaz edilmiş (qoyulmuş)'lardır, ki, bu (yəni, gözlə idrak dərəcəsi), avamın dərəcəsidir. Daha sonra, xavass (xasslar), bəsirət idraklarının fərqinə varıb, bəsirət ilə basar (göz) idrakları arasındakı müvazinələr tapınca, basar (göz) idrakları üçün vaz edilmiş (qoyulmuş olan) bu mütləq ləfzləri, bəsirət üçün istifadə etmək üzərə, istiarə etdilər. Bu mənaları, xass'lar fəhm etdilərsə də, idrakları, heyvanların mərtəbəsi olan; hisslərlə idrakı aşa bilməyən avam, inkar etdilər. Sahə ölçüsü xaricində, əzəməti başa düşə bilmədilər; uluvv/ucalıq və fövqiyyəti isə, sadəcə məkan ilə fəhm etdilər.

Əgər bunu fəhm edə bildinsə, o vaxt, Onun, ərşin fövqündə olmasının mənasını da fəhm etmisən deməkdir. Cisimlərin hüdud və miqdarları ilə məhdudlaşdırılmaqdan və təqdir edilməkdən münəzzəh olan Varlıq, mərtəbəcə, bütün cisimlərin fövqündədir. Ancaq ayədə, ərşin xüsusilə zikr edilmiş olması, ərşin, bütün cisimlərin fövqündə olmasından dolayıdır. Belə olunca da, ərşin fövqündə olan, cümlə cisimlərin də fövqündə olar, deməkdir. Qailin (söz söyləyənin), bu sözündə olduğu kimi:

"Xəlifə, sultanın fövqündədir."

Bu söz, xəlifə, -sultanın fövqündə olduğuna görə-, mərtəbələri sultandan aşağı olan digər insanların da fövqündədir mənasına gəlir.

Fövqiyyətdən, sadəcə məkan cəhətindən fövqiyyət başa düşən haşəviyyə'yə (haşiyə), ancaq heyrət edilər. Bununla bərabər, böyüklərdən 2 şəxs haqqında:

"Məclisin baş tərəfində, bu ikisi, necə (bir sıra ilə) oturacaqlar?" deyə soruşulduğunda, "Bu, o birinin fövqündə oturacaq." deyə cavab verəcəkdir.

Bunu deyərkən də, çox yaxşı bilir ki, biri, digərinin yanında oturmaqdadır. (Çünki), həqiqi mənası ilə fövqündə oturmuş olsaydı, başının üzərində və ya başının üzərində bina edilmiş bir məkanda oturmuş olması lazım gələrdi.

Bu Haşəviyyə'yə: "Yalan danışdın. O, o birinin üstündə və ya altında deyil, yanında oturdu." deyilsə, bu etirazdan dolayı, narahat olar və: "Mən, mərtəbə cəhətindən və baş tərəfə yaxınlıq mənasında fövqiyyət qəsd edirdim. Baş tərəfə ən yaxın olan, baş tərəfdən uzaq olana izafətlə, onun fövqündədir." deyə cavab verəcəkdir.

Buna baxmayaraq, bu haşəvi, hər bir tərtibdə (mərtəbələndirmədə), 2 tərəfin mövcud olduğunu;

~ bu tərəflərdən birinə: uluvv və fövq;

~ digər tərəfə də, müqabili olan kəlimələrin

söylənəyəcəyini, başa düşməz.

Tənbeh: Qulun, mütləq Aliyy olması, təsəvvür edilə bilməz. Çünki, varlıqda, onun çata biləcəyi hər dərəcənin fövqündə, bir dərəcə vardır. Bu da, Nəbilər və mələklərin dərəcələridir. Bəli, qulun, insan cinsindən kimsənin çata bilməyəcəyi bir dərəcəyə nail ola biləcəyi, təsəvvür edilə bilər. Bu da, Peyğəmbərlərin dərəcəsidir.

Ancaq, bu dərəcə də, mütləq uluvv'a/ucalığa nəzərən, 2 cəhətdən nöqsandır:

1. Bu dərəcə, varlıqlardan bəzilərinə izafətlə uluvv/ucalıq'dır.

2. Bu dərəcə isə, vücuda (varlığa) nəzərəndir; vücuba (varlığının vacibliyinə, zəruriliyinə) nəzərən deyildir. Əksinə, başqa bir insanın, (onun) fövqündə varlığı, mümkündür.

Mütləq Aliyy, izafətsiz fövqiyyəti olandır. Və bu, vücuba (vacibliyə, zəruriliyə) görədir (yəni, fövqiyyəti, Varlığının vacib, zəruri olmasından dolayıdır); vücuda (varlığa) görə deyildir (yəni, Ona müqabil olan zidd bir varlığa üstünlüyünə nəzərən deyildir).

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

--------------------

(Haşiyə:

Haşəviyyə: Dini mövzularda ağıl yürütməyən, nasların zahirinə bağlı qalmaq surətilə təşbih və təcsimə qədər varan anlayışı mənimsəyənlərə verilən addır. Bu məfhumu ilk istifadə edən, Həsən əl-Basri və Ömər b. Əbdü'l-Əziz'dir. İkisi də, məsələlərdə dərinləməsinə nüfuz etmək bacarığına sahib olmayan kimsələri qəsd etmişlərdir.

Haşəviyyə'nin ümumi olaraq nasları ilk oxuyuşda ağla gələ biləcək mənaları ilə ələ aldıqları, misal üçün, Allaha nisbət edilən əl, üz kimi ifadələri zahiri mənaları ilə qəbul etdikləri və bunun nəticəsində antropomorfist bir İlah anlayışı mənimsədikləri görülür. Bu səbəblə, bənzər baxış tərzləri olan Müşəbbihə və Mücəssimə kimi məzhəb mənsubları, Haşəviyyə qrupu içində mütaliə edilir.)

-----------------------

Əlavələr:

Mütəşabih nasslar:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mut%C9%99sabih-naslar

 

 

 

 

 

 

 

 

 

 

Read 13.245 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR