İslam Əxlaqında Valideynə Ehtiram
Submitted by on Fri, 09/09/2016 - 07:46
Dear Brother / Sister,
Fəsil-1: Valideynə hörmət və qohumluq münasibətlərini saxlamaq barədə əqli prinsiplər
Nemət verənin haqqı (yaxşılıq edənə təşəkkür etməyə borclu olduğu), ağıl sahiblərinə gizli deyil. İnsana Allah-Təaladan sonra, valideyn kimi yaxşılığı keçən bir kəs yoxdur. Ana körpəsinə hamiləliyi dövründə çox əziyyətlərə qatlanmış, doğuş zamanı insanı təbindən çıxaracaq (dözülməz) məşəqqətlərlə qarşılaşmışdır. Onu ərsəyə gətirmək üçün əlindən gələni etmiş, onun nazı ilə oynayaraq gecələri yuxusuz keçirmiş, öz istəklərini bir kənara qoymuş, özünü unudaraq hər zaman ilk növbədə körpəsinin qayğısına qalmışdır.
Ata övladın dünyaya gəlməsinə səbəb olmaqla yanaşı, o, dünyaya gəldikdən sonra da ona sevgi və şəfqət bəsləyir, onun gələcəyi üçün çalışıb-qazanır, onun bütün xərclərini öhdəliyinə götürür.
Aqil şəxs xeyirxahın haqqını tanıyar və onun əvəzini vermək üçün çalışar. Xeyirxahın haqlarını tanımamaq insan üçün ən mənfi xüsusiyyətlərdən biridir. Xüsusilə də, haqqa qarşı nankorluq etməklə qalmayıb, buna bədxahlığı da əlavə edərsə (yaxşılığa qarşı yamanlıq edərsə)!
Valideynin hörmətini saxlayan şəxs bilməlidir ki, o, onlara nə qədər yaxşılıq edirsə etsin, onlara qarşı təşəkkür borcundan çıxa bilməz.
1... Zura ibn İbrahimdən: Bir nəfər Ömər ibn Xəttabın (r.a) yanına gəlib dedi: Mənim yaşlı anam var, belimə minmədən bayıra gedə bilmir, üzümü yana çevirib onun təmizliyini edirəm. Mən bununla onun (analıq) haqqını ödəmiş olurammı? Ömər: yox –dedi. Həmin şəxs dedi: Məgər mən də onu belimdə daşımadımmı, ömrümü ona həsr etmədimmi?! Ömər (r.a) dedi: anan sənə, sənin həyatda qalmağını arzulayaraq qayğı göstərirdi, sən isə ondan ayrılmağı təmənni edərək ona qulluq edirsən (sən onun vəfatının yaxınlaşıdığını nəzərə alaraq ona xidmət edirsən).
2... İsa ibn Məmərdən: Bir dəfə Ömər ibn Xəttab (r.a) anasını kürəyində daşıyan bir şəxs gördü. O şəxs belində anası üçün yuvaya oxşayan bir şey (şəllək) də düzəltmişdi. Onu Kəbənin ətrafında təvaf etdirir və deyirdi:
Mən anamı daşıyıram, vaxtilə anam da mənə süd və təsəlli verərək qucağında daşımışdır.
Bunları eşidən Ömər (r.a) dedi: indi mənim də anam həyatda olsaydı, sənin anana göstərdiyin qayğının eynisini mən də anama göstərsəydim, bu, mənə qızılı rəngli dəvələrə sahib olmaqdan daha sevimli olardı.
3 ... Abdullah ibn Ubeydullahdan: Bir nəfər Ubeydullah ibn Umeyrə belə dedi: Anamı Xorasandan bura boynumda (çiynimdə) daşımışam və onunla birgə bütün həcc mənasiklərini yerinə yetirmişəm. Necə düşünürsən, bununla mən onun haqqını vermiş sayılıram? Ubeydullah dedi: xeyr, onun çəkdiyi doğum sancılarından birinin haqqını belə verə bilməzsən!
İnsanın qohum-əqrabasına olan yaxınlığı da ata-anasına olan yaxınlığı kimidir, onların da haqlarına riayət etməkdə səhlənkarlıq etməməlidir.
Fəsil-2: Allahın əmr etdiyi “valideynə hörmət” və “qohumlarla xoş münasibət” haqqında
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.” (İsra, 17/23-24.)
Əbu Bəkr ibn əl-Ənbari demişdir: buradakı (ayədə işlədilən) «qəza» (əmr) hikmət növündən deyildir, qəti əmr və fərziyyət ifadə edir. «Qəza» kəlməsinin lüğəvi baxımdan əsli «bir şeyi yaxşıca, məharətlə kəsmək» deməkdir.
Ayədəki “valideynə yaxşılıq etmək” ifadəsi "onlarla gözəl və xoş davranmaq” deməkdir.
İbn Abbas (r.a) demişdir: “Onların önündə paltarını belə çırpma ki, birdən tozu onlara toxunar!”
“Onlara: ”Uf!” belə demə”.... ayədəki “uff” sözü haqqında beş görüş (izah) vardır: birincisi, “dırnaq kiri”; bu, Xəlilin (ibn Əhməd əl-Fərahidi) görüşüdür. İkincisi, “qulaq kiri”; bu, Əsmainin fikridir. Üçüncüsü, “tutulmuş dırnaq qırıqları”; bu, Sələbinin izahıdır. Dördüncüsü, “Həqarətlə baxmaq və kiçik görmək (saymazlıq etmək)”. Bu, «əfy» kökündən törəmişdir. «Əfy» ərəblərdə «azlıq (kiçiklik, dəyərsizlik)» ifadə edir. Bunu İbn əl-Ənbari qeyd etmişdir. Beşincisi isə: “yerdən əlinə aldığın çubuq və qamış”dır. Bunu İbn Faris nəql etmişdir.
Müəllimimiz Əbu Mənsur əl-Lüğəvinin hüzurunda (ona məxsus kitabdan) “uff” kəlməsinin “pis, iyrənc qoxusu olan bir şey” mənasına gəldiyini oxumuşam. Kəlmənin (bu izahının) əsli isə: “İnsanın üstünə bulaşan toz-torpaq və buna bənzər şeyləri üfürməsidir (özündən uzaqlaşdırmasıdır)”. Belə bir görüş də var ki, ümumiyyətlə, az (və kiçik) qəbul edilən hər şeyə belə (uff!) deyilir.
(امهُرهنْتَالَو)“Üstlərinə qışqırıb acı söz söyləmə” deməkdir.
Əta ibn Əbu Rəbah demişdir: bu, “onlara tərəf əlini çırpma!” –deməkdir.
“Onlarla xoş danış!” Yəni: “nəzakətlə, bacardığın qədər (edə biləcəyin ən) gözəl şəkildə danış” –deməkdir. Səid ibn Müseyyib demişdir: günahkar kölənin kobud ağa qarşısında danışdığı kimi (başıaşağı və təvazökarlıqla, nəzəkatlə)...
“Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına al” yəni onlara qarşı mərhəmətli ol.
Valideyn haqqının bəyan edildiyi ayələrdən biri də Allahın bu kəlamıdır:
“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) “Mənə və ata-anana şükür (ata-anana təşəkkür, Mənə şükür) et. Axır dönüş Mənədir!” (Loğman, 34/14)
(Bu ayədə) Allah-Təala Özünə və valideynə edilən şükrü yanaşı (yəni bir ləzflə) qeyd etmişdir.
Fəsil-3: Sünnədə əmr edilən «valideynə qarşı xoş davranış» haqqında
1 ... Muaz ibn Cəbəldən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- mənə vəsiyyət etdi ki:
“Ata-anan sənə mülk və ailəndən imtina etməyi əmr etsə belə, onlara qarşı üsyankarlıq etmə!”
2 ... Abdullah ibn Ömərdən (r.a): Mənim bir həyat yoldaşım var idi, atam Ömərin (r.a) ondan xoşu gəlmirdi. Mənə: Onu boşa dedi. Mən razılaşmadım. Ömər (r.a) (məsələni ərz etmək üçün) Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanına getdi. Hz. Peyğəmbər (s.ə.s) (məni çağırıb) mənə buyurdu: “Atana itaət et (və o qadını boşa)!”
*(Burada bir gəlinin qaynatası tərəfindən boşatdırılmasının səbəbi açıqlanmasa da, Hz. Peyğəmbərin də (s.ə.s) məsələyə Ömərin (r.a) lehində qərar verməsi onu göstərir ki, boşama nəsihətinin ciddi bir səbəbi olmuşdur. Çünki Hz. Peyğəmbər (s.ə.s) ədalətə zidd bir qərar verməz. İkinci bir tərəfdən Abdullahın (r.a) atasının fikri ilə razılaşmaması isə, İslama görə hər bir şəxsin əxlaq çərçivəsində öz fikrini azad şəkildə dilə gətirə bilməsinin təzahürüdür.)
3 ... Ubadə ibn Samitdən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Valideyninə asi olma. Hətta onlar sənə sahib olduğun dünyadan (əmlakdan) əl çəkməyi əmr etsələr, ondan əlini çək”.
4 ... Cabir ibn Abdullahdan (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Valideyninizlə xoş rəftar edin ki, uşaqlarınız da sizinlə gözəl rəftar etsinlər”.
5 ... Zeyd ibn Əli ibn Hüseyn öz oğlu Yəhyaya (əleyhimussəlam) belə demişdi: “Allah Təbarəkə və Təala məndən razı olmasını sənin məndən razı qalmağına bağlamadığı halda, sənə, mənimlə xoş davranmağı əmr edib. Ancaq səndən razı qalmasını mənim səndən razı olmağıma bağladığı halda, mənə səninlə xoş davranmağı (xüsusi bir əmr şəklində) əmr etməyib”.
Fəsil-4: Ata-anaya qulluq etməyin cihaddan və hicrətdən üstün tutulması
1 ... Abdullah ibn Əmrdən (r.a): Bir nəfər Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanına gəlib cihada getmək üçün ondan izin istədi. Hz. Peyğəmbər (s.ə.s) soruşdu: “Ata-anan sağdır?” Cavab verdi ki: Bəli. Buyurdu: “Elə isə, onlar üçün çalış (get, onların qulluğunda dur)!”
2 ... Yenə Abdullah ibn Əmrdən (r.a): Bir nəfər beyət etmək üçün Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanına gəldi və belə dedi: Hicrət etmək üçün ata-anamı arxada gözüyaşlı qoyub, sizə beyət etməyə gəlmişəm. O, buyurdu: “Onların yanına qayıt, onları necə ağlatmısansa, elə də güldür”.
3 ... Əbu Səid əl-Xudridən (r.a): Bir şəxs Yəməndən Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm-yanına (Mədinəyə) hicrət etdi. Hz. Peyğəmbər (s.ə.s) ondan soruşdu: “Valideynin Yəməndədir?” O şəxs: Bəli –dedi. Soruşdu ki: “(Hicrət etmək üçün) sənə izin veriblər?” Həmin şəxs: Yox –dedi. O, buyurdu:
“Valideyninin yanına qayıt və onlardan izin istə. Əgər sənə izin versələr nə gözəl(hicrət et)!Yox, əgər icazə verməsələr, o zaman onların qulluğunda dur!”.
4 ... İbn Abbasdan (r.a): Bir qadın oğlu ilə birlikdə (Hz. Peyğəmbərin yanına) gəldi. Oğlu cihada getmək istəyirdi, anası isə onu qoymurdu. Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- (oğlana) buyurdu:
“Sən ananın yanında qal, arzuladığın savabın mislini qazanacaqsan”.
5 ... Abdullah ibn Əmrdən (r.a): Bir nəfər Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanına gəlib cihada getmək üçün ondan izin istədi. Hz. Peyğəmbər (s.ə.s) soruşdu: “Valideynindən sağ olanı var?” Cavab verdi ki: Anam (sağdır). Buyurdu:
“Get, onun qulluğunda dayan”. Həmin şəxs heyvanını ipdən açmağa getdi. Hz. Peyğəmbər (s.ə.s) buyurdu ki:
“İzzətli və Cəlil Rəbbin rizası valideynin rizasında, Rəbbin qəzəbi də valideynin qəzəbindədir”.
Fəsil-5: Qüdrətli və Böyük Allah yanında ən sevimli əməllərdən biri də ata-ana ilə gözəl rəftar etməkdir (valideynə qulluq etməkdir)
1 ... Əbu Əmr Şeybani Abdullah ibn Məsudun (r.a) evini göstərib dedi: Bu evin sahibi bizə danışmışdır ki: (Bir dəfə) Hz. Peyğəmbərdən -sallallahu əleyhi və səlləm- soruşdum: Böyük Allahın nəzdində ən sevimli əməl hansıdır? Buyurdu ki: “Vaxtında qılınan namaz”. Yenə soruşdum: Sonra hansıdır? Buyurdu ki: “Ata-anaya qarşı gözəl davranış(qulluq etmək)”. Bir daha soruşdum: sonra hansı əməl? Buyurdu ki: “Allah yolunda cihad etmək (mövcud olan hər bir şeyini səfərbər edərək çalışmaq, əli, dili, qələmi, elmi və s. vasitəsilə mübarizə aparmaq)”.
Fəsil-6: (Valideynə qarşı) gözəl davranış (valideynə qulluq) ömrün uzanmasına səbəb olur.
1 ... Səhl atası Muazdan (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Ata-anası ilə gözəl rəftar edənə müjdələr olsun! Allah onun ömrünü uzatsın”.
2 ... Əbu Səid əl-Xudridən və Əbu Hüreyrədən (r.a): Həzrət Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Ey Adəm övladı! Ata-ananla gözəl rəftar et (onların qulluğunda dur) və qohum-əqrəba ilə xoş münasibəti saxla ki, həyatda asanlıq tapasan (hər işin asan olsun) və ömrün uzadılsın! Rəbbinə itaət et ki, (ilahi dərgahda) aqil adını alasan (sənə ağıllı deyilsin), Ona üsyan etmə ki, cahil adlandırılmayasan!”
3 ... Salman əl-Farisidən (r.a): Rəsulullah -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Ömrü yalnız yaxşılıq etmək uzadır”.
4 ... Ənəs ibn Malikdən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Kim istəyirsə ki, Allah onun ömrünü uzun eləsin və ruzisini bərəkətləndirsin, valideyni ilə gözəl rəftar etsin və qohum-əqrəba ilə xoş münasibət saxlasın”.
Valideynə qarşı gözəl rəftar: Günah və qəbahət olan bir şey əmr etmədikləri müddətcə onlara itaət etmək (onların sözünə baxmaq), onların tapşırıqlarını nafilə əməllərdən üstün tutmaq, qadağan ediklərindən uzaq durmaq, onlara maddi baxımdan əl tutmaq, istəklərinə cavab vermək, qulluqlarında yüksək səviyyədə durmaq, onlara qarşı ədəblə (nəzakətlə) və heysiyyətlərini nəzərə alaraq davranmaqla yerinə yetirilir.
Övlad səsini ata-ananın səsindən yuxarı qaldırmamalıdır, onlara gözünü bərəltməməlidir (durmadan gözünü zilləyərək baxmamalı, onlarla danışanda təvazökarlıq göstərərək, çox vaxt yerə baxmağa üstünlük verməlidir), onlara adları ilə müraciət etməməli, (yolda gedərkən) onlardan arxada gəlməlidir. Onlardan xoşagəlməz davranış gördüyü zaman bunu səbir və təmkinlə qarşılamalıdır.
1 ... Talq ibn Əlidən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Əgər valideynimin hər ikisi və ya biri həyatda olsaydı və mən gecə (işa) namazını qılmağa başlayıb Fatihə surəsini oxuyanda: O: Ey Muhəmməd! –deyib məni çağırsaydı,mən: Qulluğunuzda hazıram! –deyərdim”.
2 ... Əbu Ğəssan Dabbidən (r.aleyh) nəql edilir ki, bir dəfə o, daşlı yol ilə gedirmiş, atası da onun arxasınca gəlirmiş. Əbu Hüreyrə (r.a) arxadan ona yetişib deyir: Sənin arxanca gələn kimdir? Mən: Atamdır –dedim. O, dedi: Bu etdiyin düzgün davranış deyil və bununla, sünnəyə müvafiq hərəkət etmirsən! Heç vaxt atanın önündə getmə, sağ tərəfi ilə, yaxud arxasınca get! İkinizin arasına başqa bir şəxsin girməsinə imkan vermə!(Süfrədə oturarkən) atanın nəzər yetirdiyi ət parçasını sən götürmə, çünki, ola bilər ki, atanın iştahası onu çəksin. Heç vaxt atana gözünün ucu ilə baxma, o oturmadıqca, sən oturma və o yatmadıqca sən yatma!
3 .... Bir gün Əbu Hüreyrə (r.a) iki nəfər gördü. Onların birindən soruşdu: bu şəxs sənin nəyindir? Həmin adam cavab verdi ki: atamdır. Əbu Hüreyrə r.a) dedi: heç vaxt atana adı ilə müraciət etmə, on dan qabaqda getmə və ondan əvvəl oturma!
4 ... Təyləsə ibn Məyyasdan (r.aleyh): İbn Ömərə (r.a) dedim: anam mənim himayəmdədir. O dedi:Allaha and olsun ki, əgər onunla hər zaman nəvazişlə danışsan, yeməyini yedirsən, böyük günahlardan da uzaq durmaq şərtilə mütləq Cənnətə girəcəksən.
5 ... Hişam ibn Ürvə atasından (Ürvə ibn Zü-beyrdən -r.anhumə) nəql edir ki, o: «Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb»-ayəsini təfsir edərkən belə demişdir: övlad valideyninin arzuladığı heç nədən boyun qaçırmamalıdır (hər istəklərini yerinə yetirməyə çalışmalıdır).
6 ... Həsən əl-Bəsriyə (r.aleyh) valideynə qarşı övladlıq borcu (ehtiram göstərmək) haqqında sual verildikdə belə cavab vermişdi: (valideynə qarşı tələb olunan davranış budur ki,) var-dövlətini onlar üçün (canla-başla) xərcləyəsən və günah bir iş olmamaq şərtilə onlara itaət edəsən.
7 ... İbn Ömər (r.a) demişdir ki: Valideyni ağlatmaq da onlara asi olmaq sayılır.
8 ... Səlam ibn Miskindən (r.aleyh): Həsəndən (əl-Bəsri) soruşdum: İnsanın, öz valideyninə mərufu (mərifəti, Allahın rizasına uyğun hərəkətləri) tövsiyə edib münkərdən (xoşagəlməz hərəkətlərdən) onu daşındırmağa haqqı var? O, cavab verdi:
Əgər (bunu ondan) qəbul edərlərsə (onu dinləyəcək, ondan tövsiyə qəbul edə biləcək bir düşüncə tərzinə sahibdirlərsə). Yox, əgər (bu) onların acığına gedərsə, o zaman onlara dəyməməlidir (onları öz hallarına buraxmalı, xətirlərinə dəyməmək üçün onların üzərinə getməməlidir).
(Başqa bir rəvayətin sonunda isə belə deyilir:) ... ... Əgər bu, onların acığına gedərsə, susmalı, onlara heç nə deməməlidir.
9 ... Əvvamdan (r.aleyh): Mücahiddən soruşdum: Müəzzin namaza çağırdığı (azan və ya iqamə oxuduğu) əsnada atamın (məni çağırmaq üçün) göndərdiyi şəxs yanıma gələrsə (mən hansına qulaq verməliyəm?) Mücahid dedi: Atanın istəyinə görə hərəkət et (çağırırsa, get)!
10 ... Vəhb demişdir: İncildə belə deyilir: “Valideynə qarşı övladlıq borcunu yerinə yetirməyin başlıca şərti budur ki, onları (əlindən gəldiyi qədər ) ehtiyac duyduqları bütün maddi vasitələrlə təmin edəsən və öz var-dövlətindən hər zaman onlar üçün sərf edəsən”.
11 ... Abdullah ibn Əvn demişdir: Valideynə (qayğıkeşliklə) nəzər salmaq ibadətdir.
Fəsil-8: Valideyn haqqına riayətdə ananın ilk sıraya keçirilməsi
... Əbu Hüreyrədən (r.a): Bir nəfər soruşdu: Ey Allahın Rəsulu, insanlar arasında xoş münasibət bəsləməyə (gözəl rəftar etməyə, qulluğunda durmağa) ən çox borclu olduğum adam kimdir? Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurdu: “Anan!” Həmin adam soruşdu: Bəs sonra kimdir? Bir daha buyurdu: “Anan!” Həmin adam yenə sualını təkrar etdi: Daha sonra kimdir? (Rəsulullah) bir daha təkrar etdi: “Yenə anan!” Həmin şəxs bir daha soruşdu: Ondan sonra kim? (Həzrət Peyğəmbər) cavab verdi: “(Anandan) sonra atan!” (Bu hədis valideynə qarşı münasibətdə, nəvaziş göstərməkdə, qulluqda ananın atadan qat-qat çox diqqət mərkəzində olduğunu vurğulayır. Bunun başlıca səbəblərindən biri budur ki, həm qadın olan ana fizioloji və psixoloji baxımdan atadan daha çox nəvazişə, incə davranışa, qayğıya möhtacdır, həm də övladın dünyaya gəlməsindən, böyüdülüb boya-başa çatdırılmasına, ərsəyə gəirilməsinə qədər bütün mərhələlərdə əsas ağrı və məşəqqətlər, yük və ağırlıqlar məhz ananın üzərinə düşür. Həqiqətən də, təbiət etibarilə adətən daha sərt yaradılışa sahib olan ata heç vaxt analıq nəvazişinin, uşağa qarşı göstərilən diqqət və qayğının onda birini belə övlada verə bilmir. İstəsə belə, atanın analıq vəzifəsini öz üzərinə götürməsi, onun rolunda çıxış etməsi mümkün deyildir.)
2 ... Miqdam ibn Mədi Kəribədən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur:“Allah analarınızın haqlarına riayət etməyisizə tövsiyə edir,Allah analarınızın haqlarına diqqət etməyi sizə tövsiyə edir. Allah atalarınızın haqlarına diqqət etməyi sizə tövsiyə edir.Allah ilk növbədə ən yaxın qohumların, daha sonra yaxınlıq dərəcəsinə görə bütün qohum-əqrəbanın haqlarına riayət etməyi sizə tövsiyə edir”.
3 ... Xidaş ibn Səlamədən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Hər bir şəxsə anasının haqlarına riayət etməyi tövsiyə edirəm, hər kəsə anasının haqlarına riayət etməyi tövsiyə edirəm, hər bir şəxsə anasının haqlarına riayət etməyi tövsiyə edirəm. Hər bir şəxsə atasının haqlarına riayət etməyi tövsiyə edirəm, hər kəsə atasının haqlarına riayət etməyi tövsiyə edirəm. Onu himayə edən rəhbəri ilə də xoş münasibət saxlamağı tövsiyə edirəm, ona əziyyət verən bir cəhəti olsa belə!”
4... Məkhul belə demişdir: Namaz qıldığın zaman anan səni çağırarsa, ona cavab ver, atan çağırdıqda isə (namazı) bitirənədək ona cavab vermə. (Məkhulun nəzərə çatdırmaq istədiyi odur ki, insan ananın haqlarına atanın haqlarından daha artıq diqqətlə riayət etməyə çalışmalıdır.)
5 ... Ənəs ibn Malikdən (r.a): Rəsulullah -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Cənnət anaların ayaqları altındadır”.
*(Yəni Cənnətə aparan yolların ən qısa, ən sadə və asanlarından biri də, övladın ananın qulluğunda durmaq, onun bir sözünü iki etməmək, onun istəklərini yerinə yetirməyə çalışmaqla, bir sözlə, ana qarşısında daşıdığı övladlıq borcunu yerinə yetirərək, anasının razılığını və xeyir-duasını almaqla, kamillik vəsfləri qazanması, bu vasitə ilə səadətli cənnətlik bəndələrdən olmağın qaçılmaz şərti olan Allah rizası və Allahın əfv və mərhəmətinə nail olmasıdır.)
6 ... Bir nəfər Əbu Dərdanın (r.a) yanına gəlib dedi: Mənim həyat yoldaşım eyni zamanda əmim qızıdır və mən onu sevirəm. Anam isə mənə əmr edir ki, onu boşayım (nə edim? Mənə bir çıxış yolu göstərin). Əbu Dərda dedi: Sənə nə xanımını boşamağı tövsiyə edə bilərəm, nə də ki, anana asi olmağı. Mən sadəcə sənə Hz. Peyğəmbərdən –sallallahu əleyhi və səlləm- eşitdiyim bir hədis danışacağam. Hz. Peyğəmbər (s.ə.s) buyurub: “Cənnət qapılarının (Cənnətə aparan yolların) ən üstünü anadır”. İndi (qərar sənindir,) istəyirsən (həyat yoldaşını) saxla, istəyirsən də boşa!
7 ... Cahimə Süləmi Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanına gəlib cihada getmək üçün ondan izin istədi. Həzrət Peyğəmbər(s.ə.s)soruşdu: “Anan var?” O: Bəli –dedi. Buyurdu: “Onun qulluğunda dur, çünki Cənnət onun ayaqlarının yanındadır (altındadır)”.
8 ... İbn Abbasdan (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Kim anasının iki gözünün arasından (alnından) öpərsə, bu (əməli), onun üçün oda qarşı bir sipər olar”.
9 ... Ənəs ibn Malikdən (r.a): Bir nəfər Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanına gəlib dedi: Mən cihada getmək istəyirəm, ancaq buna gücüm çatmır. Hz. Peyğəmbər (s.ə.s) soruşdu: “Valideynindən sağ olanı var?” O şəxs: Anam var –dedi. Buyurdu: “Ananın qulluğunda durmaqla Allahın imtahanına qarşı bunu bir üzr kimi təqdim et! Bunu etdiyin (onun qulluğunda durduğun) zaman anan səndən razı qalarsa, sən həcc edən, ümrə edən və cihada gedən adam sayılırsan (həcc, ümrə və cihad savabı qazanırsan). Allaha qarşı təqvalı ol və anana yaxşı bax!”
*(«Təqva» kəlməsi əsasən «qorunmaq» mənasına gələn «viqayə» kökündən törəmişdir. Bu kəlmə dini bir istilah kimi «Allahdan qorxmaq, Onun cəzasından xilas olmaq (qorunmaq) üçün əmrlərinə riayət edib qadağalarından çəkinmək» və s. kimi bir çox mənanı ehtiva etdiyinə görə, onu dilimizdə bir kəlimə ilə ifadəsi mümkün deyildir. Təqvanın ən gözəl izahlarından biri də 20-ci əsrin böyük İslam mütəfəkkirlərindən və Quran müfəssirlərindən biri olan, gənclik illərindən İslamı qəbul etmiş yəhudi əsilli alim Muhəmməd Əsədin «Quran mesajı» adlı təfsirində qeyd etdiyi kimi «Allaha qarşı məsuliyyət şüuru ilə hərəkət etmək»dir.)
10 ... İbn Abbasdan (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Anasına mərhəmətlə nəzər edən hər bir şəxsin bu əməli ona məqbul və məbrur bir həcc savabı qazandırar”.
Soruşdular ki: Ey Allahın Rəsulu, anasına gündə yüz dəfə nəzər etsə belə (bu sayda savab qazanar)? Buyurdu: “(Bəli, anasına) gündə yüz min dəfə nəzər etsə belə (o qədər çox savab qazanar), çünki Allah (saleh əməl müqabilində) daha çox (mükafat) verəndir,ən pak da Odur”.
11 ... Əta ibn Yəsardan: Bir nəfər İbn Abbasın (r. anhumə) yanına gəlib dedi: Bir qadınla evlənmək istədim, o isə mənə ərə gəlməkdən imtina etdi. Sonra onu başqa biri istədi və qadın o şəxslə evlənməyə könüldən razılıq verdi. Mən o qadını qısqandım və onu öldürdüm. Mənim tövbə etmək haqqım var?
İbn Abbas soruşdu: Anan sağdır? O: Xeyr –dedi. İbn Abbas dedi: Allaha tövbə et və gücün çatdığı qədər Ona yaxınlaşmağa çalış (saleh əməllər işlə)!
İbn Abbasdan soruşdum: Siz nə üçün anamın sağ olub-olmadığını soruşdunuz? İbn Abbas cavab verdi: Mən İzzətli və Böyük Allaha anaya ehtiram göstərməkdən daha yaxın bir əməl bilmirəm.
12 ... Əbu Növfəldən: Bir nəfər Ömərin (r.a) yanına gəlib dedi: Mən adam öldürmüşəm. Ömər dedi: Ey yazıq! Xəta ilə (səhvən), yoxsa qəsdən? Valideynindən həyatda qalan var? Həmin adam: Bəli –dedi. Ömər soruşdu: Anan? Adam: Yox vallah, sağ qalan atamdır –dedi. Ömər dedi: Get onun qulluğunda dur və ona yaxşı bax. Həmin adam getdikdən sonra Ömər dedi: Ömərin canını qüdrət əlində saxlayana (Allaha) and olsun ki, onun anası sağ olsaydı və o, onun qulluğunda durub, övladlıq borcunu yerinə yetirsəydi, məndə ümid yaranardı ki, (haqsız yerə insan qətl edən birisi olsa belə, sırf anasına göstərdiyi ehtiram sayəsində) cəhənnəm odu heç vaxt onu yandırmaz.
13 ... İbn Abbasdan (r.a): Bir nəfər hovuzundan su çəkərkən bir də baxdı ki, dəvənin tərkində bir nəfər susuz vəziyyətdə ora gəldi. Həmin adam (ona yaxınlaşıb) dedi: Həm özüm su içmək, həm də dəvəmi suvarmaq istəyirəm. O, cavab verdi: Yox (olmaz)! O, yaxın bir yerdə dəvəsindən endi və dəvəsini ipə bağladı. Dəvə suyu görən kimi, hovuza yaxınlaşdı və oranı dağıtdı. Kişi (hovuzun sahibi) qalxıb, əlinə qılınc aldı və həmin adamı (dəvənin sahibini) vurub öldürdü. Sonra (etdiyinə peşman olub, hərəkətinin hökmü haqda və bu hərəkətin tövbəsinin olub-olmadığını) soruşmaq üçün yola çıxdı. O, Həzrət Muhəmmədin -sallalla-hu əleyhi və səlləm- səhabələrindən bir neçə nəfərə rast gəldi. (Hərəkəti haqda) onlardan soruşdu. Onların hamısı ona ümidini üzəcək (onu ümidsizliyə düşürən) cavablar verirdilər. Axırda onlardan bir nəfərin yanına gəldi -sanki o (İbn Abbas), bununla özünü nəzərdə tuturdu-
Həmin adam (səhabə) ona sual verdi: Necə ki, o, su içməyə gəlmişdi, sən ona indi su verə bilərsən?! O (qatil), cavab verdi: Xeyr. O (səhabə), soruşdu: Yaxşı, bəs (de görüm) yerə girəcək lağım, yaxud göyə çıxmağa nərdivan tapa bilərsən?! Həmin adam cavab verdi: yox. O (səhabə) soruşdu: Yaxşı, bəs həmişə yaşaya, heç ölməyə bilərsən?! O, cavab verdi: Yox. Həmin adam (bir az da ümidsizliyə qapılaraq, çarəsiz olduğunu anlayıb) ayağa qalxdı. Bir az getmişdi ki, həmin adam (səhabə) ona səsləndi: Sənin valideynin var? O, cavab verdi: Anam sağdır. O, dedi: Elə isə, onun yükünü çək, ona qarşı xoşrəftar ol (onunla mehriban davran)! (Sonra İbn Abbas əhvalatı danışdığı adamlara üzünü tutub dedi:) O, cəhənnəmə girsə (cəhənnəmə girməyə layiq olsa) belə, Allah o qədər insanları oradan uzaqlaşdırıb ki (istəsə, bu adamı da anasına qarşı xoş rəftarına görə cəhənnəmdən azad edər)!
14 ... Həsən əl-Bəsri demişdir: Valideyn haqqının üçdə ikisi ananın, üçdə biri isə atanın haqqıdır.
15 ... Yaqub İclidən: Bir dəfə Ətaya dedim: Yağışlı gecədə anam məni camaatla namaz qılmağa (məscidə) getməyə qoymur (nə etməliyəm)? O:
Anana itaət et –dedi.
16 ... Ətadan soruşdular: Bir nəfərin anası onu anda verib (Allah adına ondan söz alıb) ki, sadəcə fərz namazları qılacaq (heç vaxt nafilə qılmayacaq) və ancaq Ramazan orucunu tutacaqsan (heç vaxt nafilə oruc tutmayacaqsan. Övlad nə etməlidir?)
Əta dedi: Anasına itaət etməlidir.(Valideynə itaət fərz, nafilə ibadətlərin yerinə yetirilməsi isə insanın seçim sərbəstliyinə həvalə olunduğuna görə, insan ata- anaya itaət və nafilə ibadət arasında seçim etmək məcburiyyətində qaldığı zaman valideynə itaəti hər zaman üstün tutmalıdır. Bu qayda yerdə qalan fiqhi məsələlərə də aiddir. «Prioritetlər fiqhi»nin qaydalarına görə prioritetlər düzgün müəyyən edilməli, hər zaman fərz və vaciblər nafilə və müstəhəblərə tərcih edilməlidir.)
17 ... Həsənə (əl-Bəsri) sual verildi ki: Bir şəxsi atası anda verir ki, filan işi edəcəksən, anası isə tamamilə bunun əksinə onu anda verir (yəni atanın dediyini etməyəcəksən! Bu vəziyyətdə övlad nə etməlidir?) Həsən cavab verdi: Anasına itaət etməlidir.
18 ... Rifaə ibn İyasdan: Haris Uklinin, anasının cənazəsində ağladığını gördüm. Ona dedilər ki: Ağlayırsan?! O dedi: Niyə də ağlamayım, artıq cənnət qapılarından biri üzümə bağlandı.
19 ... Kəb ibn Əlqəmə demişdir: Musa -əleyhissəlam- münacat etdi: Ya Rəbbi, mənə tövsiyə buyur! Allah-Təala buyurdu: Sənə anan ilə xoş rəFtarı tövsiyə edirəm, çünki anan səni (qanı və canı ilə bəsləyərək) çox zəif bir halda (vücudu çox zəifləməsinə rəğmən, bütün çətinliklərə tab gətirərək) bətnində daşımışdır. Musa (ə.s) dedi: Sonra kimi (kiminlə xoş rəftarı) tövsiyə edirsən? Allah-Təala buyurdu: Atanı!
20 ... Hişam ibn Həssandan: Həsənə (əl-Bəsri) dedim: Mən Qurani-Kərimi (axşamüstü) öyrənirəm, bu səbəbdən anam məni şam yeməyi(ni birlikdə yemək) üçün gözləməli olur. Həsən dedi: (Əvvəlcə) anan ilə birlikdə şam edib, onu sevindirməyin (xoşhal etməyin) mənim nəzərimdə etdiyin nafilə həcdən daha sevimlidir.
21 ... Bişr ibn Haris demişdir:Anası nəfəsini eşidəcək qədər onun yaxınlığında (yanında) olan (həmişə anasının qulluğunda duran) övlad, İzzətli və Cəlil Allahın yolunda qılınc çalıb döyüşən adamdan fəzilətlidir. Anaya nəzər yetirmək isə, hər şeydən üstündür.
22... Umarə atasının belə dediyini eşitmişdir: Ey yazıq, sən hələ dərk etməmisən ki, ananın çöhrəsinə nəzər yetirməyin ibadətdir?! Bu, belədirsə, hələ sən bir də düşün ki, ona qulluq etmək necə olar (nə qədər savabdır)!
Fəsil -9: Övlad öz valideyninin haqqını hansı tərzdə ona qulluq etməklə ödəyə bilər?
1 ... Əbu Hüreyrədən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Övlad valideynin haqqını o zaman ödəyə bilər ki, onlara kölə halında yetişsin və satın alıb azadlığa qovuşdursun”.
Müəllif -Allah rəhmət eləsin- deyir: Belə bir qayda vardır ki, övlad öz (kölə) atasını satın alarsa, sadəcə onu almaqla atası azad olur, əlavə ola-raq, onu azad etdiyini qeyd etməsinə ehtiyac yoxdur. Bu, Davuddan (ibn Əhməd əz-Zahiri) başqa yerdə qalan alimlərin ümumi görüşüdür. Hədisin iki mənası (izahı) vardır. Birincisi, hədisdə «azad etmə» ona görə övlada aid edilmişdir ki, o, atasını satın almaqla, şəriətin satın alma felinə bağlı olaraq hökm etdiyi (qərar verdiyi) «azadlığa» (atasının azad olmasına) səbəb olmuşdur. İkincisi isə, məna baxımından bundan (birincidən) daha incədir. Bu izaha görə, hədisdən məqsəd budur ki, atanın (valideynin) haqqını ödəmək ümumiyyətlə təsəvvür edilə bilməz. Çünki övladın atanı satın alması ilə o, azadlığa qovuşmuş olur (övlad atasını azad etməyə fürsət tapa bilməz. Ona görə də onun haqqını ödəməsi mümkünsüzdür. Çünki hədisdə valideyn haqqının ödənməsi onun satın alınmasına deyil, övlad üçün heç cür mümkün olmayan azad etmə felinə bağlanmışdır). Bu (hədisdə işlədilən üslub), Allah-Təalanın bu kəlamına bənzəyir: «... Və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər.» ...ki, bu da təsəvvür edilə bilməz.
Fəsil-10: Valideynlərlə xoş rəftarın savabı haqqındadır.
1 ... Abdullah ibn Ömərdən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Bir dəfə üç nəfər yolda gedərkən yağışa düşdülər. Onlar dağda bir mağaraya sığınırlar. Onlar mağaranın içində ikən üstdən bir qaya parçası düşüb mağaranın ağzını bağladı. Onlar bir-birinə dedilər: İşlədiyiniz əməllərin ən fəzilət-lisini nəzərdən keçirin (yada salın), həmin əməli vasitə edərək Allaha dua edin, bəlkə, sizi bu sıxıntıdan qurtarar. Onlardan biri dedi: Allahım, mənim qoca ata-anam vardı. Həyat yoldaşım və balaca uşaqlarım da var idi. Onların hamısına mən baxırdım (və ya onların məişətini təmin etmək üçün çobanlıq edirdim). Həmişə qoyunlarımı (taladan evə) gətirdikdə, valideynimdən başlayar, əvvəlcə onlara (süd) içirərdim. Bir dəfə mən gəldikdə onlar yuxuya getmişdilər. Mən qabı təmizlədim və süd sağdım. Süd qabını götürüb onların başının üstündə ayaq üstə durdum (yuxudan oyanmalarını gözlədim). Körpələr ayaqlarımın yanında acından ağlayırdılar, mən isə həm valideynimdən öncə körpələrə süd vermək istə-mirdim, həm də ata-anamı yuxudan oyatmaq istəmir-dim. Həmin gecə dan yeri sökülənədək ayaq üstə onları (onların oyanmalarını) gözlədim. Allahım, əgər mən bunu Sənin rizan üçün etmişəmsə, mağaranın ağzından bir az yarıq yarat (qaya parçasını bir az arala) ki, göy üzünü görək. Həmin vaxt daş azca aralandı və səma onlara göründü...”
2 ... Hz. Aişədən (r.ənha): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurdu: “Yatmışdım. Cənnətdə olduğumu gördüm. Bu zaman (Quran) oxuyan bir qari səsi eşitdim. Soruşdum: bu kimdir? Dedilər ki: Harisə ibn Numandır”. Hz. Peyğəmbər (s.ə.s) buyurdu: “(Valideynə) yaxşılıq (xoş rəftarın nəticəsi) belə olur, (ata-anaya) yaxşılıq (qulluğun nəticəsi) belə olur! O, camaat arasında anasına qarşı ən xoşrəftar adam idi”.
3 .... Məkhuldan: Əşəri qəbiləsindən bir heyət Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanına gəldi. Onlardan soruşdu: “Vəhərə sizin qəbilədən idi?” Onlar: Bəli- dedilər. Buyurdu: “Anası müşrik olduğu halda, o, anasına qarşı xoşrəftar olduğuna görə, Allah onu Cənnətə daxil etdi. Onun yaşadığı bölgə hücuma məruz qalmışdı. O, anasını (kürəyinə) şəlləyərək, qaça-qaça isti səhralıqla onu daşıdı. Ayaqları (qumun istisindən) yandığı zaman oturur, anasını (istidən yanmasın deyə) qucağında oturdur, onu günəşdən qoruyurdu. Dincəldikdən sonra onu yenidən kürəyinə şəlləyirdi. O, bu minvalla davam edərək, anasını (düşmənlərin əlindən) xilas etdi”.
4 ... Əbdurrəhman ibn Səmurədən (r.a): Bir gün biz Mədinə məscidində ikən Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- (hücrəsindən) çıxıb yanımıza gəldi. O, buyurdu: “Bu gecə təəccüblü bir yuxu görmüşəm”. Biz dedik: Ey Allahın Rəsulu, nədir o elə? Buyurdu: “Ümmətimdən bir nəfər gördüm, ölüm mələyi onun canını almağa gəlmişdi. Onun ata-anaya olan xoş rəftarı peyda oldu və (Allahın təqdir etdiyi müddətə qədər) mələyi ondan uzaqlaşdırıb geri qaytardı (ömrü uzandı)”.
5 ... Hz. Ömərdən (r.a): Hz. Peyğəmbərlə -sallallahuəleyhi vəsəlləm-bir dağın üstündəidik. Yuxarıdan bir vadiyə doğru aşağı endik. (Qoyun otaran) bir gənc gördüm. Onun gəncliyi (gənclik həyatı, davranışları, bir gənc kimi oturuşu-duruşu, əxlaqı) xoşuma gəldi. Dedim: Ey Allahın Rəsulu, necə də əla (alicənab) bir gəncdir, kaş gəncliyi Allah yolunda keçəydi! Hz. Peyğəmbər (s.ə.s) buyurdu: “Ömər, ola bilər ki, o, Allah yolundadır, ancaq sən bunu hiss (dərk) edə bilmirsən”. Sonra gəncdən soruşdu: “Cavan oğlan (igid), güzəranını təmin etdiyin kimsən var?”
Oğlan: Bəli –dedi. Soruşdu: “Kimdir?” Oğlan dedi:
Anam. Buyurdu: “Anana qayğı göstərməyə davam et, çünki Cənnət onun ayaqlarının yanındadır”. Sonra buyurdu: “Kim özünü insanlara möhtac olmaqdan qorumaq üçün səy göstərərsə (çalışar, zəhmətə qatlanarsa), o, şəhiddir (şəhid kimi vəfat edər)”.
6...Müvərrəq İclidən (r.a): Bir dəfə Hz.Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurdu: “Allah yolunda sərf olunan nəfəqədən daha fəzilətli bir nəfəqə bilirsiniz?” Səhabələr dedilər: Allah və Rəsulu daha doğru bilir! Buyurdu: “Övladın valideyni üçün sərf etdiyi nəfəqə (bütün maddi yardımlardan) daha fəzilətlidir”. (Nəfəqə- hər hansı bir məqsəd üçün ayrılmış maddi vəsait,maddi (humanitar) yardım, maliyyə dəstəyi, sponsorluq və s. mənalara gəlir.)
Fəsil - 11: Valideynə qulluqda mübaliğə edənlər haqqındadır
1 ... Onuncu fəsildə İsrail övladlarından (yəhudilərdən) olan, ata-anasına övladlarından qabaq qulluq edən şəxs barədə nəql edilən hədisi qeyd etmişdik.
... Hz. Aişədən (r.anhə): Bu ümmətin fərdləri arasında anasına qarşı ən xoşrəftar adamlar Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- səhabəsindən iki şəxs olmuşdur: Osman ibn Əffan və Harisə ibn Numan (r.a). Osman bir dəfə belə demişdi: Müsəlman olduqdan sonra, əməlli-başlı anamı nəzərdən keçirə bilməmişəm (utandığımdan başımı qaldırıb, onun üzünə baxa bilməmişəm).
Harisə isə anasının başındakı bitləri təmizləyir, onu öz əli ilə yedirirdi. Anasının ona tapşırdığı hər hansı bir şey barədə ona bir kəlmə ilə belə sual verməzdi. Sadəcə, anası çıxıb getdikdən sonra onun yanında olan kəsdən soruşardı: Anam bayaq nə dedi?
2 ... Əbu Hüreyrə (r.a) həmişə evindən (bir iş dalınca) çıxmaq istədikdə, anasının qapısının ağzında dayanıb deyərdi: Anacan, sənə salam olsun, Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun! Anası da: Əziz oğlum, sənə də salam olsun, Allahın rəhmət və bərəkəti sənin də üzərinə olsun –deyirdi. Sonra Əbu Hüreyrə deyərdi: Mən balaca ikən mənim qayğıma qaldığın (məni körpəliyimdən tərbiyə edib, boya-başa çatdırdığın) kimi, Allah da sənə mərhəmət etsin! Anası da belə deyirdi: Qoca vaxtımda mənə qarşı xoşrəftar olduğun kimi,Allah da sənə mərhəmət etsin! Əbu Hüreyrə evə daxil olmaq istədikdə də eyni şeyi edərdi.
3 ... Əbu Ümamədən: Əbu Hüreyrə (r.a) anasının dirsəklərindən (ehtiyatla) tutub qaldırır, sonra endirirdi. Onun anası çox yaşlı idi və gözləri görmürdü.
4 .... İbn Sirin demişdir (r.aleyh): (Bağımdakı) bir xurma ağacının qiyməti min dirhəmə çatırdı. Buna baxmayaraq, (anamın arzusunu yerinə yetirmək üçün) onun “cümmar” deyilən baş hissəsini oyub çıxardım. Mənə dedilər: Bu qədər bahalı xurma ağacını heyif elədin, halbuki onun cümmarının qiyməti cəmi iki dirhəmdir (gedib bazardan ikicə dirhəmə cümmar ala bilərsən)! Cavab verdi ki: onu məndən anam istəmişdi. Əgər o, bundan daha artığını istəsəydi, onu da edərdim.
*(Cümmar xurma ağacının baş tərəfində yerləşən, bir mənada ağacın qəlbi sayılan bir orqanıdır. Cümmarı kəsilib çıxarılmış xurma ağacı bir müddət sonra quruyur.)
5 ... (Həzrət Əlinin oğlu) İbnul-Hənəfiyyə (əley-himəssəlam) anasının başını xətmi (bitkisinin suyu) ilə yuyar, saçlarını darayar, anasını öpər, onun saçlarını həna ilə boyayardı.
6 ... Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib (əleyhimussəlam) heç vaxt anası ilə birgə yemək yeməzdi. O, insanlar arasında anasına qarşı ən xoşrəftar adam idi. Bu davranışın (anası ilə birlikdə yemək yeməməyin) səbəbi ondan soruşulduqda, belə cavab verdi: Qorxuram ki, birdən anam ilə birlikdə yemək yeyərəm, gözü yeməyin bir tikəsində qalar (mən götürdüyüm hissəni xəbərim olmadan nəfsi çəkər), mən də bilmədən onu yeyib anama hörmətsizlik etmiş olaram.
7... Muhəmməd ibn Sirin anasının yanında ikən bir nəfər onun yanına daxil oldu. (Onu həmişəkindən fərqli halda görüb) soruşdu: Muhəmmədə nə olub, xəstələnib? Cavab verdilər ki: Xeyr, o, həmişə anasının yanında olarkən belə vəziyyətə düşür (yəni özünü körpə uşaq kimi aciz görür).
8... Həfsə (öz oğlu) Hüzeyli rəhmətlə yad edər və deyərdi: O, yayda mənim üçün qamış yığır, qabığını soyub təmizləyir və qurudurdu. Elə ki, qış gəldi, mən namaz qılarkən yanıma gələr, arxa tərəfimdə oturub elə yüngülcə ocaq qalayardı ki, istisi məni isidər, tüstüsü isə mənə əziyyət verməzdi. (Salam verib) namazdan çıxaraq, üzümü ona tutub deyirdim: Oğlum, artıq gecədir, ailənin yanına get! O isə belə deyirdi: Anacan!..
Mən onun nə etmək istədiyini (getmək istəmədiyini) bilir və ona toxunmurdum (israr etmirdim). Gecədən bir müddət keçənə qədər bu vəziyyət davam edirdi. Mən yenə deyirdim: Oğlum, get ailə-uşağının yanına! O deyirdi: Qoy qalım, nə istədiyimi bilim (nə etməliyəmsə, onu edim, sənə qulluq edim). Mən də daha ona toxunmurdum. Bəzən bu minvalla səhərə qədər qalırdı.
O, mənə səhər-səhər sağılmış süd göndərərdi. Mən deyəndə ki: Oğul, sən bilirsən ki, mən gündüz süd içmirəm, o, deyirdi: Südün ən yaxşısı (keyfiyyətlisi) gecə heyvanın döşündə qalandır (səhər sağılan süddür), ona görə mən onu səndən başqasına rəva bilmirəm, onu istədiyinə də göndərə bilərsən.
Bir gün həcc getmək üçün ehrama girib yanıma gəlmişdi. Mən dedim: (oğul, əziyyət çəkib) bura niyə gəlmisən, sən ki, bilirsən, mən sənin ziyarətinə mane olan deyiləm. O dedi: Bilirəm, artıq niyyət etmişəm.
Bir müddət sonra Hüzeyl vəfat etdi. Mən onun üçün çox dərin hüznə qapıldım. Bir gecə namaza qalxdım. Nəhl surəsini oxumağa başladım. Allah-Təalanın: “Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət nemətləri) isə əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq (yaxud gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafat verəcəyik!)!” (Nəhl, 16/96.) sözünə çatanda, Hüzeyli xatırladım və qəlbimdəki qəm-qüssə tamamilə çəkilib getdi.
9 ... Misərin anası gecə su istədi. O, gedib anasına su gətirdi, lakin artıq anasını yuxu aparmışdı. O, həmin gecə su əlində anasının başının üstündə sabaha qədər durub gözlədi.
10 ... Zabyan ibn Əli əs-Sövri camaat arasında anasına qarşı ən xoşrəftar şəxslərdən idi. Anası bir gecə ona bir balaca acıqlı olduğu halda yuxuya getdi. Zabyan (anasının ona acıqlanmasının təsirindən o qədər narahatçılıq keçirdi ki, heç nə etməyib) ayaq üstə dayandı. O, həm anasını oyatmaqdan çəkinir, həm də oturmaq istəmirdi. Axırda yorulub əldən düşdü. Qulluqçularından ikisi gəldi və o, onların çiyninə söykənərək anası yuxudan duranadək gözlədi.
O, həmişə adəti üzrə bir dəstə çiçək alır, onların arasından yaxşılarını seçərək buket (çələng) düzəldib anasının qabağına qoyurdu. Anasını özü ilə Məkkəyə aparardı. Şiddətli istilər düşəndə çuxur qazar, onun içini su ilə doldurar, sonra anasına deyərdi: (Bunu sənin üçün düzəltmişəm. İstədiyin zaman) gir onun içinə və sərinlən.
11 ... Muhəmməd ibn Ömərdən: Muhəmməd ibn Əbdurrəhman ibn Əbu Zinad hər zaman atasının qulluğunda durardı. Atası: Muhəmməd –deyib onu çağırdıqda, cəld tərpənib başının üstündə dayanar, deyərdi: Buyur, hüzurundayam. Atası ona tapşırığını verirdi. O, atasına qarşı bəslədiyi dərin təzim duyğusu səbəbilə heç vaxt onun tapşırığını dəqiqləşdirmək üçün ona sual verməz, bunu ondan eşidən başqa bir adamdan soruşardı.
12 ... Bir dəfə İbn Əvni anası çağıranda anasına onun səsindən yüksək səslə hay verdiyinə görə,(günahına kəffarə kimi) iki kölə azad etmişdi.
13 ... Bir dəfə Mənsurla birlikdə onun evində oturmuşdum. Anası - o, çox sərt və kobud qadın idi- onun üstünə qışqıraraq dedi: Mənsur, İbn Hübeyrə səni qəzaya (məhkəməyə, qazılıq vəzifəsinə) çağırır, sən isə imtina edirsən?! Mənsur saqqalını sinəsinin üstünə söykəmiş vəziyyətdə (başını aşağı salaraq) dayanmış, gözünü belə qaldırıb anasına baxmırdı (başını qaldırıb gözünün ucu ilə belə anasına baxmağa cürət etmirdi).
14 ...Süfyan ibn Üyeynədən: Bir nəfər səfərdən qayıtdı. Gördü ki, anası qiyamda dayanıb namaz qılır. Anası ayaq üstə ola-ola özünün oturmasının düzgün olmayacağını düşündü (və anası namazı bitirənədək ayaq üstə durub gözləmək qərarına gəldi). Anası bunu başa düşdü və elə ona görə də, oğlu daha çox savaba nail olsun deyə qiyamı bir az da uzatdı.
15 ... Ömər ibn Zərdən bizə nəql edilib ki, oğlu vəfat edəndə ondan soruşurlar: (Valideynə qarşı) necə bir övlad idi? O, dedi: Oğlum həmişə gündüz mənimlə yol gedərkən (mənə hörmət olaraq) məndən arxada gəlib (bir dəfə də olsun, məndən qabağa keçməyib). Gecə bir yerdə yol gedərkən isə, (gələ biləcək hər hansı bir təhlükəyə qarşı) hər zaman məndən qabaqda gedib. O, heç vaxt (məndən hündürdə durmamaq üçün) mən altında durduğum bir damın (hündür bir tikilinin) üstünə çıxmayıb.
16 ... Müəlla ibn Əyyub demişdir: Məmunun belə rəvayət etdiyini eşitmişəm: Fəzl ibn Yəhya kimi atasına qarşı hörmətkar adam görməmişəm. Onun atasına bəslədiyi hörmət haqqında belə danışırlar:
- Yəhya həmişə isti su ilə dəstəmaz alırdı. Bir gün onu (oğlu Fəzl ilə birlikdə) həbs etdilər. Həbsxana nəzarətçisi soyuq bir gecədə içəri odun gətirməyi onlara qadağan etdi. Yəhya yatdıqdan sonra, Fəzl içində su qızdırılan kuzə götürüb, su ilə doldurdu, sonra onu çıraqın oduna yaxınlaşdırdı. Sabaha qədər əlində kuzə ayaq üstə (çıraqın yanında) durdu.
Məmundan başqa (eyni hadisəni nəql edən) bir nəfər danışır ki, ... nəzarətçi onun (Fəzlin) çıraqdan istifadə edərək, suyu isitdiyini anladı. Bu səbəbdən növbəti gecə çıraq yandırmağı da onlara qadağan etdi. Bunu görən Fəzl su ilə dolu olan kuzəni götürüb özü ilə yatağına apardı və onu bədəninə (qarın nahiyəsinə) sıxaraq, sabaha qədər saxladı. Səhər açılanda artıq su bir qədər ilıqlanmışdı.
17 ... Kəbdən: İsrail oğullarından üç nəfər abid bir yerə toplaşıb dedilər: Gəlin, hər birimiz işlədiyi ən böyük günahı(n əhvalatını) danışsın! Onlardan biri belə dedi: Mənim xatırladığın ən böyük günahım budur: Bir gün bir dostumla bir yerdə idim. (Yolda gedərkən) qarşımıza bir ağac çıxdı. Mən (onu zarafatla qorxutmaq üçün ağacın dalından qəflətən) çıxıb onun üstünə sıçradım. O, məndən ürkdü və dedi: Səninlə mənim aramda Allah Özü hökm versin!
İkincisi dedi: Biz İsrail oğullarından birimizə (paltarına) sidik bulaşdıqda (şəriətimizə görə) həmin yeri kəsərdi. Bir dəfə mənim paltarıma sidik bulaşdı. Həmin hissəni kəsib çıxardım, lakin artıqlaması ilə (lazımi qədər) kəsmədim. Bu, işlədiyim ən böyük günahdır.
Üçüncü adam dedi: Bir dəfə anam küləyin əsdiyi istiqamətin şimal tərəfindən (küləyin səsin çatmasına mane olduğu bir yerdən) məni çağırdı. Mən ona hay verdim, ancaq anam səsimi eşitmədi (və mənim ona hay vermədiyimi zənn etdi). Əsəbiləşmiş vəziyyətdə mənə tərəf gəldi və məni daşlamağa başladı. Mən əlimə bir paya alıb, onun qarşısında oturmağa getdim ki, ürəyini soyudana qədər onunla məni döysün. Anam məndən (əlimə dəyənək götürməyimdən) qorxuya düşdü (və qaçmağa başladı). Elə bu zaman üzü bir ağaca dəyib onu yaraladı. Bu mənim işlədiyim ən böyük günahdır.
Fəsil-12: Valideynə qarşı asilik etməyin günahı
1 ... Əbu Bəkrə atasından (r.a): Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanında böyük günahlardan söz açıldı (Ən böyük günahların hansılar olduğunu ondan soruşdular). Buyurdu: “Allaha şərik qoşmaq və valideynə asi olmaqdır”. O, (bunu söyləyərkən) dirsəklənmiş vəziyyətdə idi. (Bu sözlərini dedikdən) sonra dikəlib oturdu və əlavə etdi: “Agah olun, bir də yalandan şahidlik etmək”. Bunu (sonuncu sözünü) o qədər təkrar etdi (və sözlərinin vurğusu bizə o qədər dərindən təsir etdi) ki, (bu sözlərin ağırlığına tab gətirə bilməyib) dedik (fikirləşdik) ki, kaş sakitləşəydi.
2 ... Ənəsdən (r.a): Hz. Peyğəmbərə -sallallahu əleyhi və səlləm- böyük günahlar haqqında sual verdilər. Buyurdu ki: “(Ən böyük günahlar) Allaha şərik qoşmaq, (günahsız) canı öldürmək, valideynə asi olmaqdır...”
3 ... Abdullah İbn Ömərdən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur:
“(Ən) böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, valideynə asi olmaq, (günahsız) canı öldürmək və yalandan and içmək”.
4 ... Yenə İbn Ömərdən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Ata-anasına asi olan, içkiyə aludə olan, qədəri təkzib edən və yalandan and içən kəslər Cənnətə girə bilməz”.
5 ... İbn Ömərdən (r.a): Hz. Peyğəmbər -sallalla-hu əleyhi və səlləm- buyurmuşdur: “Qiyamət günü Allah üç şəxsə nəzər etməz: Valideyninə asi olana, içki aludəçisinə və verdiyini başa qaxana”.
6 ... Əbu Hüreyrədən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Dörd növ insan vardır ki, Allah onları Cənnətə daxil etməməyi, və oranın nemətlərindən onlara daddırmamağı vacib buyurub (Özünə söz verib): İçki aludəçisi, faiz yeyən, haqsız yerə (heç bir zəhmətinə əvəz olmadan) yetimin malını yeyən və valideyninə asi olan.
7 ... Zeyd ibn Ərqəmdən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Kim valideyni ondan razı qalaraq sabaha çıxarsa (gününə başlayarsa), o sabah o, iki açıq Cənnət qapısına nail olar (Cənnətdə onun üçün iki qapı açılar). Kim valideyni ondan razı qalaraq axşam vaxtına çatarsa, həmin axşam o, iki açıq Cənnət qapısına nail olar. Hər kim də valideyni ona qəzəblənmiş halda sabaha çıxarsa, həmin sabah o, iki açıq Cəhənnəm qapısına nail olar. Biri qəzəbli olar-sa, bir qapı!”. Soruşdular: Bəs valideyni ona zülm (haqsızlıq) etsə (və o, bunun nəticəsində onlara asi olsa) necə? Buyurdu: “Onlar ona zülm etsə belə, onlar ona zülm etsə belə, onlar ona zülm etsə belə (yenə onlara asi olmağa ixtiyarı yoxdur, asi olarsa, Cəhənnəmdə özü üçün cığır açar)!”
8 ... Əmr ibn Mürrə əl-Cuhənidən (r.a): Bir nəfər Hz. Peyğəmbərin -sallallahu əleyhi və səlləm- yanına gəlib dedi: Ey Allahın Rəsulu, mən şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur və sən Allahın Rəsulusan. Beş vaxt fərz namazı qılıram, malımın zəkatını verirəm, Ramazan ayının orucunu tuturam. Hz. Peyğəmbər (s.ə.s) buyurdu:
“Kim bu şəkildə (dediyin əməlləri daimi surətdə yerinə yetirərək) ölərsə, Qiyamət günü Peyğəmbərlər, siddiqlər və şəhidlər ilə bir yerdə olar”. Bunu söylədiyi zaman iki barmağını yuxarı qaldırıb dedi: “Ata-anasına asi olmursa!”
9 ... Əbu Hüreyrədən (r.a): (Bir gün) Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- minbərə qalxdı və: “Amin, amin, amin!” -dedi. Aşağı endikdə soruşdular: Ey Allahın Rəsulu, siz minbərdə olduğunuz zaman: Üç dəfə «amin» –dediniz (bunun səbəbi nə idi?) Buyurdu: (Mən minbərə qalxanda) “Cəbrayıl -əleyhissəlam- yanıma gəldi və dedi:
Kim Ramazan ayına yetişər, lakin günahları bağışlanmadan ölər və Cəhənnəmə girərsə, Allahın rəhmətindən uzaq olsun, de: Amin! Mən: Amin -dedim. Cəbrayıl (ə.s) dedi: Kim valideynindən hər ikisinin və ya birinin yaşlı vaxtında onlarla birlikdə olduğu halda onlarla xoş davranmaz və bu şəkildə ölər, Cəhənnəmmə girərsə, Allahın rəhmətindən uzaq olsun, «amin» de! Mən yenə «amin!» dedim. Cəbrayıl (ə.s) sözünə davam etdi: Sən kiminsə yanında yad edildikdə sənə salavat gətirməzsə və bu şəkildə ölər, Cəhənnəmmə girərsə, Allahın rəhmətindən uzaq olsun, «amin!» -de. Mən yenə də: Amin –dedim”.
10 ... Əbuttufeyldən: Hz. Əlidən (əleyhissəlam) soruşdular: Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- sizə başqalarına vermədiyi nəsə xüsusi bir şey (sirr, xüsusi dini ehkam) verib (öyrədib)? O, cavab verdi: Hz. Peyğəmbər (s.ə.s) bizə qılıncımın qınında saxladığım bir şeydən savayı xüsusi heç bir şey ötürməyib. Sonra (oradan) bir səhifə (vərəq) çıxartdı. Orada belə yazılmışdı: “Allahdan başqasının adına heyvan kəsənə Allah lənət etsin, ərazinin sərhədlərini göstərən nişanələri oğurlayana (torpaq sahələrinin hüdudlarını göstərən nişanları dəyişdirərək, qonşudan ərazi oğurluğu edənə) Allah lənət etsin, valideyninə asi olana Allah lənət etsin!”
11 ... Əbu Hüreyrədən (r.a): (Bir dəfə) Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurdu: “Burnu əzilsin ... burnu əzilsin ... burnu əzilsin!” Soruşdular: Ey Allahın Rəsulu, kimin? Buyurdu ki:
“Valideynindən hər ikisi və ya biri onun yanında qocaldığı halda (onların qulluğunda durmayıb, övladlıq borcunu yerinə yetirməyib) Cəhənnəmə girən kimsənin”.
12 ... İbn Abbasdan (r.anhumə): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Atasına söyən məlundur, anasına söyən məlundur”.
13 ... Əbu Hüreyrədən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Allah yeddi (qat) səmasının fövqündən yeddi kəsi lənətləmişdir: Valideyninə asi olan məlundur... ”
14 ... Yenə Əbu Hüreyrədən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Ata-anasının zülmünə məruz qalmadığı halda (haqsız yerə), onları qəzəbləndirənin namazı qəbul edilməz”.
15 ... Ənəsdən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur:
“Valideyninin razılığını qazanan, Allahın rizasına nail olur. Valideynini qəzəbləndirən, Allahın qəzəbinə düçar olur”.
16 ... Hz. Aişədən (r.anhə): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Valideyninə asilik edənə belə deyilir (onun haqqında Allah dərgahında belə hökm kəsilir): İstədiyini (istədiyin qədər yaxşılıq) et, onsuz da səni əfv etməyəcəyəm (valideyninə qarşı asi rəftarın sənin bütün gözəl görünən əməllərini puça çıxaracaq, səni rəhmətdən və məğfirətdən məhrum edəcək)! Onların qulluğunda durub, övladlıq borcunu yerinə yetirənə isə belə deyilir: İstədiyini et (nə qədər günahların olursa-olsun), Mən (valideyninə göstərdiyin hörmətə, onların qulluğunda durduğuna görə) səni əfv edəcəyəm!”
17 ... Əbu Bəkrədən (r.a): Hz. Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurmuşdur: “Allah istənilən günahların istədiyi qisminin cəzasını Qiyamət gününədək təxir edər, lakin valideynə asi olmaq bundan istisnadır, Allah onu işləyənin cəzasını hələ dünyada ikən verir”.
18 ... Ənəsdən (r.a): Rəsulullah -sallallahu əleyhi və səlləm- buyurdu: «İzzət və Cəlal sahibi Allah Musa ibn İmrana -əleyhissəlam- vəhy edib buyurdu: Ey Musa!Asi övladın öz valideyninə qarşı işlətdiyi (bəd rəftar ifadə edən) söz Mənim dərgahımda çox böyük günahdır!» Biz (səhabələr) soruşduq: Ey Allahın Rəsulu, o (ağır) söz nədir ki elə? Buyurdu: «Övladın öz valideyninə: Sizin sözünüzə baxmayacağam! -deməsidir.”
(Yəni övlad öz ata-anasının tapşırğından səbəbsiz yerə imtina edir, onların sözünə baxmır, onların üzünə qarşı: «yox, etmirəm, getməyəcəyəm, özünüz edin!» kimi vecsizlik ifadə edən sözlər sərf edirsə, onların üzünə ağ olmuş və Allah dərgahında ən böyük günahlardan birini qazanmış olur.)
19 .... Müdriklərdən (filosoflardan, hikmət əhlindən) biri belə demişdir: Ata-anasına asilik edən kəslə dostluq etmə! Çünki o, üzərində haqqı səndən daha vacib olan şəxslərə (valideyninə) üsyan etdiyi halda, səninlə yaxşı yoldaşlıq etməyəcəkdir (ata-anasına üsyan edən kəs sənə sadiq yoldaş olmaz).
Yəni, özünün ən doğmaları olan, bu dünyada mövcudluğunun səbəbi olan valideyninə qarşı asilik edən insandan heç kimə xeyir gəlməz. Ata-anasının qədrini bilməyən biri, nə qədər alicənab, tərbiyəli, xeyirxah bir şəxs imitasiyası yaratsa da, nümunəvi şəxsiyyət kimi görünsə də, gec-tez onun əsl üzü ortaya çıxacaq, həqiqi xarakteri özünü büruzə verəcək. Bu cür xislətli bir yoldaş insanı ən çətin vəziyyətdə, təhlükə qarşısında tək qoyub gedə, hər cür xəyanətə yol verə bilər.
Ardı var ......
Suallarla İslam
- İslam Əxlaqında Valideynə Ehtiram-2
- İsra surəsi 23-24-cü ayətlərin təfsiri
- Valideyinlərə Münasibət
- ƏHLİ-BEYTİ SEVMƏK.
- ƏHLİ-BEYTİ SEVMƏK.
- İSLAMDA kafir valideynlərə münasibət
- Əbu Hənifə və hənəfi fiqhinin üstünlüklərinə dair görüşlər nəql edə bilərsinizmi?
- Müsəlmanlar qeyri-müsəlmanlara yaxşılıq etməməlidirmi?
- Cihada getmək üçün ana atadan icazə almaq şərtdirmi?
- Peyğəmbərimizin (sallallahu alehyi və səlləm) Ramazanı