Möminlər cənnətdə Allahı görəcəklərdirmi?

Doqquzuncu iddia:

Mötəzilə'nin əksinə, Allah (subhənəhu və taala)'nın, (axirətdə) görüləcəyini iddia edirik!

Bu məsələni, 2 səbəbdən dolayı, Allah Taala'nın Zatını nəzər (araşdırma) mövzusu olaraq ələ alan bu bölmədə incələmək istəyirik. Bunlardan:

• Birincisi: Ru'yət (Allahı görmə)'yin nəfyinin, (Onun) bir cəhətdə (yöndə) olduğunu nəfy etməyi gərəkdirən xüsuslardan olmasıdır. (haşiyə)

-------------------------

(Haşiyə:

Yəni, əgər Allahın görüləcəyi iddia edilirsə, bu, Onun bir cəhətdə olmasını gərəkdirir. Bunun üçün, Onu görə bilməyi nəfy etməyimizin səbəbi, Onun bir məkanda olmasını gərəkdirdiyindən dolayıdır.

Dəyərli oxuyucu! Allahın görülməyəcəyi iddiası, mötəzilə ilə bərabər, eyni zamanda şiənin də görüşüdür.)

--------------------------

Beləcə, Onu görməyi isbat etmək ilə Onun bir cəhətdə olmasının nəfyinin necə cəm olunduğunu bəyan etmək istədik.

• İkincisi: Bizə görə, Allah Taala, Öz varlığı və Zatının var olması səbəbilə, görülən (bir varlıq)'dır. Yoxsa, bunun səbəbi, Zatı, felləri ya da sifətlərindən hər hansı biri deyildir. Çünki, zatı olan hər varlığın, məlum (bilinən) olması vacib olduğu kimi; görülən olması da, vacibdir. (haşiyə)

--------------------------

(Haşiyə:

"Görməyi mümkün qılan şey, nədir?" mövzusu, ilk dövr mötəzilə və Əşari kəlamçıları arasında bəhs mövzusu olmuşdur. İmam Əşari, bir varlığı görməyi mümkün qılan şərtlərin, o şeyin:

~ cövhər olması;

~ araz olması;

~ cisim olması

~ hadis olması

~ mövcud olması

ehtimallarını zikr edir. Görülə bilməyin şərtləri olaraq zikr edilən: cövhər olmaq, araz olmaq, cisim olmaq qisimlərinin şərt ola bilməyəcəyini açıqladıqdan sonra, görülə bilməyin 2 şərti üzərində dayanır. Bunlardan biri, o şeyin, hadis olması; digəri isə, mövcud olmasıdır.

Daha sonra, görülə bilmək üçün hadis olmağın da imkansızlığını, mücməl olaraq belə açıqlayır:

Çünki hudus, -kəlam elmindəki tərifinə görə- adəm/yoxluqdan sonra bir varlıqdır. Rüyət, idrak olduğu üçün, vücudi (varlığa aid) bir şeydir. Adəm isə, vücudi (varlığa aid) bir şeyin mümkün olmasının imkan şərtinin bir parçası ola bilməz. Yəni, hudusun adəm olan qeydi, rüyətin imkan şərti ola bilməyəcəyi üçün, -çünki, adəm, bir şeyin imkanına səbəb ola bilmir- o halda, geriyə, hadisdəki vücud/varlıq qismi (yəni, hadisin, var olma xüsusiyyəti) qalır. Mövcudda da vücud var. O halda, mövcud vəsflər arasında, görülməyi mümkün qılan bir şərt olaraq, bir tək vücud qalır. Dolayısı ilə də, Allah da mövcuddursa, Onun da görülməsi mümkündür.

Bununla bərabər, yox olan bir şeyin bilinməsi -hər nə qədər- mümkün olsa belə; görülməsi mümkün deyildir. Ki, bu xüsusda, zatən bir ixtilaf yoxdur. O halda, müxalif məfhumu ilə, bir şey vardırsa, bilinə də, görülə də bilər.

İləridə, imam, bunu daha geniş açıqlayacaqdır.

-------------------------

Bu (ifadə) ilə, Onun, bi'l-fel (felən) deyil, bi'l-qüvvə (potensial olaraq) görülən və bilinən bir varlıq olmasının vacib olmasını qəsd edirəm. Yəni, O, Zatı cəhətindən, görmə felinin Özünə təəllüq etməsinə (əlaqəli olmasına, yönəlməsinə) əlverişlidir. Zatı haqqında bunu imkansız qılan, ya da buna əngəl olan bir hal isə, yoxdur. Görmə hadisəsi imkansız olduğunda isə, bu, Onun Zatı xaricində bir səbədən dolayıdır. Sənin, çaydakı suyun, susuzluğu apardığını; və tulumdakı şərabın sərxoşluq verdiyini söyləməyin də, belədir. Halbuki, (əslində), məsələ, heç də belə deyildir. Çünki:

~ şərab, içildiyi vaxt sərxoşluq verir;

~ (çaydakı) su da, içildiyi vaxt susuzluğu aparır.

Ancaq, bu sözün (yəni, "şərabın sərxoşluq verməsi; və suyun susuzluğu aparması" sözünün) mənası, (su və şərabın) zatlarının, buna əlverişli olmasıdır.

Burda, (görmə) ilə qəsd edilən şeyi başa düşdüyündə, məsələyə 2 tərəfdən nəzər etmək (incələmək) lazım gələcəkdir. Bunlardan:

• Birincisi: (Allahı) görməyin əqlən mümkün olması;

• İkincisi isə: (bu hadisənin) vaqe olmasının, ancaq şəriət ilə idrak edilə bilməsidir.

Hər nə qədər şəriət bunun vaqe olmasını göstərsə də; ağıl, görməyin mümkün olduğuna qəti olaraq dəlildir.

Ancaq biz, onun imkanını (yəni, mümkün olmasını), əqli olaraq meydana gələn 2 üsul ilə isbat edəcəyik. (Belə ki):

• Birincisi: Biz deyirik ki, Bari Taala, mövcuddur və Zat'dır. Onun, bir sübutu və həqiqəti vardır. Allahın digər varlıqlara bənzəməməsi, ancaq:

~ Onun, hadis (sonradan yaradılmış) olmasının; və ya

~ Hudusa (sonradan olmağa) dəlalət edən bir şeylə vəsfləndirilməsinin; və ya

~ Elm, qüdrət və bənzər sifətləri kimi, İlahi sifətlərlə zidd düşən bir sifətlə vəsfləndirilməsinin

imkansız olmasından iləri gəlməkdədir.

Hudusa (sonradan olmağa) dəlalət etmədikcə;  və Onun sifətlərindən birilə zidd düşmədikcə, hər hansı bir varlıq üçün mümkün olan bir şey, Onun haqqında da mümkündür. Bunun dəlili, elmin, Ona təəllüq etməsidir. Çünki, bu təəllüq (yəni, Allahın elminin, məluma təəllüq etməsi, yönəlməsi):

~ Onun Zatında bir dəyişikliyə;

~ sifətlərinin nəqz edilməsinə; və

~ hudusa dəlalət etməyə

səbəb olmadığından, Özü ilə cisimlər və arazlar, eyni mövqedə görülə bilər. Görmək, elmin bir növüdür (yəni, bir növ idrakdır). Onun (yəni, bu görməyin) görülən şeyə təəllüq etməsi, (bu Varlıqda) bir sifətin dəyişməsini gərəkdirmədiyi kimi; eyni zamanda, bu, hudusa da dəlalət etməz. O halda, bu səbəblə, hər varlıq haqqında, görməyin imkanına (mümkünlüyünə) hökm etmək lazımdır. (haşiyə)

---------------------------

(Haşiyə:

Burda, İmamın gətirdiyi birinci dəlil, elmdir. Yəni, biz də bilirik; Allah da bilir. Yəni, bu elm sifətinin hökmlərində, qul da, Allah da ortaqdır. (Çünki, bizdə elm/bilik sifəti olmasa, Allahı idrak edə bilməzdik.)

Yəni, biz, hadis varlıqlar olmağımıza baxmayaraq, bir şey bilirik; Allah, qədim varlıq olaraq bilir. Necə ki, bu, bizi, təcsimə, təşbihə aparmırsa; yəni, O da, bununla, bizim kimi hadis olmur, Onda hər hansı bir dəyişikliyi gərəkdirmir. Elə isə --->

Bilməkdə belə bir problem olmursa, görməkdə nə üçün belə problem olsun?!

Xülasə: Allah, bilinə bildiyinə görə, görülə də bilər. Yəni, elmlə Özü haqqında bilik əldə edilə bilirsə, idrak yollarından biri olan görmək ilə də bilik əldə edilə bilər.

-----------------------------

Əgər: "Onun görüldüyünü qəbul etmək, hər hansı bir cəhətdə (yöndə) olmasını gərəkdirir. Onun bir yöndə olması isə, (Onun), araz, ya da cövhər olmasını gərəkdirir, ki, bu, imkansızdır. Qiyas, -Allah, görülən bir Varlıq olduğunda, O, görən şəxsə (nisbətlə) bir yöndə olacaq.- şəklində qurulduğunda, bu lüzum (gərəklilik, yəni, Allahın görülə bilən bir Varlıq olması ilə Onun bir cəhətdə olması arasındakı münasibət), imkansız olur. Bu halda, Allahı görməyi (isbat edən dəliliniz də) imkansız olur." deyilərsə, belə deyərik:

Bu qiyasın 2 əslindən biri, sizin tərəfinizdən də qəbul edilməkdədir ki, o əsl: zəruri nəticənin (yəni, bir cəhətdə olaraq Allahın görülməsinin) imkansız olmasıdır. Ancaq ilk əsl (yəni, Allahın görülə bilən bir Varlıq olması əsli), bu zəruri nəticənin Allahı görməyin rəddi inancı üzərinə iddia edilməsidir.

(Bu əsl haqqında) deyirik:

"Nə üçün, Allah görülən bir varlıq olduğunda, Onun, görən şəxsə nisbətlə bir yöndə olmasını söylədiniz?"

Siz, bunu, zəruri olaraqmı (yəni, oxuyub öyrənmədən, məsələn: divara toxunmaqla, divar haqqında bizdə yaranan zəruri bilik kimi); yoxsa bir nəzər (araşdırma) nəticəsində bildiniz?

Sizin:

~ Bunun zəruri olduğunu iddia etmək imkanınız yoxdur. (haşiyə)

--------------------

(Haşiyə:

Yəni, imamın qəsdi budur ki, haqqında bəhs varsa, ixtilaf edilirsə, bunun, yəni, "Allah görülə biləndirsə, mütləq bir cəhətdə olmalıdır." görüşünün, zəruri bir bilik olmasından söhbət gedə bilməz.)

----------------------

~ Nəzərə (araşdırma)'ya gəlincə: burda, onun da açıqlanması lazımdır. Onların çatdıqları bu nəticə (yəni, görülə bilən bir şeyin, mütləq bir cəhətdə olması nəticəsi), insanların, indiyə qədər gördükləri hər şeyi, görən şəxsə nisbətlə xüsusi bir cəhətdə görmələrindən dolayıdır. Bu şəxslərə:

"Görülməyən bir şeyin imkansız olduğuna, hökm edilə bilməz!" deyərik.

Bu (yəni, “görülməyən bir şeyin imkansız olduğuna hökm edilməsi” hökmü) doğru olduğunda isə:

Mücəssimədən birinin, fail olduğu üçün, Allah Taala'nın cisim olduğunu iddia etməsi də mümkün olacaq. Çünki biz, bu vaxta qədər, cisim xaricində, hər hansı bir fail görməmişik. (haşiyə)

--------------------

(Haşiyə:

İmamın qəsdi, budur:

Əgər görülməyən bir şey mümkün deyilsə, mücəssimənin iddiası da doğru olacaq. Çünki, biz insanlar, bu günə qədər, dünyada, cisim olmayan hər hansı bir fail də görməmişik. Elə isə, mücəssimənin, "Allah, cisimdir." iddiası doğru olmuş olacaq.)

--------------------

Onun (yəni, mücəssimi'nin) belə deməsi də mümkündür:

"Allah, fail və mövcuddursa, ya aləmin içindədir, ya da xaricində. Ya aləmə bitişikdir, ya da ondan ayrı. Bu halda ---> O (yəni, Allah), 6 cəhətdən də xali ola bilməz."

Çünki, mücəssimi (haşiyə), varlıqları ancaq bu şəkildə bilməkdədir. Bu halda, sizinlə (yəni, siz mötəzilə ilə) onlar arasında, hər hansı bir fərq qalmır.

----------------------

(Haşiyə:

Mücəssimə kimdir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mus%C9%99bbih%C9%99-kimdir-1

-----------------------

Nəticə olaraq, bu (məsələ), hökmə raci olan (qayıdan) bir xüsusdur. Çünki, başqa bir şeyin bilinməsi, ancaq, o şeyin, müşahidə olunan və bilinən müəyyən bir şeyə uyğun olması ilə mümkündür. Bu da, cismi bilən, ancaq arazı rədd edən və: "Əgər (araz) var olsaydı, cisim kimi bir yerdə mövcud olardı və olduğu bu yerdə, başqa bir varlığın olmasına əngəl olardı." deyən kimsənin (sözünə) bənzəyir. (haşiyə)

-----------------------

(Haşiyə:

İmamın qəsdi, budur:

Cismi qəbul edib arazı inkar edən adam -ki, kəlam məsələlərinin yayğın olduğu zamanlarda, belə bir qrup mövcud olmuşdur-, sən mötəzili'nin məntiqini yürüdərək, belə deyə bilər:

"Əgər araz mövcuddursa, bizatihi yer tutması lazımdır. Və ya onun növündən başqa bir şeyin o məhəllə gəlməsini əngəlləməsi lazımdır. Çünki bizim bildiyimiz bütün cisimlər belədirlər."

Elə isə, arazın varlığını inkar edən bu adama, nə deyəcəksən?

Yəni, adam belə iddia gətirir ki:

"Mənim, varlığını bildiyim hər şey, bizatihi yer tutur. Bunun bir əlaməti, başqa bir şeyin ora girə bilməməsidir. Əgər araz da mövcuddursa, bunun da yer tutması lazımdır. Bundan isə, zəruri olaraq, bir məhəldə 2 arazın mövcud olması lazım gəlir. Halbuki, bu, mümkün deyil."

İmam, belə davam edir:

-----------------------------

Bu sözdən də --->

Ümumi məsələlərdə müştərək (ortaq) olan varlıqların, xüsusiyyətlərə dair həqiqətlərdə fərqliləşməsinin imkansız olması kimi bir nəticə ortaya çıxır. Bunun isə, əslinin olmadığına hökm edilir. Çünki onlar, müxalif olduqları bu xüsuslarda, Allah Taala'nın, Özünü və aləmi gördüyünü; Nəfsinə, ya da aləmə nisbətlə bir yöndə olmadığını bilməkdədirlər. Bu mümkün olduğunda, (onların) bu xəyalı da batil olur. (haşiyə)

----------------------------

(Haşiyə:

İmamın qəsdi, budur:

Mötəzilə'nin, ruyəti (yəni, Allahı görməyi) inkar edərkən gətirdikləri əqli mühakimələrdə, belə bir problem var:

2 fərqli həqiqət varsa, bunlar, hər cəhətdən bir-birilərilə fərqli olmalıdırlar. Heç bir hökmdə, müştərəkliyin (ortaqlığın) olmaması lazımdır. Halbuki hər bir mövcudun, özünə aid fərqli həqiqəti vardır. Buna baxmayaraq, bəzi ümumi məsələlərdə, məsələn birlik və s. kimi vəsflərdə, bu mövcudlar, bir-birilərilə ortaqdırlar.

Xülasə: Belə bir imkansızlıq iddiasının (yəni, 2 fərqli həqiqətin, heç bir şeydə ortaq olmaması iddiasının), heç bir əsli yoxdur.

Ki, mötəzilə, öz sistemində belə buna müxalifdir. Çünki, onlara görə, Allah, Özünü də, aləmi də görməkdədir. Biz də özümüzü, aləmi görməkdəyik. Həqiqətlərimiz də, bir-birindən fərqlidir. Elə isə, həqiqətləri fərqli olanların, hər şeydə bir-birilərindən fərqli olmaları iddiası, batildir.

---------------------------

Mötəzilə'nin əksəriyyətinin, doğruluğunu qəbul etdiyi xüsuslardan biri də, budur və bunu (yəni, Allahın Özünü və aləmi görməsini) qəbul edən kimsə, (Allahın görülməsini qəbul etməkdən) qaça bilməz.

Bunu rədd edənlər isə, (ən azından), insanın, aynada özünü gördüyünü rədd edə bilməz. (Halbuki, həqiqətdə), insanın, aynada, şəxsən özü qarşısında olmadığı, bilinməkdədir.

İkinci metod isə: (görmək ilə nə qəsd etdiyimizi) baliğ (tam olaraq) kəşf etmək (açmaq)'dır.

Deyirik ki: Müxalif:

~ bizim, görmə ilə nə qəsd etdiyimiz şeyi başa düşmədiyi;

~ bu məna, tam olaraq ortaya çıxmadığı; və

~ görən şəxsin, bu (görmə) felilə, cisimlərə və rənglərə baxdığında idrak etdiyi ilə eyni halı qəsd etdiyimizi zənn etdiyi

üçün, (Allahın görülməsini) rədd etməkdədir.

Heyhət (nə qədər uzaq)! Allah Taaa haqqında bunun imkansız olduğunu, biz də qəbul etməkdəyik. Ancaq, bu (görmə) ləfzinin mənasını, hər kəsin ittifaq edəcəyi bir şəkildə ortaya qoymağımız; onu bir qəlibə salmağımız; və Allah Taala haqqında imkansız olanı hazf etməyimiz (qaldırmağımız) lazım gəlməkdədir. Əgər, geridə hər hansı bir məna qalarsa, bunun, Allah Taala haqqında istifadə edilməsi, mümkündür.

Bax, Allah Taala haqqında isbat etdiyimiz bu mənanı, "həqiqi görmək" olaraq adlandırmağımız, mümkündür. Beləcə, Onun, həqiqi mənada görülən bir varlıq olmasına hökm edərik. Görmə adının Ona verilməsi, ancaq məcaz olaraq mümkün olarsa, bu ləfzi, şəriətin icazə verməsilə, Onun haqqında istifadə edərik və mənanın, ağlın dəlalət etdiyi kimi olduğuna inanarıq. Bunun nəticəsi isə, budur:

Görmək:

~ (görmə felinin gerçəkləşmə) məhəlli (yeri) göz olan; və

~ rəng, cisim, miqdar və görülmə növündən olan digər şeylərə təəllüq etmə (yönəlmə) xüsusiyyəti olan

bir mənaya dəlalət edir.

Elə isə, onun həqiqi mənasını, məhəllini (yəni, yerini) və mütəəlləqini (əlaqəli olduğu şeyi) bir incələyək və bütün bunlardan ortaya çıxan və bu adın verilməsini gərəkdirən şərtin nə olduğunu bir düşünək!

Deyirik ki:

Biz, bu (görmək deyə) adlandırmağın doğru ola bilməsi xüsusunda, məhəll (yer)'in əsas bir şərt olmadığı görüşündəyik. (haşiyə)

----------------------

(Haşiyə:

İmamın qəsdi, budur:

Bizə görə, görmək üçün məhəllin olması, şərt deyildir. İmam, bunu, belə açıqlayır:)

-----------------------

Məsələn, görülən şeylərdən gözlə idrak etdiyimiz hər hansı bir halı, əgər qəlb ilə və ya hər hansı bir cəhət ilə idrak edərsək, bu təqdirdə, "O şeyi gördük." deyirik. Bu sözümüz də, şübhəsiz doğrudur. Çünki göz, burda bir məhəll və alətdir və özü üçün deyil; (görmə halına) məhəll təşkil etdiyi üçün murad edilir. Bu hal meydana gəldiyində, (görmənin) həqiqəti tamamlanır və (bu hadisəyə, görmə) adını vermək, mümkün olur. Bir şeyi, qəlb, ya da beyin ilə idrak etdiyimizdə, "Qəlbimizlə, ya da beynimizlə bildik." deyirik. Onu, qəlb ilə və ya hər hansı bir cəhət ilə, ya da göz ilə gördüyümüzdə də, belədir.

• Göz ilə bağlı xüsusa gəlincə: bu (görmə) adının verilməsi və bu həqiqətin meydana gəlməsi xüsusunda, bu (yəni, göz) də, əsas şərt deyil. (Belə ki):

~ Əgər görmə, qaralığa təəllüq etməsindən (yəni, əlaqəli olmasından) dolayı görmə olsaydı, ağlığa təəllüq edən, görmə olmazdı;

~ Əgər görmə, rəng ilə olan təəllüqündən dolayı görmə olsaydı, hərəkət ilə əlaqəli olan bir şey, görmə olmazdı; (haşiyə)

----------------------

(Haşiyə:

Yəni, əgər rəng kimi bir araz görməyin şərti olsaydı, hərəkətin görülməsi necə açıqlanacaqdı? Demək ki, bir şeyin görülməsinin şərti, özündə bir rəng daşıması deyil. Yenə, bir şeyin görülməsinin şərti, hərəkət kimi bir araz olsaydı --->)

------------------------

~ Əgər görmə, araz ilə əlaqəsindən dolayı görmə olsaydı, cisimlə əlaqəli olan bir şey, görmə olmazdı.

Bax, bu (misallar), görmənin təəllüq etdiyi şeylərin xüsusi sifətlərinin, bu (görmə) həqiqətinin meydana gəlməsi və bu adın ona verilməsi xüsusunda, əsas şərt olmadığını göstərir.

Burda şərt olan şey, əlaqəli bir sifət olması səbəbilə, görməyin, bir varlıqla əlaqələndirilməsidir. Bu varlıq, hər hansı bir varlıq, ya da zat ola bilər. (haşiyə)

-------------------

(Haşiyə:

Göz, arazı da, cismi də görməkdədir. Bunlarda ortaq olan xüsusiyyət isə, bunların mövcud olmalarıdır. Demək ki, biz, bir şey mövcuddur deyə görürük.)

-------------------

O halda --->

Görməyin (reallaşdığı) məhəllə və əlaqəli olduğu xüsuslara baxılmadan, (görmək), sadəcə mənanın (yəni, görmə mənasının) həqiqətindən ibarətdir. Elə isə, bu həqiqətin nə olduğunu bir araşdıraq. (Belə ki):

Bir idrak növü olmaq xaricində, görməyin bir həqiqəti yoxdur.

Bu da, kamal olub, təxəyyül olunan şeyə nisbətlə, gözdəki kəşfin (açılmanın) artmasıdır. Məsələn, bir dostumuzu görürük və sonra gözümüzü bağlayırıq. Beləcə, dostumuzun surəti, təxəyyül və təsəvvür yolu ilə zehnimizdə meydana gəlir. Gözümüzü açdığımızda isə, aradakı fərqi idrak edirik. Bu fərq, xəyalda olandan fərqli başqa bir surətin idrakı ilə bağlı deyildir. Əksinə, görülən surət, -hər hansı bir fərq olmadan- xəyal edilən surətə uyğundur. Bu ikisi arasında, ikinci halın, təxəyyül halını kamilləşdirməsi və onu ortaya çıxarması xaricində, bir fərq yoxdur. Bu səbəblə, gözün açılma anında, dostun surəti, bizdə, ən açıq, ən tam və ən kamil bir surətdə meydana gəlir. Gözdə meydana gələn surət də, xəyalda meydana gələn surətə eynilə müvafiq olur. Təxəyyül, müəyyən bir mərtəbədə olan idrak növüdür və arxasında, açıqlıqda və ortaya çıxmada ondan daha tam, hətta onu kamilləşdirən bir mərtəbə olur. Bax bu istikmal (kamilləşdirmə), xəyala nisbətlə "görmə" və ibsar (tanıma) olaraq adlandırılır. (haşiyə)

---------------------------

(Haşiyə:

İmam, burda, Allah Taala'nı görmək məsələsinin əqlən mümkünlüyünün isbat etməyə çalışmaqdadır. Ancaq, belə bir görmə, bizim, dünyada təcrübə etdiyimiz bir şey də deyildir. Yəni burda, təcrübə edilməyən bir şey isbat edilməyə çalışılır. İmam, bunu, əlimizdə mövcud olan elm/biliklərdən hərəkətlə, bu mənaya çatdırmağa çalışır. Belə ki:

Bizim yaşadığımız təcrübələr arasında, bir şeyi xəyal etmək deyə bir şey vardır, bir də bir şeyi fiziki mənada görmək deyə bir şey. Burda, imam, yaşadığımız bu təcrübədən (yəni, xəyal və görməkdən) yola çıxaraq 2-ci təcrübəni (Allahın gözlə görülməsini) ağla yaxınlaşdırıb bunun mümkün olmasını izah etməyə çalışır. Belə ki:

~ Bu təcrübə bundan ibarətdir ki, biz, bir dostumuza baxıb gözümüzü bağladığımızda, xəyalımızda, onun bulanıq bir surəti qalır. Yəni, onun, o dostumuz olduğunu idrak edirik. Və ağıl, gözümüz açıq ikən gördüyü dostumuzun surətilə, xəyalımızdakı, yəni gözümüz bağlı ikən meydana gələn surətin, bir-birindən fərqli olduğunu idrak edir. Və bu ikisi arasında, ciddi mənada bir qüvvət fərqi, yəni inkişafın (açılmanın) olduğunu başa düşürük. Demək ki, zatən idrak təcrübələrimiz arasında, bir dərəcə fərqi olduğunu göstərən fərqli idrak növləri var. Elə isə, Allahı Taalanı xəyal etmək ilə görmə arasındakı fərq kimi bir inkişafdakı kamala getməyimiz niyə mümkün olmasın?! Yəni biz ruyətdən əvvəl Allahı bilirik və bir növ, Allahın Zatı və sifətləri haqqında bir cür idrakımız var. Eynilə, cismin özünü görmədən əvvəl, o bulanıqlığı təxəyyül idrakı kimi. Bəs yaxşı, biz bu elm mərtbəsindən yəni Allahın zatı və sifətlərini bilmək kimi idrak mərtəbəsindən, daha vazeh, daha kamil olan bir inkişafa nail ola bilirəkmi? Bunun bir təcrübəsini bu dünyada (yuxarıdakı misaldan da) gördüyümüzdən dolayı, demək ki, belə bir şey, əlbətə mümkündür.

Not: Bununla bərabər, bir düşün: bir şeyi bulanıq ikən görmək ilə, gözün tam vazeh görməsi arasındakı fərq, insan üçün necə fərqlidir. Yəni, gözü əməliyyatdan sonra açılan birini, bu halı, necə rahatlatmaqdadır. Cənnət və ya axirət də, bütün xeyirlərin, faydaların ən kamal mərtəbəsi olduğu üçün, görməyin də ən kamal mərtəbəsinin orda olması, ən müvafiq olanıdır.

Bununla bərabər, yenə bir düşün: heç mümkünmüdür ki, Allah, dünyada Öz Zatı və sifətləri haqqında bilik əldə etdirsin və ya etdirmək istəsin; ancaq bundan daha mükəmməlini isə, kamillik yurdunda etmək istəməsin?!

Bununla bərabər, qullarını, dünyada Öz zikri ilə, Onu düşünməklə, isim və sifətlərini təfəkkür etməklə görülmədən rahatladan bir Allah, heç mümkünmüdür ki, Öz Zatının, isim və sifətlərinin gözəlliyini göstərərək də rahatlatmaq istəməsin?! Çünki, hər camal və kamal sahibi, görmək və görünmək istəyər.

---------------------------------

Bildiyimiz, ancaq təxəyyül edə bilmədiyimiz şeylər haqqında da belədir. Bunlar, -Allah Taala'nın Zatı və sifətləri ilə, qüdrət, elm, eşq, görmə, xəyal kimi- miqdarı, rəngi, surəti olmayan bütün şeylərdir. Bunlar, bildiyimiz, ancaq xəyal edə bilmədiyimiz şeylərdir. Bunları bilmək də, bir cür idrakdır. (O halda) --->

Ağıl, -görmənin xəyal etməyə nisbəti kimi olan- bu idrak mərtəbəsinin artmasını imkansız qılarmı deyə, bir baxaq. Əgər bu, mümkündürsə, biz, gözün açılması və kamilləşməsi hadisəsini, xəyal etməyə nisbətlə "görmə" deyə adlandırdığımız kimi; elmə/biliyə nisbətlə də "görmə" deyə adlandırırıq. Elm, qüdrət və digər sifətlər kimi; xəyal edilmədən bilinən varlıqlar haqqında, açıqlamaq və həqiqəti açığa çıxarmaq məqsədilə, bu cür kamilləşmə dərəcəsini fərz etməyin imkansız olmadığı bilinir. Allah Taala'nın Zatı və sifətləri haqqında da, belədir. Əksinə, biz, təbiətimizdən qaynaqlanan bir zəruriliklə, bunların, Allah Taala'nın Zatı, sifətləri və bilinən bütün bu xüsusiyyətlərin mənaları haqqında, bir nəzər (incələmə) gərəkdirən mövzular olduğunu idrak etməkdəyik.

Biz, bunları (bilməyin) imkansız olmadığı kimi; bunu imkansız qılan bir halın olmadığını da deyirik! Ağıl, bunun imkanının və insan təbiətinin (fitrətinin) buna çağırdığının bir dəlilidir. Ancaq, gözün açılmasındakı bu kamillik, bu aləmdə, olduqca çox miqdarda mövcuddur. (Ancaq insan) nəfsi, bədənlə olan məşğuliyyəti və sifətlərinin bulanıqlığı səbəbilə, bundan məhrum qalır. Bunun kimi; göz qapağının, bir örtünün, ya da gözdə mövcud olan bir qaralığın, -adətin mütəmadiliyi hökmüncə- xəyal edilən varlıqların görülməsinə əngəl olması, mümkündür. Nəfsin bulanıqlığı və məşğuliyyət pərdələrinin üst-üstə gəlməsi də, -adətin mütəmadiliyi hökmüncə- bilinənlərin görülməsinə əngəl ola bilər. Lakin:

~ qəbirlərdə olanlar dirildilib çölə çıxarıldığında;

~ ürəklərdə gizlədilənlər ortaya atıldığında;

~ qəlblər tərtəmiz içkilərlə yuyulub fərqli saflaşdırma və təmizləmə işlərilə təmizləndiyində,

-bütün bunlar səbəbilə-, görmədə kamilləşməyin artması; və insanın, Allah Taala'nın Zatı və digər şeylər ilə məşğul olması, mümkündür.

Beləcə, onun, hər hansı bir elm/bilikdəki dərəcəsinin yüksəlməsi, xəyal etməyə nisbətlə tanıma (ibsar) dərəcəsinin yüksəlməsi kimidir. Bax bu (dərəcə), Allah Taala'ya qovuşma; Onu müşahidə etmə; Onu görmə; Onu tamaşa etmə; ya da istədiyin digər məfhumlarla ifadə edilə bilər.

Mənalar açıqlandıqdan sonra, bu xüsusda bir müşkil yoxdur. Bu mümkün olduğunda və bu hal gözdə yaradıldığında, -dilin vazı/qoyuluşu gərəyi- buna, "görmə" adının verilməsi, daha doğrudur. Çünki, görmə felinin qəlbdə yaradılması imkansız olmadığı kimi; gözdə yaradılması da, imkansız deyildir. Haqq Əhli (əhl-i sünnət)'in görməyə verdiyi mənadan qəsdi başa düşüldüyündə, ağlın, bunu imkansız görmədiyi; əksinə, zəruri qıldığı bilinər. Çünki, şəriət, buna şahidlik etməkdədir. Bu halda, inadçılıq xaricində, bu xüsusda mübahisəyə bir səbəb olmadığı kimi; görmə ifadəsinin istifadəsində bir sıxıntı və bu incə mənaların başa düşülməsində, bir əskiklik yoxdur. Dolayısı ilə, bu mücməl qisimdə, bu qədərlə kifayətlənək.

-----------------------

(Məsələnin) 2-ci tərəfi: şəriət cəhətindən, (görməyin) meydana gəlməsi haqqındadır ki, şəriət, bunun, gerçəkləşəcəyinə işarət etmişdir. Bunu idrak etmə yolları isə, çoxdur. Bu səbəblə:

İlk (müsəlmanlar)'ın, Allah (subhənəhu)'ya dualarında, Onun kərim üzünü görmə zövqünü istədikləri xüsusunda icma olduğunu iddia etmək, mümkündür.

Biz, əqidələrindən yola çıxaraq, Onların, bunun gerçəkləşməsini ümid etdiklərini başa düşürük. Onlar, bunu ümid etməyin və istəməyin imkanını, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hallarına dair bəzi qərinələrlə qavramışlardı. Onun çox saydakı açıq ifadələrinin bütünü və icma, bunu idrak etmə yollarının saysız olduğunu göstərir. Bunu göstərən dəlillərdən ən güclüsü, Musa (əleyhissəlam)'ın:

...أَرِنِىٓ أَنظُرْ إِلَيْكَ...

Ərini ənzur İleykə.

Yəni:

"Mənə, Özünü göstər, Səni görüm." (Əraf/143) sözüdür.

Çünki, Allah Taala ilə şifahi olaraq danışa biləcək bir məqama yüksələn bir Peyğəmbərdən bu xüsusun (yəni, Allahın görülə bilməyəcəyi'nin) gizlənməsi; və Onun, mötəzilə'nin bildiyi Allaha aid xüsusiyyətləri bilməməsi, imkansızdır. Bu, batilliyi zəruri olaraq bilinən bir xüsusdur. Müxalifə görə Onu görməyin imkansız olması, (onların), küfr və dəlalət ilə vəsf edilməsini gərəkdirir. Çünki bu, Ona aid bir xüsusiyyəti bilməməkdir. Mötəziləyə görə, (görməyin) imkansızlığı, Onun Zatı ilə bağlıdır. Çünki O, hər hansı bir cəhətdə deyildir. O halda, Musa, Onun bir yöndə olduğunu, necə ola bilər ki bilməsin?! O, bir cəhətdə olmayan bir Varlığın görülməsinin imkansız olduğunu bilmirdimi?! Kaş ki, müxalifin, Musanın zuhulu (dalğınlığı) xüsusunda, içində nə gizlədiyini və düşündüyünü bir bilsəydim...Musa, Onun, bir cəhətdə olan və rəngi olan bir cisim olduğuna inanaraqmı bunu düşünmüşdü? Peyğəmbərləri bununla ittiham etmək, açıq küfrdür. Çünki bu, bir Peyğəmbəri, küfrə nisbət etməkdir. Allah (subhənəhu)'nun bir cisim olduğunu deyən birilə, bütlərə və günəşə ibadət edən kimsə arasında, bir fərq yoxdur.

(Müxalif), Musa (əleyhissəlam)'ın, Onun, bir cəhətdə olmasının imkansızlığını bildiyini; ancaq bir cəhətdə olmayan bir Varlığın görülə bilməyəcəyini bilmədiyini də iddia edə bilər. Bu isə, Peyğəmbəri, cahil biri səviyyəsinə endirməkdir. Çünki, müxalif, bu xüsusun, nəzəriyyatdan deyil; cəliyyat (açıq bilinən xüsuslar)'dan olduğuna inanmaqdadır.

Ey irşad istəyən kimsə! Bu an sən, Peyğəmbərin cahil olduğuna inanmaqla, mötəzilənin cahil olduğuna inanmaq arasında, sərbəstsən. Özün üçün ən uyğun olanı seç, vəssəlam.

Əgər: "Hər nə qədər, (Musanın bu sözü) sizi dəstəkləsə də, onun, Allahı dünyada görməsi istəməsi və buna qarşılıq da Allah (subhənəhu)'nun: 'Məni, görə bilməzsən.' (Əraf/143) buyurması; bunun kimi, Allahın: 'Gözlər, Onu idrak etməz.' (Ənam/103) sözü, sizin əleyhinizə dəlalət edir." deyilsə, biz də belə deyərik:

• Musanın, Allahı dünyada görmək istəməsi, özü etibarı ilə mümkün olan bir hadisənin, gerçəkləşmə vaxtını bilmədiyinin bir dəlilidir! Bütün peyğəmbərlər, Özlərinə bildirilmədikcə, qeybi bilməzlər. Bu (bildirmə) isə, nadirən gerçəkləşir. Bir peyğəmbərin, bir sıxıntının qaldırılması, ya da bir bəlanın yox edilməsi üçün Allaha dua etməsi, nə üçün mümkün olmasın?! Bu peyğəmbər, Allah Taala'nın elmində, duaya icabət edilməyən bir vaxtda, duasının qəbul edilməsini ümid etməkdədir. Bu məsələ də, bu növdəndir.

Allah Taala'nın, "Məni görə bilməzsən." (Əraf/143) sözü isə, Musanın istəyinin qəbul edilməməsidir. Musa, Allahı, axirətdə deyil; o an görmək istəmişdi. Əgər Musa, "Mənə Özünü göstər; axirətdə Sənə baxım." desəydi və Allah da: "Məni, əsla görməyəcəksən." deyə cavab versəydi, bu, (Allahın axirətdə) görülə bilməməsinin dəlili olardı. Ancaq bu hal, xüsusi olaraq Musa üçün bəhs mövzusu olar və ümumu da bağlamazdı. Eyni şəkildə, görməyin imkansızlığına dair bir dəlil də olmazdı. Necə belə olsun ki?! Çünki bu söz, Onu dünydana görmə istəyinə qarşılıq verilən bir cavabdır.

• Allah Taala'nın, "Gözlər, Onu idrak etməz." (Ənam/103) sözünə gəlincə:

Bu söz, görmə felinin cisimləri əhatə etməsində olduğu kimi; "Gözlər, Onu əhatə edə bilməz və Onun ətrafını çevrələyə bilməz." mənasına gəlir. Bu söz, doğrudur. Bu sözün ümumi olması və onunla dünyada görməyin qəsd edilməsi də, eyni şəkildə doğrudur. Allah (subhənəhu)'nun: "Məni, görə bilməzsən." sözündə qəsd etdiyi də, dünyadakı görmədir.

(Allahı) görmə məsələsində, bu qədər sözlə kifayətlənək. İnsaflı olan, firqələrin necə ayrıldıqlarına və bir ifratdan digərinə doğru necə qruplaşdıqlarına bir baxsın!

~ Haşəviyyə'yə gəlincə:

Onlar, müəyyən bir cəhətdə olmayan bir Varlığın var olmasını başa düşmədikləri üçün, cəhəti qəbul etdilər. Elə ki, (Allah haqqında), cisimlik, miqdar və hudus (sonradan meydana gəlmə)'yə dair xüsusiyyətlər daşımaq kimi xüsusiyyətləri də, zəruri olaraq qəbul etmələri lazım gəldi.

~ Mötəzilə'yə gəlincə:

Onlar, (Allah haqqında) cəhəti rədd etdilər və cəhət olmadan Onu görməyi isbat edə bilmədilər. Beləcə, şəriətin qəti hökmlərinə qarşı gəldilər. Onlar, Allahı görməyi isbat etdiklərində, (Onun haqqında) cəhəti də isbat etmiş olacaqlarını zənn etdilər. Onlar, Allahı təşbih (başqa varlıqlara bənzətmək)'dən çəkindikləri üçün, Onu tənzihdə iləri getdilər və bunun nəticəsində də, ifrata düşdülər.

Haşəviyyə isə, sifətləri tətil (rədd)'dən çəkindikləri üçün, (Onun haqqında) cəhəti qəbul etdilər və beləcə, Onu digər varlıqlara bənzətdilər.

~ Allah Taala, bu xüsusda, əhl-i sünnəti, haqq olanı ortaya çıxarmağa müvəffəq qıldı. Onlar, güdülən qayəni doğru qavradılar və cəhətin, cisimliyə tabe olduğu və onu tamamladığı üçün rədd edildiyini başa düşdülər. Görmə feli, sabitdir. Çünki o, elmin eyni mənalısı, yaxını və tamamlayıcısıdır. Bu səbəblə, cisimlik halının sonlanması, onun gərəklərindən olan cəhət xüsusiyyətinin də sonlanması mənasına gəlir. Elmin sübutu isə, onun eyni mənalılarından və tamamlayıcılarından olan və onunla ortaq xüsusiyyətləri olan görməyin də sübutunu gərəkdirir. Bununla bərabər, görmə feli, görülən şeyin özündə bir dəyişikliyi gərəkdirməz. Hətta, elmdə olduğu kimi; ona, olduğu hal üzərə təəllüq edər. Ağlı başında olan bir kimsə, etiqadda iqtisadın (orta yolun) bu olduğunu, açıqca bilər.

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-İqtisad fi'l-İ'tiqad")

-------------------------

-------------------------

Əlavələr:

Suhayb (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) bu ayəti oxudu:

لِّلَّذِينَ أَحْسَنُوا۟ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌ...

"Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır..." (Yunus/26) və belə buyurdu:

"Cənnət əhli cənnətə, cəhənnəm əhli də cəhənnəmə girdikləri vaxt, bir münadi (nida edən mələk):

'Ey cənnət əhli! Şübhəsiz, Allah qatında sizlər üçün bir vəd vardır. Allah o vədi tam olaraq ifa etmək (yerinə yetirmək) istəyir.' deyə çağıracaq. (Bunun üzərinə) cənnət əhli:

'O (vəd) nədir? Allah mizanlarımızı (həsənət, yaxşı əməllərlə, savablarla) ağırlaşdırmadımı? Üzlərimizi ağ etmədimi? Bizi cənnətə daxil etmədimi? Bizi (cəhənnəm) atəşindən qurtarmadımı?' deyə cavab verəcəklər. (Allahın onlara bəxş etdiyi lütfləri, bir-bir sıralayarlar).

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

'(Bunun üzərinə) Allah, uca Zatı ilə qulları arasından hicab (pərdəsi)'ni açar və cənnət əhli Ona baxarlar.

Allaha and olsun ki, Allah, cənnət əhlinə, Zatına baxmaqdan daha sevimli və gözlərini daha doyurucu bir şey (nemət) onlara verməmişdir."

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

İzahı:

Bu hədisi, bənzər ləfzlərlə:

• Muslim, İman kitabı'nın 80-ci babında (Möminlərin axirətdə şanı uca Rəblərini görəcəklərinin isbatı babı);

• Tirmizi də, Sünən'ində (hədis no: 2552)

rəvayət etmişlərdir.

--------------------------------

Ayətdə keçən:

• "əl-husna" ilə: cənnət;

• "ziyadətun" ilə də: Allahı görmək

qəsd edilmişdir.

İmam Sindi (əl-Hənəfi):

"Cənnət əhlinin: "O vəd nədir?" sualından belə başa düşülür ki, cənnət əhli dünyada ikən, Allahın camalını (gözəlliyini) görəcəklərinə dair bildikləri vədi, axirətdə unutmuş olacaqlar.

Bununla bərabər, cənnət əhlinin bu sualdan sonra özlərinə ehsan edilmiş olan nemətləri sıralamaları:

• Allahın onları fəzl və kərəmi ilə razı və məmnun etdiyinə;

• Başqa nemətləri gözləmədiklərinə; və

• Qəlblərindən tamah və ac gözlüyün çıxarılmış olduğuna

dəlalət edər."

----------------------------------

Hədisdəki:

"Allah, uca Zatı ilə qulları arasından hicabı açar..." cümləsi üzərinə, imam Sindi belə deyir:

"Rüyət (yəni Allahı görmək) haqqında varid olan hədislərdə bəyan edilən görmə keyfiyyətinin fərqlilik ərz etməsi, çəkiniləcək bir hal deyildir. Çünki görmə neməti, bir dəfəyə məxsus deyildir. Dəfələrlə baş verəcəyinə görə, keyfiyyəti fərqli ola bilər."

Hədisin son cümləsi də, Allah Taala'nın camalını görməyin, əhl-i cənnət üçün bütün nemətlərdən daha ləzzətli və sevimli olduğunu və onların gözlərini doyurucu olduğunu bəyan etməkdədir.

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, 13-cü bab: "Cehmiyyə'nin inkar etdiyi şeylərin bəyanı babı", hədis no: 187)

Read 197 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR