Cinlərin varlığının əqli isbatı
✓ Birinci dəlil:
İnsan, xəlvətə girib, tək başına qaldığında, (qəlbin) təsfiyə(si) və riyazət ilə məşğul olduğunda, içində, mənzum və (ard-arda) düzülmüş kəlimələrlə danışan şəxslər tapır. Xüsusi sifət və surətlərə sahib şəxslər görür. İndi, bu kəlimələr və şəxslər:
1. Ya məhz yoxluq və sırf nəfy (imkansızlıq)'dır;
2. Ya zehn və xəyalda mövcud olan şeylərdir;
3. Ya da varlıqda və ayan (xarici aləm)'də mövcud olan şeylərdir.
İlk ikisi, yalnışdır. O halda, geriyə, üçüncü qalır ki, bu da, onların, o kimsənin içində, qəlbində və daxilində fısıldayan cin və şeytanların mövcud olduğudur.
• Birinciyə gəlincə: Biz, insan xatirinə gələn bu kəlimələrin və daxildə müşahidə edilən surətlərin, sırf yoxluq və nəfy olmasının, imkansız olduğunu söylədik. Çünki, bu hərfləri, qəlbdən və daxildən eşidirik; mənalarını başa düşürük; bununla, digərini ayırırıq. Onların, bu müəyyən sifət və xüsusiyyətlərə sahib ikən sırf yoxluq və nəfy olmaları mümkün olsaydı; hisslərlə idrak edilən xüsusi surətlərin də (yəni, gözlə gördüyümüz varlıqların da), sırf yoxluq və nəfy olmaları, imkansız olmazdı. Lakin, (göründüyü kimi), bunların hamısı da yalnışdır.
• İkincisi: Yəni, cin və şeytanların, xaricdə deyil zehnlərdə var olması da, yalnışdır. Bunu isə, 2 şey göstərir:
a. Birincisi: Ard-arda gələn o ləfzlərin, digərlərindən rəng və şəkillərilə ayrılan o xüsusi surətlərin, xaricdə deyil, zehndə var olmalarını mümkün görsəydik, hiss edilən surətlərin də belə olmasını, mümkün görərdik. Bu isə, səfsətəni gərəkdirir.
b. İkincisi: O surətlərin məhəlli:
~ ya beyin və ya qəlb kimi xüsusi bir cisimdir;
~ ya da mücərrəd cövhərdir.
• Birincisi (yəni, beyin və qəlb kimi xüsusi bir cisimdə olması), yalnışdır. Çünki, böyük surətlərin kiçik bir məhəldə nəqş olması, imkansızdır.
• İkincisi (yəni, gözə görünən o surətlərin mücərrəd cövhərdə olması) da, yalnışdır. Çünki, mücərrəd cövhərin, fərqli yönləri və ayrı parçaları yoxdur. Hal belə ikən, mücərrəd cövhərdə nəqş olunan surətin, məkan və yönləri cəhətindən fərqli yön və ya ayrı parçalarının olması, imkansızdır. Mücərrəd cövhərə yerləşən bir surət, bir şəklə və yönləri etibarı ilə bir-birindən ayrılan tərəflərə, sahib ola bilməz. Belə olduğunda da, bu sifətlərə sahib heç bir şey, mücərrəd cövhərə yerləşə bilməz.
Xülasə etdiyimiz bu açıqlamalarla sabitdir ki, o zehni ləfzlər və xəyala mövzu olan surətlər:
~ ya mütləq yoxluq və imkansızlıqdır;
~ ya zehn xaricində var olmayan mövcuddur;
~ ya da xarici aləmdə mövcuddur.
İlk ikisinin imkansızlığı ortaya çıxdığına görə; geriyə, üçüncünü qəbul etmək qalır. Üçüncü qisim isə, cin və şeytanların, xarici aləmdəki fərdlər olması, insanlara görünmələri və onlarla danışmalarıdır.
Burda, belə bir incəlik daha vardır. (Belə ki):
İnsan, hiss edilə bilən şeylərlə çox məşğul olduğunda, bu xəyallar zəif olur. İnsan, hiss edilə bilənlərdən nə qədər uzaq qalarsa, təfəkkür və tənhalığı daha uzun davam edər və dolayısı ilə, onda, bu hallar, daha çox meydana çıxar. Bu isə, ağılda və xatirədə zühur edən o şeylərin, artmağa davam etməsini təmin edər. Bu təcəlli, o ruhani fərdlərə (yəni, cinlərə) tam bir inkişafa (yəni, açıq görməyə) qədər güclənər.
Bu, bu xüsusda, çox güclü bir sözdür.
-----------------------
✓ İkinci dəlil:
Xatirə gələn vəsvəsələrin və qəlbə düşən sözlərin, bir faili olmalıdır. Bu fail isə:
~ ya insanın özü;
~ ya da başqasıdır.
• Birincisi (yəni, failin, insanın özü olması), yalnışdır. Çünki insan, xatirə gələn (bəzi) şeylərdən heç xoşlanmayıb, (hətta) nifrət belə edir. Elə ki, o vəsvəsələri və sözləri, içindən söküb almaq üçün çox sayda metod istifadə edir; lakin, buna güc çatdıra bilmir. Hal belə olduğunda, o sözlərin failinin insan olması, imkansızdır. Dolayısı ilə, xatirinə düşən bu kəlimələri danışan və onları söyləyən varlığın, insanın özündən başqa bir fail olması; və bu failin də, öz danışmasını, insanın içinə ötürə bilməsi lazım gəlir. Bax biz, cinlə, bu faili qəsd edirik.
Filosoflar, belə dedilər:
"Bu kəlimə və ləfzlərin failinin, bir haldan başqa bir hala; bir sifətdən başqa bir sifətə keçən müfəkkirə (düşünmə) qüvvəsi olması, nə üçün mümkün olmasın? Uzun müddət eşitməsi səbəbilə, bu sözlər, insanın qəlbində yerləşir."
Bu söz (yəni, görüş), qətiliklə batildir. Bunu göstərən isə, 2 dəlil vardır:
1. Birincisi: Əvvəlki məqalədə, bədəndə hər cür idrak və fellə məvsuf bir tək şeyin mövcud olduğunu və bunun da, insanın özü olduğunu açıqlamışdıq. Bütün idrak və felləri gerçəkləşdirən insanın özüdürsə, fikrin (yəni, düşünməyin), insandan başqa bir şeyin işi olduğunu söyləmək imkansız olar. Çünki insan, o ləfzləri (yəni, içindən gələn sözləri), özü iradə etməz; hətta, iradə etmək belə istəməz. Nəticə olaraq, o ləfzlərin müfəkkirədə doğduğu görüşü, yalnışdır.
2. İkincisi: Müfəkkirə gücü adını verdiyimiz şey:
~ ya insanın özü;
~ ya sifətləri və hallarından biri;
~ ya da öz seçimilə fellərə yönələn müstəqil bir faildir.
• Birincisi (yəni, müfəkkirənin, insanın özü olması), yalnışdır. Çünki, insanın xatirinə vəsvəsə və kəlimələrin düşməsinin, insanın öz iradəsilə olmadığını, yuxarıda açıqladıq.
• İkincisi (yəni, müfəkkirənin, insanın sifətlərindən biri olması) da, yalnışdır. Çünki, insanla bərabər var olan bir sifətin, insanın öz iradəsinin xilafına bir felə yönəlməsi, mümkün deyildir.
Bu 2 qisim yalnış olunca, bu kəlimələrin, insanın özündən və onun bütün sifətlərindən başqa bir faili olduğu ortaya çıxır.
O halda deyirik ki:
Bu fail, o kəlimələri, (ancaq), qüdrətli və elmli ikən dilə gətirə bilər. Çünki, o kəlimələri bilməzsə, onun, o dilə gətirmə felini etməyə dair bir qəsdi ola bilməz. Bilinməyən bir şeyə yönəlmək isə, imkansızdır. O halda, o fail, əşyanın həqiqətini və o kəlimələri meydana gətirməyi bilir. Bu, insan və onun sifətlərinin cəmindən başqa bir şeydir.
İndi, o şey:
~ ya cismə yerləşmiş bir arazdır;
~ ya da müstəqil bir cövhərdir. (haşiyə)
--------------------
(Haşiyə:
Cövhər: "Nəfsində (zatında) və mahiyyətində müstəqil olan, başqasına bağlı olmayan" deməkdir.
Araz: "Hər hansı bir cövhərin varlığı üçün zəruri olmayan vəsf"dir. Məsələn: Qəndin ağ rəngi, dadı, qəndin varlığı üçün zəruri deyildir. Qənd, burda, cövhərdir.)
---------------------
• Birincisi (yəni, o şeyin cismə yerləşmiş bir araz olması), yalnışdır. Çünki, başqası ilə mövcud olan arazın, diri, elmli, güclü və çətin şeylərin faili olmadığına dair, (bizdə) zəruri bir bilik (yəni, oxuyub-öyrənməklə əldə edilməyən, bizdə yaradılan, məsələn, toxunaraq bir şeyin nə olduğunu bilmək kimi.) bir bilik vardır. (Yəni biz, arazların belə olduğunu bilirik.) Bu, yalnış olduğuna görə, o şeyin,
• müstəqil bir şəxs olduğu, elmli olduğu, insan iradəsinin əksinə olan felləri edə bildiyi və insanın qəlbinə o kəlimələri çatdıra bildiyi ortaya çıxır. Zatən biz də, cin və şeytanlarla, bunu qəsd edir və onlara, bu adı veririk.
Siz isə, müfəkkirə qüvvəsi deyirsiniz. O halda, (bu məsələdəki) mübahisə, ləfz üzərində olub, məna üzərində isə ittifaq edilmişdir.
Bax, bu mövzudakı sözün özü, bundan ibarətdir.
--------------------------
✓ Üçüncü dəlil:
Azaim elmi (cinləri itaət altına almağı öyrətdiyi deyə iləri sürülən bir elm) xüsusunda təcrübə sahibi olan insanlar, bir mərasim icra edir və uşaqlar, xüsusi surətlərin orda olduğunu görürlər. Azaimi edən şəxs, uşağa, o surətlərdən, bilinməyən şeyləri və gizli halları soruşmasını əmr edir. Uşaq soruşur və: "Onlar, belə, belə deyirlər..." deyə xəbər verir. İnsan isə bunu yoxladığında, işin, o deyilənlərə müvafiq olduğunu görür. Bu hal da, dediyimiz surətlərin varlığını göstərir.
Allah, ən gözəl biləndir...
----------------------
----------------------
İlham və vəsvəsənin həqiqəti; bunlarla bağlı görüşün, dərinləməsinə incələnməsi:
Bilinməlidir ki, insana aid fellərin sıralı bir şəkildə bir-birinə istinad edən 3 məbadi'si (prinsipləri) vardır:
• Birinci mərtəbədə, felin gerçəkləşməsinə ən uzaq və ən yüksək prinsip, bilik və idrakdır. Çünki:
~ insanın qəlbinə, "Filan felin faydası, daha racihdir və ya tamamilə faydalıdır." deyə düşmədikcə, insan, o feli etməz;
~ insanın qəlbinə, "Bu felin, ya zərəri, racihdir; ya da o fel, tamamilə zərərlidir; ya da zərərə bərabərdir." deyə düşmədikcə, insan, o feli tərk etməz.
Bu qaydanı açıqlamaq üçün, bu kitabın "əd-Dəvai və's-Savarif" babında, artıqlaması ilə açıqlama vermişdik.
İnsan, xeyir tələbilə fel (iş) gördüyü üçün, "azad iradəli fail" olaraq adlandırılmışdır.
• İkinci mərtəbədə, yəni, orta mərtəbədə isə:
~ xalis və ya racih olan bir fayda inancı meydana gəldiyində, etməyə yönəlmiş şiddətli və güclü bir meyl, felə gərəklilik tərzində tərəttüb edir (yəni, sırası ilə meydana çıxır);
~ tam və ya racih olan bir zərər inancı meydana gəldiyində isə, tərk etməyə yönəlmiş şiddətli və güclü bir meyl, felə, gərəklilik tərzində tərəttüb edir.
• Üçüncü mərtəbədə isə, yəni, felə bitişik və yaxın olan son mərtəbədə isə, orqanlar, etmək və tərk etməyə yönəlmiş gücü mövcud olub (bu güc də) sağlam olduğunda, ardınca, müəyyən bir meyl, orqanla bərabər olan o gücə əlavə edildiyində, bu meyl və gücün cəmi, felin meydana gəlməsində müəssir/təsir edici olur.
Bax bu, bilinən və mücməl olaraq ifadə edilən bir sözdür ki, "əd-Dəvai və's-Savarif" babında, açıqlaması keçmişdi.
Bu ortaya çıxdığına görə, belə deyirik:
Şeytanların vəsvəsəsi və mələyin ilhamı:
~ ya son;
~ ya orta;
~ ya da ilk mərtəbədə
reallaşır.
• Son mərtəbədə (yəni, fel mərtəbəsində), bunların (yəni, vəsvəsə və ya ilhamın) mövcud olması, imkansızdır. Çünki, meyllə bərabər gücün felə təsiri, zəruri və vacib bir şeydir. Zəruri olan şeylər üzərində isə, başqasının bir təsiri olmaz.
• Orta mərtəbədə (yəni, inanc, etiqad mərtəbəsində) də, ilham və vəsvəsənin bir təsiri olmaz. Çünki, tam və ya racih bir fayda inancının, felin seçimindəki təsiri, zati (yəni, özündən qaynaqlanan) və zəruri bir təsirdir. Eyni şəkildə, tam və ya racih bir zərər inancının, feli seçməmədəki təsiri, zəruri bir təsirdir. Zəruri şeylər üzərində, başqasının bir təsirinin olması isə, mümkün deyildir.
Bu 2 qisim (yəni, vəsvəsə və ya ilhamın, fel və etiqad mərtəbəsində gerçəkləşməsi) yalnış olunca, vəsvəsə və ilhamın təsirinin, sadəcə,
• İlk mərtəbədə (yəni, bilik və idrak mərtəbəsində) gerçəkləşdiyi, bəlli olur. Məsələn, insan, müəyyən bir pis işdəki həzzi, xoşluğu və rahatlığı unudarsa, şeytan, ona, bunları xatırladar; ya da itaətdəki sevinc və səadəti unudarsa, mələk, bunları ona xatırladar.
Bu uca və şərəfli məsələ ilə, İlahi Kitabda gələn şeylərin doğruluğu, üzə çıxır. (Allah Taala), İlahi kitab'da, şeytan haqqında xəbər verərkən, belə buyurur:
...وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَـٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى ۖ فَلَا تَلُومُونِى وَلُومُوٓا۟ أَنفُسَكُم...
"Mənim, sizin üstünüzdə, heç bir gücüm (hökmranlığım) yox idi. Mən, sizi azğınlığa dəvət etdim; siz də, dəvətimi qəbul etdiniz. Buna görə də, məni yox, özünüzü qınayın." (İbrahim/22)
Bu, son dərəcə uca və şərəfli bir məsələdir.
Allah, bizi, bu ruhani sirlərə aparmaq surətilə, fəzli və rəhmətilə şərəfləndirincə, bunun təfərrüatı olmağa əlverişli olan xüsuslara təmas edək:
• Birinci füru:
Şeytan, mizac və nəfsə aid qüvvələrin köməyilə, vəsvəsə verə bilər. Çünki, insanların, bəzi şeylərə meyl etmək və bəzi şeylərdən çəkinməkdə fərqli olduqlarını, açıqlamışdıq. İnsanların bir qismi, bunu; bir qismi də, bunu iradə edər və bunun, əksi də ola bilər. Bu qisimlər, mala və məqama düşgünlük, yemək, içmək və cinsi münasibət cəhətindən də şaxələnir. İnsanların xoşlarına gələn şeylər, çox fərqli olub qeyd altına alına və sayıla bilən deyildirlər. Şeytan, insanı, çirkin bir felə aparmaq istədiyində, insan təbiətinin o feldə meyl edəcəyi həzləri və rahatlıqları xatırladır. Mələk, insanı, bir feldən uzaqlaşdırmaq istədiyində, insan təbiətinin o feldə çəkinəcəyi xoş olmayan şeyləri xatırladır.
• İkinci füru:
Mənəvi kəşf sahibləri, şeytani vəsvəsələr və Rahmani xatirələr arasındakı qeyd altına alınan fərqləri sayarkən, çətinliyə düşmüş və bu xüsusda da, sözü uzatmışlardır. Mən (Razi) isə, belə deyirəm:
Müfariq (dünyadan ayrılmış) aləm ilə bağlı olan əqli səadətlərin, cismani aləm ilə əlaqəli səadətlərdən daha tam və daha şərəfli olduğunu, açıqlamışdıq.
~ Səni, ruhani şeylərdən birinə dəvət edən hər şey, ruhani bir dəvət (çağırış)'dır.
~ Səni, bu dünyanın həzlərinə və yaxşılıqlarına dəvət edən hər şey də, şeytani bir dəvətdir.
Burda, diqqət çəkilməsi lazım gələn yanıldıcı bir nöqtə vardır. (Belə ki):
Bəzən, bir işin başında, bir felin, Rahmani bir dəvət olduğu zənn edilə bilərkən; (əslində) belə olmayıb, əksinə, onun qaynağı, şeytani bir dəvət ola bilər. Bəzən, bunun ziddi də ola bilər.
~ Bunun misalı sədədində, həqiqi elmləri əldə etməyə və dünyadan, səmimi bir şəkildə uzaq durmağa davam edən bir kimsəni, ələ alaq. (Belə ki):
Bunun, Rahmani bir dəvət (çağırış) olduğu zənn edilə bilər. Ancaq, xüsusilə, bu kimsənin, elm əldə etmədəki məqsədi, müasirlərinə qarşı lovğalanmaq və cismani aləmdə idarəçilik əldə etmək olduğunda, bu, Rahmani bir dəvət deyildir.
~ Başqa bir misal olaraq, örf və adətdə etibar görən şeylərə yönəlməməyi adət halına gətirən kimsəni ələ alaq. (Belə ki):
Bunun da, şeytani bir dəvət olduğu zənn edilə bilər. Xüsusilə, o kimsənin, bununla məqsədi bu dünyaya və bu dünyanın xoşluqlarına yönəlməkdən nəfsi uzaqlaşdırmaq olduğunda, bu, şeytani bir dəvət deyildir.
Nəticədə, qəlbin meyl etdiyi hər fel üzərində düşünmək lazımdır. O felin son məqsədi, qeyb aləminə yönəlməkdirsə, o, Rahmani bir dəvətdir. O felin son məqsədi, bu cismani aləmin faydalarından birini güdməkdirsə, o, şeytani bir dəvətdir.
Bunlar, din və dünya cəhətindən fayda təmin edən dərin məsələlərdir.
Allahdan, müvəffəqiyyət, xeyir, rəhmət, kərəm və nemət diləyirik.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "əl-Mətalibu'l-Aliyə minə'l-ilmi'l-İlahi", 7-ci cild, s. 323-332)
--------------------------
--------------------------
Əlavələr:
• Mələklərin varlığının əqli isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-va...
• Kəşf nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/k%C9%99sf-n%C9%99dir
• İlham nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ilham-n%C9%99dir-6
