Al-i İmran surəsi 140-141-ci ayələrin təfsiri

إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ ٱلْقَوْمَ قَرْحٌ مِّثْلُهُۥ ۚ وَتِلْكَ ٱلْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ ٱلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَآءَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ

وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَمْحَقَ ٱلْكَـٰفِرِينَ

"Əgər siz, (döyüşündə) yara almışsınızsa; o düşmən qövm də, bu cür yara almışdı. Biz, o günləri, insanlar arasında növbə ilə dəyişdiririk. Bu, Allahın iman gətirənləri üzə çıxarması və aranızdan şəhidlər əxz etməsi; möminləri təmizləməsi və kafirləri məhv etməsi üçündür. Allah, zalımları sevməz." (Al-i İmran/140-141)

---------------------------------

Təfsiri:

Bil ki, bu söz, Haqq Taala'nın, "Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olanlar sizlərsiniz." (Al-i İmran/139) ayətini tamamlayan bir sözdür. Beləcə, Haqq Taala, onlara isabət edən yaranın, onların düşmənlə cihad etmə xüsusundakı səylərini yox etməməsi gərəkdiyini bəyan etmişdir. Çünki, bu yaralar, Müsəlmanlara isabət etdiyi kimi; bundan əvvəl də, eynisi, Onların düşmənlərinə isabət etmişdi. Onlar, öz batil inancları və bunun pis nəticələrilə bərabər, özlərinə isabət edən yaralanma və ölümlərdən dolayı, hərb xüsusunda acizlik göstərməmişdilər. Bundan dolayı, əldə edəcəyiniz gözəl nəticə və haqqa sarılmış olmağınız səbəbilə, belə bir acizliyin sizə ariz olmaması, daha əvladır.

----------------------

"Biz, o günləri, insanlar arasında növbə ilə dəyişdiririk."

Bu xüsusda, bir neçə məsələ vardır:

Qaffal (əş-Şaşi əş-Şafii), belə deyir:

Ayədəki "əl-mudəvələ" kəliməsi: "Bir şeyi, bir kimsədən başqa bir kimsəyə nəql etmək"dir. Necə ki, bir şey əldən ələ dolaşdığında, "tədəvələtu'l-əydi" deyilir. Haqq Taala'nın,

...كَىْ لَا يَكُونَ دُولَةًۢ بَيْنَ ٱلْأَغْنِيَآءِ مِنكُمْ...

"Kəy lə yəkunə dulətən beynə'l-əğniyəi minkum = o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın." (Haşr/7) ayəti də, belədir. Yəni, "Ta ki, sizdən varlılar arasında dolaşan bir mal-dövlət olmasın." deməkdir.

Yenə, "əd-Dunyə duvəlun." deyilir ki, bu, "dünyanın, bir toplumdan başqa bir topluma, ondan da başqa bir topluma keçməsi" deməkdir.

Yenə, zaman bir kimsənin lehinə çalışdığında, "dələ ləhu'd-dəhru bikəzə" deyilir.

Buna görə, ayətin mənası, budur:

Dünyanın günləri, insanlar arasında dönüb-dolaşır. Onun nə sevinci, nə də kədəri, davamlı deyildir. Bir gün, insanın özü üçün sevinc, düşməni üçün isə kədər meydana gələrkən; başqa bir gündə isə, bunun əksi olur. Dünyanın heç bir halı, daim eyni qalmaz; heç bir əsərində, daim qalıcı olmaz...

Bil ki, əldən-ələ dolaşmasından məqsəd, Allah Taala'nın, bəzən möminlərə, bəzən də kafirlərə yardım etməsi deyildir. Bu, belədir. Çünki, Allahın yardımı, şərəfli bir məqam və böyük bir izzətdir. Bundan dolayı, bu, kafirə layiq deyildir. Əksinə, bu əldən-ələ dolaşdırmaqdan məqsəd, Haqq Taala'nın, sıxıntı və məşəqqətləri, bəzən kafirlərə, bəzən də möminlərə çox verməsidir. Bunun faydası isə, bunlardır:

1. Haqq Taala, hər zaman kafirlərin sıxıntısını artırıb, möminlərin də sıxıntısını qaldırmış olsaydı, iman etməyin, haqq; etməməyin isə, batil olduğuna dair zəruri bir elm (bilik) meydana gəlmiş olardı. Əgər bu belə olsaydı ---> o vaxt da, təklifin (yəni, mükəlləf qılınmağın), mükafat və cəzanın mənası qalmazdı. Bax, bu səbəbdən dolayı, şübhələr mövcud olmağa davam etsin və mükəlləf də, İslam dininin haqq olduğuna dəlalət edən dəlilləri incələyərək bu şübhələri ortadan qaldırsın; beləcə də, Allah qatındakı mükafatı böyüsün və çoxalsın deyə, mihnət və sıxıntını, bəzən iman edənlərə; bəzən də kafirlərə musəllət edər. (haşiyə)

-----------------------------

(Haşiyə:

Belə də demək olar, əgər kafirlərin müsibətləri daim artsaydı, özlərinə müxalif olan Müsəlmanlar üçün qəzəbləri də bir o qədər artardı. Özlərinə isabət edən bu bəlalardan dolayı, Müsəlmanlara qarşı nələr edəcəyini zikr etməyə isə, yəqin ki ehtiyac yoxdur.)

------------------------------

2. Mömin, bəzən üsyan etməyə meyl edir. Beləcə də, Allahın o kimsəyə dünyada şiddətli bir məşəqqət və mihnət vermiş olması, onun üçün, Allah qatında bir tərbiyə olur. Ancaq kafirin sıxıntısını artırmaq, Allah Taala'nın, ona olan qəzəbindəndir.

3. Dünyanın ləzzət və kədərləri, davamlı deyil; onun müxtəlif hallarının, sonu vardır. Davamlı olan səadətlər, ancaq axirət yurdunda gerçəkləşəcək. Bax bundan dolayı, Haqq Taala, diriltdikdən sonra, canlıları öldürür; sihhət verdikdən sonra da, xəstə edir.

Haqq Taala'nın bu felləri gözəl və uyğun olunca, Onun, sevinci, kədərə; kədəri də, acizliyə çevirməsi, nə üçün gözəl olmasın?!

----------------------------

(Not: Dəyərli oxuyucu! Bu qisim, bu gün də zındıqların etiraz etdiyi məsələlərdəndir.)

Haqq Taala'nın, "Bu, Allahın, iman gətirənləri üzə çıxarması....üçündür." ayətinin zahiri, Allah Taala'nın, bu dəyişdirməyi, belə biliyi əldə etmək üçün olduğunu hiss etdirməkdədir. Halbuki, Allah haqqında belə bir şeyin imkansız olduğu, məlumdur. Bir müşkillik ərz etmə cəhətindən, bu ayətin bənzəri ayələr:

~ "Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?" (Al-i İmran/142);

~ "Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da bilir." (Ənkəbut/3);

~ "Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq." (Kəhf/12);

~ "Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq." (Muhamməd/31)

~ "Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək." (Bəqərə/143); və

~ "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur." (Mülk/2)

ayələridir.

Hişam b. Hakəm (əl-Mötəzili), bu ayələrin zahirinə istinad edərək, Allah Taala'nın, sadəcə meydana gələrkən hadisələri bildiyini iddia etmiş və bütün bu ayələrin, Allah Taalanın, əşya meydana gələrkən onların meydana gəlişlərini bildiyinə dəlalət etdiyini söyləmişdir.

