Peyğəmbərlər günah işləmişlərdirmi? (4)
Peyğəmbərlərin isməti görüşünü qəbul edənlərdən:
1. Bir qrup, məsum kimsənin, günah edə bilməsinin mümkün olmadığını;
2. Bir qrup da, günah etməyə qadir olduqlarını
iddia etdilər.
(1) Birinci qrupdakıların (yəni, məsum kimsənin günah edə bilməsini mümkün görməyənlərdən):
(1.1.) Bir qismi, məsumluğun, Peyğəmbərin bədənində, ya da nəfsində günah işləməsinin imkansızlığını gərəkdirən bir xüsusiyyətə məxsus olduğunu iddia edərkən;
(1.2.) Bir qismi də, Peyğəmbərin, bədəni xüsusiyyətlərdə başqasına bərabər olduğu görüşünü dəstəkləmiş; lakin, məsumiyyəti, itaətlərə qüdrəti olmaqla və ya günahlara qüdrəti olmamaqla açıqlamışdır. Bu, əbu'l-Həsən əl-Əşari'nin görüşüdür.
(2) İxtiyarı səlb etməyənlərə (yəni, azad iradəni rədd etməyənlərə) görə, məsumiyyət, məcburiyyət həddinə çatmaması şərtilə, Allah Taala'ın qulda yaratdığı bir şey olub, Allah, qulun, bu şeylə bərabər günaha yönəlməyəcəyini bilir.
Bu (2-ci) görüşdə olanlar (yəni, azad iradəni rədd etmədən, məsumiyyəti müdafiə edənlər), ilk iki görüşün fasid olduğuna, əqlən belə dəlil gətirdilər:
Məsələ, onların dediyi kimi olsaydı, məsum, məsumiyyəti səbəbilə tərifə layiq olmaz; və əmr, nəhy, mükafat və cəza, batil olardı.
Nəqli olaraq isə, bu ayələrlə dəlil gətirdilər:
...قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ
"De ki: Mən, ancaq, sizin kimi bir bəşərəm. (Ancaq) Mənə vəhy olunur." (Kəhf/110);
وَلَا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتُلْقَىٰ فِى جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا
"Allahla bərabər başqa bir ilah qılma. (Əks halda), yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan." (İsra/39)
وَلَوْلَآ أَن ثَبَّتْنَـٰكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْـًٔا قَلِيلًا
"Əgər Biz, səni dinində sabit saxlamasaydıq, əlbəttə, azca da olsa onlara meyl edəcəkdin." (İsra/74);
...وَمَآ أُبَرِّئُ نَفْسِىٓ
"Mən, nəfsimi təmizə çıxarmıram." (Yusuf/53)
Yenə, bunlar (yəni, azad iradəni rədd etmədən məsumiyyəti müdafiə edənlər), məsumiyyətin səbəbinin, 4 şey olduğunu iddia etdilər:
a. Peyğəmbərin nəfsinin, ya da bədəninin, günaha əngəl olan bir mələkəni gərəkdirən bir xüsusiyyətə sahib olmasıdır. Fel və mələkə arasındakı fərq isə, məlumdur.
b. Günahların qınanmasını və savabların tərifləndiyini bilməsidir.
c. Bu biliklərin mütəmadi olaraq, Allahdan gələn vəhy və bəyanla dəstəklənməsidir.
d. Peyğəmbər, özündən daha uyğun olanın tərki, ya da unutmaq (çərçivəsində) bir şey meydana gəldiyi vaxt, ehmal edilərək öz halına buraxılmaz; əksinə, azarlanar; xəbərdarlıq edilər və bu xüsusda iş, möhkəm tutular.
Nəticədə, bu 4 hal bir yerə gəldiyində, əlbəttə, insan, günahlardan qorunmuş olur. Çünki, iffət mələkəsi, nəfsin cövhərində meydana gəldiyində; ---> sonra ona, itaətlərdən qaynaqlanan səadət və günahlardan qaynaqlanan bədbəxtliyə dair bir bilik əlavə edildiyində, bu bilik, nəfsani mələkələrin gərəyini yerinə yetirmək xüsusunda, Ona köməkçi olur. Sonra ---> vəhy, bunu tamamlayır; sonra ---> günahın az miqdarına qarşılıq hesaba çəkilmə qorxusu, bu çəkinməni qüvvətləndirir. Beləcə, bu şeylərin bir arada toplanması, məsumiyyətin həqiqətini dəstəkləmiş olur.
Sonra ümmət, Peyğəmbərlərin küfrə qarşı məsum olduqları xüsusunda, ittifaq etmişlərdir. Ancaq, xaricilərdən (haşiyə) "fadliyyə", bundan istisnadır. Onlar, haqqında "günah" kəliməsinin istifadə edildiyi hər şeyin, küfr olduğuna etiqad etmişlərdir. Sonra da, onlar, Peyğəmbərlərin günah işləməsini caiz gördüklərindən, Onlar haqqında da küfrü caiz görmüşlərdir.
---------------------------
(Haşiyə:
Xaricilər kimdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xavaric-kiml%C9%99rdir
---------------------------
Bu görüşün yalnışlığına dəlalət edən şey, budur:
Əgər (Peyğəmbər) üçün küfr caiz olsaydı, bu küfr xüsusunda Peyğəmbərə tabe olmaq, Allah Taala'nın, "O halda, Mənə tabe olun." (Al-i İmran/31) əmri gərəyi, vacib olardı. Bunun fasid olması, onların görüşünün fasid olduğunu göstərir.
İnsanlardan bir qismi də, Peyğəmbərlər haqqında küfrü caiz görməmişlərdirsə də, təqiyyə yolu ilə küfrün izharını caiz görmüşlərdir. Buna, belə dəlil gətirmişlərdir:
İslamı izhar etməyin öldürülməyə yol açacaq olması halında, onu açığa çıxarmaq, nəfsin təhlükəyə atılmasını gərəkdirir ki, bu, caiz deyildir.
Bu görüş də, batildir! Çünki:
a. Bu, dinin gizli qalması nəticəsinə aparır.
b. Yenə bu, caiz olsaydı, bununla bağlı ən uyğun vaxt, dəvətin açığa çıxdığı başlanğıc dövrdə olardı. Çünki, başlanğıc dövründə, insanlar, bütünü ilə dini inkar edən halda olduqlarından, heç bir Peyğəmbər üçün, dəvəti izhar etməyi caiz görməmək lazım gələrdi.
c. Yenə, şiddətli qorxu, nəmrud dövründə, İbrahim (əleyhissəlam) üçün; və firon dövründə də, Musa (əleyhissəlam) üçün meydana gəlmişdi. Bununla bərabər, Onlar, haqqı izhar etməkdən çəkinməmişdilər.
İnsanlardan bir qismi də, (Peyğəmbərlər üçün), nə küfrü, nə də onun izharını caiz görməkdədir. Lakin onlar, Peyğəmbərlər haqqında böyük günahları, caiz görməkdədirlər.
Əksəriyyət isə, bu səbəblərlə bu görüşdə deyillərdir. (Belə ki):
1. Əgər Peyğəmbərlərdən böyük günah meydana gəlsəydi, ümmətin asilərinin ən aşağı dərəcələrində olardılar. Bu isə, caiz deyildir.
Mülazimin (bunun belə olmasının lüzumunun) bəyanı:
Peyğəmbərlərin dərəcələri, son dərəcə şərəflidir. Belə olan kimsədən günahın meydana gəlməsi, daha pisdir. Allah Taala'nın, bu sözünə baxmırsanmı:
يَـٰنِسَآءَ ٱلنَّبِىِّ مَن يَأْتِ مِنكُنَّ بِفَـٰحِشَةٍ مُّبَيِّنَةٍ يُضَـٰعَفْ لَهَا ٱلْعَذَابُ ضِعْفَيْنِ
"Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar." (Əhzab/30)
(Zina etdiyində) evli kişi rəcm edilərkən, evli olmayan cəzalandırılır. Nökərin cəzası isə, azad kimsənin cəzasının yarısıdır. Peyğəmbərin, ümmətdən daha aşağı bir səviyyədə olmasının caiz görülməməsi isə, icma ilə sabitdir.
2. Peyğəmbərin, (böyük) günaha (fisqə) düşməsi halında, Allahın:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن جَآءَكُمْ فَاسِقٌۢ بِنَبَإٍ فَتَبَيَّنُوٓا۟
"Ey iman edənlər! Bir fasiq sizə xəbər gətirdiyində, onu araşdırın." (Hucurat/6) ayəti gərəyincə, şahidliyinin qəbul edilməməsi lazımdır. Lakin Peyğəmbərin şahidliyi, qəbul edilir. Əks təqdirdə, Peyğəmbər, ümmətin adil kimsələrindən daha aşağı səviyyədə olardı.
Peyğəmbərlər haqqında böyük günahı caiz görməyənlər isə, kiçik günahlar xüsusunda fərqli görüşlərdədirlər.
Əksəriyyət, istər kiçik, istər böyük olsun, (Peyğəmbərlər haqqında) qəsdən günaha girməyin caiz olmadığında; əksinə, Onlardan, günahın, birincisi, yanılma və unutmaq; ikincisi isə, daha uyğun olanı tərk; üçüncüsü də, nəhylə mübahı qarışdırmaq şəklindəki 3 səbəbdən 1-inin varlığı şərtilə meydana gəlməsinin caiz olduğunda ittifaq etmişlərdir.
İnsanlar, məsumluğun mötəbər olduğu vaxt xüsusunda da ixtilaf etmişlərdir. (Belə ki):
~ Xaricilərdən "fadliyyə", Allah Taala'nın, kafir olduğunu bildiyi kimsəni Peyğəmbər olaraq göndərməsini caiz görmüş;
~ Bir qrup isə, caiz görməmişdir. Ancaq, Peyğəmbərlikdən əvvəl kafir olan bir kimsənin Peyğəmbər olaraq göndərilməsini caiz görmüşlərdir. Bu (son görüş), ibn Furek'indir. Lakin o, bu mümkün halın, heç bir zaman gerçəkəşmədiyini iddia etmişdir.
~ Haşəviyyə'dən bəziləri isə, Allah rəsulu (əleyhissəlam)'ın, peyğəmbər olaraq göndərilmədən əvvəl kafir olduğunu iddia etmişlərdir. Onların bu görüşləri, Allah Taala'nın bu ayələridir:
وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ
"Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?" (Duha/7);
...مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ...
"Sən, kitab nədir, iman nədir, bilməzdin." (Şura/52)
Mühəqqiq alimlər isə, bu görüşün fasid olduğunda ittifaq etmişlərdir.
İnsanlardan bir qrup da, yuxarıdakı hökmü, imamlara da şamil edib belə demişlərdir:
Necə ki, Peyğəmbərin peyğəmbər olaraq göndərilmədən əvvə kafir olması caiz deyildirsə; eyni şəkildə, imamın da, imamətdən əvvəl kafir olması, caiz deyildir. Bu səbəblə, Şeyxeyn (əbu Bəkr və Ömər ridvanullahi aleyhimə)'in imamətinə dil uzatmaqdadırlar.
Peyğəmbərlər haqqında peyğəmbər olaraq göndərilmədən əvvəl böyük günahın caiz olub-olmadığına gəlincə, Əhl-i Sünnət, bunu caiz görməkdə; və bunun üçün, Yusuf (əleyhissəlam)'ın qardaşlarının hallarını dəlil gətirməkdədirlər. Onlardan bəziləri isə, bu görüşdə deyildir və Yusuf (əleyhissəlam)'ın qardaşlarının peyğəmbərliyini qəbul etməməkdədirlər.
Digər tərəfdən, bunu caiz görənlərdən bir qismi, böyük günahların, Peyğəmbər olaraq göndərilmədən əvvəl olduğunu söyləyirlər. Lakin onlar, bunu, ancaq, Peyğəmbərlərin bundan tövbə edəcəyi və Onların hallarının insanlar arasında yaxşılıqla şöhrət qazanacağı şəklində, çox nadir bir şəkildə olmasını caiz görməkdədirlər. Onların əxlaqsızlıqla məşhur olacaqları bir şəkildə böyük günahlarda israr etmələri isə, caiz deyildir. Çünki, əks halda, Peyğəmbərlərin göndərilmələrilə güdülən şey, gerçəkləşməmiş olacaqdır.
Peyğəmbərlərin, peyğəmbər olaraq göndərilmədən əvvəl və sonra kiçik günahlardan məsum olmalarının lazım gəlib-gəlmədiyinə gəlincə, rafizilər (şiə), bunu vacib görmüşdür. Onların xaricindəkilər isə, bunu caiz görmüş; lakin bunun keyfiyyəti haqqında ixtilaf etmişlərdir.
Nazzam, Əsamm və Cəfər b. Mubəşşir isə, bunu, unutma və yanılmaq yolu ilə caiz görmüşlərdir. Onlara, belə deyilər:
Siz:
~ ya: "Peyğəmbər, yanılma halında da mükəlləf olaraq qalmağa davam edər." deyirsiniz, ki, bu, caiz deyildir. Çünki bu, güc çatdırıla bilməyən şeylə mükəlləf tutmaqdır;
~ ya da: "Mükəlləf olaraq qalmaz." deyirsiniz, ki, bu halda da, o, günah olmaz;
~ və yaxud da: "Unutmaqdan özlərini qoruya bilmədikləri üçün, azarlanarlar." deyirsiniz. Bu isə, Əhl-i Sünnət'in görüşüdür.
İnsanların bir qismi də, zəllə (mükəlləfdən, məqsədli olmadan meydana gələn xətalar)'a həml etmişlərdir.
Belə deyilə bilməz: Əgər daha uyğun olanın tərk edilməsi, əzaba haqq qazanmaq üçün bir səbəb olsaydı, Onlar, əbədi olaraq azarlanardı. Çünki, heç bir ibadət yoxdur ki, onun üstündə, (daha dəyərli olan) başqa bir ibadət olmasın. Əzaba haqq qazanmaq, mübahlar səbəbilə deyildir. Çünki biz, belə deyirik:
Daha fəzilətli olanın tərk edilməsi səbəbilə əzaba haqq qazanmaq, ancaq, bir maslahatın itirilməsi və ya ehtimalı olmayan bir zərərin (məfsədətin) meydana gəlməsinin mümkünlüyündə bəhs mövzusudur.
Adəm (əleyhissəlam) qissəsi haqqında, üzr bəyanı sədədində deyilənlərə gəlincə:
~ Onların bir qismi, Allah Taala'nın, "Adəm, Rəbbinə asi oldu." (Taha/121) ayəsini; "Kənddən soruş." (Yusuf/82) ayətinin (yəni, "Kənd xalqından soruş." şəklində başa düşülməsi kimi), Adəm oğullarının asi olmasını iddia etdi.
~ Onların bir qismi də, bununla, Adəmin, Özünün qəsd edildiyini qəbul etdi.
~ Digər tərəfdən, ibn Furek, bunun, Peyğəmbər göndərilmədən əvvəl olduğunu iddia etdi.
~ Onların bir qismi də, bunun, Peyğəmbərlikdən sonra olduğunu söylədilər.
~ Əsamm isə, Allah Taala'nın, "Ancaq O, unutdu." (Taha/115) ayəti gərəyi, unutma yolu ilə gerçəkləşdiyini söylədi. Buna, belə etiraz edildi: iblis, vəsvəsə vaxtında, Adəmə, qadağanı xatırlatmışdı. Necə ki, o, belə demişdi: "Rəbbiniz, sizə, bu ağacı, yalnız bir mələk olmağınız; və ya xalidun (cənnətdə əbədi qalanlar)'dan olmamağınız üçün qadağan etdi." (Əraf/20) Bu xatırlatmağa baxmayaraq, unutmağın meydana gəlməsi, imkansızdır. Yenə Allah Taala, bunun üzərinə, "Mən, sizə, bu ağacı qadağan etmədimmi?" (Əraf/22) şəklində, onu azarlamışdır. Adəm və Həvva, hər hansı bir məqsəd güdmədən, bu zəlləni etiraf edərək, belə demişdilər: "Ey Rəbbimiz! Biz, özümüzə zülm etdik." (Əraf/23) Allah Taala da, onların tövbəsini qəbul etmiş və belə buyurmuşdur: "Beləcə, onun tövbəsini qəbul etdi." (Taha/122) Bütün bu ayələr, unutmaq ilə zidd düşməkdədir.
~ Onların bir qismi də, qadağanın, Adəmin xatirində olduğu; lakin, o qadağanı təvil yoluna getdiyini qəbul etdilər. Bu da, bir neçə cəhətdəndir:
• İlk olaraq, Nazzam, belə demişdir: Adəm, Allah Taala'nın, "Bu ağaca yaxınlaşmayın." (Əraf/19) əmrindəki (müəyyən bir ağac) şəxsini, növ olaraq başa düşmüşdü. Necə ki, Nəbi (əleyhissəlam): "Bu, bir dəstəmazdır ki, Allah Taala, namazı, ancaq bununla qəbul edər." (əbu Davud, "Təharət", 52) buyurmuşdur.
• İkinci olaraq da, digərləri, iddia etmişlərdir: Hər nə qədər, qadağa, zahirən haram qılmağa dair olsa da; haqqında bir nass olmadığı üçün, Adəm, qadağanı, əlində mövcud olan bir dəlil səbəbilə zahiri mənasından (başqa bir mənaya) çevirmişdir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "əl-Muhassal əfkari'l-mutəqaddimin və'l-mutəaxxirin minə'l-hukəma və'l-mutəkəllimin" əsərindən nəql)
