Bəqərə surəsi 14-15-ci ayələrin təfsiri

وَإِذَا لَقُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ إِلَىٰ شَيَـٰطِينِهِمْ قَالُوٓا۟ إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِءُونَ

•

ٱللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ

Yəni:

“Onlar, iman edənlərlə qarşılaşdıqlarında, 'İman etdik.' dedilər. Öz şeytanları ilə yalnız qaldıqlarında isə: 'Şübhəsiz, biz, sizinlə bərabərik. Biz, ancaq, (onlarla) istehza edənlərik.” dedilər. (Bəqərə/14)

“Allah da, onlarla istehza edər və tuğyanları içində sərgərdan gəzmələrinə mədəd verər.” (Bəqərə/15)

 

Bil ki:

Bu ayətin mənasının əvvəlkilərlə nəzm cəhəti:

4-cü cinayətlərinin, digərləri üzərinə ətf edilməsidir. Yəni, "Möminlərlə istehzaları və Onları həqir görmələri", əvvəlindəki fəsad (yəni, aldatma), ifsad və möminləri səfeh görmək cinayətlərinə ətf edilmişdir.

-----------------------

-----------------------

Ayətin cümlələri arasındakı nəzm cəhəti:

Ələm (ağrı)'lara qarşı bir istinad nöqtəsi və əməl (arzu)'lara qarşı bir istimdad nöqtəsi olan imanın, 3 həqiqi xüsusiyyəti vardır:

1. İstinad nöqtəsindən gələn nəfsin izzəti. Təzəllül (zilləti qəbul etmə)'yə tənəzzül etməmək, nəfsin izzətinin şanındandır.

2. Şəfqət. Başqalarını zillət və həqarətə məruz qoymamaq, bunun şanındandır.

3. Qiymətli səciyyə (təbiət) sahibi kimsə, həqiqətə müştaq (istəkli) olması və ona layiq olduğu dəyəri verməsi səbəbilə, həqiqətlərə hörmət etmək və qiymətlərini bilmək. Ciddiyyət sahibi olması ilə də, həqiqəti istixfəf etməmək (xəfif, kiçik görməmək).

Bunun kimi, imanın ziddi olan nifaq üçün də, bu xüsusiyyətlərin ziddi olan 3 xüsusiyyət vardır:

1. Nəfsin zilləti;

2. İfsad meyli;

3. Başqasını həqir görmək surətilə qürur.

Bunu fəhm etdiyində, bil ki:

Nifaq, nəfsin zillətini meydana gətirir. O da ---> təzəllülü (zilləti qəbul etməyi); o da ---> riyanı; o da ---> mudahənə (sünili)'yi; o da ---> yalanı...

(Quran), buna, "və izə ləqulləzinə əmənu qalu əmənnə = iman edənlərlə qarşılaşdıqlarında, dedilər: 'Biz, iman etdik." ilə işarət etdi. Sonra --->

Nifaq, qəlbi pozar; qəlbin fəsadı, ruhda, yetimliyi nəticə verər. Yəni, sahibsiz, himayəçisiz, maliksiz olduğu nəticəsinə çatdırar. Bundan da, qorxu doğar. Bu qorxu, insanı, gözdən uzaq qalmağa sövq edər. (Quran), buna, "və izə xaləv = yalnız qaldıqlarında" ləfzilə işarət etdi. Sonra --->

Nifaq, sila-i rəhmi (qohum-əqrəbalıq bağlarını) kəsər. Bu bağı kəsmək isə, şəfqəti ortadan qaldırar. Şəfqətin zavalı (bitməsi) isə, ifsadı nəticə verər. O da, fitnəni; o da, xəyanəti; o da, zəifliyi...Zəiflik isə, o kimsəni, özünə dəstək olacaq və söykənəcək kimsələr axtarmağa məcbur edər. Buna, "şəyətinihim = şeytanları" kəliməsilə işarət etdi. Sonra --->

Nifaq, tərəddüd içində bir cəhalət olduğundan, şəxsiyyətsizliyi; o da, bir inancda sabitlik göstərməməyi; o da, məsləksizliyi; o da, özlərinə güvənilməməyi nəticə verər. Bu isə, onları, yeniləməyə məcbur edər. Bu silsiləyə, "qalu: 'innə məəkum = dedilər: 'şübhəsiz biz, sizinlə bərabərik." ləfzilə işarət etdi. Sonra --->

Üzr bəyan etməyə ehtiyac duyunca, öz xəfiflikləri səbəbilə, həqiqəti xəfifə aldılar. Qiymətsiz olduqlarından, qiymətli şeylərə əhəmiyyət vermədilər. Nəfslərinin zillətindən və qürurun mənşəi olan nəfsin zəifliyindən dolayı, ali şeyləri əhəmiyyətsiz gördülər. Quran, bunu belə söylədi: "innəmə nəhnu mustəhziun = biz ancaq, istehza edənlərik." Sonra --->

Bu ayələri dinləyən muxatab, kəlamın gedişatından, möminlərin onlara qarşılıq vermələrini gözləyərkən, möminlərin yerinə, Allahın qarşılıq verdiyini gördü. Bu qarşılıqda:

~ Möminlərin təşrifinə işarət vardır;

~ Allahın qarşılığına nisbətlə, onların istehza etmələrinin, heç hökmündə olduğuna rəmz vardır;

~ O münafiqlərin axmaqlığına, zəcrinə və rəddinə ima vardır. Çünki, Allahın himayə etdiyi kimsələrlə, necə istehza edilə bilər?!

Buna işarətən, Allah, "Allahu yəstəhziu bihim = Allah, onlarla istehza edər." dedi. Yəni, "Onların istehzalarını, dünya və axirətdə davam edəcək, yenilənəcək istixfəf və təhəkküm surətilə, ən şiddətli bir şəkildə cəzalandırar."

"Və yəmudduhum fi tuğyənihim yə'məhun = və tuğyanları içində sərgərdan gəzmələrinə mədəd verər."

Ayətin bu qismi, onların istehzalarına istehza tərzilə cəza verilməsini ortaya qoyar; bunun necə olduğunu təfsil və təsvir edər.

--------------------------------

--------------------------------

Hər cümlənin cüzləri (parçaları)'nın nəzm cəhəti:

"Və izə ləqu'l-ləzinə əmənu, qalu: 'əmənnə" = "İman edənlərlə qarşılaşdıqlarında, dedilər: 'iman etdik"

Ayətin bu qismi, onların mudahənələrini (haşiyə) ifadə etmək üçün sövq edilmişdir.

-----------------------

(Haşiyə:

Mudahənə nədir?

Lüğətdə, "yumşaqlıq, süni hərəkət, olduğundan başqa cür görünmək" kimi mənalara gələn "mudahənə" kəliməsinin, "yağ" mənasındakı "duhn"dən meydana gəldiyi; yağın, şeyləri yumşaltması kimi, bəzi söz və davranışların insanları yumşaltmasından, etirazlarını əngəlləmaindən və onları razı salmasından dolayı, bu cür davranışlara, məcaz təriqilə, "mudahənə" deyilmişdir.)

------------------------

~ "izə/dıqda, dikdə" dəki qətiyyət, bunu, qərarlılıqla, qəsdən və bilə-bilə etdiklərinə imadır. Yəni, əhl-i imanla qarşılaşmağı, əzm və qəsdlə etmişlərdir.

(Yəni, “izə/dıqda, dikdə" kəliməsi, şərt ədatı olub, qətiyyət ifadə edir.)

------------------------

------------------------

~ "ləqu/qarşılaşdılar" ləfzi, onların, yollarda, insanların içində əhl-i imanla qarşılaşmağı qəsdən istədiklərinə imadır.

(Çünki, "liqa" kəliməsi, ərəb dilində, "qovuşmaq" mənası ifadə edir. Qovuşmaq isə, əvvəlcədən bir planı gərəkdirir.)

-----------------------

-----------------------

~ "əl-mu'minunə/möminlər" demək yerinə, "əlləzinə əmənu/o kimsələr ki iman etdilər" deyilməsi,

• onların möminlərlə mübaşərət etmələri, təmas qurmaları və irtibatlarının, iman sifətilə olduğuna; və

• möminlərin çox vəsfləri arasında onlar üçün nəzər yerinin, sadəcə iman sifəti olduğuna

işarətdir.

-------------------

İzahı:

Müəllifin bundan çıxardığı, 2 işarət vardır:

1. Ayədəki "əlləzinə əmənu = o kimsələr ki iman etdilər" kəliməsindəki "əlləzinə", ismu'l-mövsul'dur. Bunda, zatdan çox sifət nəzərə çarpır. Möminlərin əsas sifəti isə, imandır. Bu halda, ayənin mənası, belə olur:

"Onlar, iman edənlərlə -iman sifətlərindən dolayı- qarşılaşdıqlarında, dedilər..."

Halbuki, "əl-mu'minunə" kəliməsi gətirilsəydi, bu, möminlərin sadəcə zatına diqqət çəkmək olardı.

İsmu'l-mövsul nədir?

İsmu'l-mövsul, dilimizdə, "nisbi əvəzliklər" deməkdir. Nisbi əvəzlik anlayışı, dilimizə aid bir əlamət deyildir. Rus, fransız və s. bir sıra başqa dillərdə, buna daha çox rast gəlinir. Bunun nə olduğunu və azərbaycan dilinə necə tərcümə olunduğunu başa düşmək üçün, hərfi tərcüməsi azərbaycan dilində kobud səslənsə də, bir cümləyə müraciət edək. Belə ki:

الرجل الذ ي خرج من الفصل مدرس

Ər-raculu, əlləzi xaraca minə'l-fasli, mudərrisun.

Yəni:

“Kişi, kim ki sinifdən çıxdı, müəllimdir.”

Burda, "əlləzi", yəni, "kim ki" kəliməsi, ismu'l-mövsul, yəni, nisbi əvəzlikdir.

Nisbi əvəzliklər, ayrılıqda mənası olmayan mübhəm isimlərdir və mənaları, yalnız özlərindən sonra gələn cümlə vasitəsilə aydınlaşır. Bu cümlədə də, "əlləzi/kim ki" əvəzliyinin mənası, yalnız bu əvəzlikdən sonra işlənən "sinifdən çıxdı" feli cümləsilə aydınlaşdı.

Nisbi əvəzlikdən sonra gələn və əvəzliyin mənasını aydınlaşdıran cümləyə də, "silətu'l-mövsul" deyilir.

Nisbi əvəzliklər:

~ kişi cinsində təkdə: əlləzi;

~ qadın cinsində təkdə: əlləti;

~ kişi cinsi cəmdə: əlləzinə (hansılar ki, kimlər ki);

~ qadın cinsi cəmdə isə: əlləti (burda ikinci ə uzadılaraq oxunur) və ya "əlləi".

İsmu'l-mövsul, siləsiz düşünülə bilməz. İsmu'l-mövsuldan məqsəd, siləsidir. Nəzərə alınacaq şey, yalnız budur.

2. Həm, bu ismu'l-mövsul işarət edir ki, möminlərin bir çox tərifə layiq xüsusiyyətləri olduğu halda; onların içindən mümtaz vəsfləri və nəzər edilən sifətləri, yalnız iman sifətidir.

----------------------

----------------------

~ "qalu/dedilər" ləfzi, onların qəlblərində olmayan şeyləri söylədiklərinə; və onların danışmalarının, təsənnu (sünilik), riya, mudahənə, töhməti dəf; möminlərdəki bəzi mənfəətlərə çatmaq; və onların sirlərindən xəbərdar olmaq üçün olduğuna bir təlvihdir.

------------------------

İzahı:

"Qalu/dedilər" ifadəsi, “qövl” kəliməsindən gəldiyi cəhətlə, bu sözlərinin bir etiqad və feldən gəlməyib, qəlblərində olmayan şeyi dillərilə söyləmiş olduqlarına işarətdir. Bu da ---> üzərlərindəki sünilik, riya, mudahənə və töhməti dəf etmək üçün; möminlərdəki bəzi mənfəətlərə çatmaq; və onların sirlərindən xəbərdar olmaq üçündür.

-----------------------

-----------------------

~ "əmənnə/iman etdik"

• Məqam təkidi gərəkdirdiyi halda təkidsiz olması və fel cümləsi olaraq gətirilməsi, kəlamlarında şiddət və qüvvət meydana gətirəcək şəkildə qəlblərində bir eşq, bir şövq və mühərrik olmadığına işarətdir.

(Yəni, əslində, münafiqliklə ittiham edildikləri halda, özlərini təkidlə müdafiə etməli idilər. Sadəcə "iman etdik" demələri, münafiqlərin, qəlbən imana bir təşviq edici, bir təhrik edici səbəbləri olmadığına işarətdir.)

• Yenə, təkidin tərkində, özləri haqqındakı töhməti dəf xüsusunda çox istəkli olduqlarına ima vardır. Sanki, (münafiqlər) belə deyirlər: "Sizin bizi inkarınız, heç də yerində deyildir; hətta, yox hökmündədir. Çünki biz, töhmət altında qalacaq kimsələr deyilik."

(Yəni, ancaq, "iman etdik" deməklə, sadəcə öz üzərlərindəki münafiqlik töhmətini qaldırmaq istəmişdilər. Bundan başqa məqsədləri yox idi.)

• Yenə, təkidin, onlara rəvac vermədiyinə rəmz vardır.

(Yəni, bu məsələdə qətiyyət ifadə edən söz söyləmək, onlarca da məqbul deyil.)

• Yenə, yalan üzərindəki bu incə və zəif pərdənin, bir az üzərinə gedilsə cırılacağına bir təlmih vardır.

(Yəni, münafiqlərin, öz iddialarını sadəcə bu "iman etdik" felilə dilə gətirmələri işarət edir ki, onların bu yalanları, zəif bir pərdədən ibarətdir. Üzərlərinə bir az şiddətlə gedilsə, bu "iman etdik" yalanları cırılıb, içindəki hilə üzə çıxacaq.)

• Fel cümləsi olaraq gəlməsində, onların mətanət və davam iddia etmələrinin mümkün olmadığına işarət vardır. Onların bu süni ifadələrindən məqsədi, ancaq və ancaq, möminlərin mənfəətlərinə şərik olmaq; və iman iddiası ilə onların sirlərindən xəbərdar olmaqdır.

(Yəni, cümlə isim cümləsi, yəni, "nəhnu mu'minun/biz, möminlərik" şəklində gətirilsəydi, sabitlik və davama işarət edərdi. Halbuki, söz, keçmiş zaman formasında, yəni, "iman etdik" şəklində, yəni sözdən də göründüyü kimi, davamlılıq ifadə etməyən bir şəkildə gətirilmişdir. Bu isə, onların, iman üzərə davamlılıq göstərməyəcəklərinə işarətdir. Elə isə, yalandan "iman etdik" demələri, Müsəlmanların mənfəətlərinə şərik olmaq, Onların sirlərindən xəbərdar olmaq üçün idi.)

 

Not: Bəqərə/14-ün 1-ci cümləsinin təhlili, burda bitir.

------------------

------------------

------------------

"Və izə xaləv ilə şəyətinihim = Öz şeytanları ilə yalnız qaldıqlarında"

~ "və izə xaləv / yalnız qaldıqlarında" ifadəsindəki cəm edici "və" hərfi, bu kəlamın, "Onların məsləkləri yoxdur." mənasını bəyan üçün sövq olunduğuna; və bu iki şərt ifadəsi arasında bildirilən gedib-gəlmələrini bəyan üçün olduğuna imadır.

--------------------

İzahı:

Ətf hərfi (bağlayıcı): "sözlər və ya cümlələr arasında əlaqə yaradan; onları, qrammatik cəhətdən bir-birinə bağlayan hərflər"dir.

Ətf hərfindən əvvəl gələnə: "mətufun aleyh", yəni, "özünə ətf edilən, bağlanılan" deyilir.

Mətuf isə: "ətf hərfilə bağlı olan kəlimə və ya cümlə" deməkdir.

Ayədə, "və izə xaləv ilə şəyətinihim / və şeytanları ilə yalnız qaldıqlarında" cümləsi, burdakı "və" ətf hərfilə, əvvəlki cümlə olan "və izə ləqulləzinə əmənu / iman edənlərlə qarşılaşdıqlarında" cümləsi üzərinə ətf edilmişdir. Demək, aralarında, bir bərabərlik vardır. Yəni, münafiqlər, hər 2 qrupla (yəni, Müsəlmanlar və kafirlərlə) bərabər iş görürlər. Bu da, onların, müəyyən bir yolları, nə də sabit bir fikirləri olmadığını göstərir. Bununla bərabər, bu "və" hərfi, münafiqlərin, Müsəlmanlar və kafirlərin rəisləri arasında gedib-gəldiklərinə də işarət edir.

-----------------------

-----------------------

~ "izə/dıqda, dikdə" (ləfzindəki) qətilik mənası, onların, fəsad (aldatma) və ifsad hökmü ilə belə bir sığınmanı zəruri bir vəzifə gördüklərinə rəmzdir.

-----------------

-----------------

~ "xaləv/yalnız qaldılar" (ləfzi), xəyanətin hökmü ilə, qorxu içində olduqlarına; qorxu hökmü ilə də, gözdən iraq olmaq istədiklərinə işarətdir.

-----------------

-----------------

~ "ilə/a, ə" (hərfi): burda, "xaləv" felinə münasib "məə/bərabər" hərfi də gətirilə bilərdi. Ancaq, "ilə"nin tərcihi, acizlik və zəiflik hökmü ilə onlara sığındıqlarına; fitnə və ifsadlarının hökmü ilə möminlərin sirlərini kafirlərə çatdırdıqlarına işarətdir.

------------------

İzahı:

Ayədə, "xaləv" felindən sonra, "məə/bərabər" ləfzinin gətirilməsi, əslində daha münasib idi. Yəni, cümlə, bu şəkildə ola bilərdi: "və izə xaləv məə şəyətinihim". Halbuki, bu ədatın yerinə, tərəf bildirən "ilə" hərfinin gətirilməsi, münafiqlərin aciz, zəif və istinad nöqtələri olmadığı üçün rəislərinə sığındıqlarına işarətdir. Yəni, öz istinad nöqtələri olmadığı üçün, aciz və zəifdirlər. Bundan dolayı, sığınmağa bir yer axtarırlar.

Yenə, bu "ilə" hərfi, intəhanı, yəni, gediləcək son nöqtəni göstərir. Ərəb dilində bu hərf, bu mənada istifadə edilir. Demək, bu hərfdən çıxan digər bir işarət budur ki, münafiqlər, İslamın, Müsəlmanların sirlərini, tədbir və planlarını, Onlardan alıb, kafirlərə aparırlar.)

-----------------

-----------------

~ "Şəyətinihim/öz şeytanları" ləfzi, bunlara işarətdir:

• Onların (yəni, münafiqlərin) rəisləri, şeytanlar kimi gizli və vəsvəsə vericidir;

• Yenə onlar, şeytanlar kimi zərər verirlər;

• Yenə, şeytanların yolundadırlar. (Yəni), şərdən başqa bir şey təsəvvür etməzlər.

 

Not: Bəqərə/14-ün 2-ci cümləsinin təhlili, burda bitir.

-------------------

-------------------

-------------------

"Qalu: 'İnnə məəkum" = "Dedilər: 'Şübhəsiz, biz, sizinlə bərabərik."

Bu cümlə, günahsız olduqlarını ifadə; əhdlərini yeniləmək; və öz yollarında davamlılıqlarını bəyan üçün sövq edilmişdir.

Bil ki: Onlara inanmayan Möminlərə təkidsiz bir şəkildə "iman etdik" deyərlərkən; inkar edən olmadığı halda (öz rəislərinə) təkidli bir şəkildə "Şübhəsiz, biz, sizinlə bərabərik." demələri, orda (yəni, Möminlərin yanında) qəlblərində, söyləmək üçün bir şövq olmadığına; ancaq burda (yəni, kafirlərin yanında) şövqlə bunu söylədiklərinə işarət vardır.

(Yəni, bəlağat qaydaları gərəyi, əgər muxatab səni inkar edən biridirsə, ona xitab etdiyin cümlə, təkidli (yəni, "innə/şübhəsiz" təkid ədatı ilə gətirilməlidir. Əgər muxatabın səni inkar edən biri deyilsə, məqam gərəyi, cümlə təkidsiz gətirilir.

Halbuki burda, ayəyə diqqət edilsə, münafiqlərin: "Şübhəsiz, biz, sizinlə bərabərik." sözlərinin muxatabı, kafirlərdir. Kafirlər isə, münafiqləri inkar edənlər olmadıqları üçün, bu cümlənin təkidsiz bir surətdə söylənməsi, daha münasib idi.

Bundakı incəliyə isə, Müəllifimizin cavabı budur:

Bu, münafiqlərin, orda (yəni, Möminlərin yanında) qəlblərində, söyləmək üçün bir şövq olmadığına; ancaq burda (yəni, kafirlərin yanında) şövqlə bunu söylədiklərinə işarətdir.)

Orda (yəni, Möminlərin yanında) fel cümləsi; burda isə, isim cümləsi (yəni, "innə məəkum = şübhəsiz biz, sizinlə bərabərik." demələri), birincidə gəlib-keçicilik; ikincidə isə, səbat və davam məqsədlərindəndir.

(Çünki, isim cümləsində, davam mənası vardır. Yuxarıda bu haqda danışdıq. Ora müraciət et.)

 

Not: Bəqərə/14-ün 3-cü cümləsinin təhlili, burda bitir.

--------------------------

--------------------------

--------------------------

"İnnəmə, nəhnu mustəhziun = Biz, ancaq istehza edənlərik."

✓ Burda, ətf hərfi yoxdur. Çünki, mövsulələr:

~ ya tam bir ittisal (yəni, bitişiklik);

~ ya da tam bir inqita (yəni, qopuqluq)

arasında təvəssut (vasitəçilik etmək) ilə iş görərlər.

Halbuki, bu cümlə, bir cəhətlə əvvəlki cümlədən bədəldir; bir cəhətlə də, onu təkiddir. Bunlar isə, tam bir ittisalı gərəkdirir.

✓ Başqa bir cəhətlə isə, müqəddər bir suala cavabdır. Bu isə, tam bir inqita (qopuqluq) halıdır. Çünki, əksəriyyətlə, cavab, xəbəri; sual isə, inşai olur.

• Bu cümlənin əvvəlkini təkid etməsi və ya ona yaxın bir mənada bədəl olmasına gəlincə:

Onların bu ifadəsində, haqqı və haqq əhlini həqir görmə vardır. Bu da ---> batili və batil yolda olanları təzim mənasına gəlir. Onlar, (şeytanlaşmış rəislərinə): "Şübhəsiz biz, sizinlə bərabərik." deyərkən, bənzəri bir məna ifadə etmişlərdir.

• Müqəddər suala cavab olma cəhəti isə:

Sanki şeytanları, onlara belə deyirlər: "Əgər bizimlə bərabərsinizsə və bizim yolumuzda gedirsinizsə, o möminlərlə bərabər görülməyiniz nə üçündür?! Ya onların yolundasınız və ya hara gedəcəyinizi bilmirsiniz."

Onlar da, "Biz, ancaq onlarla istehza edənlərik." deyə üzr bəyan edirlər. Beləcə, İslamla heç bir əlaqələri olmadığını, açıqdan bildirirlər.

--------------------------

Mətnin izahına keçmədən əvvəl, bəzi terminləri açıqlayaq. Belə ki:

√ Ətf hərfi (bağlayıcı): "sözlər və ya cümlələr arasında əlaqə yaradan; onları, qrammatik cəhətdən bir-birinə bağlayan hərflər"dir.

Ətf hərfindən əvvəl gələnə: "mətufun aleyh", yəni, "özünə ətf edilən, bağlanılan" deyilir. “Mətuf” isə: "ətf hərfilə bağlı olan kəlimə və ya cümlə" deməkdir.

√ "Bədəl", dilimizdə, "əvəz edən" deməkdir. İstilahi (terminoloji) mənası isə, belədir:

"Cümlədə, özündən əvvəl gələn cümlə üzvünə bağlayıcısız birləşən; ona tabe olan (yəni, onunla uzlaşan); və tabe olduğu cümlə üzvünün əsl məqsədini bildirməklə onu əvəz edən; və hökmə bir başa aid olan cümlə üzvü"nə deyilir.

Bədəl və onun tabe olub mənasını açıqladığı cümlə üzvü, əsasən, aşağıdakı növlərdə gəlirlər:

1. Zahir (aşkar) isim, aşkar ismi; eləcə də, aşkar isim, damiri (şəxs əvəzliyi)'ni əvəz edə bilir.

2. Fel, feli əvəz edə bilir.

3. Cümlə, cümləni əvəz edə bilir. Məsələn:

وَٱتَّقُوا۟ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ

•

أَمَدَّكُم بِأَنْعَـٰمٍ وَبَنِينَ

Vəttəqulləzi əməddəkum bi mə tə'ləmun. (Şuəra/132) Əməddəkum bi ənamin və bənin. (Şuəra/133)

Yəni:

"Bildiniz şeyləri sizə verəndən qorxun. (Şuəra/132) O, sizə, heyvanat və oğul-uşaq verdi." (Şuəra/133)

Burda, Şuəra/133, Şuəra/132-nin bədəlidir.

4. Cümlə, ismi əvəz edə bilir.

 

Not: Dəyərli oxuyucu! Bədəl haqqında, biz, qısa məlumatla kifayətləndik. Ayədə, cümlə cümlənin bədəli olduğu üçün, sadəcə cümlənin cümləyə bədəl olmasına misal verdik.

 

√ Ərəb dilində, cümlələr, bir cəhətlə, bu 2 qismə ayrılırlar:

a. Xəbər cümləsi;

b. İnşa cümləsi.

~ Xəbər cümləsində, hökm vardır. Bu hökm, doğru və ya yalnış ola bilər. Məsələn, "Daş, sərtdir." ifadəsi, bir xəbər cümləsidir. Ancaq,

~ "Daşı havaya at." dediyimizdə, bu, inşa cümləsi olur; hökm daşımır; sidqə və kizbə ehtimalı olmur.

----------------------------

İzahı:

Müəllifimiz Ustad Nursi (rahiməhullah), bu cümlənin təhlilində, deyir:

"İnnə məəkum / Şübhəsiz biz, sizinlə bərabərik." cümləsilə "İnnəmə nəhnu mustəhziun / Biz, ancaq istehza edənlərik." cümləsi arasında, ətf hərfi gətirilməmişdir. Halbuki, ətf hərfilə ətf etməsi, daha müvafiq idi. Bunun hikməti haqqında, Müəllif, 2 cavab verir. Belə ki:

1. Bəlağat qaydaları gərəyi, vəsl (birləşdirici) və ətf ilə iki cümləni eyni hökmdə birləşdirmək, ancaq, mükəmməl ittisəl (bitişiklik) və mükəmməl inqita (qopuqluq) arası bir halda caiz olur. Yəni, iki cümlə arasındakı münasibət, ya tam muttəsil (bitişik) və ya da tam munqati (qopuq) deyilsə, yəni, bəynə-bəynədirsə, yəni, ikisi arasında orta dərəcədə bir haldadırsa, o vaxt, iki cümlə, ətf hərfilə eyni hökmdə birləşdirilir. Əgər iki cümlə arasında kamal dərəcədə şiddətli bir münasibət olub bir-birilərilə tam muttəsil; və ya bir-birindən tam munfəsil (ayrılmış) isələr, aralarında heç bir münasibət yoxdursa, bu halda, ətf hərfi gəlməz.

Bu qayda gərəyi, "innə məəkum" cümləsilə "innəmə nəhnu mustəhziun" cümləsi arasındakı münasibətə gəlincə, bu iki cümlə arasında, bir cəhətdə, ittisəl vardır. Çünki, "innəmə nəhnu mustəhziun" cümləsi, bir cəhətdən, "innə məəkum" cümləsinin bədəlidir. Bu, ittisəldir. Eyni zamanda, bir cəhətdən də, təkiddir. Bu da, ittisəldir. Bədəl və təkid isə, məna etibarı ilə bir-birinə yaxındır.

~ Təkid edildiyi zaman, məna belə olur:

"Biz, qətiliklə sizinlə bərabərik. Biz, qətiliklə, Müsəlmanlarla istehza edənlərik."

~ Bədəl olduğu zaman, məna belə olur:

"Sizinlə bərabər olmağımızın bədəli (yəni, açıqlayıcısı, göstəricisi), bizim, Müsəlmanlarla istehza edənlər olmağımızdır."

Demək, ikinci cümlə (yəni, "innəmə nəhnu mustəhziun" cümləsi), birinci cümləyə (yəni, "innə məəkum" cümləsinə) bədəl və ya onu təkid üçün olsa, aralarında ittisəl olduğundan, bu hal, ətf hərfinin gətirilməsinə manedir. Bunun üçün də, iki cümlə arasında, ətf hərfi gətirilməmişdir.

2. Həm, "innəmə nəhnu mustəhziun" cümləsi, bir cəhətdə də, müqəddər olan bir sualın cavabıdır. Bu etibarla da, demək ki iki cümlə arasında tam bir qopuqluq vardır. Tam bir qopuqluğun olması isə, burda, müqəddər (ləfz olaraq mövcud olmasa da, məna olaraq var olan) cümlələrin var olduğunu göstərir. Ki, Müəllifimiz, bu müqəddər cümləni zikr etməkdədir:

Sanki şeytanları, onlara belə deyirlər: "Əgər bizimlə bərabərsinizsə və bizim yolumuzda gedirsinizsə, o möminlərlə bərabər görülməyiniz nə üçündür?! Ya onların yolundasınız və ya hara gedəcəyinizi bilmirsiniz."

Onlar da, "Biz, ancaq onlarla istehza edənlərik." deyə üzr bəyan edirlər. Beləcə, İslamla heç bir əlaqələri olmadığını, açıqdan bildirirlər.

-----------------

-----------------

~ İfadələrində, "innəmə/ancaq" demələrindəki hasr ilə, müəyyən bir həyat görüşü olmayan; hara gedəcəyini bilməyən kimsələr olmadıqlarına;

(Lüğətdə, "əhatə etmək, qısaltmaq, daraltmaq, sıxışdırmaq, həbs etmək, əngəlləmək" kimi mənalara gələn "hasr" kəliməsi, bəlağat cəhətindən, bir icaz və təkid sayılır.

Ədəbiyyat termini olaraq, "hasr": "bir ifadə içində, bir ləfz və ya ləfzlər toplusunun, digər bir ləfz və ya ləfzlər toplusuna, xüsusi bir yolla təxsis edilməsini (yəni, xas qılınmasını) və sadəcə onu bildirməsi"ni ifadə edir.

Yəni:

Onlar, "innəmə/ancaq" deməklə, buna işarət edirdilər:

"Biz, elə məzhəbsiz, ortada tərəddüd içində qalmış kimsələr də deyilik. Biz, eynilə, sizin görüşünüzdə, sizin məzhəbinizdəyik.")

 

~ "Mustəhziun/istehza edənlər" kəliməsinin isim olması ilə də, belə istehza etmək, onların həyatının bir parçası və xüsusiyyəti olduğuna; dolayısı ilə, möminlərlə bərabər görülmələrinin, ciddi bir bərabərlik mənası daşımadığına

işarət etdilər.

 

(Yuxarıda, ismin sabitlik və davamlılığa işarət etdiyini zikr etdik.)

Not: Bəqərə/14-ün 4-cü cümləsinin təhlili, burda bitir.

----------------------

----------------------

----------------------

~ "Allahu yəstəhziu bi him = Allah (da), onlarla istehza edər." (Bəqərə/15)

Bil ki: Bu cümlə, əvvəlinə ətf edilmədi; (yəni), ayrı bir cümlə olaraq gətirildi. Əgər ətf edilsəydi:

• Ya, "İnnəmə, nəhnu mustəhziun = Biz, ancaq istehza edənlərik." cümləsinə ətf olardı. O zaman da, "Allahu yəstəhziu bi him" deməsilə; onların "İnnə məəkum / Şübhəsiz biz, sizinlə bərabərik." cümləsinə təkid olardı.

(Yəni, "innəmə nəhnu mustəhziun" cümləsi, "innə məəkum" cümləsinin təkidi üçün gətirilmişdir. Yuxarıda, bu haqda danışdıq. Əgər, "Allahu yəstəhziu bi him" əvvəlindəki "innəmə nəhnu mustəhziun" cümləsinə ətf ediləcək olsa, "Allahu yəstəhziu bi him" cümləsi də, "innə məəkum" cümləsinin təkidi olacaq. Yəni, ayələr belə olacaq:

"İnnə məəkum (yəni, biz, sizinlə bərabərik). Allahu yəstəhziu bi him (yəni, Allah da, onlarla istehza edər.)

Diqqət et, "Allahu yəstəhziu bi him" cümləsi, "İnnə məəkum" cümləsinə ətf edildiyində, məna tamamilə itir.)

• Və ya, "innə məəkum" cümləsinə ətf olardı. O vaxt da, bu cümlənin də, onların (yəni, münafiqlərin) dediklərinə daxil olması lazım gələrdi.

• Və ya "qalu/dedilər" cümləsinə ətf olardı. O zaman da, (əslində) -Allahın onlarla istehzası daimi olmaqla bərabər-; (bu halda, Allahın onlarla istehzası), sadəcə rəislərilə baş-başa qalma zamanları ilə qeydli bir hala gələrdi.

• Və ya "və izə xaləv / yalnız qaldıqlarında" cümləsinə ətf olardı. Bu isə, bunun, təzəbzüb (yəni, onların nə edəcəklərini bilməmə) xüsusiyyətlərinin bir tətimməsi (tamamlayıcısı) olardı.

• Və ya "və izə ləqu / qarşılaşdıqlarında" cümləsinə ətf olardı. Halbuki, (münafiqlərin Möminlərlə qarşılaşmalarını bildirən) birinci cümlə, (münafiqlərin) etdikləri işi; bu ikinci cümlə isə, buna tərəttüb edən cəza (yəni, Allahın onlarla istehzası cəzası) haqqındadır.

----------------------

----------------------

Bütün ətf yolları qapalı olunca, ətf edilməsi doğru olmaz. Bu halda, müqəddər bir suala cavab olaraq, yeni bir cümlə olması xaricində, yol qalmır.

Bu yeni cümlədə, buna bir ima və rəmz vardır:

Onların şənaat (pislikləri) və çirkin halları elə bir dərəcəyə gəldi ki, hər eşidən və görənin ruhunu, belə bir sualı soruşmağa məcbur buraxdı: "Əməli belə olanın cəzası, nə olacaq?"

~ Muxatabın zehni, möminlərin müqabiləsini (qarşılıq verməsini) gözləyərkən, (ayədə) "Allah" ləfzilə cavaba başlanması, möminlərin təşrifinə (yəni, şərəfləndirilməsinə) və Allahın, onlara olan mərhəmətinə işarətdir.

~ Yenə, bunda, münafiqlərin zəcrinə də bir rəmz vardır. Çünki, istinadı Allamu'l-Ğuyub (bütün qeybləri ən gözəl bilən Allah) olanla, istehza edilməz!

~ Yenə, bundan bir nəticə əldə edə bilməmələri səbəbilə, məruz qalacaqları cəzaya nisbətlə, bu istehzalarının heç hökmündə olduğuna ima vardır.

~ Allah Taala'nın, onlara verdiyi sərt əzabın -Allah Taalanın şanına uyğun olmayan- istehza təbirilə ifadə edilməsi, söhbətdə müşəkələ üçündür.

(Yəni, "Allah, onlara əzab verər və ya verəcəkdir." şəklində bir cümlənin gətirilməsi daha müvafiq ikən, bu cəza, istehza ilə təbir edilmişdir. Halbuki istehza, Allahın şanına layiq deyildir. Bax bu sözün gətirilməsi, söhbətdə müşəkələ, yəni, eynisilə qarşılıq vermək üçündür. Yəni, münafiqlər, "istehza" sözünü istifadə etdilər; Allah da, onların bu sözlərinə eyni söz ilə qarşılıq verdi.)

~ Ayrıca, bundan murad, istehzanın lazımı, yəni, təhqir olmaqla bərabər, bu cəzanın, onların istehzasına bir qarşılıq, ona bir nəticə və onun bir lazımı olduğuna rəmz etmək üçündür.

~ Yenə, onların, özlərinə bir fayda verməyən, hətta zərər verən bu istehzaları, Allah Taala'nın onlarla istehzasının bir parçası olduğuna imadır. Məsələn, istehza etdiyini zənn edən birini, dəli kimi görər; vələv ki, sənə pis sözlər desə də, gülmək üçün onun danışmasını istəyərsən. Beləcə, onun səninlə istehzası, sənin onunla olan istehzanın bir parçası olar.

~ Allahın onlarla istehzası, mudari felilə (yəni, "yəstəhziu" feli şəklində) bildirilərkən; onların möminlərlə istehzaları, "mustəhziun/istehza edənlər" şəklində isim olaraq gətirildi. Bunda, ələmi (ağrını) hiss etsinlər və ondan təsirlənsinlər deyə, Allahın onlara verdiyi cəzaların və onları zəlil qılmasının, daim yeniləndiyinə işarət vardır. Çünki, eyni tərz üzərə davam edən bir şeyin təsiri, zamanla azalır, hətta yox hökmünə keçir. Bundan dolayı, belə deyilmişdir: "Şartu'l-ihsas, əl-ixtilaf = Hiss etməyin şərti, ixtilaf (fərqlilik)'dir."

 

Not: Bəqərə/15-in 1-ci cümləsinin təhlili, burda bitir.

-------------------

-------------------

"Və yəmuddu fi tuğyənihim yə'məhun = Və azğınlıqları içərisində sərgərdan gəzmələrinə mədəd verər."

Yəni, "Onlar, dəlalət səbəblərinə təvəssül etdilər, onu tələb etdilər. Allah da verdi."

~ "yəmuddu/mədəd verər" ləfzi, mötəziləni rəddə bir rəmzdir. Bunun ehtiva etdiyi istimdad (mədəd istəmək) mənası da, cəbriyyəni rəddə imadır. Yəni, "Onlar, su-i ixtiyarları ilə dəlalət yolunu ixtiyar etdilər və mədəd istədilər. Allah da, onlara mədəd verdi; və cilovlarını sərbəst buraxdı."

--------------------

İzahı:

Ayədə, həm mötəzilənin, həm də cəbriyyənin rəddinə işarət vardır. Belə ki:

~ Mötəzilə, qulların, öz ixtiyari fellərinin yaradıcısı olduğu görüşündədir. Halbuki ayədə, "yəmuddu/mədəd verər" buyurulması ilə, Allah, bu feli, qula yox, özünə nisbət etmişdir. Burda, mötəzilənin bu görüşünün batil olduğuna işarət vardır.

~ Cəbriyyə isə, qulların ixtiyari fellərində, qulun öz iradəsinin olmadığı görüşündədir. Halbuki ayədə, "yəmuddu/mədəd verər" buyurulması, bu azğınlığı istədiklərindən dolayı Allahın onlara bu işdə mədəd verdiyini göstərməkdədir. Yəni onlar bunu istəmiş, Allah da vermişdir. Demək, cəbr yoxdur.

• Mötəzilə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mot%C9%99zil%C9%99-kimdir

• Cəbriyyə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/c%C9%99briyy%C9%99-kimdir

---------------------

---------------------

~ "tuğyənihim/onların tuğyanları"

Tuğyanın onlara nisbət edilməsi, bu tuğyanı seçmədə iradə sahibi olduqlarını göstərir. "Biz, buna məcbur idik." şəklindəki üzrlərini rəddə bir rəmzdir.

"Tuğyan" kəliməsində, onların zərərinin daşqın olduğuna; selin, öz qarşısına çıxan hər şeyi silib-süpürməsi kimi, onların bütün yaxşı işlərini ehtiva etdiyinə; və kamilliyin əsasını yıxıb keçdiyinə; geriyə, ancaq seldən qalan çör-çöp yığını kimi qiymətsiz şeylər qaldığına işarətdir.

-------------------

-------------------

~ "yə'məhun/sərgərdan gəzirlər"

Yəni onlar, nə edəcəklərini bilməz, tərəddüd, heyrət içindədirlər. Bunda, onların məsləkləri (süluk etdikləri, yəni getdikləri yolları) olmadığına; müəyyən bir məqsədlərinin mövcud olmadığına işarətdir.

 

Not: Dəyərli oxuyucu! Bəqərə/14-15 ayələrinin təfsiri, burda bitir. Bundan sonra, biz, bu ayələrin Bəqərə/16 ayəsilə münasibət cəhətini zikr edib, təfsiri tamamlayacağıq. Belə ki:

----------------------

----------------------

----------------------

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلضَّلَـٰلَةَ بِٱلْهُدَىٰ فَمَا رَبِحَت تِّجَـٰرَتُهُمْ وَمَا كَانُوا۟ مُهْتَدِينَ

"Onlar, o kimsələrdir ki, hidayət qarşılığında dəlaləti satın aldılar. (Lakin), onların ticarəti, kar etmədi və muhtədin (hidayəti, doğru yolu tapanlar) olmadılar.

Ayətin, əvvəlilə nəzmi:

Bil ki: Bu ayə, əvvəlki ayələrin fəzləkəsi (özəti) və icmalıdır. Ali və təsirli bir şəkildə, onları təsvirdir.

Ticarət üslubunun təxsisi, təmsil üçündür. Çünki, Quranın ilk muxatabları, yaz-qış səfərlərilə, ticarətin acı-şirin hallarını dadmışdılar.

Münasibət cəhəti, budur: Bəşər növü, dünyaya yerləşməyə deyil; sərmayələri olan istedad və qabiliyyətlərilə ticarət edib, əkib-biçməyə; sonra, bunların məhsullarında təsərrüf etməyə gəldilər.

-------------------------

İzahı:

Müəllifimiz, bu ayətin əvvəlki ayələrlə münasibəti haqqında, belə deyir:

Quran, bir əvvəlki ayədə bəhsi keçən münafiqlər haqqında, "Mədəd istəyib, tuğyan içində heyrətdə qalanların halı nə oldu?" deyə müqəddər olan suallara, bu ayə ilə cavab verdi. Yəni:

"Bunlar, elə axmaq tayfadırlar ki, hidayəti verib qarşılığında dəlaləti satın aldılar və ticarətlərindən də qazanc əldə etmədilər."

(Not: Çünki, əvvəlki ayə ilə bu ayə arasında, ətf hərfi gətirilmədi. Əksinə, mustənifə (müstəqil) bir cümlə olaraq başlanıldı. Bu da, 2 ayə arasında müqəddər cümlələrin olduğunu göstərir.)

Bəli, münafiqlər, ömür sərmayələrini, mal və mülklərini, izzət və şərəflərini, iman və hidayətlərini verib; qarşılığında, küfr, dəlalət və tuğyanı satın aldılar.

Bu ayə, əvvəlki ayələrin icmalıdır. Təsirli və ali bir surətdə, münafiqləri təsvir edib gözlər önünə sərir.

Onların halını təmsili bir üslubla gətirməsini isə, Müəllifimiz Nursi (rahmətullahi aleyh), belə açıqlayır:

1. Birinci səfdəki muxatablar, yəni, Məkkə müşrikləri ilə Mədinə münafiqləri və kafirləri, ticarətin şirinliyini, karlı qazancını və acı olan zərərini görüb dadmışdılar. O ticarətdən qazandıqları təcrübə nəticəsində, ayədə bəhsi keçən ticarətin də nə demək istədiyini; ayənin, onların, bu ticarətdə nə qədər böyük bir zərər etdiklərini və nə dərəcə qiymətli bir malı, sərmayəni itirdiklərini xəbər verdiyini, yaxşı başa düşürdülər.

2. İnsanlar, bu dünyaya daimi yerləşmək üçün göndərilməmişlərdir. Burda, müvəqqətidirlər. Burdakı işləri isə, özlərinə sərmayə olaraq verilən istedad və qabiliyyətlərilə ticarət etməkdir. Burda saleh əməl əksinlər ki, axirətdə məhsullarını alsınlar deyə göndərilmişlərdir.

Bax, bu cəhətləri bəyan etmək üçün, ticarət üslubu, təmsil olaraq gətirilmişdir.

Not: Dünyanın, axirətin tarlası olduğu üçün bax:

https://suallarlaislam.com/.../dunya-axir%C9%99tin...

(Ustad Bədiü'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri)

 

 

Read 15 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR