Rəhman surəsi 17-ci ayə
رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ
Rabbu'l-məşriqayni və Rabbu'l-məğribeyn.
Yəni:
"(Rahmən olan Allah), iki məşriqin və iki məğribin Rəbbidir." (Rahmən/17)
----------------------------
----------------------------
✓ Bu ayənin, əvvəlki ayələrlə münasibəti:
Rahmən olan Allah, bundan əvvəlki ayələrdə, ənfusi dairədəki tövhid dəlillərini bəyan etdikdən sonra, bu ayədən etibarən, afaqi dairədən (haşiyə-1) bəhs etməyə başladı. İlk əvvəl, bu ayə ilə, Rububiyyətin (haşiyə-2) əsası olan gecə-gündüzün dövrü və mövsümlərdəki dəyişiklikləri nəzərə verdi. Çünki, yerdəki bütün məxluqların icadı, tədbir və tərbiyəsi, bu gecə və gündüzün dövrü və onun nəticəsində hasil olan mövsümlərin dəyişikliyilə baş verməkdədir. O halda, gecə və gündüzün Rəbbi Kimdirsə; bütün kainatın Rəbbi də, Odur.
------------------------------
(Haşiyə-1:
Ənfusi və afaqi dəlillər üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/afaqi-v%C9%99-%C9%99nfusi-d%...
Əvvəlki (14 və 15-ci) ayələrdə, insan və cinin yaradılması ilə, onlardakı ənfusi dəlillər zikr edildi. Burda isə, afaqi dəlillərə keçildi.
Haşiyə-2:
Rububiyyət üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C...
------------------------------
------------------------------
"Məşriqayn və Məğribeyn" kəliməsi üzərinə:
Ayədə keçən "məşriqayn" (2 məşriq, doğuş yeri) və "məğribeyn" (2 batış yeri) təbirlərinin mənasını, 8 maddə halında sıralaya bilərik. Belə ki:
• Birincisi: Yaz və qış mövsümlərinə görə, günəşin doğuş və batış yerləri dəyişdiyi üçün, ayədə "2 doğuş və 2 batış yeri" təbiri istifadə edilmişdir.
Gecə-gündüzün dövrü, bu şəkildə olur:
Martın 21-ində, gecə ilə gündüz, tam bərabərləşir; ondan sonra isə, gündüzlər, Allahın iznilə, yavaş-yavaş uzanır; 3 aya qədər gündüzlər, uzun; gecələr isə, qısa olur. Bu hal, 21 iyuna qədər davam edir. Bu tarix, ən uzun gündüzdür. Bu tarixdən etibarən, gündüzlər, yavaş-yavaş qısalır; gecələr isə, uzanmağa başlayır. Bu hal, 21 sentyabra qədər davam edir. 21 sentyabrdan 21 dekabra qədər, gecələr uzanmağa başlayır; gündüzlər isə, qısalır. 21 dekabrda, ən uzun gecə olur. 21 dekabrdan 21 marta qədər, gecələr yavaş-yavaş qısalmağa başlayır; gündüzlər isə, uzanır. Bu hesab, şimal yarım kürəsinə görədir. Cənub yarım kürəsində isə, bunun əksinədir.
Bir düşün! Kainatın ilk yaradıldığı gündən bu günə qədər davam edən bu dəqiq nizam və incə hesab, hansı səbəbə həvalə edilə bilər? Aləmlərin Rəbbindən başqa heç bir səbəb, bu nizamı təsis edə bilməz.
Aləmlərin Rəbbi, bu surətdə, mövsümləri, 2 qismə ayırmışdır. 6 ay, gecəni uzabıb; 6 ay da, gündüzü uzadaraq, bu təsərrüfünü, tərbiyyə ediciliyinin mədarı (ətrafında dönülən yer) qılmışdır. Yəni, kainatdakı rububiyyətin nizamı, günəş və ayın doğuş və batışının nizamına; və gecə-gündüzün, qış və yazın dövründəki nizama bağlamışdır.
• İkincisi: "2 doğuş və 2 batış yeri" təbiri: "günəş və ayın doğuş və batış yerləri"dir. Bu təqdirdə, ayətin mənası, belə olur: "O Rahmən olan Allah, günəşin və ayın doğuşunun; günəşin və ayın batışının Rəbb'idir."
• Üçüncüsü: "Şəfəqin doğuşu (günəşin doğuşundan əvvəl görsənən dan yerinin ağarması) ilə günəşin doğuşu; günəşin batışı ilə şəfəqin batışı" murad edilmişdir.
• Dördüncüsü: Bu ayədə, təsniyə (yəni, sözün ikilikdə gətirilməsi), cəm (3-dən çox) mənasında istifadə edilmişdir. Necə ki, il boyunca, günəş, fərqli yerlərdən doğub fərqli yerlərdən batdığı üçün; çoxluğu ifadə edən "məşəriq" və "məğərib" təbirləri istifadə edilir. Məsələn, Saffat surəsinin 5-ci ayəsində: "və Rabbu'l-məşəriq / məşriqlərin Rəbbi" təbiri istifadə edilmişdir. Günəşin hər gün ayrı bir yerdən çıxıb ayrı bir yerdən batması, yer kürəsinə görədir.
• Beşincisi: Təsniyə (yəni, sözün ikilik halda gətirilməsi), müfrəd (tək) mənasındadır. Hər şeyin bir məşriqi, bir də məğribi vardır. Yerin şərqi və yerin qərbi kimi. Məsələn, Muzəmmil surəsinin 9-cu ayəsində: "Rabbu'l-məşriqi və'l-məğribi / Məşriq və məğribin Rəbbi" təbiri istifadə edilmişdir.
• Altıncısı: "Məşriqayn" və "məğribeyn" təbirləri, qış və yay mövsümlərinin ən qısa və ən uzun günlərini ifadə etməkdədir. Qış mövsümünün qısa günlərində, günəş, ən dar cəhətdən doğur və batır; yay mövsümünün ən uzun günlərində isə, günəş, ən geniş cəhətdən doğur və batır. Ən uzun və ən qısa 2 gün arasındakı günlərdə, günəşin doğuşu və batışı, hər gün fərqli cəhətlərdə olur.
• Yeddincisi: Günəş, bir yarım kürədə, doğarkən; digər bir yarım kürədə batır.
• Səkkizincisi: Bir şeyin 2 tərəfinə malik olan, əksəriyyətlə o şeyin küllisinə malik olduğundan, Haqq Taala, bu ayədə, məşriq və məğribə malik olduğunu bəyan etməklə, bütün dünyaya malik olduğunu ifadə etmişdir. Çünki, məşriq və məğribə malik olan Allah'ın, onların arasına da malik olacağı, əvləviyyətlə sabitdir. Bundan dolayı, bu ayə, Rahmən olan Allahın, bütün mövcudatın Rəbbi olduğuna dəlalət edir.
--------------------------
--------------------------
✓ Ayənin təfsiri:
Quranın, muhtəva cəhətindən, 4 əsas ünsürü vardır. Bunlar:
1. Tövhid;
2. Haşr (axirət həyatı);
3. Nübüvvət (peyğəmbərlik);
4. İbadət və ədalət'dirlər.
Yəni, Quran, hər bir ayəsində, bu 4 ünsürdən birini və ya bir neçəsini dərs verməkdədir. Bu ayə də, bu 4 ünsürün də dəlilidir. Belə ki:
1. Günəş və ayın müəyyən bir hesab ilə doğması və batmasında, bir nizam və mizan görünməkdədir. Nizam və mizanın varlığı isə, qeyrin müdaxiləsi olmadığına dəlildir. Çünki əgər Allahdan qeyrisi də bu işə (günəş və ayın doğub batmasına) müdaxilə etsəydi, Ona bu işdə şərik olsaydı, kainat alt-üst olardı. Kainat nizamlı şəkildə fəaliyyətinə davam edirsə, demək ki, bir əldən idarə edilir. (haşiyə)
-------------------------
(Haşiyə:
Təmanu dəlili üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati
-------------------------
Bununla bərabər, insan, ülfət (adət) pərdəsini cırıb, adət üzərə davam edən işlərdə, Allahın qüdrət möcüzələrini görə bilmədiyi üçün, Quran, davamlı olaraq, insanı, bu qəflətindən oyandırıb, adiyyat pərdəsi altındakı İlahi hikməti və Rabbani sənəti ona göstərir. İnsanların halına diqqət edilsə, əksəriyyətlə, adət üzərə cərəyan edən şeyləri, möcüzə olaraq görməzlər. İnanmaq üçün, mütləq qeyr-i adi bir hadisənin zühurunu gözləyərlər. Halbuki, yaradılan hər şey, möcüzədir və Allah, hər bir felilə möcüzə göstərməkdə və bu feli edə bilməklə, bütün hər kəsi aciz buraxmaqdadır. Məsələn, günəş və ayın doğub-batması, bütün bəşərin, təbiətin, səbəblərin qüdrəti xaricindədir. Elə isə, bu felin faili Kimdirsə, bu felilə, hər kəsi aciz buraxmışdır. Quranın, məhz təbiətdəki şeylərdən, hadisələrdən bəhsi, bunlara möcüzə olaraq baxmayan qafil insanlara bir tənbehdir, xatırlatmadır. Allah azimuşşan da, bu ayədə bəyan edilən günəş və ayın müəyyən bir hesabla doğuş və batışlarına nəzəri çevirir; onların hərəkətlərindən təzahür edən hikmət və ədaləti göstərməklə, ülfət (adət) pərdəsini cırır və hər bir şeydə, Allaha götürən bir yolun var olduğunu göstərməklə, ağla, geniş bir təfəkkür dairəsi açır.
Bununla bərabər, bu ayə, məşriq və məğrib səbəbilə, hədsiz nemətlərin varlıq meydanına çıxdığını bildirməklə, insanları bu nemətlərə qarşı şükrə, yəni, iman və saleh əmələ dəvət etməkdədir. Quranın tövhidin isbatındakı 2 metodundan biri də, məhz fayda dəlilidir. Yəni, Quran, əşyadan hasil olan faydanı zikr etməklə, tövhidin isbatına bir dəlil gətirir. Çünki, şüursuz səbəblərin, insanın faydası üçün çalışması, batildir.
Bununla bərabər, Quranda belə zahiri səbəblərin zikr edilməsi, onları icad qabiliyyətindən uzaq göstərmək üçündür. Ta ki başa düşülsün ki, səbəblər, yalnız pərdədirlər. Çünki, çox hikmətli qayələri və mühim səmərələri iradə etmək, Alim və Hakim (hikmət sahibi) birinin işi ola bilər. Səbəblər isə, şüursuzdurlar.
2. Bununla bərabər, Quranın bir üslubudur ki, ilk əvvəl, əsər üzərindəki fanelik damğasını göstərir. Bununla, qəlbdə dəhşətli bir yara açır. Çünki insan, bütün kainatdan süzülən bir xülasə olduğundan, kainatdakı hər bir şeyin faneliyindən, zaval və ayrılığından əzab çəkir. Bununla, mövcudatın, məhəbbətə və qəlbin əlaqəsinə layiq olmadığını başa düşür. Bunun nəticəsində, qəlbi, əbədi bir Zatı axtarmağa yönəlir və Onu tapmaqla da, bu dəhşətli yaranı müalicə edir.
Bax Quran, bu ayəsilə də, günəş və ayın hər gün batması ilə, onların faneliyini nəzərə verir. Bunun nəticəsində də, əbədi bir Zatı axtarmağa sövq edir.
Bu qisim, ayətin haşra olan dəlalətini bəyan etməkdədir.
3. Bütün bu həqiqətlər, məhz Kitab və Sünnət nuru altında başa düşüləcəyindən, ayə, nübüvvətin də haqq olduğuna bir dəlildir. Çünki mücərrəd ağıl, belə həqiqətləri idrakdan uzaqdır. Elə isə, nübüvvət nuruna ehtiyac vardır.
4. Quran, bu ayəsilə, kainatdakı hər bir şeydə müəyyən bir nizam və mizan olduğunu göstərməklə, insanın da bu nizam və mizandan uzaq qala bilməyəcəyini dərs verir. Yəni, iradəsi olmayan varlıqlar, Allahın kainatdakı qanunlarına boyun əydirildikləri halda; heç mümkünmüdür ki, iradəsi olan varlıqlara (yəni, onların ixtiyari fellərinə) bir nizam və mizan qoyulmasın və onlar da, bu təklifi qanunlara boyun əydirilməsinlər?!
Bu qisim, ayətin, ibadət və ədalətə olan dəlalətini bəyan etməkdədir. (haşiyə)
----------------------
(Haşiyə:
Təkvini və təklifi qanunlar üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir
---------------------------
---------------------------
✓ Bu ayənin, özündən sonrakı ayə ilə münasibəti:
Bir sonrakı ayət, belədir:
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
"Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"
Başda günəş və ay olmaq üzərə, aləmdə hər şey hərəkət halındadır. Hərəkətdən isə ---> zaman meydana gəlir. Zamana bağlı olaraq da ---> mövcudat, xüsusilə də insan meydana gəlir. Əgər günəş və ay hərəkət halında olmasaydılar və incə bir nizamla doğub-batmasaydılar, bütün bunlar meydana gələrdilərmi?
O halda, gecə və gündüzün dövrü ilə, mövsümlərin dəyişməsilə meydana gələn bu qədər nemətləri inkarmı edirsiniz?!