(Əhl-i Sünnətin) kəlam alimləri, buna, bu şəkildə cavab vermişlərdir:

Əqli dəlillər, Allah Taala'nın, hadisələri, vaqe olmadan əvvəl bildiyinə dəlalət edir. Bundan dolayı, Allahın elmində bir dəyişməyin imkansız olacağı sabit olmuşdur (yəni, bir şeyin meydana gəlməsilə Allahın o şeyi öyrənməsi, Allahın əzəli elmində dəyişiklik meydana gəldiyini hiss etdirir. Halbuki, Allahın Zatı və sifətləri, dəyişməkdən münəzzəhdir). Lakin,

~ elm kəliməsinin, məlum (bilinən);

~ qüdrət kəliməsinin də, məqdur (qüdrətə mövzu olan, qüdrətlə meydana gələn şey)

mənasında istifadə edilməsi, məşhur bir məcazdır. Məsələn:

~ Bir insanın bildiyi şeylər qəsd edilərək, "Bu, filan kimsənin elmidir." (Halbuki, elm və məlum, bir-birindən başqadırlar.);

~ Yenə, gücünün çatdığı şeylər qəsd edilərək, "Bu, filan kimsənin qüdrətidir." (Halbuki, qüdrəti yox, qüdrətlə əldə etdiyi şey, yəni, məqdur olmalı idi.)

deyilir.

Bundan dolayı, yuxarıda zikr edilən hər ayətin zahiri, Haqq Taala'nın elminin təcəddüd etdiyini (yeniləndiyini və sanki dəyişdiyini) hiss etdirsə belə, yenilənən, Onun elmi deyil; elminin təəllüq etdiyi (əlaqəli olduğu) şeylər (yəni, məlumlar)'dır.

Bunu beləcə fəhm etdiyin vaxt, biz deyirik ki, bu ayəni təfsir üçün, bu izahlar verilmişdir:

a. "İxlaslı olanı, münafiq olandan; mömini də, kafirdən ayırıb ortaya çıxarmaq üçün";

b. "Allah (ın dostları) bilsin deyə..." Beləcə, Haqq Taala, bu işi ucaltmaq üçün Özünə izafə etmişdir.

c. "İmtiyazın (yəni, aralarındakı fərqliliyin) mövcud olduğunu göstərmək üçün..." Beləcə, elm kəliməsi, "imtiyazı göstərmə" mənasında istifadə edilmişdir. Çünki, fərqliliyin olduğuna hökm etmə, ancaq elmdən sonra olur.

d. "Bu vaqeənin onlardan meydana gələcəyini bildiyi kimi; şəxsən meydana gələcəyini də bilmək və görmək üçün..." Çünki, mükafat və cəza, gerçəkləşməmiş biliyə görə olmayıb; şəxsən gerçəkləşən şeyə görə olur. (haşiyə)

-------------------------

(Haşiyə:

Aşağıdakı linkdə, bu mövzunun təfsilatlı izahı vardır:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-esitm%C9%99k-v%C9%99...

--------------------------

Haqq Taala'nın, "və içinizdən şəhidlər əxz etməsi üçündür" ayəsindən murad, bu müdavələ (dəyişdirmə)'nin ikinci hikmətini zikr etməkdir.

Bu təbirlə bağlı, bir neçə məsələ vardır:

• Birinci məsələ:

Bu təbirin izahı xüsusunda, bu 2 görüş iləri sürülmüşdür:

1. "Onlardan meydana gələn günah və itaətsizliklər səbəbilə, siz müsəlmanlardan, insanlara qarşı şahidlər əxz etmək üçün..."

Çünki, Müsəlmanların, insanlar əleyhinə şahid olmaları, yüksək bir məqam və uca bir dərəcədir.

