Saff surəsi 8-ci ayətin təfsiri
يُرِيدُونَ لِيُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ
"Onlar, ağızları ilə, Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır." (Saff/8)
-------------------------------------
Təfsiri:
Burdakı "Allahın nuru" buyuruğu haqqında, 5 görüş vardır. (Belə ki):
1. Birinci görüşə görə, bu, "Quran"dır. Onlar, Quranı çürütmək və sözlərilə yalanlamaq istəyərlər. Bu açıqlamanı, ibn Abbas və ibn Zeyd vermişdir.
2. İkinci görüşə görə bu, "İslam"dır. Onlar, sözlərilə onu ortadan qaldırmağa çalışarlar. Bu açıqlamanı, "əs-Suddi" vermişdir.
3. Üçüncü görüşə görə, bu, "Muhamməd (sallallahu aleyhi və səlləm)"dir. Onlar, yalan və uydurma xəbərlərlə, Onun həlak olmasını istəyərlər. Bu açıqlamanı, əd-Dahhak vermişdir.
4. Dördüncü görüşə görə, bu, "Allahın hüccətləri və dəlilləri"dir. Onlar, inkar və yalanlamaqla, Allahın hüccət və dəlillərini çürütmək istəyərlər. Bu açıqlamanı, ibn Bahr vermişdir.
5. Beşinci görüşə görə, bu, bir misaldır. Yəni, kim ağzı ilə günəşin işığını (üfürməklə) söndürmək istəyərsə, bunun imkansız olduğunu görəcəyi kimi; haqqı çürütməyə çalışanın halı da, belədir. Bu açıqlamanı, ibn İsa nəql etmişdir.
Bu ayətin nüzul səbəbi də, Ata'nın ibn Abbas'dan nəql etdiyi üzərə, budur:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, 40 gün vəhy gəlmədi. Ka'b b. Əşrəf (İslama düşmənliyilə tanınan yəhudi şair):
"Ey yəhudilər! Sizə müjdə." dedi.
"Allah, Muhammədə endirdiklərinin nurunu söndürdü. Zatən, Onun işini tamamlayacaq deyildi də..."
Allah rəsulu (sallallahu aleyhi və səlləm), (bunu eşitdiyində) kədərlənincə, uca Allah da, bu ayəti endirdi və bundan sonra da, vəhydə bir kəsinti olmadı.
Bütün bunları, əl-Mavərdi (Allah ona rəhmət etsin), nəql etməkdədir.
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)
--------------------------------------
يُرِيدُونَ لِيُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ
"Onlar, ağızları ilə, Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır." (Saff/8)
Təfsiri:
Onların, "Ağızları ilə Allahın nurunu söndürmələri", onların, məsələn, Quran haqqında, "Bu, açıq bir sehrdir." şəklindəki sözlərilə, İslam dinini batil göstərməyə çalışmaq istəkləri xüsusunda, (ayət), onlarla istehza etməkdədir. Beləcə, onların misalı, ağzı ilə günəşin nuruna üfləyən kimsənin misalına bənzədilmişdir.
Bu xüsusu, "əl-Kəşşaf" (təfsiri) sahibi (Zəmaxşəri), "Kəşşaf"ında zikr etmişdir.
---------------------------------
"Nur" kəliməsinin təfsiri:
Burdakı "Nur" kəliməsinə:
~ Allahın dini (İslam);
~ Allahın xitabı (Quran);
~ Allahın elçisi (Muhamməd)
mənaları da verilmişdir. Ki, bu sayılan 3 şeydən hər biri də, bu (nur) sifətini özündə daşımaqdadır.
1. Çünki insanların üzərində, bunların əsərləri, bu şəkildə görünməkdədir.
2. Allahın nuru, əbədiyyən işıldayacaqdır və sonlanması əsla mümkün olmayan bir qaynaqdan doğacaqdır ki, bu qaynaq da, Allah Taala'dır. Bu 3 şeydən hər biri də, belədir.
3. Nur, elm; zülmət isə, cəhalətdir; Yaxud nur, onları zülmətdən nura çıxaran imandır; Yaxud da nur, İslamdır.
Belə də deyilə bilər:
"Din, ağıl sahiblərini, tərifə layiq ixtiyar və iradələrilə, gözəl və yaxşı şeylərə sövq edən, İlahi bir nizamdır. Bax nur, budur."
Kitab isə, "açıqlayan" deməkdir. Necə ki, Haqq Taala,
...تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ
"Bu, açıqlayan kitabın ayətləridir." (Yusuf/1) buyurmuşdur. O halda, "ibanə/açıqlama" və kitab, nurdur.
Yaxud da, belə deyilə bilər:
Kitab, möcüzə olduğu üçün bir hüccətdir. O halda, hüccət, nurdur. Bundan dolayı, kitab da nurdur.
Yaxud da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in nur olduğu da söylənə bilər. Əks halda, Peyğəmbər (sallallahu aleyhi və səlləm), "aləmlərə rəhmət" (Ənbiya/107) olaraq vəsf edilə bilməzdi. Çünki rəhmət, sirr olan şeyləri ortaya qoymaqla olur. Bu (ortaya qoyma) işi də, nur (işıq) ilə olur.
Yaxud da, belə deyə bilərik:
Nur, Peyğəmbərdir. Çünki Onun vasitəsilə məxluqat hidayətə çatır.
Yaxud, Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanlara endiriləni, insanlara açıqlayıb ortaya qoyduğu üçün, nurdur. Bundan dolayı, açıqlayıb ortaya qoyan şəxsə, "nur" deyilə bilər.
Sonra, O (sallallahu aleyhi və səlləm)'in nur olmasındakı faydalar və hikmətlər xüsusunda, bu izahlar verilə bilər:
1. Bu, Onun şanının uca, burhanının (dəlilinin) də ulu olduğuna dəlalət edir.
Bu, 2 səbəbdən ötürü belədir:
a. O, "nur" deyə vəsf edilmişdir.
b. Bu nur, Haqq Taala'ya nisbət edilmişdir.
2. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Allahın nurlarından bir nur olduğu üçün, bütün aləmi, aləmin hər tərəfini işıqlandırmışdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) və nuru, aləmin sadəcə bir tərəfinə məxsus deyildir. Bundan dolayı, O, bütün məxluqat üçün göndərilmiş bir peyğəmbərdir. Çünki Onun,
بعست الى الاحمر والاسود
"Mən, qırmızı (ağ) və qara (dərililərə) göndərildim." buyurduğu rəvayət edilmişdir.
Dolayısı ilə, insanlar və cinlərdən kim varsa, hamısı Onun ümmətidir.
İndi əgər bunlar, mömindirlərsə, icabət ümməti; əgər kafir isələr, dəvət ümməti (təbliğə muxatab) olarlar.
----------------------------------------
Ayətdəki وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ "Kafirlərin xoşuna gəlməsə də..." ifadəsi, "yəhudilər, xristiyanlar və bunların xaricində qalan bütün müşriklər xoş görməsələr də..." deməkdir.
---------------------------------------
"Allahın, nurunu tamamlaması nə deməkdir?"
• Birinci bəhs:
Haqq Taala, "Allah, Öz nurunu tamamlayacaqdır." buyurmuşdur. Tamamlama isə, ancaq bir nöqsanlıq olduğunda bəhs mövzusudur. Elə isə, bu nurun nöqsanlığı nədir və necədir?
Bu xüsusda deyirik ki:
O nuru tamamlamaq, nəticədəki nöqsanlıq cəhətindən olub, bu tamamlama, o nurun, şərqdən qərbə qədər hər yerdə görünməsi və hər yeri işıqlandırması deməkdir. Çünki işıq saçmaq, ancaq işıqlandırmaq ilə olur ki, bax nuru tamamlamaq, budur. Haqq Taala'nın, "Bu gün, sizin üçün dininizi tamamladım." (Maidə/3) ayəti də, bu mənanı dəstəkləməkdədir. Əbu Hureyrə (radiyallahu anh)'ın da, bu tamamlamanın, İsa (əleyhissəlam)'ın göydən endiyində olacağını söylədiyi rəvayət edilmişdir. Bunu, Mücahid demişdir.
