Qiblədəki hikmətlər
Namazda qiblənin təyini xüsusuna gəlincə, alimlər, bu xüsusda, bəzi hikmətlər zikr etmişlərdir. (Belə ki):
a. Allah Taala, insanda, mücərrəd və əqli olan şeyləri idrak edəcək bir əqli mələkə (məharət, qabiliyyət) ilə bədənlər aləmində təsirli olan bir təxəyyül qüvvəsi yaratmışdır. Bu əqli qüvvə, xəyali qüvvə ilə bərabər olub, ondan, çox nadir hallarda ayrılır. İnsan, mücərrəd və əqli olan hər şeyi zehnində hazır tutmağa çalışdığında, onun, bu əqli mənalar üçün zənn etdiyi bəzi xəyali şəkillər meydana gətirməsi lazım gəlir. Beləcə, bu xəyali şəkillər, o əqli mənaları qavramağa kömək etmiş olurlar. Bax bu səbəbdən dolayı, mühəndis, bir proyekt düzəltmək istədiyi vaxt, onun, hiss və xəyalın bu külli hökmü idrak etməyə kömək edə bilməsi üçün, müəyyən bir şəkil meydana gətirməsi lazım gəlir. (haşiyə)
----------------------------------
(Haşiyə:
İnsanın 10 qüvvəsi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir
-----------------------------------
Zəif bir qul, əzəmətli bir hökmdarın məclisinə girdiyində, onun, öz üzünü, mütləq o məlikə dönməsi; ona arxa çevirməməsi; onu, ən gözəl şəkildə vəsf etməsi; və ona, son dərəcə xidmət və itaət etməsi lazımdır. Bundan dolayı, namazda qibləyə yönəlmək, bu kimsənin, hökmdara yönəlib, ona arxa çevirməməsi kimi olur. Namazda oxunan dualar da, Ona tərif və mədh yerinə; rüku və səcdə isə, məlikə xidmət etmək yerinə keçir.
b. Namaz qılmaqdan məqsəd, qəlbin hüzuru, yəni, Allahın hüzurunda olduğunu bilməsidir. Bu hüzur isə, ancaq, sükunət, başqa şeylərə iltifat etməmək və tərpənməməklə olur. Bu da, ancaq, insanın, bütün namazlarda, müəyyən bir istiqamətə yönəlməsilə əldə edilir. İnsanların vəhmində, bəzi cəhətlərin digərlərindən daha şərəfli olduğu yerləşincə, o cəhətə dönmək, daha uyğun olur.
c. Allah Taala, möminlərin bir-birilərilə ülfət və uyğunluq içində olmalarını sevər. Bu nemətini, onlara, bu ayəsində xatırlatmaqdadır:
"Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz..." (Al-i İmran/103)
Əgər onlardan hər biri namazında başqa-başqa cəhətlərə yönəlmiş olsaydılar, bu, onlar arasında açıq bir ixtilaf olduğu vəhmini verərdi. Bax beləcə, Haqq Taala, bu səbəblə, aralarında bir uyğunluq meydana gəlsin deyə, onlara, müəyyən bir yön təsbit etmiş və onların hamısının, o tərəfə yönəlmələrini əmr etmişdir. Burda, Allah Taala'nın, xeyirli fellər xüsusunda qulları arasında bir uyğunluq olmasını sevdiyinə bir işarət vardır.
d. Allah Taala, Kəbəni, "beyti/evim" deyərək, Özünə nisbət etmişdir. Möminləri də, qulluq sifətilə, yalnız Özünə nisbət etmişdir. Bu, hər iki izafə də, təxsis (xas qılmaq) və təkrim (şərəfləndirmək) üçündür. Buna görə, Allah Taala, sanki: "Ey mömin! Sən, Mənim qulum; Kəbə, Mənim evim; namaz, Mənə edilən xidmətimdir. Bundan dolayı, Mənə xidmətdə, üzünü, Mənim evimə; qəlbinlə də, Mənə yönəl!" demiş olmaqdadır.
e. Alimlərdən bəziləri, belə demişlərdir:
~ Yəhudilər, qibləyə yönəldilər. Çünki, Allahın Musaya olan nidası, o cəhətdən gəlmişdi...Bu, Haqq Taala'nın, "Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda, Sən, dağın qərb tərəfində deyildin." (Qasas/44) ayətində zikr ediləndir.
~ Xristiyanlar da, şərqə yönəlmişlərdi. Çünki Cəbrail, "Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmişdi." (Məryəm/16) ayətinin də göstərdiyi kimi; şərq tərəfindən Məryəmin yanına gəlmişdi.
~ Möminlər (müsəlmanlar) isə, Kəbəyə yönəlmişlərdir. Çünki bu Kəbə, Allah dostu İbrahimin qibləsi; Allahın sevgilisi Muhamməd (sallallahu aleyhi və səlləm)'in doğulduğu yer; bir də bura, Allahın hörmətli qıldığı bir məkandır.
Bəziləri isə, belə demişlərdir:
~ Xristiyanlar, nurların doğduğu yerə yönəlmişdilər.
~ Biz Müsəlmanlar isə, nurların seyyidi olan Muhamməd (sallallahu aleyhi və səlləm)'in doğduğu yerə yönəldik. Deyilmi ki, bütün nurlar, Onun nurundan yaradılmışdır?!
f. Alimlər, belə demişlərdir:
Kəbə, yerin göbəyi və ortasıdır. Bax bu səbəbdən dolayı, Allah Taala, bütün qullarına, namazlarında, yerin ortasına yönəlmələrini əmr etmişdir. Bu da, hər şeydə ədalətin gərəkli olduğuna işarətdir. Bax bu səbəbdən ötürü, Haqq Taala, yerin ortasını, məxluqatın qibləsi qılmışdır.
g. Allah Taala, Kəbəyə yönəlməyi əmr edərək, Muhamməd (sallallahu aleyhi və səlləm)'i sevdiyini ortaya qoymuşdur. Bu, belədir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), yəhudilərə müxalifət etmək üçün, uzun bir müddət, bunu arzulamışdı. Bundan ötürü də, Haqq Taala:
"Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən, üzünü Məscidulharama tərəf çevir!" (Bəqərə/144)
Xalq dilində, bir kimsə, bir başqasını sevməklə vəsf edildiyində, təmsili olaraq belə deyilir:
"Filankəs, filankəsə sevgisindən dolayı, qibləsini dəyişdirdi."
Allah Taala da, sevdiyi Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün, qibləni həqiqi mənada dəyişdirdi və: "Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik." buyurdu; (ancaq): "Səni, Mənim razı olacağım bir qibləyə döndərəcəm." demədi. Burda, Haqq Taala'nın, sanki belə dediyinə bir işarət vardır: "Ey Muhamməd! Hər kəs, Mənim razılığımı tələb edərkən (yəni, istəyərkən); Mən isə, hər 2 həyatda da, Səni razı salmaq istəyirəm. Dünyada səni razı salmağın dəlili, bu zikr etdiyimiz qiblənin dəyişdirilməsidir. Axirətdə, Səni razı salmağı istəməyim isə, 'Rəbbin, sənə verəcək; sən də, razı qalacaqsan.' (Duha/5) ayətində bəyan edilən haldır (yəni, Allahın, Zatını göstərməsi)."
Burda, kasıbların şərəfli olduğuna da bir işarət vardır. O da, budur:
Allah Taala, kasıbları qovmaq ilə qiblədən üz çevirməyi bir tutaraq:
~ Kasıbları qovmaq xüsusunda:
'Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan.' (Ənam/52) buyurmuşdur.
~ Qiblədən üz çevirmək xüsusunda da:
'Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də onların qibləsinə üz tutan deyilsən. Onlar özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalımlardan olarsan.' (Bəqərə/145) buyurmuşdur.
Sanki, Haqq Taala:
"Kəbə, Sənin üzünün qibləsi; kasıblar isə, Mənim rəhmətimin qibləsidir. Bundan dolayı, Sənin, üzünün qibləsindən üz çevirməyin, zalım sayılmağını gərəkdirər. O halda, Mənim rəhmətimin qibləsindən üz çevirmək, necə olar?!" buyurmuşdur.
h. Ərş, ərşi yüklənən mələklərin; kürsi, muqarrəb (Allaha daha yaxın) mələklərin; Beyt-u Mə'mur, katib mələklərin; Kəbə, möminlərin; Haqq da, mutəhayyir (heyrət içindəki) möminlərin qibləsidir. Necə ki, Haqq Taala, "Hansı səmtə yönəlsəniz, Allahın Üzü ordadır." (Bəqərə/115) buyurmuşdur.
Ərşin, nurdan; kürsinin, incidən; beyt-u mə'murun, yaqutdan; Kəbənin isə, 5 dağdan yaradılmış olduğu, sabitdir. Bu 5 dağ:
1. Sina;
2. Zeyta;
3. Cudi;
4. Lubnən; və
5. Hira
dağlarıdır. Burdakı incəlik isə, belədir:
Haqq Taala, sanki belə buyurmuşdur: Əgər üzərində bu dağlar qədər günahın olsa və həcc niyyətilə Kəbəyə gəlsən və ya Kəbəyə yönəlmiş olaraq namaz qılsan, Sən, günahlarını əfv etdirmiş və bağışlatmış olarsan.
Bu mövzuda söylənən görüşlərin hamısı, bunlardan ibarətdir. Qüvvətli olan görüş isə, birincisidir.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, Bəqərə surəsi 142-ci ayə)
---------------------------
---------------------------
Əlavələr:
• Qiblə niyə dəyişdirildi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qibl%C9%99-niy%C9%99-d%C9%99...
• Qiblə haqqındakı şübhələrə cavablar:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qibl%C9%99-haqqindaki-subh%C...
• Kainatda bütün varlıqların Allaha itaət etdirildiyi; dolayısı ilə, insanların bu itaət ilə əmr ediləcəyi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-6-ci...
