Maidə surəsi 44-cü ayətin təfsiri (1)
"Allahın endirdiyi ilə hökm etməyənlər, məhz onlar kafirlərdir." (Maidə/44)
------------------------------
Təfsiri:
Digər ayətlərdə də, "məhz onlar, zalımlar, fasiqlərdir." buyurulmuşdur.
Bu ayətlərin hamısı, kafirlər haqqında nazil olmuşdur.
Bu da, Muslim'in "Səhih"ində, əl-Bəra b. Azib təriqilə gələn hədisdə (bax: "Hədlər kitabı", "Zimmət əhli olan yəhudilərin zina səbəbilə rəcm edilməsi babı") sabit olmuşdur ki, bu hədis, daha əvvəl keçməkdədir. Böyük əksəriyyət də, bu görüşdədir. Müsəlman isə, böyük günah işləyəcək olsa belə, kafir olmaz.
Ayətdə hazf edilmiş (haşiyə) ifadələrin olduğu söylənmişdir.
-----------------------------
(Haşiyə:
Hazf: söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsidir.
Məsələn, birini yola salarkən, "gülə-gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın anlaşılmasına əngəl olmadığından, hazf edilmişdir.
Quranda da, bir çox hazf nümunələri vardır. Məsələn, surə başlarında bismillah, yəni "Allahın adı ilə" dediyimizdə, əslində cümlə, tam deyildir. Ancaq bundan, "Allahın adı ilə başlayıram." mənası asanlıqla anlaşıldığından, "başlayıram" qismi hazf edilmişdir.)
-------------------------------
• Ayətdə hazf edilmiş ifadələrin olduğu söylənmişdir. Yəni kim, Quranı rədd etmək surətilə, Rəsulun da sözünü inkar yolu ilə Allahın endirdiyilə hökm etməyəcək olarsa, o şəxs, kafirdir.
Bunu, ibn Abbas və Mücahid söyləmişdir. Bu açıqlamaya görə, ayət, ümumidir.
• ibn Məsud və əl-Həsən deyirlər:
"Bu ayət, istər müsəlman, istər yəhudi, istər kafir olsun, Allahın endirdiyilə hökm etməyən hər kəs haqqında ümumidir."
Yəni, bunun doğruluğuna inanaraq və bu şəkildə zidd hökm verməyin halal olduğuna qənaət gətirərək...
Ancaq özünün haram işlədiyinə inanaraq belə bir iş edən isə, müsəlmanların fasiqləri arasında yer alar. İşi də, Allaha qalmışdır. Allah istərsə ona əzab edər, istərsə də məğfirət edər.
• ibn Abbas da, özündən nəql edilən bir rəvayətə görə, belə deməkdədir:
"Kim Allahın endirdiklərilə hökm etməyəcək olarsa, o, kafirlərin işinə bənzəyən bir iş görmüşdür."
• Belə də deyilmişdir:
"Yəni kim, Allahın bütün endirdiklərilə hökm etməzsə, o kimsə kafirdir. Ancaq tövhid ilə hökm etməklə birlikdə, bəzi hökmlər gərəyincə hökm etməyən kimsə, bu ayətin muhtəvasına girməz."
Mən (Qurtubi) isə, deyirəm ki:
Doğru olan, birinci görüşdür. Bu qədər var ki, Şabi, belə deyir:
"Bu ayət, yəhudilər haqqında xas (özəl)'dir."
ən-Nəhhas da, bu görüşü tərcih etmiş və belə demişdir:
"Bunun belə olduğuna da, 3 xüsus dəlalət etməkdədir:
• Bunlardan biri:
Yəhudilər,
"Allahın endirdiyi ilə hökm etməyənlər, məhz onlar kafirlərdir."
buyuruğundan əvvəl keçən:
"...Allaha təslim olan peyğəmbərlər, onlar üçün bununla (Tövrat ilə), din xadimləri və baş keşişlər isə, Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər." (Maidə/44)
buyuruğu zikr edilmişdir. Dolayısı ilə, "onlar" zamiri, yəhudilərə aiddir.
• Digər bir xüsus:
İfadələrin axışı (siyaqı) da, buna dəlalət etməkdədir. Necə ki, bundan sonra:
"Biz, onda (Tövratda) onlara bunu yazdıq..." (Maidə/45) deyilməkdədir.
Burdakı "onlara" zamiri də, icma ilə yəhudilərə aiddir.
• Yenə yəhudilər, rəcm və qisası inkar edənlərdir.
İndi biri qalxıb: "مَن / kim ədatı, şərt ədatı olaraq zikr edilsə, onun təxsis edildiyinə dair bir dəlilin vaqe olması halı xaricində, ümumidir."
desə, ona belə cavab verərik:
"Burda bu ədat, zikr etmiş olduğumuz dəlillərlə birlikdə, 'o kimsə ki' mənasındadır. İfadənin təqdiri də, belə olur:
Allahın endirdikləri ilə hökm etməyən o yəhudilər, məhz onlar kafirlərdir."
Bu da, bu xüsusda verilən açıqlamaların ən gözəlidir.
Rəvayət olunduğuna görə, Huzeyfə (radiyallahu anh)'dan belə soruşulur:
"Bu ayət, İsrail oğulları haqqındadırmı?"
- O da:
"Bəli, onlar haqqındadır. Lakin Allaha and olsun ki, onların yollarını, bir cüt ayaqqabı taylarının bir-birinə bənzədiyi kimi izləyəcəksiniz."
~ "Məhz onlar kafirlərdir." ifadəsinin - Müsəlmanlar;
~ "Məhz onlar zalımlardır." ifadəsinin - yəhudilər;
~ "Məhz onlar fasiqlərdir." ifadəsinin də - xristiyanlar
haqqında olduğu da söylənilmişdir.
Əbu Bəkr b. əl-Arabi'nin tərcih etdiyi görüş də, budur. O, davam edərək deyir:
"Çünki ayətlərin zahirindən başa düşülən, budur."
Ayrıca, ibn Abbas, Cabir b. Zeyd, ibn əbi Zaidə və ibn Şubrumə ilə Şabi'nin də tərcih etdiyi görüş, budur.
• Tavus və başqaları isə, deyirlər:
"Bu, insanı dindən çıxardan bir küfr deyildir. Lakin, küfrün altında qalan bir küfürdür. Ancaq bunda, fərqli hallar bəhs mövzusudur:
~ Əgər öz yanındakı hökmü verərkən, 'o hökm, Allahın yanından gəımişdir.' deyə hökm verəcək olsa, bu, küfrü gərəkdirən, Allahın hökmünü dəyişdirməkdir;
~ Əgər həvası gərəyi və masiyyət (günah) yolu ilə başqa hökmlə hökm edəcək olsa, əhl-i sünnətin günahkarlar üçün məğfirət ilə bağlı qəbul etdikləri əsli dəlillərinə söykənərək, bu, haqqında məğfirətin bəhs mövzusu ola biləcək bir günahdır."
• əl-Quşeyri deyir:
"Xaricilərin görüşünə görə, bir şəxs rüşvət alıb Allahın hökmündən başqa bir hökmlə hökm edəcək olsa, o, kafirdir."
Bu görüş, ayrıca, əl-Həsən və Süddi'yə də izafə edilmişdir.
• Yenə əl-Həsən deyir:
"Uca Allah, hakimlərdən:
~ həvalarına tabe olmamaq;
~ insanlardan qorxmayıb Özündən qorxmaq; və
~ Allahın ayətlərini, az bir qarşılıq üçün satmamaq
şəklində, 3 əhd almışdır."
(İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)
---------------------------------
Əlavələr:
Maidə surəsi 44-cü ayətin təfsiri (2)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/maid%C9%99-sur%C9%99si-44-cu...
Maidə surəsi 44-cü ayətin təfsiri (3)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/maid%C9%99-sur%C9%99si-44-cu...