• İkinci bəhs:
(Əgər sual edilsə ki):
"Haqq Taala,
~ burda, "Nurunu tamamlayacaqdır.";
~ bir başqa ayətdə isə, "Onun nurunun misalı..." (Nur/35) buyurmuşdur.
İndi bu nur, Nur surəsi 35-ci ayətdə bəhs edilən nurun eynisidirmi, yoxsa başqa bir nurdurmu?"
(Cavab olaraq) deyirik ki:
Bu, ondan başqa bir nurdur. Çünki
~ ordakı "Onun nuru" ifadəsilə, mühəqqiq alimlərə görə - "Allah";
~ burdakı ayətdə isə - "din", yaxud "kitab", yaxud "Peyğəmbər" qəsd edilmişdir.
• Üçüncü bəhs:
(Sual):
"Haqq Taala,
~ bu ayət (Saff/8)'də, "kafirlər xoş görməsələr də..."
~ sonrakı ayət (Saff/9)'da isə, "müşriklər xoş görməsələr də..." buyurmuşdur. Bunun hikməti, nədir?"
(Cavab olaraq) deyirik ki:
Onlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Ona endirilən o kitabı inkar etmişlərdir. Peyğəmbər və kitab göndərmə isə, Allahın bir nemətidir. Bütün kafirlər də, nemətlərə qarşı küfr (nankorluq) içindədirlər.
Bax bundan ötürü, Haqq Taala, Saff/8 ayətində, "kafirlər xoş görməsələr də..." buyurmuşdur.
Bir də, kafir ləfzi, müşrik ləfzindən daha ümumi və genişdir. Bundan dolayı, burda keçən kafirlər ilə, yəhudilər, xristiyanlar və müşriklər qəsd edilmişdir. Haqq Taala da, bu ayətdə, nurdan və onun söndürülmək istənilməsindən bəhs etmişdir. Dolayısı ilə, bu ifadəyə uyğun düşən, "kafir" ləfzidir. Çünki kafirlik, "örtmək, gizləmək" mənası daşıyır. Çünki nuru söndürmə cəhdinə qalxan, o nurun sönməsini istəyən olur.
Allah Taala,
هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ
"Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə, Öz Elçisini hidayət və haqq dinlə göndərən, Odur." (Saff/9) ayətində isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən; Onu göndərməkdən; və haqq dindən bəhs etmişdir ki, bütün bunlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün, böyük bir mövqe, böyük bir şərəf və böyük bir mərtəbə deməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə verilən bu dərəcələri həzm edə bilməmək, gözü götürməmək isə, əslində, Allaha qarşı gəlmək və etiraz etmək deməkdir. (Çünki əsəri bəyənməmək, əsər sahibini bəyənməməyə aparır.)
Etiraz etmə isə, şirkə uyğundur.
Bir də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə həsəd edənlərin çoxu, Qureyş qəbiləsindən idilər. Qureyş də, müşrik idi.
Beləcə,
~ (Saff/8'dəki) nur kəliməsi, (Saff/9'dakı) "din" və "peyğəmbər" kimi ifadələrdən daha ümumi olduğu üçün, Haaq Taala, nur ifadəsinə, İslam və Peyğəmbər göndərməyin müxalifi olan, ona qarşı çıxan "kafirlər" ifadəsilə;
~ (Saff/9'dakı) peyğəmbər və din kəlimələri, "nur" kəliməsindən daha xüsusi olduğu üçün də, buna bu ayətdə, kafir kəliməsindən daha xüsusi olan "müşriklər" ifadəsilə qarşılıq vermişdir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
---------------------------------------
Əlavələr:
"Allah, nurdur." hədisləri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-nurdur-sozu-nec%C9%99-...
