Corablar üzərinə məsh etmək caizdirmi? (1)
320. "Abdullah b. Məsud (radiyallahu anh), corabları və ayaqqabıları üzərinə məsh edərdi."
Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lX, 251) rəvayət etmişdir. "Məcmau'z-Zəvaid"də (l, 258) zikr edildiyi üzərə, isnadındakı raviləri, siqa (güvənilən)'dirlər.
-----------------------
321. Muğirə b. Şu'bə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), dəstəmaz almış; corabları və ayaqqabıları üzərinə məsh etmişdi.
Hədisi, Tirmizi ("Sünən", "Təharət"/74) rəvayət etmiş və həsən-səhih olduğunu söyləmişdir.
-----------------------
322. Süfyan əs-Sevri ---> Mənsur isnadı ilə rəvayət edildiyinə görə, Xalid b. Sə'd, belə demişdir:
"əbu Məs'ud əl-Ənsari, tükdən düzəldilmiş corabları və ayaqqabıları üzərinə məsh edərdi."
"Avnu'l-Mə'bud şərh-u Sünən-i əbi Davud" müəllifi Əzimadabi'nin (l, 62) bildirdiyinə görə, xəbəri, Abdu'r-Rəzzaq b. Həmməm də, "əl-Musannəf"ində (l, 199) rəvayət etmişdir. İsnadı, səhihdir.
------------------------
Hədislərin mövzuya (yəni, corablar üzərinə məsh ediləcəyinə) dəlalətləri, açıqdır. Muğirə b. Şu'bə rəvayətini,
~ ibn Hibban, "Səhih"ində (lV, 167);
~ Zeylai də, "Nasbu'r-Rayə"də (l, 96)
zikr etmişlərdir.
Bədrəddin əl-Ayni, hədis haqqında, bəzi mühəddislərin verdiyi açıqlamaları, "Şərhu'l-Hidayə"də (l, 368) nəql etməkdə və onlara cavab verməkdədir. Ayni, belə deyir:
Hədislə bağlı, Nəsai, "Sünənu'l-Kubra"da, belə deyir:
"əbu Qays'a mutabaat edən (1) hər hansı bir şəxs tanımıram. Muğirə'dən səhih olaraq gələn rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), məstləri üzərinə məsh edərdi."
Hədisi, "əs-Sünənu'l-Kubra"sında zikr edən Beyhaqi, belə deyir:
"Hədis, münkərdir (2). Süfyan əs-Sevri, Abdu'r-Rahmən əl-Mehdi, Əhməd b. Hənbəl, Yəhya b. Main, Əli b. əl-Mədini və Muslim b. Haccac, onun zəif olduğunu (3) söyləmişlərdir. Muğirə'dən səhih olaraq gələn rəvayət isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, sadəcə və sadəcə məstləri üzərinə məsh etmiş olduğudur."
Nəvəvi'nin açıqlaması isə, belədir:
"Cərh, tə'dil'ə tərcih edilər." (4) qaydası da bir yana, adı keçən alimlər, görüşlərində tək qalsalar belə, Tirmizi'yə tərcih edilərlər. Halbuki, hər biri hədis hafizi olan bu alimlər, Muğirə hədisinin, zəif olduğunda ittifaq etmişlərdir. Bu halda, Tirmizi'nin, hədisə həsən-səhih deməsi, qəbul edilə bilməz. Necə ki, Beyhaqi də, "əs-Sünənu'l-Kubra"sında, əbu Muhamməd Yəhya b. Mənsur'un,
"Muslim b. Haccac'ı, bu hədisin zəif olduğunu söyləyərkən eşitdim. O (yəni, imam Muslim): 'əbu Qays əl-Əvdi və Huzeyl b. Şurahbil'dən, hədis götürülməz. Üstəlik onlar, iləridə gələn hədis alimlərinin, Muğirə'dən: 'Allah rəsulu (sallallahu aleyhi və səlləm), məstləri üzərinə məsh etmişdir.' şəklində rəvayət etdikləri hədisə müxalifət etmişlərdir."
Bəzi mühəddislərin açıqlamalarını nəql etdikdən sonra, Ayni, bunlara cavab olaraq belə deyir:
• İsnadda zikr edilən əbu Qays əl-Əvdi, Abdu'r-Rahmən b. Şirvan'dır.
~ Buxari, onun rəvayətini "Səhih"inə almış;
~ ibn Main, onun siqa olduğunu söyləmiş;
~ əl-Cufi də, onu, siqa və səbt (5) olaraq görmüşdür.
• Tənqid edilən digər ravi Huzeyl b. Şurahbil haqqında:
~ İcli, siqa demiş;
~ Buxari də, onun rəvayətini, "Səhih"inə almışdır.
Bununla bərabər, bu 2 ravinin rəvayətləri, siqa ravilərin rəvayətlərinə müxalif deyildir. Onlar (yəni bu 2 ravi), sadəcə, fərqli bir isnadla, digərlərində olmayan əlavə məlumatlar ehtiva edən hədis rəvayət etmişlərdir.
Tirmizi və ibn Hibban da, onların (yəni bu 2 ravinin) rəvayətinin səhih olduğunu söyləmişlərdir.
Bu halda, necə ola bilir ki, Nəvəvi'nin, Tirmizi haqqındakı sözü qəbul edilir?! Ancaq Tirmizi'nin, hədislə bağlı həsən-səhih hökmü qəbul edilmir?! Tirmizi'nin, bu hədis haqqındakı "səhihdir" hökmü tənqid edildiyində, digər hədislər haqqında verdiyi sihhət hökmlərinə, necə güvəniləcəkdir?!
Beyhaqi'yə gəlincə, o, sadəcə, onun (yəni, imam Muslimin) dediyini nəql etmiş və üzərində heç düşünmədən, ona etimad etmişdir. Çünki o, bu hədisin, iləridə gələn hədis alimlərinin rəvayətlərinə müxalif olduğunu iddia etməkdədir. Biz isə, bunun, müxalif olduğunu deyil; əlavə məlumat ehtiva etdiyini deyirik.
Nəticə etibarı ilə, bəhsi keçən rəvayətlərin isnadları haqqında, bizim görüşümüzə, sadəcə və sadəcə, təəssüb sahibi kimsələr qarşı çıxmağa davam edə bilərlər!
Hədislərlə bağlı müəllifimiz Təhanəvi'nin açıqlaması, belədir:
Bəhsi keçən hədislərin, mövzuya dəlalətləri, açıqdır.
Hədislərdə zikr edilən ayaqqabıların məsh edilməsi isə, belə açıqlana bilər:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məqsədi, corabları məsh etmək ikən; bu vaxt məshin tam ola bilməsi üçün, əllərini, ayaqqabılarına da toxundurmuşdur. Yoxsa, əllərini, ayaqqabılarına, ayaqqabılarını da müstəqil bir şəkildə məsh etmək məqsədilə sürtməmişdir. Doğru olan da, budur!
Ayrıca, hədis, Qurandakı (ayaqları) yumaq əmrinin tərk edilməsini gərəkdirəcək dərəcədə şöhrətə çatmış deyildir!
Hədis, bizim görüşümüzlə ziddiyyət içində deyildir.
Hədisdə zikr edilən ayaqqabıların məshinin, dəstəmazlı ikən alınan dəstəmazla, nafilə namazla bağlı olduğu da deyilə bilər.
Bizə görə, ibn Xuzeymə'nin "Səhih"ində (l, 100) rəvayət etdiyi bu hədis, bunun, doğru olduğunu göstərməkdədir. İbn Xuzeymə, hədisi:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ayaqqabılarına məsh etməsinin, dəstəmazsız olduğu üçün deyil; dəstəmaz üstünə dəstəmaz almaq halına məxsus olduğunun dəlili"
başlığı altında,
Süfyan ---> Süddi ---> Abduxayr isnadı ilə rəvayət etdiyinə görə,
Əli (radiyallahu anh), bir qab su istəyərək, onunla, xəfifcə (dəstəmaz üzvlərini 1 dəfə yuyaraq) bir dəstəmaz almış və ayaqqabıları üzərinə məsh etmişdir. Sonra da:
"Dəstəmazlı ikən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dəstəmazı, belə idi." açıqlamasını vermişdir.
Bu hədis, fərqli isnadlarla, Zeylai'nin "Nasbu'r-Rayə"sində də (l, 99) zikr edilməkdədir. Ustad:
"Ancaq bu, dəstəmazın, xəfifcə (yəni, üzvləri 1 dəfə yuyaraq) alına biləcəyi ilə bağlıdır." demişdir.
İmam əbu Hənifə'nin, corablara,
~ ancaq dəri ilə örtülmüş; yaxud da,
~ corabın ayaqqabıya əlavəli
olması halında məsh edilə biləcəyi görüşündə olduğu, məşhurdur.
Mövzu ilə bağlı, "əl-Hidayə"də, belə deyilir:
İmam əbu Hənifə, daha sonralar, məst (xof) kimi, yol gedə biləcək qədər sıx və qalın olduqlarında, corablara məsh edilə biləcəyi xüsusunda, əbu Yusuf və imam Muhamməd'in görüşünü mənimsəmişdir.
Bu halda, belə corablar, məst kimi olacaqlarından, eyni hökmü alarlar.
~ Corablar üzərinə məsh, xəbər-i vahid (6);
~ Ayaqların yuyulması isə, qəti dəlillə
sabitdir. Bu səbəblə, corablar üzərinə məsh, ayaqları yumağın yerinə keçməz. Ancaq corab, üzərinə məsh edilməsi təvatürlə sabit olan məst (xof) kimi olduğunda caiz ola bilər!
İmam əbu Hənifə'nin, corablara məsh edilə biləcəyi xüsusunda, daha sonra, əbu Yusuf və imam Muhamməd'in görüşünü mənimsəmiş olduğu təsbit edildiyinə görə -ki, fətva da, buna görədir- mövzu ilə bağlı hədisi təvil etməyə ehtiyac qalmır. Bu səbəblə, biz, hədisin zahirini əsas götürürük.
İmam əbu Hənifə'nin, əvvəlki görüşündən döndüyü haqqındakı rəvayətə güvənməyənlərin,
-bəziləri tərəfindən açıqlandığı üzərə-
hədisi, corabların dəridən olması halında üzərinə məsh edilə biləcəyi şəklinə həml edilməsi, bəhs mövzusu edilə bilər.
Ancaq (diqqət edilsə), hədisdə, corabın, mütləq (7) olaraq zikr edildiyi; və bir feli hekayə etdiyi görülməkdədir. Felləri ümuma həml etmək isə, doğru deyildir!
Deyək ki, hədisdə belə bir ehtimal (yəni, bütün corablara məsh edilə biləcəyi ehtimalı) olsa belə,
"Bu mövzuda dəlil olaraq istifadə edilə bilərmi?" sualını vermək lazımdır.
Bu halda, hədis, hər coraba məsh edilə biləcəyinə dair dəlil ola biləcək səviyyədə deyildir!
Bu halı ilə də, hədis, ustadımızın da ifadə etdiyi kimi, əbu Hənifə'nin görüşünə əngəl təşkil etməz.
Burda, mövzu ilə bağlı, ibn əbi Şeybə'nin "əl-Musannəf"indəki (l, 171) rəvayətini də zikr edək. Belə ki, onun:
Huşeym ---> Yunus ---> Şu'bə ---> Qatadə
isnadı ilə rəvayət etdiyinə görə, Səid b. əl-Musəyyəb və Həsən əl-Basri:
"Sıx hörülmüş corablar üzərinə məsh edilər." demişlərdir.
Xəbərin isnadındakı ravilər, "Kütübü Sittə"nin raviləridir.
(Təhanəvi, "İ'lau's-Sünən", "Bəbu'l-məshi alə'l-cəvrəbeyni / Corablar üzərinə məsh babı")
------------------------------------
1. Mutabaat: "Təfərrüd etdiyi (rəvayətində tək qaldığı) zənn edilən raviyə, rəvayət etdiyi şeyin ləfzində, başqa bir ravinin (başqasının, başqasına mutabaatında), səhabənin eyni olması şərtilə, mutabaat, yəni müvafiq olması" deməkdir. Bu başqa raviyə, "mutabi" və ya "tabi" adı verilir.
2. Münkər: "Zəif olan ravinin, məqbul olan raviyə, eyni şeyi istilzam edən, gərəkdirən bir müxalifətlə, müxalif olaraq etmiş olduğu rəvayət" deməkdir.
3. Zəif hədis nədir?
https://suallarlaislam.com/.../z%C9%99if-h%C9%99dis-n%C9...
4. "Cərh" və "Tədil":
✓ "Cərh" kəliməsi: Lüğətdə, "maddi və mənəvi olaraq yaralamaq" deməkdir.
Hədis terminologiyasında isə, yaddaşı qüvvətli və diqqətli bir alimin:
~ fisq və yalançılıq kimi özündə mövcud olan; və ya
~ güvənilən ravilərin rəvayətinə müxalifət etmək kimi rəvayətində yer alan
bir qüsurdan dolayı, həm özünün, həm də rəvayətinin rədd edilməsidir.
Raviyə belə bir qüsur nisbət edən kimsəyə - "carih"; qüsurlu şəxsə də - "məcruh" deyilir.
✓ "Tə'dil" kəliməsi: Lüğətdə, "dürüstlük; qəlbdə doğru olduğuna dair qənaət yaranan şey" mənasına gələn "adl" və ya "ədalət" kəliməsindən meydana gəlmiş bir məsdər olub, "düzəltmək, doğru hökm vermək, təzkiyə etmək" deməkdir.
Bir hədis termini olaraq da, "ravini, rəvayətinin qəbulunu gərəkdirən sifətlərlə vəsf etmək" mənası daşıyır.
Ravini belə sifətlərlə vəsf edən kimsəyə - "muaddil"; haqqında ədalət sahibi olduğu deyilən kimsəyə də - "adil" deyilir.
"Cərh" və "tə'dil" isə, bəzi xüsusi ləfzlər istifadə edərək, rəvayətlərinin qəbulu və ya rəddi cəhətindən, ravilərin hallarından və haqlarında istifadə edilən ləfzlərin mərtəbələrindən bəhs edən bir hədis ricalı elmidir.
Mövzumuza gələcək olarsaq, hədis üsulunda, belə bir qayda vardır:
Fərqli hədis tənqidçilərinin, eyni ravi haqqında, ziddiyyətli cərh və tədilləri vardırsa, məqbul səbəblərə söykənən cərh hökmü tərcih edilir. Bu, ehtiyata ən uyğun olanıdır.
5. "Səbt" (və ya sabit): "Səhih və ya həsən olduğu isbatlanmış hədis" deməkdir.
6. Əhəd xəbər: "Təvatür dərəcəsinə çatmayan xəbər" deməkdir.
7. Mütləq ləfz: "təklik, çoxluq və ya vəsf kimi şeylərə baxılmadan, vaz edildiyi/qoyulduğu mənaya dəlalət edən ləfz" deməkdir. Başqa bir şəkildə ifadə etsək, mütləq, yalnız mahiyyətə dəlalət edir. Məsələn, "qul azad etmək" (Bələd/13) ayətindəki "qul" ləfzi, belədir.
Mütləq ilə Amm ləfz arasında, belə bir fərq vardır:
~ Mütləq: təklik və ya çoxluq kimi hər hansı bir qeydə bağlı olmadan bir mahiyyət ifadə edir. "Qul, azad etmək" sözü, azad ediləcək qulun, mömin olub-olmamasını, bir və ya çox olmasını göstərməz. Sadəcə qul ismi verilə biləcək bir şəxsin azad edilməsini göstərir.
~ Amm isə: Say etibarı ilə bir mahiyyət ifadə edən ləfzdir. Məsələn, Qital (Muhamməd) surəsinin 4-cü ayətində:
"O küfr edənlərlə (müharibədə) qarşılaşdığınız vaxt, boyunlarını vurun." buyurulmuşdur. Burdakı "boyunlar" ləfzi, amm olub bütün kafirlərə şamildir.
~ Muqayyəd'ə gəlincə: Bu, bir:
- vəsf;
- hal;
- məqsəd; və ya
- şərt
qeydinə bağlı olaraq mahiyyətə dəlalət edir. Başqa bir təbirlə, muqayyəd, sayları nəzərə almadan hər hansı bir qeydə bağlı olan ləfzdir. Məsələn:
"Mömin bir qul azad etmək..." (Nisa/92) ayətindəki qul, möminlik vəsfilə muqayyəddir.
- Şərtlə muqayyədə misal olaraq:
"...tapa bilməzsə, 3 gün oruc tutsun..." (Maidə/89) ayətindəki "3 gün oruc tutsun" sözü, qul azad etmək, 10 nəfəri geyindirmək və ya yedirmək imkanı olmama şərtilə muqayyəddir.
- Məqsəd ilə təqyidə misal:
"...sonra gecəyə qədər orucu tamamlayın..." (Bəqərə/187) ayətində, orucun tamamlanması "gecəyə qədər" qeydi ilə muqayyəddir. Buna görə, axşam olduqdan sonra, iftar etmədən ertəsi günkü oruca davam etmək, caiz deyildir.)
Mütləqin muqayyəd'ə həml edilməsi:
Mövzu və hökm, eyni olarlarsa, alimlərin ittifaqına görə, mütləq, muqayyəd üzərinə həml edilər. Məsələn:
"...Leş, qan, donuz əti..." (Maidə/3) ayətində, "qan", mütləq olaraq zikr edilmişdir.
Digər tərəfdən, "De: 'Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti...müstəsnadır..." (Ənam/145) ayətində isə, "axar qan", muqayyəd olaraq keçməkdədir.
Hər iki ayətdə də, mövzu, "qan"; və hökm də, bunun haram qılınmasıdır. O halda, birinci ayətdəki, mütləq qan; ikinci ayətdəki isə, muqayyəd qan'a həml edilir.
Əgər mütləq ilə muqayyəd arasında hökm və ya səbəb cəhətindən bir ayrılıq varsa, əbu Hənifə və əshabına görə, mütləq, muqayyəd üzərinə həml edilə bilməz. Məsələn,
~ Qətl kəffarəti haqqında:
"...Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli..." (Nisa/92); buyurulmuş; və
~ Zihar kəffarəti haqqında da:
"Qadınlarını zihar edib (anaya bənzədərək özlərinə haram edib), sonra sözlərini geri götürənlər, onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər..." (Mücadilə/3) buyurulmuşdur.
Birinci ayətdə, nökər, muqayyəd; ikincisində isə, mütləq olaraq zikr edilmişdir. Burda, mütləq, muqayyəd üzərinə həml edilə bilməz; yəni, zihar kəffarətində də, nökərin müsəlman olması, şərt deyildir. Çünki, hər 2 kəffarətin hökmləri, eyni isə də, səbəbləri, ayrı-ayrıdır.
Mütləq ilə muqayyəd, hökm cəhətindən ayrıldığı halda, səbəb cəhətindən birləşərlərsə, başqa müstəqil bir dəlil mövcud olmadıqca, mütləq, muqayyəd üzərinə həml edilə bilməz. Məsələn:
"Ey iman gətirənlər! Namaza durarkən, üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün..." (Maidə/6) ayətini götürək.
Burda, dəstəmaz və təyəmmümün səbəbi bir olub, o da, namaz qılmaq arzusudur. Lakin, hökm, mütləq və muqayyəd olmaq cəhətindən, fərqlidir. Dəstəmaz alarkən, əllərin dirsəklərə qədər yuyulması əmr edilmişdir. Təyəmmümdə isə, əllərin məsh ediləcəyi, mütləq olaraq zikr edilmişdir. Görəsən, mütləq, muqayyəd üzərinə həml edilərək, təyəmmümdə də dirsəklərə qədər məsh ediləcəkdirmi?
Fəqihlər, burda, mütləqin muqayyəd üzərinə həml edilməsini, yerində görməzlər. Ancaq, təyəmmümdə, dirsəklərə qədər məsh edilməsi gərəkdiyi, başqa bir dəlil ilə, yəni, hədislə sabit olmuşdur:
"Təyəmmüm, 2 vuruşdur. Biri, üz üçün; digəri də, dirsəklərə qədər əllər üçün." ("əl-Camiu's-Sağir", hədis no: 3414)
Bu, mütləqi muqayyəd üzərinə həml etmək şəklində bir təqyid deyil; ayətdəki icmalı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in açıqlaması qəbilindən bir şeydir.
Yuxarıda keçən zihar ayəti də, eyni şəkildədir. Zihar kəffarəti üçün nökər azad etmək və ya ard-arda 2 ay oruc tutmaq işi, təmasdan əvvəl olmaqla muqayyəddir. Bunlara gücü çatmayan kimsənin, 60 kasıbı doyurmasında, təmasdan əvvəl qeydi yoxdur. Lakin, Hənəfilər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Kəffarət verincəyə qədər, ondan uzaq dayan." (əbu Davud, "Talaq", 17) hədisinə istinad edərək, bunun da, təmasdan əvvəl olmasını şərt qoşurlar.
Səbəb, fərqli; hökm, eyni olduğu vaxt, mütləqin muqayyəd üzərinə həml edilib-edilməməsində, fəqihlər ixtilaf etmişlərdir. Hənəfilərin bu xüsusdakı görüşlərini, yuxarıda açıqladıq. Fəqihlərin əksəriyyətinə görə isə, bu halda, mütləq, muqayyəd üzərinə həml edilə bilər. Dolayısı ilə, zihar, and və oruc kəffarəti olaraq azad edilməsi bildirilən "nökər", mütləq olaraq zikr edildiyi halda; qətl kəffarəti olaraq azad edilməsi əmr edilən "mömin nökər" üzərinə həml edilir və bu kəffarətlər üçün, azad edilən nökərlərin də, mömin olması lazım gəlir.
Yenə,
"...Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun..." (Bəqərə/282)
ayətində, şahidlərin, adil kimsələr olması qeydi yoxdur.
Lakin, talaqla bağlı olan:
"...Aranızdan iki ədalətli şahid çağırın..." (Talaq/2)
ayətində, şahidlərin adil olması qeydi vardır.
Burda, cumhura görə, mütləq, muqayyəd üzərinə həml edilir və nikahda, cəza tətbiqi işlərində və maliyyə razılaşmalarında və şəhadətə söykənən digər bütün məsələlərdə, şahidlərin adil olması şərt qoşulur.
Bu iki misalda, cumhurun görüşünün əhəmiyyəti, özünü göstərməkdədir. Çünki, İslam dini, mütləq olaraq nökər azad etməyi təşviq edirsə də, ilk əvvəl, mömin nökərlərin azad edilməsini istəyir. O halda, qəsd olunan, ilk əvvəl, mömin nökərlərin azad edilməsidir. Nass da, bəzi yerlərdə, buna; bəzi yerlərdə də, mütləqin muqayyəd üzərinə həml ediləcəyinə işarət etmişdir. Şahidlikdə də güdülən, haqqın qorunması və yerinə yetirilməsidir. Bu isə, ancaq, şahidlərin adil olması ilə reallaşır. Nass, bəzi yerlərdə, buna işarət etmiş; bəzi yerlərdə də, mütləqi muqayyəd üzərinə həml etməklə kifayətlənmişdir.
Hökm, eyni; və səbəb, fərqli olduğu vaxt, Hənəfilər, mütləqi muqayyəd üzərinə həml etməzlər. Onların bu mövzudakı dəlillərinin əsası da, budur:
Şəri nasslar, öz başlarına bir hüccətdir. Bunları, ayət və ya hədis kimi bir dəlil olmadıqca təqyid etmək, Şari'nin əmri olmadan, mövzunu daraltmaqdır. Üstəlik, mütləqi muqayyəd üzərinə həml etmək, hər ikisinin də nüzul və tarix cəhətindən eyni olmasını gərəkdirir. Ta ki, muqayyəd, mütləqin təfsiri mahiyyətində olsun. Mütləq olan ayətlərlə muqayyəd olan ayətlərin nüzul tarixləri, fərqlidir. Bəzən, muqayyəd olan ayətlər, nüzul tarixi cəhətindən, daha əvvəl gəlirlər. Elə isə, bunlar, daha sonra gələn ayətləri, necə təqyid edəcəklərdir?
Cumhur isə, hökm, eyni; və səbəb, fərqli olarsa, mütləqi muqayyəd üzərinə həml edir. Bunların dəlilləri də, bunlardır:
Quranın vəhdəti, i'caz (möcüzəlikik) və vəcizliyi, Onu endirənin birliyi, belə gərəkdirir. Quranda, bir kəlimə, hər hansı bir hökmü açıqlamışdırsa, bu kəlimənin keçdiyi hər yerdə, hökmün eyni olması, zəruridir. Məsələn, azad edilməsi istənilən "nökər"in, bütün Quran nass'larında, cins və vəsf cəhətindən eyni olması lazım gəlir. Əgər bu, bir yerdə, hər hansı bir qeydlə muqayyəddirsə, digər yerlərdə də eyni qeydə tabe olmalıdır ki, cəzanın və Quranı endirənin birliyi, başa düşülsün. Hökmlərdə birlik və ahəng qurulmuş olsun. Bu səbəblə, Şəvkani, belə deyir:
"Açıqdır ki, mütləq ilə muqayyəd arasındakı hökm birliyi, birini digərinə həml etmək cəhətindən də aralarında uyğunluq olmasını gərəkdirir. Bu xüsus üçün, dəlil gətirməyə ehtiyac da yoxdur. Doğru olan da, mütləqi muqayyəd üzərinə həml edənlərin görüşüdür." (Şəvkani, "İrşadu'l-Fuhul", s. 145)
(əbu Zəhra, "Usulu'l-Fiqh")
Mövzumuza gələcək olsaq, müəllifimizin qəsdi, budur:
Hədislərdə, "corab", mütləq olaraq zikr edilmişdir. Bunun isə, hər cür coraba həml edilməsi, doğru olmaz! Mütləqi muqayyədə həml etmək, ehtiyatlı davranmaq deməkdir. Çünki, sadəcə mütləq əmrə etibar ediləcəyi xüsusunda, qətilik yoxdur. Bu səbəblə, mükəlləfin, muqayyədlə də əməl etməsi lazımdır.
------------------------------------
------------------------------------
Əlavələr:
Corablar üzərinə məsh etmək (2):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/corablar-uz%C9%99rin%C9%99-m...
Məstlər üzərinə məsh:
https://suallarlaislam.com/sual/m%C9%99stl%C9%99r-uz%C9%99rin%C9%99-m%C9...
