Mötəzilə kimdir?

Bu firqə, Əməvilər dövründə ortaya çıxmış, lakin Abbasilər dövründə uzun bir müddət İslam düşüncə aləmini işğal etmişdir.

Alimlər, bu məzhəbin ilk ortaya çıxma tarixində ixtilaf etmişlərdir:

~ Bəzilərinə görə:

Bu məzhəb, Əli (radiyallahu anh)'ın oğlu Həsən (radiyallahu anh)'ın, xilafəti tərk edib Müaviyə'yə dövr etməsi üzərinə, Əli tərəfdarlarından olan bir qrupun, siyasəti tərk edərək, özlərini etiqadi məsələlərə vermələri sırasında ortaya çıxmışdır.

Bu xüsusda, əbu Huseyn əl-Taraifi, "Əhlü'l-həva və'l-bida" adlı kitabında, belə deyir:

"Bunlar, özlərinə mötəzilə adını verdilər. Bunun səbəbi isə, Əli'nin oğlu Həsənin, xilafəti Müaviyə'yə tərk etməsi üzərinə, bəzi insanların, Həsən, Müaviyə və bütün insanlardan ayrılıb evlərindən və məscidlərdən çölə çıxmamaları və 'Biz, elm və ibadətlə məşğuluq.' demələridir."

~ Alimlərin əksəriyyətinə görə isə:

Mötəzilə firqəsinin başçısı, Vasil b. Ata'dır. O, Hasan əl-Basri'nin elmi söhbətlərində iştirak edirdi. Bir gün, -daha sonra əsrlər boyu insanların zehnini məşğul edən- 'böyük günah işləyənlərin halı' məsələsi ortaya çıxdı. Vasil b. Ata, Hasan əl-Basri'yə müxalifət edərək, "Mən, böyük günah işləyənin, qətiyyətlə mömin olmadığını, möminliklə kafirlik arasında bir dərəcədə, "əl-Mənzilətu bəynə'l-mənzilətəyn / 2 mənzil (cənnət və cəhənnəm) arasındakı mənzil/yer"də olduğunu deyirəm." dedi. Və Hasan əl-Basri'nin məclisindən ayrıldı, məsciddə özünə başqa bir məclis qurdu.

~ Mötəzilə'yə görə isə:

Məzhəbləri, Vasil b. Ata'dan çox əvvəldir. Onlar, Əhl-i Beyt'dən çoxlarını, öz məzhəblərinin mənsubu sayırlar. Hətta Hasan əl-Basri'ni belə, öz məzhəblərinin mənsublarından biri olaraq qəbul edirlər. Hasan əl-Basri, qulun feli haqqında, qədəriyyə'nin dediyini deyirdi. Bu söz isə, -daha iləridə açıqlanacağı kimi- mötəzilənin sözüdür. Yenə, Hasan əl-Basri, böyük günah işləyən kimsə haqqında, mötəzilənin görüşünə yaxın bir şey söyləyir və onların görüşünün ziddini demirdi. Çünki o, böyük günah işləyəni, münafiq sayırdı. Münafiq isə, iman əhlindən sayılmaz. O, əbədi cəhənnəmliklərdəndir (İmam, daha sonra bu görüşündən dönmüşdür).

Murtəza, "əl-Munyə və'l-Əməl" adlı kitabında, mötəzilə'ni, təbəqə-təbəqə zikr etməkdədir.

~ Bizə görə:

Mötəzilə məzhəbi, Vasil b. Ata'dan daha əvvəl ortaya çıxmışdır. Əhl-i beytdən bir çoxu, Vasil b. Ata'nın yolundan getmişlərdir. Məsələn, Vasil'in səmimi bir dostu olan Zeyd b. Əli, bunlardandır. Vasil, bu məzhəbə dəvət edənlər içərisində ən müəyyən şəxs olduğu üçün, bir çoxları, bunu, məzhəbin başçısı qəbul etmişlərdir.

Bu firqəyə, niyə "Mötəzilə" adı verilmişdir? Bunun cavabı, ixtilaflıdır.

Mötəzilənin, Əli (radiyallahu anh)'ın ordusu içərisində ortaya çıxdıqlarını, daha sonra da siyasətdən ayrıldıqlarını iləri sürənlərə görə, mötəzilə adı, bunların, ortaya çıxış şəkillərindən alınmışdır;

Mötəzilənin, Hasan əl-Basrinin məclisindən ayrıldıqlarını iləri sürən görüşə görə də, bu ad, yenə bunların ortaya çıxış şəkillərindən alınmışdır;

~ Bəzi missionerlərə görə isə, bunlara mötəzilə deyilməsinin səbəbi, bunların, təqva sahibi, dünyaya əhəmiyyət verməyən, həyatın zövqlərini tərk edən şəxslər olmasıdır. Mötəzilə kəliməsi, bu kəlimə ilə sifətlənənlərin, dünyaya əhəmiyyət verməyən şəxslər olduqlarını ifadə edir.

Həqiqət isə budur ki, bu firqəyə mənsub olanların hamısı, missionerlərin söylədikləri bu sifətdə deyildirlər, içlərindən bəziləri, təqva sahibləri olduqları halda; digər bəziləri, günahkarlıqla ittiham edilən şəxslərdir. Bəziləri, saleh; digər bəziləri isə, facir idi.

~ Mərhum dr. Əhməd Emin, "Fəcru'l-İslam" adlı kitabında, belə deyir:

"Bizə görə, bu firqənin mötəzilə deyə adlandırılmasının başqa bir səbəbi daha vardır. Bu səbəb, Maqrizi'nin 'əl-Xitat' adlı əsərini oxuyarkən, diqqətimizi çəkdi. Bu səbəb isə, belədir:

Mötəzilə'liyin ortaya çıxdığı və daha əvvəlki dövrlərdə yayğın olan yəhudi firqələr arasında, 'əl-Fəruşim' adlı bir firqə var idi. Maqrizi, bunun, mötəzilə mənasına gəldiyini deyir. Bəzi alimlər, Fəruşim firqəsinin, qədər məsələsi haqqında görüşlər iləri sürdüyünü və bunların, 'Bütün fellərin Allah Taala tərəfindən yaradılmadığını' iddia etdiklərini söyləmişlərdir. Mötəzilə adının, bu firqəyə, Müsəlman olan yəhudilər tərəfindən verilməsi ehtimalı, uzaq deyildir. Çünki Müsəlman olan bu yəhudilər, yəhudi firqəsi 'əl-Fəruşim' ilə mötəzilələr arasında böyük bir bənzərlik görmüşlərdir."

Həqiqətən, yəhudi mötəziləsi ilə İslam mötəziləsi arasında böyük bir bənzərlik vardır. Yəhudi mötəziləsi, Tövratı, filosofların məntiqinə görə təfsir etmişlərdir. Müsəlman mötəzilələr isə, Quran-i Kərim'də zikr edilən Allahın sifətlərini, filosofların məntiqinə görə açıqlamağa çalışmışlardır.

Maqrizi, Mötəzilə deyə adlandırığı "Fəruşim"lər haqqında belə deyir:

"Tövratda yer alan hökmləri, ataları olan filosofların izahlarına görə təfsir edərlər."

--------------------------------------

A - Mötəzilə məzhəbinin mahiyyəti

Əbu Hüseyn əl-Xayyat, "İntisar" adlı kitabında, belə deyir:

"Heç bir şəxs, bu 5 əsası bərabər qəbullanmadıqca, mötəzilə adına layiq ola bilməz. Bu prinsiplər, bunlardır:

1. Tövhid;

2. Ədalət;

3. Vəd və vaid;

4. əl-Mənzilətu bəynə'l-mənzilətəyn;

5. Əmr-i bi'l-məruf və nəhy-i ani'l-münkər.

Bax mötəzilə, bu əsasları bərabər qəbullanan kimsədir."

Bəli, bu əsaslar, mötəzilə məzhəbinin əsaslarının hamısıdır. Bunlardan ayrılan və ya başqa bir yol tutan, mötəzilədən deyildir. Mötəzilələr, onun günahını yüklənməzlər. O da, məsuliyyətini, mötəzilərin üstünə yıxa bilməz.

İndi, bu prinsiplərdən hər birini, qısa-qısa izah edək:

1. Tövhid:

Tövhid, mötəzilə məzhəbinin cövhərini və düşüncələrinin əsasını təşkil etməkdədir.

İmam Əşari, "Maqalatu'l-İslamiyyin" adlı kitabında ("Mötəzilə" bölməsində), tövhid məsələsini izah edərək, belə deyir:

"Şübhəsiz ki, Allah Taala, birdir, təkdir. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidən və görəndir. O, nə cisimdir, nə kölgə, nə bədəndir, nə surət, nə qandır, nə də ət. O, bir şəxs deyildir. O, nə cövhərdir, nə araz. Onun nə rəngi vardır, nə dadı, nə qoxusu vardır, nə də əllə tutula biləcək şəkli. O, nə istidir, nə soyuqdur, nə yaşdır, nə də quru. Onun nə uzunluğu vardır, nə eni, nə də dərinliyi. O, nə toplanar, nə də dağılar, nə hərəkət edər, nə hərəkətsiz qalar, nə də bölünər. Onun nə qisimləri vardır, nə də parçaları, nə orqanları vardır, nə də əzaları. Onun üçün yön/cəhət, bəhs mövzusu ola bilməz. Onun nə sağı vardır, nə solu, nə arxası vardır, nə də önü. Onun nə üstü vardır, nə də altı. Heç bir yer, Onu əhatə edə bilməz. Onun üçün zaman deyə bir məfhum yoxdur. Onun, bir şeyə toxunması və ya bir şeydən uzaqlaşması, yaxud hər hansı bir yerə girməsi, mümkün deyildir. O, məxluqların, sonradan yaradıldıqlarını göstərən hər hansı bir sifətlə vəsf edilə bilməz. Ona, hər hansı bir məsafə isnad edilə bilməz. Və O, hər hansı bir yönə getməklə vəsf edilə bilməz. O, məhdudlaşmış bir şey deyildir. O, nə atadır, nə də oğul. Qüdrətlər, Onu əhatə edə bilməz, pərdələr örtə bilməz. Hisslər, Onu idrak edə bilməz. O, insanlarla qiyaslana bilməz. Heç bir yöndən, məxluqata bənzəməz. Onun üçün afətlər və fəlakətlər, bəhs mövzusu deyildir. O, xatirə gələn və xəyal edilən heç bir şeyə bənzəməz. O, hər şeydən əvvəl var olan, sonradan icad edilənlərdən əvvəl olan, bütün yaradılanlardan əvvəl mövcud olandır. O, hər şeyi biləndir, hər şeyə qadir olandır. Diridir və əbədiyyən belə davam edəcəkdir. Gözlər, Onu görməz, ancaq O, gözləri görər. Xəyallar belə Onu əhatə edə bilməz. O, qulaqlarla eşidilə bilməz. O, bir "şey"dir, ancaq bizim bildiyimiz şeylərdən deyildir.

Allah Taala, alimdir, qadirdir, diridir (həyat sahibidir). Lakin Özündən başqa alimlər, qadirlər və dirilər kimi deyildir. Qədim olan (başlanğıcı olmayan), ancaq Odur. Ondan başqa qədim yoxdur. İlah, yalnız Odur. Ondan başqa ilah yoxdur. Mülkündə şəriki yoxdur. Səltənətində vəziri, icad etdiklərində və yaratdıqlarında köməkçisi yoxdur. O, məxluqları, keçmiş bir nümunəyə görə yaratmamışdır. Hər hansı bir şeyi yaratmaq, Ona, digər bir şeyi yaratmaqdan nə asandır, nə də çətin. Onun üçün, mənfəət əldə etmək bəhs mövzusu deyildir. Ona, heç bir zərər toxunmaz. Onun üçün nə sevinmə bəhs mövzusudur, nə də ləzzətlər. Ağrılar, əzablar, Ona çata bilməz. O, sonlanan bir məqsəd sahibi deyildir. O, fane deyildir. Ona acizlik və əskiklik çata bilməz. Qadınlara toxunmaqdan, övlad və zövcə götürməkdən bəridir."

Mötəzilə, təməl əsas olan tövhid cəhətindən yola çıxaraq, Allah Taalanın, qiyamət günündə görülməsinin mümkün olmayacağını; çünki Allahı görməyin, cisim və yön (cəhət) gərəkdirdiyini iləri sürmüşlərdir.

Yenə mötəzilə, bu əsasa söykənərək, Allah Taalanın sifətlərinin, Zatından ibarət olduğunu, Ondan başqa bir şey olmadığını, əks təqdirdə, "qədim"liyin çoxalmasının bəhs mövzusu olacağını iddia etmişlərdir.

Yenə mötəzilə, tövhidə söykənərək, Quran-i Kərim'in məxluq olduğunu; və Quranın məxluq olduğunu söyləməyin, Allahın "qədimlik" sifətinin çoxalmasını əngəlləyəcəyini iddia etmişlərdir. Qurana məxluq demələrinin bir səbəbi də, bunlardan çoxunun, Allah Taalanın, "kəlam" sifətininin olmadığı düşüncəsi daşımalarıdır.

------------------------------------------------

2. Ədalət:

Məs'udi, "Muruc əl-Zəhəb" adlı kitabında, ədaləti, Mötəzilə'nin görüşünə görə açıqlayaraq, belə deyir:

"Ədalət, bu deməkdir:

Allah Taala, azğınlığı sevməz. Qulların felini, O yaratmaz. Qullar, Allahın özlərinə verdiyi bir güclə, əmr edilən və ya qadağan edilən şeyi edərlər. Allah, ancaq istədiyini əmr edər və ancaq sevmədiyini qadağan edər. Allah, əmr etdiyi hər yaxşılığın mükafatını Öz üzərinə almışdır. Qadağan etdiyi hər pislikdən isə, bəridir. Qullarının güclərinin çatmadığı heç bir şeylə, onları məsul tutmaz. Onlar üçün, güclərinin çatmadığı bir şeyi diləməz. Hər kəs, hər hansı bir şeyi, ancaq, Allahın özünə vermiş olduğu bir güclə edə və ya tərk edə bilər. Qullardakı gücün əsl sahibi, qullar deyil, Allahdır. İstəyərsə, o gücü yox edər. Yenə istərsə, qullarını zorla Özünə itaət etdirər. Və onları, zorla günahlardan uzaqlaşdırar. Lakin Allah, bunu etməz. Çünki belə etmək, imtahanı və çətinlikləri qaldırmaqdır."

Mötəzilə, bu prinsipə söykənərək, "Qul, etdiyi işlərində iradə sahibi deyildir." deyən Cəbriyyə'yə cavab vermişlərdir. Çünki qulu iradəsiz qoyaraq etdiyi işlərdən dolayı cəzalandırmaq, zülm olar. Qula, qarşı gəlməyə məcbur olduğu bir şeyi əmr etməyin; və ya etməyə məcbur olduğu bir şeyi qadağan etməyin, heç bir mənası yoxdur.

Mötəzilə, bu prinsipə söykənərək, qulun, işlərini özünün yaratdığını iləri sürmələrinə baxmayaraq, Allah Taalanı acizlikdən tənzih etməyi ehmal etməmişlər və belə demişlərdir:

"Qul, işlərini, Allahın ona verdiyi və onda yaratdığı bir güclə edir. Gücü verən, Allahdır. Allahın, qula vermiş olduğu o gücü geri almağa qüdrəti vardır. Qula bu gücü verməsinin səbəbi, onu tamamilə mükəlləf tutmaq üçündür."

-----------------------------------------

3. Vəd və vaid:

Mötəzilə, vəd və vaidin mütləq gerçəkləşəcəyinə inanırlar. Allah Taala'nın vəd etdiyi savab və qorxutduğu cəza (vaid), mütləq reallaşacağı kimi, səmimi tövbəni qəbul edəcəyinə dair olan vədi də, mütləq gerçəkləşəcəkdir. Bu səbəblə, yaxşılıq edən, yaxşılıqla mükafatlandırılacaq; pislik edən isə, pisliyin qarşılığı olaraq, yandırıcı bir əzabla cəzalandırılacaqdır. Tövbəsiz böyük günahlar əfv edilməyəcəyi kimi; yaxşı əməl işləyən də, savabından məhrum edilməyəcəkdir.

Mötəzilə, bu prinsiplərə söykənərək, "İnkarla birlikdə itaətin bir faydası olmadığı kimi; imanla birlikdə günahın da bir zərəri yoxdur." deyən Muricə firqəsinə cavab vermişlərdir. Çünki Murciə'nin iddiaları doğru qəbul ediləcək olsa, Allah Taala'nın qorxutması (yəni vaidi), boşunadır. "Allah isə, onların söylədiklərindən çox uza və ucadır." (İsra/43)

---------------------------------------------

4. "əl-Mənzilətu bəynə'l-Mənziləteyn":

Şehristani, "əl-Miləl və'n-Nihəl" adlı əsərində, günahkar bir Müsəlmanın, möminliklə kafirlik arasında bir mərtəbədə olduğu məsələsini izah edərək, belə deyir:

"Bu məsələ, belə izah edilmişdir:

Vasil b. Ata, demişdir ki:

'İman, yaxşı məziyyətlərdən biridir. Bu məziyyətlərin bərabər olduğu şəxsə, mömin deyilir. Və bu ad, onu tərifləmək mahiyyətindədir. Yoldan çıxan fasiq isə, özündə xeyirli məziyyətlər olmadığı üçün, təriflənəcək bir ada layiq olmaz və özünə mömin deyilməz. Bu şəxsə, kafir də deyilə bilməz. Çünki bu şəxs, kəlime-i şəhadət gətirməkdə və daha başqa xeyirli əməllər də işləməkdədir. Onun bu etdiklərini inkar etmək, mümkün deyildir. Nə var ki, belə bir insan, tövbə etmədən dünyadan ayrılarsa, əbədi olaraq cəhənnəmdə qalacaqdır. Çünki axirətdə, 2 firqə insan vardır:

~ Biri, cənnətlik;

~ Digəri isə, cəhənnəmlik.

Lakin belə bir günahkar şəxsin cəhənnəm atəşi xəfiflədilər."

Mötəzilə, əhl-i qiblə olan bir günahkarın, kafirliklə möminlik arasında bir mərtəbədə olduğuna inanmalarına baxmayaraq, belə bir şəxsi, qeyr-i müsəlmanlardan ayırmaq üçün, buna, "müsəlman" deyə bilirlər. Bu ad ona, ehsan üçün və ya təriflənmək üçün verilməz. Belə bir şəxsə, dünyada müsəlman müamələsi edilər. Çünki belə bir şəxsin tövbə etməsi gözlənilir və doğru yolu tapması umulur.

Şiə olmasına baxmayaraq, mötəzilənin iləri gələnlərindən biri olaraq qəbul edilən ibn əbi'l-Hədid, bu xüsusda bunları deyir:

"Hər nə qədər biz, 'Böyük günah işləyənə mömin və müsəlman deyilməz.' deyiriksə də, belə bir şəxsi əhl-i kitab olan qeyr-i müsəlmanlardan və bütpərəstlərdən ayırmaq üçün, buna müsəlman deyiləcəyini qəbul edirik. Böyük günah işləyənə müsəlman adı, ancaq bu adın, ona hörmət üçün və ya onu tərifləmək üçün verildiyini ifadə edən bir qərinənin ya bir kəlimənin mövcud olduğu vaxt verilir."

---------------------------------------

5. Əmr-i bi'l-məruf və nəhy-i ani'l-münkər (Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək)

Mötəzilə'nin üzərində ittifaq etdiyi əsas prinsiplərdən biri də, yaxşılığı əmr edib pislikdən çəkindirməkdir.

Mötəzilə, İslamı yaymaq, azmışlara doğru yolu göstərmək, haqq ilə batili qarışdıranların hücumlarını əngəlləmək üçün, yaxşılığı əmr etmək və pisliyə mane olmağın, bütün möminlər üçün qaçılmaz bir vəzifə olduğuna inanmışlardır.

Bu səbəblə, mötəzilə, Abbasilər dövründə ortaya çıxaraq, İslamın həqiqətlərini yıxmağa çalışan, İslamın tutulacaq qulplarını tək-tək qırmağa girişən zindiqliq qarşısında, özlərini, haqqı müdafiə etməyə həsr etmişlərdir. İləridə açıqlayacağımız üzərə, mötəziləni bu işə, Abbasi xəlifələrindən Mehdi qoşmuşdu.

Digər tərəfdən, mötəzilə, hədis alimlərinə və fəqihlərə qarşı çıxmış, öz görüşlərini, bəzən dəlillər iləri sürərək, bəzən də güc istifadə edərək, onlara qəbul etdirməyə çalışmışlardır. Quranın "məxluq" olub-olmaması mövzusunda, buna işarət edəcəyik.

Bax mötəzilənin üzərində ittifaq etdiyi 5 əsas, bunlardır. Bunların hamısına birlikdə iman etməyən şəxs, mötəzilə adına layiq deyildir.

------------------------------------------------

B - Mötəzilə məzhəbinin, etiqadi məsələlərdə dəlil gətirmə sistemi

Mötəzilə, etiqadi məsələləri isbat üçün dəlil gətirərkən, haqqında nass olan məsələlər xaric, digər məsələlərdə, əqli hökmlərə istinad edirlərdi. Bunları, şəriətə hörmət göstərmək xaricində heç bir şey, ağla güvənməkdən uzaqlaşdıra bilməzdi. Hər məsələni, ilk əvvəl əqlən düşünürlərdi. Əqlin qəbul etdiyini qəbullanır, qəbul etmədiyini isə, tərk edirlərdi.

Mötəzilənin bu şəkildə əqli metoda sarılmalarının səbəbi, bunlardır:

1. Mötəzilənin, köhnə mədəniyyətlərin iç-içə olduğu İraq və Fars diyarlarında mövcud olmaları.

2. Bunların, ərəb soyundan olmamaları. Mötəzilənin çoxu, ərəb əslli olmayan kimsələrdən idi.

3. Mötəzilənin, yəhudi, xristiyan və fəlsəfi düşüncələri ərəb dilinə nəql etməyə çalışan digər qeyr-i müsəlmanlarla çox sıx münasibətdə olmaları səbəbilə, əvvəlki filosofların görüşlərinin bunların arasına sızmasıdır.

Mötəzilənin, qeydsiz-şərtsiz, ağıllarına güvənmələrindən doğan nəticə budur:

Onlar, bir şeyin gözəlliyi və ya çirkinliyi xüsusunda əqlə söykənərək, hökm verir və belə deyirlərdi:

"Bütün biliklər, ağıl ilə əldə edilir və ağla görə (belə olması da) vacibdir. Nemət bəxş edənə şükr etmək, nəqli dəlillərlə bildirilmədən əvvəl də gərəklidir. Gözəllik və çirkinlik, gözəl və çirkin şeylərdə mövcud olan zati bir sifətdir." (Yəni, bir şeyin yaxşı olmasını və ya bir şeyin pis olmasını, nəqli dəlillər gəlmədən də, ağıl ilə, şəxsən öz hallarından başa düşə bilərik.) (Haşiyə)

-------------------------------------------------------------------------------

(Haşiyə:

Əhl-i sünnətin bu məsələ haqqındakı görüşü üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/husn-v%C9%99-qubh-m%C9%99s%C...)

------------------------------------------------------------------------------

Mötəzilənin böyük şeyxlərindən biri olan Cübbai, belə deyir:

"Allah Taalanın qadağan etdiyi şeylər, 2 qisimdir:

aa. Allah Taalanın qadağan etdiyi, lakin qadağan etməyib əmr etməsi də mümkün olan şeylər. Bunlar, sırf Allah tərəfindən qadağan edildikləri üçün, çirkindirlər.

bb. Allah Taalanın qadağan etdiyi və əksini əmr etməsi mümkün olmayan şeylər. Bunların çirkinliyi, öz-özlüyündəndir. Məsələn, bir şəxs, qadağan olunan bu şeyin qadağan olduğunu bilməsə də, bunun çirkin bir şey olduğunu başa düşə bilər.

Yenə, Allah Taalanın əmr etdiyi şeylər də, 2 qisimdir:

cc. Allah Taalanın, edilməsini əmr etdiyi, lakin əmr etməyib qadağan etməsi də mümkün ola bilən şeylər. Bunlar, sırf Allah tərəfindən əmr edildikləri üçün, gözəldirlər.

dd. Allah Taalanın əmr etdiyi və əmr etməməsi mümkün olmayan şeylər. (Yəni, əmr edilməsələr də, insan, öz ağlı ilə bunların gözəl olduğunu başa düşə bilər.)

Mötəzilə, bu görüşə istinad edərək, Allah Taalanın, 2 şeydən gözəl olanını etməsinin və gözəl olan 2 şeydən də daha gözəl olanını etməsinin, Allah üçün vacib olduğunu iddia etmişlərdir. Bunlar, belə bir səbəb iləri sürmüşlərdir:

Madam ki, əşyanın içində, özlüyündən gözəl və çirkin olanlar vardır. O halda, özlüyündən çirkin olan bir şeyin edilməsini, Allahın əmr etməsi, imkansızdır.

Yenə, özlüyündən gözəl olan bir şeyin edilməməsini əmr etməsi, imkansızdır.

Allah Taala, hədd-i zatında gözəl olan bir şeyi hökmsüz buraxmaz. Edilməsini əmr edər. Bax buna, "Gözəl olanı etmə məcburiyyəti" deyilir.

Mötəzilənin əksəriyyəti, bu görüşü qəbul etmiş və belə demişlərdir:

"Allah Taala, ancaq gözəl olan işlər görər, gözəl olanı etmək, Onun üzərinə vacibdir; gözəl olmayan bir şeyi etmək isə, Allah Taala üçün imkansızdır."

------------------------------------------

C - Mötəzilənin, bəzi görüşlərini yunan fəlsəfəsi və digər fəlsəfələrdən alması

Əməvilərin son dövründə və Abbasilər dövründə, Ərəb-İslam düşüncəsinə, yavaş-yavaş hind və yunan fəlsəfəsi girməyə başladı.

Yunan fəlsəfəsi, Müsəlmanlara, farslar yolu ilə gəldi. Çünki İslamdan əvvəl fars mədəniyyəti, yunan fəlsəfəsinin təsirində qalmışdı.

Yenə Müsəlmanlara, yunan fəlsəfəsi, süryanilər yolu ilə intiqal etdi. Çünki süryanilər, yunan fəlsəfəsinin mirasçısı olmuşdular və onu, dini kisvələrinə büründürmüşlərdi.

Yunan fəlsəfəsi, şəxsən yunanlılar əlilə də Müsəlmanlara keçmişdi. Çünki ərəb olmayan bəzi müsəlmanlar, yunan dilini çox yaxşı bilirdilər.

Mötəzilə, görüşlərində, bu fəlsəfənin təsiri altında qalmış, dəlil gətirmə metodlarının əksəriyyətini bunlardan almışdılar. Yunan fəlsəfəsi, mötəzilənin dəlillərində və qiyaslarının hökmlərində, açıq-aydın görülmüşdür.

Mötəziləni, yunan fəlsəfəsini araşdırmağa sövq edən 2 səbəb vardır:

1. Mötəzilə, yunan fəlsəfəsində, "əqli aclıq"larını ortadan qaldıracaq və fikri boşluqlarını dolduracaq düşüncələr tapmış, bunlarla fikri təlimlər etmiş və bunlarla özlərini, dəlil iləri sürmək xüsusunda gücləndirmişlərdir.

2. Filosoflar və digərləri, bəzi İslami prinsiplərə hücum edincə, mötəzilə buna qarşı çıxmış və onların münazirə üsul və metodlarını istifadə edərək cavab verməyə çalışmışlardır. Filosoflara qalib gəlmək üçün, onlardan çox şey öyrənmiş və bu yolla, həqiqətən müsəlman filosoflar olmuşlardır.

----------------------------------------------------------------------------

D - Mötəzilənin, İslamı müdafiəsi

Məcusi (atəşpərəst), yəhudi, xristiyan və digərlərindən ibarət bir çox qrup, İslam dininə girmişlərdi. Bunların ağılları, əvvəlki dinlərinə aid fikirlərlə dolu idi və bu əvvəlki fikirlər, damarlarındakı qanlarına qədər işləmişdi.

Digər yandan, bunların bəziləri, müsəlman olduqlarını izhar edir, lakin:

~ ya qorxduğu;

~ ya bir dünya mənfəəti güddüyü;

~ yaxud da fitnə çıxarmaq surətilə, Müsəlmanları azdırmaq istədiyi

üçün, əsl etiqadlarını gizlədirdilər. Bu cür insanlar, Müsəlmanların arasında, onları etiqadlarında şübhəyə salacaq şeyləri yaymağa girişmişlərdi. Bunun nəticəsi olaraq, görünüşdə İslam adını daşımalarına baxmayaraq, əslində, İslamın əsasını baltalayan bəzi qruplar ortaya çıxmışdı.

~ Mücəssimə (Allaha cisim isnad edən);

~ Allahın bəzi imamlara hülul etdiği (girdiyini) iddia edən Rafizilər; və

~ Zindiqlər,

bu qruplardandırlar.

Bax bu qruplara qarşı özünü, İslam dinini müdafiəyə həsr edən, əqli və nəqli dəlilləri incələyən, təzə bir qrup ortaya çıxmışdı. Bu da, mötəzilə firqəsidir.

Bəli, mötəzilə, özlərini dini müdafiə etməyə həsr etmişdilər. Mötəzilənin dəstəklədiyi və zəfər qazanması üçün əl-ələ verdikləri 5 əsas prinsip, özlərilə müxalifləri arasında keçən şiddətli münazirələrin nəticəsində ortaya çıxmışdır.

Bunların, -yuxarıda izah etdiyimiz şəklilə- :

~ Tövhid inancları, mücəssimə və müşəbbihə firqələrinə cavab vermək üçün ortaya çıxmışdır.

~ Ədalət prinsipləri, cehmiyyə firqəsinə;

~ Vəd prinsipləri, murciə firqəsinə;

~ "əl-Mənzilətu bəynə'l-mənziləteyn" prinsipləri isə, həm murciə firqəsinə, həm də xaricilərə cavab vermək üçün ortaya çıxmışdır.

Abbasi xəlifəsi Mehdi dövründə, ruhların reenkarnasiyasını iddia edən Muqanna əl-Xorasani adlı bir şəxs ortaya çıxmış, insanlardan bəzilərini aldatmış və Mavərau'n-Nəhr tərəfinə doğru getmişdi. Xəlifə Mehdi, bunu dayandıra bilmək üçün, böyük çətinliklərlə qarşılaşmışdı. Bu səbəblə, Mehdi, zindiqlərin və zindiqliyin təqibini dayandırmamış, dövlət qılıncı ilə bunların kökünü qurutmaq üçün, bunları addım ba addım izləmişdir. Lakin qılınc, hər görüşü yox etməyə və hər məzhəbi öldürməyə qadir olmadığı üçün, Mehdi, bu zindiqlərə cavab vermək, onları dəlillərlə susdurmaq, ortaya atdıqları şübhələri yox etmək və azğınlıqlarını ortaya çıxarmaları üçün, mötəzilə məzhəbinə mənsub olanları və bənzərlərini təşviq etmişdir. Onlar da, bezmədən, yorulmadan, bu yolda çalışmışlardır.

-----------------------------------------

E - Abbasilərin mötəziləyə kömək etməsi

Daha əvvəl də bildirdiyimiz kimi, mötəzilə, Əməvilər dövründə meydana çıxmışdır. Bunlar, Əməvilər tərəfindən hər hansı bir reaksiya ilə qarşılaşmamışlardır. Çünki bunlar, Əməvilər əleyhində anarxiya meydana gətirməmiş və onlara qarşı müharibə etməmişlərdir. Çünki bunlar, sadəcə düşüncə ilə məşğul olan, elmi dəlillər arxasınca qaçan və məsələləri sağlam ölçülərlə dəyərləndirən bir firqə idilər. Əməvilər, bunlara qarşı çıxmamışlarsa da, onlara kömək də etməmişlərdir.

Abbasilər dövrü başlayınca, inkarçı və zindiq qruplar hər tərəfə yayılmış, Abbasi xəlifələri, mötəziləni, zindiqlər qarşısında yalın bir qılınc kimi görmüş, bunları paslandırmaq istəməmiş, əksinə, öz yollarında davam etmələrini təşviq etmişlərdir.

Özünü mötəzilə alimlərindən biri olaraq görən Abbasi xəlifəsi Məmun, iqtidara gəlincə, mötəzilə ilə sıx münasibətlər qurdu, onları özünə yaxınlaşdırdı. Vəzirlərini və mühafizəçilərini, bunlardan seçdi. Məmun, mötəzilə ilə fəqihlər arasında bir görüş üzərində ittifaq etmələri üçün, qarşılıqlı münazirələr təşkil etdi. Bu hal, Mehdinin ölüm tarixi olan hicri 218-ci ilə qədər davam etdi. Bu tarixdə, elmi araşdırmalar, təhdid və işgəncələrə çevrildi. Bunun səbəbi və planlayıcısı, Məmunun vəziri və katibi olan Əhməd b. əbi Duad əl-Mu'təzili'dir.

Şübhəsiz ki, bu davranış, bir alçaqlıqdır. Məmun kimilərin, iqtidar dövrlərində, bu hadisələrin meydana gəlməsinə razı olmamaları lazım idi. Bu davranışlarla, fəqihlərlə mühəddislərə, zorla mötəzilə görüşü qəbul etdirilmək istənilirdi.

İqtidar gücü, müəyyən görüşləri dəstəkləyərək, insanları, etiqadları xaricindəki görüşləri qəbullanmağa məcbur edən güc deyildir. Dində məcburiyyət haram olduğuna görə, insanları, dinə zidd düşməyən görüşlərindən zorla ayırıb xüsusi bir görüşə sövq etmək, necə halal sayıla bilər?!

Mehdi, fəqihlərə, Quranın məxluq olduğunu zorla dedizdirməyə çalışırdı. Bəzi alimlər, Mehdinin şərrindən qorxaraq və onun cəzalarından çəkinərək, onun arzusuna uyğun cavab vermişlərsə də, digər bir qisim alimlər, işgəncələrə, haqsızlıqlara və uzun sürən məhkumiyyətlərə dözmüş və etiqadlarına zidd düşən bir sözü deməmişlərdir.

Bu fitnə, Məmunun vəsiyyəti üzərinə, Abbasi xəlifələri Mötəsim-Billah və Vasiq-Billah dövrləri boyunca da davam etmişdir. Ayrıca Vasiq, mötəzilənin görüşü olan: "Qiyamətdə Allahın görülə bilməyəcəyi" məsələsini qəbul etdirmək üçün də gücə baş vurmuşdur.

Abbasi xəlifəsi Mütəvəkkil, iqtidara gəlincə, işləri normal axışına buraxmış; və görüşləri, öz istiqamətlərinə tərk etmişdir. Hətta mötəziləyə qarşı çıxmış və onlara xoş bir nəzərlə baxmamışdır.

------------------------------------------

F - Müasirlərinə görə mötəzilə

Fəqihlər və mühəddislər, mötəziləyə qarşı şiddətli bir müharibə elan etmişdilər. Beləcə, mötəzilə, özünə müxalif 2 güclü düşmən arasında qalmışdı:

~ Bir tərəfdə, zindiqlər, müşəbbihələr, mücəssimələr və bunlara bənzəyənlər;

~ Digər tərəfdə isə, fəqihlər və mühəddislər

mövcud idi.

İnsan, fihq və hədis alimlərinin məşğul olduqları sahələrə (yəni, fiqh və hədis kitablarına) baxdığı zaman, bunların, hər fürsətdə mötəziləni şiddətlə tənqid etdiklərini görür. İmam Şafi və Əhmədin, Tövhidi və tövhidçilərin metodu ilə bu elmi öyrənəni qınadıqlarını gördüyündə, bunların, əslində, mötəzilə və metodlarını tənqid etdiklərini bil.

Lakin fəqih və mühəddislərin, mötəzilənin görüşlərini dəstəkləyən Məmun tərəfindən özlərinə işgəncə edilməsindən əvvəl də, mötəziləni sevməmələrinin səbəbi nədir?

Mənə (əbu Zəhra'ya) görə, bir neçə səbəb bir araya gələrək, bu düşmənliyi ortaya çıxarmışdır. Bunlardan bəziləri, bunlardır:

a. Mötəzilə, etiqad məsələlərini başa düşmək mövzusunda, saleh sələfin yolundan ayrılmışlardır. Sələfin, davam olaraq oxuduğu zikri, Quran-i Kərim idi. Allah Taalanın sifətlərini; və etiqadi məsələlərdən iman edilməsi lazım gələnləri öyrənmək istəyən hər kəs, Qurana və sünnətə baş vurur, bunların xaricinə çıxmır və bunlardan başqasına güvənmirlərdi.

Bəli, etiqad məsələlərini, açıq olan Quranın ayətlərindən öyrənərlərdi. Hər hansı bir məsələ haqqında tərəddüdə düşdükləri vaxt isə, çox yaxşı bildikləri ərəb dilinin ifadələrindən başa düşməyə çalışarlardı. Bütün bunlara baxmayaraq, yenə bir şey başa düşməzlərsə, işi Allaha həvalə edər, məsələ haqqında hər hansı bir şey danışmaz, fitnə və şübhə toxumlarının yayılmasına razı olmazlardı.

Bu hal, ərəblərin təbiətinə də uyğun idi. Çünki ərəblər, əslində, məntiq və fəlsəfə bilmirlərdi və elm adamları da deyillərdi. Ərəblər arasında elm inkişaf edib xüsusilə də fəlsəfə yayılınca, ortaya, ərəblərin bu halına qarşı mötəzilə firqəsi çıxdı. Mötəzilə, hər şeydə ağlı hakim təyin etməyə başladılar. Onu, araşdırmalarının əsası qəbul etdilər. Ağıllarının ehtirası, onları, hər şeyin mahiyyətini öyrənməyə sövq etdi.

Mötəzilənin dini öyrənməkdə baş vurduqları bu yeni metod, fəqihlər və mühəddislərə görə, dinin təhsil edilməsində yeni bir metod idi. Bu səbəblə, fəqih və mühəddislər, mötəziləyə qarşı etiraz qılınclarını çəkdilər və onlar əleyhinə pis sözlər yaymağa başladılar.

b. Mötəzilə, zindiqlər, rafizilər və dualistlər (2 ilah qəbul edənlərlə) və bənzərlərilə münazirə etməklə məşğul idilər.

Münazirə, bir növ döyüşə bənzəməkdədir. Döyüşən şəxs, qarşısında döyüşənin taktikasına görə davranır; onun silahına görə tədbir alır; onun planlarını və məqsədlərini öyrənməyə çalışır. Bütün bunlar isə, iki düşmənin, bir-birindən təsirlənməsinə və bir-birilərinin metodlarını təqlid etmələrinə səbəb olur. Bax bu səbəblə, mötəzilə firqəsinə mənsub olanlara da, müxalifləri tərəfindən bəzi düşüncələr sızmışdır.

Ancaq bu düşüncələr, mötəzilənin etiqadlarını dəyişdirəcək və ya onları İslamdan çıxaracaq, yaxud İslama hücum edənlərə qarşı mücadilələrini zəiflədəcək dərəcədə köklü düşüncələr deyildi. Niberg'in, "Kitabu'l-İntisar və'r-Rəddu alə İbni'r-Rundi əl-Mulhid" adlı kitabını nəşr edərkən yazdığı bu söz, nə gözəldir:

"Bir döyüşdə böyük bir düşmənlə qarşılaşan şəxs, düşməni və döyüş şərtlərilə bağlı qalır. Döyüşün seyrinə görə vəziyyət alır. Bu şəxsin, oturmasında, qalxmasında, hərəkətində və dayanmasında, düşməni izləmək gərəkdir. Belə bir şəxs, bəzən, şəxsən düşmənindən və düşmənin taktikalarından təsirlənir.

Düşüncə sahəsindəki döyüşlər də belədir. Ümumiyyətlə, düşüncələrin formalaşmasında, düşmənin təsiri, tərəfdarların təsirindən daha az deyildir. Hətta Hənbəli məzhəbinə mənsub olan bəzi insanlar, dostlarının, özlərini inkar edənlərə cavab verməyə həsr etmələrinin, şəxsən onların da inkara düşmələrinə səbəb olduğundan şikayətçi olmuşlardır."

Bu səbəblə, mötəzilə məzhəbinə mənsub olanların görüşləri içində əcaib görüşlərin də yer almasına heyrət edilməməlidir. Çünki bunlar, düşmənlərilə etdikləri münazirələrdən təsirlənmişlərdir.

c. Etiqadi məsələləri öyrənmək xüsusunda, mötəzilənin metodu, sırf əqli bir metod idi. Hər nə qədər onlar, Quranın nass'larına müxalifət etməməyə çalışırdılarsa da...

Mötəzilənin görüşü ilə Quranın ayətlərinin zahiri bir-birilə zidd düşdüyü təqdirdə, Quranı, öz görüşlərinə zidd düşməyəcək və zahiri mənasından da uzaqlaşmayacaq bir şəkildə təvil edərlərdi.

Bu metodun təməlini, ağla güvənmək təşkil edir. Halbuki ağlın təmayülləri və aldanmaları da vardır. Bu səbəblə, mötəzilə, sırf əqli təmayüllərinə tabe olaraq, bir çox xətalara və yalnışlara düşmüşlərdir.

Məsələn:

Mötəzilə imamlarından biri olan Cübbai,

"Allah, qulunun duasını qəbul etdiyi vaxt, quluna itaət etmiş olur." sözünə möhkəm sarılması, bu qəbildəndir.

Cübbai'nin bu görüşdə dirənməsinin səbəbi, bu idi:

Bir dəfə, imam əbu'l-Həsən əl-Əşari, ondan belə bir sual soruşmuşdu:

"Sənə görə itaət etmək, nə deməkdir?"

- Cübbai:

"Başqasının istək və iradəsinə müvafiq olmaqdır. Kim başqasının istəyini yerinə yetirərsə, ona itaət etmiş olar." deyə cavab verir.

- Bunun üzərinə, əbu'l-Həsən əl-Əşari:

"Buna görə, Allah Taalanın, qulunun istəyini yerinə yetirdiyi təqdirdə, ona itaət etmiş olması lazımdır. Allah Taalanın, quluna itaət etməsi caiz görüldüyü vaxt isə, Onun, quluna boyun əyməsi də caiz görülmüş olur. Allah, bundan münəzzəhdir, çox ucadır."

Yenə mötəzilə imamlarından biri olan əbu Huzeyl əl-Allaf'ın bu sözü, bu qəbildəndir:

"Cənnət əhli, azad iradəyə sahib deyildirlər. Çünki onlar, azad iradəyə sahib olmuş olsalar idi, mükəlləf olmaları lazım gələrdi. Axirət isə, cəza və mükafat yurdudur, mükəlləfiyyət yurdu deyildir."

Şübhəsiz ki, bu söz, həqiqətdən uzaqdır. Çünki azad iradəyə sahib olmaq, hər zaman mükəlləfiyyət gərəkdirməz. "Hayyat" adındakı alim, əbu Huzeyl'in, daha sonra bu görüşdən döndüyünü söyləmişdir.

Bax mötəzilədən bəzilərində görülən bu cür qərib düşüncələr, xalq arasında bütün mötəzilənin görüşü kimi yayılır və əleyhlərində pis sözlər söylənilməsinə səbəb olurdu.

d. Mötəzilə, İslam ümməti nəzdində böyük mövqeləri olan bir çox şəxslərlə münaqişə və mücadilə etmiş, müxaliflərilə münazirələrdə ölçünü itirmiş, hər cür yalan söyləməkdən də çəkinməmişlərdi.

Yenə mötəzilə imamlarından sayılan Cahiz'in, fəqihlər və mühəddislər haqqında söylədiyi bu sözlərə bir baxın:

"Hədis alimləri, avam təbəqəsindəndirlər. Onlar, müqəlliddirlər. Dəlil çıxarmağa çalışmazlar və sərbəst hərəkət etməzlər. Təqlid isə, əqli dəlillər qarşısında, özündən uzaq durulan və Quranda qadağan edilən bir xüsusdur."

Cahiz, sözlərinin sonunda isə, belə deyirdi:

"Mühəddislərin, 'Zahidlər, abidlər bizdəndir.' şəklindəki sözlərinin cavabı, budur:

'Sayca özlərindən daha az olan xaricilərin abidləri, mühəddislərin abidlərindən daha çoxdur. Buna əlavə olaraq, xaricilər, hüsn-ü niyyət sahibidirlər. Daha xoş, mənfəətçilikdən çox uzaq, təqva yönündən daha səmimi, geyim cəhətindən daha mütəvazi, yollarında daha qərarlı, mübarizələri uğrunda canlarını və qanlarını daha çox fəda edən, özlərinə daha az mal toplayan və başqalarını daha az məhrum edən, daha çox zahid və daha çox səy göstərən insanlardır."

Cahizin, haqlarında belə danışdığı şəxslər, bütün xalq nəzdində və alimlərdən bir çoxlarına görə, mövqe və məqamları üstün olan şəxslərdir.

Bax bu səbəblə, edilən bu tənqidlər, müsəlmanların əksəriyyətinin, mötəzilədən nifrət etmələrinə səbəb olmuşdur. Hər nə qədər mücərrəd həqiqətləri araşdırmaq istəyən şəxslər nəzdində təqdir edilmiş olsalar da...

e. İnkar edənlərdən bir çoxları, mötəzilə məzhəbində, fitnə toxumlarını və batil görüşlərini yaya biləcək və İslama vəsvəsələrini əlavə edə biləcəkləri yuvalar taparlar. İnkar edənlərin həqiqi məqsədləri ortaya çıxınca, mötəzilə, bunları özlərindən uzaqlaşdırmışdır.

Məsələn, ibn Ravəndi, əbu İsa əl-Vərraq, Əhməd b. Xait və Fadl əl-Hadəsi, bunlardan idilər. Adı keçən bu şəxslər, bəzi İslam əsaslarını yıxan görüşlər ortaya atmışdılar. Bunlardan bəziləri, Müsəlmanların inancına zərər vermək üçün, yəhudilər tərəfindən kirayələnməklə ittiham edilmişlərdir.

Mötəzilə, hər nə qədər pislikləri ortaya çıxan bu cür adamlardan daha sonralar uzaqlaşmışlarsa da, daha əvvəl, bunların, mötəzilə arasında olmaları, özlərini bulaşdırdıqları murdarlıqların, mötəziləyə də sıçramasına səbəb olmuşdur. Hər nə qədər mötəzilə şeyxləri, özlərinin, bu cür adamlardan uzaq olduqlarına dair and içmişlərsə də, ittihamlar, yenə də mötəzilənin üzərində qalmışdır. Çünki ağla, günahsızlıqdan əvvəl günahlı olmaq gəlir.

f. Abbasilərdən, mötəziləyə dəstək çıxan, onlara kömək edən, onların məzhəblərini mənimsəyən və onların görüşlərinə təəssüb dərəcəsində bağlı olanlar çıxmışdır. Bu cür şəxslər, xalqı, mötəziləliyi qəbullanmağa məcbur etmişlər, onların başına fərqli müsibətlər gətirmişlərdir. Daha əvvəl də işarət etdiyimiz kimi, fəqih və hədis alimləri, bu işgəncə və müsibətlərə səbr etmişlərdir.

Fiqh və hədis alimlərinin, içinə düşdükləri bəla və müsibətlər, xalqın onlara mərhəmətli olmasına; və mötəziləyə qəzəblənməsinə vəsilə olmuşdur. Beləcə, təqva sahibi bu şəxslərin çəkdikləri əzablar, mötəzilənin etibarını azaltmış və günahları, mötəzilənin boynunda qalmışdır.

Mötəzilə içində, risalələr yazaraq, fiqh və hədis alimlərinə bu cür işgəncə və əziyyətlərin verilməsini dəstəkləyən şəxslərin də olması, bu halı yaxşıca pisləşdirmişdir. Cahizin, xəlifə tərəfindən fəqih və mühəddislərə edilən işgəncələri müdafiə edən mahiyyətdə söylədiyi bu sözü, bu qəbildəndir:

"Biz, ancaq, haqqında çoxca dəlil göstərdiyimiz şəxsin kafirliyinə hökm edərik. Və biz, ancaq, ittiham altında olanları imtahan edərik. Müttəhimləri ortaya çıxarmaq, təcəssüs (casusluq etmək) deyildir. Yenə, müttəhimləri sorğu-suala çəkmək, gizlilikləri təşhir etmək deyildir. Əgər hər günahı ortaya çıxarmaq - bir təşhir; və hər sorğu-suala çəkmək də - bir təcəssüs sayılsaydı, hakimlər, insanların gizliliklərini ən çox ifşa edən və onların qüsurlarını tapmağa ən çox çalışan kimsələr olarlardı.

Despotluğa söykənən görüşlərin, yıxılmağa məhkum olduğu, bir həqiqətdir. Çünki qüvvət, kordur, axmaqdır. Doğruluqdan ayrılmaq, axmaqca hərəkət etmək, belə qüvvətin şanındandır. Belə qüvvətə istinad edən hər görüş, nəticədə məğlub olar. Çünki insanlar, gücə söykənən görüşün həqiqəti xüsusunda şübhəyə düşərlər. Çünki həqiqətən sağlam dəlillərə söykənən, güclü bir görüş, heç bir zaman gücə ehtiyac hiss etməz."

-----------------------------------------------

 

G - Fiqh və hədis alimlərinin, mötəziləni tənqidləri

Cahiz'in sözlərindən də başa düşüldüyü kimi, mötəzilə, fiqh alimlərini tənqid etmişlərdir. Əhməd b. Hənbəl kimi bir şəxsi, dini cəhətdən ittiham etmişlərdir. Təbii olaraq, bu ittihamlara qarşılıq, ittihamlarla cavab verilmişdir.

Mötəzilənin, fiqh və hədis alimlərini günahlandırmaları, Abbasi'lərin, bunları dəstəklədikləri dövrlərdə meydana gəlmişdi. Əlbəttə ki, ittihamlara cavab da, eyni dövrdə meydana gələcəkdi.

Bax bu səbəblə, fiqh və hədis alimləri, mötəzilə firqəsinə mənsub olan insanları, dinən yalnış sayılan hər şey ilə ittiham etmişlərdir. Elə ki:

~ İmam əbu Hənifə'nin tələbəsi imam əbu Yusuf, mötəziləni zindiqliklə ittiham etmiş;

~ İmam Malik və Şafi, bunların şahidliklərinin qəbul edilməyəcəyinə dair fətvalar vermiş; və

~ Əbu Hənifə'nin tələbəsi Muhamməd b. Həsən əş-Şeybani, mötəzilədən olan bir şəxsin arxasında namaz qılanın, namazını yenidən qılmasının gərəkli olduğuna dair fətva vermişdir.

Mötəzilə haqqındakı pis sözlər, bu böyük imamlara mənsub olan insanlara da sirayət etmiş, dolayısı ilə, bunlar da, mötəziləni, fasiqliklə, haram işləməklə günahlandırmışlardır.

Bu, bir həqiqətdir ki, hərarətli münazirələrə qədər varan anlaşılmazlıqlar, əlbəttə ki, bəzi ittihamlara yola açacaqdır.

Mötəzilə firqəsinə yönəldilən ittihamlardan bir çoxu, tərəfsiz bir görüşdən qaynaqlanmır, əksinə, tərəfgirlikdən və görüşlərdəki təəssübdən qaynaqlanırdı. Hər təəssüb, idrak qapılarından birini, mütləq bağlamaqdadır.

Şübhəsiz ki, mötəzilə, xətalı olsunlar və ya olmasınlar, ortaya qoymuş olduqları davranışları ilə, dinin çərçivəsindən çıxmış deyillərdir. Mötəziləyə, insanları dəvət etdikləri doğru şeylərdən və İslamı müdafiə etmələrindən dolayı əcr vardır. İslamı müdafiə xüsusunda, mötəzilənin, öncülük etmələri səbəbilə üstünlükləri vardır (Bu söz, müəllifimiz əbu Zəhraya məxsusdur. Hər kəs, belə düşünmür.)

Vasil b. Ata'ya tabe olanlar, fərqli İslam diyarlarına yayılmış, ordakı həva və həvəsinə tabe olmuş şəxslərə qarşı mücadilə etmişlərdir. Vasilin dostu olan Amr b. Ubeyd, zindiqlərə qarşı döyüşmüş, əhl-i haqq ilə dost; və həva və həvəs əhlilə də düşmən idi. Amr, şair Bəşşar b. Burd'un dostu idi. Bəşşarın zindiq olduğuna başa düşüncə, dostu olması, onu Bağdad'dan sürgün etdirməsinə əngəl olmamışdı. Bəşşar, sürgündən sonra Bağdada, ancaq Amrın vəfatından sonra əbu Cəfər əl-Mənsur dövründə qayıda bilmişdir.

Amr, müttəqi biri idi. Cahiz, bunun haqqında bir az da təəssübə vararaq, belə demişdir:

"Amrın ibadəti, bütün fəqihlərdən və mühəddislərdən olan abidlərin ibadətlərinə bərabərdir."

Mötəzilənin davam edən hər nəslində, özlərini ibadətə verən və təqva sahibi olan bir qrup mövcud olmuşdur. Mötəzilədən bəzilərinin müttəqi olması, ifrat ehtiyacına rəğmən, dövlətdən hər hansı bir mal almamalarına səbəb olmuşdur.

Deyildiyinə görə, Abbasi xəlifəsi Vasiq, vəziri Əhməd b. Duad'dan belə soruşur:

"Niyə başqalarını hakim təyin etdiyin kimi, mötəzilədən olan dostlarımı hakim təyin etmirsən?'

- Duad isə, belə cavab verir:

'Ey möminlərin əmiri! Sənin dostların, bundan çəkinməkdədirlər. Məsələn, Cəfər b. Bişr...Özünə 10.000 dirhəm göndərdim, qəbul etmədi. Daha sonra, şəxsən özüm onun yanına getdim. Yanına girmək üçün icazə istədim, mənə icazə vermədi. Mən, icazəsiz içəri girdim. Qılıncını üzümə dayadı və:

'Bax indi, səni öldürmək mənə halal oldu.' dedi.

Bunun üzərinə, ordan uzaqlaşdım. Belə şəxsləri, necə hakim təyin edim?!"

Nə qəribdir ki, haqqında danışılan bu Cəfərə, bəzi dostları 2 dirhəm vermiş və o da qəbul etmişdir. Bunun üzərinə, Cəfərə,

"Necə olur ki, 10.000 dirhəmi rədd edirsən, ancaq 2 dirhəmi qəbul?" deyə soruşulduğunda, belə cavab verir:

"Bu 10.000 dirhəmə, tərəfgir yaltaqlar, məndən daha çox layiqdirlər. Mən isə, bu 2 dirhəmə daha çox layiqəm. Çünki bu 2 dirhəmə mənim ehtiyacım var. Və Allah Taala, bunları mənə, dilənmədən göndərmişdir."

Şübhəsiz ki, bu davranış, iffətli və qürurlu bir şəxsiyyətin davranışıdır. Bu qürurlu şəxs, dövlətin malını, halal olmayan yollardan toplandığı qənaətində olduğu üçün, şübhə etmiş və onu rədd etmişdir. Digər tərəfdən, halal və təmiz olan 2 dirhəmi qəbul etmişdir.

-------------------------------------------------

H - Mötəzilə'nin münazirələri

Kəlam elmi, mötəzilə firqəsinə mənsub olanların,

~ gərək məcusi, dualist (sənəviyyə, yəni aləmi, nur və zülmət olmaq üzərə 2 əzəli əslin yaradıb idarə etdiyinə inanan din və ya məzhəb), həva və həvəsinə tabe olan azmışlarla;

~ gərəksə də, hədis alimlərilə; və

~ imam Əşari və imam Maturidi ilə

münazirələrindən meydana gəlmişdir.

Mötəzilə, kəlam elmində, dairənin mərkəzini, dəyirman çarxının milini təşkil etməkdədirlər. Bunlar, münazirələrilə, İslami düşüncəni 2 əsrə yaxın bir zaman məşğul etmiş və münazirə məclislərində, xəlifələr, vəzirlər və alimlər iştirak etmiş; görüşlər, bir-birilə zidd düşmüş, İslami düşüncə, fars və ya yunan, yaxud da hind fəlsəfələrilə təchiz edilməyə çalışılmışdır.

Mötəzilə, münazirələrində, müəyyən xüsusiyyətlərilə seçilmiş, özlərinə xüsusi bir rəng verən xüsusiyyətə bürünmüş və özlərinə məxsus xüsusi bir anlayış ortaya qoymuşlardır. Hər nə qədər hökm çıxarma yolları və hökm çıxarmaq üçün istifadə etdikləri müqəddimələri, digər İslam camaatlarının müqəddimə və metodlarına müxalif idisə də, bunların anlayışları, ümumiyyətlə, dinin dəvət etdiyi prinsiplərə zidd düşməməkdə idi.

Mötəzilənin, araşdırma və münazirələrindəki ən müəyyən xüsusiyyətləri, bunlardır:

1. Başqalarını təqliddən çəkinmələri; incələmədən, dəlilləri dəyərləndirmədən və işləri ölçüb-biçmədən, başqalarına qeydsiz-şərtsiz tabe olmamaları.

Mötəzilə, görüş sahiblərinin şəxslərinə deyil, görüşlərə hörmət göstərirlərdi. Söyləyənə deyil, söylənən haqq sözə ehtiram göstərərlərdi. Bu səbəblə, mötəzilə, bir-birilərini belə təqlid etməmişlərdir.

Mötəzilənin, davamlı olaraq tabe olduğu qayda, bu idi:

"Hər mömin, dinin təməl məsələlərində edəcəyi ictihadı nəyi gərəkdirirsə, onu etməklə mükəlləfdir."

Bəlkə də, mötəzilənin, bu qruplara bölünmələrinin səbəbi, budur.

~ Vasiliyyə: Bunlar, mötəzilə məzhəbinin ən iləridə gələn adamı olan Vasil b. Ata'nın görüşlərini tərcih edənlərdir.

~ Huzeyliyyə: Bunlar hicri 200-cü ildə, mötəzilə mənsublarına şeyxlik edən əbu'l-Huzeyl əl-Allaf'ın tərəfdarlarıdır.

~ Nazzamiyyə: Bunlar, əbu'l-Huzeyl əl-Allaf'ın tələbəsi olan İbrahim b. Səyyar əl-Nazzam'a tabe olanlardır.

~ Xabitiyyə: Bunlar, Əhməd b. Xabit'in tərəfdarlarıdır.

~ Bişriyyə: Bunlar, Bişr b. əl-Mu'təmir'in tərəfdarlarıdır.

~ Muamməriyyə: Bunlar, Muammər b. Ubbad əs-Sələmi'yə tabe olanlardır.

~ Mizdariyyə: Bunlar, əbu Musa deyə adlandırılan və "Mizdar" deyə ləqəb verilən İsa b. Subeyh'in tərəfdarlarıdır.

~ Sumamiyə: Bunlar, Sumamə b. Əşrəs əl-Numeyri'nin tərəfdarlarıdır.

~ Hişamiyyə: Bunlar, Hişam b. Ömər əl-Futi'nin tərəfdarlarıdır.

~ Cahiziyyə: Bunlar, məşhur ədəbiyyatçı Cahiz'in tərəfdarlarıdır. Cahiz, ədibliyi ilə bərabər, mötəzilə məzhəbinə mənsub olan alim bir şəxs idi.

~ Xayyatiyyə: Bunlar, əbu'l-Huseyn əl-Xayyat'ın tərəfdarlarıdır.

~ Cübbaiyyə: Bunlar, əbu'l-Həsən əl-Əşari'nin şeyxi və hicri 300-cü ildə mötəzilənin şeyxi olan əbu Əli əl-Cübbai'nin tərəfdarlarıdır.

~ Behşəmiyyə: Bunlar da, Cübbaiyyə firqəsinin şeyxi olan Cübbai'nin oğlu əbu Həşim Abdu's-Səlam'a tabe olanlardır.

2. Mötəzilənin xüsusiyyətlərindən biri də, etiqadi məsələləri isbat xüsusunda, ağla istinad etmələridir.

Mötəzilə, Quran-i Kərim yolundan ayrılmamaq üçün, köməyi Qurandan almışlardır. Lakin bunların, hədisə dair çox da məlumatları yox idi. Çünki bunlar, etiqad məsələlərində hədislərə söykənmir və onları, dəlil olaraq istifadə etmirlərdi.

Mötəzilənin ağla istinadı, onları, öz dövrlərində, ərəbcəyə tərcümə edilən əqli elmləri təhsilə sövq etmişdir. Bunlar, bu elmləri incələmiş və bunlardan, düşmənlərilə döyüşə biləcək və dəlil çıxara biləcək qədər nəsiblərini almışlardır. Bu səbəblə, bir çox filosofluq edən şəxslər, bunlara qatılmışlardır. Çünki belə insanlar, mötəzilənin görüşlərini özlərinə uyğun görmüşdülər. Çünki mötəzilənin görüşləri, özlərini əhatə edən dini ruhu və onlara hakim olan Allahı tənzih etmə düşüncəsi ilə bərabər, insan ağlının aclığını doyuran fəlsəfi görüşləri də əhatə etməkdə idi. Bu səbəblə, mötəzilə firqəsinə mənsub olan şəxslər arasında, bir çox seçkin yazıçılar, böyük alimlər və ağıllı filosoflar yer almışdı.

3. Mötəzilə, gözəl xitab və məsələləri yaxşı izah etmək xüsusiyyətlərilə də seçilmişlərdir.

Mötəzilə arasında, çox gözəl xatiblər və münazirə üsullarını yaxşı bilən münazirəçilər mövcud idi. Bunlar, mütəmadi münazirə etdikləri üçün, necə münazirə ediləcəyini çox yaxşı bilirlərdi. Yenə bunlar, düşmənin necə məğlub edilə biləcəyini öyrəndikləri üçün, mücadilə üsullarını çox yaxşı bilirlərdi.

Bax, mötəzilənin lideri olan Vasil b. Ata, böyük bir xatib, qarşısındakının nə düşündüyünü sezə bilən, hazır cavab və hazırlıqsız danışa bilən bir kimsə idi.

Yenə, mötəzilə şeyxlərindən biri olan İbrahim b. Səyyar əl-Nazzam. Bu şəxs, çox zəkalı, gözəl danışan, danışması təsirli, ədəbiyyatçı və şair bir şəxs idi.

Yenə mötəzilədən biri olan əbu Osman Amr əl-Cahiz haqqında, Sabit b. Qurra əs-Saibi, belə deyir:

"Əbu Osman əl-Cahiz, müsəlmanların xatibi, kəlamçıların şeyxi, əvvəlkilərin və bütün xatibların ağası, danışdığı zaman, bəlağatı ilə məşhur xatiblərdən "Səhban" (əl-Vaili)'yə bənzəyir, münazirə etdiyində isə, məşhur münazirəçi "Nazzam" kimidir. Ərəb dilinin və ədəbiyyatının ustadıdır. Kitabları, gül baxçaları; izah etdiyi məsələlər, fərqli meyvələrdir. Onunla münazirəyə girən hər kəs, daha əvvəl onu görmək məcburiyyətində qalardı. Ona sataşan hər kəs isə, sonunda ona boyun əyərdi."

------------------------------------------------

I - Mötəzilənin münazirə etdiyi müxalifləri

Mötəzilə,

a. Məcusi, dualist (sənəvi), cəbriyyə və bidətçilərlə;

b. Fəqih və mühəddislərlə;

c. Əşari və Maturidi'lərlə

mücadilə və münazirə etmişlərdir.

İndi isə, mötəzilənin, sırası ilə:

~ həva və həvəslərinə tabe olanlarla, bidətçilərlə, kafirlərlə mücadilələri; və

~ Quran-i Kərimin məxluq olub-olmadığı xüsusunda da, fəqih və mühəddislərlə aralarında keçən münazirələri

haqqında danışaq.

~ Əşari və Maturidilərlə olan münaqişələrini isə, bu məzhəblərin bəhsini etdiyimiz yerə saxlayaq.

a. Mötəzilənin, şəhəvani arzularına tabe olanlarla və kafirlərlə etdikləri münazirələr:

Daha əvvəl də izah etdiyimiz kimi, Əməvilər dövrünün sonlarında və Abbasilərin ilk zamanlarında, zindiqlər çoxalmış; Müsəlmanların arasına, qəlblərində farsların və başqalarının dinlərindən qalıntılar daşıyanlar sızmış; bu şəxslər, Müsəlmanlara qarşı kin bəsləmiş; bəzən üzlərindən maskanı qaldırmış; bəzən də İslam kisvəsinə bürünərək, heç kimsə fərqinə varıb tədbir almadan, zəhərlərini buraxmaq üçün, özlərinə aid batil inanclar aşılamışlardır.

Bəli, zindiqlərin çoxu, hiyləgərcəsinə fəaliyyət göstərənlər idi. İslam üçün ən böyük təhlükəni, bunlar meydana gətirirdi. Çünki bəzi insanlar, bunlara aldanırlardı.

Mötəzilə, bunların qarşısında dayandı, zindiqlərin, İslama qarşı hücuma keçdiklərini qəbul etdikləri hər sahədə, onlarla döyüşdülər.

Daha sonra, mötəzilə, özlərini gizləməyən dualist və dehrilərlə (aləmin əzəli olduğunu və bir Yaradanın mövcud olmadığını müdafiə edən fəlsəfi bir qrup, bax: Casiyə/24) qarşı-qarşıya gəlmişlərdir. Mötəzilənin lideri olan Vasil, öz adamlarını, zindiqlərlə mübarizə üçün, fərqli şəhərlərə göndərmişdir. Vasil, şəxsən özü də İslamı müdafiə etmişdir. Yazmış olduğu əsərlərdən biri də, "Əlf Məsələ / Min məsələ" adlı kitabdır. Bu kitabı, xristiyanlıqla məcusilik birləşdirilərək ortaya çıxarılan fars məzhəbi "Manilik"ə (haşiyə) cavab olaraq yazmışdır. Vasil b. Ata'dan sonra gələn tələbələri də, eyni yolu izləmişlərdir.

------------------------------------------

(Haşiyə:

Manilik - Məcusilərdən bir qrupdur. Əsaslarını, məcusilik və xristiyanlıqdan almışdır. Bunlar da, məcusilər kimi, xeyir və şərrin hər birinin, bir ilah olduğuna inanırlardı. Onlara görə:

~ Xeyir ilahı - Nur;

~ Şər ilahi isə - Zülmət idi.

Dövrümüzdəki "Yezidiyyə" məzhəbi, bunların qalıntısıdır.

Bunlar, zinanı tərk etmək; dünyada zahid olmaq; və bənzəri bəzi yaxşı şeylərə dəvət etmişlərsə də, ət yeməyi haram saymaq; zərərli heyvanları öldürməmək kimi şeyləri də mənimsəmişlərdir.

-------------------------------------------------

Mötəzilənin münazirə metodları, güclü; dəlilləri, sağlam; danışmaları, fasih və açıq; özləri isə, təhsil etdikləri elmlərdən və etdikləri münazirələrdən əldə etdikləri böyük bir inandırma gücünə sahib idilər. Elə ki, Müsəlman olmayan bəzi müxalifləri, bunlarla etdikləri münazirələrdən sonra Müsəlman olurlardı.

Mötəzilə tarixini yazan yazıçı, belə deyir:

"Əbu'l-Huzeyl əl-Allaf vasitəsilə, 3000-dən çox məcusi, Müsəlman olmuşdur. Çünki Allaf, münazirədə çox mahir və güclü idi, insanları dəvət etdiyi şey, qüvvətli; insanların dəvət etdikləri şey isə, zəif idi."

"əl-İntisar" adlı kitabda, bu münazirələrin bir qismi nəql edilməkdədir. Bunlardan biri də, "Manilik" məzhəbinə mənsub olan biri ilə, Mötəzilə arasında keçdiyi söylənən, bu münazirədir:

Manilər:

~ doğru danışmağın, yalan danışmağa zidd olduğunu;

~ doğru danışmağın, gözəl olduğunu və "Nur"dan gəldiyini;

~ yalan danışmağın isə, pis olduğunu və "Qaranlıq"dan gəldiyini iddia edirdilər.

Bu səbəblə, əbu'l-Huzeyl'in tələbəsi İbrahim Nazzam, onlara belə sual verir:

- Nazzam: "Deyin görək, bir insan, məqbul bir yalan danışarsa, bu halda, yalançı kimdir?"

- Manilər: "Yalançı olan, qaranlıqdır."

- Nazzam: "Əgər yalan danışan şəxs, daha sonra yalan söylədiyinə peşman olar və: 'Mən, yalan söylədim. Pis bir şey etdim.' deyərsə, bu təqdirdə 'Yalan söylədim.' deyən kimdir?"

Bunun üzərinə Manilər, bir-birinə girmiş, nə söyləyəcəklərini bilə bilməmişlərdir.

- Nazzam: "Əgər, 'Mən, yalan söylədim, pis bir iş gördüm.' sözünü Nurun söylədiyini zənn edirsinizsə, Nur, yalançı olmuş olar. Çünki yalan söyləmək, onun tərəfindən meydana gəlmədi və onun ağzından çıxmadı. Buna əlavə olaraq, yalan söyləmək, bir pislikdir. Bu təqdirdə, nur tərəfindən bir pislik meydana gətirilmiş olur. Bu da, sizin iddianızı çürütməkdədir. Əgər siz, 'Mən, yalan dedim, pis bir iş gördüm.' deyənin qaranlıq olduğunu qəbul edirsinizsə, qaranlığın, doğru danışmış olduğu ortaya çıxır. Doğru danışmaq da, bir yaxşılıqdır. Bu təqdirdə, qaranlıqdan həm doğru söz, həm də yalan söz meydana gəlmiş olur ki, bu da, sizin inancınıza görə, bir-birinə zidd olan xeyir və şərrin birləşməsidir."

Bu münazirədən başa düşülməkdədir ki, zindiqləri, böyük bir araşdırma izləməkdədir. Və mötəzilə ilə münazirə edənlərin bütün yolları kəsilməkdədir.

"Sarh əl-Uyun" adlı əsərin sahibi, bəhsi keçən bu Nazzam ilə, hər şeydə şübhə edən və varlıqların bir həqiqəti olduğunu inkar edən sofist Salih b. Abdu'l-Quddus arasında keçən digər bir söhbət nəql edir.

Bəhsi keçən Salih'in, bir uşağı ölmüşdü. Əbu'l-Huzeyl əl-Allaf, sofist dostunun yanına gəlir. Yanında, hələ kiçik bir uşaq olan və yanından ayrılmayan Nazzam var idi. Əbu'l-Huzeyl, sofist dostunun ölən uşağına yanıb-yaxıldığını görüncə, ona belə deyir:

"Sənə görə, insanlar, bitkilər kimidirsə, oğluna kədərlənməyinə bir səbəb görə bilmirəm."

(Burda, əbu'l-Huzeyl, bunu demək istəyirdi:

Sofistlərə görə, insanlar və bitkilərin varlıqları, bir həqiqətə söykənmir. İnsanın bunları dəyərləndirməsinə tabedir. Çünki Salih, insanın həqiqi mahiyyətindən şübhə etməkdə idi.)

Bunun üzərinə, Salih, belə cavab verir:

"Ey əbu'l-Huzeyl, oğlum 'Şüquq' adlı kitabı oxumadığı üçün, ona kədərlənirəm."

- əbu'l-Huzeyl: "Şüquq kitabı nədir?" deyə soruşdu.

- Salih: "Mənim yazdığım bir kitabdır. Onu oxuyan, var olan şeylər haqqında şübhəyə düşər, nəticədə, ona, bunların yox olduğu qənaəti gələr. Olmayan şeylər haqqında da şübhəyə düşər. Nəticədə, ona, o şeylərin var olduqları qənaəti gələr." dedi.

Bunun üzərinə, Nazzam, müdaxilə edərək belə dedi:

"Sən də, oğlunun ölməsindən şübhə et. Əgər o ölmüş olsa, onu ölməmiş qəbul et. Yenə sən, oğlunun bu kitabı oxuğunda da şübhə et. Hər nə qədər onu oxumamışdırsa da, sən, onu oxuduğu qənaətinə var."

Bu son hadisə və bənzərləri, mötəzilə firqəsinə mənsub olanların üfüqlərinin geniş olduğunu; qəlblərinin dar olmadığını; dolayısı ilə, özlərilə mücadilə edən qeyr-i müsəlmanlarla və ya azmışlıqlarını düzəltmək istədikləri azmışlarla belə, yaxşı münasibətlər qura bilmişdilər. Bu, alimlərin davranış şəklidir. Alimlərin qəlbi, inanc cəhətindən özlərinə müxalif olanlara belə açıqdır. Ta ki, Allah Taala, onları hidayət etsin.

Biz, mötəzilə ilə zındıq və mürtədlər arasında keçən bəzi münazirələr haqqında danışmadan da keçməyəcəyik.

aa. Abbasi xəlifəsi Məmun'un, xorasanlı bir mürtədlə münazirəsi:

Məmun, mötəzilədən sayılır. Bu səbəblə, o, mötəzilədən bəhs edərkən, "dostlarımız" təbirini istifadə edərdi. Bundan dolayı, Məmunun bu münazirəsi, mötəzilə üslubu ilə cərəyan etmişdir.

Mehdi dövründə, Xorasanda bir şəxs dindən çıxmış, bu şəxs, xəlifə Məmuna göndərilmiş və aralarında belə bir münazirə keçmişdir:

- Məmun: Səni, haqlı olaraq öldürməkdənsə, yenə səni, haqlı olaraq sağ buraxmağı daha çox istəyirəm. Səni ittiham altına almaqdansa, sənin bəraətinə qərar verərək sərbəst buraxmaq, mənim üçün daha xoşdur. Sən, daha əvvəl, xristiyan ikən, sonra müsəlman oldun. Sən, orda, daha çox imkana sahib olan və çox yaxşı yaşayan biri idin. Lakin sən, alışıb öyrəşdiyin şeyi yadırğadın, daha sonra isə, bizə arxa çevirərək, qaçdın. De görək, səni, daha əvvəl sevdiyin və alışdığın şeylərdən nifrət etdirən və onları yadırğamana səbəb olan şey, nədir? Əgər xəstəliyinin dərmanını bizdə tapsan, özünü onunla müalicə etmiş olarsan. Xəstə, həkimlərlə istişarəyə möhtacdır. Əgər şəfa tapmasan, dərmanlar, dərdinə çarə olmazsa, özünə qarşı məzur (üzrlü) sayılarsan. Artıq öz-özünü qınamazsan. Əgər səni öldürsək, şəriətin hökmü ilə öldürərik. Yaxud da sən, məsələni yenidən gözdən keçirər və sağlam bir qərara vararsan. Və beləcə, ictihadında, əlindən gələni etdiyini; məsələni ciddiyyətlə ələ almaqda hər hansı bir ehmalkarlıq etmədiyini bilmiş olarsan.

- Mürtəd: Məni nifrət etdirən şey, aranızda gördüyüm çoxca ixtilaflardır.

- Məmun: Bizdə, 2 cür ixtilaf vardır:

~ Birincisi: azan haqqında, cənazə namazında alınan təkbirlər haqqında, təşəhhüd haqqında, bayram namazları haqqında və bayramdan əvvəl fərz namazlarının arxasından gətirilən təkbirlər haqqında və fətva şəkilləri haqqında və bənzəri məsələlərdəki ixtilaflar.

Əslində isə, bunlar, ixtilaf deyillər, alternativlər arasından birini seçmək, dar qəliblərdən qurtulub məsələləri genişlətmək və çətinlikləri xəfiflətməkdir. Məsələn:

Azanda və iqamədə, "Hayyə alə's-saləh", "Hayyə alə'l-fələh" cümlələrini 2 dəfə söyləyən kimsə, günah işləmiş olmadığı kimi; sadəcə azanda 2 dəfə söyləyib iqamədə 1 dəfə söyləyən kimsə də günahkar deyildir. Bunlar, bir-birilərini ayıblamaz və qınamazlar. Bunu, sən də gözünlə görməkdə və şəxsən şahid olmaqdasan.

~ İkinci ixtilafımız isə: bizə endirilən Quranın və bizə bildirilən hədislərin, əslində tam bir ittifaq içində olmaqla birlikdə, Quranımızın ayətlərinin və Peyğəmbərimizin hədislərinin izahlarında etdiyimiz ixtilaflardır.

Əgər səni bu cür ixtilaflar nifrət etdirib ondan dolayı bu inkara qalxdınsa, bunu yaxşı bilməlisən ki, bu təqdirdə, Tövrat və İncilin ləfzlərinin endirilməsində ittifaq edildiyi kimi; onlardakı ləfzlərin təvilində də ittifaq edilməsi, yəhudi və xristiyanlar arasında, ləfzlərin təvili xüsusunda heç bir ixtilafın olmaması lazım gələrdi. Və yenə sənin, sadəcə ləfzlərinin təvili olmayan bir dilə müraciət etməyin lazım gələrdi. Əgər Allah Taala, kitablarının, peyğəmbərlərinin sözlərini və peyğəmbərlərin varisləri olan alimlərin sözlərini təvilə möhtac olmayacaq şəkildə yaratmaq istəsəydi, əlbəttə ki, bunu edərdi.

Lakin bizlərə, güc xərcləməməyi lüzumlu qılmayan bir din və dünya verilməmişdir. Əgər hal belə olsaydı, çətinliklər, mükəlləfiyyətlər ortadan qalxar; müsabiqələr, rəqabətlər mövcud olmaz; və insanların bir-birilərindən üstün olması, bəhs mövzusu olmazdı. Allah, dünyanı belə bir əsas üzərinə qurmamışdır.

- Mürtəd: Şəhadət edirəm ki, Allah, birdir. Onun nə bənzəri, nə də bir uşağı vardır. İsa məsih, Onun quludur. Muhamməd, haqdır və sən də, həqiqətən möminlərin əmirisən.

Afşin b. Kavus'un mühakiməsi

Bu mühakiməni, ibn Cərir ət-Tabəri'nin tarixində bildirildiyi şəklilə nəql edirik. Bu mühakimə, İslam düşmənlərinin, İslama qarşı daşıdıqları pis niyyətləri təsvir etməkdədir. Bu mühakiməni, mötəzilənin yürütdüyünü bəyan edir; və dövlət idarəsində, "böyük idarəçi" mərtəbəsinə çatmış bir şəxsin kafirliyini necə gizlədiyini; davranışları ilə sezdirdiyi halda, dililə iqrar etmədiyini ortaya qoyur.

Bu mühakiməni danışmamışdan əvvəl, şərqdə, İslam diyarlarında fars iqtidarını istəyən iranlılarla; İslam dövləti içində, əvvəlki dinlərini diriltməyə çalışan bütpərəstlər arasında yayılan zındıqlıqdan bir az bəhs edək:

İslamın kökündən qazıdığı dövlətlərin qalıntılarından meydana gələn güclər, İslamın nurunu söndürmək üçün hərəkətə keçmiş; lakin əvvəlki hakimiyyətlərini qüvvət istifadə edərək, təkrar əldə edə bilmədikləri üçün, Müsəlmanların qəlbində, İslamın gücünü zəiflətməyə, əvvəlki dinləri təkrar dirildərək, Müsəlmanlar arasınsa yaymağa çalışmışlardır.

Farslar, xristiyanlıqla məcusiliyi, hətta bəzi hind fəlsəfəsinin də qarışığı olan "Manilik" məzhəbini yaymağa çalışmışlardır. Yenə bunlar, məcusliyi təşkil edən və güc istifadə etməyi tövsiyyə edən zərdüştlüyü yaymağa çalışmışlardır.

Yenə farslar, Deysan və Marqiyyun adlı şəxslərin fikirlərini yaymağa çalışmış və malların, qadınların şərik olması lazım gəldiyini; hər hansı bir şeyin, kimsəyə xüsusi olaraq təxsis edilə bilməyəcəyini iddia edən "Məzdək"in görüşlərinə dəvət etmişlərdir.

Beləcə, farslar, iranda yayılmaq surətilə, oranı təxrib edən bu məzhəb vasitəsilə, İslam dövlətini də təxrib etmək istəmişlərdir.

Xəlifə Məmun dövründə, Babək əl-Xürrəmi adlı bir şəxs ortaya çıxmış, Maniliyi yaymağa çalışmışdır. Məmun, Babəyə qarşı qılıncla; düşüncələrinə qarşı isə, fikrən mücadilə etmişdir. Bu münazirələri, Məmunun şəxsən özü etdiyi kimi; o, (bu işdə) gərək dövlət idarəsində nüfuzları olan Muhamməd b. Əbdü'l-Məlik əz-Zəyyad və Əhməd

b. əbi Duad kimi mötəzilənin iləri gələnlərilə, gərəksə də, dövlət idarəsində nüfuzu olmayan Bişr əl-Mutəmir, Cəfər b. Mübəşşir, Cahiz və bənzərlərilə yardımlaşmışdır.

Məmun, qardaşı Mötəsim'ə, özündən sonra Babək əl-Xürrəmi'yə tabe olanlarla döyüşməsini vəsiyyət etmişdir. Mötəsim də, qardaşının vəsiyyətini yerinə gətirmiş, ən iləri gələn komandirlərindən biri olan Afşin b. Kavus'u, Babəyin üzərinə göndərmiş, Afşin də, Babək ilə döyüşmüş və onu öldürmüşdür.

Lakin nə qəribədir ki, Babəyi öldürən Afşin də, mömin deyildi. (Zahirən) müsəlman görünür, özünün və Səmərqənd'lilərin əksəriyyətinin İslamdan əvvəlki dini olan bütpərəstlik etiqadını daşıyırdı. Afşin, Babəyə qarşı döyüşlərində zəfərə çatdıqdan sonra, özü də mühakimə edilmişdir.

Afşini, münazirə xüsusunda mütəxəssis olan, dəlilləri ortaya qoymaqda və güclü dəlillər tapmaqda usta olan mötəzilədən 2 nəfər mühakimə etmişdir.

İndi, Tabəri'nin tarixində zikr etdiyi şəklilə, bu mühakiməni görək:

Afşin, hüzura gətirildi. O vaxta qədər, o, ağır bir məhkum müamiləsi görməmişdi. Mühakimə yerinə, etdiklərindən dolayı Afşini qınamaları üçün gələn bəzi şəxslər də gətirilmiş, mövqe sahiblərindən heç kim unudulmamışdı.

Afşinlə, Muhamməd b. Əbdü'l-Məlik əz-Zəyyad münazirə etmişdi. Tabəristan alimi Mazyar, Mubəz; Səfəd krallarından biri olan Mərzuban Türkeş; və Səfəd xalqından 2 nəfər, Afşinin mühakiməsində hazır olanlardan idilər.

Əbdü'l-Məlik, Səfəd xalqından olan və üzərlərindəki paltarları köhnə və cırıq olan o 2 nəfəri çağırdı və onlara, "Sizə nə olub?" deyə soruşdu. Bunun üzərinə, o 2 nəfər, kürəklərini açdılar və ətlərinin döyülməkdən çürümüş olduğunu və sadəcə sümüklərinin qaldığını göstərdilər. Əbdü'l-Məlik, Afşindən, "Bunları tanıyırsanmı?" deyə soruşdu.

- Afşin: "Bəli, tanıyıram. Bu, imam; bu da, müəzzindir. Bunlar, 'Əşrusənə' deyilən yerdə, bir məscid düzəltmişdilər. Bunun üzərinə, mən də, onlara bir şallaq vurdum. Çünki Səfəd kralı ilə aramızda, hər kəsi, öz dinində sərbəst buraxacağımıza dair bir razılıq var idi. Bunlar isə, 'Əşrusənə' xalqının bütlərinin bir arada olduğu binaya zorla girmiş və bütləri çıxararaq, oranı məscid etmişdilər. Bu səbəblə, mən də, onların hər birinə bir şallaq vurdum. Bu cəzanı, (ibadət yerlərinə) zorla girmələrindən və xalqın razılaşmasına xələl gətirdiklərindən dolayı verdim."

- Muhamməd b. Əbdü'l-Məlik: "Yanında, içində Allahı inkar ifadələri olan; qızıl, mücəvhər və ipəklə bəzədiyin bu kitab, nədir?" deyə soruşdu.

- Afşin: "Bu, atamdan mənə miras qalan bir kitabdır. İçində, farslara aid ədəbiyyat, həm də sənin haqqında danışdığın inkar məsələləri mövcuddur. Mən, bu kitabdakı ədəbiyyata aid bölmələrdən faydalanır; digər qisimlərilə maraqlanmıram. Mən, bu kitabı, bu şəkildə, bəzəkli olaraq miras tapdım. Ehtiyacım olmadığı üçün də, onun bəzəklərini söküb götürmədim, olduğu kimi saxladım. Bu kitab, sənin evində olan Məzdəkin kitabına və 'Kəlilə və Dimnə' kitablarına bənzəməkdədir. Bunun, insanı dindən çıxaracağını zənn etmirdim." deyə cavab verdi.

- Daha sonra, Mubəz iləri çıxaraq, belə dedi: "Bu adam, boğulan heyvanları yeyir və məni də yeməyə məcbur edirdi. Boğulan heyvanların ətinin, kəsilən heyvanların ətindən daha dadlı olduğunu iddia edirdi. Bu adam, bununla bərabər, hər çərşəmbə günü, qara bir qoyun öldürür; onu, qılıncı ilə 2 parçaya bölür; parçalarının arasından yeriyərək keçir; daha sonra onun ətini yeyirdi.

Bu adam (yəni Afşin), bir gün mənə, belə dedi:

'Mən, bu millətin (ərəblərin) içinə girdim və sevmədiyim hər şeyi etmək məcburiyyətində qaldım. Bunlardan dolayı, zeytun yağı yedim; dəvəyə mindim və şəpit geyindim. Lakin bu vaxta qədər, məndən, heç bir tük düşmədi (yəni övrət yerimin və digər yerlərin artıq tüklərini, heç təmizləmədim)."

- Afşin: "Mənə deyin görək, bunları danışan şəxs, dinən özünə güvənilən şəxsdirmi?" (Həmin vaxt, Mubəz, hələ müsəlman olmamışdı. Xəlifə Mütəvəkkil dövründə İslama girmişdi.)

- Orda olanlar: "Xeyr." dedilər.

- Bunun üzərinə Afşin: "Özünə güvənmədiyiniz və ədalətli qəbul etmədiyiniz bir şəxsin şahidliyini qəbul etməyinizin mənası, nədir?" deyə soruşdu və Mubəzə tərəf çevrilərək, ona bunları dedi: "Mənim evimlə sənin evinin arasında, hər hansı bir qapı və ya pəncərəmi var ki, ordan məni güdür və etdiklərimi bilirsən?"

- Mubəz: "Xeyr " deyə cavab verdi.

- Afşin: "Əgər sənə, gizli olaraq danışdığım sirlərimdən birini açıqlasan, o təqdirdə sən, dininə güvənilməyən, sözündə durmayan biri olarsan." dedi.

Bunun üzərinə, Mubəz geri çəkildi. Mərzuban b. Türkeş iləri çıxdı.

Orda olanlar, Afşindən: "Bunu tanıyırsanmı?" deyə soruşdular.

- Afşin: "Xeyr." deyə cavab verdi.

- Bunun üzərinə, Mərzuban'dan: "Bəs sən bunu tanıyırsanmı?" deyə soruşdular.

- O da: "Bəli. Bu, Afşindir." dedi.

- Sonra ordakılar, Afşinə: "Bu, Mərzubandır." dedilər.

- Mərzuban, (Afşinə): "Ey yalançı! Sən, necə özünü müdafiə edir və bəzi hilələrə baş vurursan?"

- Afşin: "Nə deyirsən, ey uzun saqqallı?"

- Mərzuban: "Sənin diyarının xalqı, sənə yazdıqları yazılarda, sənə necə xitab edirlər?"

- Afşin: "Atama və babama xitab etdikləri şəkildə yazırlar."

- Mərzuban: "O halda, necə yazdıqlarını söylə."

- Afşin: "Xeyr. Deyə bilmərəm."

- Mərzuban: "Onlar sənə, Əşrusənə dililə belə, belə yazmırdılarmı?"

- Afşin: "Bəli." dedi.

- Mərzuban: "Bunların mənası, 'Qul olan filankəs oğlu filankəsdən ilaha...' demək deyildirmi?"

- Afşin: "Bəli, elədir." dedi.

- Muhamməd b. Əbdü'l-Məlik: "Heç müsəlmanlar özlərinə belə bir sözün deyilməsinə razı olarlarmı? Elə isə, sənin, 'Mən, sizin, uca Rəbbinizəm.' (Naziat/24) deyən firondan nə fərqin qaldı?" deyə soruşdu.

- Afşin: "Bu, babama, atama və İslama girmədən əvvəl xalqın mənə qarşı bir davranış şəkli idi. Mənə itaətdən ayrılmamaları üçün, özümü onlardan aşağı görmək istəmədim."

- Bunun üzərinə, orda hazır olanlardan biri olan İshaq b. İbrahim b. Musab, Afşinə belə dedi:

"Ey Heydər! Sən, fironun iddia etdiyi şeyləri iddia etdiyin halda, necə olur ki, Allaha and içirsən, biz də sənə inanarıq, andını qəbul edə bilərik və səninlə müsəlman kimi davranarıq?"

Daha sonra, Tabəristan əmiri Mazyar iləri çıxdı.

- Orda olanlar, Afşindən: "Bunu tanıyırsanmı?" deyə soruşdular.

- Afşin: "Xeyr." deyə cavab verdi.

- Bu dəfə, Mazyardan: "Sən, bunu tanıyırsanmı?" deyə soruşdular.

- Mazyar: "Bəli, tanıyıram. Bu, Afşindir." dedi.

- Orda olanlar, Afşinə: "Bu, Mazyardır." dedilər.

- Afşin: "İndi onu tanıdım." dedi.

- Afşindən: "Heç onunla yazışdınmı?" deyə soruşdular.

- Afşin: "Xeyr." deyə cavab verdi.

- Onlar, Mazyara tərəf dönərək: "Afşin sənə hər hansı bir şey yazıbmı?" deyə soruşdular.

- Mazyar: "Bəli. Bunun qardaşı Haşin, mənim qardaşım Kuhiyara, bunları yazmışdı:

'Şübhəsiz ki, bu aydın dinə, sənin atandan və Babəkdən başqası kömək etmirdi. Babək, axmaqlığından, öz-özünü öldürtdü. Öldürülməsinə əngəl olmaq üçün, əlimdən gələn hər şeyi etdim. Lakin axmaqlığı, onu, düşdüyü nəticəyə sürüklədi. Əgər sən, bu işə qarşı çıxarsansa, insanların, sənin üzərinə göndərəcəkləri, məndən başqa hər hansı bir kimsə yoxdur. Mənimlə bərabər isə, süvarilər və cəngavərlər vardır. Əgər səninlə birləşsək, bizimlə, türklər, məğriblilər və ərəblərdən başqa döyüşəcək başqa kimsə yoxdur. Bir ərəb, bir it kimidir. Qarşısına bir parça çörək at, sonra başını dəmir toppuzla əz. Bu milçək məğriblilər isə, başları yeyiləcək adamlardır. Şeytanın uşaqları olan türklərə gəlincə, bir saat içərisində, oxları tükənər. Sonra süvarilər, onlara bir həmlə edər və köklərini kəsər. Beləcə din, farsların dini olar."

- Bunun üzərinə, Afşin, belə dedi:

"Bu adamın, öz qardaşı ilə mənim qardaşıma isnad etdiyi hadisə ilə, mənim uzaq və yaxından heç bir əlaqəm yoxdur. Qaldı ki, mən, bu məktubu, onu özümə çəkmək və güvəndirmək üçün yazmış olsaydım, pis bir iş etmiş olmazdım. Çünki xəlifəyə güc ilə kömək etdiyim kimi; taktika və hilə ilə də kömək etmək, çox yerindədir. Bu yolla, onun başını kəsər, xəlifəyə gətirər və böyük bir mükafat əldə edərdim. Necə ki, xəlifənin nəzdində, Abdullah b. Tahir, belə bir mükafat qazanmışdır."

Bundan sonra, Mazyar geri çəkildi. Afşinin, Mərzuban b. Türkeşə söylədikləri və İshaq b. İbrahimin də danışdıqları bitincə, ibn əbi Duad, Afşini azarladı. Bunun üzərinə, Afşin, ibn əbu Duada belə dedi:

"Ey əbu Abdullah! Sən, elə bir adamsan ki, boyun bağını açır, onu təkrar boynuna bağlayıncaya qədər, bir topluluğu yox edirsən."

- ibn əbu Duad (Afşinə): "Sən, sünnət oldun?"

- Afşin: "Xeyr." dedi.

- ibn əbu Duad: "Bunu etməyinə əngəl nədir? Halbuki insanın müsəlmanlığı, bununla tamamlanır."

- Afşin: "İslam dinində, təqiyyə yoxdurmu?"

- ibn əbu Duad: "Bəli, vardır."

- Afşin: "Qorxdum ki, vücudumdakı bu orqanın ucunu kəssəm, ölərəm."

- ibn əbu Duad: "Sən, döyüşlərdə oxlar atır və qılınc qaldırırsan. Bu hal, səni hərbdən geri qoymadığı halda, kiçik bir dəri parçasını qoparmaqdanmı çəkinirsən?"

- Afşin: "Döyüş, məni məcbur edən bir haldır. Ortaya çıxdığı vaxt, ona dözürəm. Bu məsələ isə, öz-özümə edəcəyim bir şeydir. Bununla bərabər, sünnət etdirsəm, canımın təhlükəsizlik içində olacağına güvənə bilmirəm. Sünnət olmamağın, insanı İslamda çıxaracağını da, indiyə qədər bilmirdim."

- ibn əbu Duad: "Artıq, Afşinin halı başa düşüldü." dedi və həbs olunmasını istədi. (bax: Təbəri tarixi, 9-cu cild, s. 107-111, Dar əl-Maarif nəşri)

Bax bu, Afşinin mühakiməsi və münazirələridir. Bu mühakimə, mötəziləyə mənsub olanların, azğınlıq və zindiqliklə ittiham edilənlərin qarşısında necə durduqlarını göstərir. Və cərəyan etdiyi dövrün halını təsvir edir. Elə ki, bəzi topluluqlar, özlərini İslama girmiş kimi göstərirlər və içlərində isə, başqa bir din gizləmişlərdir.

Əgər Afşinə ünvanlanan ittihamlar, doğrudursa, bu, qəlbləri xarab olanların, komandirlik mərtəbəsinə qədər çatdıqlarını göstərməkdədir. Və bu mühakimə, bizləri, Afşin haqqında, bu 3 nəticəyə götürməkdədir:

1. Bu, bir həqiqətdir ki, Afşinin qəlbinə iman girməmişdir. O, döyüşçü və qorxmaz əsgər idi. Allaha iman etmədiyi kimi, bütlərə də iman etmirdi. Onun tək məqsədi, dövlətdə ən yüksək mərtəbələrə çatmaq idi. Bax, bu səbəblədir ki, Afşin, Babək əl-Xürrəmi ilə döyüşmə təklifini heç tərəddüd etmədən qəbul etmiş və onu ödürmüşdür. Beləcə, xəlifə nəzdində etibar qazanmaq istəmişdir.

2. Afşinin, Babək əl-Xürrəmi'yə qarşı göstərdiyi davranış, Babəkin qalib gəlməsini arzu edənləri qəzəbləndirmiş və onların, Afşini xəbər vermələrinə və ələ vermələrinə səbəb olmuşdur. Mühakimədə hazır olan bütün şahidlərin, bütpərəst olmaları, bizləri bu nəticəyə gətirmişdir. Çünki insanın ağlına belə bir sual gəlməkdədir:

"Niyə görünüşdə müsəlman olan Afşinin əleyhinə şahidlik etmək üçün, dinləri İslama müxalif olan insanlar seçilmişdir?"

3. Mühakimədən çıxardığımız üçüncü nəticə də, budur:

Afşinin, ərəblərə qarşı böyük bir kini vardı. Və çox sərt, çox mərhəmətsiz və çox despot bir adam idi. Əgər belə olmasaydı, imama və müəzzinə, ancaq iman və insanlıqdan nəsibi olmayan birinin edə biləcəyi bu ağır işgəncəni verməzdi.

------------------------------------------------------------------------------------------------

b. Mötəzilənin, Fəqih və Mühəddislərlə (Quranın məxluq olub-olmaması məsələsindəki) münazirələri

Quranın məxluq olub-olmaması məsələsi, mötəzilənin tarixilə paralel getməkdədir. Mötəzilə haqqında danışıldığında, ağla ilk gələn, budur. Çünki Abbasilər dövründə bu məsələni onlar ortaya atmış və Abbasi xəlifəsi, bunların görüşünə söykənərək, fəqih və mühəddisləri, Quranın məxluq olduğunu söyləməyə məcbur etmiş və bu alimlərin bir qisminin başına bir çox müsibətlər gəlmişdir.

Quranın məxluq olub-olmaması məsələsi, 3 Abbasi xəlifəsi: Mə'mun; Mötəsim və Vasiq dövrlərində, bütün insanların zehnlərini məşğul etmiş və düşüncələrin toqquşmasına, etiqad azadlığının yox edilməsinə səbəb olmuşdur.

Yenə bu məsələdən dolayı, bu mövzu haqqında görüş bəyan etməkdən çəkinənlər və dini nass'ların sərhədlərini aşmaq istəməyənlər, böyük işgəncələr görmüşlərdir. Bunların, heç bir günahı yox idi. İşgəncə görmələrinin tək səbəbi, fərqli düşüncələr və fikri yanılmalar içində, doğru yoldan azacaqlarından qorxaraq, özlərini, Allah Taalanın kitabına və Rəsulunun sünnətinə vermələri idi.

Quranın məxluq olub-olmaması məsələsi, yuxarıda bəhs edilən 3 xəlifə dövrlərindən daha əvvəl də mövcud idi. Quranın məxluq olduğunu, Ca'd b. Dirhəm söyləmişdi. Və bu sözündən dolayı, Kufə valisi Xalid b. Abdullah əl-Qasri onu öldürmüşdü.

Yenə bu sözü, Cehm b. Safvan da söyləmişdi. Bu adam, Cəbriyyə məzhəbi haqqında danışarkən izah etdiyimiz kimi; Allahın "kəlam" sifətini inkar edirdi. Cəbriyyə'nin etiqadına görə, "kəlam" sifətinin inkar edilmə səbəbi, Allahı, məxluqlara bənzəməkdən uzaqlaşdırmaqdır. Bax, eyni bu səbəblə, Quranın, Allah tərəfindən yaradıldığı və "qədim" olmadığı məsələsi ortaya çıxmışdır.

Daha sonra, mötəzilə ortaya çıxdı. Quranda zikr edilən Allah Taala'nın "sübuti sifətləri"ni bütünü ilə rədd etdilər. Quranda zikr edilən "sübuti sifətlər"in, şəxsən, Allahın zatının isimləri olduğunu və Allahın sifətləri olmadığını iddia etdilər. Bu sifətlər, "həyat, elm, görmək, eşitmək, iradə, qüdrət, kəlam və təkvin" sifətləridir.

Mötəzilə, Allahın kəlam sifətini də inkar etdikləri üçün, Allahın danışdığını qətiyyətlə rədd etdilər.

"Allah, Musa ilə danışdı." (Nisa/164) ayətində bəyan edildiyi kimi; Quranda, Allaha danışmaq isnad edən ayəti də, belə izah etdilər:

"Allah Taala, hər şeyi yaratdığı kimi; danışmağı da ağacın içində yaratdı və ağac danışdı."

Mötəzilə, "kəlam", Allah tərəfindən yaradılmışdır; "Quran, Allahın məxluqudur." sözlərini də, bu əsasa istinad etmişlər və Abbasilər dövründə, Quranın məxluq olub-olmadığı məsələsində, münazirələrə girmişlərdir. Bir qisim fiqh alimləri də, bunlara qatılmışlardır. Məsələn, Bişr b. Ğiyas əl-Mərisi, Misir fəqihləri arasında böyük bir mövqeyi olmasına baxmayaraq, Quranın məxluq olduğunu söyləmişdir. Bu şəxsin şeyxi və imam əbu Hənifə'nin tələbəsi olan imam əbu Yusuf, Bişr'ə, bu iddiasından dönməyi təlkin etmiş, lakin Bişr, öz görüşündən dönməmişdir və əbu Yusuf, onu, bu səbəbdən, məclisindən qovmuşdur.

Quranın məxluq olub-olmadığı haqqındakı mübahisələr, Harun ər-Rəşid dövründə başlamışdır. Harun ər-Rəşid, etiqad mövzularında münazirə etməyi və filosofların görüşləri altında münaqişəyə təşviq edən bir şəxs deyildi. Əksinə, onun, etiqadi məsələlərdə mübahisə edənləri həbs etdiyi, mötəzilənin də bunlardan olduğu rəvayət edilməkdədir. Bu səbəblə, Harun ər-Rəşid, Quranın məxluq olub-olmadığı haqqındakı söhbətləri təşviq etməmişdir. Özünə, Bişr b. Ğiyas əl-Mərisi'nin, Quran haqqındakı sözləri çatınca, belə demişdir:

"Əgər Allah, onu mənim əlimə keçirsə, and olsun ki, onu öldürərəm."

Bu səbəbdən, Bişr, Harun ər-Rəşid dövrü boyunca gizlənmişdir.

Məmun iqtidara gəlincə, mötəzilə onun ətrafında toplanmış; Məmun, ən əhəmiyyətli adamlarını bunlardan seçmiş və ən böyük ehsanlarını da, bunlara etmişdir. Elə ki, Məmunun yanına, mötəzilədən olan əbu Hişam əl-Futi gəlincə, Məmun onu təqdir etdiyindən, ayağa belə qalxarmış. Halbuki Məmun, başqa heç bir şəxsə belə davranmazdı. Bunun səbəbi, Məmunun, mötəzilə imamlarından olan əbu'l-Huzeyl əl-Allaf'ın, "Dinlər və məzhəblər tarixi"ndə, onun tələbələrindən olmasıdır. Məmun, bu tələbəliyi və xəlifəliyi boyunca elmlə məşğul olması ilə, mötəzilədən sayılmışdır.

Məmun, dinlər və məzhəblər tarixi mövzularında münazirə məclisləri təşkil edərdi. Bu yarışmanın və bu sahənin ən iləridə olan adamları, mötəzilələr idi. Çünki bunlar, əqli elmləri çox oxuyurdular. Mötəzilələr, Məmunun yanında etibar gördüklərini başa düşmüşdülər. Məmunun, xüsusilə iləri gələn adamlarını bunlardan seçməsi, mötəziləyə daha çox güc qazandırmışdı. Hətta Məmun, vəfatı əsnasında, qardaşı Mötəsimə, Əhməd b. əbi Duad'ı tövsiyyə edərək, ona bunları demişdi:

"Əbu Abdullah Əhməd b. əbi Duad, səndən ayrılmasın. Onunla, hər işində istişarə et. Çünki o, bu işə layiq bir kimsədir.".

Məmun ilə mötəzilə arasındakı fikri bərabərlik; və Məmunun, xüsusi və ümumi işlərində bunları özünə yaxınlaşdırması, mötəzilənin, Məmuna, Quranın məxluq olduğunu açıqca elan etdirmələrinə səbəb olmuşdur.

Məmun, hicri 212 tarixində, Quranın məxluq olduğunu elan etmiş; bu xüsusda, məclisində olanlarla münazirələr etmiş və dəlillərini iləri sürmüşdür. Bununla bərabər, o, insanları, inanc və görüşlərində sərbəst buraxmış və onları, mənimsəmədikləri bir görüşə, münazirə etmək istəmədikləri bir düşüncəyə məcbur etməmişdir. Təəssüf ki, onun ölüm ili olan hicri 218 tarixində, mötəzilənin təşviqləri nəticəsində, insanları zorla Quranın məxluq olduğu inancını mənimsəməyə məcbur etmiş, hətta bu xüsusda, qüvvətə baş vurmuşdur.

Məmun, buna, Raqqa şəhərində olduğu vaxtda, Bağdad'dakı köməkçisi İshaq b. İbrahimə məktublar göndərərək, fiqh və hədis alimlərini imtahan etdirib Quranın məxluq olduğunu zorla söylətməklə başlamışdır.

O, bu işə, ilk əvvəl, dövlətdə vəzifəli olanları və ya idarəçilərlə münasibəti olanları, məhkəmələrdə şahidlik edənləri məcbur etməklə başladı. Məmunun, İshaq b. İbrahimə göndərdiyi birinci məktubun son bölməsində, bunlar deyilməkdədir:

"Ətrafında olan qadıları topla, möminlərin əmiri (yəni mənim) məktubumu, onlara oxu. İlk əvvəl, onları imtahan et. Quranın məxluq olduğu və sonradan yaradıldığı xüsusundakı inancları ortaya çıxar və onlara de ki:

Möminlərin əmiri, dininə, tövhiddəki səmimiyyətinə və qəti etiqadına güvənmədiyi kimsələrlə, gördüyü işlərdə köməkləşməyəcək və xalqının işlərini əmanət etdiyi bu kimi şəxslərə artıq güvənməyəcəkdir. Onlar, bu inancı qəbullanar; möminlərin əmirinin görüşünə qatılar; və hidayət və qurtuluş yolunda olarlarsa, onlara əmr et, insanlara şahidlik üçün, özlərinə gələn şahidləri çox yaxşı tədqiq edib, Quran haqqındakı biliklərini soruşsunlar və Quranın məxluq olduğunu, sonradan meydana gətirildiyini qəbul etməyən və bu görüşü mənimsəməyənin şahidliyini qəbul etməsinlər və bunların şahidlik etdikləri hadisələrin altına imza atmasınlar. Möminlərin əmirinə, təyin etdiyin hakimlərdən gələn bu xüsusdakı bilikləri və onlara bu xüsusda əmrlər verdiyini yaz. Sonra işi, şəxsən özün idarə et. Onları izlə ki, Allah Taalanın göndərdiyi hökmlər, dində bəsirət sahibi olanların və tövhiddə ixlaslı olanların şahidliklərilə tətbiq edilmiş olsun." (Tabəri tarixi, 8-ci cild, s. 633-634, Daru'l-Maarif nəşri, Qahirə)

Bu məktubdan başa düşülür ki, Məmun, bu sözü söyləməyəni dövlət vəzifəsindən məhrum etmə; şahiddirsə, şahidliyini qəbul etməmək cəzasından başqa bir cəza ilə cəzalandırmamaqdadır.

Məmun, ikinci məktubunda, dövlət idarəsində vəzifəsi olan və bunlarla münasibəti olanlara əlavə olaraq, fəqih və mühəddislərin, fətva, təhsil və irşad məqamında olan hər kəsin sorğu-suala çəkilməsini, Quranın məxluq olub-olmadığı haqqındakı cavablarının, özünə göndərilməsini əmr etmişdir. İshaq b. İbrahim, bunları sorğu-suala çəkdikdən sonra, cavablarını Məmuna göndərirdi. Əksəriyyət, bu məsələ haqqında qəti qərar verməməyi və susmağı tərcih edirdi.

Məmun, yazdığı üçüncü məktubunda isə, sərt davranmışdır. Quranın məxluq olub-olmadığı haqqında (cavab verməkdən) çəkinənləri, həqir görür, onları tənqid edir və haqlarında ağır sözlər söyləyirdi. O, bununla da kifayətlənmədi, Quranın məxluq olduğunu söyləməyənlərə ağır cəzalar qoydu.

Üçüncü məktubda, bunlar deyilməkdədir:

"Məktubunda, əmirə'l-möminin'ə adlarını yazdığın və əmirə'l-möminin'in bu məktubunda sənə zikr etdiyi, yaxud da zikr etmək istəmədiyi şəxslərdən, Allaha şərik qoşmaqdan vaz keçməyənləri, əllərini-qollarını bağlayaraq əmirə'l-möminin'in ordusuna göndər. Bunlarla bərabər, özlərini yollarda qoruyacaq və əmirə'l-möminin'in ordusuna varıncaya qədər, onlara bələdçilik edəcək mühafizəçilər göndər. Mühafizəçilər, bunları, güvənilən şəxslərə təslim etsinlər. Beləcə, möminlərin əmiri, bunlara nəsihət etsin. Əgər görüşlərindən dönməsələr və tövbə etməsələr, inşallah, bunların hamısını qılıncdan keçirəcəkdir. Qüvvət, ancaq Allaha məxsusdur." (Tabəri tarixi, 8-ci cild, s. 642-644)

Bu məktubdan da başa düşülür ki, Məmun, dövlət vəzifələrindən məhrum etmə cəzasını ağırlaşdıraraq, edam təhdidləri saçmaqdadır.

İshaq b. İbrahim, düşünmədən, dərhal Məmunun əmrini tətbiq etməyə başladı. Fəqih və mühəddisləri, müftiləri topladı, onları, özlərindən istədiyini iqrar etməz, söyləmək istədiyini söyləməzlərsə, ağır bir cəza verəcəyini, çəkinmədən Məmunun rəva gördüyü hökmü yerinə yetirəcəyini və ağır cəzalar verəcəyini bildirdi. Bunun üzərinə, alimlər, onun istədiyi kimi danışdılar və o məzhəbi qəbullandıqlarını söylədilər.

Ancaq Allah Taala, 4 şəxsin qəlbini qüvvətləndirdi və onlara cəsarət verdi. Haqlarında, Allahın əmr və hökmlərinə söykəndilər, cəsarətlə, sözlərində israr etdilər. Bunlar:

1. Əhməd b. Hənbəl;

2. Muhamməd b. Nuh;

3. əl-Qavariri; və

4. Səccadə

idi. Bu şəxslər, kəndirlərlə bağlandılar və zəncirlərə vuruldular, ilk gecəni, zəncirə bağlı olaraq keçirdilər. Ertəsi sabah, Səccadə, Quranın məxluq olduğunu qəbul etdi. Onun zəncirlərini açdılar və sərbəst buraxdılar. Digərləri isə, eyni hallarında davam etdilər.

İkinci gün, suallar təkrar edildi. Qavariri'nin iradəsi zəiflədi. Quranın məxluq olduğunu qəbul etdi. Bunun üzərinə, onun da zəncirləri açıldı. Geriyə 2 şəxs qaldı. Onların üçüncüsü isə, Allah idi. Bu 2 şəxs, Tarsus'da, Məmunun hüzuruna çıxmaq üzərə, zəncirlərə bağlı olaraq göndərildilər. Muhamməd b. Nuh, yolda şəhid oldu. İshaq b. Əhməd, Quranı məxluq olaraq qəbul edənlərin sərbəstcə Məmunun hüzuruna çıxmalarını istədi. Bunlar, Tarsusa gedib Məmunun hüzuruna çıxacaqlarına dair kəfil olacaq şəxslər buraxdılar. Yolda gedərkən, Məmunun ölüm xəbərini eşitdilər. Lakin Məmun, dünyanı, qardaşı Mötəsimə bir vəsiyyət qoymadan tərk etmədi. Vəsiyyətində, qardaşına, Quran haqqındakı görüşlərinə möhkəm sarılmalarını, insanları zorla buna dəvət etməsini tənbih etdi.

Məmun, bu düşüncənin, özünə tabe olunması lazım gələn dini bir hökm olduğunu; buna dəvət edilməyib, insanlar bunu qəbula məcbur edilmədikcə, məsuliyyətdən qurtula bilinməyəcək dini bir mükəlləfiyyət olduğunu zənn edirdi.

Vəsiyyətində, bunlar var idi:

"Ey əbu İshaq! Mənə yaxınlaş, istədiyin kimi nəsihət et. Quranın məxluq olması məsələsində, qardaşının yolunu izlə."

Bax bu vəsiyyət səbəbilə, Məmunun ölümündən sonra, fitnə-fısad bitməmiş, əksinə, daha da genişlənmiş, fitnənin meydana gətirdiyi qarışıqlıq və sızlanmalar artmış və bu məsələ, təqva sahibi, alim, fəqih və hədis alimləri və fətva məqamında olanlar üçün dönüb-dolaşan bir bəla halına gəlmişdi.

Əhməd b. Hənbəl, bu bəlanın içində qalmağa davam etdi. Vücudu, qamçılarla yara içində qoyuldu. Buna baxmayaraq, O, müsibətlərə sinə gərdi, heç bir zaman öz etiqadından dönmədi. 18 ay həbsdə qaldı. Boyun əyməyəcəyindən və istəklərini qəbul etməyəcəyindən ümidlərini kəsdilər. Nəhayət, onu azad etdilər.

Əhməd b. Hənbəl, təkrar, fətva məqamına və hədis şeyxliyinə geri qayıtdı. Mötəsim ölüncəyə qədər, eyni vəzifəyə davam etdi.

Vasiq iqtidara gəlincə, eynilə bu xüsusda, atasının izində addımladı. Görüşünə qatılmayanlara, böyük işgəncələr verdi. Lakin Vasiq, imam Əhmədə, daha çox işgəncə verməyi münasib görmədi, Onu, sürgün etdi. Fətva verməsinə mane oldu və ona, bunları yazdı:

"Kimsə ilə görüşməyəcəksən. Mənim olduğum şəhərdə qalmayacaqsan."

Bundan sonra, imam Əhməd, gizli olaraq yaşadı. Namaza belə çıxmırdı. Nəhayət, bu halda ikən vəfat etdi.

Vasiq dövründəki zülm, sadəcə imam Əhmədə edilməmiş, başqaları da bundan qurtula bilməmişlərdir. Digər şəhərlərdə olan alimlər, Bağdada göndərilir, bu məsələdə sorğu-suala çəkilir və qəlblərindəki inanclarını açıqlamağa məcbur edilirdilər. Bunlardan biri də, imam Şafinin dostu, Misirli fəqih, Yusuf b. Yəhya əl-Buveyti idi. Bu şəxs, Quranın məxluq olduğunu söyləməyə dəvət edildi. Lakin o, bunu söyləməyincə, zəncirə vuruldu və mükafatını Rəbbindən gözləyərək, zəncirlər arasında ruhunu Haqqa təslim etdi.

Yenə bu alimlərdən biri də, Nuaym b. Hammad idi. Bu şəxs, əli-qolu bağlı olaraq, Vasiqin zindanlarında can verdi.

Yenə bu alimlərdən biri də, Əhməd b. Nasr əl-Xuzai idi. Vasiq, bu şəxsi, öz görüşlərini mənimsəmədiyi üçün, öldürdü və asdı. Mötəzilədən olan Sumamə b. Əşrəs'in, Əhmədi, Vasiqə şikayət etdiyi və Vasiqin də, sonunda Əhmədi öldürdüyünə peşman olduğu və Sumamə'yə və onun öldürülməsinə təşviq edən hər kəsə etiraz etdiyi rəvayət edilməkdədir.

Alimlər, haqqın səsini boğan kor fitnələrdə, mərhəmət sədasını susduran bu şiddətli bəla içində, illərcə yaşadılar. Bu məsələyə dalmamaq, böyük bir xəta sayılır; hər hansı bir Müsəlman bu xüsusda məzur (üzrlü) görülmür; bir mömin, keçmişdəki yaxşılıqlarından və ya gözəl əxlaqından yaxud da gözəl davranışlarından və insanların, özünə hörmət etməsindən dolayı da bağışlanmırlardı. Müsibətlər getdikcə artdı, fitnə-fəsad davam etdi. Elə ki, insanlar, bu haldan bezdilər. Hətta bu düşüncəni müdafiə edənlər belə, bu işdən bezdilər. Bəzi insanlar yanında bu məsələ, artıq lağ-lağı mövzusu edildi.

Zarafatcıllığı ilə məşhur Ubadə adında bir şəxsin, bir gün, xəlifə Vasiq'in hüzuruna gələrək, onunla bunları danışdığı rəvayət edilir:

- Ubadə: "Quran xüsusunda, Allah, sənə böyük bir mükafat versin." (Bu söz, ərəblərdə, "Başın sağ olsun." mənasındadır.)

- Vasiq: "Veyl olsun, sənə! Heç Quran ölərmi?"

- Ubadə: "Ey möminlərin əmiri! Hər məxluq, ölməyə məhkumdur. Vallahi, ey əmir! Quran öldükdən sonra, insanlara təravihi kim qıldıracaq?"

- Vasiq: "(Gülərək) Allah səni qəhr etsin, bəsdir, sus."

Muhamməd Kəmaləddin əd-Dəmiri, "Hayatu'l-Hayavan" adlı kitabında, belə deyir:

"Vasiq, həyatının sonlarına doğru, Quranın məxluq olduğu görüşünə qatılmayanlara işgəncə etməkdən dönmüşdür. Bunun səbəbi isə, bir gün işgəncə görənlərdən yaşlı bir şeyx, Vasiqin hüzuruna çıxdı və mühakimə işinə nəzarət edən Əhməd b. əbi Duad'a bunları dedi:

"Sən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, əbu Bəkrin, Ömərin, Osmanın və Əlinin dəvət etmədikləri bir şeyə insanları dəvət edirsən. Sən:

~ ya, 'Onlar, bunu bilirdilər.'

~ yaxud da, 'Onlar, bu məsələni bilmirdilər.'

demək məcburiyyətindəsən.

Əgər desən ki, 'Onlar, bu məsələni bilmirdilər, lakin mən bildim.'

Ey axmaq oğlu axmaq! Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in və rəşidi xəlifələrin bilmədiyi bir şeyi sənmi biləcəksən?"

Vasiq, bu sözləri eşidincə yerindən qalxdı və yaşlı şeyxin bu sözlərini təkrarlamağa başladı...İxtiyarı bağışladı. Və oğlu Muhtədi'nin dediyi kimi, israrla elədiyi bu davranışından döndü.

-------------------------------------------

Bu məsələ haqqındakı əsl ixtilaf nöqtəsi:

Bu məsələ haqqındakı ixtilafda, bir tərəf mötəzilə, digər tərəf isə, fəqih və mühəddislər idi. İxtilafın şiddətli dalğaları, bizlərə, mövzunu və mövzudakı ixtilaf nöqtəsini unutdurmamalıdır.

Bəlkə də, imam Əhmədin görüşü, fəqih və mühəddislərin görüşü ilə birləşməkdə və onların görüşünü də bizə əks etdirməkdədir. Bu səbəblə, imam Əhmədin görüşünü izah etmək, fəqih və mühəddislərin görüşlərini izah etmək demək olacaqdır.

İmam Əhmədin görüşünü və mötəzilənin bu məsələ haqqındakı qatı fikri tərəfkeşliklərini izaha girmədən əvvəl, bunu yaxşı bilməliyik ki, imam Əhməd'in də içində yer aldığı görüşlərinə etibar edilən alimlər:

a. Quranı oxumağın hadis olduğu (sonradan yaradıldığı), Quranın hərflərini tələffüz etməyin hadis olduğu haqqında, ittifaq etmişlərdir.

b. Quranda, yazılarla şəkilləndirilmiş hərflərin hadis olduğunda, heç bir şübhə olmadığı xüsusunda da ittifaq etmişlərdir.

Bu alimlər, Qurana, 2 cəhətdən baxılacağını söyləmişlərdir:

1. Bu nöqtədən hərəkət edilərsə, Quranın qaynağına baxış bucağı, Quranın qaynağının, Allah Taala olduğunu; Allah Taalanın kəlam sifətinin varlığı və Quranın, Onun kəlamı olduğu ortaya çıxır.

2. Qurandakı hərflərə və hərflərdən meydana gələn kəlimələrə, kəlimə və cümlələrdən anlaşılan mənalara baxış bucağıdır.

Bax, ixtilafın əsas nöqtəsi, bu son 2 baxış bucağıdır.

Birinci nəzər nöqtəsi cəhətindən, mötəzilə, Allah Taalanın kəlam sifətinin olmadığını, çünki belə bir sifətin, ancaq, məxluqlarda ola biləcəyini iddia etmişlərdir. Quranda Allah Taalaya "kəlam" isnad edilən hər ayəti isə, "Allah Taala, kəlamı, danışılan yerdə yaratdı." şəklində təvil etmişlərdir. Məsələn, Allah Taalanın Musa ilə danışmasını, "Allah Taala, kəlamı, ağacda yaratdı." şəklində təvil etmişlərdir.

Mötəzilədən olmayan fəqih və mühəddislər isə, Allah Taalanın kəlam sifətinin mövcud olduğunu, bu səbəblə, Quranın Allah kəlamı olduğu, dolayısı ilə, Quranın, digər məxluqlar kimi məxluq olmadığı görüşünü mənimsəmişlərdir. ("Quran, məxluqdur, ancaq başqa məxluqlar kimi məxluqdur." mənası anlaşılmamalıdır. Diqqət et!")

İkinci baxış tərzinə görə isə, bu da, Quranda oxunan hərflərə və hərflərdən başa düşülən mənalara baxış tərzi idi. Mötəzilə, özlərinə xas metodlarla hərəkət edərək, oxunan hərflərin və başa düşülən mənaların, Allah tərəfindən yaradılan şeylər (məxluq) olduğunu söyləmişlərdir.

İmam Əhməd və əhl-i sünnətdən onun görüşünü mənimsəyənlər, Quranın hərf və mənalarının, Allah Taala tərəfindən yaradılan bir məxluq olmadığını, çünki bunlar, Allah Taalanın kəlam sifətinin xarici bir təzahürü olduğunu söyləmişlərdir.

O halda, "Quranın hərf və mənaları, "qədim" (başlanğıcı olmayan) dırmı?"

Bu sual haqqında, imam Əhməd, daha əvvəllər, hər hansı bir cavab vermir, susmağı tərcih edirdi. Daha sonra isə, açıqca görüşünü bəyan edərək, bunları dediyi rəvayət edilmişdir:

"Kim Quranın məxluq olduğunu zənn edərsə, cəhmi'dir. Kim də 'məxluq deyildir' deyərsə, o da, bidətçidir."

Bəli, imam Əhməd, bu məsələyə girişməyin bidət olduğu görüşündədir. Lakin fitnə-fəsad hər tərəfə yayılınca, açıqca, öz görüşünü bildirmişdir. Quranın ləfz və mənalarının məxluq olmadığını söyləmişdir. İmam Əhməd, Mütəvəkkil adlı xəlifəyə yazdığı məktubunda, bu görüşünü açıqlamışdır. Məktubda, bunlar zikr edilməkdədir:

"Bir çoxları, sələfimizdən, 'Quranın Allah kəlamı olduğunu və məxluq olmadığını' söylədiklərini rəvayət etmişlərdir. Mən də bu görüşə qatılıram. Bu məsələ haqqında, Allah rəsulunun sünnətində, səhabə və tabiun'un sözlərində mövcud olan görüşlərdən başqa heç bir şey söyləmək istəmirəm. Çünki bu mövzuda danışmaq, xoş bir şey deyildir."

Bunlardan, bu nəticəyə varmaq mümkündür:

İmam Əhməd, uzun bir müddət susduqdan sonra, öz görüşünü ortaya qoyaraq, Quranın məxluq olmadığını söyləmişdir. Bununla bərabər, imam Əhməd, heç bir zaman, Quranın qədim olduğunu söyləməmişdir. Bu xüsusda, susmağı tərcih etmişdir. Çünki bu məsələ, kəlam elminin özünü təşkil edən məsələlərdən biridir. İmam Əhməd isə, kəlam alimi deyildir.

Bu izah və incələmələrlə, mötəzilənin görüşlərinə zidd düşən və mötəzilənin, qarşısında durduqları görüşü bəyan etdik. Mötəzilənin, öz görüşlərini və cızdıqları planlarını izah etmiş olduq. Qısacası, mötəzilə, Quranın məxluq olduğunu, sonradan yaradıldığını və qədim olmadığını söyləmişlərdir.

Görüldüyü kimi, bunlar, 2 ayrı görüşdür. Hər görüş sahibinin, özünə görə bir metodu vardır. Bunlardan hər hansı biri, digərini kafirliklə ittiham etməmişdir. Ancaq burda, belə bir sual xatirə gələ bilər:

"Nəyə görə mötəzilə, əllərinə güc keçincə, münazirə üsulunu tərk edib təhdid və işgəncə metoduna baş vurmuşlardır? Halbuki onlar, münazirəçi və münaqişəçi bir topluluq idilər..."

Xəlifə Məmun, Mötəsim və Vasiq'i bir tərəfə qoyaq. Çünki bunlar, icraat sahibləri idilər. Əsl görüş isə, mötəzilənin idi. Hətta bu xüsusda yazılan yazı və vəsiyyətlərin hamısı, Əhməd b. Duadın əlilə qələmə alınmışdı. Bəlkə də Əhməd, Məmunun ölüm xəstəliyindəki zəif halını istismar etmiş, yaza bildiyi şeyləri yazmış və onun naminə əmrlər vermişdir. Bunu ağla yaxın göstərəcək bir dəlil də, budur:

İşgəncələr və işgəncəni əmr edən məktubların hamısı, Məmun'un, Bağdad xaricində və xəstə olduğu zamanlarda ortaya çıxmışdır. Bu səbəblə, yuxarıda soruşulan suala muxatab olaraq, mötəziləni qəbul etmək məcburiyyətindəyik. Onların bu xüsusda məzur (üzrlü) sayılıb-sayılmayacaqlarını tədqiq etmək lazımdır. Ancaq heç bir zaman, onların üzrləri, işgəncə və zülmlərini haqlı göstərə bilməz. Çünki bu işgəncə və zülmlər, Əhməd b. Hənbəl kimi təqva sahibi şəxslərə rəva görülə bilməz.

Mötəzilənin günahlarını xəfiflədə biləcək və ya onlara yönləndirilən tənqidləri ortadan qaldıra biləcək tək üzr, bu xüsus göstərilə bilər:

Əhl-i Sünnət və'l-camaatın, "Quran, məxluq deyildir, o, Allahın kəlamıdır." sözü, Quranın qədim olduğu görüşünə yol açmaqdadır. Bu da, xristiyanların, Müsəlmanları şübhəyə salmaq və İsa Məsih'in ilah olduğuna yaxud İlah kimi "qədim" olduğuna Müsəlmanları inandırmaq üçün bir dəlil əldə etmələrinə səbəb olurdu. Bəli, xristiyanlar, bu kimi düşüncələrini, Müsəlmanların arasında yayırlardı. "Turasi'l-İslam" adlı əsərdə, xəlifə Hişam b. Əbdü'l-Məlik dövrünə qədər, əməvilərin xidmətində olan İohan əl-Diməşqi haqqında, bunlar deyilirdi:

Bu şəxs, bəzi xristiyanlara, Müsəlmanların etiqadlarını pozmaq üçün, Müsəlmanlarla mücadilə edəcəkləri bəzi xüsuslar öyrədir və belə deyirdi:

"Əgər bir ərəb (Müsəlman), sənə, İsa Məsih haqqında nə deyirsən?' deyə soruşarsa, ona belə cavab ver:

'O, Allahın kəliməsidir.'

Sonra, Xristiyan olan kimsə, Müsəlmandan belə soruşsun:

'Quranda, İsa Məsih necə adlandırmışdır?'

Bu sualdan sonra, Müsəlman cavab verincəyə qədər, xristiyan heç bir şey danışmasın. Çünki Müsəlman, bunları söyləməyə məcburdur:

'Məsih, Məryəm oğlu İsadır. Allahın peyğəmbəri və kəliməsidir. Allah onu, Məryəmə ilqa etmişdir (yəni onun bətninə üfürmüşdür.) Və o, Allahdan bir ruhdur.'

Bunun üzərinə, xristiyan, Allahın kəliməsi və ruhunun məxluq olub-olmadığını soruşmalıdır. Əgər Müsəlman, 'məxluqdur' deyərsə, Xristiyan ona belə cavab versin:

'Allah Taala, var ikən, kəlimə və ruh yox idimi?'

Bəli, sən, bunları deyəcək olsan, ərəb (Müsəlman) istər-istəməz məğlub olacaqdır. Çünki Müsəlmanlara görə belə bir söz söyləmək, zındıqlıqdır."

Bəli, Müsəlmanların arasında, belə sözlər yayılmaqda idi. Bunlar, qeyr-i müsəlmanlar və zındıqlarla mücadilə edən mötəzilənin gözündən qaçmırdı. Bu səbəblə, onlar, bilirdilər ki, "Quran, məxluq deyildir." deyilməsi, onun, qədim olduğu inancına aparır. Bu da, xristiyanlara, mübahisə edə biləcəkləri dəlilləri təmin edir. Bunun üçün də, belə sözlər söylənilməməlidir ki, Müsəlmanlar əleyhinə dəlil olmasın və İslama hücum etməyənlər üçün, bir dəlik meydana gətirməsin.

Bununla bərabər, mötəzilə, öz görüşlərinin, şübhə götürməyən bir həqiqət olduğuna inanırdılar. Hədis alimlərinin görüşlərini mənimsəyənlərin sözləri isə, İsa Məsih haqqındakı xristiyanların sözlərinə bənzəyir və "qədim"lərin birdən çox olmasına yol açır və insanların oxuduqları Quranın, Allah Taala kimi "qədim" sayılmasına səbəb olur zənn edirdilər.

Mötəzilənin görüşlərinin bir qismini əks etdirən bu baxış tərzi, İslama qarşı həssas davranmalarından çox uzaq deyildir. Onları belə davranışa sövq edən, saf bir iman idi.

Əhməd b. Hənbəl və onun əshabı olan fəqih və mühəddislər, dinləri üçün ehtiyatlı davrandıqları kimi; mötəzilə də, dinləri üçün ehtiyatlı davranmağa və İslama kəm gözlə baxan hər kəsin qarşısına sədd çəkməyə çalışırdılar. Beləcə, dindən çıxmış olmurlardı.

Bəli, bu məsələyə heç dalmasalar, daha yaxşı olardı. Lakin İslam üçün xeyir istəməyənlər, bu məsələni hər tərəfə yayırdılar. Beləcə, hər müsəlmanın İslamı müdafiə etməsi; həqiqəti olduğu kimi danışması; və insanları ona dəvət etməsi lazım gəlirdi. Mötəzilə, Məmun adına göndərilmiş məktublarda, bunu açıqca bəyan edirdilər. Və "Quran, qədimdir." deyənlərin, xristiyanların, İsa (əleyhissəlam) haqqında iddia etdikləri kimi bir iddia içində olduqlarına dair dəlillər iləri sürürdülər. Bu məktubların birində, bu ifadələr yer almaqda idi:

"Quranın qədim olduğunu deyənlər, bu sözlərilə, Məryəm oğlu İsa haqqında xristiyanların 'O, məxluq deyildir. Çünki o, Allahın kəliməsidir.' iddialarına bənzəməktədirlər."

Bu sözlərdən, mötəzilənin, Qurandakı "İsa (əleyhissəlam), Allahın kəlamıdır." (Al-i İmran/45) ayətindən özlərinə dəlil çıxarmağa çalışdıqlarını gözdən qaçırmadıqları başa düşülməkdədir. Bəlkə də, mötəzilənin xatirinə, Quranın qədim olduğu düşüncəsinin və ya Allahın kəlamı olması etibarı ilə "Quran, məxluq deyildir." sözünün, dolaylı yolla, Quranın qədim olduğunu ifadə edən iddianın, bir xristiyan düşüncəsi olduğu; və Müsəlmanlar arasına yayılan bu xarab düşüncələrdən biri olduğu gəlmişdir. Bu görüş, Quranın təqdis edilməsi səbəbilə, Müsəlman arasında da qəbul görmüşdür.

Biz, xristiyanların, Müsəlmanların, Allahın kəlamının qədim və ya hadis (sonradan meydana gələn, məxluq) olduğu haqqında mübahisədən çəkinmə düşüncələrini Müsəlmanları susdurmaq üçün istismar etdiklərini yuxarıda gördük. İsanın qədim olduğu mübahisə edilmək istənilməmişdir. Çünki xristiyanlara görə, İsanın uluhiyyət məqamı vardır. Mötəzilədən biri olan Cahiz, "Xristiyanlar" adlı risaləsində, belə deyirdi:

"İslama kəm gözlə baxanlar, fəqih və mühəddislərin sözü ilə, Quranın məxluq olmadığı iddiasından xoşları gəlir. Və bu iddianın, hədis alimlərinin ardından gedən avam təbəqəsi arasında qəbul görməsini istəyirlər."

İohan əl-Diməşqi kimi şəxslərin, İslama soxuşdurmaq istədikləri məsələlərin, Əhl-i Sünnət və'l-camaata edilən işgəncə ilə bir əlaqəsi olmadığını qəbul etsək belə, yazılan məktublarda, "Quran, məxluq deyildir." sözünün, xristiyanların iddiasına bənzədiyi düşüncəsini, açıqca görə bilərik. Mötəzilə, "Quran, qədimdir." sözünün, ilahın birdən çox olduğu iddiasına yol açdığını açıqca söyləmişidir. Çünki xristiyanlar, eynilə bu yolu tutmuş, ilk əvvəl, İsa Məsihin qədim olduğunu iddia etmiş, sonra ona ibadət etmiş, sonra da onu ilah etmişdilər.

Mötəzilə, Quranın qədim olduğu görüşü avam təbəqə arasında yayılınca və İslam ümmətinin əksəriyyəti bunu qəbul edincə, necə ki, sonradan gələnlər İsaya ibadət etmişdilərsə; Müsəlmanların, sonradan gələcək nəsillərinin də, Qurana ibadət edə biləcəklərindən qorxmuşdular. Xüsusilə də mötəzilə, Quranın məxluq olmadığını söyləyən hədis və ya fəqihlərə, xalqın böyük bir güvən hiss etdiyini görmələri və bu güvənin, qorxduqları şeyə sürükləyəcəyinə qüvvətlə ehtimal vermələri, onları daha da təlaşlandırmışdı.

Bizə görə, mötəziləyə yönəldiləcək tənqidləri tamamilə ortadan qaldırmasa da, onların etdikləri işləri xəfiflədəcək səbəb, bunlar ola bilər. Lakin zülm və işgəncələr, mötəzilə və onlarla bərabər haqsızlıqların günahlarını yüklənənlərin istəklərini reallaşdıra bildimi? Əksinə, bu davranışlar, işgəncə görənlərin ucalmasına, düşüncələrinin yayılmasına və insanların işgəncə anında belə deməyəcəkləri ifrat sözləri söyləmələrinə səbəb oldu. Əhməd b. Hənbəl, Qurandakı oxuduğumuz hərf və kəlimələrin qədim olmadığını söyləyirdi. İmam Əhməd və onun ardından gedənlər, bu sözü söyləməkdən də imtina etdilər.

Bəli, daha sonra, məsələ həssaslıqla incələndi. Sonra gələn alimlər tərəfindən tədqiq edildi. İslam düşüncələrindən bir çoxu, mötəzilənin görüşünü mənimsədilər. Lakin bu, təzyiq və işgəncə ilə olmamışdı. Əksinə, alimlərin münazirələri və mötəzilənin nəşr etdikləri risalələrlə gerçəkləşmişdi. Əgər iş, başından sərbəst buraxılsa idi, mötəzilənin düşüncələri, daha çox yayılma şansı tapa biləcək idi və tarixləri də, bu kimi işgəncələrlə kirlənmiş olmayacaqdı.

Bu danışdıqlarımız, mötəzilənin düşüncələrindən, görüşlərindən, araşdırmalarından və münazirələrindən bəzi nümunələrdir. Bütün bunlardan, açıqca, bu 3 nəticə meydana çıxmaqdadır:

1. Mötəzilə, həqiqətən, İslam filosofları sayılırlar. Çünki bunlar, İslam inancını əqli yöndən incələmiş və İslami həqiqətlərə də bağlı qalmışlardır. İslamın kölgəsindən xaricə çıxmamışlardır. Bunlar, Quranın, etiqada aid ayətlərini, fəlsəfi bir izahla anlamağa və bu ayətlərin ifadə etdiyi həqiqətlərə nüfuz etməyə çalışmış, heç bir vaxt şəriətdən sıyrılmamış və onun nass'larından qopmamışlardır.

2. Mötəzilə, İslamın əmr etdiyi, "yaxşılığı əmr edib pislikdən çəkindirmək" vəzifəsini yerinə yetirmiş; zındıqların, dindən çıxanların, kafirlərin hiylə və tələlərini başlarına keçirmişdilər. Abbasi dövlətinin ilk dövrlərində ortaya çıxan zındıq qrupların qarşısında durmaları üçün, belə insanların varlığı lazım gəlməkdə idi. Bax bu səbəblə, Abbasi dövlətinin ilk xəlifələri, bunları təşviq etmişlərdir. Harun ər-Rəşid, daha əvvəlllər bunları təqib etmiş və həbs etmişdirsə də, daha sonra bunları sərbəst buraxmaq məcburiyyətində qalmışdı. Çünki o, mötəzilənin, "Sumniyyə" və bənzəri bütpərəstlərlə münazirə edə biləcəyini başa düşmüşdü.

3. Mötəzilənin, bəzi qərib düşüncələri və davranışları mövcuddur. Belə hallar, nass'lardan ayrılmasa belə, ağla geniş azadlıq verən şəxslərdə görülən şeylərdir.

(Əbu Zəhra, "İslam məzhəbləri tarixi")

------------------------------------------------------------------------

Əlavələr:

Quranın məxluq olmadığının isbatı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/quran-m%C9%99xluqdurmu

 

 

 

 

Read 78 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR