Məstlər üzərinə məsh

The Answer

Dear Brother / Sister,

Tərifi:

"Məsh" kəliməsi, lüğətdə, "əli, bir şeyin üzərinə sürtmək" mənasına gəlir. Bir adam, əlini, bir şeyin üzərinə sürtərsə, ona, "Bu şeyi məsh etdi." deyilir.

İstilahdakı (terminologiyadakı) mənasına gəlincə, "məsh", "xüsusi olaraq düzəldilmiş olan məstlər (xoflar) üzərinə, islaqlığı isabət etdirmək"dən ibarətdir. Xüsusi olaraq düzəldilmiş olan bu məstlərin, bəzi şərtləri daşıması və müəyyən müddətə bağlı qalınaraq, məsh edilmələri lazımdır.

---------------------------

---------------------------

Hökmü:

Məstlər üzərinə məsh etmək, əsl etibarı ilə, caizdir. Şəriət sahibi, məstlər üzərinə məsh etməyi, kişilərlə qadınlar üçün caiz görmüşdür. Gərək muqimlik, gərəksə də səfərilik əsnasında olsun, bu, mükəlləflər üçün, Şəriət qoyanın tanımış olduğu bir ruxsatdır.

"Ruxsat"ın:

~ Lüğət mənası, "asanlıq" kəliməsilə ifadə edilə bilər.

~ İstilahi mənasına gəlincə, bu, "şəri bir dəlilə müxalif olaraq gələn başqa bir dəlil ilə sabit olan hökm"dür.

Ziddi olmayan şəri bir dəlillə sabit olan hökmlərə isə, "əzimət" deyilir.

Bu hallar nəzərə alınaraq, məstlər üzərinə məsh etmək, bəzən vacib olur. Məsələn,

1. Bir adam, məstlərini çıxarıb ayaqlarını yuduğu təqdirdə, namaz vaxtını qaçıracağından qorxarsa, bu halda, məstlər üzərinə məsh etməsi, vacib olur.

2. Yenə, eyni şəkildə, məstlərini çıxarıb ayaqlarını yuduğu təqdirdə namazdan başqa bir fərzə, məsələn, Ərəfat'dakı vəqfəyə çata bilməyəcəyindən qorxarsa, yenə, məstlər üzərinə məsh etməsi, vacib olar.

3. Buna bənzər olaraq, ayaqlarını yumağa kifayət etməyəcək qədər su tapa bilməyən şəxsin, məstlər üzərinə məsh etməsi, vacib olar.

Ancaq, bu (3) hal(lar) xaricində, məstlər üzərinə məsh etmək, ruxsat sayılmaqdadır. Ki, bu halda, insanın, ayaqlarını yuması, məsh etməsindən daha fəzilətli olar. (haşiyə)

---------------------------

(Haşiyə:

Hənbəlilər dedilər: Məstlər üzərinə məsh etmək, məstləri çıxarıb ayaqları yumaqdan daha fəzilətlidir. Çünki, uca Allah, insanların, şəriətcə özlərinə tanınmış olan ruxsatlara sarılmalarını və beləliklə, İlahi nemətlərin şüuruna vararaq şükr etmələrini arzulayar, bundan da xoşu gələr.

Bəzi Hənəfi məzhəbi alimləri də, bu görüşdə, Hənbəlilərlə müvafiqdirlər.)

------------------------------

------------------------------

Üzərinə məsh edilməsi səhih olan məstin tərifi:

Üzərinə məsh edilməsi səhih olan məst, insanın, ayaqlarına geyindiyi və topuqlarını da öz içinə alan məstlərdir. Bu məstlər:

~ istər dəridən;

~ istər tükdən;

~ istər kətandan; və ya

bunlara bənzər şeylərdən düzəldilmiş olsunlar, hamısı, eyni hökmə tabedirlər. (haşiyə)

-------------------------------

(Haşiyə:

Malikilər dedilər: Dəridən düzəldilməyən məstlər üzərinə məsh etmək, səhih olmaz! Ancaq, altı və üstü dəridən düzəldilib ancaq yan tərəfləri keçədən və ya kətandan düzəldilmiş olarsa, bu, caiz olar. Necə ki, bəzi ayaqqabılar vardır ki, altı və üstü, dəridən; yan tərəfləri isə, parçadan düzəldilir.

Bilindiyi kimi, Malikilər, dəridən düzəldilən məstin də, tikişli olaraq düzəldilməsini şərt qoşurlar. Əgər dəridən düzəldilən məst, yapışdırıcı bir maddə ilə tikişsiz olaraq bir-birinə bağlanmış, keçirilmiş olarsa, onlara görə, bu, məst sayılmaz; və üzərinə məsh etmək də, səhih olmaz.)

-------------------------------

Dəridən başqa maddələrlə düzəldilənlərə isə, "cəvrəb" deyilir. Ki, bu, xalq arasında, "corab" deyə bilinən şeydir. Corabın məst sayıla bilməsi üçün, ancaq, özündə 3 şərtin olması lazımdır. (Belə ki):

1. Ayağa geyilən corab, qalın olmalıdır. Ki, üzərinə isabət edən su, alt tərəfinə də isabət etməsin.

2. Hər hansı bir bağa ehtiyac qalmadan, özü-özlüyündən ayaqda dura bilməli (yəni, qoyulduğu şəkildə düz qala bilməli)'dir.

3. İçindəki ayaqları göstərəcək qədər şəffaf olmamalıdır.

Bununla bərabər, topuq sümüklərini örtəcək qədər də uzun olmalıdır. Məsələn:

Bir adam, ayaqlarında, özü-özlüyündə düz dura biləcək qədər qalın bir corab geyinər; bu corab içində olan şeyi (yəni, ayaqları) göstərəcək qədər şəffaf bir maddədən düzəldilmiş olarsa, buna, məst deyilə bilməz; belə corab da, məstin hökmünə tabe olmaz! Ancaq, yuxarıda sayılan şərtlər, bir corabda təhəqqüq edər (gerçəkləşər, yəni, o sayılan şərtlərin hamısını özündə toplayar)'sa, o corab, dəridən düzəldilmiş corab kimi qəbul edilərək, onun hökmünə tabe olar.

Bununla bərabər, məstin altına dəri tikilməsi də, şərt deyildir.

Bu danışılanlardan sonra, yundan düzəldilən qalın corabların, açıqlaması verilən şərtləri daşıdıqları təqdirdə, şər'i (şəriətin icazə verdiyi) məst hökmünə tabe olacağı, başa düşülmüş olmaqdadır.

-----------------------------------

-----------------------------------

Məstlər üzərinə məsh etməyin dəlilləri:

Məstlər üzərinə məsh etməyin hökmü, təvatür dərəcəsinə çatan bir çox səhih hədislərlə sabit olmuşdur. "İstizkar" adlı əsərdə deyilir ki, məstlər üzərinə məsh etməklə bağlı olaraq, 40-a yaxın səhabə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət etmişlərdir.

~ Mühəddislərdən biri olan əl-Həsən, belə deyir:

"Səhabələrdən 70-ə yaxın şəxs, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, məstlər üzərinə məsh etdiyinə dair, mənə rəvayət etdilər."

~ Bu mövzudakı səhih hədislərdən biri də, "Kütübü Sittə" imamlarının rəvayət etmiş olduqları bu hədisdir ki, buna görə:

Cərir b. Abdullah əl-Bəcəli adında bir səhabə, kiçik tualetdən sonra dəstəmaz almış və məstlərinin üzərinə məsh etmişdi. Ondan: "Məsh edirsən?" deyə soruşulduğunda, "Bəli. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, kiçik tualetdən sonra dəstəmaz alıb məstlərinin üzərinə məsh etdiyini gördüm." deyə cavab vermişdi.

Bu hədisi, Zeylai də, "Nasbu'r-Rayə" adlı kitabında nəql etməkdə və belə deməkdədir:

"Bu hədis, bəzilərini heyrətə gətirmişdir. Çünki, Cərir b. Abdullah əl-Bəcəli'nin müsəlman olması, dəstəmazlı bağlı hökm ehtiva edən Maidə surəsinin nüzulundan sonra baş vermişdi."

Bilindiyi kimi, Maidə surəsindəki dəstəmazla bağlı hökm bildirən ayət, budur:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ فَٱغْسِلُوا۟ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى ٱلْمَرَافِقِ وَٱمْسَحُوا۟ بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى ٱلْكَعْبَيْنِ...

"Ey iman gətirənlər! Namaza durarkən, üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun..." (Maidə/6)

Bu ayə, dəstəmaz alarkən, ayaqların su ilə yuyulmasının zəruriliyini, açıqca ifadə etməkdədir. Ancaq, bir dəlil olan bu ayətə muarid (zidd) olan və təvatür dərəcəsinə çatan bir çox səhih hədislər də mövcuddur. Ki, bu səhih hədislərin, Maidə surəsinin 6-cı ayətinin nüzulundan sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ağzından varid olduğu (gəldiyi), qətiliklə bilinməkdədir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in buyurmuş olduğu bu səhih hədislər, hökm olaraq ifadə etməkdədirlər ki:

Ayaqlarda məst olmadığı vaxt, ayaqların su ilə yuyulmaları, fərzdir. Ancaq, ayaqlarda məst olduğu vaxtlarda, su ilə yuyulmaları, fərz deyildir. Əksinə, məst olduğu vaxt, ayaqları yumaq yerinə məsti məsh etmək, fərzin, öz yerini tutması üçün kifayət edir.

Bu səhih hədislərə misal olaraq, Buxari'nin, Muğirə b. Şu'bə'dən rəvayət etdiyi bu hədisləri nəql etməklə kifayətlənək:

~ "Peyğəmbər (sallallahu aleyhi və səlləm), (tualet) ehtiyacı üçün çıxmışdı. Muğirə, içində su olan bir qabla Onun arxasınca getdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ehtiyacını bitirikdən sonra, Muğirə, Onun əlinə su tökdü. O da, dəstəmaz alıb xufları (məstləri) üzərinə məsh etdi." (Buxari, "Vudu"/48; Muslim, "Təharət"/75)

~ Yenə, Buxari, buna bağlı olaraq, Muğirə'dən belə rəvayət edir:

Muğirə dedi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə səfərə çıxmışdıq. Yolda ikən, Onun məstlərini çıxarmaq istədim. (Bunun üzərinə) mənə: "Onları (bir yana) qoy. Çünki Mən, onları, təmiz olaraq geyindim." (Buxari, "Vudu"/49; Muslim, "Təharət"/79)

Bu hədislərlə bərabər bir çox səhih hədislər vardır ki, bunları, Buxari və Muslim və digərləri, siqa ravilərdən nəql etmişlərdir.

--------------------------------

--------------------------------

Məstlər üzərinə məsh etməyin şərtləri:

Bilindiyi kimi, məst, dəridən və ya yundan hazırlanıb müəyyən şərtləri özündə daşıyan və ayaqlara geyinilən şeylərdir. Özünə "məst" deyilməsi səhih olan şeylərin üzərinə, -ayaqları yumaq yerinə məqbul olaraq- məsh edilməsi, uyğun olar. Məstlərlə bağlı şərtləri, bu şəkildə sıralaya bilərik:

1. Məst, topuq sümüklərilə bərabər, ayaqları örtməlidir.

Topuq sümüklərinin üstünü də örtməsinə gəlincə, bu, lazım deyildir. Məstin, ayaqların hamısını örtəcək bir şəkildə, yəni, üzərində düymə və kilid (zamok) ilə bağlana bilən yarıqsız bir şey olaraq düzəldilmiş olması da, zəruri deyildir. Əksinə, üst tərəfdən yarıq olub kilid (zamok) ilə bağlana bilən şəkildə olması da, səhihdir. Bu halda, axtarılan şərt, ayağı örtməsidir. İstər əvvəlcədən bağlı bir şəkildə düzəldilsin və ya üst tərəfi yarıq olub kilidlə bağlanacaq şəkildə olsun, hər 2 halda da, üzərinə məsh edilməsi, səhih olar.

2. Məstin, topuqları az da olsa açıq qoymayacaq şəkildə olması lazımdır. Məstdə, ayağın bir qismini göstərəcək qədər deşik olarsa, üzərinə məsh edilməsi, səhih olmaz. Bu səbəblə ki, ayaqlar yuyulduğu təqdirdə, fərz edək ki, az bir qismi yuyulmayıb quru olaraq buraxılarsa, dəstəmaz, batil olar. Eyni şəkildə, məstlərin də, ayaqların hamısını örtəcək şəkildə olması, zəruridir. Əgər ayaqların az bir qismi (yəni, topuq da daxil, topuqdan aşağı qismindən az bir şey belə) açıq qalar, məstlərlə örtülməzsə, məsh etmək, yumağın yerinə məqbul olmaz. Hənbəlilər və Şafii'lər, bu görüşdədirlər. (haşiyə)

--------------------------------

(Haşiyə:

• Hənəfilər dedilər: Məst, topuq sümüklərilə bərabər ayağı örtməzsə, məsələn, məstlərdən birində bir dəlik olar və bu dəlik, ayaqlardan 3 barmaq miqdarında olarsa, bu dəliyin məsh üçün bir zərəri olmayacağına görə, bu haldakı bir məstin üzərinə məsh etmək, səhih olar. Ancaq, məstdəki deşik, ayaq barmaqlarından 3 kiçik barmaq miqdarından daha çox olarsa, bunun, məshə zərəri vardır. Və belə bir məst üzərinə məsh etmək də, səhih olmaz. Ancaq, iki məstdəki dəliklər, 3 kiçik ayaq barmağından çox olsa belə, bu iki məstin dəlikləri, üst-üstə toplanmazlar. Ancaq, bəhsini etdiyimiz miqdardan çox olan dəliklər, bir məstdə olarsa, məsh, məqbul deyildir. Bu miqdardan az olan dəliklərin məsh üçün bir zərəri isə, bəhs mövzusu deyildir.

• Malikilər dedilər: Bir məstdə, ayağın 1/3-i qədər və ya daha çox miqdarda deşik olarsa, bu halda, belə bir məstin üzərinə məsh etmək, səhih olmaz. Ancaq dəliklər, ayağın 1/3-indən az olarsa, üzərinə məsh edilməsi, səhih olar.

Hənəfilər və Malikilər, məstdə deşik olması və ayağın da görünməsi halında, bunun məsh üçün zərəri olmayacağında görüş birliyi içindədirlər. Ancaq onlar, bu dəliklərin miqdarı xüsusunda görüş ayrılığına düşmüşlərdir. Malikilər, ayağın 1/3-i qədər olan dəliklərə icazəli nəzərilə baxarlarkən; Hənəfilər, sadəcə, ayağın 3 kiçik barmağı qədər olan dəliklərinə icazəli baxmışlardır.)

-------------------------------

3. Məstlərlə bağlı şərtlərin üçüncüsünə gəlincə, bu, məstlər içərisində, az bir yeriş də olsa, öz ilə getməyin mümkün olması və bir məsafə qət edilə bilməsi lazımdır.

Ancaq, məstlər geniş olar; ayaqların da az bir qismi və ya çoxu görünərsə, bu, məsh etməyin səhih olmasına zərər verməz. Yetər ki, məstlər ayaqlarda ikən, az da olsa, onlarla bir miqdar gəzilə bilsin. Hənəfilər və Şafii'lər, bu görüşdədirlər. (haşiyə)

----------------------------

(Haşiyə:

• Malikilər dedilər: Məst geniş olub üstdən baxıldığında ayağın bir qismi və ya hamısı görüldüyü təqdirdə, məsh üçün, bir zərəri olmaz. Ancaq, çox geniş olmasından dolayı, içində ayaq yerləşməz və ya ayağın böyük əksəriyyəti içinə yerləşib oturmazsa, bu haldakı bir məst, çox geniş olduğu və ayaqla doldurulmadığı səbəbilə, məshə əlverişli olmaz. Bunlarla gəzmək mümkün olsa belə, yenə də, üzərlərinə məsh edilməsi, səhih olmaz.

• Hənbəlilər dedilər: Məst geniş olar, üstdən baxıldığında ayağın dəstəmazda yuyulması fərz olan qisimlərindən bəzisi görünəcək olarsa, bu sifətdəki bir məst üzərinə məsh edilməsi, səhih olmaz.)

-----------------------------

4. Ayağa geyilən məstlər, halal yoldan əldə edilmiş olmalıdırlar. Oğurlanmış və ya qəsb edilmiş və ya haram qılınmış bir şübhə ilə əldə edilən bir məstin üzərinə məsh etmək, Hənbəlilərə və Malikilərə görə, səhih deyildir. (haşiyə)

-------------------------------

(Haşiyə:

• Hənəfilər Şafii'lər dedilər: Qəsb edilən, oğurlanan və buna bənzər yollarla əldə edilən məstlər üzərinə məsh etmək -bunları geyinmək, hər nə qədər haramdırsa da- səhihdir. Çünki, bunların geyilməsi və mülk edilməsi, hər nə qədər şəri deyilsə də, məshin sihhətinə zidd düşmürlər. Buna bənzər olaraq, qəsb edilən və ya oğurlanan su ilə dəstəmaz alınması da, səhihdir. Ancaq, bunu edən, fasiq (günahkar) olar.

"Oğurlanan və ya qəsb edilən şeyləri, -Allaha yaxınlaşmaq qəsdilə edilən- ibadət və bənzəri işlərdə istifadə etmək, səhih olmaz." deyənlərin dəlilləri isə, həqiqətən çox qüvvətlidir.)

----------------------------

5. Ayağa geyilən məstlər, təmiz olmalıdırlar. Nəcasətli olaraq geyilən məstlər üzərinə məsh etmək, səhih olmaz. Bunların az bir qisminə nəcasət dəymiş olsa belə, üzərlərinə məsh edilə bilməz. Bu xüsusda, məzhəblərin görüşləri, belədir:

• Hənəfilər dedilər: Məstin təmiz olması, məshin sihhət şərti deyildir. Bir məstə nəcasət bulaşdığı təqdirdə, üzərinə məsh etmək, səhih olar. Ancaq, bu məstlə birlikdə namaz qılmaq, səhih olmaz. Məstə isabət edən bu nəcasət, bağışlana bilən bir nəcasətdirsə, bununla, namaz da qılına bilər. Ancaq, bu haldakı məstin təmiz olan qismi, məsh edilə bilər.

• Şafii'lər dedilər: Məstə, bağışlana bilən bir nəcasət isabət etdiyində, bunun, məshə bir zərəri olmaz. Ancaq, məstə, əfv edilə bilməyən bir nəcasət bulaşdığı təqdirdə, təmizlənmədən, bu məst üzərinə məsh etmək, səhih olmaz.

• Malikilər dedilər: Təmiz olmayan məstlər üzərinə məsh etmək, səhih olmaz. Məstə bir nəcasət isabət etmiş olsa, onun üzərinə edilən məsh də, batil olar. Bu səbəblə ki: Libasa və ya bədənə isabət edən nəcasəti təmizləmək, sünnətdir, deyilməkdədir. Halbuki, məstin özünə məxsus bir hökmü olması səbəbilə, ona da isabət edən nəcasət, heç bir halda bağışlanmaz.

• Hənbəlilər dedilər: Nəcis olan məstin üzərinə məsh etmək, 2 şərtlə səhih olar:

a. Özünə isabət edən bu nəcasət, yerə gələn daban qismində və ya daxili qismində olmalıdır. Məstin çölünə, üst qisminə, yan tərəfinə isabət edən nəcasətlər, məshə zərər verərlər.

b. Ayağında, nəcasət bulaşan məst olan şəxsin, bunu təmizləməsi mümkün olmalıdır. Ancaq, ayağında ikən yuması halında bir zərər meydana gəlməyəcəksə, bu haldakı məstin üzərində olan nəcasəti təmizləmək, vacib olar. Ancaq, ayağındakı məstin üzərindəki nəcasəti təmizləməyə gücü çatar; ancaq, bunu təmizləməkdə istifadə ediləcək şeyi (hər hansı bir maddə və ya mayeni) tapa bilməzsə, bu nəcasətlə birlikdə namaz qılması, Mushafa toxunması və buna bənzər dəstəmazlı ikən edilməsi mümkün olan işləri etməsi, səhih olar.

-------------------------------

6. Məstlər, tam bir təmizlikdən, yəni, tam olaraq dəstəmaz alındıqdan sonra ayağa geyinilmiş olmalıdır.

Məsələn, bir şəxs, ilk əvvəl, ayaqlarını yuyar; məstlərini geyinər və bundan sonra dəstəmazını tamamlayacaq olarsa, bu, səhih olmaz.

Ancaq, bütün məzhəblər, bunda ittifaq etməyib sadəcə Malikilər və Hənbəlilər bu hökmdə ittifaq etmişlərdir. (haşiyə)

------------------------------

(Haşiyə:

Hənəfilər dedilər: Tam bir dəstəmaz aldıqdan sonra məstləri geyinmək, məshin sihhət şərtlərindən deyildir. Əksinə, bir şəxs, dəstəmazda, ayağının yuyulması fərz olan qismini yuyub məstini geyinər və özündə dəstəmazını pozan hər hansı bir hal görülmədən dəstəmazını da tamamlayarsa, bu şəxsin dəstəmazı da, məshi də, səhih sayılır.

Ancaq, dəstəmazını, məstini geyindikdən sonra tamamlaması, şərtdir. Belə ki:

Məstdən sonra, aldığı dəstəmazla yuyulması fərz olan orqanlarından birinin az bir qismi də isladılmamış olmamalıdır. Və ya su ilə məsh edilməsi fərz olan qisimlərin məsh edilməmiş bir tərəfi də qalmamalıdır.)

-----------------------------

7. Məstlər, su ilə edilən bir təmizlikdən sonra ayağa geyinilmiş olmalıdır.

Məsələn, təyəmümm edildikdən sonra geyinilən məstlər üzərinə məsh etmək, səhih olmaz. Edilən bu təyəmmüm də, istər su tapılmadığı; istərsə də su tapılıb ancaq xəstəlikdən ötürü istifadə edilə bilmədiyi üçün edilmiş olsun, eyni hökmə tabedir. Ki, bu xüsusda məzhəblər arasında ittifaq mövcud olub sadəcə Şafiilər buna müxalifət etmişlərdir. (haşiyə)

------------------------------

(Haşiyə:

• Şafiilər dedilər: Təyəmmümdən sonra geyinilən məstlər üzərinə məsh etmək, caizdir. Ancaq, alınan bu təyəmmümün, bir xəstəlik səbəbilə su istifadə edilə bilmədiyindən dolayı alınmış olması, şərtdir. Lakin, su tapıla bilməməsi səbəbilə alınan təyəmmümdən sonra geyinilən məst üzərinə məsh etmək, səhih olmaz.

Məsələn, bir adam, dəstəmaz almaq üçün su tapa bilməyib təyəmmüm edər; sonra da məstini geyinərsə; bu məst üzərinə məsh etməsi, caiz olmaz. Yəni, bir nəfər, su tapa bilməyib təyəmmüm edər və bundan sonra da məstini də geyinərsə, daha sonra su tapıldığında, məstlərinin üzərinə məsh etməsi, caiz olmaz. Əksinə, bu məstləri çıxarıb, tam bir dəstəmaz alması lazımdır. Ancaq, su mövcud olmasına baxmayaraq, bir xəstəlikdən ötürü o suyu istifadə edə bilməyib təyəmmümdən sonra məstini geyinərsə, xəstəliyi və üzrü, ortadan qalxmış olsa belə, dəstəmazını alarkən, bu məstlərin üzərinə məsh etmək, səhih olar. Təyəmmüm əsnasında, insanın ayaqları ilə bir dəxlisi olmadığından ötürü, bunların, təyəmmüm əsnasında geyinilib üzərlərinə məsh edilməsi, lazım gəlməz, deyə bir iddiada olmaq, doğru deyildir.

-------------------------------------

8. Məsh edilməsi fərz olan yerdə, suyun məstə çatmasını əngəlləyən xəmir və bənzəri maddələr, olmamalıdır.

--------------------------

9. Məsti ayağına geyinən şəxs, bu məstlə birlikdə, müəyyən bir məsafəni də gedə bilməlidir. Elə ki, bu məstlər, gəzmək əsnasında ayaqdan çıxarılarsa və ya məstlər ayağında olan şəxs, bunlarla yol gedib məsafə qət edə bilməyəcək bir halda olarsa, bunların üzərinə məsh edilməsi, səhih olmaz.

Bunlarla qət edilməsi lazım gələn məsafənin ölçüsü haqqında, məzhəblərin təfsilatlı görüşləri, aşağıda ələ alınacaqdır. Belə ki:

• Hənəfilər dedilər: Məsti geyinən şəxs, onunla birlikdə, 1 fərsəx və ya daha çox məsafə gedib yol qət edə bilməzsə, üzərinə məsh etməsi, səhih olmaz. Bunlarla gəzə bilmək üçün, ayrıca, üzərlərinə ayaqqabı və ya çəkmə geyilmədən, yeriməyə əlverişli olmaları lazımdır. 1 fərsəx, 3 mil, yəni, 12.000 addım uzunluğundakı bir məsafədir. Ayaqqabısız və ya çəkməsiz olaraq, bu məstlərlə 1 fərsəx (təxminən 5 km) gəzmək mümkün olmazsa, üzərlərinə məsh etmək, səhih olmaz.

• Şafiilər dedilər: Məst geyinən şəxs, ya səfəridir, ya da muqim. Səfəri isə, məsti üzərinə, məst qüvvətli olmadıqca, məsh etməsi, səhih olmaz. Qüvvətli olan məst, ayaqqabısız olaraq, 3 gün - 3 gecə, özü ilə gəzilə bilən məstdir. Yəni, insan, gərək muqim ikən, gərəksə də səfərdə ikən, bu məstlər ayağında olaraq ehtiyacını ortadan qaldıra bilmək üçün, bunlarla gəzib dolaşa bilməsinin mümkün olması lazımdır. Yoxsa, bəhs edilən bu məsafənin, yalnız gedilməsi şərt deyildir. Sadəcə, bu məstlərin, bu qədərlik bir məsafəni yeriməyə dayanıqlı olmaları, şərtdir. İnsan, muqim olar və ayağındakı məstlər səfərə dayana biləcək qədər qüvvətli olarsa, üzərlərinə məsh edilə bilər. Məsh müddəti də, 24 saatla məhduddur. Muqimin, üzərinə məsh edə biləcəyi məst, səfərinin 3 gün - 3 gecə müddətli olaraq üzərində gəzilə biləcəyi və bu gəzintiyə dayana bilən bir məst olmalıdır.

• Malikilər dedilər: Məst üzərinə məsh etməyin səhih ola bilməsi üçün, bu məstlər ilə müəyyən bir müddət gəzməyin mümkün olması, şərt deyildir. Sadəcə, məstin dəridən düzəldilmiş olması lazımdır ki, bu da, təbiəti etibarı ilə, belə məstlərlə yol gedilə biləcəyinin, başqa cür ifadəsidir. Bununla bərabər, bu məzhəbə görə, məstin çox geniş və böyük olmaması; bununla bərabər, geyinilə bilməyəcək və ya zorla geyinilib özü ilə gəzilə bilməyəcək qədər dar olmaması da lazımdır.

• Hənbəlilər dedilər: Məst üzərinə məsh etməyin səhih ola bilməsi üçün, ayaqda ikən özü ilə gəzilə bilən bir məst olması lazımdır. Ancaq, nə qədər gəzilə biləcəyinə dair müəyyən bir məsafə təqdir edilməmişdir. Sadəcə, örfə görə müəyyən bir miqdar qət edilə bilməsi, şərtdir. Örfə görə, "Bu məstlər ilə gəzilə bilər." deyildikdən sonra, üzərlərinə məsh edilməsi, səhih olar.

------------------------------------

Məstlər üzərinə məsh etməyin səhih ola bilməsi üçün, digər bəzi şərtlər daha vardır ki, bunları da, məzhəblərə görə, təfsilatlı bir şəkildə, aşağıda ələ alacağıq. (Belə ki):

• Hənəfilər:

Bunlar, məshin səhih ola bilməsi üçün, bəzi şərtlər də iləri sürmüşlərdir. Ki, bu şərtləri, belə sıralaya bilərik:

1. Məstdə, məsh etməyə əngəl olacaq deşiklər olmamalıdır. Bilindiyi kimi, məshə əngəl olan deşiklər, ayaq barmaqlarından 3 kiçik barmaq miqdarını aşmamalıdır.

2. Məstlərin çöl üzündə məsh edilən qismi, əl barmaqları ilə 3 kiçik barmaq qədər olmalıdır. Məst geniş olsa belə, əlin, içinə daxil edilərək məsh edilməsi, məsh üçün kifayət olmayacağı kimi; yan tərəflərini, topuğunu, boğaz qismini və dabanını məsh etmək də, kifayət etməz.

3. Məsh edərkən, əldəki barmaqların 3-ü ilə məsh edilməlidir. Bir barmaq ilə məsh etmək, bu barmaqdakı islaqlığın fərz miqdardakı məshi tamamlaya bilmədən qurumasından qorxulduğu üçün, səhih olmaz. Ancaq, 1 barmaqla, 3 ayrı yerə və hər dəfəsində barmaq isladılaraq məsh edilərsə, bu məsh, səhih olar. Yenə, eyni şəkildə, məsh edilməsi fərz olan yeri, barmaq ucları ilə məsh etmək də, səhih olar. Bu əsnada, barmaq uclarından su damlaması da, şərtdir. Əks təqdirdə, edilən məsh, səhih olmaz. Bununla bərabər, məshin, əllə edilməsi də şərt deyildir. Məsələn, məsh edilməsi fərz olan yerə, yağışın yağması və ya su tökmək ilə kifayət qədər su isabət edərsə, bu halda, məshin fərzliyi, yerinə gəlmiş olar.

4. Məstlər üzərinə məsh edilərkən, məsh edilən yerin alt tərəfi, ayaqla doldurulmuş olmalıdır. Məsələn, uzun bir məst geyinilər; burun qismi, çox geniş və uzun olması, dolayısı ilə də, daxili qismi ayaqla doldurulmadığından ötürü, bu boşluğun üzərinə məsh etmək, səhih olmaz.

5. Ayağı hər hansı bir səbəblə kəsilən şəxsin ayaqlarından geriyə, 3 barmaq qədər bir qisminin qalması, məshin səhih olması cəhətindən, şərtdir. Ancaq, topuq tərəfindən kəsilmiş tək bir ayaqla qalan şəxs, bu halda, tək ayağa geyinmiş olduğu məst üzərinə məsh edə bilər.

• Şafiilər:

Məstlə bağlı zikr edilən şərtlərə, bəzi şərtlər daha əlavə etmişlərdir. Ki, bu şərtləri, beləcə sıralaya bilərik:

1. Ayağa, qırılması və ya çıxması səbəbilə bir bağ sarılmış olsa, bu bağ üzərinə geyilən məsh üzərinə məsh etmək, səhih olmaz.

2. Məstin içindəki ayaqlar və bu ayaqlara geyinilən corablar, təmiz olmalıdır.

3. Məst üzərinə məsh edilərkən, məstə isabət edən suyun, daxili tərəflərə, yəni, ayaqlara da çatmaması lazımdır. Ancaq, məstin tikiş yerlərindən içəriyə sızan sular, Şafiilərcə problem deyildir.

• Malikilər:

Məstlərlə bağlı olaraq zikr edilən şərtlərə, bəzi şərtlər də əlavə etmişlərdir. Ki, bunları, beləcə sıralaya bilərik:

1. Ayağa geyinilən məstin hamısı, -əvvəl də bildirildiyi kimi- dəridən düzəldilmiş olmalıdır.

2. Məstlər, tikişli olmalıdır.

3. Bəzənmək və gözəl görünmək məqsədilə geyinilmiş olmamalıdır. Əksinə, bunları ayağa geyinərkən, sünnətə tabe olmaq; soyuqdan, istidən, əqrəbdən və bənzəri şeylərdən qorunmaq məqsədi güdülmüş olmalıdır. Ancaq, bu məstlər, bitlərdən qorunmaq və ya yumağın çətinliklərindən qurtulmaq və ya ayaqlara sürtülmüş olan xınanın boyasını qorumaq məqsədilə geyinilərsə, bunlar üzərinə məsh etmək, səhih olmaz. Çünki bunda, rifah qayəsi güdülməkdədir.

Bu şərtlərə, digər məzhəblərdən heç kim müvafiq deyildir.

-------------------------

-------------------------

Məsh edilməsi fərz olan miqdar:

Şəriət sahibi, dəstəmazda, ayaqları yuyarkən, hamısının yuyulmasını fərz qılmışdır. Məsh etmək, yumaq yerinə keçdiyinə görə, normal olaraq da məstlərin hər tərəfinin məsh edilməsi lazım gəlirdi. Ancaq, O, bir asanlıq göstərərək, məstlərin hamısının məsh edilməsini zəruri qılmamışdır. Bu səbəblə ki, məstlər üzərinə məsh etmək, xüsusi bir ruxsatdır. Şəriət sahibi, bu ruxsatı ilə də, insanlara, daha çox mərhəmət göstərdiyini isbatlamış olmaqdadır. Məstlərin məsh edilməsi fərz olan miqdarı xüsusunda, məzhəblərin təfsilatlı görüşü, aşağıda gələcəkdir. (Belə ki):

• Hənəfilər dedilər: Məstin çöl üzünün, əlin, 3 kiçik barmağının uzunluğu və genişliyi qədərini məsh etmək, fərzdir. Ancaq, məsh edilən bu qisim də, ayaq ilə doldurulmuş olmalıdır.

• Şafiilər dedilər: Məstin üst qisminin üzünü məsh etməklə, fərz olan məsh, öz yerini tapmış olur. Başı məsh etməyə qiyasla, islaq barmağı, məstin üzünə endirmək də, kifayət edir (yəni, aşağıdan yuxarıya doğru sürtməyə ehtiyac yoxdur). Ancaq, məstin qabaq üzünün xaricində, topuq qismi və ya yan tərəfləri və ya alt tərəfləri məsh etmək, kifayət etməz. Lakin, topuq sümüklərinin hizasında olan qisimləri məsh etmək, kifayət edər. Yalnız, bunu da demək lazımdır ki: Məstin üzərində tük olar və bu tüklər, məsh edilərkən islaqlığın məst dərisinə çatmasına əngəl olarlarsa və ya sadəcə tükləri məsh etmək qəsd edilərsə, su özü-özlüyündən məstin dərisinə çatsa belə, yenə, məsh, səhih olmaz.

• Malikilər dedilər: Məstlərin üst qisimlərinin hamısını məsh etmək, vacibdir. Alt qisimlərini məsh etmək isə, müstəhəbdir. Malikilərdən bəziləri, bunun da vacib olduğunu söyləmişlərdir. Elə ki: Məstin altını məsh etməyən şəxs, namazını qılmış və hələ də ixtiyari vaxtdadırsa, namazını yenidən qılmalıdır.

-İxtiyari vaxtla bağlı açıqlama, namaz vaxtları bölməsində açıqlanacaqdır.-

Məstin alt tərəfindən məqsəd, yerə gələn daban qismidir. Daxili qismi deyildir. Məst geniş olarsa, əli içinə daxil edib məsh etmək, məkruhdur.

• Hənbəlilər dedilər: Məstin üst tərəflərinin çoxunun məsh edilməsi, fərzdir. Alt tərəflərini məsh etmək isə, müstəhəbdir. Dəstəmazını alıb məsh etməyi yaddan çıxaran üçün, aradan muvalat (orqanlardan biri qurumadan digərini yumağa keçmək zərurəti) müddəti keçsə belə, bundan sonra, yalnız məstin altını məsh etmək, kifayət edər. Lakin, dəstəmaz alınar və məstin alt tərəfi qəsdən məsh edilməzsə, aradan çox vaxt da keçməmişdirsə, yenə, yalnız altını məsh etməklə kifayətlənilə bilər. Aradan uzun vaxt keçmişdirsə, dəstəmazı yeniləmək, məndub olar. Eyni şəkildə, alt tərəfi məsh edilmədən qılınan namaz, insan əgər ixtiyari vaxt içindədirsə, yenidən qılınması, məndub olar.

-----------------------------------

-----------------------------------

Məst üzərinə məst və ayaqqabı geyinmək

Bir adam,

~ məst olmağa əlverişli olan qalın bir corabın üzərinə məst geyinərsə; və ya

~ məst üzərinə başqa bir məst geyinərsə, bu iki məst də yumşaq dəridən düzəldilmiş olarsa; və yaxud da

~ məst üzərinə bir çəkmə geyinərsə,

bu halda, üstdəki ayaqqabıya məsh etmək, məzhəblərin, -aşağıda qeyd ediləcək- təfsilatlı şərtlərinə riayət edildiyi təqdirdə caiz olar. (Belə ki):

• Hənəfilər dedilər: Məstin üzərinə geyinilən ayaqqabının üzərinə məsh etmək, 3 şərtlə səhihdir:

1. Məstin üzərinə geyinilən ayaqqabı, dəridən düzəldilmiş olmalıdır. Dəridən düzəldilməyib məsh edildiyində, su, altdakı məstə çatacaq olarsa, bu da kifayət edir. Əks təqdirdə, kifayət etməz.

2. Məstin üzərinə geyinilən ayaqqabı və ya məstlə, gəzilə bilməlidir. Əgər özü ilə yol gedilə bilməzsə, məshə əlverişli olmaz. Ancaq, altdakı məstə su çatacaq olarsa, bu halda, məshə əlverişli olar.

3. Məstin üzərinə geyinilən ikinci ayaqqabı, təmiz olaraq geyinilmiş olmalıdır. Elə ki, üstə geyinilən ayaqqabıya və altdakı məstə edilən məsh, hədəs halından əvvəl edilmiş olmalıdır.

• Şafiilər: bu xüsusda təfsilata girərək, demişlərdir ki: Altdakı məstlə onun üzərinə geyinilən ayaqqabı zəif olarsa, üzərlərinə məsh etmək, səhih olmayıb ayaqları yumaq, vacibdir. Əgər altdakı zəif olar və məshə də əlverişli olmazsa, hökm, üstdəki məstdə axtarılar. Altda geyinilən də, zatən məst sayılmaz. Əgər altdakı məst, qüvvətli; üstdəki isə, zəif olarsa; və ya hər ikisi də qüvvətli olarsa, üstdəkini məsh etmək, -suyun, altdakına çatacağı qətidirsə- səhih olar. Bu məsh edilərkən, altdakını da məsh etmə niyyəti olmalı və ya hər ikisini məsh etmə qəsdi olmalıdır. Ancaq, sadəcə üstdəkini və ya altdakını məsh etməyi qəsd edər, su, altdakına çatmazsa, bu məsh, səhih olmaz.

• Malikilər dedilər: Üst-üstə məst geyinən şəxsin, hökm cəhətindən, üstdəkini məsh etməsi lazımdır. Əgər üstdəkini çıxaracaq olsa, altdakını dərhal məsh etməsi, vacibdir. Bu iki məsh arasında da, insan, əgər xatırlayar və gücü çatarsa, dəstəmazda məqbul olan muvalat hökmlərini tətbiq etməlidir.

• Hənbəlilər dedilər: Bir adam, hədəs halı baş vermədən məst üzərinə məst geyinər; bunlardan biri və ya hər ikisi də deşik olar və ya bu məstlərdəki deşiklər, ayağın hər tərəfində olarsa, sadəcə üstdəkini məsh etmək, kifayət edər. İki məsti üst-üstə geyinən şəxsin, əlini, üstdəki məstin üstündən daxil edərək altda olan məsti -əgər bu, sağlamdırsa- məsh etməsi, səhih olar.

Yenə Hənbəlilər belə deyirlər: İki məsti üst-üstə geyinən şəxs, bunlardan üstdə olanı məsh edəcək, sonra da bu məsti çıxaracaq olsa, bu halda, altdakını da çıxarıb ayaqlarını yuması, vacib olar.

----------------------------

----------------------------

Sünnət olan məshin keyfiyyəti:

Sünnət olan məsh, bu şəkildə edilir:

Məsh edən şəxs, sağ əlinin barmaqlarını, sağ məstinin burun tərəfinə qoymalı; bununla bərabər, sol əlinin barmaqlarını da, sol məstinin burun tərəfinə qoyub, hər iki əlinin barmaqlarını, məstlərin burun qismindən yuxarıya doğru geri çəkməli; geri çəkərkən də, barmaqlarını, azacıq ayrı tutaraq, məst üzərinə sudan xətlər buraxmalıdır. (haşiyə)

------------------------------

(Haşiyə:

• Malikilər dedilər: Məshdə, keyfiyyət sünnət olmayıb, məndubdur. Məsh edəcək şəxs, sağ əlini, sağ ayaq barmaqlarının uc qisminə; sol əlini də, sağ ayaq barmaqlarının alt qisminə qoyar. Beləcə, iki əlilə, sağ ayağındakı məsti məsh edib, əllərini, topuq sümüklərinə qədər sürtər. Sol ayağındakı məstə də, bunun əksini edər. Yəni, sol əlini, sol ayaq barmaqlarının uclarının üst qisminə; sağ əlini də, sol ayaq barmaqlarının uclarının alt qisminə qoyub iki əlini, geriyə doğru məsh şəklində çəkərək, topuq sümüklərinə qədər sürtər. Məshini də, beləcə tamamlamış olar.

• Şafiilər dedilər: Sünnət olan məshin keyfiyyəti, belə olur: Məsh edəcək şəxs, sol əlinin barmaq uclarını, bir-birindən ayrı tutaraq, topuğunun altına qoyar. Sağ əlinin barmaq uclarını da, yenə, ayrı vəziyyətdə, ayaq barmaqlarının üst qisminə qoyar. Sonra da, sağ əlini, ayaq qisminə (topuq səviyyəsinə) qədər geriyə çəkər. Sol əlini də, alt tərəfdən barmaqların ucuna qədər sürtərək məsh edər. Məshin də, islaq xətlər halında görülməsi lazımdır.

--------------------------------

--------------------------------

Məshin müddəti:

Muqim olanın məsh müddəti, 1 gün - 1 gecədir. (haşiyə)

--------------------------------

(Haşiyə:

• Hənbəlilər Şafiilər: Səfəri, namazı qısaldacaq qədər mübah bir səfər olaraq qeydləmiş (bağlamışlar)'dır. Məsələn, bir adam, 90 km'dən daha az məsafəli bir səfərə çıxacaq olarsa və ya çıxdığı səfər mübah deyil, günah işləmək üçün çıxılan bir səfər olarsa, bu adamın məsh müddəti, muqim kimsənin məsh müddəti qədər olar. Yəni, ancaq 1 gün - 1 gecə müddətlə məsh edilə bilər.

Bununla bərabər, Şafiilər, ikinci bir qeyd yoxdursa, bu səfərin də, niyyətlə edilmiş bir səfər olması şərtini iləri sürmüşlərdir. Buna görə, niyyət etmədən yola çıxan kimsə, səfəri sayılmaz. Bu haldakı şəxs, eynilə muqim kimi, ancaq 1 gün - 1 gecə müddətlə məsh edə bilər.

--------------------------------

Səfərinin məshi isə, 3 gün - 3 gecədir. Musafir (səfəri)'nin çıxdığı səfər, istər namazı qısaldan mübah bir səfər olsun; istər olmasın (haşiyə-1) məst üzərinə məsh edən şəxs, istər üzr sahibi olsun, istər olmasın, hökm cəhətindən, bir dəyişikliyə gərək qalmaz (haşiyə-2).

--------------------------------

(Haşiyə-1:

• Malikilər dedilər: Məstlər üzərinə məsh etmək, bir müddətə bağlı olmayıb məstlərin, sadəcə qüslu gərəkli qılan hallarda ayaqlardan çıxarılmaları lazımdır. Ancaq, cümə namazına getmək istəyənlərin, qüsl etmək istəməsələr belə, məstlərini çıxarıb ayaqlarını yumaları, məndub olar. Lakin, cümə günü çıxarmazlarsa, məsti ilk olaraq hansı gün geyinmişlərdirsə, hər həftə, eyni gün çıxarmaları, məndub olar.

Haşiyə:2:

• Hənəfilər dedilər: Bu müddət, üzr sahibi olmayanlar üçün məqbuldur. Ancaq, bir adam, üzrlü ikən dəstəmaz alar; məstini də, üzrün kəsilməsi anında geyinərsə, bu şəxsin hökmü, sağlam kimsələrin hökmü kimi olar. Yəni, məshi, yuxarıda zikr edilən müddətin sona çatmasına qədər məqbul olar. Lakin, üzrünün kəsilmədiyi bir vaxtda, məsələn, axıntı baş verdiyi vaxtda, dəstəmaz alıb məstini geyinəcək olsa, bu şəxsin məshi, hər vaxtın çıxması vaxdında pozular. Və dəstəmazı, başqa bir şeylə pozulmamışdırsa, məstlərini çıxarıb, sadəcə ayaqlarını yuması lazım gələr.

• Şafiilər dedilər: Bu müddət, üzr sahibi olmayan kimsələr üçün mötəbərdir. Üzrlü kimsələr, məst geyinmişlərdirsə, məstlərini, hər fərz namazın vaxtında çıxarıb dəstəmaz alarkən ayaqlarını yumalıdırlar. Ancaq nafilə namazlar üçün dəstəmaz alarkən, məstlərinin üzərinə məsh etmələri caiz olar. Ayaqlarını çıxarıb yumaları, lazım gəlməz.

--------------------------------

Buna dəlil olaraq, Şureyh rəvayətini göstərə bilərik:

Şureyh deyir: Mən, Aişə (radiyallahu anha)'dan, xuffeyn (xoflar və ya məstlər)'ə dair sual soruşdum. Mənə: "Əlidən soruş. Çünki o, Peyğəmbərlə bərabər səfərə çıxırdı." dedi. Mən də, gedib Əlidən soruşdum. Əli (radiyallahu anh), mənə, belə dedi: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), məshin müddətini, səfəri üçün, 3 gün - 3 gecə; muqim üçün isə, 1 gün - 1 gecə qıldı." (Muslim, "Təharət"/85)

Məshin müddəti, məstlərin ayaqlara geyilməsini izləyən bir hədəs halının baş verməsindən sonra başlayır. (haşiyə)

--------------------------------

(Haşiyə:

Şafiilər: Hədəs xüsusunda, təfsilata girmişlərdir. Belə ki:

Əgər hədəs halı; bir kimsəyə (yəni, qadına) toxunma; cinsiyyət orqanına toxunmaq; və ya yatmaq kimi öz istəyilə meydana gəlmişdirsə, məsh müddətinin başlanğıcını, hədəs halının baş verməsinin əvvəli olaraq qəbul etmişlərdir. Lakin, hədəs halı, istəmədən baş vermişdirsə, məsələn, tənasül orqanından bir nəcasət çıxmışdırsa, bu halda, məsh müddətinin başlanğıcı, hədəs baş verməsinin sonundan etibarən başlayır.

------------------------------

Məsələn, bir adam, zöhr vaxtı dəstəmaz alıb məstini geyinər; bu dəstəmazı işaya qədər davam edər; və işada pozularsa, məshin müddəti, zöhr vaxtından deyil, işa vaxtından etibarən başlamış olar.

-------------------------------

-------------------------------

Məshin məkruhları:

Məstlər üzərinə edilən məshlə bağlı bəzi məkruhlar vardır ki, bunları, belə sıralaya bilərik:

a. Məshi, 1-dən çox etmək;

b. Məsh etmə yerinə, məstləri yumaq. Məstləri yuyan kimsənin, bu halda hədəs halını ortadan qaldırmağa niyyət etməsi, məkruh olar. Ancaq, sırf təmizləmək və ya üzərində olan bir nəcasəti ortadan qaldırmaq məqsədilə yuması, məkruh deyildir. Ancaq bu, məsh yerinə keçməz. Bu yumadan sonra, yenə məstin üzərinə məsh etmək, vacib olar. (haşiyə)

---------------------------

(Haşiyə:

• Hənəfilər dedilər: Məsh niyyəti olmadan məstlər yuyulacaq olsa, bu yuma, məsh yerinə keçər. Məsələn, bir adam, təmizləmək qəsdilə və ya hər hansı bir niyyəti olmadan məstini yuyarsa, bu yuma, məkruh olmaqla bərabər, yenə də, məsh yerinə keçərlidir.)

----------------------------

----------------------------

Məshi pozan şeylər:

Məsh, bir neçə halda pozulur. Belə ki:

a. Qüslü gərəkdirən cünubluq və ya heyz və nifas qanaması kimi hallardan birinin baş verməsilə, məsh, pozular.

b. Məstlər, ayaqdan çıxarılmaqla, məsh pozulur. Ayaqların bir qismi məstin boğazına qədər çıxarsa, yenə məsh pozulur. (haşiyə)

------------------------

(Haşiyə:

• Hənəfilər dedilər: Məsh, ancaq, ayaqların çoxunun məstin boğazına qədər çıxarılması ilə pozulur. Səhih olan görüş də, budur. Ancaq, ayaqların az bir qismi, məstin boğazına qədər çıxarsa, bu halda, məsh, pozulmur.

• Malikilər dedilər: Mötəməd olan görüşə görə, ayaqların hamısı, məstin boğazına qədər çıxarılmadıqca, məsh, pozulmur. Ayaqların hamısı, məstin boğazına qədər çıxarıldıqdan sonra, insan, tələsik bir halda ayaqlarını yumağa gedərsə, dəstəmazı, sağlam olaraq qalar. Ancaq, unudar və ayaqlarını yumaqda tələsməzsə, aradan keçən vaxt qısa da olsa, uzun da olsa, yenə, sadəcə ayaqlarını yumaqla kifayətlənər. Qəsdən tələsik davranmayıb ayağını yumasa, aradan keçən vaxt da uzun olmazsa, yenə, sadəcə ayaqlarını yumaqla kifayətlənər. Dəstəmazı da, sağlam qalar.)

---------------------------------

c. Məstdə deşiklər meydana gələrsə, məsh pozulur. Bununla bağlı olaraq, məzhəblərin təfsilatlı görüşləri, aşağıda gələcəkdir. Belə ki:

• Hənəfilər dedilər: Məstdə, məsh etməyə əngəl deşiklər olmaması halında, üzərinə məsh edilməsi, səhih olar. Məsh edilməyə əngəl deşiyin miqdarı da, ayaq barmaqlarından 3 kiçik barmaq miqdarını daşan böyüklük qədərdir. Bununla bərabər, məstlərdəki dəliklər, insanın gəzməsi əsnasında açılıb, ayağından 3 kiçik ayaq barmağı böyüklüyündə bir qisim görünəcək olsa, bu dəlik, məshə əngəl olar. Ancaq deşik, uzunlamasına olar, gəzmək əsnasında açılmaz və ayaq barmaqlarından 3 kiçik barmaq miqdarı qisim görünməzsə, bu deşiyin, məshə zərəri toxunmaz. Eyni şəkildə, məstə, dəridən və ya parçadan -bu, incə olsa belə- bir astar tikilmiş olar və bu astarda meydana gələn bir deşikdən, ayaq barmaqlarından 3 kiçik barmaq miqdarı bir qisim görünəcək olsa, yenə zərər verməz. Lakin, dəridən başqa bir astarla astarlanmış olar və alt tərəfi də corab və sarğı kimi tikişsiz olub ayaq barmaqlarından 3 kiçik barmaq miqdarı görünəcək olsa, bu deşiklər, məshi pozar. Bu deşiklərin, məstin ayaqqabıya gələn qismində olması ilə çölündə olması və ya topuq qismində olması arasında bir fərq olmayıb, hamısı, eyni hökmə tabedir. Ancaq, bu deşiklər, topuq sümüklərinin üst tərəfindəki boğaz qismində olarlarsa, məshin sihhətinə mane olmazlar. Məstlərdən birində, 1-dən çox deşik olub bunlar üst-üstə gətirildikləri təqdirdə, 3 kiçik ayaq barmağı miqdarına çatarlarsa, məshin sihhətinə əngəl olarlar. Bu miqdardan az olarlarsa, əngəl olmazlar. Amma bu dəliklər, 2 məstdə olsa və ikisinin cəmi də, bəhsi keçən miqdara çatarsa, o vaxt, məshin sihhətinə əngəl olmazlar. Məsələn, bir məstdə, 1 ayaq barmağı qədər; digər məstdə isə, 2 ayaq barmağı qədər dəlik olsa, bunların ikisinin cəmi, 3 kiçik ayaq barmaqları qədər olmalarına baxmayaraq, məshin sihhətinə əngəl olmazlar. Məstlərdə, üst-üstə toplama hökmünə girən dəliklər, özünə çuvaldız (böyük iynə) girə bilən dəliklərdir. Bunlardan daha kiçik dəliklər, hesaba alınmır. Əfv edilə bilən deşiklərin olduğu məstlər üzərinə məsh etmək, səhihdir. Ancaq, edilən məshin, şəxsən üzərinə edilməsi şərtdir. Deşiklərin altında görülən yerlərin üzərinə edilən məsh, qeyr-i məqbuldur. Məsh edildikdən sonra, bir məst üzərində 3 kiçik ayaq barmağı qədər deşik meydana gələrsə, məsh, pozular. Və adam, əgər dəstəmazlıdırsa, ayaqlarını yuması, vacib olar. Bir şəxs, dəstəmazlı ikən yenə məshi pozan bir halla qarşılaşarsa, ayaqlarını yuması lazımdır; dəstəmazı, başdan almaq lazım gəlməz. Namaz qılmaqda ikən belə bir halla qarşılaşacaq olsa, məsh pozulduğu üçün, namaz da pozulmuş olar. Bu haldakı bir şəxsin, ayaqlarını yuduqdan sonra, namazı yenidən qılması lazımdır. Məsh etmədə, niyyət şərt deyildir.

• Şafiilər dedilər: Ayaqların yuyulması fərz olan qisimlərindən biri, corab və ya sarğı ilə örtülmüş olar və məstin deşilməsilə də görünəcək şəkildə olsalar, məzh pozular. Bu sifətdəki bir dəlik, insanın dəstəmazlı olması əsnasında meydana gələrsə, insanın, niyyət edərək, sadəcə ayaqlarını yuması vacib olar. Dəstəmazı yenidən alması lazım gəlməz. Ancaq bu sifətdəki bir deşik, insanın namaz qılması əsnasında meydana gələcək olarsa, namazı pozular. Yenə, bu şəxsin də, niyyət edərək, sadəcə ayaqlarını yuması və sonra da yenidən namaza durması lazımdır.

• Malikilər dedilər: İnsan, dəstəmazlı ikən, məstdə, ayaqların 1/3-i və ya daha çox böyüklükdə bir deşik meydana gəlməsi halında, sadəcə məsh pozular. Bu halda, dərhal, məstlərin çıxarılıb ayaqların yuyulması lazımdır. Əgər yadından çıxar və ya acizliyindən dolayı bir gecikmə baş verərsə, dəstəmazı pozulmaz. Yenə, sadəcə ayaqlarını yuması, kifayət edər. Ancaq, qəsdən tələsməyib ayaqlarını yumaz; aradan keçən vaxt da uzanarsa, dəstəmazı pozular. Uzun bir vaxt keçməzsə, yenə, yalnız ayaqlarını yuması kifayət edər. Namazda ikən məstdə bu sifətdə bir deşik meydana gələcək olarsa, namazını yarıda saxlayıb məstlərini çıxarması və ayaqlarını tələsik yuması lazımdır.

• Hənbəlilər dedilər: Məstdə, ayaqların ancaq kiçik bir qismini göstərəcək qədər az bir deşik meydana gəlsə, bu deşik, tikiş yerlərində olsa belə, yenə məsh, səhih olmaz. Ancaq bu deşik, gəzmək əsnasında, dərinin üst-üstə gələrək ayaqların yuyulması fərz olan qismini örtərsə, məshə zərər verməz. Məstlərdə belə deşiklərin meydana gəlməsi, məsh müddətinin tamamlanması, cünubluq halının baş verməsi, yaxud da üzrlü kimsənin üzrünün ortadan qalxması kimi səbəblərdən ötürü, insan, ayağındakı məsti çıxarıb tam bir dəstəmaz almalıdır. Yalnız ayaqların yuyulması, kifayət etməz. Çünki, məshlə, bir hədəs halı ortadan qaldırılmışdır. Məsh pozulunca da, əvvəldən qaldırılmış olan hədəs, yenə geri gəlmiş olar. Ki, hədəsin də, hənbəlilərə görə parçalara ayrılması, mümkün olmaz.

--------------------------

d. Şübhəli də olsa, məsh müddətinin sonlanması halında, məsh pozulur. (haşiyə)

-------------------------

(Haşiyə:

• Malikilər dedilər: Müddətin sonlanması ilə, məsh pozulmaz. Çünki, bu məzhəbə görə, məsh üçün, müddət əhəmiyyətli deyildir.)

-----------------------------

(Abdu'r-Rahmən əl-Cəziri, "əl-Fiqh alə'l-məzəhibi'l-ərbaa / 4 məzhəb fiqhi")

------------------

Əlavələr:

Corablar üzərinə məsh etmək (1):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/corablar-uz%C9%99rin%C9%99-m%C9%99sh-etm%C9%99k-caizdirmi

Corablar üzərinə məsh etmək (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/corablar-uz%C9%99rin%C9%99-m%C9%99sh-etm%C9%99k-caizdirmi-2

 

 

 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 12.631 times
In order to make a comment, please login or register