2. Bundan məqsəd: "Allah, bir qövmə (topluluğa), şəhidlik ehsan etsin deyə..." mənasıdır. Çünki, müsəlmanlardan bir qisim, Bədr döyüşündə iştirak etməmişdilər. Onlar, düşmənlə qarşı-qarşıya gəlməyi və özləri üçün Bədr kimi bir günün gəlib düşmənlə döyüşüb şəhid olmağı istəyirdilər. Həm Quran, şəhidlərin ucalığını göstərən ifadələrlə doludur. Necə ki, Allah:

~ "Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə. Əksinə, onlar, Rəbbləri qatında diridirlər." (Al-i İmran/169);

~ "...Peyğəmbərlər və şəhidlər gətiriləcək..." (Zumər/69)

~ "Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar." (Nisa/69);

buyurmuşdur.

Bundan dolayı, bu məqam, nübüvvətdən sonra gələn üçüncü məqamdır (ikincisi, siddiqlərdir). Belə olunca da, bu müdavələdən əldə edilmək istənilən faydaların biri də, bəzi möminlər üçün şəhidlik məqamının əldə edilməsi olmuş olur.

• İkinci məsələ:

Alimlərimiz, bu ayəti, bütün hadisələrin Allahın iradəsilə olduğuna dəlil gətirərək, belə demişlərdir:

~Sizin söylədiyinizə görə, şəhadət məqamını, əgər kafirləri möminlərə müsəllət etmədən əldə etmək mümkün olsaydı, 'Sizdən şəhidlər əxz etmək üçün Allah belə etdi.' ifadəsində bildirilən səbəb, mənasız olardı.

~ Yox əgər, şəhadət məqamını, əgər kafirlərə müsəllət etmədən əldə etmək mümkün olmazsa, bu halda, kafirlərin möminləri öldürməsi, o şəhadətin ayrılmaz bir parçası olar. Bundan dolayı, o şəhadətin qul üçün meydana gəlməsi, Allahın muradı olması halında, bu öldürülməyin də, Allahın istədiyi bir şey olması lazım gəlir.

Yenə, Haqq Taala'nın, "və içinizdən şəhidlər əxz etməsi üçündür" ifadəsi, bu şəhadətin Allahdan olduğunu göstərən bir nassdır. Bu da, qulların fellərini Allahın yaratdığına dəlildir. (haşiyə)

-------------------------------

(Haşiyə:

Dəyərli oxuyucu! İmamın bu sözlərində, "Əşari'lərdə Uluhiyyət tövhidi yoxdur." deyən axmaqlara, yalançılara rəddiyyə də vardır. 

Əşarilərdə Uluhiyyət tövhidi üçün bax:

https://archive.org/details/ashari-tawhid_202303)

-------------------------------

• Üçüncü məsələ:

"Şühəda/şəhidlər", "kurəma/kərimlər" "zurəfa/zəriflər" vəznində olub; "şəhid" kəliməsinin cəmidir. "Müsəlmanlardan, kafirlərin silahları ilə öldürülənlər"ə, "şəhid" deyilir.

Bu adın nə üçün verildiyi xüsusunda, bu izahlar gətirilmişdir:

a. Nadr b. Şumeyl, belə deyir:

"Şəhidlər, 'Onlar, Rəbbləri qatında diridirlər...' ayətinə görə, əslində diridirlər. Bundan dolayı, onların ruhları həyatda olub, əmin-amanlıq yurdu olan cənnətlərdədirlər. Onların xaricindəki ölülərin ruhları isə, cənnətdə şahid (hazır) deyildirlər." (haşiyə)

-------------------------------

(Haşiyə:

Belə bir şeyin necə mümkün ola biləcəyi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qahhar-isminin-s%C9%99rhi)

-------------------------------

b. ibnu'l-Ənbari, belə deyir:

"Allah Taala və mələklər, onların cənnətlik olduğuna şahidlik edərlər. Bundan dolayı, şəhid kəliməsi, fail vəznində olub məful (yəni, haqqında şəhadət edilən) mənasındadır."

c. Şəhidlər, qiyamət günündə, Peyğəmbərlər və siddiqlərlə bərabər olacaqları üçün, "şühəda" deyə adlandırılmışlardır. Necə ki, Haqq Taala: "İnsanlara qarşı, (haqqın) şahidləri olasınız deyə..." buyurmuşdur.

d. Onlar, öldürüldükləri an, dərhal cənnətə aparıldıqları üçün, bu adı almışlardır. Bunun dəlili, kafirlərin (ruhlarının), ölər-ölməz, cəhənnəmə atılmalarıdır. Necə ki, Haqq Taala da: "Onlar, suda boğuldular və dərhal cəhənnəmə atıldılar." (Nuh/25) buyurmuşdur. Burda da, Allah yolunda öldürülən o kimsələrin, ölər-ölməz, dərhal cənnətə daxil edildiklərinin söylənməsi lazım gəlir.

---------------------------

Sonra, Haqq Taala, "Allah, zalımları sevməz." buyurmuşdur.

ibn Abbas (radiyallahu anh), burdakı zalımların, "Şübhəsiz ki, şirk, ən böyük zülmdür." (Loğman/13) ayətindən dolayı, "müşriklər" mənasında olduğunu söyləmişdir ki, bu ifadə, ayədə, səbəblər arasında zikr edilmiş bir etirazi cümlədir.

Bu ayə ilə bağlı, bu izahlar verilmişdir:

a. Allah, imanda mətanət göstərməyən və cihadda səbr etməyənləri, sevməz.

b. Burda, Allah Taala'nın, möminlərə qarşı kafirləri bəzən gücləndirirsə, bunun, az əvvəl sıralanan hikmət və faydalardan ötürü olub, kafirləri sevməsindən iləri gəlmədiyinə işarət vardır.

------------------------

Sonra, Haqq Taala, "və li yuməhhisallahulləzinə əmənu və yəmhəqa'l-kəfirin = Möminləri təmizləməsi, kafirləri də həlak etməsi üçündür" buyurmuşdur.

Bu, "möminləri, günahlarından təmizləyib, o günaharı, möminlərdən qaldırması" deməkdir. Ərəb dilində, "məhsun" kəliməsi, "təmizləmək"; "məhqun" kəliməsi isə, "nöqsanlıq" deməkdir.

Mufaddal, belə deyir:

"Məhqun": "bir şeyin, tamamilə yox olub; geriyə bir izinin görünməməsi"dir. Haqq Taala'nın, "Yəmhəqullahu'r-riba = Allah, faizi puç edir." (Bəqərə/276) ayəsi də, bu mənadadır. Yəni, "kökünü qazımaq" deməkdir.

Zəccac isə, belə deyir:

Allah Taala, günləri, Müsəlmanlarla kafirlər arasında dönüb-dolaşan bir şey qılmışdır. Bundan dolayı, əgər kafirlər qalib gələrlərsə, Allahın məqsədi, möminlərin günahlarını təmizləməkdir. Yox əgər möminlər qalib gələrlərsə, bu halda, Allahın məqsədi, kafirlərin kökünü qazıyıb, onları yox etməkdir.

Beləcə, Haqq Taala, möminləri günahlardan təmizləməyi, kafirləri həlak etməyə müqabil (qarşılıq) qılmışdır. Çünki, möminləri, onların günahlarını yox etmək surətilə təmizləmək, kafirlərin şəxsən özlərini məhv etməyin müqabilidir.

Bu, məna cəhətindən çox lətif və gözəl bir müqabilədir. Doğruya ən yaxın olan isə, budur:

Burdakı kafirlərdən məqsəd, onlardan müəyyən bir qisimdir ki, bunlar, Uhud günü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə qarşı döyüşənlərdir. Biz, Haqq Taala'nın, bütün kafirləri məhv etmədiyini; əksinə, əksəriyyətinin, küfrünə davam etdiklərini bildiyimiz üçün, bu mənanı verdik. Allah, ən gözəl biləndir.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 31 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR