Azan və iqamə fiqhi

Azan

Lüğətdə: "bildirmək, elan etmək, çağırmaq" mənasında bir məsdər olan azan kəliməsi, termin olaraq: "fərz namazların vaxtının gəldiyini, nasla müəyyənləşdirilən sözlərlə və xüsusi bir şəkildə möminlərə eşitdirmə"yi ifadə edir.

Eyni kökdən gələn "müəzzin": "azan oxuyan kimsə"; "mi'zənə" də: "azan oxunan yer" (minarə) deməkdir.

Azan kəliməsi, Quranda 1 yerdə "bildiriş" mənasında keçərkən (bax: Tövbə/3);

Termin olaraq isə, azana nida kökündən meydana gələn kəlimələrlə 2 ayət (Maidə/58; Cümə/9)'də işarət edilmişdir.

Azan, lüğət mənasında və fərqli fel formaları ilə 7 ayətdə (bax: Bəqərə/279; Əraf/167; Həcc/27);

Müəzzin də, yenə bu çərçivədə "çağıran, carçı" mənasında 2 ayətdə (Əraf/44; Yusuf/70) yer almaqdadır.

Namaz, Məkkə dövründə fərz qılındığı halda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Mədinəyə hicrətinə qədər, namaz vaxtlarını bildirmək üçün bir yol düşünülməmişdi.

Mədinə dövründə isə, Müsəlmanlar, başlanğıcda bəzən bir araya gəlib namaz vaxtlarını gözləyərlərdi. Bir müddət namaz vaxtlarında, küçələrdə "əs-saləh, əs-saləh" deyə çağırılırdısa da, bu kifayət etmirdi. Namaz vaxtının gəldiyini xəbər vermək üzərə, bir işarətə ehtiyac hiss edildiyi aşkar idi. Bunun üçün zınqırov (xristiyanların, üzərinə bir əsa ilə vuraraq səs çıxartdıqları dəmir və ya taxta parçası) çalınması; şofar (uzun bir tütək) ilə çağırmaq; od yandırılması və ya bayraq asılması şəklində fərqli təkliflər oldusa da,

~ zınqırov - xristiyanların;

~ şofar - yəhudilərin;

~ atəş - məcusilərin

adəti olduğu üçün, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən qəbul edilmədi. Bu zaman zərfində, səhabələrdən olan Abdullah b. Zeyd b. Sələbə'yə yuxuda ikən azan öyrədilmiş, Abdullah da, ertəsi gün Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, bunu xəbər verdi. Bunun üzərinə Allah rəsulu (sallallahu aleyhi və səlləm), Bilal (radiyallahu anh)'a azan cümlələrini oxumasını əmr etdi. Bundan sonra Ömər (radiyallahu anh) da Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, eyni yuxunu özünün də gördüyünü bildirdi. (bax: Buxari, Azan: 1; Muslim, Salat: 1)

Bundan sonra Bilal (radiyallahu anh), Nəccar oğullarından bir qadına aid yüksək bir evin üstünə çıxıb ilk olaraq sabah azanını oxudu. (bax: Əbu Davud, Salat: 3)

Beləcə, azan, hicri 1-ci (miladi 622-ci) və ya bir rəvayətə görə 2-ci (miladi 623-cü) ildə məşru qılınmış oldu. Daha sonra isə, Peyğəmbər məscidinin arxa tərəfində azan oxumaq üçün xüsusi bir yer düzəldildi.

Azan, sünnət yolu ilə məşru qılınmaqla birlikdə, Qurandakı:

وَإِذَا نَادَيْتُمْ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ۚ ذَ‌ٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ

~ "Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır." (Maidə/58)

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ ۚ ذَ‌ٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

~ "Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (Cümə/9)

ayətlərilə də təyid edilmiş (qüvvətləndirilmiş, dəstəkləndirilmişdir).

------------------------------------------------------------------------------------------------

İqamə:

Lüğətdə, "haqqını verərək etmək, yerinə yetirmək, düzəltmək, davam etdirmək" kimi mənalara gələn iqamə, termin olaraq isə, "fərz namazların başlamaq üzərə olduğunu eşitdirmək" deməkdir.

---------------------------------------------------------------------------------------------

Azan və İqamə fiqhi

Bu babda,

1. Azanın sifəti və Müəzzin'in halı;

2. Azanın və İqamətin kəlimələri, xüsusiyyətləri və Müəzzinə icabət etmək

olmaq üzərə, 2 bölmə vardır.

----------------------------------------------------------------------

Birinci bölmə: Azanın sifətləri və Müəzzin'in halı

• Camaat ilə qılınan 5 vaxt namazın əda edilməsi üçün azan vermək, sünnətdir.

"Azan, vacibdir." deyənlər də olmuşdur. Lakin səhih olan isə, azanın, müəkkəd sünnət olmasıdır. "Kafi"də də belədir. Bütün məşayix (şeyxlər), bu görüşdədir. "Muhit"də də belədir.

• Yalnız, fərzlər üçün oxunmaqda olan iqamə də, sünnətdir. "əl-Bahru'r-Raiq"də də belədir.

• Azan və iqamə, 5 vaxt namazın və cümənin sünnətidir. Bunların xaricində qalan sünnət, vitr, nafilə, təravih və bayram namazları kimi namazlar üçün, azan və iqamə, sünnət deyildir. "Muhit"də də belədir.

• Eyni şəkildə, nəzr edilmiş namazlar, cənazə namazı, istisqa (yağış namazı), quşluq, qorxu, xusuf (dünyanın, ay və günəş arasına girərək, ayın səthinə günəş işığını çatmasını əngəllədiyi vaxt) və kusuf (ayın, günəşlə yer arasına girərək, günəş işığını əngəllədiyi vaxt qılınan) namazları üçün də, azan oxunmaz. "Ayni"də də belədir.

• Qadınlar, namaz üçün azan oxumazlar və iqamə gətirməzlər. Bunlar (yəni qadınlar), -öz aralarında- camaatla namaz qılsalar belə, azan oxumaz və iqamə gətirməzlər. Lakin bunlar, namazlarını azan verərək, iqamə gətirərək qılarlarsa, namazları səhih olsa da, ancaq günahkar olarlar. "Xülasə"də də belədir.

• Nökərlər (qullar) da, namazlarını azansız və iqaməsiz qılarlar.

• Səfərinin və ya muqim (bir yerdə iqamət edib səfəri olmayan kimsə)'nin, evlərində azan oxumaları isə, məndub'dur. "Təbyin"də də belədir.

• Sabah namazı xaric, vaxtından əvvəl azan oxumaq, ittifaqla caiz deyildir.

İmam əbu Hənifə və imam Muhammə'də görə, sabah azanı da belədir. Və əgər əvvəl oxunarsa, vaxtında, yenidən oxumaq lazımdır. Fətva da, bunun üzərinədir. "Hüccət"dən nəql edilən "Tatarxaniyyə"də də belədir.

• Vaxtından əvvəl iqamə gətirmək də, icma ilə caiz deyildir. "Muhit"də də belədir.

• İmam, müəzzinin iqaməsindən bir müddət sonra gələr; və ya iqamədən sonra sabah namazının sünnətini qılarsa, yenidən iqamə gətirilməsi lazımdır. "Fətəva Qadıxan"da da belədir.

• Azan oxumağa əhil ola bilmək üçün, namazların vaxtını və qiblənin cəhətini bilmək lazımdır. "Fətəva Qadıxan"da da belədir.

• Müəzzin'in, kişi, ağıllı, saleh, müttəqi, sünnəti bilən bir şəxs olması, daha uyğundur. "Nihayə"də də belədir.

• Müəzzin'in, heybətli, insanların hallarını maraqlanıb camaatdan geri qalanları (yəni namaza gəlməyənləri), -bu hallarından- əngəlləyici olması, onun üçün ən uyğun olan haldır. Müəzzin, azan oxuma vəzifəsində davam etməyi tərk etməyən; oxuduğu azana inanan; və savabını Allahdan gözləyən bir şəxs olmalıdır. "ən-Nəhru'l-Faiq"də də belədir.

• Ən gözəli də, namazda imam olmaqdır. "Mi'racu'd-Dirayə"də də belədir.

• Əfdal (daha fəzilətli olan), müəzzin'in muqim olmasıdır. "Kafi"də də belədir.

• Bir şəxs azan oxusa, başqa biri də iqamə gətirsə, azan oxuyan kimsə -o əsnada orda- yoxdursa, bu hal, kərahətsiz olaraq caizdir.

Lakin azan oxuyan -orda- hazır olar və başqasının iqamə gətirməsindən də razı qalmazsa, başqasının iqamə gətirməsi, məkruhdur.

Azan oxuyan kimsə, başqa bir kimsənin iqamə gətirməsinə razı olarsa, bu halda, başqasının iqamə gətirməsi, bizə görə məkruh olmaz. "Muhit"də də belədir.

• Ağıllı olan uşağın azanı, "Zahiru'r-Rivayə"yə görə, kərahətsiz olaraq səhihdir. Lakin büluğ yaşına girmiş kimsənin azan oxuması, daha əvladır.

• Ağıllı olmayan uşağın azan oxuması, səhih deyildir. Oxumuş olsa belə -başqası tərəfindən- yenidən oxunar. Dəlinin haqqındakı hökm də belədir. "Kafi"də də belədir.

• Sərxoşun azanı, məkruhdur; yenidən oxunması isə, müstəhəbdir. "Təbyin"də də belədir.

• Qadının azan oxuması, məkruhdur; yenidən oxunması isə, məndubdur. "Kafi"də də belədir.

• Fasiq (günahkar, İlahi əmrlərə müxalifət edənlər)'in azan oxuması, məkruhdur. Ancaq azan veribsə, bu azan təkrar oxunmaz. "Zəxirə"də də belədir.

• Cünub (qüslsuz şəxs)'in azan və iqaməsi, rəvayətlərin ittidaqı ilə məkruhdur. Doğru olan, onun oxuduğu azanın da, iqamənin də yenidən verilməsidir.

• Dəstəmazı olmayanın azan oxuması, "Zahiru'r-Rivayə"yə görə, məkruh deyildir. Səhih olan da, budur. İqamə gətirməsi isə, məkruhdur. Lakin iqamə gətirmişdirsə, iqamə yenidən gətirilməz. Səraxsi'nin "əl-Məbsut"unda da belədir.

• Müəzzin azan oxuduqdan sonra irtidad etsə (dindən çıxsa), oxuduğu azan, yenidən oxunmaz. Lakin yenidən oxunsa, bu, daha əfdaldır. "Siracu'l-Vəhhac"da da belədir.

• Müəzzin azan oxuduğu vaxt dindən çıxsa, azanı başdan başlayaraq başqa birinin oxuması, daha əvladır. Lakin başqası azanı yenidən başlayıb azanı oxumaz, mürtəd (müəzzin) davam edərək azanı tamamlayarsa, bu da caizdir. "Fətəva Qadıxan"da da belədir.

• Azanı oturaraq oxumaq, məkruhdur.

Bir şəxsin, tək başına namaz qılacağı namaz üçün oturaraq azan oxumasında isə, bir beis yoxdur.

• Səfərinin minik üzərində olduğu vaxt azan oxuması, məkruh olmaz. İqamə üçün isə, miniyindən enər. Lakin enmədən iqamə gətirsə, bu da caizdir. "Muhit"də də belədir.

• Qibləyə dönməmiş olsa belə, səfərinin, minik üzərində azan oxumağa başlaması, caizdir. "Fətəva Qadıxan"da da belədir.

• Səfəri deyilkən minik üzərində azan vermək, məkruhdur. "Zahiru'r-Rivayə"də, Səraxsi'nin "əl-Məbsut"unda da belədir. Lakin azan bu şəkildə verilmiş olsa, yenidən azan oxunması lazım gəlməz.

• Nökərin, kəndlinin, çöl əhlinin (səhrada yaşayanların), zinadan doğulanın, korun azan vermələri də, caizdir.

• Bir şəxsə, bəzi namaz vaxtlarında azan oxuması üçün icazə verilsə, bəzi vaxtlarda isə icazə verilməsə, o şəxsin oxumuş olduğu azanların heç birində, kərahət yoxdur. Lakin icazə verilməmiş vaxtlarda başqasının oxuması, daha əvladır. "Muhit"də də belədir.

• Kor bir şəxs ilə 5 vaxt namazın vaxtlarını bilən bir şəxs bərabər olduğu müddətcə, korun verdiyi azanla görən birinin verdiyi azan, bərabərdir. "Nihayə"də də belədir.

• Fərz namazları azansız və iqaməsiz olaraq məsciddə camaatla qılmaq, məkruhdur. "Fətəva Qadıxan"da da belədir.

• Şəhərdə yaşayanların məhəllələrində azan oxunur, iqamə gətirilərsə, istər tək olsun, istər camatla olsun, azansız və iqaməsiz namaz qılmalarında, bir kərahət yoxdur. "Təbyin"də də belədir. Lakin:

• Əfdal olan, bunların, namazlarını azan və iqamə ilə qılmalarıdır. "Tumurtaşiyyə"də də belədir.

• Şəhərlinin qaldığı məhəllədə azan verilməzsə, o şəxsin, azanı və iqaməni tərk etməsi, məkruhdur. Əgər yalnız azanı tərk etmiş olarsa, bu, məkruh olmaz. "Muhit"də də belədir. Lakin:

• Bu şəxs, iqaməni tərk edərsə, məkruh olar. "Tumurtaşiyyə"də də belədir.

• Əgər səfəri olan bir şəxs təkdirsə, azanı da, iqaməni də tərk etməsi, məkruhdur. "Məbsut"da da belədir.

• Səfərinin sadəcə iqaməni tərk etmiş olması, caizdir; lakin məkruhdur. "Tahavi şərhi"ndə də belədir.

• Bu halda, səfərinin həm azan verməsi, həm də iqamə gətirməsi, ən yaxşısıdır.

• Eynilə, iqamə gətirmiş və lakin azan oxumamışdırsa, səfəri üçün bu da caizdir. "əl-Məbsut"da da belədir.

• Bir kimsə, yaxın olan bağ, baxça və ya ərazisində olarsa, kəndinin və ya şəhərinin azanı ilə kifayətlənər. Lakin olduğu yer, kənd və şəhərə uzaqdırsa, onların azanı ilə kifayətlənməyib özünün azan oxuması lazımdır.

• Burda, yaxınlığın ölçüsü, oxunan azanın, o şəxsə, olduğu yerdə durulmasıdır. "Muxtaru'l-Fətəva"da da belədir.

• Lakin bu halda olan kimsələrin belə, azan oxumaları daha yaxşıdır. "Xülasə"də də belədir.

• Yaşayış yerləri xaricində (yəni, çöl, səhra və bənzəri yerlərdə) camaatla namaz qılan kimsələr, azanı tərk edərlərsə, bu, məkruh olmaz; lakin iqaməni tərk etmələri, məkruhdur. "Fətəva Qadıxan"da da belədir.

• Azan oxuyan və iqamə gətirən məscid əhlinin, eyni vaxtın azan və iqaməsini təkrar etmələri, məkruhdur.

• Bir məscid əhli iqamə gətirərək camaatla namaz qılmış olsa, sonra da müəzzin və imam içəri girərək başqa bir camaatla namaz qılmaları məkruh olmaz; lakin əvvəl qılanların namazları, məkruhdur. "Mudmarat"da da belədir.

• Əgər o məsciddə, əhlindən (camaatından) başqaları camaatla namaz qılmışlarsa, məscid əhlinin, camaatla təkrar namaz qılmaları, məkruh deyildir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Məscid əhlinin bir qisim camaatı, kimsə eşitməsin deyə məscidin içində gizlicə azan oxuduqları vaxt, sonra eyni məscid əhlindən digər bir topluluq gələrək, -əvvəlki topluluğun nə etdiklərini bilmədən- açıqdan azan oxuyar, sonradan da əvvəlki camaatın gizlicə azan oxuyaraq camaatla namaz qıldıqlarını öyrənərlərsə, bu halda, birinci camaata etibar edilməz. "Fətəva Qadıxan"ın "Azan" bölməsində də belədir.

• Bir məscidin müəyyən bir imamı və müəzzini olmayıb, insanlar o məsciddə bölük-bölük, qrup-qrup namaz qılırlarsa, əfdal olan, hər camaatın azan oxuyub iqamə gətirərək namaz qılmasıdır. "Fətəva Qadıxan"da da belədir.

• Bir camaat, məsciddə camaatla qıldıqları namazın fəsada getdiyini başa düşsələr belə, o namazı, o məsciddə yenidən qılarlar. Lakin azan və iqaməni yeniləməzlər.

Lakin bu namazı, vaxtı çıxdıqdan sonra, o məscidin xaricində qılsalar, yenidən azan oxuyub iqamə gətirərlər. "Zahidi"də belədir.

• Bir şəxs, qəzaya qalmış bir namazı qılarkən, -tək olsun, camaatla olsun- azan oxuyar və iqamə gətirər. "Muhit"də də belədir.

• Bir şəxs, bir çox namazı qəzaya buraxmış olsa, -bunları da ard-arda qılacaq olsa- ilk qılacağı namaz üçün, həm azan oxuyar, həm də iqamə gətirər. Digərləri üçün də, istərsə, həm azan oxuyar, həm də iqamə gətirər; istərsə də, sadəcə iqamə gətirməklə kifayətlənər. "Hidayə"də də belədir.

• Qəza namazı da, (vaxt namazının) ədasının sünnəti üzərə olsun deyə, hər namaz üçün azan oxuyar və iqamə gətirərsə, bu, daha gözəl olar. "Kafi"də də belədir.

• Adamın bu şəkildə sərbəst olması, qəzaya qalmış olan namazları, ancaq bir məclisdə və eyni yerdə qıldığı vaxta aiddir.

Lakin bu qəza namazlarını ayrı-ayrı yerlərdə və ayrı-ayrı vaxtlarda qılacaq olan kimsənin -hər namaz üçün- həm azan oxuması və həm də iqamə gətirməsi, şərtdir. "Bahru'r-Raiq"də də belədir.

• Bizə görə, məzbut olan (zəbt edilən, qeydə keçirilən), həqiqətən, qılınan namazın, ədası olsun, qəzası olsun; o fərz üçün, azan oxumaq və iqamə gətirməkdir. O fərzi tək qılması ilə camaatla qılması da, bu hökmdə bərabərdir.

• Yalnız cümə günü şəhərdə -cüməni deyil- zöhr namazını qılacaq olanların, azan oxumaları və iqamə gətirməkləri, məkruhdur. "Təbyin"də də belədir.

• Arafat və Müzdəlifə'də bir arada qılınan namazlarda, ilk əvvəl qılınan namaz üçün həm azan oxunar və həm də iqamə gətirilər; ikinci namaz üçünsə, azan oxunmaz.

• Azan oxuyarkən və ya iqamə gətirərkən müəzzin özündən getsə və ya ölmüş olsa, bu vəzifələri başqası edər.

• Əgər müəzzin azan oxuyarkən və ya iqamə gətirərkən dəstəmazı pozular və o, dəstəmaz almağa gedərsə, azan və iqaməni, ya başqası oxuyar və yaxud da geri qayıdıb özü davam edər. "Fətəva Qadıxan"da da belədir.

• Alimlərimizin əksəriyyəti: "Azan əsnasında və ya iqamə gətirərkən dəstəmazı pozulan müəzzinin, onları tamamlaması, sonra da gedib dəstəmazını alması, əvladır." demişlərdir. "Muhit"də də belədir.

• Müəzzin, azanda və ya iqamədə, bunları oxumaqdan aciz qalarsa, orda da özünə, -qaldığı yeri xatırladıb- təlkin edəcək kimsə olmasa, bu işi başqasının tamamlaması lazımdır.

Eynilə bunun kimi, azan və iqamə əsnasında, dilinin tutulması halında da, azan və iqaməni başqası tamamlayar. "Fətəva Qadıxan"da da belədir.

• Müəzzin azan oxuyarkən, çox, -yəni fasilə sayılacaq qədər- dayanarsa, azanı yenidən oxuyar. Lakin boğazını təmizləmə və ya öskürmə kimi az bir zaman dayanmışsa, azanı yeniləməz. "əl-Fətəva ət-Tatarxaniyyə"də də belədir.

• Azan oxunarkən, üzrsüz olaraq boğaz təmizləmək və öskürmək, məkruhdur. Bu şeylərin bir üzrdən dolayı edilməsində isə, bir beis yoxdur. "Siracu'l-Vəhhac"da da belədir.

• Azan oxunarkən və iqamə gətirilərkən verilən salama qarşılıq vermək, məkruhdur. Azan və iqamə bitdikdən sonra da, -əvvəl verilmiş olan- bu salama qarşılıq vermək lazım gəlməz. Səhih olan da, budur. "Zahidi"də də belədir.

• Müəzzin'in azan oxuyarkən və ya iqamə gətirərkən, danışması və yeriməsi, uyğun olmaz.

• Müəzzin iqamə gətirdiyi əsnada, (qad qaməti's-salah)'a çatdığı vaxt isə, sərbəstdir. İstəyərsə iqaməni olduğu yerdə tamamlayar; istərsə də namaz qılacağı yerə gedərkən tamamlayar. "Fətəva Qadıxan"da, "Muhit"də də belədir.

------------------------------------------------------------------------------------------------------------------------

İkinci bölmə: Azan və İqamə'nin kəlimələri, xüsusiyyətləri və Müəzzin'ə icabət etmək

• Azan, 15 cümlədir. Bizə görə, onun son cümləsi isə, "Lə İləhə İlləllah" cümləsidir.

~ Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər (Allah, ən böyükdür).

~ Əşhədu ən lə iləhə illəllah, Əşhədu ən lə iləhə illəllah (Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur).

~ Əşhədu ənnə Muhammədən Rasulullah, Əşhədu ənnə Muhammədən Rasulullah (Şəhadət edirəm ki, Muhamməd, Allahın rəsuludur).

~ Hayyə alə's-saləh, Hayyə alə's-saləh (Namaza gəlin!).

~ Hayyə alə'l-fələh, Hayyə alə'l-fələh (Qurtuluşa gəlin!)

~ Allahu Əkbər, Allahu Əkbər (Allah, ən böyükdür).

~ Lə İləhə İlləllah (Allahdan başqa İlah yoxdur).

• İqamə isə, 17 cümlədir. 15 cümləsi, azan cümlələrinin eynisidir. Əlavə 2 cümləsi də:

"Qad qaməti's-Saləh, Qad qaməti's-Saləh" (Namaz başladı.) cümləsidir. "Fətəva Qadıxan"da da belədir.

• Bir də, sabah namazında, "Hayyə alə'l-fələh, Hayyə alə'l-fələh" cümlələrindən sonra, 2 dəfə "əs-salətu xayrun minə'n-nəvm" (Namaz, yuxudan xeyirlidir.) deyilir.

• Azan, ərəbcə xaricində -fars və ya digər dillər kimi- heç bir dil ilə oxuna bilməz. "Fətəva Qadıxan"da da belədir. Açıq və səhih olan da, budur. "Cəvhərətu'n-Nəyyira"da da belədir.

• Azan və iqaməni, açıqdan və səsi yüksəldərək oxumaq, sünnətdir. Yalnız, iqamənin səsi, azanın səsindən bir az aşağı olmalıdır. "Nihayə"də, "Bədai"də də belədir.

• Azanı minarədə və ya məscidin xaricində oxumaq, məscidin içində oxumaqdan daha müvafiqdir. "Fətəva Qadıxan"da da belədir.

• Azanda sünnət olan: Onu yüksək bir yerdə oxuyub səsi də yüksəldərək, qonşulara eşitdirmək və özünə də məşəqqət verməməkdir. "Bahru'r-Raiq"də də belədir.

• Azan oxuyan müəzzin'in, səsini, gücünün çatdığından daha artıq yüksəltməyə çalışması, məkruhdur. "Mudmarat"da da belədir.

• Müəzzin, iqaməni, yerdə və məscidin içində gətirər. "Qunyə"də də belədir.

• Azanda, tərci yoxdur. Yəni: 2 şəhadəti, 2 dəfə alçaq səslə oxuyub, sonra davam edərək yüksək səslə oxumaq, yoxdur. "Kifayə"də də belədir.

• Azanda tələsməyib, hərflərinə, məxrəclərinə, məd (hərf)'lərinə (yəni uzatmalarına) riayət etmək; iqamədə isə, tələsmək müstəhəbdir. "Hidayə"də də belədir.

Ancaq hər ikisini də tələsərək və ya hər ikisini də yavaş-yavaş, uzadaraq; və yaxud iqaməni uzadaraq və azanı isə, qısa-qısa və tələsərək oxusa, bu da caizdir. "Kafi"də də belədir. Lakin bəziləri: "Belə oxumaq, məkruhdur." demişlərdir, ki, doğru olan da, budur.

Tərassul: "Allahu Əkbər, Allahu Əkbər" deyib, bir az dayanmaq; sonra yenə "Allahu Əkbər, Allahu Əkbər" demək...Beləcə, azanın sonuna qədər, hər 2 cümlədən sonra, bir az dayanmaqdır.

Hadr isə: Kəlimələri, bir-birilərinə bitişdirərək, sürətli oxumaqdır. Yənabi'dən nəqlən "Tatarxaniyyə"də də belədir.

• Azan və iqamənin hər ikisində də durulduğu vaxt, kəlimələrin son hərəkələri, sakin qılınarlar (haşiyə-1). Bu hal, azanda həqiqətən; iqamədə isə, durmağa niyyət edildiyi vaxtdadır. "Təbyin"də də belədir.

-------------------------

(Haşiyə-1:

Sükun: Ərəb dili qrammatikasında və təcviddə, bir hərfin hərəkəsizlik halını ifadə edir. Sükun halındakı hərfə, "sakin hərf" deyilir. Sakin hərfin üzərinə, oxumaqda asanlıq olsun deyə, cəzm deyilən kiçik yuvarlaq işarət ( ْ ) qoyulur.

-------------------------

• Təkbirin (Allahu Əkbər kəliməsinin) baş hərfini, yəni Allah ləfzinin əlifini uzatmaq, küfrdür. (Haşiyə-2)

-----------------------------

(Haşiyə-2:

Bəzi alimlərə görə, Allah ləfzindəki ilk hərf olan əlifi uzatmaq, küfrdür. Bu, əlif uzadıldığında, mənanın belə olacağından dolayıdır:

"Əə llahu əkbər?": "Allah, böyükdürmü?"

Bilindiyi kimi, "Ə" ərəb dili qrammatikasında, sual ədatıdır. Dilimizdə, "mı, mi, mu, mü" mənası verir.

Əlif uzadıldığında, "Allah, böyükdürmü?" mənası verdiyinə görə, bəzi alimlər, bunu küfr görmüşlər.

-----------------------------

•"Əkbər" kəliməsindəki "bə"ni uzun oxumaq isə, böyük xətadır (haşiyə-3).

------------------------------

(Haşiyə-3:

Çünki bə'ni uzadaraq oxuduğumuzda, sözün mənası: "tək tərəfi olan və bu tək tərəf ilə çalınan nağara" demək olacaqdır. (bax: "Mu'cəmu'l-Vasiti", "Əkbəru maddəsi)

Namaz içərisində belə bir oxunuş -səhih olan görüşə görə- namazın pozulmasına səbəbdir. Əsas olan görüş, budur.

Muhamməd b. Muqatil'ə görə, əgər kişi məd ilə mədsizlik (hərfi uzun oxumaqla oxumamaq) arasındakı fərqi bilmirsə, müşkül yoxdur.

Son dövrün böyük Hənəfi fəqihlərindən olan ibn Abidin kimi alimlərin də bildirdiyinə görə, Hənəfi məzhəbində, iftitah təkbirinin sihhət şərtlərindən biri də, "Əkbər" ləfzindəki "bə"ni uzatmamaqdır. Əgər bir şəxs, "əkbəər" və ya "ikbaar" deyərsə, təkbiri yerinə gəlmiş sayılmaz; namaz içində desə, namazı pozular.

----------------------------------------

• Azan və iqamədəki cümlələrin və kəlimələrin arası, məşru olduğu kimi tərtib edilir. Yəni, oxunarlarkən, sıraya riayət edilərək oxunurlar. Səraxsi'nin "əl-Muhit"ində də belədir.

• Azan və iqamədə, kəlimələrin bəzisi, bəzisinə təqaddum etsə (yəni, biri, o birinin əvvəlinə keçsə), məsələn: "Əşhədu ən lə iləhə illəllah" demədən əvvəl, "Əşhədu ənnə Muhammədən Rasulullah" deyilsə, bu halda, əfdal olan, sırası gəlməmişdən əvvəl oxunanı saymayıb (yəni oxunmamış qəbul edib) əvvəlki cümləni yerinə qoymaq və normal sıra üzərinə, azanı oxumağa davam etməkdir. Lakin bir kimsə, belə etməyib əvvəl azanı bitirmiş olsa belə, yenə oxuduğu azan, caiz olar. "Muhit"də də belədir.

• Azan və iqamənin kəlimələri, bir-biri ardınca gələr.

• Oxumuş olduğu azanı, iqamə zənn edən bir kimsə, bitirdikdən sonra bu halın fərqinə vararsa, onun üçün əfdal olan, azanı yenidən oxuyub sonra tərtibə riayət edərək iqamə gətirməsidir.

• Yenə bir kimsə, iqamə gətirər və lakin "Azan oxudum." zənn edər, sonra da bu halın fərqinə varmış olsa, əfdal olan, yenidən qayıdıb iqaməyə başlamasıdır. "Bədai"də də belədir.

• Azan və iqamədə, qibləyə tərəf çevirilir. Qibləyə tərəf çevrilmədən oxunan azanlar da caizdir; lakin məkruhdur. "Hidayə"də də belədir.

• Müəzzin, azan oxuyarkən, "Hayyə alə's-saləh" cümləsinə gəlincə, üzünü sağ tərəfə; "Hayyə alə'l-fələh" cümləsinə gəlincə isə, üzünü sol tərəfə çevirər.

Bunları oxuyarkən, ayaqlarl yerində sabit qalar (yəni yeriməz).

Tək olsun, camaatla olsun, eynidir. Səhih olan da, budur. Hətta yeni doğulan uşaq üçün azan oxuyarkən də, bu cümlələrdə sağa və sola dönmək, ən uyğun olan hərəkətdir. "Muhit"də də belədir.

• Bu hal, yuxarıda tərif etdiyimiz kimi edilər. "Hayyə alə's-saləh"in birincisinin söyləyərkən sağa və ikinsini söyləyərkən sola; yenə "Hayyə alə'l-fələh"in də birincisini söyləyərkən sağa, ikincisini söyləyərkən sola çevrilər." deyənlər də olmuşdur. Lakin doğru olan, bir öncəki görüşdür.

• Əgər bir kimsə geniş olan otağında iqamə gətirsə, bu cümlələri söyləyərkən sağa və sola çevrilməsi, müstəhsən (gözəl) görülmüşdür. "Bədai"də də belədir.

• Müəzzin, azanı (minarəsi olmayan və lakin pəncərəli olan bir) yerdə oxuyarkən, "Hayyə alə's-saləh" dediyi vaxt, başını sağ pəncərədən; "Hayyə alə'l-fələh" dediyi vaxt da başını sol pəncərədən çıxarar.

• Bu, müəzzin, yerində dayandığı vaxt, eşitdirməsinin tamam olmadığı vaxtdadır. "Niqayə şərhi"ndə də belədir.

• Ancaq yalnız başını çevirdiyi vaxt, i'lam (azan və ya iqaməni eşitdirmək) tamam olarsa, bu hal ilə kifayətlənər. Ayaqlarını yerindən tərpətməz. "Şahan"da da belədir.

• Azan və iqamədə təlhin, məkruhdur. Təlhin: "Kəlimənin pozulmasına səbəb olacaq şəkildə nəğməli oxumaq" deməkdir. Azanı gözəl səslə oxumaq, gözəldir. Lakin, ləhn (təlhin) olmamaq şərtilə..."Şərhu'l-Viqayə"də də belədir.

• Müəzzin'in, iqamə gətirərkən, 2-şəhadət- barmağını qulaqlarına qoyması, gözəldir. Çünki belə etmək, əsli sünnət deyildir. Ancaq, i'lamın (azanı, iqaməni eşitdirməyin) daha çox olması üçün edilir.

• Əgər müəzzin, iki əlini qulaqlarına qoyarsa, bu da gözəldir. "Təbyin"də də belədir.

• Müəzzin'in, -iqamənin əksinə- səsini yüksəltməsi üçün əllərini qulaqlarına qoyması, azanın sünnətidir. "Qunyə"də də belədir.

Təsvib (müəzzin'in, azan ilə iqamə arasında, "əs-saləh, əs-saləh / namaz, namaz" deyə çağırması), məğrib namazının xaricindəki bütün namazlar üçün gözəldir.

• Təsvib, hər diyarın örf və adətinə görədir. Müəzzin, təsvib məqsədilə:

~ ya öskürər; və ya

~ "əs-saləh, əs-saləh" deyər; və yaxud

~ "iqamə, iqamə"

deyər. Çünki bu, eşitdirmədə bir mübaliğədir. Bu şəkillərin hər hansı biri də, örf olaraq bilindiyi vaxt, müəzzinin o şəkli etməsi ilə, məqsəd hasil olmuş olar. "Kafi"də də belədir.

• Müəzzin, sabah namazı üçün azan oxuduqdan sonra, oturar və Qurandan 20 ayət qədər oxuyar. Və sonra, təsvib edər. Sonra yenə oturar, bir az Quran oxuyar; sonra da qalxıb iqamə gətirər. "Təbyin"də də belədir.

• Müəzzin, azan ilə iqamə arasını, 2 və ya 4 rükət namaz qılacaq qədər ayırar. Burdakı rükətlərin ölçüsü, hər bir rükətdə 10 ayət oxuyacaq qədər uzun olmalıdır. "Zahidi"də də belədir.

• Azanla iqamənin arasını birləşdirmək (yəni azandan dərhal sonra iqamə gətirmək), ittifaqla (görüş birliyi ilə) məkruhdur. "Mi'racu'd-Dirayə"də də belədir.

• Müəzzin'in, -fərz namazından əvvəl sünnət və ya müstəhəb olaraq qılınacaq başqa namaz varsa- azan ilə iqamə arasında qılması, əvladır.

Əgər -bu əsnada- namaz qılmazsa, azanla iqamə arasında oturar. Və lakin, məğrib (axşam) namazı olduğu vaxt, müstəhəb olan, azanla iqamə arasında 3 qısa ayət oxuyacaq qədər bir müddət susmasıdır. "Nihayə"də də belədir.

• Məğrib namazında azanla iqamə arasında fasilə etməyin lazım gəldiyi xüsusunda, görüş birliyi vardır. "İtabə"də də belədir.

• Ancaq bu fasilənin miqdarında görüş ayrılığı vardır. Əbu Hənifə (rahmətullahi aleyh)'ə görə, müstəhəb olan: Azanla iqamə arasında ayaqda dayanaraq bir müddət susmaq və sonra iqamə gətirməkdir. Sükut miqdarı, əbu Hənifə'yə görə, 3 qısa və ya uzun ayət oxuyacaq qədərdir.

İmameyn'ə (əbu Yusuf və imam Muhamməd'ə) görə isə, azanla iqamə arasındakı fasilə, xatibin (cümədəki) 2 xütbə arasında oturduğu qədər az bir müddət oturmaqla olur.

• imam Halvani:

"İxtilaf, fəslin, hansı şəklinin daha fəzilətli olduğundadır. Hətta əbu Hənifə (rahmətullahi aleyh) nəzdində, əgər müəzzin oturmuş olsa, bu da caiz olar; lakin əfdal olan, oturmamasıdır; imameyn'ə görə isə, əfdal olan, oturmasıdır." demişdir. "Nihayə"də də belədir.

• Azan ilə iqamə arasında dua etmək, müstəhəbdir. "Siracu'l-Vəhhac"da da belədir.

• Müəzzin, insanların halına baxaraq, onların işi tələsik olanlarının və zəif olanların hallarını nəzərə alaraq -tələsik- iqamə gətirər. Yoxsa, məhəllə başçısının və ya məhəllə böyüklərinin xatiri üçün, dərhal iqamə gətirməz. "Miracu'd-Dirayə"də də belədir.

• Müəzzin'ə layiq olan, vaxtın əvvəlində azan oxuması və -ehtiyacı olanın (tualet) ehtiyacını etməsi; dəstəmaz almaqda olanın dəstəmazını tamamlaması; namaz qılanın namazını bitirməsi üçün- vaxtın ortasında iqamə gətirməsidir. "Tatarxaniyyə"də də belədir.

• İqamə gətirilərkən içəri girən kimsənin, ayaqda gözləməsi, məkruhdur. Bu şəxs oturar və müəzzin, "Hayyə alə'l-fələh" cümləsinə gəlincə, ayağa qalxar. "Mudmarat"da da belədir.

• Bir məsciddə, müəzzin və imamdan başqa camaat da mövcuddursa, müəzzin, "Hayyə alə'l-fələh" deməyə başlayınca, imam və camaat ayağa qalxar. Bu, imamlarımızın üçünə (əbu Hənifə, əbu Yusuf və Muhammədə) görə də belədir. Səhih olan da, budur.

• İmam, məscidin xaricində olduğu vaxt, əgər məscidə səflərin olduğu tərəfdən girərsə, hər səfi keçdikcə, o səf ayağa qalxar. Şəmsu'l-əimmə (imamların günəşi) Halvani, Səraxsi və (dövrünün Numanı, əbu Hənifəsi deyə bilinən) şeyxu'l-İslam Xahərzadə (vəfatı: miladi 1037) də, bu görüşə meyl etmişlərdir.

Əgər imam, məscidə qabaq tərəfdən girərsə, camaat, imamı gördüyü vaxt, hamısı bərabər ayağa qalxarlar.

Əgər imam ilə müəzzin, eyni şəxs olar və məscidin içində iqamə gətirərsə, iqaməni bitirmədikcə, camaat ayağa qalxmaz.

Əgər məscidin xaricində iqamə gətirmişdirsə, bu imam məscidə girmədikcə, camaatın ayağa qalxmayacağı xüsusunda, alimlərimiz ittifaq etmişlərdir.

• İmam, müəzzin "qad qaməti's-saləh" deyərkən təkbirini gətirər. Şeyxu'l-İslam şəmsu'l-əimmə Halvani: "Səhih olan da, budur." demişdir. "Muhit"də də belədir.

---------------------------------------------------------

Müəzzin'ə icabət etmək

• Azanı eşidən kimsələrin, müəzzinə icabət etməsi lazımdır. İcabət: Müəzzin nə söyləyirsə, onu eynilə təkrarlamaqdır.

Ancaq müəzzin, "Hayyə alə's-saləh" deyərkən, qulaq asan kimsənin (lə həvlə və lə quvvətə illə billəhi'l-aliyyil azim) deməsi və "Hayyə alə'l-fələh" deyərkən isə, eşidən kimsənin: "Məşəallahu kənə və mələm yəşəə ləm yəkun" (Allahın olmasını istədiyi şey olar, istəmədiyi isə, olmaz.) deməsi lazımdır. Səraxsi'nin "əl-Muhit"ində də belədir. Səhih olan da, budur. "Fətəva əl-Ğaraib"də də belədir.

• Yenə, müəzzin sabah azanında "əs-salətu xayrun minə'n-nəvm" dediyi zaman, eşidən kimsə, onun dediyini eynilə deməz. "Sadəqtə / doğru söylədin""Bərartə / doğru dedin" deyər. Səraxsi'nin "Muhit"ində də belədir.

• Yeriyərkən azanı eşitmiş olan kimsə üçün əvla olan, bir müddət dayanması və azana icabət etməsidir. "Qunyə"də də belədir.

• İqaməyə icabət, müstəhəbdir. "Fəthu'l-Qadir"də də belədir.

Müəzzin "Qad qaməti's-saləh" deyərkən, onu eşidən kimsə, "Əqaməhəllahu və ədəməhəllahu mədəməti's-səməvətu və'l-ardu / Göylər və yer davam etdikcə, Allah namaz qılmağı nəsib etsin və onu davam etdirsin" deyər.

Digər kəlimələrdə isə, -azanda olduğu kimi- söylədiyi kəlimələri eynilə təkrarlayaraq, müəzzinə icabət edər. "Ğaraib"də də belədir.

• Azan və iqaməni dinləyən kimsənin, bunların arasında danışması; icabətdən başqa bir şeylə məşğul olması; və Quran oxuması, uyğun olmaz. Azan və iqamə əsnasında Quran oxumaqda olan şəxs üçün münasib olan, oxumasını saxlayıb, azan və iqaməni dinləmək; və üsuluna görə onlara icabət etməklə məşğul olmaqdır. "Bədai"də də belədir.

• İqamə gətirilərkən, dua ilə məşğul olmaqda isə, bir besi yoxdur. "Xülasə"də də belədir.

• Bir məsciddə birdən çox müəzzin olduğu vaxt, onlar, tək-tək və biri digərini izləyərək azan oxuyarlar; camaat isə, ilk oxuyana icabət edər. "Kifayə"də də belədir.

(əl-Fətəva əl-Hindiyyə)

---------------------------

---------------------------

Əlavələr:

• Müəyyən bir imamı və müəyyən bir camaatı olan bir məhəllə məscidində, camaatla namaz qıldıqdan sonra, ikinci dəfə azan oxuyaraq orda təkrar camaatla namaz qılmaq, mübah olmaz. Lakin, azan oxumadan camaatla namaz qılmaq, icmaən mübahdır. Bu mövzuda, yol üzərindəki məscidin hökmü də, eynidir. "Şərhu'l-Məcmu"da da belədir.

• Sadru'ş-Şəhid'in, "əl-Asl" kitabında: "Məhəllə məscidində, azansız və iqaməsiz camaatla nafilə namaz qılmaq, məkruh olmaz." deyilmişdir.

---------------------------------

• Evdə azan vermək:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/evd%C9%99-azan-verm%C9%99k-0

• İqamə cümlələrinin 2-2 oxunması:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/iqam%C9%99-cuml%C9%99l%C9%99...

• Azanın sözlərində və sözlərinin bu şəkildə sıralanmasındakı hikmətlər:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/azanin-sozl%C9%99rind%C9%99-...

•  Azan möminləri sadəcə namaza çağırmaq üçündürmü?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/azan-mominl%C9%99ri-sad%C9%9...

Azan başqa dillərdə verilə bilərmi?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/azan-basqa-dill%C9%99rd%C9%9...

• "əs-Salətu xayrun minən-nəvm" və Ömər məsələsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99s-sal%C9%99tu-xayrun-m...

 

 

Read 476 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR