Cin surəsi 26-27-ci ayətlərin təfsiri (1)
Qeybi bilmək küfrdürmü? - 1
عَـٰلِمُ ٱلْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِۦٓ أَحَدًا • إِلَّا مَنِ ٱرْتَضَىٰ مِن رَّسُولٍ فَإِنَّهُۥ يَسْلُكُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ رَصَدًا
"O (Allah), qeybi biləndir. O, bəyənib-seçdiyi bir rəsul xaric, heç kimsəni qeybindən xəbərdar qılmaz. Çünki O, onun önündə və arxasında gözətçilər qoyur..." (Cin/26-27)
----------------------------------
Təfsiri:
Falçı və kahinlərin hökmü:
• Kəşşaf sahibi (Zəmaxşəri), belə deyir:
"Ayətin bu ifadəsində, kəramətin olmadığına dəlil vardır. Çünki özlərinə kəramət nisbət edilən kimsələr, hər nə qədər bəyənilib-seçilmiş vəlilər isələr də, rəsul deyillərdir. Halbuki Allah Taala, qeybdən xəbərdar qılmağı, bəyənib-seçdiyi, razı qaldıqları arasından sadəcə peyğəmbərlərə xas qılmışdır.
Bu ayətdə, eyni zamanda, kahinliyin, sehrbazlığın, ulduzlardan hökm çıxarmağın qeyr-i məqbul və əslsiz olduğu da bəhs mövzusudur. Çünki bu işlə məşğul olanlar, bəyənilib-seçilməkdən ən uzaq olub, Allahın qəzəbinə ən çox uğrayan kimsələrdir."
• Vahidi isə, belə deyir:
"Bu ayətdə, ulduzların həyata, ölümə və bənzəri hadisələrə işarət etdiklərini iddia edənlərin əleyhinə bir dəlil mövcud olduğu kimi, belə kimsələr, Qurandakı hökmü də inkar etmiş olarlar."
Bil ki, Vahidi, kəramətin və Allah Taalanın vəli qullarına, gələcəkdə olacaq bəzi hadisələri İLHAM yolu ilə xəbər verməsini, mümkün görmüşdür. Halbuki, ayətin, hər 2 hala da (yəni kəramətə də; sehrbaz, kahin və münəccimlərin etdiklərinə də) nisbəti, eynidir.
~ İndi əgər Vahidi, münəccimləri bu cür hökmlər verməkdən əngəlləməyə bu ayəti dəlil qəbul edirsə, Kəşşaf sahibinin də dəlil sayması lazımdır.
~ Əgər o, vəlilər üçün gerçəkləşən ilhamları əngəlləməyə, bu ayətin dəlalət etmədiyini iddia edirsə, nücum (ulduz) elminin bəzi şeylərə dəlalətini əngəlləməyə də dəlil qılmaması lazımdır.
Lakin ayətin, ulduzlardan bəzi hökmlər çıxarmağın qadağasına dəlalət etdiyini söyləyib, vəlilər üçün bəhs mövzusu olan ilhamlara dəlalət etmədiyini söyləmək isə, keyfi bir hökmdür.
-------------------------------
Mənə (Razi'yə) görə, ayətdə, bunların dedikləri şeylərin heç birinə dair, hər hansı bir dəlil yoxdur. Bunun dəlili isə, budur:
Ayətdəki "alə ğaybihi" = "qeybinə" ifadəsi, ümumilik ifadə edən bir kəlimə DEYİLDİR. Dolayısı ilə, kəlimənin ifadə etdiyi bir tək şeylə əməl etmək (hökm etmək) də, kifayət edir.
Bu halda, Allah Taala'nın, Öz məxluqatını, qeyblərdən sadəcə BİRİNDƏN xəbərdar etməməsi, kifayət edir. Biz də bunu: QİYAMƏTİN QOPMA VAXTINA həml edirik.
Beləcə də, ayətdən qəsd edilən: Allah Taalanın sadəcə bu qeybi (yəni qiyamətin qopma vaxtını) heç kimsəyə bildirməyəcəyi olmuş olur.
Dolayısı ilə də, ayətdə, artıq Allah Taalanın, qeyblərdən heç birini, heç kimsəyə bildirmədiyinə dair bir dəlalət qalmaz.
Bu açıqlamanı, bu xüsus da təkid edir:
Allah Taala, bu ayəti (yəni Cin/26 ayətini), Cin surəsi 25-ci ayətinin dərhal arxasınca gətirmişdir:
قُلْ إِنْ أَدْرِىٓ أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُۥ رَبِّىٓ أَمَدًا
"De: 'Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm."
Buna görə, bu:
"Mən (yəni peyğəmbər), qiyamətin nə vaxt qopacağını bilmirəm."
demək olur. Allah Taala, daha sonra:
عَـٰلِمُ ٱلْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِۦٓ أَحَدًا
Yəni:
"O, qeybi (yəni qiyamətin qopma vaxtını), biləndir və bundan heç kimsəni xəbərdar qılmaz (yəni qiyamət vaxtı, heç kimə bildirmədiyi qeybi biliklərdəndir)." buyurmuşdur.
Xülasə, ayətdəki (ğaybihi = qeybinə) ifadəsi, müfrəd və muzaf bir ləfzdir (haşiyə).
-------------------------------
Haşiyə:
~ Müfrəd ləfz: yalnız bir şeyə və ya bir şəxsə işarət edən və ya birə məxsus olan kəlimə;
~ Muzaf ləfz: başqası ilə tamamlanan ləfzdir. Məsələn, "qavmu Nuhin" = "Nuhun qövmü" deməkdir. Burda birinci, "Nuh" kəliməsi deyil, "qövm" kəliməsi gəlmişdir. Azərbaycan dilinə görə isə, tamamilə tərsinədir. Burda "qövm" muzaf kəlimədir, yəni başqası (Nuh ilə) tamamlanandır; "Nuh" kəliməsi isə, muzafun ileyhdir, yəni tamamlayan.
-----------------------------
Dolayısı ilə, bununla əməl etmə, bundan hökm çıxarmaq xüsusunda, bunu sadəcə bir tək qeybə həml etmək, kifayət edir. Ancaq bu (ğaybihi) kəliməsinin bütün qeybləri ifadə etdiyini iləri sürməyə gəlincə, bu ləfzdə, bu mənaya bir dəlalət YOXDUR.
---------------------------
Buna görə, əgər:
"Siz, bunu, qiyamətin qopma vaxtı ilə bağlı bir mənaya həml etdiyinizə görə, bu qeybi heç bir peyğəmbərə bildirmədiyi halda, niyə Allah Taala: '...bəyənib seçdiyi bir peyğəmbər müstəsna...' buyurmuşdur?"
deyə soruşularsa, belə cavab verərik:
~ Əksinə, Allah Taala, bunu, qiyamətin qopma vaxtı yaxınlaşdığında açıqlayacaqdır. Necə belə olmasın ki?! Çünki Allah Taala:
وَيَوْمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلْغَمَـٰمِ وَنُزِّلَ ٱلْمَلَـٰٓئِكَةُ تَنزِيلًا
"Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir." (Furqan/25) buyurmuşdur.
Mələklərin bax o vaxt qiyamətin qopduğunu anlayacaqlarında şübhə yoxdur.
~ Həm sonra da, ayətdəki istisnanın, munqati istisna olması da, möhtəməldir. Buna görə, Haqq Taala, sanki əvvəlcə:
"Qeybi bilən, o müəyyən qeybini, yəni qiyamətin qopacağını, heç kimsəyə bildirməz."
demiş, sonra da:
"Ancaq seçib-bəyəndiyi bir rəsul müstəsna. Çünki onun önündən və arxasından, onu azğın insan və cinlərdən qoruyan qoruyucu mələklər düzülər."
demişdir. Çünki Haqq Taala, bu sözünü, lağlağı edərək və Allahın dinini və kəlamını həqir görərək, qiyamətin nə vaxt qopacağını soruşanın sualına bir cavab olmaq üzərə gətirmişdir.
-------------------------------------
“Bil ki, uca Allahın bu ayədəki muradının, “rəsullar xaric heç kimi qeybi bir məlumata vafiq etməyəcəyi” şəklində olmadığı qətidir! Buna aşağıdakılar dəlalət edir:
1. Mütəvatir səviyyəsinə yaxın dərəcədə xəbərlərlə sabitdir ki, Şiqq və Satih adlı iki kahin, Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və alə alihi və səlləm) ortaya çıxacağını, o çıxmadan öncə xəbər vermişdilər və bu iki nəfər, Ərəblər qatında, elmin bu növüylə məşhur idilər.
Hətta (Fars kralı) Kisra, Peyğəmbərimiz Muhəmmədin – sallallahu aleyhi və alə alihi və səlləm – haqqındakı məlumatları bilmək üçün, onlara müraciət etmişdi.
Beləcə, uca Allahın bəzən Peyğəmbərlər xaricində bəzi kimsələri qeybdən xəbərdar etdiyi sabit olur.
2. Bütün din mənsubları “Təbir/Yuxu Yozma” elminin doğruluğunda, təbirçinin/yuxu yozanın bəzən gələcəkdə baş verən hadisələrdən xəbər verdiyi və bu xəbərlərdə haqlı çıxdığında həmfikirdilər.
3. Sultan Səncər bin Məlik Şahın Bağdaddan Xorasana gətirtdiyi kahin qadından gələcəkdə olacaq şeylər haqqında soruşmuş və o qadın da bəzi şeylər demişdi. Sonra bu hadisələr onun dediyi kimi cərəyan etmişdir.
Bu kitabın müəllifi (Razi) - Allah ona xeyirli sonluq nəsib etsin - belə deyər:
Mən, kəlam və hiikmət/fəlsəfə elmində mühəqqiq/dərinləşmiş bəzi insanlarla görüşdüm. Onlar mənə nəql etdilər ki, bu qadın qeybi işlər barədə təfsilatlı məlumat verər, hadisələr də onun dediyi kimi cərəyan edərdi.
Əbul Bərəkət yazdığı “Kitabul Mutəbər” (Əl Mutəbər fil Hikmətil İləhiyyə) adlı əsərində, bu qadının halı haqqında mübaliğə edərək belə deyir:
“İnanın ki, otuz il bu qadının üzərində müşahidə apardım. Nəhayət qeybdən doğru xəbərlər verdiyi xüsusunda əmin oldum!”
4. Bizlər, bu halı, sadiq ilhamlar alan kimsələrdə də müşahidə edirik. Lakin, bu hal sadəcə vəlilərə xass deyil. Əksinə sehrbazlardan da belələri var.
Bizlər, münəccim olan insanın (burada “səhmul ğayb” şəklindəki nucum istilahı işlədilərək münəccimlərə işarə edir) – əksər hallarda yalan danışsa da – verdiyi xəbərlərin bir çoxunda doğru çıxdığını da müşahidə edirik.
Ulduzlara əsasən verilən hökmlərin – bir çox hallarda yalan desələr də - bəzən reallığa uyğun olduğunu müşahidə edirik.
Bu saydıqlarım, müşahidə və hiss edilən şeylərdən ikən:
“Quran bunun (reallığın) əksinə dəlalət edir”
fikri, Qurana tən edilməsinə səbəb olar! Bu isə, batil bir nəticədir. Elə isə, doğru təvil, bizim qeyd etdiyimizdir. Allah, daha yaxşı bilir.”
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)
-----------------------
-----------------------
Əlavələr:
Cin surəsi 26-27-ci ayələrin təfsiri (2):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cin-sur%C9%99si-26-27-ci-ay%...
