Merac hədisləri (4)

74-cü bab: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, (gecə vaxtı) göylərə     aparılması (isra) və namazların fərz qılınması babı"

 

411. Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Mənə, buraq (Peyğəmbərin, İsra gecəsi Rəbbinin hüzuruna gedərkən mindiyi heyvan) gətirdilər. Bu, uzunqulaqdan hündür və qatırdan alçaq olan ağ rəngli hündür bir heyvandır. O, addımını, gözünün gördüyü son nöqtəyə qoyurdu. Mən, ona minib (getdim). Nəhayət, Beytu'l-Maqdisə çatdım. Orda, Mən, buraqı, (Məndən əvvəlki) Peyğəmbərlərin bağladığı bir xalqaya bağladım. Sonra, məscidə daxil olub orda 2 rükət namaz qıldım.

Sonra (bayıra) çıxdım. (Bu vaxt), Cəbrayıl, Mənə, bir qab şərab, bir qab da süd gətirdi. Mən, südü seçdim. Cəbrayıl dedi: "Sən, fitrəti seçdin."

Sonra, (o heyvan), Bizi, göyə qaldırdı. (Nəhayət, dünya səmasına gəlib çatdıqda), Cəbrayıl, qapının açılmasını istədi. Ondan: "O, kimdir?" deyə soruşuldu. O: "Mən, Cəbrayılam." dedi. Onlar (səmada vəzifəli, gözətçi mələklər): "Yanındakı, Kimdir?" deyə soruşdular. Cəbrayıl: "O, Muhamməddir." deyə cavab verdi. Onlar: "Onu çağırıblarmı?" deyə soruşdular. O: "(Bəli) çağırıblar." dedi. (Bundan sonra), qapılar, Bizim üzümüzə açıldı.

Mən, (içəri daxil olduqda), Adəmlə qarşılaşdım. O, Mənə xoş gəldin etdi və Mənim üçün xeyir-dua dilədi.

Sonra (heyvan), Bizi, 2-ci səmaya qaldırdı. Cəbrayıl, qapının açılmasını istədi. (Mələklər): "Sən, Kimsən?" deyə soruşdular. O: "Cəbrayıldır." dedi. Onlar: "Yanındakı, Kimdir?" deyə soruşdular. O: "Muhamməddir." deyə cavab verdi. Onlar: "Onu, çağırıblarmı?" deyə soruşdular. Cəbrayıl: "(Bəli), çağırıblar." dedi. (Bundan sonra), qapılar, Bizim üzümüzə açıldı.

Mən, (içəridə), xala uşaqlarını -Məryəm oğlu İsanı və Zəkəriyyə oğlu Yəhyanı (hər ikisinə də Allahın salamı olsun)- gördüm. Onlar da, Mənə, xoş gəldin etdilər və Mənim üçün xeyir-dua dilədilər.

Sonra (heyvan), Məni, 3-cü səmaya qaldırdı. Cəbrayıl, qapının açılmasını istədi. (Mələklər): "Sən, Kimsən?" deyə soruşdular. O: "Cəbrayıldır." deyə cavab verdi. Onlar: "Yanındakı, Kimdir?" deyə soruşdular. O: "Muhamməddir." deyə cavab verdi. Onlar: "Onu, çağırıblarmı?" deyə soruşdular. Cəbrayıl: "(Bəli), çağırıblar." dedi. (Bundan sonra), qapılar, Bizim üzümüzə açıldı.

Mən (içəri keçdikdə), Yusufu gördüm. Ona, gözəlliyin yarısı verilmişdi. O, Mənə, xoş gəldin etdi və Mənim üçün xeyir-dua dilədi.

Sonra (heyvan), Bizi, 4-cü səmaya qaldırdı. Cəbrayıl, qapının açılmasını istədi. (Mələklər): "Sən, Kimsən?" deyə soruşdular. O: "Cəbrayıldır." deyə cavab verdi. Onlar: "Yanındakı, Kimdir?" deyə soruşdular. O: "Muhamməddir." deyə cavab verdi. Onlar: "Onu, çağırıblarmı?" deyə soruşdular. Cəbrayıl: "(Bəli), çağırıblar." dedi. (Bundan sonra), qapılar, Bizim üzümüzə açıldı.

Mən (içəri keçdikdə), İdrisi gördüm. O, Mənə, xoş gəldin etdi və Mənim üçün xeyir-dua dilədi. Əziz və Cəlil Allah, onun haqqında, belə buyurur: "Biz, onu, yüksək bir yerə qaldırdıq." (Məryəm/57)

Sonra (heyvan), Bizi, 5-ci səmaya qaldırdı. Cəbrayıl, qapının açılmasını istədi. (Mələklər): "Sən, Kimsən?" deyə soruşdular. O: "Cəbrayıldır." deyə cavab verdi. Onlar: "Yanındakı, Kimdir?" deyə soruşdular. O: "Muhamməddir." deyə cavab verdi. Onlar: "Onu, çağırıblarmı?" deyə soruşdular. Cəbrayıl: "(Bəli), çağırıblar." dedi. (Bundan sonra), qapılar, Bizim üzümüzə açıldı.

Mən (içəri daxil olduqda), Harunu gördüm. O, Mənə, xoş gəldin etdi və xeyir-dua dilədi.

Sonra, (heyvan), Bizi, 6-cı səmaya qaldırdı. Cəbrayıl, qapının açılmasını istədi. (Mələklər): "Sən, Kimsən?" deyə soruşdular. O: "Cəbrayıldır." deyə cavab verdi. Onlar: "Yanındakı, Kimdir?" deyə soruşdular. O: "Muhamməddir." deyə cavab verdi. Onlar: "Onu, çağırıblarmı?" deyə soruşdular. Cəbrayıl: "(Bəli), çağırıblar." dedi. (Bundan sonra), qapılar, Bizim üzümüzə açıldı.

Mən (içəri girdikdə), Musanı gördüm. O, Mənə, xoş gəldin etdi və Mənim üçün xeyir-dua dilədi.

Sonra (heyvan), Bizi, 7-ci səmaya qaldırdı. Cəbrayıl, qapının açılmasını istədi. (Mələklər): "Sən, Kimsən?" deyə soruşdular. O: "Cəbrayıldır." deyə cavab verdi. Onlar: "Yanındakı, Kimdir?" deyə soruşdular. O: "Muhamməddir." deyə cavab verdi. Onlar: "Onu, çağırıblarmı?" deyə soruşdular. Cəbrayıl: "(Bəli), çağırıblar." dedi. (Bundan sonra), qapılar, Bizim üzümüzə açıldı.

Mən (içəri daxil olduqda), İbrahimi gördüm. O, arxasını, Beytu'l-Mə'mura söykəmişdi. Hər gün, bu evə, 70.000 mələk girir (namaz qılıb çıxdıqdan sonra) bir də ora qayıtmırlar.

Sonra Cəbrayıl, Məni, Sidrətu'l-Muntəha'ya apardı. Onun yarpaqları, fil qulaqları boyda idi. Meyvələri də, (Həcər diyarında düzəldilən) saxsı səhənglərə bənzəyirdi. Allahın əmri, o sidr ağacını bürüdükdə, o, bambaşqa bir şəkil aldı. Belə ki, Allahın məxluqlarından heç kim, Onun gözəlliyini vəsf edə bilməz.

Sonra Allah, mənə, vəhy edəcəyini vəhy etdi. Və Mənə, gecə və gündüz, 50 (vaxt) namaz qılmağı vacib qıldı.

(Bundan sonra), Mən, Musanın yanına endim. Musa, Məndən soruşdu: "Rəbbin, Sənin ümmətinə nəyi vacib buyurdu?" Mən: "50 namaz qılmağı fərz qıldı." deyə cavab verdim. Musa: "Rəbbinin yanına qayıt və Ondan, ümmətin üçün (bu hökmü) yüngülləşdirməsini istə. Çünki ümmətin, buna tab gətirə bilməyəcək. Mən, İsrail oğullarını sınadım, (bu xüsusda) onları yoxladım, (lakin, heç nə alınmadı)."

Mən, Rəbbimin yanına qayıdıb: "Ey Rəbbim! Ümmətim üçün (bu hökmü) yüngülləşdir." dedim. O da, mənə, (bundan) 5-ini keçdi.

Sonra Mən, Musanın yanına qayıdıb: "(Rəbbim), mənə, 5-ini keçdi." dedim. Musa dedi: "Sənin ümmətin, buna tab gətirə bilməyəcək. Rəbbinin yanına qayıt və Ondan, (bu hökmü) yüngülləşdirməsini istə."

Beləcə, Rəbbim Təbarəkə və Taala ilə Musa (əleyhissəlam) arasında gedib-gəlməyə davam etdim.

Axırda, (Rəbbim), buyurdu:

"Ey Muhamməd! Bunlar, hər gecə və gündüz (qılınan) 5 namazdır. Hər bir namaz üçün, 10 (savab) vardır. Bunlar da, (savab cəhətindən), 50 namaza bərabərdirlər. Kim, bir yaxşı iş görməyə niyyət etsə; sonra buna əməl etməsə; ona, 1 savab yazılar. Və əgər yaxşı iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, ona, 10 savab yazılar. Kim də, 1 günah iş görməyə niyyət etsə; sonra onu etməzsə, ona, heç nə yazılmaz. (Yox) əgər bunu edərsə, ona, (cəmi) 1 günah yazılar."

Sonra Mən, aşağı endim və Musanın yanına gəlib, bunu, Ona xəbər verdim. Musa dedi: "Rəbbinin yanına qayıt və Ondan, (bu hökmü) yüngülləşdirməsini istə."

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

Mən, dedim: "Rəbbimin yanına (çox) qayıtdım. Belə ki, artıq Ondan utanıram."

------------------------------

------------------------------

410. Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"(Mələklər), yanıma gəldilər. Məni, zəmzəm olan yerə apardılar. Köksümü yardılar. Sonra onu, zəmzəm suyu ilə yudular. Sonra da Məni, (götürdükləri yerə) qoydular."

-----------------------

-----------------------

411. Ənəs b. Malik (radiyallahu anh), belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), (kiçik yaşlarında), uşaqlarla oynayarkən, Cəbrayıl Onun yanına gəldi. Onu tutub yerə yıxdı və köksünü yarıb qəlbini çıxartdı. Sonra, onun içindən, qan laxtası çıxartdı və (Peyğəmbərə): "Bu, şeytanın Səndə olan payıdır." dedi. Onun qəlbini, qızıl ləyən içində, zəmzəm suyu ilə yuduqdan sonra, onu bağladı. Sonra da, onu, yerinə qaytardı. (Bunu görən) uşaqlar, tələsik, Onun süd anasının yanına gəlib: "Muhamməd, öldürüldü." dedilər. (Dərhal), hamısı Onun yanına gəldi. Onun rəngi qaçmışdı.

Ənəs deyir:

"Mən, Onun sinəsində, o iynənin yerini görürdüm."

------------------------

------------------------

412. Şərik b. Abdullah b. əbi Nəmr, Ənəs b. Malik (radiyallahu anh)'dan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, gecə vaxtı, Kəbə'dən (Allahın hüzuruna) getdiyini, belə rəvayət edir:

"Peyğəmbərə hələ vəhy nazil olmamışdan əvvəl, o, Məscidu'l-Haram'da yatmış ikən, 3 nəfər, Onun yanına gəldilər..."

Ravi, bu hədisi, Sabit əl-Bunani'nin hədisi kimi rəvayət etmiş; lakin, (hədisdə), iləri keçirdiyi və ya arxaya buraxdığı, əlavə etdiyi və əskiltdiyi bəzi şeylər vardır.

--------------------------

--------------------------

413. Ənəs b. Malik (radiyallahu anh)'ın, əbu Zərr (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Mən, Məkkədə ikən, evimin tavanı aralandı və Cəbrayıl (yanıma) endi. O, köksümü yardı. Sonra onun içini, zəmzəm suyu ilə yudu. Sonra da içi, hikmət və imanla dolu olan qızıl ləyən gətirib, içindəkiləri köksümə boşaltdı və köksümü bağladı.

Sonra, əlimdən tutub, Məni, səmaya qaldırdı. Mən, yerə ən yaxın olan səmaya gəlib çatdıqda, Cəbrayıl, dünya səması gözətçisinə (yəni, vəzifəli mələyinə): "Aç." dedi. (Gözətçi): "O, kimdir?" deyə soruşdu. O: "Cəbrayıldır." dedi. (Gözətçi): "Yanında kimsə varmı?" deyə soruşdu. Cəbrayıl: "Bəli, Muhamməd (sallallahu aleyhi və səlləm), yanımdadır." dedi. (Gözətçi): "Ona, (gəlsin deyə) xəbər göndərilibmi?" deyə soruşdu. Cəbrayıl: "Bəli." dedi. (Gözətçi, qapıları) açdı. Biz, yaxın göyün üstünə qalxdıq və orda, (oturmuş) bir Adam gördük ki, Onun sağ və sol tərəflərində, qaraltılar var idi. Bu Adam, sağa baxanda, gülür; sola baxanda isə, ağlayırdı. O, (Məni görüb): "Saleh nəbi və saleh oğluma, mərhəba!" dedi. Mən: "Ey Cəbrayıl! Bu, Kimdir?" deyə soruşdum. Cəbrayıl dedi: "Bu, Adəmdir. Sağında və solunda olan qaraltılar isə, zürriyyətinin ruhlarıdır. Sağında olanlar, cənnət əhli; solundakı qaraltılar isə, cəhənnəm əhlidir. (Buna görə də), O, sağına baxanda, gülür; soluna baxanda isə, ağlayır."

Sonra Cəbrayıl, Məni qaldırdı. Nəhayət, 2-ci səmaya gəlib çatdıqda, onun gözətçisinə: "Aç." dedi. Bu gözətçi də, Ona, dünya səması gözətçisinin dediyini deyəndən sonra, (qapını) açdı.

Ənəs b. Malik deyir:

əbu Zərr, Onun, səmalarda, Adəmi, İdrisi, İsanı, Musanı və İbrahimi -hər birinə Allahın salatı olsun- gördüyünü söyləsə də, Onların yerləri barədə, dəqiq bir söz demədi. Yalnız Adəmi, dünya səmasında; İbrahimi də, 6-cı səmada gördüyünü söylədi.

Ənəs deyir:

Cəbrayıl, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, İdrisin yanından keçdikdə, (İdris): "Saleh nəbi və saleh qardaşa, mərhəba." dedi. (Sonra Peyğəmbər dedi): Mən: "Bu, Kimdir?" deyə soruşdum. Cəbrayıl: "Bu, İdrisdir." dedi.

Sonra, Musanın yanından keçdim. O da: "Saleh nəbi və saleh qardaşa mərhəba." dedi. Mən: "Bu, Kimdir?" deyə soruşdum. Cəbrayıl: "Bu, Musadır." dedi.

Sonra Mən, İsanın yanından keçdim. O da: "Saleh nəbi və saleh qardaşa, mərhəba." dedi. Mən: "Bu, Kimdir?" deyə soruşdum. Cəbrayıl: "Bu, Məryəm oğlu İsadır." dedi.

Sonra Mən, İbrahimin yanından keçdim. İbrahim: "Saleh nəbi və saleh oğluma mərhəba." dedi. Mən: "Bu, Kimdir?" deyə soruşdum. Cəbrayıl: "Bu, İbrahimdir." deyə cavab verdi.

 

[Bu hədisi, Buxari (hədis no: 349, 3342, 1646); Nəsai (hədis no: 448); ibn Macə (hədis no: 1399) da rəvayət etmişlərdir.]

-----------------------

-----------------------

414. ibn Şihab deyir:

Mənə, ibn Hazm'ın da xəbər verdiyinə görə, ibn Abbas və əbu Həbbə əl-Ənsari, belə deyərdilər:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Sonra, (Cəbrayıl), Məni, elə bir yüksəkliyə qaldırdı ki, nəhayət Mən, qələmlərin xışıltısını eşitdim."

ibn Hazm və Ənəs b. Malik deyirlər:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Allah, mənim ümmətimə, 50 (vaxt) namaz qılmağı fərz qıldı. Mən, bu (məsuliyyətli işi öhdəmə götürüb), geri qayıtdım. Nəhayət, Musanın yanına gəlib çatdıqda, Musa (əleyhissəlam), (Məndən): "Allah, sənin ümmətinə, nəyi əmr etdi?" deyə soruşdu. Mən: "50 (vaxt) namaz qılmağı fərz qıldı." dedim. Musa: "Rəbbinin yanına qayıt (və Ondan, bu hökmü yüngülləşdirməyi) istə. Çünki, Sənin ümmətin, bunun öhdəsindən gələ bilməyəcək." Mən, Rəbbimə müraciət etdim və O da, bunun sayını, bir qədər azaltdı.

Sonra, Musanın yanına qayıdıb, bunu, Ona xəbər verdim. Musa, yenə: "Rəbbinə müraciət et. Çünki, Sənin ümmətin, bunun öhdəsindən gələ bilməyəcək." dedi. Mən, yenə Rəbbimə müraciət etdim. (Allah Təbarəkə və Taala), belə buyurdu:

"Onlar, (sayca) 5-dir. (Savab cəhətindən) isə, 50-dir. Çünki, Mənim sözüm, dəyişməzdir."

Sonra Mən, Musanın yanına qayıtdım. O, yenə: "Rəbbinə müraciət et." dedi. Mən: "Artıq, Rəbbimdən utanıram." dedim.

Sonra Cəbrayıl, Məni, sidrətu'l-müntəhanın yanına apardı. Bu ağacı, elə (əcaib-qəribə) rənglər bürümüşdü ki, Mən, onların nə olduğunu bilmirəm.

Sonra, Məni, cənnətə daxil etdilər. Orda, incilərdən qübbələr var idi. Torpağı da, müşk idi.

-----------------------

-----------------------

415. Malik b. Səsəa (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Bir dəfə Mən, Beytin (yəni, Kəbənin) yanında (yəni, Hatimdə), yarı oyaq-yarı yuxulu ikən, bir nəfərin: "3 nəfərdən biri, 2 nəfərin ortasında (olanı götürün)." dediyini eşitdim. Elə bu vaxt, onlar, Mənim yanıma gəldilər və Məni götürüb apardılar. (Orda), yanıma, içində zəmzəm suyu olan qızıldan bir ləyən gətirdilər. Sonra, köksümü, burdan-bura kimi yardılar.

(Qatadə deyir: Yanımdakı adama: "O, nəyi qəsd edirdi?" dedim. O: "Qarnının alt nahiyəsinə qədər." deyə cavab verdi.)

Sonra qəlbimi çıxardıb, zəmzəm suyu ilə yudular və onu yerinə qoydular. Sonra, qəlbimə iman və hikmət dolduruldu. Sonra, Mənim yanıma, qatırdan alçaq və uzun qulaqdan hündür olan ağ rəngli bir heyvan gətirdilər. Onun adı, buraq idi. O, addımını, gözünün gördüyü son nöqtəyə qoyurdu. Məni, ona mindirdilər. Sonra Biz, yolumuza davam etdik. Nəhayət,

Dünya səmasına gəlib çatdıqda, Cəbrayıl, qapının açılmasını istədi. (Gözətçi): "O, Kimdir?" deyə soruşdu. O: "Cəbrayıldır." dedi. (Gözətçi): "Yanındakı Kimdir?" deyə soruşdu. O: "Muhamməddir." dedi. (Gözətçi): "Onu çağırıblarmı?" deyə soruşdu. Cəbrayıl: "Bəli." dedi. (Gözətçi) qapını Bizim üzümüzə açdı və: "Mərhəba Ona. O, nə gözəl ziyarətçidir." dedi. Biz, (içəri keçib), Adəmin yanına gəldik.

Ravi, bu hədisi nəql etmiş və demişdir:

O:

~ 2-ci səmada, İsa və Yəhyaya (Onlara, Allahın salamı olsun);

~ 3-cü səmada, Yusufa;

~ 4-cü səmada, İdrisə; və

~ 5-ci səmada, Haruna (Allahın onlara salamı olsun)

rast gəldi.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), davam edərək deyir:

Sonra Biz, yolumuza davam etdik və nəhayət, gəlib 6-cı səmaya çatdıq. Mən, Musanın yanına gəldim və Ona salam verdim. O (Mənim salamımı aldıqdan sonra) dedi: "Saleh qardaş və saleh nəbiyə mərhəba." Mən, onun yanından keçib getdikdə, o, ağladı. Ondan: "Niyə ağlayırsan?" deyə soruşuldu. O: "Ey Rəbbim! Məndən sonra göndərdiyin bu cavan oğlanın ümmətindən cənnətə daxil olanların sayı, Mənim ümmətimdən ora daxil olanların sayından qat-qat çox olacaq."

Sonra Biz, yolumuza davam etdik və nəhayət, gəlib 7-ci səmaya çatdıq. Orda, Mən, İbrahimin yanına gəldim.

Malik, hədisi rəvayətində, bunları da dedi:

Peyğəmbər xəbər verdi ki, orda, O, Sidrətu'l-Müntəha dibindən çıxan 4 çay görmüşdür. Bu çaylardan ikisi, üstdən; ikisi də, altdan axırdı. Mən soruşdum: "Bu, nə çaylardır, ey Cəbrayıl?" O: "Altdakı çaylar, cənnətdən axır. Üstdəki çaylar isə, Nil və Furat çaylarıdır." deyə cavab verdi.

Sonra Mənə, Beytu'l-Mə'muru göstərdilər. Soruşdum: "Bu nədir, ey Cəbrayıl?" Dedi: "Bu, Beytu'l-Məmurdur. Hər gün onun içinə, 70.000 mələk girir. Ordan çıxdıqdan sonra, bir də ora qayıtmırlar.”

Sonra Mənə, 2 qab gətirdilər. Birində, şərab; digərində isə, süd var idi. Onlar Mənə uzatdılar və Mən, südü seçdim. Onda, Mənə: "Sən, (fitrətə) uyğun seçim etdin. Allah, sənə, (xeyir) nəsib etdi. Ümmətin də, fitrət üzərində olacaq." deyildi.

Bundan sonra, Mənə, gündəlik 50 (vaxt) namaz qılmaq fərz qılındı.

 

Sonra ravi, hədisi axıra kimi rəvayət etdi.

 

Not: Bu hədisi:

~ Buxari (hədis no: 3207, 3887, 3393, 3430);

~ Tirmizi (hədis no: 3346);

~ Nəsai (hədis no: 447)

də rəvayət etmişlərdir.

----------------------

----------------------

416. Ənəs b. Malik rəvayət etmişdir ki, Malik b. Səsəa: "Peyğəmbər, belə buyurdu..." deyərək, hədisi, eynilə rəvayət etdi. (Hədisdə), bunu da əlavə etmişdir:

"Mənə, içi hikmət və imanla dolu olan qızıl ləyən gətirdilər. Sonra, Mənim (bədənimi), boğazımdan qarnımın alt nahiyəsinə qədər yardılar. Sonra onu, zəmzəm suyu ilə yudular. Sonra da, qəlbim, hikmət və imanla dolduruldu."

------------------------

------------------------

417. Qatadə deyir:

Mən, əbu'l-Aliyə'nin belə dediyini eşitdim:

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in əmisi oğlu (yəni, ibn Abbas), demişdir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), isra gecəsi barəsində danışarkən, belə buyurmuşdur:

"Musa, qarabuğdayı, hündürboylu bir adam idi. Lap Şənuə qəbiləsinin kişiləri kimi."

Həmçinin, belə buyurmuşdur:

"İsa, dolu bədənli, orta boylu bir adam idi."

Peyğəmbər (sallallahu aleyhi və səlləm), cəhənnəm gözətçisi Malik; həmçinin dəccalı da zikr etdi.

------------------------

------------------------

418. əbu'l-Aliyə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmisi oğlu (ibn Abbas) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Mən, səmalara qalxdığım gecə, İmran oğlu Musanın yanına gəldim. Qara buğdayı, hündür boylu və dolu bədənli biri idi. Lap, Şənuə qəbiləsinin kişiləri kimi. Məryəm oğlu İsanı da gördüm. Orta boylu, alyanaq, ağbəniz və nazik saçlı bir adam idi.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, cəhhənəmin gözətçisi Malik, bir də dəccal göstərildi. Bir çox əlamətlər içərisində, Allah, bunları da Ona göstərmişdir.

"Elə isə, Sən, onunla görüşəcəyinə əsla şübhə etmə." (Səcdə/23)

Qatadə bu ayəni təfsir edib demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), həqiqətən də, Musa (əleyhissəlam) ilə görüşmüşdür."

-------------------------

-------------------------

419. ibn Abbas (radiyallahu anh) deyir:

(Bir dəfə), Peyğəmbər (sallallahu aleyhi və səlləm), Əzraq vadisinə gəldi və: "Bu, hansı vadidir?" deyə soruşdu. (Ona): "Bu, Əzraq vadisidir." dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Mən, sanki, Musanın, gur səsilə, Allaha təlbiyyə edərək təpədən aşağı endiyini görürəm."

Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm), Hərşa keçidinə gəldi və: "Bu, hansı keçiddir?" deyə soruşdu. (Ona): "Bu, Hərşa keçididir." dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Mən, sanki, Yunus b. Məttanı, ətli-canlı, qırmızı dişi bir dəvə üstündə, əynində yundan bir cübbə olduğu halda görürəm. Dəvəsinin ovsarı, xulbədəndir. Özü də təlbiyyə edir."

ibn Hənbəl, öz rəvayətində, demişdir:

Huşeym dedi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) xulbə dedikdə, lifi nəzərdə tutmuşdur.

------------------------

------------------------

420. əbu'l-Aliyə, ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edir:

Biz, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər Məkkədən Mədinəyə yola düşdük və gəlib bir vadiyə çatdıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bu, hansı vadidir?" deyə soruşdu. (Səhabələr Ona): "Bu, Əzraq vadisidir." dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Mən, sanki, Musanın, 2 barmağını qulaqlarına qoymuş; özü də gur səsilə Allaha təlbiyyə edərək bu vadidən keçdiyini görürəm."

(Burda, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Onun rəngindən və saçlarından bəzi şeylər zikr etmiş; lakin ravilərdən biri olan Davud, bunu yadda saxlamamışdır.)

(ibn Abbas) deyir:

Sonra biz, yolumuza davam etdik. Nəhayət, gəlib, bir dağ keçidinə çatdıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bu, hansı keçiddir?" deyə soruşdu. (Ona): "Bu, Hərşa, yaxud Lift keçididir." dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Mən, sanki, Yunusu, qırmızı dişi dəvənin üstündə, əynində yundan bir cübbə olduğu halda görürəm. Dəvəsinin ovsarı, lifdən, xulbədəndir. Özü də təlbiyyə edərək vadidən keçir."

----------------------

----------------------

421. Mücahid belə deyir:

(Bir dəfə), biz, ibn Abbas'ın yanında ikən, ordakılar, Dəccaldan danışırdılar. (Onlardan) biri: "Onun 2 gözü arasında, kafir yazılmışdır." dedi. ibn Abbas dedi: "Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, belə dediyini eşitməmişəm. Lakin O, belə buyurmuşdur:

İbrahimə gəlincə, (əgər Onu görmək istəyirsinizsə), dostunuza (yəni, Mənə) baxın. Musaya gəldikdə isə, O, qarabuğdayı, dolubədənli bir adam idi. Xurma lifindən hörülmüş iplə ovsarlanmış qırmızı dəvənin üstündə oturmuşdu və Mən, sanki, Onun təlbiyyə edərək vadiyə endiyini görürəm."

---------------------

---------------------

422. Cabir (radiyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Mənə, peyğəmbərlər göstərildi. Baxdım ki, Musa, Şənuə qəbiləsinin kişiləri kimi dolu bədənlidir. Məryəm oğlu İsanı da gördüm. Baxdım ki, O, hamıdan çox, Urvə b. Məsuda oxşayır. İbrahimi də gördüm. Ona ən çox oxşayan isə, Dostunuzdur (yəni, Mən). Cəbrayılı da gördüm. Ona ən çox oxşayan isə, Dihyədir.

ibn Rumhun rəvayətində isə, "Dihyə b. Xəlifə" deyilməkdədir.

------------------------

------------------------

423. əbu Hureyrə (radiyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Mən, İsra gecəsində, Musaya rast gəldim. (Peyğəmbər, Onu, belə vəsf etdi):

Baxdım ki, Musa, Şənuə qəbiləsinin kişiləri kimi qarabuğdayı, hündürboylu, dolubədənli, düzsaçlı bir adamdır. İsaya da rast gəldim. (Peyğəmbər, Onu vəsf edib dedi): İsa, ortaboylu, sanki hamamdan çıxmış adam kimi qırmızı yanaq idi. İbrahimə də rast gəldim. Övladları içində Ona ən çox bənzəyəni, Mənəm. Sonra, Mənə, 2 qab gətirdilər. Birində, süd; digərində isə, şərab var idi. Sonra da, Mənə: "Hansını istəyirsənsə, götür." dedilər. Mən, südü götürüb içdim. Onda Mənə: "Sən, fitrətə hidayət olundun. (Yaxud, fitrətə uyğun seçim etdin.) Əgər şərabı seçsəydin, ümmətin azğınlığa düşərdi."

----------------------

----------------------

Not: Dəyərli oxuyucu! Muslimin "Səhih"ində, "İman" kitabı 74-cü bab (yəni, yuxarıdakı bab)'dan sonra, bu 75-ci bab: "Məryəm oğlu Məsih və Dəccal məsihə dair zikr edilənlər babı" gəlir. Biz, bu yazımızda miracla bağlı hədisləri paylaşdığımızdan dolayı, İsa məsih və dəccala dair olan 424, 425, 426, 428 no-lu hədisləri keçirik.

-----------------------

427. Cabir b. Abdullah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Qureyş (gecə səfəri haqqında dediklərimi) yalanladıqlarında, (gedib) Hicrdə durdum. (Bu vaxt), Allah, Beytu'l-Maqdisi Mənə təcəlli etdirdi. Mən də, Beytu'l-Maqdisə baxaraq, onun əlamətlərini, qureyşlilərə bildirdim.

-----------------------

-----------------------

429. əbu Hureyrə (radiyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Mən, Hicrdə ikən, Qureyşlilər, Məndən, isra haqqında soruşdular. Onlar, Məndən, Beytu'l-Maqdisə dair elə şeylər soruşdular ki, Mən, bunları yadımda saxlamamışdım. Və o qədər sıxıldım ki, heç vaxt, bu qədər sıxılmamışdım. Elə bu vaxt, Allah, Beytu'l-Maqdisi Mənə göstərdi və Mən, ona baxıb, qureyşlilərin verdiyi hər sualı, cavablandırdım. Mən, orda, Özümü, Peyğəmbərlərdən ibarət bir toplum içində gördüm. Baxdım ki, Musa, ayaq üstə durub namaz qılır. O, saçları düz, Şənuə qəbiləsinin kişilərinə bənzər bir kişi idi. Həmçinin, Məryəm oğlu İsanın ayaq üstə durub namaz qıldığını gördüm. İnsanlardan Ona ən çox oxşayanı, Urvə b. Məsud əs-Səqəfi'dir. İbrahimin də ayaq üstə durub namaz qıldığını gördüm. İnsanlardan Ona ən çox bənzəyəni isə, dostunuzdur (yəni, Mənəm). Sonra, namazın vaxtı çatdı və Mən, onlara namaz qıldırdım. Namazını bitirdikdə, bir nəfər (Məni səsləyib) dedi:

"Ey Muhamməd! Bu, cəhənnəm odunun sahibi (gözətçisi) Malikdir. Ona salam ver."

Mən, ona tərəf dönüb (salam vermək istədikdə, o, Məni qabaqldı). Birinci, o Mənə salam verdi.

---------------------------

Şərhi:

(409-429 no-lu hədislər)

Bu, uzun bir babdır. Mən də, uca Allahın iznilə, bu babın məqsədləri arasında yer alan ləfzlər və mənalar haqqında, müxtəsər olaraq sırası ilə danışacam. (Belə ki):

İcmal olaraq İsra və mirac:

Qadı İyad (rahiməhullah), isra haqqında, gözəl ifadələrlə bir xülasə edib, belə demişdir:

İnsanlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in İsraya aparılması xüsusunda, ixtilaf etmişlərdir. Bütün bu halın, yuxuda olduğu deyilmişdir. Lakin, insanların əksəriyyətinin, sələfin böyük çoxluğu ilə fəqih, mühəddis və kəlam alimlərinin qəbul etdikləri haqq görüş, isranın, cəsədilə də gerçəkləşdiyidir. Bu xüsusdakı rəvayətlər də, -onları mütaliə edib araşdıran kimsə üçün- belə olduğunun dəlilidir. Bu rəvayətlərin zahirən anlaşılan mənalarını da, hər hansı bir dəlil olmadan tərk edərək başqa bir görüşə yönəlmək də, doğru deyildir. Bunların zahir mənalarına görə (yəni, isra və miracın, ruh və cəsədlə bərabər baş verməsi) qəbul edilmələri imkansız olmadığından, təvilə də ehtiyac yoxdur.

--------------------------

İsra'nın zamanı:

Bu kitabda yer alan Şərik'in rəvayət etdiyi (412 no-lu) hədisdə, alimlərin qəbul etmədikləri bəzi yanılmaları da yer almaqdadır. Muslim də, bu xüsusa: "(Hədisdə), iləri keçirdiyi və ya arxaya buraxdığı, əlavə etdiyi və əskiltdiyi bəzi şeylər vardır.” deyə diqqət çəkməkdədir. Bu qəbul edilməyən ifadələrdən biri də, "Bu hadisə, Ona vəhy gəlməzdən əvvəl olmuşdu." sözləridir. Bu, əslə uyğun görülməyən bir yalnışıdır. Çünki, İsra hadisəsinin meydana gəldiyi zaman ilə bağlı olaraq bildirilən ilk zaman:

~ Nəbi (sallallahu aleyhi və səlləm)'in peyğəmbər olaraq göndərilməsindən 15 ay sonra gerçəkləşdiyi şəklindədir.

~ əl-Harbi isə: "Bu, hicrətdən 1 il əvvəl, rəbiu'l-axir ayının 27-ci gecəsində gerçəkləşmişdir." deməkdədir.

~ Zühri isə: "İsra, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in peyğəmbər olaraq göndərilməsindən 5 il sonra olmuşdur." demişdir.

~ ibn İshaq da belə deməkdədir: Allah rəsulu (sallallahu aleyhi və səlləm) israya aparıldığında, İslam, Məkkədə və qəbilələr arasında yayılmışdı.

Bu görüşlər arasında doğruya ən yaxın görüş, Zühri'nin və ibn İshaqın görüşləridir. Çünki, alimlər, Xədicə (radiyallahu anha)'nın Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər Özünə namazın fərz qılınmasından sonra namaz qıldığı xüsusunda ixtilaf etmədikləri kimi; hicrətdən bir müddət əvvəl -3 və 5 il olduğu da deyilmişdir- vəfat etdiyi xüsusunda da, görüş ayrılığı yoxdur.

(Şərik'in rəvayətindəki bu xətanı ortaya qoyan) bir digər xüsus da, budur:

Alimlər, namazın isra gecəsi fərz qılındığı üzərində icma etmişlərdir. O halda, Ona vəhy gəlmədən əvvəl, isra necə gerçəkləşmiş ola bilər?!

Yenə, Şərik'in rəvayətində, "O, yatarkən..." ibarəsilə; digər bir rəvayətdə (415 no-lu hədisdə): “Bir dəfə Mən, Beytin (yəni, Kəbənin) yanında (yəni, Hatimdə), yarı oyaq-yarı yuxulu ikən…” ibarələrini, İsranı yatarkən görülən bir yuxu qəbul edən kimsələr, dəlil göstərə bilərlər. Lakin, bunda, dəlil olacaq bir tərəf yoxdur. Çünki, bəhsi edilən bu hal, mələyin, Onun yanına gəldiyi ilk vaxtda meydana gəlmiş ola bilər. Hədisdə zikr edilən hadisənin bütünündə isə, Onun yuxuda olduğuna dəlil olacaq bir tərəf yoxdur.

Qadı (rahiməhullah)'ın açıqlamaları, bunlardan ibarətdir.

Şərik'in rəvayətilə bağlı olaraq söylədiyi bu sözlər ilə, alimlərin buna qarşı çıxdıqlarını, başqaları da ifadə etmişlərdir.

~ Buxari (rahiməhullah) da, Şərik'in Ənəs'dən deyə nəql edilən bu rəvayətini, Səhih'inin "Kitabu't-Tövhid" adındakı bölməsində qeyd etmiş və hədisi, uzun-uzadıya zikr etmişdir.

~ Hafiz Abdu'l-Haqq (rahiməhullah) da, "əl-Cəm beynə's-Sahiheyn" adlı əsərində, bu rəvayəti zikr etdikdən sonra, belə deyir:

Şərik b. əbi Nəmr'in, Ənəsdən nəql etdiyi bir rəvayət olaraq bu ləfz ilə, bu hədisdə, Şərik, məchul olan bir əlavə etmiş və bu hədisin rəvayətində bilinməyən ləfzlər zikr etmişdir. İsra hədisini, ibn Şihab, Sabit əl-Bunani və Qatadə kimi məşhur imamlar ilə, son dərəcə sağlam rəvayət nəql edən hafizlərdən bir topluluq -yəni, Ənəsdan- rəvayət etmişlər və onların heç biri, Şərik'in söylədiklərini söyləməmişlərdir. Şərik isə, hədis alimləri nəzdində, hafiz biri deyildir.

(Hafiz Abdu'l-Haqq davam edərək) deyir:

"Bundan əvvəl keçmiş olan hədislər, bu xüsusda əsl istinad götürüləcək hədislərdir."

Hafiz Abdu'l-Haqq (rahiməhullah)'ın sözləri, bunlardan ibarətdir.

--------------------------------

"Buraq":

(Eyni hədisdə), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Mənə, Buraq gətirdilər." ifadəsindəki "buraq" ilə bağlı olaraq:

~ Dil alimləri belə deyirlər:

Buraq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, isra gecəsində mindiyi miniyin adıdır.

~ Zəbidi, "Muxtasaru'l-Ayn" adlı əsərində və "ət-Tahrir" sahibi də, belə deyirlər:

"Buraq, Nəbilərin mindikləri minikdir."

Bu 2 dil aliminin söylədikləri, "Buraq, bütün Nəbilərin mindikləri minikdir." iddiasının, səhih bir nəqlə ehtiyacı vardır.

~ ibn Bureyd, belə deyir:

"-İnşallah- o, bərq (şimşək)'dən meydana gəlmişdir."

(ibn Bureyd), bununla, sürətli olduğundan dolayı, bu kökdən gəldiyini qəsd edir.

~ Ona, bu adın, “son dərəcə bərraq (yəni, parlaq), parıl-parıl parlaması səbəbilə verildiyi” də deyilmişdir.

~ "Ağ olduğundan dolayı, ona, bu ad verilmişdir." də deyilmişdir.

~ Qadı İyad deyir:

Ona, 2 rəngli olduğu üçün bu adın verilmiş olması ehtimalı da vardır. Çünki, əgər bir qoyunun ağ yunları arasında qara bəzi tüklər də varsa, ona, "şatun bərqa" deyilir. Hədisdə də, o, ağ olmaqla vəsf edilmişdir. Onun da, bərqa deyə vəsf edilən qoyun növlərindən olması, mümkündür. Belə qoyunlar da, zatən ağ qoyunlar arasında sayılır. Allah, ən doğrusunu bilir...

--------------------------

"Beytu'l-Maqdis":

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Mən də, ona mindim...Xalqaya bağladım..." ibarəsində keçən "Beytu'l-Maqdis" adının, ikisi də son dərəcə məşhur 2 mənası vardır. Bunlardan:

1. Vahidi deyir:

Bu kəlimədəki dal hərfini şəddəli oxuyanlara görə, bu kəlimə, "tərtəmiz edilmiş" mənasında olur.

2. əbu Əli əl-Farisi isə, belə deyir:

Bu halda, ləfz, ya məsdər, yaxud məkan ismi olur. Əgər məsdər olarsa, uca Allahın, "Dönüşünüz, Onadır." (Ənam/60) və bənzəri digər məsdərlər kimi bir məna daşıyır. Əgər məkan ismi olarsa, o təqdirdə, "təmizliyin özündə mövcud olduğu yerin evi" demək olur. Yaxud, "təmizlik məkanının evi" demək olur. Onun tərtəmiz edilməsi isə, içində bütlərin olmaması və bütlərin, ondan uzaq tutulmasıdır.

Zəccac deyir:

Beytu'l-Müqəddəs, "tərtəmiz edilmiş ev" deməkdir. Beytu'l-Maqdis isə, "içində günahlardan təmizlənilən yer" mənasındadır. Ona, 'İlya' da deyilir. Allah, ən doğru biləndir.

----------------------

"Xalqa":

"ət-Tahrir" sahibi, belə deyir:

Məqsəd, Beytu'l-Maqdis məscidinin qapısının xalqasıdır.

Buraq'ın xalqaya bu şəkildə bağlanmasından, işlərdə ehtiyatlı olanı seçmək; səbəblərlə əməl etmək; uca Allaha güvənib istinad etməyin tam olması şərtilə, bunun, təvəkkülə mənfi şəkildə təsir etməyəcəyi başa düşülməkdədir.

--------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, "Cəbrayıl, Mənə, içində şərab olan bir qab ilə, süd olan bir qab gətirdi..."

Burda, ifadələr, müxtəsər olaraq keçməkdədir. Bildirilmək istənilən isə, budur:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə: "2 qabdan istədiyini seç.' deyildi." -Necə ki, bu, bundan sonra, bu babda əbu Hureyrənin rəvayətində, açıqca ifadə edilmişdir. Allah rəsuluna, süd olan qabı seçməsi ilham edildi.

--------------------

"Fitrəti seçdin..." cavabında yer alan fitrəti, "İslam və istiqamət" deyə açıqlamışlardır. Mənası, -Allah, ən doğrusunu bilir- "Sən, İslamın və istiqamətin əlaməti olanı seçmiş oldun." şəklindədir. Südün buna əlamət qılınması isə, içənlər üçün, içilməsi asan, xoş, təmiz və boğazdan asanlıqla keçən və sağlamlıq olan bir içki olmasından dolayıdır. Şərab isə, pisliklərin anasıdır. Həm dərhal, həm gələcəkdə fərqli-fərqli pislikləri öz ardınca gətirir.

----------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Sonra Bizi, səmaya çıxardı...Ondan: "Gəlməsi üçün (xəbər) göndərildimi?" deyə soruşuldu. O: "Bəli..." dedi.

(Mirac ilə eyni kökdən gələn) "Aracə": "çıxdı, yüksəldi" deməkdir.

"O, Kimdir?" sualına, "Cəbrayıldır." deyə cavab verməsindən, qapını döymək və bənzəri bir yolla içəri girmək istəyən kimsənin, tabe olması lazım gələn ədəb göstərilməkdədir. Buna görə, kimsən ("O kimdir?") deyilən şəxsin əgər adı, -məsələn- Zeyd'dirsə, Zeyd deməsi lazımdır. "Mənəm." deməməlidir. Çünki, hədisdə, bu haldakı şəxsin "Mənəm" deməsi, qadağan edilmişdir. Çünki, belə bir cavabın, bir mənası yoxdur.

Səmadakı qapı gözətçisinin: "Ona göndərildimi?" sualından məqsədi, "İsra üçün və səmalara yüksəlmək üçün, Ona (xəbər, dəvət) göndərildimi?" deyə soruşmaqdır. Yoxsa, bununla, "O, peyğəmbər olaraq göndərildimi? Ona risalət verildimi?" sualını yönləndirmək deyildir. Çünki, belə bir hal, o zamana qədər, onun üçün bilinməyən bir şey ola bilməz. Doğrusu da, budur. Allah, ən doğru biləndir...

-----------------------

"Adəm (əleyhissəlam) ilə qarşılaşdım. Mənə mərhəba dedi. Xeyir dua etdi. Sonra 2-ci səmada...Sonra da digər nəbilər..."

Buna görə:

1. Fəzilət sahibi kimsələri gözəl üzlə "xoş gəldin" deyərək və gözəl sözlərlə qarşılamalı; dua edən şəxsdən daha fəzilətli olsalar da, onlara dua etməlidir.

2. Bir kimsəni, üzünə qarşı, -özünü bəyənib, lovğalanmayacağından və digər fitnə səbəblərindən əmin olması şərtilə- tərifləmək, caizdir.

--------------------------

"İbrahim ilə, -kürəyini Beytu'l-Mə'mura söykəmiş olduğu halda- qarşılaşdım."

Qadı İyad (rahiməhullah) deyir:

Bu, qibləyə söykənməyin və kürəyini qibləyə dönməyin caiz olduğuna dəlil göstərilir.

--------------------------

"Sonra Məni, sidrətu'l-müntəhaya qərər apardı..."

ibn Abbas, müfəssirlər və başqaları, belə deyirlər:

Ona "sidrətu'l-müntəha" deyilməsi səbəbi, mələklərin elminin, ora qədər çatıb orda sonlanmasıdır. Onu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən başqa heç kim aşıb iləri getməmişdir.

Abdullah b. Məsud (radiyallahu anh)'dan nəql edildiyinə görə, buna bu adın verilməsi səbəbi, uca Allahın əmri olaraq yuxarısından enənlərin də, aşağısından yüksələnənlərin də son olaraq oraya çatmalarından dolayıdır.

-------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in köksünün yarılması:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in (411 no-lu hədisdə): "Sonra onu, qızıldan bir ləyən içində zəmzəm suyu ilə yudu; sonra da onu topladı."

Hədisin bu ifadələrində, bizim üçün qızıl qablar istifadə etməyin caiz olduğu qənaəti yaradacaq bir tərəf yoxdur. Çünki bu, mələklərin gördükləri bir iş və istifadə etdikləri şeydir. Onların hökmlərinin bizim hökmlərimizlə eyni olması, lazım gəlməz. Digər tərəfdən, bu iş, Nəbi (sallallahu aleyhi və səlləm)'in qızıl və gümüş qablar istifadə etməyi haram qılmasından əvvəl olmuşdu.

-----------------------

"Sinəsində, iynənin izini görürdüm..."

Bu ifadələrdə, kişinin, başqa bir kişinin sinəsinə baxmasının caiz olduğuna dəlil vardır. Bunun caiz olmasında, görüş ayrılığı yoxdur. Eyni şəkildə, göbəyinin yuxarısı və diz qapağının altına baxması, -şəhvət ilə baxması halı xaric- caizdir. Çünki, ərin, zövcəsinə və cariyəsinə və onların da ona baxması xaricində, bütün Adəm oğullarına şəhvətlə baxmaq, haramdır. Ancaq, özünə baxılan şəxs, tüksüz və gözəl üzlü biridirsə, şəhvətli olsun və ya olmasın, onun üzünə və bədənin sair yerlərinə baxmaq, haramdır. Alış-veriş, müalicə, öyrətmək və buna bənzər bir ehtiyac səbəbilə olması halı isə, xaricdir. Allah, ən gözəl biləndir.

------------------

“İman və hikmətin bir qabda olub boşaldılmaları”na gəlincə:

Bunlar, mənəvi şeylər olub, bəhsi edilən vəsflər də cisimlərə aid olduqları halda, mənası, -Allahu alim- budur:

O ləyəndə, özü ilə imanın və hikmətin kamalının və artışının gerçəkləşəcəyi bir şey var idi. İman və hikmətin bu halına səbəb olduğu üçün, ona, iman və hikmət deyilmiş oldu. Bu da, ən gözəl məcazi ifadələrdən biridir. Allah, ən gözəl biləndir.

-------------------

Adəm (əleyhissəlam) və uşaqları:

Qadı İyad belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Adəm (əleyhissəlam)'ı və cənnət-cəhənnəm əhlindən olan uşaqlarının ruhlarını gördü. Halbuki, kafirlərin ruhlarının siccində olub, bunun, yerin 7-ci qatında, onun da altında olduğu bir zindanda olduğu bildirildiyi kimi; möminlərin ruhlarının da, cənnət içində nemətləndikləri bildirilmişdir. Adəm (əleyhissəlam)'a, bəzən ruhların ərz edilməsi və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanından keçdiyi vaxt, o ruhların Ona ərz edildiyi zamana təsadüf etməsi ehtimalı olduğu kimi; ruhlarının, cəhənnəmdə və cənnətdə olmasının da, bəzi vaxtlarda belə olub, bəzi vaxtlarda belə olmamaq ehtimalı da vardır. Allah Taala'nın, "Səhər-axşam, atəşə ərz olunarlar." (Mu'min/46) ayəti buna dəlil olduğu kimi; Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, möminin cənnətdəki yerinin özünə ərz edildiyinə dair sözü və yeri ərz edilərkən: "Allah, səni, ora dirild

ib göndərincəyə qədər, sənin qonaqlayacağın yer, buradır." deyilməsi, buna dəlildir. Bir digər ehtimala görə də, cənnətin, Adəm (əleyhissəlam)'ın sağ tərəfində, cəhənnəmin də sol tərəfində olmasıdır. Hər ikisi, Allahın istədiyi yerdədirlər. Allah, ən gözəl biləndir...

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Sağına doğru baxınca, gülür; soluna baxınca da, ağlayır." ifadəsindən, atanın, öz uşağına şəfqəti, uşağının halının gözəl olması ilə sevindiyi, halının pis olmasından da kədərlənib ağladığı başa düşülməkdədir.

------------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yüksəldiyi yer:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Sonra, (Cəbrayıl), Məni, elə bir yüksəkliyə qaldırdı ki, nəhayət Mən, qələmlərin xışıltısını eşitdim."

"Yüksəklik: mustəva" ilə bağlı olaraq, Xattabi: Bundan məqsəd, "çıxılan, yüksəlinən yer"dir. "Düz yer" deyə də açıqlanmışdır. Qələmlərin səsi, "yazarkən çıxardıqları səs" deməkdir.

Xattabi deyir:

Bu, mələklərin, uca Allahın hökmü və vəhyi olaraq yazdıqlarından və lövh-i məhfuzdan istinsəx edərək yazdıqları, yaxud uca Allahın bu növdən yazılıb, əmr və təbdirindən murad etdiyinin yüksəldilməsini istədiyi şeyləri yazarkən (qələmlərin) çıxardıqları səsdir.

---------------------

Lövh-i məhfuz və onda yazılı olanlar:

Qadı İyad deyir:

Bu hədisdə, əhl-i sünnətin bu xüsusdakı görüşünün doğruluğuna dəlil vardır:

Vəhyin, uca Allahın kitablarında, lövh-i məhfuzdan da qədərlərin və dilədiyi hər bir xüsusun -keyfiyyətinin necə olduğunu, ancaq uca Zat'ının bildiyi qələmlərlə- Allahın kitabındakı ayələrlə səhih hədislərin bildirdiyi üzərə yazıldığına iman edilir. Bu xüsusda gələnlər, zahirlərindən anlaşılan mənaları ilə qəbul edilir. Lakin, bunun keyfiyyətini, şəklini və cinsini, ancaq uca Allahın bildiyi, yaxud bu növdən xüsuslara qismən bilik sahibi qıldığı mələkləri və rəsulları xaricində, kimsə bilməz. Bütün bu xüsusları təvil edib, zahirlərindən uzaqlaşdıranlar, sadəcə görüşləri nöqsan və imanları zəif kimsələrdir. Çünki, tərtəmiz şəriət, bunu, beləcə ifadə etmişdir. Əqli dəlillər də, bunun imkansızlığını ortaya qoymamaqdadır. Şanı uca Allah nəyi istəyərsə edər, nəyi murad edərsə, o hökmü qoyar. Bu, uca Allahın hikmətinin bir gərəyidir və qeybindən istədiyi qədərini, mələklərindən və digər məxluqlarından istədiyi kimsələrə də açıqlayar. Yoxsa, Onun, nə yazmağa ehtiyacı vardır, nə də xatırlamağa. O, hər cür nöqsandan uca və münəzzəhdir.

Qadı İyad (rahiməhullah) deyir:

Nəbi (sallallahu aleyhi və səlləm)'in, digər nəbilərin -Allahın salət və salamı hamısına olsun- mövqelərinin üstünə yüksəlməsi və göylərin mələkutunda (haşiyə) çatdığı yerə qədər çatması, dərəcəsinin yüksəkliyinə və üstün bir fəzilətinin olduğuna, açıq bir dəlildir.

---------------------

(Haşiyə:

Mələkut:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...

----------------------

əl-Bəzzar, isra ilə bağlı Əli (kərraməllahu vəchəhu)'dan bir xəbər rəvayət etmiş və Cəbrayıl (əleyhissəlam)'ın hicabın yanına gəlincəyə qədər yol aldığını bildirmişdir. Bəzi sözlərdən sonra da, bunları demişdir:

"Hicabın arxasından bir mələk çıxdı. Cəbrayıl dedi: 'Səni haqq ilə göndərənə and olsun ki, Mən, yeri etibarı ilə məxluqların (xəlq edilən, yaradılanların) ən yaxını olduğum halda, yaradıldığımdan bu vaxta qədər bu mələyi görməmişəm."

Bir başqa hədisdə də: "Sonra Cəbrayıl, Məndən ayrıldı və səslər kəsildi. Onları eşidə bilmədi."

Qadı (rahiməhullah)'ın sözləri, burda bitir. Uca Allah, ən gözəl biləndir.

--------------------------------

Hədisdə, "...Sanki Musanı görürəm..."

Bundan sonra da, Mətta oğlu Yunus (əleyhissəlam) haqqında: "Onu, təlbiyyə edərkən gördüm." sözü ilə bağlı olaraq, Qadı İyad (rahiməhullah), belə deyir:

Onlar haqqındakı rəvayətlərin çoxu, bunu, İsraya aparıldığı gecə gördüyünə dəlildir. Bu xüsus isə, əbu'l-Aliyə'nin, ibn Abbas'dan deyə nəql etdiyi rəvayətdə və ibnu'l-Müsəyyəb'in, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayətində, açıqca ifadə edilmişdir. Ancaq bu rəvayətdə, təlbiyyə yoxdur.

Qadı (davam edərək) belə deyir:

"Onlar vəfat etmiş və əməl yurdu olmayan axirət yurdunda olmaqla bərabər, necə həcc edir və təlbiyyə gətirirlər?" deyə soruşulsa, bil ki:

Elm adamı ustadların açıqladıqları və bizə göründüyü qədərilə, buna, bir neçə şəkildə cavab verilə bilər. Bunlardan:

1. Onlar da, şəhidlər kimidirlər. Hətta, onlardan, daha üstündürlər. Şəhidlər isə, Rəbblərinin yanında diridirlər. Başqa bir hədisdə keçdiyi kimi, həcc edib namaz qılmaları və uca Allaha, güclərinin çatdığı şeylər ilə yaxınlaşılacaq əməllər görmələri, uzaq bir ehtimal deyildir. Çünki Onlar, hər nə qədər ömürlərini tamamlayıb vəfat etmişlərsə də, Onlar, əməl yurdu olan bu dünyadadırlar deməkdir. Nəhayət, dünyanın ömrü bitib, arxasınca əməllərin qarşılığının görüləcəyi yurd olan axirət gəlincə, əməl də kəsilər. (haşiyə)

-------------------------

(Haşiyə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/misal-al%C9%99mi-n%C9%99dir

--------------------------

2. Axirətin əməli, zikr və duadır. Necə ki, uca Allah:

دَعْوَىٰهُمْ فِيهَا سُبْحَـٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَـٰمٌ ۚ

"Onların oradakı duası: 'Allahım! Sən pak və müqəddəssən!', orada bir-birlərini salamlaması: 'Salam!'dır." (Yunus/10)

3. Bu, isra gecəsi xaricində, yaxud isra gecəsinin bir hissəsində görülmüş bir yuxudur. Eynilə, ibn Ömər'in nəql etdiyi rəvayətdə: "Mən yatarkən, Özümü, Kəbəni tavaf edərkən gördüm." buyurmuşdur.

4. Ona, həyatda olduqları vaxtkı halları göstərildi və həyatda ikən necə olduqları, həcc və təlbiyyələrinin necə olduğu, Ona təmsili olaraq göstərildi. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Sanki Musanı görürəm, İsanı görürəm, Yunusu görürəm." buyurmuşdur.

5. Özlərini gözü ilə görməmiş olsa da, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onların halları və etdikləri ilə bağlı olaraq özlərinə vəhy olaraq bildirilənləri xəbər vermişdir.

------------------------------

Ümməti ən çox olan Nəbi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Musa (əleyhissəlam) haqqında: "Onun yanından keçincə ağladı..." sözlərinin mənası, -Allahu alim- budur:

Musa, qövmünün sayca çox olmasına baxmayaraq, aralarından iman edənlərin azlığına kədərlənmişdir. Onun ağlaması, buna görə onlar üçün kədərləndiyindən; Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də Özünə tabe olanlarının çoxluğuna qibtə etməsindən dolayı olmuşdur. Xeyirli işlərdə qibtə, sevilən bir şeydir. Burda, Onun bu qibtəsinin mənası, ümməti arasından iman edənlərin, bu ümmət kimi olmasını arzu etmiş olmasıydı. Yoxsa, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə bir ümməti olmadan bu qədər ümmətin Özünə tabe olmalarını arzu etməsi deyildi.

Qısacası, məqsəd, budur:

O, ancaq, qövmünə kədərləndiyindən və itaətdən geri qalmaları səbəbilə bir çox fəziləti və böyük savabı itirdiklərindən dolayı ağlamışdı. Çünki, bir xeyrə çağırıb insanlar onun çağırdığı o xeyir ilə əməl edərlərsə, o kimsəyə, onların əcrlərinin eynisi verilir. Necə ki, səhih hədislərdə belə gəlmişdir. Belə bir hal üçün də, həqiqətən də ağlanar və belə bir imkan itirildiyi üçün də kədərlənməyə dəyər. Allah, ən gözəl biləndir...

--------------------------

"4 çay":

Muqatil deyir:

2 gizli çay, səlsəbil və kövsərdir.

Qadı İyad deyir:

Bu hədis, sidrətu'l-müntəha'nın kökünün, yerdə olduğuna dəlildir. Çünki, Nil və Firat, onun əslindən (yəni, kökündən) çıxmaqdadır.

Mən (Nəvəvi) deyirəm ki:

Onun bu söylədiyinin, belə olması gərəkməməkdədir. Əksinə, bunun mənası, çayların, onun kökündən çıxdığı; sonra da, uca Allahın murad etdiyi şəkildə yol aldıqdan sonra yerdən çıxıb, yerdə yollarına davam etdikləridir. Nə ağıl, nə də şəriət, buna əngəl deyildir. Hədisin zahirindən anlaşılan da, budur. O halda, bunun qəbul edilməsi lazımdır. Allah, ən gözəl biləndir. (haşiyə)

-----------------------------

(Haşiyə:

4 çay hədisi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/4-cay-c%C9%99nn%C9%99td%C9%9...

-----------------------------

"Ümmətin də, fitrət üzərə (isabət etdi)." sözü də, "Onlar, Sənə tabe olanlardır." deməkdir. Sən, fitrəti isabət etdirdiyinə görə; onlar da, fitrət üzərində olacaqlardır. Allah, ən gözəl biləndir.

 

Nəvəvi, "əl-Minhac" (Muslim şərhi) -müxtəsər-

Read 15 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR