Xavaric kimlərdir?

Bu firqə, Şiəlik firqəsilə ortaya çıxmış, hər ikisi də, Əli (radiyallahu anh)'ın dövründə qruplar halında görülmüşlərdir. Xaricilər də, Əli (radiyallahu anh) tərəfdarları idilər. Ancaq, Şiəlik düşüncəsi, Xaricilik düşüncəsindən daha əvvəl mövcud idi.

Xariciyyə firqəsi, "Siffin" deyilən yerdə, Əli (radiyallahu anh) ilə Müaviyə arasındakı döyüşün şiddətləndiyi zamanda ortaya çıxmışdır. Bu döyüş nəticəsində, hakim təyin etmə düşüncəsi, Müaviyənin bu çətin haldan qurtulmasına köməkçi oldu. Onun ordusu, Quranı, hakim təyin etmək üçün havaya qaldırmışdı. Lakin Əli, aralarında Allah Taala hökm verincəyə qədər döyüşməkdə israr edirdi. Ordusundan bəziləri, Əlinin qarşısına çıxaraq, hakim təyinini qəbul etməsini istədilər. Əli (radiyallahu anh), bunu, istəməyərək qəbul etdi. Əli, qarşısında olanlarla, öz tərəfindən bir nəfər, Müaviyə tərəfindən də bir nəfərin hakim təyin edilməsi xüsusunda razılaşdıqdan sonra, Müaviyə, Amr b. əl-As'ı seçdi. Əli (radiyallahu anh) isə Abdullah b. Abbası seçmək istəyirdi. Lakin ordusundan özünə qarşı gələnlər, əbu Musa əl-Əşari'ni seçməyə məcbur etdilər.

Nəticədə, bilindiyi kimi, hakimlərin qərarı ilə, Əli (radiyallahu anh) xilafət məqamından əzl edildi, Müaviyə isə, xilafət mövqeyinə gətirildi.

Bundan sonra Xaricilərin vəziyyəti qəribə bir hal aldı. Belə ki:

Bunlar, ilk əvvəl Əlini hakim təyininə və müəyyən bir hakimi qəbul etməyə məcbur etdikləri halda, daha sonra hakimə müraciəti böyük bir günah saydılar və Əlinin, işləmiş olduğu bu günahdan dolayı tövbə etməsini istədilər. Çünki onlara görə, Əli (radiyallahu anh), hakimə müraciət etməklə küfrə girmişdi. Necə ki, özləri də, bu səbəblə kafir olduqlarını və tövbə edərək yenidən İslama girdiklərini zənn edirlərdi.

Bəzi çöl bədəviləri də, bunlara qoşuldu. "Hökm, ancaq Allahındır." sözü isə, onların şüarları halına gəldi. Əli (radiyallahu anh) ilə münaqişə və Ona qarşı gəlmə mərhələsini də aşıb, Onunla döyüşməyə başladılar.

Bu firqə:

~ İslam firqələri arasında məzhəbini ən çox müdafiə edən;

~ Düşüncələrini qəbul etdirmək üçün ən çox səy göstərən;

~ Ümumilikdə ən çox dindar görsənən; və

~ Ən məsuliyyətsiz davranan bir firqə idi.

Bunlar, öz düşüncələrini müdafiə edərkən və məsuliyyətsiz davranışlara girişərkən, bəzi sözlərin zahirinə sarılaraq, onları müqəddəs bir din hüviyyətinə çevirdilər; mömin bir insanın, bu sözlərdən ayrılmayacağını zənn etdilər.

"Hökm, ancaq Allahındır." sözü, xaricilərin ağıllarını əlindən almışdı. Bu sözü, özlərinə din qıldılar. Daha əvvəl də işarət etdiyimiz kimi, Əli (radiyallahu anh)'ı danışarkən hər gördüklərində, Ona bu sözü söyləyirdilər.

Osmandan, Əlidən və Ümeyyə oğullarının zalım idarəçilərindən bəri olduqları düşüncəsi, yenə Xariciyyə'yə mənsub olanları aldatdı. Bu düşüncə onların ağıllarına tamamilə yerləşdi və onları Haqqa çatdıracaq, yaxud dillərinə doladıqları kəlimələrin mənalarını anlayacaq hər yolu bağladı. Hətta dini həqiqətlərin mənalarını başa düşmələrinə belə mane oldu. Osmandan, Əli, Talha, Zübeyr və Əməvilərin zalım idarəçilərindən bəri olduğunu söyləyən hər kəsi, özlərindən saydılar. Bu kimi insanların digər düşüncələrinə isə, göz yumdular. Bunun (bu göz yummağın), bəlkə də Haqdan gedərək uzaqlaşmaqda böyük təsiri oldu.

Ədalətli xəlifə Ömər b. Əbdü'l-Əziz, bir vaxtlar bunlarla mübahisələr etdi. Aralarındakı ixtilaf mövzusu, Ömərin, öz ailəsindən olan zalımlardan bəri olduğunu elan etməməsi idi. Halbuki Xaricilər, Ömərin özündən əvvəl iqtidarda olan Əməvilərə tabe olmadığını, onların zülmlərinin davamını əngəllədiyini, hətta onların etmiş olduqları haqsızlıqları ortadan qaldırıb haqq sahiblərinə, haqlarını verdiyini etiraf edirdilər. Nə var ki, "bəri olma" düşüncəsi, onların Ömərə tabe olmalarına, İslam sancağı altında toplanmalarına mane olurdu.

Xaricilər, bəzi kəlimələrin, ağıl və düşüncələrinə hakim olmasından dolayı, Fransız inqilabında ən pis zülmləri işləyən Yakobinçilərə bənzəyirdilər. Yakobinçilərin də ağıllarını, "Azadlıq, qardaşlıq və bərabərlik" kəlimələri ələ keçirmişdi. Bu kəlimələrdən dolayı, neçə-neçə məzlum insanları öldürüb, neçə qanlar axıtmışdılar. Xariciləri də:

~ "İman";

~ "Hökm ancaq Allahındır."; və

~ "Zalımlardan bəri olmaq"

kəlimələri şərtləndirmişdi. Bu kəlimələrdən dolayı, Müsəlmanların qanını halal saydılar, torpaqladı Müsəlmanların qanları ilə sulayıb hər tərəfə hücum etdilər.

Xariciyyə məzhəbinə mənsub olanların ən açıq sifətləri, sadəcə həyəcanlı olmaq və sözlərin zahirinə sarılmaq deyil, özünü fəda etmə arzusunda olmaq; ölmək istəmək; qüvvətli bir səbəb olmadığı halda, təhlükələrə sinə gəlmək də, bunları başqalarından ayıran ən bariz sifətlərdən idi. Bəlkə də bu davranışların başlıca səbəbi, bəzilərinin ifrat hərəkətləri və əsəblərinin pozulmuşluğu idi. Yoxsa sadəcə mərd və qəhrəman olmaqları deyildi. Xaricilər, bu davranışları ilə, Ərəb mədəniyyəti ilə inkişaf etmiş olan Əndəlus'un, Ərəb idarəsində ikən orda yaşayan xristiyanlara bənzəyirlərdi. Orda yaşayan xristiyanlardan bir qrup, çılğın davranır, ifrat təəssübə qapılaraq özlərini ölümə atırlardı. Bunlardan hər biri, hakimlərin yanına gəlir, öldürülmələri üçün Muhamməd (sallallahu aleyhi və səlləm)'ə söyürlərdi. Elə ki, belə davrananlar, sel kimi məhkəmə qapılarına axır, qapıçılar bunları qovmaqdan bezir, hakimlər edam qərarı verməmək üçün, qulaqlarını tıxayırdılar. Müsəlmanların, bu bədbəxtlərin hallarına yazıqları gəlir; və bunlara, ağıllarını itirmiş dəlillər nəzərilə baxırdılar.

Xaricilərdən bir qismi, Əli (radiyallahu anh) ilə danışarkən, ona etiraz edərək qalxıb gedir, hətta namaz qılarkən, camaatı tərk edirdilər. Digər bir qismi isə, Əli və Osman səbəbilə müsəlmanlara hücum edir, bu 2 səhabəyə tabe olanları müşrikliklə ittiham edirdilər.

Xavaric, Abdullah b. Habbab b. Ərət'i öldürdülər, cariyəsinin qarnını isə yardılar. Bunun üzərinə, Əli, onlara, "Abdullahı öldürənləri bizə təslim edin." deyincə, hamısı birlikdə, "Onu, hamımız öldürdük." dedilər. Əli (radiyallahu anh) isə, bunlarla döyüşdü. Demək olar ki, köklərini qurudacaq idi. Təəssüf ki, Əlinin bu hərəkəti, onlardan geri qalanları fikirlərindən döndərmədi, daha əvvəlkilərin izindən getməyə mane olmadı. Bunlar kimi, çılğınlıq xəstəliyinə yoluxmuş çöl bədəvilərinin də bunlara tabe olmalarına əngəl olmadı.

Bu, bir həqiqətdir ki, Xariciyyə məzhəbinə mənsub olanlardan çoxunun ən bariz sifəti, "ixlas" idi. Nə var ki, bu ixlas, görüşlərini şərtləndirən müəyyən bir nöqtəyə yönəlmə ilə dolu bir ixlas idi.

Bunların düşüncələrinin nə qədər tərəfgir olduğunu və ixlas səviyyələrinin nə olduğunu ortaya qoymaq üçün, bunların bəzi hekayələrini nəql edək:

Xaricilər haqqında, bu xəbər rəvayət edilir:

Abbasın oğlu Abdullah, Əli (radiyallahu anh) tərəfindən Xaricilərə göndərildiyi vaxt, onların yanına gəlib onlarla münazirə etdi. Abdullah, uzun müddət səcdədə qalmaları səbəbilə, alınlarının yaralı; əllərinin dəvə dizləri kimi qabar; üzərlərində təmiz paltarlar olduğunu gördü. (əl-Mubərrid, "əl-Kamil", 2-ci cild, s. 134) Bu hekayə, onların ixlaslarının bir görüntüsüdür. Bununla bərabər, onların ağıllarına, tərəfdarlıq hakim olmuşdu. Daha əvvəl də gördüyümüz kimi, bunlar, "Əli, müşrikdir." demədiyi üçün, Abdullah b. Habbab'ı öldürmüşdülər. Buna müqabil isə, bir xristiyanın xurmasını, qarşılığını vermədən qəbul etməmişdilər. Hekayəni, əl-Mubərrid'in "əl-Kamil" əsərindən olduğu kimi nəql edək:

"Xaricilərin çox qəribə xəbərlərindən biri də budur:

Onlar, bir Müsəlman, bir də xristiyan ilə qarşılaşdılar. Müsəlmanı öldürdülər, xristiyana isə yaxşılıq etdilər. Və xristiyan haqqında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vermiş olduğu, "Amana sədaqət göstərin." dedilər. Digər yandan, Abdullah ilə, boynunda Quran, yanında isə hamilə xanımı olduğu halda qarşılaşdılar və ona belə dedilər:

'Sənin boynunda asılı olan, bizə, səni öldürməyimizi əmr edir.'

'Hakimə müraciət etmədən əvvəl Əli haqqında; və xilafətinin ilk 6 ilində Osman haqqında nə deyirsən?', deyə soruşdular.

Abdullah, (bu 2 səhabəni) xeyirlə xatırladı.

Bunun üzərinə xaricilər, 'Hakimə müraciət haqqında nə deyirsən?' deyə soruşdular.

Abdullah, 'Əlinin, Allahın kitabını sizdən daha yaxşı bildiyini; və Allahın dinini sizdən daha yaxşı qoruduğunu; və görüşünün sizdən daha bəsirətli olduğunu deyirəm.' deyə cavab verdi.

Xaricilər, 'Sən, hidayətə tabe olmur, adlarına baxaraq adamlara tabe olursan.' dedilər və Abdullahı çay kənarına aparıb ordaca kəsdilər.

Digər tərəfdən, bir xristiyandan bir xurma ağacı istədilər. Adam, 'Götürün, sizin olsun.' dedi. Onlar isə, 'Allaha and olsun ki, pulunu vermədən götürmərik.' deyə cavab verdilər. Bunun üzərinə o xristiyan: "Bu, nə qəribədir. Abdullah b. Habbab kimi adamı öldürürsünüz; lakin bizim xurma ağacımızı pul vermədən almaq istəmirsiniz?' dedi."

Görəsən Xaricilərdə olan və bir-birinə zidd bu sifətlərin varlıq səbəbi nə idi?

Bir tərəfdə təqva və ixlas, digər yanda azğınlıq, çılğınlıq, ifrat, qatılıq, inanclarına dəvət etmədə ifrat, insanları zorla azğın görüşlərini qəbullanmağa məcbur etmək, İslam dininin yumşaqlığı ilə, ixlas və təqvanın qəlblərə doldurduğu şəfqət və mərhəmətlə üst-üstə düşməyən davranışlar...

Qənaətimizcə, bu ziddiyyətin əsl səbəbi bu idi:

Xariciyyə məzhəbinə mənsub olanların çoxu, bədəvi ərəblərdən; çox azı isə, şəhərli ərəblərdən idi. Bədəvilər, İslamdan əvvəl çox kasıb idilər. İslamın ilk dövrlərində bunların halları, arzu edilən şəkildə düzələ bilmədi. Çünki bədəvilər, çöllərdə isti və çətin həyat şərtləri altında yaşamağa davam etdilər.

İslam, bunların qəlblərini fəth etdi, ancaq düşüncələri səthi idi, üfüqləri dar və elmdən uzaq idilər. Beləcə, bu insanlardan mömin, lakin düşüncə sahələri dar olduğu üçün təəssübkeş, çöldə yaşadığı üçün emosianal, daha əvvəl bol nemət tapmadıqları üçün zahid bir camaat ortaya çıxdı. Çünki kasıblıqdan gələn bir adamın nəfsini, iman tərbiyə edər, vicdanını sağlam bir etiqad tutarsa, bu şəxs, maddi şəhvətlərdən, həyat ləzzətlərindən üz çevirər, bütünü ilə axirətin nemətlərinə yönələr.

Xaricilərin, çöldə yaşadıqları bu həyat tərzi, onları, sərtliyə, şiddətə və kobudluğa sövq etmişdi. Çünki nəfslər, adət etdikləri şeylərin bir surətidirlər. Əgər bunlar, rifah içərisində bir həyat yaşasa, nemətlərə boğulsa idilər, əlbəttə ki, onların sərtlikləri və şiddətləri xəfifləyəcəkdi.

Rəvayətə görə, şiddəti mənimsəyən qrupdan əbu'l-Xayr deyə adlandırılan bir adamın Xaricilərin görüşündə olduğu xəbəri, İraq valisi Ziyad b. Əbih'ə çatdı. Ziyad, bu adamı çağırdı və ona bir vəzifə verdi. Maaş olaraq da, hər ay üçün 4000 dirhəm təqdir etdi. Bununla bərabər, hər il, buna, 100.000 dirhəm də əlavə etdi. Bunun üzərinə, əbu'l-Xayr belə deyərdi:

"İtaətdən ayrılmamaqdan və camaatın içində olmaqdan daha xeyirli bir şey görmədim."

Əbu'l-Xayr, vali olaraq vəzifəsinə davam etdi. Nəhayət, Ziyad onun bir işini tənqid edincə, Ziyada qarşı çıxdı. Bunun üzərinə Ziyad, onu həbs etdi və əbu'l-Xayr həbsxanada öldü. (əl-Mubərrid, "əl-Kamil", 2-ci cild, s. 163)

Baxın, nemətlər təbiətləri necə yumşaldır; nəfsləri necə tərbiyə edir; mütəəssib və sərt olan bu adamı, necə incə ruhlu qılır.

Əgər biz, Xariciyyə məzhəbinə mənsub olanların, camaatdan ayrılma səbəblərini ixlaslı olmaqlarına bağlayacaq olsaq, bu, onların ixlaslarının tam olduğu mənasına gəlməz. Əksinə, onların ixlaslarını bulandıran bəzi səbəblər vardı. Əli (radiyallahu anh)'a qarşı gəlmələrinə səbəb, sadəcə Haqqa inanmaları deyildi, başqa səbəblər də vardı. Bunların ən başda gələni də, Xariciyyə məzhəbinə mənsub olanların, xilafəti əlində tutan Qureyşi gözlərinin götürməməsi idi. Bunun dəlili, Xaricilərin çoxu, Rabiə qəbiləsindən idi. Rabiə qəbilələrilə Mudar qəbilələri arasında, cahiliyyə dövrü kinləri davam etməkdə idi. Hər nə qədər İslam bu kinləri xəfiflətmişdi isə də, tamamilə silə bilməmişdi. İnsanların nəfslərində, bu hislərin qalıqları mövcud idi.

İnsanların zehnlərində qalan bu cür qalıqlar, görüşlərdə və məzhəblərdə özünü göstərir. O məzhəbi qəbul edənlər və ya o görüşləri mənimsəyənlər, bu qalıqları hiss etməzlər. Bəzən insanın başına bir qəzəb hakim olur, onu müəyyən bir istiqamətdə düşünməyə sövq edir. Bax o insan, düşüncəsində ixlaslı olduğunu, ağlının isə, özünü doğru yola apardığını zənn edir. Bu hal, həyatın hər sahəsində açıqca görülə bilir. İnsan, özünə ağrı-əzab vermə ehtimalı olan hər cür düşüncədən qaçır. Hal belə olunca, əksəriyyəti Rabiə qəbiləsindən olan Xaricilərin, İslam dəvətinin başında olan xəlifələrin Mudar qəbiləsindən olduğunu görüncə, onların etiqadlarından qaçdıqlarını; və xilafət haqqındakı düşüncələrində, fərqində olmadan, hiss etdikləri nifrətin təzyiqi altında müəyyən bir nöqtəyə yönəldiklərini; söylədiklərinin, dindən başqa bir şey olmadığını zənn etdiklərini; onları belə davranmağa sövq edən səbəbin, dinlərində səmimi olmaqdan başqa bir şey olmadığını zənn etdiklərini düşünməyimiz, yerindədir.

Xaricilərin çoxu, ərəbdir. Bunların içində ərəb olmayanların sayı, çox azdır. Halbuki Xavaricin görüşlərinə görə, şərtləri özündə daşıması şərtilə, ərəb olmayanların da xəlifə ola biləcəyi qəbul edilməkdədir. Çünki Xaricilər, xəlifəliyi ərəb ailələrdən bir ailəyə və ərəb qəbilələrindən bir qəbiləyə təxsis etməzlər. Hətta insan irqlərindən bir irqə və ya qruplarından bir qrupa aid saymazlar. Buna baxmayaraq, ərəb olmayanların, Xarici məzhəbindən nifrət etmələri, Xariciyyə məzhəbinə mənsub olanların, ərəb olmayanları sevməmələri və əleyhlərində olmalarıdır.

İbn əbi'l-Hədid, belə bir hadisə rəvayət edir:

"Ərəb olmayan bir adam, Xaricilərdən bir qadınla nişanlandı. Xaricilər qadına, "Bizi biabır etdin." dedilər."

Əgər Xaricilər bu təəssübü tərk etmiş olsalardı, bəlkə də ərəb olmayanların çoxu onlara tabe olardı.

Xaricilər içində, ərəb olmayanların sayının az olmasına baxmayaraq, bunların, firqə içərisində böyük nüfuzları vardı. Məsələn:

~ Yezid b. Ənis'ə tabe olan "Yezidiyyə" firqəsi, Allah Taalanın, əcəmlərdən (ərəb olmayanlardan) bir peyğəmbər göndərəcəyini; ona, Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriətinin hökmünü qaldıran bir kitab verəcəyini iddia etmişlərdir. Şübhəsiz ki, bu görüş, fars görüşüdür. Çünki farslar, öz millətlərindən bir peyğəmbər göndərilməsini çox istəyirdilər.

~ Yenə Meymun əl-Əlacrədi'yə tabe olan "Meymuniyyə" firqəsi, uşaqların, bacı və qardaşların qızları ilə evlənmələrini halal saydılar. Bu da, bir fars görüşüdür. Çünki İslamdan əvvəl məcusi olan farslar, bu cür evlilikləri halal sayırdılar.

Xarici firqələrinin müştərək prinsipləri:

Daha əvvəl danışdıqlarımızdan, Xariciyyə məzhəbinə mənsub olanların düşüncə tərzlərini və qəbilələrini öyrənmiş olduq. İndi isə, onların prinsiplərini öyrənməyə çalışaq:

Bu, bir həqiqətdir ki, Xaricilərin prinsipləri:

~ özlərinə xas düşüncələrinin;

~ səthi görüşlərinin;

~ saf ağıllarının;

~ Qureyşə və bütün Mudar qəbilələrinə qəzəblənmələrinin

bir təzahürüdür.

1. Görüşlərindən biri, budur: Xəlifə, ancaq sərbəst və sağlam bir seçkilə başa keçə bilər. Seçkiyə, Müsəlmanların sadəcə bir qismi deyil, bütün Müsəlmanlar qatılmalıdır. Xəlifə ədalətli davrandığı, şəriəti ayaqda saxladığı, xəta və ayağının büdrəməsindən uzaq olduğu müddətcə, xəlifə olaraq başda qalar. Əgər doğru yoldan ayrılarsa, onun vəzifədən əzl edilməsi və ya öldürülməsi lazımdır.

2. Xəlifəlik sadəcə ərəb qəbilələrindən bir ailəyə məxsus deyildir. Başqalarının dediyi kimi, xəlifəlik, sadəcə Qureyşə və ya ərəblərə aid deyildir. Xəlifə olma xüsusunda bütün Müsəlmanlar, bərabərdir. Hətta Xaricilər, dinə müxalifət etdiyi və doğru yoldan ayrıldığı təqdirdə, vəzifədən alınması, yaxud öldürülməsi asan olsun deyə, xəlifənin Qureyşdən olmamasını tərcih edirlər. Çünki belə bir xəlifənin, özünü qoruyacaq tərəfdarları və özünü müdafiə edəcək bir qəbiləsi olmaz. Xaricilər, bu nöqtədən hərəkətlə, içlərindən Abdullah b. Vehb ər-Rasibi'yi seçdilər, onu başlarına əmr qıldılar və ona "əmirə'l-mu'minin" dedilər. Abdullah, Qureyş qəbiləsindən deyildi.

3. Xariciyyə məzhəbinin "Nəcədat" firqəsi, insanların, öz aralarında insaflı davrandıqları müddətcə, xəlifəyə ehtiyac duyulmayacağını; özlərini doğru yola sövq edəcək bir imam olmadıqca, aralarında insaflı davrana bilməyəcəyini başa düşər və (bundan dolayı) bir xəlifə təyin edərlərsə, bu davranışları caizdir. Xaricilərə görə, xəlifənin başa gətirilməsi, dinən vacib olmayıb caizdir. Ancaq ehtiyac və mənfəət gərəyi, vacib ola bilər.

4. Xariciyyə məzhəbinə mənsub olanlar, hər günah işləyənin kafir olduğu görüşündədirlər. Xaricilər bu xüsusda günahlar arasında böyük-kiçik fərqi qoymazlar. Hətta insanın, görüşündə xəta etməsini də günah sayarlar. Bunun üçündür ki, xaricilər, hakimə müraciət etdiyi üçün, Əli (radiyallahu anh)'ı, dindən çıxmaqla ittiham etmişdilər. Halbuki Əli (radiyallahu anh), hakimə, öz istəyilə müraciət etməmişdi. Belə olduğu qəbul edilsə belə, hakimə müraciət etmək, ictihad edib xəta etməyin fövqündə bir günah sayılmamalıdır. Bu da, hakimə müraciətin xətalı olduğuna bağlıdır. Xaricilərin, Əli (radiyallahu anh)'ı dindən çıxmaqla günahlandırdıqları, onların, ictihad edib xətaya düşən şəxsin dindən çıxdığı görüşünü müdafiə etdiklərinə bir dəlildir. Yenə ictihadları nəticəsində Xaricilərin bəzi görüşlərinə müxalif olan Talha, Zubeyr və digər böyük səhabələr üçün də, eyni şeyləri söyləmişlərdir.

Xaricilərin:

~ İslam camaatından ayrılmaqlarına;

~ Özlərinin xaricindəki camaatları kafir saymaqlarına; və

~ İdarəçiləri mütəmadiyyən narahat etmələrinə

səbəb olan prinsipləri, bax bu prinsipdir. Bu səbəblə, xaricilərin istinad etdikləri dəlilləri, açıqlamağımız lazım gəlməkdədir. Bu dəlilləri, ibn əbi'l-Hədid, "Şərhu'l-Nəhcu'l-Bəlağa" adlı kitabında uzunca ələ almışdır. Bu dəlillər, Xariciyyə məzhəbinə mənsub olanların düşüncə səviyyələrini ortaya qoymaqdadır. Dəlillərin bir qismi bunlardır:

a. Allah Taala, belə buyurmaqdadır:

...وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا ۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنِ ٱلْعَـٰلَمِينَ

"...Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur." (Al-i İmran/97)

Görüldüyü kimi, bu ayət, həcci tərk edəni kafir saymışdır. Halbuki həcci tərk etmək, günahdır. O halda, hər günah işləyən, kafirdir.

b. Digər bir ayətdə, Allah Taala belə buyurur:

...وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰفِرُونَ

"...Allahın endirdiyi ilə hökm etməyənlər – məhz onlar kafirlərdir." (Maidə/44)

Xaricilər, "Hər günah işləyən, özünə, Allahın endirdiyindən başqa bir şeylə hökm etmiş olur, dolayısı ilə də, kafir sayılır. Allah Taala, buna bənzər bir çox ayətlər zikr etmişdir." deyirlər.

c. Yenə başqa bir ayətdə:

يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ ۚ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَـٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

"O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: 'İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!'– deyiləcəkdir." (Al-i İmran/106) buyurulmaqdadır.

"Günahkar" olan şəxsi, "üzləri ağaranlar"dan saymaq isə, mümkün deyildir. Dolayısı ilə, onların, üzləri qaralanlardan olması lazımdır və bunları "kafir" deyə adlandırmaq, vacibdir.

d. Bir başqa ayətdə, Allah Taala belə buyurmaqdadır:

وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ • ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ • وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ • تَرْهَقُهَا قَتَرَةٌ • أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ

"O gün neçə-neçə üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlar kafirlər, günahkarlardır!" (Əbəsə/38-42)

"Günahkar kimsə, üzü tozlanmış olanlardandır. Bu səbəblə, bunu kafir saymaq lazımdır."

e. Xaricilər, bu ayəti də dəlil gətirməkdədirlər:

...وَلَـٰكِنَّ ٱلظَّـٰلِمِينَ بِـَٔايَـٰتِ ٱللَّهِ يَجْحَدُونَ

"...Lakin o zalımlar, Allahın ayələrini inadla inkar edirlər." (Ənam/33)

Bu ayət ilə, zülmün, dinsizlik və küfr olduğu təsbit edilir. Günah işləyənin zalım olduğunda isə, şübhə yoxdur. ("Şərhu'l-Nəhcu'l-Bəlağa", 8-ci cild, s. 112; İsa əl-Babi əl-Hələbi nəşri)

Görüldüyü kimi, bütün bu dəlillər, mətnlərin zahirinə sarılmaqdan başqa bir şey deyildir. Ayətlərin çoxu, Məkkə müşriklərindən bəhs etməkdədir. Dolayısı ilə, bu sifətlər, o müşriklərə aiddir. Həcc haqqında zikr edilən ayət, həcc etməyəni deyil, həcc fərzini inkar edəni kafir olaraq adlandırır.

Xariciyyə məzhəbinə mənsub olanlar, hər zaman, dəlillərin zahirinə bağlı qaldıqları üçün, bunlarla münazirə edərkən, Əli (radiyallahu anh), naslarla cavab vermir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiklərini misal verirdi.

Əli (radiyallahu anh)'ın xaricilərə xitabən etmiş olduğu söhbətlərdən biri də, budur:

"Mənim xəta etdiyimi və azdığımı iddia edirsiniz. Bəs niyə bütün Muhamməd ümmətini də azmışlıqla ittiham edir, Mənim xətam səbəbilə onları hesaba çəkir və onları, Mənim günahlarım səbəbilə kafir sayırsınız? Qılınclarınız daim havada, onları günahkara da endirirsiniz, günahsıza da. Günahkarı, günahsızla qarışdırırsınız. Halbuki siz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

~ evli olduğu halda zina edən şəxsi rəcm etdiyini, cənazəsini də qıldırdığını, daha sonra mirasçılarını ona varis qıldığını;

~ haqsız yerə birini öldürəni, qisas yolu ilə öldürdüyünü, malını da mirasçıları arasında bölüşdürdüyünü;

~ oğrunun əlini kəsib, evli olmadığı halda zina edənə şallaq vurub daha sonra qənimət mallarından bunlara hissə verdiyini və bunların, Müsəlman qadınlarla evləndiklərini

çox yaxşı bilirsiniz.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunları, günahlarından dolayı hesaba çəkmiş və Allahın haqqını yerinə gətirmişdir. Lakin günah işlədikləri üçün, bunları, İslamın özlərinə verdiyi paylardan məhrum etməmiş və bunların adlarını, Müsəlmanların adlarından ayırmamışdır."

Bu dəyərli sözlərin, xariciləri susduran bir cavab olduğunu və onların demoqoqluq etmələrinə fürsət buraxmadığını görməkdəyik.

Əli (radiyallahu anh)'ın, nasslarla dəlil gətirməyib Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyi işlərlə (sünnətlə) dəlil gətirdiyi görülməkdədir. Çünki edilən işlər, təvil qəbul etməz, olduğu kimi başa düşülər. Dolayısı ilə, xaricilərin, səthi düncələrinə, tək tərəfli görüşlərinə və bəzi təfərrüata dalıb qalmalarına imkan verməz. Mətn və nassların, tək yönlü başa düşülməsinə girişilməsi, onları əsl məqsədlərindən uzaqlaşdırır. Buna qarşılıq, mətnləri hər yönü ilə ələ almaq və geniş bir nəzərlə baxmaq, insanı doğru yola çatdırır. Hər yönü ilə haqqı başa düşməyə sövq edir.

Xaricilərin öz aralarındakı ixtilafları:

Bura qədər danışdıqlarımız, Xariciyyə məzhəbinə mənsub olanlardan çoxunun, üzərində ittifaq etdikləri prinsiplərdir. Xavaric, bunların xaricində qalan prinsiplərdə ittifaq edə bilməmiş, əksinə, ixtilafa düşmüşlərdir. Hətta ən bəsit məsələlərdə belə, aralarında ixtilaf çıxmışdır. Bəlkə də, döyüşdə mətanətli və güclü olmalarına baxmayaraq məğlub olmaqlarına səbəb, öz aralarında ixtilaf içində olmalarıdır.

Əməvilər tərəfindən Xaricilərlə döyüşmək üçün vəzifələndirilən Muhəlləb b. əbi Sufra, Xavaricin bir-birilərilə ixtilaf etmələrini, onları parçalamaq və güclərini zəiflətmək üçün bir vəsilə etmişdi. Hətta Muhəlləb, onları ittifaq içində görüncə, aralarına, onları ixtilafa salacaq şəxslər göndərərdi.

İbn əbi'l-Hədid, bunları rəvayət edir:

Xariciyyə məzhəbində böyük bir firqə olan "Əzariqa"ya mənsub bir dəmirçi, Muhəlləb b. əbi Sufra'nın tərəfdarlarına atılan zəhərli oxlar düzəldirdi. Muhəlləbə bu məsələ haqqında danışıldı. Muhəlləb, "İnşallah, mən, sizi bunun şərrindən qurtaracam." dedi. O, dostlarından birinə bir məktub ilə 1000 dirhəm pul verdi və Xariciyyə firqəsinin əmiri və komandiri olan Qatari b. Fucaə'nin ordusuna göndərdi. Və o adama belə dedi: "Bu məktubla pulları, əsgərlərin içinə burax və özünü əsla ələ vermə." Adam getdi və məktubda bunlar yazılmışdı:

"Oxların bizə çatdı. Sənə 1000 dinar göndərdim. Bunu al və bizə ox göndərməyə davam et."

Məktub, Qatari'nin əlinə keçdi. Qatari dəmirçini öz yanına çağırdı. "Bu məktub nədir?" deyə soruşdu. Dəmirçi, "Bilmirəm." deyə cavab verdi. Bunun üzərinə Qatari, əmr verərək adamı öldürtdürdü. Bu səbəblə, Qatari'nin ordusundan Qays b. Sələbə'nin tərəfdarı olan "Əbdu'r-Rabih əs-Sağir" adlı adam, Qatari'yə gəldi və "Dəlilsiz, sübutsuz adamı öldürdün!" dedi. Qatari, bu cavabı verdi: "Bu 1000 dirhəm nədir?"

- Əbdu'r-Rabih: "Bu iddia, doğru da ola bilər yalan da." deyə cavab verdi.

- Bunun üzərinə Qatari, belə dedi:

"Cəmiyyətin mənfəəti üçün bir adamı öldürmək, xoş qarşılanmayan bir şey deyildir. İmam, ümumun mənfəətinə gördüyü şeyə hökm verər. İmama tabe olanların, etiraza haqqı yoxdur."

Əbdu'r-Rabih, özünə qatılan bu qrupla, bu hadisəyə etiraz etdi, lakin yenə də onlardan ayrılmadı.

Xaricilər arasında çıxan bu ixtilaf, Muhəlləb b. əbu Sufra'ya çatdığında, Muhəlləb, ixtilafı qızışdırmağa və anlaşılmazlığı alovlandırmağa başladı. Xaricilərin içinə, bol maaş verdiyi bir xristiyan göndərdi və ona belə dedi:

"Qatari'yi gördüyün vaxt, ona səcdə et. Əgər sənə qəzəblənsə, ona de ki, 'Mən, ancaq sənə səcdə etdim."

Xristiyan, ona deyiləni etdi.

- Qatari ona, "Səcdə, ancaq Allaha edilir." dedi.

- Xristiyan: "Mən, ancaq sənə səcdə etdim." deyə cavab verdi.

- Bunun üzərinə xaricilərdən bir adam:

"Bu, Allahı qoyub sənə səcdə etdi." dedi və bu ayəti oxudu:

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَ‌ٰرِدُونَ

"Siz və Allahdan başqa tapındıqlarınız, Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz." (Ənbiya/98)

Qatari bu cavabı verdi:

"Xristiyanlar, Məryəm oğlu İsaya səcdə etdilər. Onların bu tapınmaları, İsaya hər hansı bir zərər vermədi."

Xaricilərin içindən başqa bir adam ortaya çıxdı və xristiyanı öldürdü. Qatari, bu davranışa qəzəbləndi, xaricilərdən bir qismi də Qatari'yə qəzəbləndi.

Bu ixtilaf Muhəlləbə çatdığında, Muhəlləb, aralarındakı ixtilafı daha da alovlandırmaq istədi və bunlara, fərqli suallar ünvanlaması üçün bir adam göndərdi. Adam, onlardan bu sualı soruşdu:

"Sizə gəlmək üzərə 2 adam yola çıxsa, bunlardan biri sizə çatmadan yolda ölsə; digəri isə, sizə çatsa, siz də onu imtahan etsəniz və o da imtahanda müvəffəq olmasa, bu 2 şəxs haqqında nə deyirsiniz?"

Xaricilərdən bəziləri belə dedilər:

"Ölən, cənnətlikdir. İmtahanda müvəffəq ola bilməyən isə, imtahanda müvəffəq ola bilməyincəyə qədər kafirdir."

Digər bir qrup da, bu cavabı verdi:

"Onların hər ikisi də, kafirdir."

Bunun üzərinə, xaricilərin öz aralarındakı ixtilaf, getdikcə artdı. Liderləri olan Qatari, "İstəhr" deyilən yerin sərhədlərinə qədər getdi. Orda 1 ay oturdu. Xalq isə, yenə ixtilafında davam etdi.

Görüldüyü kimi, dahi komandir olan Muhəlləb, xaricilər arasındakı anlaşılmazlığı alovlandırır, arzusuna çatır, ixtilafla parça-parça olmuş və özü arasında qruplaşmış bu firqənin qarşısına ordu ilə çıxır.

Həqiqətən, Xaricilərin ixtilaf içində olduqları, öz aralarında və başqaları ilə etmiş olduqları münaqişələrdən başa düşülməkdədir. Oxuyucuya, bunların münaqişələrindən və fərqli məzhəblərindən, fərqli məlumatlar vermək lazımdır.

Xaricilərin mübahisələri:

Xariciyyə məzhəbinə mənsub olanların, bir çox sifətləri vardır. Bunlar, bu sifətlərilə:

~ mübahisəçi;

~ məzhəbləri haqqında münaqişəyə girişən;

~ müxaliflərinin dəlillərini istifadə edə bilən;

~ görüşlərinə ifrat şəkildə bağlı olan

bir topluluq halına gəlmişlərdir. Beləcə, xaricilərin görüşləri, tərəfgir və tək yönlü bir şəkildə formalaşmışdır. Bunların görüşləri:

~ yaxşını pisdən ayırd edəcək;

~ fərqli görüşləri ölçüb-biçəcək;

~ haqqı batildən ayırd edəcək kriteriyaları təyin edəcək

bir vəsfdə olmamışdır.

Xariciyyə məzhəbinə mənsub olanlar, mübahisə və söhbətlərində, bu sifətlərlə tanınmışlardır:

1. Xavaric, gözəl danışıqları ilə, iqna (qənaət yaratmaq, inandırmaq) üsullarını bilmələrilə tanınmışlardır. Onlar soyuq qanlı olar; müxalifləri qarşısında təəccüblənməz; həyəcana qapılmaz; və görüşlərini unudacaq ölçüdə, özlərini itirməzlərdi.

Rəvayətə görə:

Əbdü'l-Məlik b. Mərvan, xaricilərdən bir nəfəri hüzuruna gətirtdi. O adamın, anlayışlı, alim və zəkalı bir şəxs olduğunu gördü və məzhəbindən dönməsini istədi. Lakin adamın şüurlu və incə düşünən bir şəxs olduğunu gördü. Bunun üzərinə, Əbdü'l-Məlik, adamın, məzhəbindən dönməsini, təkrar tələb etdi. Adam isə, belə cavab verdi:

"Bir dəfə deməyiniz, kifayət edir. Siz danışdınız, mən dinlədim. İndi, mən danışım, siz dinləyin."

Əbdü'l-Məlik ona, "Danış" dedi. Bu şəxs, danışmağa başladı. Adam, açıq və sadə bir dillə, məzhəbini bildirməyə və gözəl göstərməyə başladı.

- Əbdü'l-Məlik, belə dedi:

"Az qalsın qəlbimə, cənnətin onlar üçün yaradıldığı və onlarla bərabər cihad etməyin daha əfdal olduğu fikri yerləşirdi. Sonra Allah Taalanın mənə ilham etdiyi sarsılmaz dəlillərə müraciət etdim və qəlbimdə yerləşən haqqa yönələrək, o adama belə dedim:

'Dünya da, axirət də Allahındır. Allah məni, dünyada nüfuz sahibi qıldı və bizə orda imkanlar verdi."

İkisi arasındakı söhbətlər davam edərkən, Əbdü'l-Məlik'in oğlu, ağlayaraq yanına gəldi. Əbdü'l-Məlik, buna dözə bilmədi. Bunun üzərinə, Xarici məzhəbinə mənsub olan adam, Əbdü'l-Məlik'ə bu sözləri söylədi:

"Qoy ağlasın. Çünki ağlamaq, çənəni genişləndirir, zehni sağlamlaşdırır. Səsin gur olmasını təmin edər. Rəbbinə itaət mövqeyində olduğu vaxt da, asanca ağlayar və bol göz yaşı tökər."

Əbdü'l-Məlik, buna bu cavabı verdi:

"İçində olduğum hal, sənin belə danışmağına əngəl olmurmu?"

Xarici, bu cavabı verdi:

"Mömini haqqı söyləməkdən uzaq tutan hər hansı bir əngəl olmaz."

Bunun üzərinə, Əbdü'l-Məlik, onun həbs edilməsini əmr etdi və arxasından da üzr istəyərək bunları dedi:

"Əgər sən, sözlərinlə xalqımın əksəriyyətini ifsad edəcək bir təhlükə ərz etməsəydin, səni həbs etməzdim. Məni şübhəyə salan; və (Allahın qoruması olmasa idi) məni də yoldan çıxara biləcək bir şəxsin, məndən sonra gələnlərin ağlını alması, uzaq bir ehtimal deyildir." (əl-Mubərrid, "əl-Kamil", 2-ci cild, s. 146)

2. Xaricilər, gözəl nitqləri ilə bərabər, kəskin zəkaları, hazır cavablıqları və emosionallıqları ilə Kitab və sünnəti öyrənmək, hədisləri və ərəb ədəbiyyatını yaxşıca bilmək istəyirdilər.

Deyildiyinə görə, Xaricilərdən "Əzariqa" qrupunun lideri Nafi b. əl-Əzraq, Abdullah b. Abbas'dan faydalanırmış. Bir dəfə, Abdullah b. Abbasdan, "وَمَا وَسَقَ / mə vəsəqa / (Gecəyə və onun) ağuşuna aldıqlarına." (İnşiqaq/17) ayətinin mənasını soruşmuş, ibn Abbas da, "ağuşuna aldıqları" deməkdir deyə cavab vermişdir. Bunun üzərinə Nafi, "Ərəblər bunu bilə bilərlərmi?" deyə soruşmuş, ibn Abbas da:

"Bəli, şairin: 'Əgər özlərini güdən birini tapsalar...Bir araya toplanmağı istəyən hiqqa yaşında (4 yaşında) dəvələrimiz vardır.' şəklindəki şeirini eşitmədinmi? Burda, 'vəsəqa' kökündən 'mustəvsiqat' kəliməsini istifadə etmişdir və bu kəlimə, 'toplanmaq' mənasına gəlir." dedi.

Yenə bir dəfə, Nafi, ibn Abbas'dan soruşdu:

"Allahın peyğəmbəri olan Süleymana, Allahın bu qədər nemət verməsinə baxmayaraq necə olur ki, Süleyman, gücsüz və aciz olan Hüdhüd quşundan kömək gözləyir?"

Abdullah belə cavab verdi:

"Süleymanın suya ehtiyacı vardı. Hüdhüd, uzağı yaxında imiş kimi görə bilən, yer üzü özü üçün bir şüşə kimi şəffaf olan bir quş idi. O, yerin içini də, üstünü də görürdü. Bunun üçündür ki, Süleyman onu axtarmışdı."

Bunun üzərinə Nafi belə dedi:

"Dayan, ey söz söylətməyən! Hüdhüd necə olur ki, üzərini bir barmaq torpağın örtdüyü tələni görmür, ancaq yerin altını görür?"

İbn Abbas (radiyallahu anh) belə cavab verdi:

"Veyl olsun sənə, ey Əzraq'ın oğlu! Bilmirsənmi ki, qədər gəlincə göz bağlanır?"

Bəli, xaricilər Quran-i Kərimi və Sünnəti, bilənlərdən öyrənməyə çalışırlardı. Lakin təəssüf ki, görüşləri tək tərəfli olduğu üçün, öyrəndikləri şeylərdən tam mənası ilə istifadə edə bilmirlərdi.

3. Xaricilər, münazirə etməyi, şer və ədəbiyyat mətnləri oxumağı çox xoşlayırdılar. Bunlar, döyüş vaxtlarında belə, müxaliflərilə qarşılıqlı münazirələrə girişərdilər. İbn əbi'l-Hədid, "Əğani" adlı kitabdan bunları nəql edir:

Xaricilər, Əməvi tərəfdarı olan Muhəlləb ilə xaricilərin lideri Qatari b. əl-Fucaə arasında meydana gələn döyüşdə, müxaliflərini bir anlıq saxlayır, onlardan dini mövzularda suallar soruşurdılar. Sual yönləndirərkən, sükunət və tam bir əmin-amanlıq içərisində hərəkət edirdilər.

Bir gün, Xariciyyə firqəsindən Ubeydə b. Hilal əl-Yəşkuri, qarşı tərəfin əsgərlərindən əbu Huzabə ət-Təmimi adlı şəxsi saxladı və ondan bunları soruşdu:

"Ey əbu Huzabə! Səndən bəzi şeylər soruşacam. Mənə doğru cavab verəcəksənmi?"

- əbu Huzabə:

"Əgər sən də eyni şəkildə davranacaqsansa, bəli."

- Ubeydə:

"Qəbul edirəm."

- əbu Huzabə:

"Elə isə, istədiyini soruş."

- Ubeydə:

"İmamlarınız haqqında nə deyirsən?"

- əbu Huzabə:

"Onlar, axıdılması haram olan qanın axıdılmasını halal görürlər."

- Ubeydə:

"Veyl olsun sənə! Bəs mal və sərvət haqqındakı davranışları necədir?"

- əbu Huzabə:

"Malı qeyr-i məşru yerlərdən toplayır və layiq olmayan yerlərə xərcləyirlər."

- Ubeydə:

"Onlar yetimə qarşı necə davranırlar?"

- əbu Huzabə:

"Onlara, malları xüsusunda zülm edirlər və haqlarını tapdalayırlar."

- Ubeydə:

"Veyl olsun sənə, ey əbu Huzabə! Sən belə adamlaramı tabe olursan?!"

Bu söhbətlərdən də başa düşülür ki, münaqişə etmək və mücadiləyə girmək arzusu, xaricilərin düşüncələrinə hakim olmuş, elə ki, bunlar, özlərilə döyüşən müxaliflərilə fikir alış-verişi etmək üçün, döyüşü tərk edib münazirə edirlərdi.

4. Münazirələrində təəssüb hakim idi.

Xaricilər, müxaliflərinin heç bir dəlilini qəbul etməz, nə qədər açıq və haqqa yaxın olursa olsun, onların görüşlərilə qənaət gətirməzlərdi. Əksinə, müxaliflərinin dəlilləri güclü olduğu nisbətdə, inanclarına daha çox sarılar və öz inanclarını dəstəkləyən dəlilləri daha çox incələyərdilər. Bunun səbəbi, kor-koruna düşüncələrinə bağlanmaları; və məzhəblərinin, qəlblərinə yerləşməsi, bütün düşüncə və idrak yollarını tutması idi. Digər yandan xaricilər, bədəviliklərini əks etdirən bir şəkildə, münazirələrində çox sərt və qatı idilər. Bunların tək yönlü düşünmələrinə və başqa yönləri diqqətə almamalarına səbəb də, bu idi.

Xaricilərin, məzhəblərini ifrat dərəcədə müdafiə etmələri, bunların bəzən hədislər uyduraraq Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə nisbət etmələrinə səbəb olmuşdur. Belə ki:

Xaricilərdən bir adam, etdiklərindən dönüb tövbə edincə, Allah rəsulunun hədislərini incələmələri üçün alimləri dəvət etdi. Çünki xaricilər, dəlil tapa bilmədikləri vaxt, hədis uydurur, Allah rəsuluna nisbət edirlərdi.

5. Daha əvvəl də işarət etdiyimiz kimi, Xaricilər, Quranın zahirinə çox möhkəm sarılar, əsl məqsədini başa düşməyə isə, yaxınlaşmazdılar. Ayət oxunduğunda ilk ağla gələn məna ilə kifayətlənər, ondan zərrə qədər ayrılmazdılar.

Xaricilər, özlərinə ünvanlanan ittihamlar qarşısında özlərini müdafiə etmək üçün, Quranın zahirinə bağlı qalır və həqiqi mənasını araşdırmağa yaxın durmurdular.

Yuxarıda, əbu Huzabə ilə münazirəsinə yer verdiyimiz Ubeydə b. Hilal əl-Yəşkuri, bir dəmirçinin xanımı ilə münasibət xüsusunda ittiham edildi. Bu adamın, dəmirçinin evinə dəfələrlə icazəsiz girib-çıxdığını gördülər. Bunun üzərinə xaricilər, özlərinə əmir seçdikləri Qatari b. Fucaə'yə gəldilər və ona məsələni ərz etdilər. Fucaə onlara bu cavabı verdi:

"Ubeydə dini cəhətdən, bildiyiniz mərtəbədədir. Cihad cəhətindən isə, gördüyünüz mövqedədir."

- Bunun üzərinə xaricilər:

"Biz, onun etmiş olduğu bu fuhuşu qəbul edə bilmərik." deyə cavab verdilər.

- Qatari:

"Gedin!" dedi.

O, sonra Ubadəyə bir adam göndərərək, məsələni ona bildirdi. Ubeydə gəlib bu cavabı verdi:

"Ey möminlərin əmiri! Gördüyünüz kimi, mənə böhtan atdılar."

- Qatari belə dedi:

"Səni onlarla üzləşdirəcəm. Nə günahkarların boyun əydiyi kimi onlara boyun əy; nə də günahsızların üsyan etməsi kimi üstə çıxmağa çalış!"

Qatari, bunları üzləşdirdi. Ubeydə ayağa qalxıb:

إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم ۖ بَلْ هُوَ خَيْرٌ لَّكُمْ ۚ لِكُلِّ ٱمْرِئٍ مِّنْهُم مَّا ٱكْتَسَبَ مِنَ ٱلْإِثْمِ ۚ وَٱلَّذِى تَوَلَّىٰ كِبْرَهُۥ مِنْهُمْ لَهُۥ عَذَابٌ عَظِيمٌ

"Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir." (Nur/11)

ayətini oxudu. Onlar bunu eşidincə ağlamağa başladılar. Ayağa qalxıb Ubeydə'nin boynuna sarılaraq, ona: "Bizim üçün Allahdan bağışlanma istə." dedilər. ("əl-Kamil", 2-ci cild, s. 236-237)

Ubeydə ayət oxuyaraq özünü ittiham edənləri, o mövzudan uzaqlaşdırdı. Onların, ittihamlarında doğru olduqlarını isbatlayaraq özünün cəza görməsinə; və ya yalançı olduqlarını təsbit edərək onların, böhtan atdıqlarına fürsət vermədi.

Ayətin zahirinə baxaraq, mənasını düşünmədilər. Beləcə, qəti bir dəlilə istinad etmədən, Ubeydəni "zina" etməklə ittiham etdikləri kimi; yenə hər hansı bir dəlilə istinad etmədən, zina etməmiş olduğuna hökm etdilər. Beləcə, dərhal bir qərar dəyişikliyini gərəkdirəcək qüvvətli bir dəlil olmadığı halda, iddialarının tam əksinə qərar verdilər.

Xarici firqələri:

Bura qədər zikr etdiyimiz prinsiplər, xaricilərin ümumiyyətlə üzərində ittifaq etdikləri prinsiplərdir. Ancaq daha sonralar, Xaricilər, aralarında meydana gələn fərqli anlaşmazlıqlar səbəbindən, bir-birilərinə zidd müxtəlif qrup və məzhəblərə ayrıldılar. Xaricilər, öz aralarında çox az sayda döyüşmüşlərsə də, əslində bir çox qruplara ayrılmışlardır. Xariciləri bir-birinə salan və onları bölük-bölük edən səbəblər, bəzən çox bəsit, bəzən də köklü səbəblərdir. Bunların firqələrini izah edərkən, hansı səbəblərin köklü və hansılarının bəsit olduğu ortaya çıxacaqdır.

İndi isə, Xarici firqələri haqqında danışaq. Belə ki:

I. Müsəlman sayılan xaricilər

1. Əzariqa:

Bunlar, Hənifə oğullarından olan Nafi b. əl-Əzraq'a tabe olanlardır. Hənifə oğulları, Xaricilərin ən qüvvətliləri və ən izdihamlı olanları idi. Abdullah b. Zubeyr və Əməvilərdən gələn zərbələrə ilk məruz qalanlar da, bunlar idi. Abdullah b. Zubeyr və Əməvilərin komandirləri, 19 il Nafi'nin liderliyindəki xavariclə döyüşdülər. Nafi, döyüş meydanında öldürüldü. Ondan sonra liderliyi, oğlu Ubeydullah aldı. Daha sonra liderlik, Qatari b. əl-Fucaə'yə keçdi. Qatari dövründə, Əməvilər adına xaricilərlə döyüşən şəxs, əməvilərin, əl-Muhəlləb b. əbi Sufra adlı dahi komandirləri idi. Muhəlləb, döyüşdən əvvəl xaricilər arasında fitnə çıxardır, ondan sonra onlarla döyüşə girərdi. Bu səbəblə, Qatari dövründə xaricilər get-gedə zəiflədi. Çünki bunlar, öz aralarında bir-birilərini başa düşə bilmir, döyüş meydanlarında, anlaşılmazlıqlarının pis nəticələrinə uğrayırlardı. Digər tərəfdən, bütün Müsəlmanlar, bunların əleyhinə dönmüşdülər. Bununla bərabər, bunlar, digər qruplara qarşı çox qatı və sərt davranırlardı.

Xaricilər, Muhəlləb və ondan sonra gələn komandirlər dövründə, davamlı olaraq məğlub oldular və nəhayət təsirləri tamamilə itdi.

Əzariqa'nı digər xarici firqələrindən ayıran əsaslar, bunlardır:

a. Bunlar, özlərinə qarşı çıxanların sadəcə mömin olmadıqlarını deyil, eyni zamanda müşrik olduqlarına, əbədi olaraq cəhənnəmdə qalacaqlarına və qanlarının halal olduğuna inanırdılar.

b. Özlərinə qarşı çıxanların yaşadığı yerlər, onlara görə "Daru'l-Harb" idi. "Daru'l-Harb"da halal olan hər şey, burda halaldır. Məsələn, uşaqların, qadınların öldürülməsi, əsir alınması, müxaliflərin nökərləşdirilməsi, döyüşdən geri qalanların öldürülməsi, onlara görə halal idi.

c. Əzariqa firqəsi, özlərinə müxalif olanların uşaqlarının, əbədi olaraq cəhənnəmdə qalacağını deyirdilər. Başqa bir ifadə ilə, bunlara görə, müxaliflərinin kafir olmağına yol açan günahlar, uşaqlarına da sirayət edər və onları cəhənnəmlik edər.

Halbuki uşaqlar, heç bir günah işləməmişlərdir. Lakin bu görüş, fikri sapıqlıqdan başqa bir şey deyildir.

d. Bunlar, (evli olduğu halda) zina edənin "rəcm" cəzasını qəbul etməzdilər. Quranda zina edən kişi və qadına şallaq vurulmasından başqa bir cəza olmadığını, bu səbəblə, "rəcm" cəzasının Quranda zikr edilmədiyini iləri sürmüş və bu cəzanın, hədis ilə də sabit olmadığını iddia etmişlərdir.

e. Bunlara görə, böhtan cəzası, sadəcə namuslu qadınlara atılan böhtanlara tətbiq edilə bilərdi. Namuslu kişilərə böhtan atanlara, bu cəza tətbiq edilə bilməzdi. Çünki Əzariqa, bu ayətin sadəcə zahirinə baxmış, mənasını başa düşməyə çalışmamışlardı:

وَٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ثُمَّ لَمْ يَأْتُوا۟ بِأَرْبَعَةِ شُهَدَآءَ فَٱجْلِدُوهُمْ ثَمَـٰنِينَ جَلْدَةً وَلَا تَقْبَلُوا۟ لَهُمْ شَهَـٰدَةً أَبَدًا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ

"İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir." (Nur/4)

Bu ayət, namuslu kişilərə zina böhtanı atanların cəzasını zikr etməmişdir, deyirdilər.

f. Əzariqa, peyğəmbərlərin, kiçik və böyük günah işləyə biləcəklərini qəbul edirdilər.

Görüldüyü kimi, Əzariqa'nın bu son görüşü, özlərinin digər görüşlərilə zidd düşməkdədir. Çünki onlar, bir tərəfdən böyük günah işləyənin kafir olduğunu iddia edir, digər tərəfdən, peyğəmbərlərin də böyük günah işləyə biləcəklərini qəbul edirdilər. Bunlara görə, peyğəmbərlər, bəzən küfrə girib sonra tövbə edə bilərlər. Əzariqa, bu görşünü, bu ayətdən aldığını iddia edirdi:

إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا • لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَ‌ٰطًا مُّسْتَقِيمًا • وَيَنصُرَكَ ٱللَّهُ نَصْرًا عَزِيزًا

"Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin." (Fəth/1-3)

2. Nəcədat:

Bunlar, Hənifə qəbiləsindən olan Nəcdə b. Uveymir'ə tabe olanlardır. Bu firqə, digər xarici firqələrindən, hərbdən geri qalanları kafir qəbul etmə, kiçik uşaqların öldürülməsini halal görmə və müxaliflərilə bərabər olan kitab əhlinə qarşı vəziyyət almaq xüsusunda Əzariqa ilə görüş ayrılığına düşmüşlərdir. Əzariqa, müxaliflərilə birlikdə olan kitab əhlinin Müsəlmanlara sığınıb onların təminatı altında yaşadıqları üçün qanlarının axıdılmasının halal olmadığını iləri sürərkən; Nəcədat, -kitab əhlini himayə edən- müxalif Müsəlmanların qanları halal olduğu kimi, himayə edilən kitab əhlinin də qanlarının halal olduğunu iddia edirdilər.

Yenə, Nəcədat firqəsi, xəlifə təyininin dini cəhətdən vacib olmadığını, ümumun mənfəətinin gərəkdirdiyi vaxt vacib ola biləcəyini iləri sürürdülər. Bunlara görə, Müsəlmanlar, öz aralarında haqqı tövsiyyə edə və yerinə yetirə bilirlərsə, xəlifə təyin etmələri lazım gəlmir.

Nəcədat firqəsi, digər xarici firqələrinin gətirmədiyi yeni bir prinsip gətirmişdir. O da, "təqiyyə" prinsipidir (haşiyə). Bu prinsip gərəyi, Xariciyyə firqəsində olan bir şəxs, öz qanının axmasının qarşısını almaq və özünə ediləcək hücumları əngəlləmək üçün, özünü "əhl-i sünnət"dən göstərib əsl inancını açığa vurmaq zəmini tapıncaya qədər, əsl inancını gizlədə bilərdi.

Nəcdə b. Uveymir'in ardınca gedənlər, əvvəllər "Yəmamə" deyilən yerdə "əbu Talut əl-Xarici" deyilən şəxsin ardınca gedirdilər. Daha sonra bu firqə, əbu Talutu tərk edib Nəcdə'yə biət etdilər. Həm Nəcdə, həm də bu firqə gücləndi. Bəhreyn, Hadramut (Yəmənin cənub və cənub-şərqi), Yəmən və Taif bölgələrini istila etdilər. Nə var ki, digər firqələr kimi bunlar da, öz aralarında bızi məsələlərdə ixtilafa düşdülər və nəticədə bölündülər.

--------------------------------

(Haşiyə:

Təqiyyə nədir?

Lüğətdə, "bir kimsəni təhlükədən qorumaq" mənasındakı "vəqy" (viqayə) kökündən əmələ gələn "təqiyyə", "özünü qorumaq" mənasına gəlir.

"Təqiyyə" kəliməsi, Quranda keçməməklə bərabər, Al-i İmran surəsinin 28-ci ayətindəki "tuqat" kəliməsinin, eyni mənada "təqiyyə" şəklində də oxunduğu bilinməkdədir.

Zəruri hallarda baş vurula biləcək bir asanlıq (ruxsat) olan təqiyyə, möminlərin özlərindən olanları tərk edib kafirləri dost etməmələrini, lakin onlardan çəkinib qorunmaq halının bundan istisna edildiyini bildirən yuxarıdakı ayətə söykənməkdədir. Bunun xaricində, Quranda, qəlbi imanla dolu olduğu halda, küfr və inkara məcbur edilən kimsənin (Ammar b. Yasir'in) məzur sayıldığını ifadə edən ayətlə (Nəhl/106); Fironun rəiyyətindən olub imanını gizləyən kimsədən təriflə bəhs edilən ayətdən (Mu'min/28) yola çıxaraq, təhlükə qarşısında, insanın əsl inancını gizləyə biləcəyi qəbul edilmişdir.

-------------------------

Bu firqəyə mənsub olanlar, əmrləri Nəcdə b. Uveymir'ə, bu məsələlər səbəbilə qarşı çıxmışdılar:

a. Nəcdə, öz oğlunu, bir ordunun başına komandir təyin etmişdi. Bu ordu, getdiyi yerdə qadınları əsir aldı. Qənimət mallarını da bölmədən yedi. Buna baxmayaraq, Nəcdə, bunların bu davranışlarına göz yumdu.

b. Tərəfdarlarından cəzaya uğrayanları himayə etmiş və: "Bəlkə də Allah bunları bağışlayar; bağışlamayıb əzab etsə belə, bunlara atəşdən başqa bir şey ilə əzab edər, daha sonra da cənnətinə qoyar." demişdi.

Nəcdə, bu görüşü ilə, xaricilərin günah işləyəni kafir saymaq prinsiplərinə qarşı çıxmışdı. O, bu anlayışa, sanki xaricilərdən günah işləyənlərin Allah tərəfindən əfv ediləcəklərini; xarici olmayan günahkarların isə əfv edilməyəcəklərini qəbul etmişdi.

c. Nəcdə, bir ordunu dənizdən; digərini isə qurudan sövq etmiş və qənimət bölgüsündə qurudan gedən ordunu üstün tutmuşdu.

Bax bu məsələlər haqqındakı ixtilaf, getdikcə artdı. Nəcdə əleyhinə bəzi qruplar meydana çıxdı. Onun imamlığını isə, rədd etdilər. Bunlar da, öz aralarında 3 qrupa ayrıldılar:

aa. Bir qrup, Bəni Hənifə'dən olan Atiyyə b. əl-Əsvəd ilə Sicistan'a getdilər və üzərlərində ittifaq etdikləri prinsiplərə görə də yaşadılar.

bb. İkinci bir firqə, Nəcdə'yə qarşı üsyan etdilər. Onu öldürdülər və yerinə əbu Fudeyk'i gətirdilər. Xaricilərin ən güclü və qərarlı firqəsi də, bu firqə idi. Bu firqə, Nəcdə'nin əlində olan yerləri işğal etdilər və bu yerlərdə hakimiyyətlərini davam etdirdilər. Ən nəhayət, Əbdü'l-Məlik b. Mərvan, bunlara qarşı bir ordu göndərdi və bu ordu bunları məğlub etdi. Əbu Fudeyk'in başını kəsib Əbdü'l-Məlikə göndərdilər. Beləcə, bu firqənin hakimiyyəti də ortadan qalxdı. ("əl-Bəyan və't-Təbyin", 2-ci cild, s. 204)

cc. Üçüncü firqə, davamlı olaraq Nəcdə'yə bağlı qaldı. Ona yönəldilən ittihamları rədd etdilər və onu məzur gördülər. Bu firqə, zəif bir halda, uzun müddət yaşadı. Lakin tarix, Əzariqa'nın adını sildiyi kimi, bunların da adını sildi.

3. Sufriyyə:

Bunlar, Ziyad b. əl-Əsfər'ə tabe olanlardır. Bunlar, görüşləri cəhətindən, Əzariqa'dan daha yumşaq, digər firqələrdən isə, daha ifratdırlar. Sufriyyə, böyük günah işləyənlər xüsusunda, Əzariqa ilə ixtilafa düşmüşlərdir. Əzariqa, böyük günah işləyənləri, əbədi olaraq cəhənnəmdə qalacaq müşriklərdən saymışdılar. Sufriyyə isə, böyük günah işləyəni müşrik saymaq xüsusunda, öz aralarında ittifaq edə bilməmişlərdi. Bunlardan bəziləri, haqqında cəza olan günah işləyənlərin, Allah Taalanın, onlar verdiyi "zinakar", "oğru", "müftəri/böhtan atan" kimi isimlərlə isimləndirilə biləcəklərini; bunun xaricində onlar üçün bir şey söylənə bilməyəcəyini; buna müqabil olaraq, haqqında cəza olmayan günah işləyənlərin kafir sayılacaqlarını iləri sürmüşlərdi.

Sufriyyədən digər bir qrup isə, günah işləyənin cəzasını valilər tətbiq etmədikcə kafir sayıla bilməyəcəyini iddia etmişdi.

Sufriyyə qrupuna mənsub olanlardan biri də, əbu Bilal b. Mirdas idi. Bu şəxs, saleh biri idi. Yezid b. Müaviyə dövründə, Basra tərəflərinə çəkilmişdi. Kimsəyə toxunmazdı. Fürsət tapdıqca, dövlətin malından, özünə kifayət edəcək qədər alardı. Döyüşmək istəməzdi. Nəhayət, Ubeydullah b. Ziyad, bir adam göndərib onu öldürtdü.

Yenə bu qrupdan olan biri də, İmran b. Hittan idi (Əlavə: Buxari, bu xaricidən hədis də rəvayət etmişdir. Bax: "Səhih", 77-ci kitab: "Libas kitabı", 25-ci bab: "Kişilərin ipək geyinmələri və istifadəsi caiz olan ipək miqdarı babı", hədis no: 5835).

Bu şəxs, dünyaya əhəmiyyət verməyən bir şair idi, inancından dolayı qaçaraq, İslam diyarlarını gəzərdi. Sufriyyə firqəsi, əbu Bilal'dan sonra, bu adamı özlərinə imam seçmişdilər.

Xaricilərə mənsub olan bu Sufriyyə firqəsinin başında olan liderlərin davranışları incələndiyində görülür ki, bu firqə:

~ Müsəlmanların qanının axıdılmasını halal görmür;

~ Müxaliflərinin oturduqları yerləri "daru'l-harb" saymır;

~ Qadınların və uşaqların əsir alınmasına cəvaz vermir;

~ İqtidarın ordusundan başqası ilə döyüşməyi də caiz saymır.

4. Acaridə:

Bunlar, Əbdü'l-Kərim b. Acrəd'ə tabe olanlardır. Əbdü'l-Kərim, Nəcdə'yə qarşı çıxan və Nəcədat'dan bir qrupla Sicistan'a gedən Atiyyə b. əl-Əsvəd'ə tabe olanlardan biri idi. Bu səbəblə, Acaridə, metodları cəhətindən Nəcədat firqəsinə çox yaxındır. Çünki bunlar, Nəcədat'dan ayrılmışlardır. Bu firqənin görüşləri, qısaca bunlardır:

Acaridə:

a. Xariciyyə firqələrindən döyüşə getməyib geri qalanları, müttəqi olduqlarına inandıqları təqdirdə, özlərindən sayırdılar. Bunlar, davamlı olaraq cihad etməyin vacib olduğuna, cihad etməyə gücü çatanın, heç bir səbəblə cihaddan geri qala bilməyəcəyinə inanan Əzariqa'ya bənzəmirlər.

b. Acaridə'yə görə, özlərinə müxalif olanların torpaqlarından hicrət etməyin, gərəkli deyil, daha yaxşı olduğu idi.

c. Onlar, müxaliflərinin mallarını, özlərilə döyüşmədikcə mübah görməz və ancaq özlərilə döyüşənlərin öldürülməsini caiz görərdilər.

Acaridə, bir çox məsələdə öz aralarında ixtilafa düşdülər. Bunlardan bəziləri:

~ qəza və qədər;

~ qulun qüdrəti;

~ özlərinə müxalif olanların uşaqlarının aqibəti

məsələsidir.

Acaridə, bəsit ixtilafları böyüdür, nəticədə ümumi məsəllərdə ixtilafa düşür və fərqli qruplara ayrılırlardı. Məsələn:

Bunlardan olan Şuayb adlı bir şəxs, yenə bunlardan olan Meymun adlı bir şəxsə borclu idi. Meymun alacağını istəyincə, Şuayb, ona bu cavabı verdi:

"Əgər Allah istəsə, onu sənə verərəm."

- Bunun üzərinə Meymun:

"Allah, bunu, indi istədi." deyə cavab verdi.

- Şuayb:

"Əgər Allah bunu istəmiş olsaydı, onu sənə verməkdən başqa heç bir şey edə bilməzdim." dedi.

- Meymun bu cavabı verdi:

"Allah, bunu əmr etdi. Allah, hər əmr etdiyini istəyər və əmr etmədiyini istəməz."

Bunun üzərinə, Şuayb və Meymun, liderləri və imamları olan Əbdü'l-Kərim b. Acrəd'ə müraciət etdilər. O da, bunlara, bu qapalı cavabı verdi:

"Biz, 'Allah istəsə olar, istəməzsə olmaz.' deyirik və Allaha başqa bir şey isnad etmirik."

Cavabın qapalı olması səbəbilə, hər 2 tərəf, cavabın öz lehində olduğunu iddia etdi. Nəticədə, Acaridə, "Şuaybiyyə" və "Meymuniyyə" deyə 2 qrupa ayrıldı.

Yenə deyildiyinə görə, Acaridə'yə mənsub "Sə'ləbə" adında bir adamın bir qızı var idi. Başqa bir Acaridə mənsubu, bunun qızını istədi və qızın anasına birini göndərərək, bunu soruşdu:

"Əgər qızın büluğ yaşına gəlmiş və Acaridə'nin qəbul etdiyi şərtlərə görə İslamı qəbul etmişsə, mehrinin nə qədər olacağı mühim deyildir."

- Qızın anası isə, bu cavabı verdi:

"Qız, Acaridə'nin tərəfdarı olub onun vəlayəti altında olduğuna görə, Müsəlmandır. Onun büluğ yaşına çatıb-çatmaması isə, nəticəni dəyişdirməz."

Bunun üzərinə məsələ Əbdü'l-Kərimə çatdı. Əbdü'l-Kərim isə, uşaqların vəlayətindən bəri olma görüşünü tərcih etdi. Qızın atası Sə'ləbə, bu görüşündən dolayı Əbdü'l-Kərimə qarşı çıxdı. Nəhayət, ortaya "Sələbiyyə" deyə adlandırılan yeni bir firqə çıxdı.

Görüldüyü kimi, siyasətlə heç bir münasibəti olmayan bəsit bir məsələ səbəbindən, 2 firqə ortaya çıxır və bu firqələr də, öz aralarında qruplara ayrılırlar.

5. İbadiyyə:

Bunlar, Abdullah b. İbad'a tabe olanlardır. Bu qrup, xaricilərin ən mötədili, düşüncə cəhətindən İslam camaatına ən yaxını, azğınlıq və aşırılıqdan ən uzaq olanıdır. Bu səbəblə, İbadiyyə firqəsi, uzun zaman yaşaya bilmişdir. Bunların təlif etdikləri gözəl fiqh kitabları belə vardır. İçlərindən seçkin alimlər çıxmışdır. İbadiyyə'nin bir qismi, Mərakeş'dəki Qərbi Səhra'nın ətrafında; digər bir qismi də Zənzibar'da yaşamaqdadır.

Bu firqənin, özlərinə aid fiqhi görüşləri vardır. Hətta Misir qanunları, miras mövzusunda, bunların bəzi görüşlərini almışdır. Məsələn:

Azad etmə vəlayətindən dolayı mirasçı olmağı, ən son mirasçı olma səbəbi qəbul etmişlərdir. (Yəni, ağası tərəfindən azad edilən nökər ölər, geriyə başqa mirasçı qalmazsa, onun malına, daha əvvəl özünü azad edən ağası mirasçı olar.) Halbuki digər 4 məzhəb, azad etmə vəlayətindən dolayı mirasçı olmağı, nəsəb yolu ilə mirasçı olanların dərhal ardından gətirmiş, mirasçıların özlərinə düşən paylarını almaqlarından sonra, geri qalan qismi, qohumluq yolu ilə mirasçı olan zövcə və ya ərə təkrar əlavə etməyib, onu azad etmə vəlayəti olan şəxsə vermişdir.

Qısacası, İbadiyyə'nin görüşləri aşağıdakılardır:

a. Bunlara görə, özlərinə qarşı çıxan Müsəlmanlar, nə mömindir, nə də müşrik. Bunları, "inkarçılar" deyə adlandırırlar. İbadiyyə, özlərinə qarşı çıxan Müsəlmanlara belə deyirlər:

"Onlar, nemətləri inkar edənlərdir; yoxsa etiqadi cəhətdən kafir deyildirlər. Çünki onlar, Allahı inkar etməmişlərdir. Lakin Allaha qarşı olan vəzifələrində qüsur işləmişlərdir."

b. Özlərinə qarşı çıxan Müsəlmanların qanını axıtmaq, haramdır. Üzərində yaşadıqları torpaqlar, İslam və tövhid torpağıdır. Ancaq iqtidarın ordularının üzərində yaşadığı torpaqlar, müstəsnadır.

Lakin İbadiyyə, bu görüşlərini açıqlamazlar, müxaliflərinin torpaqlarının daru'l-İslam olduğunu və qanlarının axıdılmasının haram olduğunu gizləyərlər.

c. İbadilərlə döyüşən Müsəlmanların mallarından, sadəcə atlar, silahlar və hərb ləvazimatları, qənimət malı olaraq halaldır, digərləri haramdır. Bunun üçün, İbadilər, özlərilə döyüşənlərdən aldıqları qızıl və gümüşləri geri qaytarardılar.

d. İbadilərə qarşı çıxanların şahidlikləri, caizdir, onlarla evlənilər və miras alınar, verilər.

Bunlardan anlaşıldığına görə, İbadilər, mötədil davranmaqda, müxaliflərinə insaf gözü ilə baxmaqdadırlar.

Il. Müsəlman sayılmayan xaricilər

Ümumiyyətlə, Xariciyyə məzhəbi, dini başa düşmək cəhətindən ifrata varma və quru təəssübə düşmə təməli üzərinə qurulmuşdur. Beləcə, xaricilər, xeyir işləmək istəyərkən, sapmış; həm özlərini, həm də ətrafındakıları azdırmışlardır. Həqiqi möminlər, bu firqənin sapıq olduğuna hökm vermişlərsə də, kafir olduğuna heç bir vaxt hökm verməmişlərdir. (Əlavə: Bu, müəllif əbu Zəhra'nın görüşüdür. Halbuki əhl-i sünnət imamlarından, onları kafir görənlər də vardır.) Bu cümlədən olmaq üzərə, Əli (radiyallahu anh)'ın da, Öz tərəfdarlarına, Özündən sonra xaricilərlə döyüşməmələrini vəsiyyət etdiyi rəvayət edilir. (Əlavə: Bu görüş, müəllifə xasdır və buna dair qaynaq göstərməmişdir.)

Çünki haqqı axtararkən xətaya düşən, batili axtararkən azan kimi deyildir. Əli (radiyallahu anh)

~ Xariciləri: "Haqqı axtararkən yollarını azanlar.";

~ Əməviləri isə, "Batili axtarıb azmışlar" qəbul edərdi. (Əlavə: Müəllif, imamın bu sözünə qaynaq verməmişdir.)

Nə var ki, xaricilərin, ifratları səbəbilə, içlərindən İslamla əlaqəsi olmayan, Allah Taala'nın göndərdiyi Kitaba və Allah rəsulundan nəql edilən xəbərlərə tamamilə tərs düşən yollardan gedən qruplar çıxmışdır.

Abdu'l-Qahir əl-Bağdadi, "əl-Fərq beynə'l-Firaq" adlı əsərində, İslam xaricində olan 2 xarici firqəsini zikr edir. Belə ki:

a. Yezidiyyə:

Bunlar, "Yezid b. Ənisə əl-Xarici"yə tabe olanlardır. Yezid, ilk əvvəl İbadiyyə firqəsindən idi. Daha sonra Allah Taala'nın, farslardan bir peyğəmbər göndərəcəyini və o peyğəmbərə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriətinin hökmünü ortadan qaldıracaq bir kitab enəcəyini iddia etməyə başladı.

b. Meymuniyyə:

Bunlar, "Meymun b. əl-Acrədi"yə tabe olanlardır. Meymun haqqında, daha əvvəl, din xüsusunda, Allah Taala'nın verdiyi şeylərdə iradəsi məsələsində danışmışdıq.

Bu adam, kişinin, öz övladları; və bacı və qardaşlarının övladları ilə evlənməsinin halal olduğunu qəbul etmişdir. Buna dəlil olaraq, bu sayılanları, "Evlənilmələri haram olanlar" içərisində zikr etməməsini göstərmişdir.

Meymuniyyə firqəsinə mənsub olanların, Qurandakı Yusuf surəsini inkar etdikləri, Qurandan saymadıqları da rəvayət edilir. Bunlara görə, Yusuf surəsi, bir eşq hekayəsidir.

Bax bu səbəblə, bu firqəni Müsəlman saymaq, mümkün deyildir. Bu pis inancları səbəbilə, Allah bunların üzünü qara çıxmışdır.

(Əbu Zəhra, "Tarixu'l-məzəhib əl-İsləmiyyə", "Xavaric" maddəsi)

 

 

 

 

 

 

Read 130 times
In order to make a comment, please login or register