Cahiliyyə nə deməkdir?
Cahiliyyə, cəhl kökündən olub lüğətlərdə, bu kəliməyə elmin ziddi olaraq, ümumilikdə, "bilgisizlik/elmsizlik" mənası verilir. (bax: Cəvhəri, "əs-Sihəh", "chl" maddəsi; "Lisanu'l-Arab", "chl" maddəsi)
Raqib əl-İsfahani, cəhlin 3 fərqli mənasından bəhs edərək:
• "nəfsin bilgidən/elmdən yoxsul olması" şəklindəki ilk mənanın, kəlimənin əsl mənası olduğunu ifafə etmiş;
digər 2 mənasının isə,
• "bir mövzuda doğru olanın tərsinə inanmaq" və
• "bir mövzuda edilməsi gərəkli olanın tərsini etmək"dir, demişdir. (bax: "əl-Müfrədat", "chl" maddəsi)
İslamdan əvvəlki dövrü ifadə etmək üzərə, Quran və hədislərdə, digər İslami ədəbiyyatlarda, yayğın olaraq istifadə edildiyi şəkli ilə, "cahiliyyə", "cahil" kəliməsinə, "iyyət" şəkilçisinin əlavə edilməsilə meydana gələn məsdərdir.
İslam dövründə meydana çıxmış bir məfhum olan cahiliyyə, gərək Quranda, gərəksə hədislərdə, ərəblərin, İslamdan əvvəlki inanc və davranışlarını, İslam dövründəkindən ayırd etmək üçün, istifadə edilmişdir. Bu səbəblə:
• ümumilikdə- ərəblərin İslamdan əvvəlki dövrlərinə, "cahiliyyə", "cahiliyyə əsri" (asru'l-cahiliyyə);
• o dövrdə yaşayan şairlərə də, "cahiliyyə şairləri" (şuarau'l-cahiliyyə) deyilir.
Allah rəsulu (salallahu aleyhi və səlləm)'in səhabələri, cahiliyyə kəliməsilə, İslam öncəsini, yəni miladi 610-cu ildə, vəhyin enməyə başlamasından əvvəl yaşadıqları dövrü qəsd edirlərdi. Onlar, müsəlman olduqdan sonra, bu dövrlə bağlı xatirələrini, inanclarını, davranışlarını xatırlayarkən və ya Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə o dövrdə etdikləri işlərin hökmlərini soruşarkən, əksəriyyətlə bu kəliməni istifadə etmişlərdir.
Quran-i Kərim'də, Məkkə dövründə nazil olan ayətlərdə, cahiliyyə məfhumunun istifadə edilməmiş olmasına baxaraq, bu terminin, o dövrdə hələ yerləşməmiş olduğu düşünülə bilər. Buna qarşılıq, Mədinə dövründə enən 4 ayətdə, "cahiliyyə" kəliməsi keçməkdədir.
• Nüzul (eniş) sırasına görə, bu kəlimənin ilk dəfə keçdiyi ayət, Al-i İmran surəsinin 154-cü ayətidir. Allah Taala belə buyurur:
"ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَىٰ طَآئِفَةً مِّنكُمْ ۖ وَطَآئِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَـٰهِلِيَّةِ..."
"Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə, öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar..."
Ayətdə, bəzi münafiqlərin Allah haqqındakı yalnış düşüncələrinin "cahiliyyə zənni"nə bənzədildiyi bildirilərək, cahiliyyə kəliməsi, İslam öncəsini ifadə edən bir məfhum olaraq istifadə edilmişdir.
• Nüzul (eniş) sırasına görə, cahiliyyə termininin keçdiyi ikinci ayət, Əhzab surəsi 33-cü ayətdir. Allah Subhənəhu belə buyurur:
"وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰ..."
"Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin..."
Ayətdə, "ilk cahiliyyə dövründə olduğu kimi, açıq-saçıq gəzməyin..." şəklində, xanımlar tənbeh edilərkən, yenə İslam öncəsi dövrə işarət edilmişdir.
• Üçüncü ayət, belədir:
إِذْ جَعَلَ ٱلَّذِينَ كَفَرُوا۟ فِى قُلُوبِهِمُ ٱلْحَمِيَّةَ حَمِيَّةَ ٱلْجَـٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ ٱلتَّقْوَىٰ وَكَانُوٓا۟ أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا
"O vaxt kafirlər, qəlblərinə təəssübü, cahiliyyə təəssübünü yerləşdirmişlərdi. Allah da, Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir." (Fəth/26)
Bu ayətdə, cahiliyyə çağının təəssüb və barbarlığına, müşrik toplumun həyatına hakim olan şiddət, kin və nifrətə işarət edilməkdədir.
• Cahiliyyə kəliməsinin yer aldığı dördüncü ayət isə, belədir:
أَفَحُكْمَ ٱلْجَـٰهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ
"Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (Maidə/50)
Ayətdə, yenə İslam öncəsi dövrə, o dövrün insanları arasında tətbiq edilən haqsız və zalım idarəsinə diqqət çəkilməkdədir.
Ərəblərin İslamdan əvvəlki tarixlərinin, "cahiliyyə" kəliməsilə ifadə edilməsinin səbəbləri araşdırılarkən:
• onların həyat tərzinə, bədəviliyin hakim olması;
• qonşu ölkələrdə yaşayan insanlara görə, mədəniyyət cəhətindən geri qalmaqları;
• elmsizlik və qəflət içərisində köçəri və yarı köçəri həyatı yaşayan qəbilə topluluqlarından meydana gəlmiş olmaqları;
• əhəmiyyətli bir tarixləri olmayan bir topluluq olmaqları;
• bütə ibadət edən, pisliklərini əngəlləyən bir dinə, bir peyğəmbərə və səmavi bir kitaba sahib olmayan insanlar olmaqları
kimi xüsuslar üzərində durulmuşdur.
Əvvəldən bəri qəbul edilən bu anlayışa görə, cahiliyyə dövrü, "elmsizlik/bilgidən yoxsulluq dövrü" deməkdir; İslam isə, aydınlanma və elm/bilgi dövrüdür və bu mənada, cahiliyyə dövrünün müxalif mənasıdır.
Buna müqabil olaraq, başda şərqşünaslar olmaq üzərə, müasir araşdırmaçıların əksəriyyəti, əvvəldən bəri qəbul edilən "bilgisizlik dövrü" şəklindəki bu anlayışa, cahiliyyə dövrü şeirlərindən, Quran və hədis kimi ilk İslami qaynaqlardan nümunələr verərək, yeni bir izah gətirmişlərdir.
Cahiliyyə'ni, "barbarlıq dövrü" olaraq anlayıb tərcümə edən bəzi şərqşünaslar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, İslamı, barbarlığın ziddi olaraq açıqlamış olduğunu xatırladır və bu mənadakı cahiliyyə'nin əsl müxalif mənasının, "hilm" olduğunu bildirirlər.
"Hilm" kəliməsi:
"mətanət, güc, fiziki bütünlük, əxlaq və xarakter sağlamlığı, çox həssas olmamaq, ehtiyat"
kimi mənalara gəlir. Buna görə, "həlim", günümüzdə, "mədəni insan" deyə adlandırılan şəxsdir.
Bunun ziddi olan "cahil" isə:
"azmış, arzularının əsiri, heyvani instinktləri doğrultusunda addım atan, vəhşi, şiddət tərəfdarı və tələskən bir xarakterə sahib", yəni "barbar kimsə"dir.
Bu mənadakı "cahiliyyə", barbarlıq və vəhşətin hökm sürdüyü dövrdür.
Cahiliyyə dövrü ərəbləri:
• Allahı haqqı ilə bilmədikləri;
• Ona şəksiz və şəriksiz iman etmədikləri;
• Gərək fərdi, gərəksə də ictimai həyat etibarı ilə, elmdən, nizamdan, sülhdən uzaq olduqları;
• Güclü və zadəgan sayılanları daim haqlı gördükləri; və
• Ədalətdən yoxsul bir həyat yaşadıqları üçün,
bu dövrə, "cahiliyyə" deyilmişdir.
Əvvəlki ərəb şeirlərindən birində, cəhlin, "şiddət və barbarlıq" mənasında istifadə edildiyi, hətta yerinə görə, bunun bir fəzilət sayıldığını göstərən bir çox nümunələr vardır. Məsələn:
Məşhur cahiliyyə şairi əbu'l-Əsvəd Amr b. Kulsum'un:
"Hələ biri qalxıb bizə qarşı cahillik etsin,
O vaxt biz cahillikdə bütün cahillərdən daha güclü çıxarıq."
mənasındakı beyti, (bax: Zəvzəni, "Şərhu'l-Muallaqat", s. 178, Beyrut, Məktəbət'u Dari'l-Bəyan, tarix yoxdur)
nümunələrin ən açıq və diqqət çəkici olanlarındandır.
Digər yandan, cahiliyyə dövrünə aid bir çox şeirdə, "cəhl" və "hilm" köklərindən meydana gələn kəlimələr, eyni beyt içərisində, bir birinə zidd mənalı olaraq istifadə edilmişdir.
İslamdan əvvəl cəhl, insanın şəxsi bir vəsfi qəbul edilir, ziddi olan hilm isə, əksəriyyətlə axmaqlıq sayılırdı. Cahiliyyə dövründə, fəzilət qəbul edilən bir çox anlayış və adət-ənənə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən rədd və qadağan edilmiş, buna müqabil olaraq, o dövr ərəblərincə mənimsənməyən bir çox xüsus da, fəzilət statusu qazanmışdır ki, hilm vəsfi, buna açıq bir nümunədir.
İslami dövrdə, cəhl kökünün "despotluq" mənasında istifadə edilməsinə ehtiyac qalmadığı üçün, bu kökdən gələn kəlimələrin, yalnız "bilməzlik/tanımazlıq" mənasında istifadə edən bəzi dilçilər, "cəhilə" felinin "despotlaşdı" mənasının, sanki unudulmuş olduğuna və bu halın günümüzə qədər davam etdiyinə, bu təbirin, "zülm, qürur, fisq, fücur" kimi kəlimələrin istifadə edildiyinə diqqət çəkirlər.
Farabi, "əl-Mədinətu'l-Fəzilə" adlı kitabında və siyasət fəlsəfəsinin yer aldığı digər əsərlərində, despotluğun hökmran olduğu şəhər və ya şəhərciklərə, "despotluq şəhərciyi" mənasına gələn, "əl-mədinətu'l-cahilə" adını vemişdir. Farabi'nin açıqlamasına görə:
"Bu şəhərciyin xalqı arasındakı döyüşlər və çəkişmələrin mövzusu, şərəf, rəfah, ləzzət və bunlara çatdıran vasitələrdir."
Dolayısı ilə, hər zümrə, başqa zümrələri soyub, əlindəki bu cür imkanları qəsb etmək istəyir. Hansı digərini əzərsə, o qazanclı, bəxtiyar və halına qibtə ediləcək biri sayılır.
"Cahil şəhərcik" mənsublarına görə, təbiətə uyğun olan şeylərin hamısı, ədalətə də uyğundur. Bu səbəblə, döyüşmək və başqasını əzmək, təbiət qanunlarına da uyğun olduğu üçün, ədalətin eynilə özüdür. (bax: Farabi, "əl-Mədinətu'l-Fəzilə", s. 157, Beyrut/1986)
Farabi kimi ibn Hibban da, İslami dövrlərdə, cəhl ilə hilmi, bir birinə zidd 2 məfhum olaraq qəbul etmiş və bunları, əxlaqi sahədə istifadə etmişdir.
Səhabələr, İslamın, cahiliyyə adət və ənənələrini qaldırdığını söyləyərkən:
• cahiliyyə kibir və təəssübünü;
• mütəmadi çəkişmələrə və döyüşlərə səbəb olan qəbiləçilik anlayışını;
• qan davasını;
• əfv və bağışlamağa heç cür yer verməyən barbar adətləri;
• vəhşət mentalitetini; və
• bütpərəstliyin bütün ünsürlərini
qəsd edirlərdi. Həbəşistana hicrət edən səhabələr adına kral Nəcaşi ilə danışan Cəfər b. əbi Talib'in bu sözləri, cahiliyyə məfhumunun hələ o dövrlər qazanmış olduğu muhtəvanı ifadə etməsi və ayrıca, bu məfhumun hicrətdən əvvəl bir termin olaraq istifadə edilməyə başlandığını göstərməsi cəhətindən diqqət çəkicidir:
"Ey hökmdar! Biz cahiliyyə zehniyyətinə sahib bir qövm idik; bütlərə ibadət edir, ölü heyvan əti yeyir, zina edərdik, qohum-əqrəbalıq bağlarına riayət etməz, qonşularımıza pislik edərdik, içimizdən güclü olanlar, zəifləri əzərdi..." (ibn Hişam, "əs-Sirə", I, s. 335-336; s. 555-557)
Cahiliyyə məfhumu, əsas etibarı ilə, ərəblərin İslamdan əvvəlki hallarını ifadə etməklə birlikdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), cahiliyyəyə, keçmişdə qalan bir dövr olaraq baxmamış, əksinə, bunun, hər fürsətdə təkrar ortaya çıxa biləcəyini düşünmüş və bu yöndə, xəbərdarlıqlar etmişdir.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu qayğısında haqlı olduğunu göstərən bəzi hadisələrlə də qarşılaşmışdır. Necə ki, ibn Hişam'ın əsərində yer alan ibn İshaq'ın bir rəvayətinə görə, bir vaxtlar düşmən 2 qəbilə ikən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in liderliyində, güclü dostluq bağları ilə bir birinə bağlanmış olan Evs və Xəzrəc qəbilələrindən bəzi kimsələr, dost kimi söhbət etdikləri vaxtda, müsəlmanların birlik və bərabərliyini qısqanan bir yəhudi, 2 qəbilənin əvvəlki rəqabətlərini xatırladan bəzi şeirlərlə, onları təhrik etmişdi. Tərəflərin silaha sarılaraq döyüşmək üzərə hərəkətə keçdiklərini öyrənən Allah rəsulu, onlara belə xitab etdi:
"Ey müsəlmanlar! Allahdan qorxun! Mən aranızda ikən, Allah sizi İslamla qovuşdurmuş, onunla şərəfləndirmiş, cahiliyyə zehniyyətindən qurtarmış, küfrdən uzaqlaşdırmış və sizi bir birinizə dost qılmışkən, necə olur ki, Cahiliyyə səslənişi ilə bir-birinizə düşmən ola bilirsiniz?" (İbn Hişam, "əs-Sirə", l, s. 555-556)
İslam, tövhid inancını gətirərək, bütpərəstliyə qarşı da durmuş, bu inancın əsəri olan və insan şərəfinə yaraşmayan bütün pis adətləri ortadan qaldırmış, bütlərə ibadət etməyi qadağan etmişdir. Hüquqi və əxlaqi cəbhəsilə də, cahiliyyə ruhu ilə sonuna qədər mücadilə etmiş, səfeh, qeyr-i əxlaqi və zalımca davranışlara son vermiş, cahiliyyə zehniyyətinin bütün təzahürlərini ortadan qaldıraraq, yerinə, hilmdən qaynaqlanan davranışların hakim olduğu, yeni bir həyat qurmuşdur.
Vida həccindəki məşhur xütbəsində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), cahiliyyə dövrünün:
• həcc xidmətlərindən olan siqayə (Məkkəlilərin və həcc günlərində Kəbəni ziyarət üçün gələnlərin su ehtiyaclarını qarşılamaq xidməti);
və
• sidanə (Kəbənin qapı və açarlarının mühafizəsi xidməti)
xaricindəki dini adət və tətbiqatları, qadağan etmişdir.
Bununla birlikdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in cahiliyyə dövrü ərəblərinin mədəni dəyərlərini, anlayışlarını tamamilə rədd etmədiyi, İslamın əsas hökmlərinə zidd olmayan bəzi xüsusları qəbul etdiyi görülməkdədir. Məsələn, Onun, bir səhabəyə xitabən söylədiyi:
"Ey Saib! Cahiliyyədə etdiyin fəzilətli şeylərə, İslam dövründə də, davam et. Qonaq qəbul et, yetimə ehsan et və qonşuna yaxşı davran!" (Müsnəd, lll, 425)
kimi sözləri, buna bir nümunədir.
----------------
Cahiliyyə dövrü, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in peyğəmbər olması, yəni vəhyin nazil olmağa başlaması ilə, bitmişdir. Ancaq bu dövrün, cahiliyyə zehniyyətinin mərkəzi halına gələn Məkkə'nin fəthilə bitdiyini iləri sürənlər də olmuşdur.
Əsl ixtilaf isə, cahiliyyə dövrünün başlanğıcını təyin xüsusunda ortaya çıxmaqdadır. Necə ki, müfəssirlər, Əhzab surəsinin 33-cü ayətindəki "ilk cahiliyyə" ("əl-cəhiliyyətu'l-u'lə") təbirinin dəlaləti və bununla hansı dövrün murad edildiyi xüsusunda fərqli görüşlər iləri sürmüş, bəziləri, cahiliyyəni, "ilk" və "ikinci" olmaq üzərə ikiyə ayırmışlardır.
"İlk cahiliyyə"nin hansı dövrləri içinə aldığı xüsusunda da, fərqli görüşlər bildirilmiş:
• Adəm-Nuh;
• Adəm-İbrahim;
• Nuh-İdris;
• Nuh-İbrahim;
• Davud-Süleyman; və ya
• Musa-İsa
arasında keçən dövrləri ehtiva etdiyi şəklində, fərqli vaxtlar iləri sürülmüşdür.
Cahiliyyə dövrünü ikiyə ayıran bu anlayışı mənimsəyənlərə görə, "ikinci cahiliyyə" dövrü isə:
• İsa-Muhamməd arasında keçən dövr və ya İslamın zühurundan əvvəlki, yəni miladi 5-ci əsrdən Peyğəmbərin İslam dinini təbliğə başlamasına qədər davam edən zamandır.
Bu dövrdə yaşayan və "Həniflər" deyə xatırlanan tövhid əhlinə də, bunları müşrik cahiliyyə xalqından ayırmaq üçün "fətrət əhli" deyilmişdir.
Bu təsnifi mənimsəməyən bəzi alimlər isə, "ilk cahiliyyə"nin ayrı bir dövr olmadığını, İslam dinindən əvvəlki bütün dövrləri ehtiva etdiyini iləri sürmüşlərdir.
Bununla bərabər:
• "ilk cahiliyyə" ilə- İslamdan əvvəlki dövrləri;
• "ikinci cahiliyyə" ilə də- İslami dövrdəki cahiliyyə təzahürlərini
anlamaq gərəkdiyini müdafiə edənlər də olmuşdur. Bunlara görə, mütləq cahiliyyə:
Peyğəmbərin, peyğəmbər olaraq göndərilməsindən əvvəlki bütpərəstlik dövrüdür. Bununla bərabər, İslami dövrdə də, eyni zehniyyətə sahib olanlara bu sifət verilir. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir mübahisə əsnasında, Bilal (radiyallahu anh)'ı: "qara qadının oğlu" deyə təhqir edən əbu Zər əl-Ğifari'yə:
"Onu, anasının rəngindən dolayımı ayıblayırsan? Demək ki, sən, özündə hələ cahiliyyə əxlaqı qalmış bir kimsəsən." demişdir. (Buxari, "İman"/22)
Buna görə, cahiliyyə, bir dövrün adı olması ilə bərabər, bəlli bir əxlaq və zehniyyət tərzinin ifadəsi olub hər əsrdə varlığını hiss etdirə bilər.
Cahiliyyə'nin müşrik ərəblərlə birlikdə ortadan qalxmadığını göstərən hədislərin biri də, belədir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Ümmətimin içində cahiliyyə dövründən qalan, tamamilə tərk edə bilməyəcəkləri, 4 adət vardır:
• soyları ilə qürurlanmaq;
• başqalarının soyuna dil uzatmaq;
• ulduzları vəsilə edərək yağış gözləmək;
• ölünün arxasından yüksək səslə ağlamaq." (Muslim, Cənaiz/29)
Bəzi elm adamları da, cahiliyyə dövrünü, yalnızca:
• ərəblərin bütpərəstliyinə;
• qan davalarına; və
digər əxlaqi xarablıqlarla məhdudlaşdırmağın, cahiliyyə təzahürlərini cahiliyyənin özü deyə qəbul etməyin yalnış olduğunu bildirmişlərdir.
Buna görə:
• insanların nəfsani və keyfi arzularına qul olduqları;
• İlahi kitaba tabe olmağı rədd etdikləri;
• Zülm, irqçilik
kimi pis vərdişlərlə bəslənib ayaqda duran sistem və rejimlərin hakim olduğu hər zaman və məkanda, cahiliyyə, öz varlığını davam etdirməkdədir.
- Müsəlman olmamışdan əvvəl and içdiyimiz şeyləri, müsəlman olduqdan sonra yerinə yetirməliyikmi?
- Novruz bayramını qeyd etmək olarmı?
- Hicr surəsi 72-ci ayətin təfsiri
- Müsəlman olmadan əvvəlki günahlarımızdan dolayı cəzalandırılacayıqmı?
- "Utanmasan, istədiyini et." hədisdirmi?
- Müsəlman olmamışdan əvvəlki günahlar üçün cəzalandırılacayıqmı?
- Ərəfə orucu haqqında məlumat verərsinizmi?
- Əhzab surəsi 33-cü ayətinin təfsirini verə bilərsinizmi?
- Peyğəmbər cinləri görmüşdürmü?
- Visal orucu nədir?