Peyğəmbərlər günah işləmişlərdirmi? (1)
Ənəs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Adəm oğullarının hamısı çox günah işləyər. Çox günah işləyənlərin ən xeyirlisi, çoxca tövbə edənlərdir."
------------------------
İzahı:
Bu hədisi Tirmizi, Əhməd, Darimi və Hakim də rəvayət etmişlərdir.
Tuhfə müəllifi bu hədisin izahı bölməsində icmal olaraq belə deyir:
Hədisin: "كل بني آدم" ifadəsi, "insanların hamısı" olaraq izah edilə bilər. Bu təqdirdə, insanların böyük çoxluğunun günah işlədiyi mənası çıxa bilər. Çünki insanların çoxu günah işlədiyi zaman, bu hökm hamısına verilə bilər. Bu təqdirdə peyğəmbərlər bu hökmün xaricində qalır.
Yuxarıdakı ifadə "hər insan" şəklində də açıqlana bilər. Bu təqdirdə peyğəmbərlər müstəsna tutular. Yəni hədisdən məqsəd, bu olur:
"Peyğəmbərlər xaricində qalan hər insan bəzi günahları işləyər."
Tuhfə müəllifi birinci izahın daha səhih olduğunu söyləyir.
Bilindiyi kimi, peyğəmbərlər kiçik və böyük hər növ günahdan pakdırlar. Yəni Allah onları günah işləməkdən qorumuşdur. Bəzi peyğəmbərlərdən meydana gələn və xəta olaraq bilinən şeylər, əslində günah deyil, əvla və ən uyğun olana müxalif davranışlardır.
Belə də deyilə bilər:
Bəzi peyğəmbərlərə isnad edilən xətalar, günah işləmək qəsdi olmadan bir yanılma və ya unutma əsəri olaraq onlarda görülən davranışlardır.
---------------------
Görəsən peyğəmbərlərin -Allahın salamı hamısının üzərinə olsun- özləri səbəbilə sorğu-sual ediləcəkləri və məzəmmətə məruz qaldıqları kiçik günahları olmuşmudur, olmamış mıdır?
Bununla bərabər, bütün elm adamları, peyğəmbərlərin böyük günahları işləməkdən, eyni şəkildə, ayıblanmağı və əskikliyi gərəkdirən hər cür alçaldıcı işdən də məsum olduqlarını ittifaqla qəbul etmişlərdir.
• Qadı Əbu Bəkr əl-Baqillani'yə görə, bu, icma ilə belədir.
• Ustad Əbu İshaq əl-İsfərayini'yə görə isə, bunun belə olması, möcüzə dəlilinin bir gərəyidir.
• Malik, Əbu Hənifə və Şafi məzhəbinə mənsub fəqihlərin cumhuru isə, belə deyirlər:
Peyğəmbərlər, bütün böyük günahlardan necə qorunmuş isələr, bütün kiçik günahlardan da eləcə qorunmuşlardır.
Çünki bizlər, fellərində, tətbiqatlarında və yaşayışlarında hər hansı bir qərinəni göz önündə tutmadan, mütləq olaraq onlara tabe olmaqla əmr olunmuşuq.
Onların kiçik günah işləməklərini caiz qəbul edərsək, onlara tabe olmaq mümkün olmaz. Çünki onların işlədikləri hər hansı bir felin məqsədi, ya Allaha yaxınlaşdırıcıdır və mübahdır; yaxud da qadağan və masiyətdir (günah və üsyandır).
Bir insana masiyət (günah, Allaha üsyan) olma ehtimalı olan bir işi yerinə gətirməsini əmr etmək doğru deyildir.
Xüsusilə də, üsul alimləri arasında, ziddiyət olması halında, tətbiqatı, sözdən daha əhəmiyyətli qəbul edənlərin görüşünə görə, bu, belədir.
Ustad Əbu İshaq əl-İsfərayini belə deyir:
Elm adamları kiçik günahlar xüsusunda, fərqli görüşlərə sahibdirlər. Çoxluğun qəbul etdiyi görüşə görə, peyğəmbərlərin kiçik günah işləməkləri, caiz deyildir.
Bəziləri də caiz qəbul etmişlərdir. Ancaq bu məsələdə (peyğəmbərlər kiçik günah işləyərlər görüşünə) dayanaq təşkil edəcək əsli bir dəlil yoxdur.
Birinci görüşü qəbul edən sonrakı alimlərdən kimiləri belə deyirlər:
Söylənməsi gərəkli olan budur:
Şanı uca olan Allah, onların bir qisminin bəzi günahları işlədiklərini xəbər vermiş, bu günahları özlərinə nisbət etmiş, bundan dolayı da onları məzəmmət etmişdir.
Yenə Onlar, Özlərinin bu cür xətalar işlədiklərini xəbər vermiş, ancaq onlardan sıyrılmış və tövbə etmişlərdir.
Bütün bu xüsuslar -bir ikisini təvil etmək mümkün olsa belə- tamamını təvil etmək mümkün olmayacaq şəkildə bir çox yerdə varid olmuşdur.
Ancaq bunların hamısı da, peyğəmbərlərin məqamlarını kiçildəcək özəllikdə deyildirlər. Onların işlədikləri bu kiçik xətalar, nadirən baş vermiş və xəta yolu ilə və ya unudaraq olmuşdur.
Ya da belə bir işi işləmələrinə götürəcək bir təvil nəticəsində meydana gəlmişdir. Və onların bu xətaları, başqalarınkına nisbətlə həsənatdır (yaxşı, gözəl əməldir).
Onların mövqelərinə, qiymət və qədirlərinin yüksəkliyinə nisbətlə isə, onlar haqqında bir günahdır. Çünki seyisin (yəni at və ya digər minik heyvanlarının baxımı ilə məsul kimsələrin) mükafat ala biləcəyi bir işi görməkdən dolayı, vəzir məsul tutulub cəzalandırıla bilər. Bu baxımdan, peyğəmbərlər, əminlik, təhlükəsizlik içində olmaqlarını bildiklərinə baxmayaraq, qiyamət günündə bunlardan dolayı sorğu-suala çəkilcəklərindən çəkinmişlərdir.
Əbu İshaq deyir ki, doğrusu da, budur.
Məşhur sufi şeyxlərindən Cüneyd əl-Bağdadi'nin bu sözləri gözəldir:
"Yaxşılar üçün həsənat olan şeylər, muqarrəblər (Allaha çox yaxın kimsələr) üçün səyyiat (günah) ola bilər."
O baxımdan, nasslar, peyğəmbərlərin (Allahın salamı olsun onlara) bəzi günahları işlədiklərini dəlil təşkil etsələr belə, bu, onların məqam və mövqelərini sarsmaz, rütbələrini düşürtməz.
Əksinə uca Allah, onların bu hallarını ortadan qaldırmış, (Onları digərlərindən) seçmiş, hidayət etmiş, tərifləmiş, təmizləmiş, üstün tutmuşdur. Allahın salat və salamı onların üzərlərinə olsun.
(İmam Qurtubi, "əl-Cami li ahkami'l-Quran" təfsiri, Bəqərə/35)
-------------------------------------------
Nəvəvi, Muslim'in şərhində, Qadı İyad (rahmətullahi aleyh)'dən nəqlən bunları deyir:
"Alimlər, bütün peyğəmbərlərin peyğəmbərlik vaxtlarından əvvəlki həyatlarında, küfür üzərində bir an belə olmadıqları xüsusunda, ittifaq halındadırlar.
Küfür xaricində qalan günahlara gəlincə, yenə bütün alimlər, bütün peyğəmbərlərin böyük günahlardan məsum və pak olduqları üzərində ittifaq etmişlərdir.
Ancaq günahsızlıqları:
• ağıl yönündən mi;
• din və şəriət yönündən mi
sabit olduğu nöqtəsində, görüş ayrılığı olmuşdur ki, bu fərqli görüş, nəticəni dəyişdirməz.
Peyğəmbərlərdən kiçik günahların meydana gəlib gəlməməsi məsələsində isə, bu xüsusdakı görüşlər belədir:
Bütün peyğəmbərlər, mərtəbələrinə kölgə düşürücü, Onları alçaldıcı və mürüvvətlərini (insanlıqlarını) zədələyici ən kiçik günahlardan belə pak və münəzzəh olduqları xüsusunda, alimlər arasında bir ixtilaf yoxdur. Hamısı bu nöqtədə də ittifaq halındadırlar.
Yuxarıda sıraladığımız günahlar xaricində qalan bəsit xətalara və əhəmiyyətsiz isabətsizliklərə gəlincə, fəqihlərin, mühəddislərin və kəlam əhlinin sələf və xələf sayılan alimlərinin böyük əksəriyyətinə görə, bu cür xətaları işləmələri də, caizdir. Yəni mümkündür. Bunların dəlilləri isə, bəzi ayətlərin və hədislərin zahiri mənalarıdır.
Lakin imamlarımız mövqeyindəki mühəqqiq fəqihlər və kəlam əhlindən böyüklərimiz, bütün peyğəmbərlərin böyük günahlardan olduğu kimi, hər növ kiçik günahlardan da məsum olduqlarına hökm etmişlər və bəzi ayətlər ilə bəzi hədislərdə görülən halı incələyərək:
Peyğəmbərlərdən görülən bu hal:
• ya bir təvil nəticəsində; və ya
• yanılma əsəri, yaxud da
• Allahdan aldıqları icazə ilə meydana gəlmiş, bir qismi də peyğəmbərlik vaxtlarından əvvəl baş vermiş, demişlərdir.
Haqq olan məzhəb də budur."
Peyğəmbərlərə isnad edilən xətalar nələrdir:
Bunlar:
• Adəm (əleyhissəlam)'ın unudaraq cənnətdəki ağacdan yeməsi;
• Nuh (əleyhissəlam)'ın kafir olan qövmü əleyhində bəddua etməsi;
• Musa (əleyhissəlam)'ın icazəsiz olaraq, bir kafiri öldürməsi; və
• İbrahim (əleyhissəlam)'ın öz qövmünün şərrindən qorunması üçün təvriyyə yollu (birdən çox mənası olan sözü, 2 mənaya gələcək şəkildə istifadə etmək) olub əslində doğru olan söz söyləməsidir.
Bu saydıqlarımızdan hansılar başqa insanlar üçün günah sayılar? Əslində heç biri günah sayılmaz.
Bununla bərabər, onlar bu işləri, Allahdan icazə almadan işlədikləri üçün, qorxmuşlar, həya etmişlər və uca mərtəbələri ilə uyğun düşmədiyi üçün, bəzilərindən dolayı, Allah tərəfindən qınanmışlar. Hamısı bu qədərdir.
-------------------------------
-------------------------------
Əlavələr:
وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا
"Kim, özünə doğru yol bəlli olduqdan sonra, Peyğəmbərə qarşı çıxar, möminlərin yolundan başqasına tabe olarsa, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir." (Nisa/115)
İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirində, ayətin təfsirində, belə deyir:
Bu ayə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, bütün günahlardan məsum (ismət sahibi, qorunmuş) olduğunu göstərir. Bunun izahı, belədir:
Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən hər hansı bir günah meydana gəlmiş olsaydı, Onun, bundan əngəllənməsi, caiz olardı. Başqasını, etdiyi bir işdən əngəlləyən hər insan, başqasına müxalifət etmiş olur. Çünki, bunlardan hər biri, digərinin yer aldığı tərəfin əks tərəfində yer almışdır. Bundan dolayı, əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bir günah meydana gəlmiş olsaydı, Ona, mütləq müxalifət etmək gərəkdiyi, sabit olmuş olardı. Halbuki Ona müxalifət etmək, bu ayə ilə haram qılınmışdır. Bundan dolayı, Ondan, bir günahın meydana gəlməmiş olması lazım gəlir.
--------------------------------
--------------------------------
Peyğəmbər, günah işləmişdirmi? (2)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r-gunah-is...
Peyğəmbər, günah işləmişdirmi? (3)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r-gunah-is...
Peyğəmbər, günah işləmişdirmi? (4)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rl%C9%99r-...
Peyğəmbərin günahı olmadığı halda, nə üçün Allahdan bağışlanmaq diləyirdi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rin-gunahi...
