Nisa surəsi 59-cu ayə (1)

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَـٰزَعْتُمْ فِى شَىْءٍ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ ذَ‌ٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

Yə əyyuhəlləzinə əmənu! Ətiullahə və ətiu'r-Rasulə və uli'l-əmri minkum. Fə in tənəzə'tum fi şeyin, fə ruddu iləllahi və'r-rasuli, in kuntum tu'minunə billəhi və'l-yəvmi'l-əxir. Zəlikə, xayrun və əhsənu tə'vilə.

Yəni:

"Ey iman gətirənlər! Allaha itaət edin. Rəsula və sizdən olan əmr sahiblərinə də itaət edin. Əgər bir şey haqqında çəkişsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu, Allah və Onun rəsuluna irca edin (qaytarın, götürün). Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha gözəldir." (Nisa/59)

------------------------

Təfsiri:

Bil ki, Allah Taala, idarəçilərə və valilərə, idarə etdikləri kimsələr haqqında adil olmalarını əmr edincə (bax: Nisa/58); idarə edilənlərə də, idarə edən kimsələrə itaət etmələrini əmr edərək, "Ey iman gətirənlər! Allaha itaət edin..." buyurmuşdur. Bax bundan dolayı, Əli (radiyallahu anh): "İmamın (idarəçinin), Allahın endirdiyi ilə hökm etməsi və əmanətləri yerinə yetirməsi, vacibdir. O, bunu etdiyində, xalqın da onu dinləyib ona itaət etməsi, vacib olur." demişdir.

Bu ayə ilə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ: (Əmr və iradənin fərqli olması)

Mötəzilə, "İtaət, Allahın iradəsinə tabe olmaqdır." deyərkən; bizim (əhl-i sünnət) alimlərimiz: "İtaət, Allahın iradəsinə deyil; əmrinə tabe olmaqdır." demişlərdir.

Bizim dəlilimiz, budur:

Allahın əmrinə tabe olmağın itaət olduğu xüsusunda, bir münaqişə yoxdur. Münaqişə, sadəcə, əmr edilən şeyin, Haqq Taala'nın muradı olub-olmamasının vacib olduğu xüsusundadır. Bundan dolayı, biz, əmr edilən şeyin, bəzən Haqq Taala'nın muradı olmayacağı xüsusunda dəlil gətirdiyimizdə, bax o vaxt, itaətin, Onun iradəsinə tabe olmaqdan ibarət olmadığı, sabit olmuş olur. Biz: "Allah, bəzən iradə etmədiyi şeyi də əmr edər." deyirik. Çünki, Allahın elmi və xəbəri, əbu Ləhəb'in qətiliklə iman etməyəcəyinə təəlluq etmişdi (əlaqəli olmuşdu, bilmişdi). Bu elm və xəbərin sonlanıb cəhalətə çevrilməsi isə, imkansızdır. Halbuki, (əbu Ləhəb kimilərdən) imanın sadir olması, bu elm və xəbərə ziddir. 2 ziddin cəmi isə, imkansızdır. Beləcə, əbu Ləhəb'dən imanın sadir olması, imkansız olmuş olur. Allah Taala bütün halları biləndir. Bundan dolayı, bunun imkansız olduğunu da bilir. Bir şeyin imkansız olduğunu bilən, o şeyi iradə etmiş ola bilməz. Bundan dolayı, Haqq Taala'nın, əbu Ləhəb'in iman etməsini murad etməmiş olduğu sabit olur. Halbuki ona, iman etməsini də əmr etmişdir. Bundan dolayı, Haqq Taala'nın, iradə etmədən bir şeyi əmr etməsi, sabit olmuş olur. Bu sabit olunca, Allah Taala'ya iman etməyin, Allahın iradəsinə müvafiq olmaqdan deyil; Onun əmrinə müvafiq olmaqdan ibarət olduğu xüsusunda qəti hökm vermək, lazım gəlir.

Mötəzilə isə, Haqq Taala'nın iradəsinə tabe olmağa itaət adı verildiyi xüsusuna, şairin bu beytini dəlil gətirmişlərdir:

"Köksü qeyzlə dolub-daşmış olan bir çox kimsə vardır ki, mənim üçün, ölüm istəmiş, ancaq bunu yerinə yetirə bilməmişdir."

Şair, bu beytində, itaəti, təmənni (istəmə)'yə bağlamışdır ki, təmənni də, iradə cinsindəndir.

Buna, bu şəkildə cavab verilə bilər: Azacıq ağlı olan bir kimsə, bizim (yuxarıda) zikr etdiyimiz bu qəti dəlilə belə bir xarab hüccət ilə qarşı çıxılmasının uyğun və yerində olmayacağını bilər.

----------------------------

✓ İkinci məsələ: (Bu ayənin, əsas şər'i dəlilləri bildirməsi)

Bil ki, bu ayə, fiqh üsulu elminin əksər qaydalarını ehtiva edən, çox uca bir ayədir. Bu, belədir. Çünki, fəqihlər, şəriətin əslinin 4 olduğunu; bunların da:

~ kitab;

~ sünnət;

~ icma; və

~ qiyas

olduğunu söyləmişlərdir.

Bu ayə də, eyni sıraya görə, bu 4 əslin varlığının izahını ehtiva etməkdədir.

Kitab və sünnətə, Haqq Taala: "Ey iman edənlər! Allaha itaət etdin. Peyğəmbərə itaət edin..." sözü ilə işarət etmişdir.

Buna görə, "Rəsula itaət, Allaha itaət deyildirmi? O halda, bu ətfin mənası, nədir?" deyilərsə, biz, belə deyərik:

Qadi, belə demişdir:

"Bu 2 dəlili bəyan etməyin mənası, budur: Buna görə:

~ Kitab, Allahın əmrinə dəlalət etməkdədir. Sonra biz, bundan, Allah rəsulunun əmrini də başa düşürük.

~ Sünnət isə, Allah rəsulunun əmrinə dəlalət edir. Sonra biz, bundan, Allahın əmrini də başa düşürük...

Bundan dolayı, bu zikr etdiklərimizlə, Haqq Taala'nın, 'Allaha itaət edin. Peyğəmbərə itaət edin.'' ayəsinin, kitab və sünnətə tabe olmağın vacibliyinə dəlalət etdiyi, sabit olmuş olur."

--------------------------

✓ Üçüncü məsələ: (Ulu'l-əmr'ə, yəni, əmr sahiblərinə itaət əmrinin, icmanın dəlili olması)

Bil ki, Haqq Taala'nın, "və uli'l-əmri minkum = sizdən olan əmr sahibləri" ifadəsi, bizə görə, ümmətin icmasının bir hüccət olduğuna dəlildir. Bunun dəlili isə, budur:

Allah Taala, bu ayədə, "əmr sahiblərinə" itaət etməyi, qəti olaraq əmr etmişdir. Allahın, özünə itaət etməyi qəti olaraq əmr etdiyi kimsənin, xətadan məsum olması lazımdır. Çünki, o kimsənin xətadan məsum olmaması və xəta edə biləcəyinin təqdir və fərz edilməsi halında, Allah, ona tabe olmağı əmr etmiş olur. Bu halda isə, bu, o xətanı işləməyi əmr etmək olur. Halbuki, xəta, xəta olduğu üçün qadağan edilmişdir. Bu isə, eyni işdə, əmr və nəhyin eyni dəyərləndirmə ilə birləşməsi nəticəsinə aparır ki, bu, imkansızdır. Beləcə, Allah Taala'nın, "əmr sahibləri"nə qəti olaraq itaət etməyi əmr etdiyi; və Allahın, özünə qəti olaraq itaət etməyi əmr etdiyi kimsənin də, xətadan uzaq olması lazım gəldiyi, sabit olur. Bundan dolayı, bu ayədə zikr edilən "əmr sahibləri"nin, mütləq olaraq məsum olmaları gərəkdiyi, qəti olaraq sabit olmuş olur.

Sonra biz, belə deyirik:

Bu məsum kimsə:

~ ya ümmətin hamısıdır;

~ ya da bir qismidir.

Bir qismi olması, caiz deyildir. Çünki biz, Allah Taala'nın, bu ayədə, "əmr sahibləri"nə itaət etməyi vacib qıldığını bəyan etmişdik. Halbuki, onlara itaət etməyi qəti olaraq vacib qılmaq, bizim, onları tanımağımız, yanlarına girib-çıxmağımız və onlardan istifadə edə bilməyimiz şərtinə bağlanmışdır. Halbuki biz, zəruri olaraq, zamanımızda, məsum imamı tanımaqdan, onun yanına girib-çıxmaqdan və onlardan din və elm xüsusunda istifadə etməkdən aciz olduğumuzu bilirik. Belə olunca, biz, Allahın, mömin kimsələrə, itaət etməyi əmr etdiyi o məsum kimsənin, bu ümmətin bir qismi və bu ümmətin qisimlərindən bir qisim olmadığını başa düşmüş olduq. Bu ehtimal batil olunca, məsum kimsənin, bu ümmətin, "əhlu'l-hall və'l-aqd" (icma əhli) olan kimsələr olması lazım gəlir ki, bu da, ümmətin icmasının bir hüccət olduğuna qəti olaraq hökm etməyi gərəkdirir.

(Ulu'l-əmr'in, alimlər deyil; idarəçilər olduğu etirazı):

Buna görə, əgər deyilsə ki:

• "Müfəssirlər, 'əmr sahibləri' ifadəsi haqqında, sizin söylədiyiniz açıqlamaların xaricində, bu açıqlamaları da vermişlərdir:

'Əmr sahibləri'ndən məqsəd:

a. Rəşidi xəlifələrdir.

b. Ordu başçılarıdır.

Səid b. Cubeyr, bu ayənin, Abdullah b. Huzafə əs-Səhmi haqqında nazil olduğunu söyləmişdir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, ordu komandiri olaraq, bir ordunun başında yollamışdı.

ibn Abbas (radiyallahu anh)'dan, bu ayətin, Xalid b. Vəlid haqqında nazil olduğu rəvayət edilmişdir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, içində Ammar b. Yasir (radiyallahu anh)'ın da yer aldığı bir ordunun komandiri olaraq səfərə yollamışdı. Belə ikən, bu səfər sırasında, Ammar ilə Xalid arasında, bir xüsusda ixtilaf meydana gəlmişdi. Bax bunun üzərinə, bu ayə nazil olaraq, 'əmr sahibləri'nə itaət etməyi əmr etmişdir.

c. Bundan murad, şər'i hökmlər mövzusunda fətva verən və insanlara dinlərini öyrədən alimlərdir.

Bu, Sə'ləbi'nin, ibn Abbas'dan nəql etdiyi bir rəvayət olub, eyni zamanda, Həsən əl-Basri, Mücahid və Dahhak'ın da görüşüdür.

d. Rafizilərdən (şiələrdən), bundan muradın, 'məsum imamlar' olduğu da nəql edilmişdir.

Bu ayənin təfsiri xüsusunda, ümmətin alimlərinin görüşləri, bu izahlara həsr edilmiş olub; sizin dəstəklədiyiniz görüş (yəni, icma) da, bunların xaricində qalınca, bu görüşünüz, ümmətin icması ilə batil olur."

• İkinci sual:

Deyirik ki, bu ayədə bəhs edilən "əmr sahibləri" ifadəsini, idarəçilər və sultanlar mənasına həml etmək, sizin zikr etdiyinizdən (yəni, icma görüşündən) daha əvladır. Bunun əvla olmasının dəlilləri isə, bunlardır:

a. Əmir; və sultanlar və ya onların əmirləri, xalq üzərində təsirlidirlər. Bundan dolayı, həqiqətdə, "əmr sahibləri" olanlar, bunlardır. Ancaq icma əhlinə gəlincə, onların, xalq üzərində təsirli olan əmr və səlahiyyətləri, yoxdur. Bundan dolayı, "əmr sahibləri" ləfzini idarəçilər və sultanlar mənasına həml etmək, əvla olur.

b. Ayənin başı və sonu, bizim söylədiyimiz xüsusa daha uyğun düşür. Ayənin başında, Allah Taala, hakimlərə, əmanəti yerinə yetirmələrini və ədalətə riayət etmələrini əmr etmişdir. Ayənin sonunda da, müşkil və problem ərz edən məsələləri, kitab və sünnətə vurmağı əmr etmişdir. Belə etmək isə, icma əhlinə deyil; idarəçilərə yaraşır.

c. Peyğəmbər (sallallahu aleyhi və səlləm), idarəçilərə itaət etməyə ola bildiyincə təşviq edərək, "Mənə itaət edən, Allaha itaət etmiş olar. Əmirimə itaət edən də, Mənə itaət etmiş olar. Mənə üsyan edən, Allaha üsyan etmiş olar. Əmirimə üsyan edən də, Mənə üsyan etmiş olar." (Buxari, "Əhkam", 1) buyurmuşdur.

Zikr etdiyimiz istidlala qarşı, zikr edilməsi mümkün olan suallar, bax bunlardan ibarətdir.

Bu suallara, bu şəkildə cavab veririk:

• Səhabə və tabiun'dan bir camaatın, Haqq Taala'nın: "...sizdən olan əmr sahiblərinə..." sözünü, "alimlər" mənasına həml etmiş olduqlarında, heç bir şübhə yoxdur. Bundan dolayı, biz, bundan murad: "əhlu'l-hall və'l-aqd' kimsələrdən olan alimlərdir" dediyimizdə, bu görüş, ümmətin görüşlərinin xaricində olan bir görüş olmaz. Əksinə, bu, onların görüşlərindən birini tərcih; və o görüşü qəti bir dəlillə təshih olmuş (düzəltmək) olur.

Bax beləcə, birinci sual, dəf edilmiş olur.

• Onların ikinci sualları da, dəf edilmişdir. Çünki, onların iləri sürdüyü izahlar, zəif və qeyr-i məqbul izahlardır. Halbuki, bizim zikr etdiyimiz isə, qəti bir əqli dəlildir. Bundan dolayı, bizim görüşümüz, daha əvladır. Həm biz, o görüşlərə, onlardan daha qüvvətli olan digər bu görüşlərlə də qarşı çıxa bilərik:

1. Ümmət, idarə edilənlərin, dəlil ilə haqq və doğru olduğu bilinən xüsuslarda, idarəçi və sultanlarına itaət etmələrinin vacib olduğu xüsusunda, icma etmişdir. Bu dəlil isə, kitab və sünnətdən başqa bir şey deyildir. Bundan dolayı, bu (yəni, ayədəki əmr sahiblərindən məqsədin "idarəçilər, ordu komandirləri" olması görüşü), kitab və sünnətə,(yəni) Allah və rəsuluna itaət etməyin xaricində, onlardan başqa bir qisim olmaz. Əksinə, bu, onun içində olan bir şeydir. Necə ki, qadının, ərinə; uşağın, valideyninə; tələbənin, müəlliminə itaət etmələrinin vacib olması da, Allah və rəsuluna itaət etməyin içindədir. Ancaq biz, bunu, icma mənasına həml etdiyimizdə, bu qisim, Onun içinə girmiş olmaz. Çünki, icma, bəzən, kitab və sünnətdə özünə dəlalət olmayan bir hökmə dəlalət edər. Bundan dolayı, bu halda, bu qismin (yəni, əmr sahiblərindən icma mənasını başa düşmək), ilk 2 qisimdən (Allah və rəsulu, yəni, kitab və sünnətdən) ayrı bir qisim olaraq qəbul edilməsi mümkündür ki, əvla olan da, budur.

2. Ayəni, "idarəçilərə itaət" mənasına həml etmək, ayətə bir şərt əlavə etməyi iqtiza edir/gərəkdirir. Çünki, idarəçilərə itaət, ancaq və ancaq, onlar haqqlı və haqqın yanında olduqları vaxt vacib olur. Ancaq biz, bu ifadəni, "icma" mənasına həml etdiyimizdə, ayətə hər hansı bir şərt daxil edilməmiş olur. Bundan dolayı, əvla olan, budur (yəni, icma görüşüdür).

3. Haqq Taala'nın, daha sonra: "...Əgər bir şey haqqında çəkişsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu, Allaha və Onun rəsuluna irca edin..." buyurması, hökmü, bu çəkişməyin hökmünə müxalif olan, daha əvvəl edilmiş olan bir icmanın mövcud olmasını hiss etdirir.

4. Allah və rəsuluna itaət etmək, qətiliklə vacibdir. Bizə görə, icma əhlinə itaət etmək də, qəti olaraq vacibdir. Ancaq, idarəçi və sultanlara itaət etmək, qəti olaraq vacib deyildir. Hətta, onların çox hökmləri, haramdır. Çünki onlar, zülm ilə əmr edərlər. Sadəcə az olan hallarda onların hökmlərinə boyun əymək, zəif bir zənnə görə vacib olur. Bundan dolayı, ayədəki "əmr sahibləri" ifadəsini, "icma (əhli)" mənasına həml etmək, daha uyğun və yerindədir. Çünki, Haqq Taala, Rəsulunu və "əmr sahibləri"ni tək bir ifadə bütünlüyü içində zikr etmişdir ki, bu da, Haqq Taala'nın, "Allaha itaət edin. Peyğəmbər və sizdən olan əmr sahiblərinə də itaət edin." ayəsidir. Bundan dolayı, burda, Rəsulun dərhal ardınca zikr edilən "əmr sahibləri" ifadəsini, "xətadan məsum kimsə" mənasına həml etmək, onu, facir və fasiq kimsələr mənasına həml etməkdən, daha əvladır.

5. İdarəçilərin və sultanların işləri, alimlərin fətvalarına söykənir. Bu səbəblə, alimlər, həqiqətdə, idarəçilərə əmr edənlər olmuş olurlar. Bundan dolayı, "əmr sahibləri" ləfzini, (ictihad əhli) alimlərə həml etmək, daha uyğun və əvla olmuş olur.

 

(Ulu'l-əmr, "Məsum imamlar" deyildir!)

Bu ayəni, rafizilərin (şiənin) iləri sürdüyü kimi "məsum imamlar" mənasına həml etmək, bu səbəblərdən dolayı, son dərəcə batil bir iddiadır:

a. Biz, əvvəl, "Onlara itaət etməyin, onları tanımaq və onların yanına girib-çıxa bilmək şərtinə bağlı olduğunu" zikr etmişdik. Bundan dolayı, əgər Allah, onları tanımadan əvvəl onlara itaət etməyimizi bizə vacib qılmış olsaydı, bu, "təklif-u mə lə yutaq" (haşiyə) olardı.

------------------

(Haşiyə:

Təklif-u mə lə yutaq, nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/guc-catdirila-bilm%C9%99y%C9...

-------------------

Yenə, Haqq Taala, onları və onların görüşlərini tanıdığımız vaxt onlara itaət etməyi bizə vacib qılmış olsaydı, bu vacib qılma işi, bir şərtə bağlanmış olardı. Halbuki, Haqq Taala'nın: "Allaha itaət edin. Peyğəmbərə və sizdən olan əmr sahiblərinə də itaət edin." ayəsinin zahiri, bir şərtə bağlılığı deyil; mütləqliyi gərəkdirməkdədir.

Həm bu ayədə, bu ehtimalı ortadan qaldıran bir xüsus da mövcuddur. Çünki, Haqq Taala, tək bir ifadə bütünlüyü içində, Rəsula və əmr sahiblərinə itaət etməyi əmr etmişdir ki, bu da, "Peyğəmbərə və sizdən olan əmr sahiblərinə də itaət edin." sözüdür. Halbuki, tək bir sözün, eyni anda, həm mütləq, həm də məşrut (şərtə bağlı olan şey) olması, caiz deyildir. Bundan dolayı, bu ifadə, Rəsul haqqında mütləq olunca; bunun, "əmr sahibləri" haqqında da mütləq olması lazım gəlir.

b. Allah Taala, ulu'l-əmr'ə, yəni, "əmr sahibləri"nə itaət etməyi əmr etmişdir. "Əmr sahibləri" təbiri, cəm ifadə edən bir ifadədir. Halbuki, rafizilərə görə, bir zamanda, sadəcə 1 imam olur. Cəm bir kəliməni, müfrəd (tək) mənasına həml etmək isə, zahirin əksinə bir hərəkətdir.

c. Allah Taala, "Əgər bir şey haqqında çəkişərsənizsə, onu, Allah və rəsuluna irca edin." buyurmuşdur. Əgər "əmr sahibləri"ndən murad: "məsum imam" olmuş olsaydı, "Əgər bir şey haqqında çəkişərsənizsə, onu, 'imam'a irca edin." deyilməsi lazım gələrdi.

Bundan dolayı, doğru olanın, ayəni, bizim söylədiyimiz şəkildə təfsir etmək olduğu, sabit olur.

------------------------------

✓ Dördüncü məsələ: (Bu ayənin, qiyasın dəlili olması)

Bil ki, ayədəki, "Əgər bir şey haqqında çəkişərsənizsə, onu, Allah və rəsuluna irca edin." əmri, bizə görə, qiyasın bir hüccət olduğuna dəlildir. Bunun dəlili, budur:

Haqq Taala'nın, "Əgər bir şey haqqında çəkişərsənizsə..." ifadəsindən murad:

~ ya "Əgər hökmü, kitab və ya sünnət və ya icmada bildirilmiş bir şey haqqında ixtilaf edərsənizsə..." şəklindədir;

~ ya da "Əgər hökmü, bu 3 şeydə bildirilməmiş bir şey haqqında ixtilaf edərsənizsə..." şəklindədir.

• Birinci ehtimal, batildir. Çünki, bu təqdirdə (yəni, məsələnin hökmü bu 3-ündən birində keçirsə), insanın, o hökmə tabe olması, vacibdir. Bundan dolayı, o (yəni, məsələnin hökmünün bu 3-ündən 1-ində keçmiş olması), Haqq Taala'nın, "Allaha itaət edin. Peyğəmbərə və sizdən olan əmr sahiblərinə də itaət edin." ayəsinin muhtəvasına daxil olmuş olur ki, bu halda da, "Əgər bir şey haqqında çəkişərsənizsə, onu, Allah və rəsuluna irca edin." əmri, özündən əvvəlki ifadənin (yəni, "Allaha və rəsuluna itaət edin." əmrinin) eynilə təkrarı olur. Bu isə, caiz deyildir.

Bu ehtimal batil olunca, geriyə, sadəcə,

İkinci ehtimal qalır ki, bu da, "Əgər hökmü, kitab, sünnət və icmada mövcud olmayan bir şey haqqında çəkişərsənizsə..." mənasının qəsd edilmiş olmasıdır. Belə olunca, Haqq Taala'nın, "Onu, Allaha və rəsuluna irca edin." əmrindən murad, kitab və sünnətin nass'larından tələb edib araşdırmaq, ola bilməz. Bundan dolayı, bundan muradın: "onun hökmünü, özünə bənzəyən hadisələr haqqında müəyyənləşdirilmiş hökmlərə vurmaq" olur ki, bu da, qiyasdır. Bundan dolayı, ayətin, qiyas etməyi də əmrə dəlalət etdiyi sabit olur.

Əgər,

~ "Ayədəki 'Onu, Allaha və rəsuluna irca edin.' əmri ilə, 'O (məsələ)'nin elmini, Allaha buraxın və onun haqqında susub, ona toxunmayın.' mənasının qəsd edilmiş olması, nə üçün caiz olmasın?!" ; və yenə,

~ bu ayədən muradın: "Haqqında ancaq nass ilə hökm verilə biləcək şeylərdən, haqqında nass mövcud olmayanları, haqqında nass olanlara vuraraq hökm çıxarın.' mənası olması, nə üçün caiz olmasın?" ; və yenə,

~ bundan muradın: "O hökmləri, əsli bəraətə (əksinə bir dəlil mövcud olmadıqca, insanın günahsız olması; və ya əksinə bir hökm mövcud olmadıqca, əşyanın halal olması) vurun.' mənası olması, nə üçün caiz olmasın?"

deyilərsə, biz, belə deyərik:

• Birinci məna, qəbul edilə bilməz. Çünki bu ayə, Allah Taala'nın, vaqeə və hadisələri 2 qismə ayırdığını göstərməkdədir:

a. Hökmü haqqında nass olanlar;

b. Hökmü haqqında nass olmayanlar.

Sonra, Haqq Taala, birinci qisim haqqında, o nasslara itaət və boyun əyməyi; ikinci qisim haqqında da, onları, Allah və rəsuluna irca etməyi (götürmə)'yi əmr etmişdir. Halbuki, bu "götürmək" ilə, "susmaq və onun biliyini Allaha buraxmaq" mənasının qəsd edilmiş olması, caiz deyildir. Çünki, hadisə, çox vaxt, buna təhəmmül etməz. Əksinə, mütləq, o xüsusda, müsbət və ya mənfi, çəkişməni sonlandırmaq lazımdır. Bu, belə olunca, "Allaha irca" ifadəsini, o hadisə haqqında heç bir şey söyləməmək mənasında başa düşmək, imkansız olur. Bax bu cavab ilə, üçüncü mənanın yalnışlığı da, ortaya çıxmış olar.

• İkinci mənaya gəlincə, buna da, belə cavab verilir:

Əsli bəraət, ağlın hökmünə görə, məlumdur. Bundan dolayı, hadisəni, əsli bəraətə götürmək, heç bir cəhətdən "Allaha götürmək" ola bilməz. Lakin, hadisənin hökmünü, haqqında nass olan hökmlərə vurub qiyas etdiyimizdə, bu, hadisəni, Allahın hökmlərinə vurmaq olur. Bundan dolayı, ayəti, bu mənada başa düşmək, daha əvladır.

------------------------

✓ Beşinci məsələ:

Ayə, kitab və sünnətin, mütləq, qiyasdan əvvəl olacaqlarına dəlalət etməkdədir. Bundan dolayı, qiyasdan ötürü, kitab və sünnətlə əməli tərk etmək, caiz olmadığı kimi; qiyas, istər cəli (açıq), istərsə də xafi (qapalı) olsun; nass, istər bu qiyasdan əvvəl təxsis edilməmiş olsun, kitab və sünnətin, qiyas ilə təxsis edilməsi də, qətiliklə caiz deyildir. Bunun dəlili, budur:

Biz, Haqq Taala'nın: "Allaha itaət edin. Peyğəmbərə də..." ifadəsinin, "kitab və sünnətə itaət etməyi əmr" mənasında olduğunu bəyan etmişdik. Bu, mütləq bir əmrdir. Bundan dolayı, istər bu ikisinə zidd düşən və ya onları təxsis edən bir qiyas olsun, istər olmasın, kitab və sünnətə tabe olmağın vacib olduğu, sabit olmuşdur. Bunu, bu xüsuslar da təkid edir:

1. "İn/əgər" kəliməsi, bir çox kimsəyə görə, şərt mənasındadır. Bunu şərt mənasında qəbul edənlərə görə, Haqq Taala'nın "Əgər bir şey haqqında çəkişərsənizsə, onu, Allaha və rəsuluna irca edin." ayəti, qiyasa, ancaq, əsllər (yəni, kitab, sünnət və icma) mövcud olmadığı vaxt vurulacağı xüsusunda, açıq bir ifadədir.

2. Allah Taala, qiyası, 3 şər'i əsldən sonra zikr etmişdir ki, bu, qiyas ilə əməl etməyin, bu 3 əsldən sonra gələcəyini hiss etdirməkdədir.

3. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, Muaz hadisəsində, bu sıralamaya riayət edərək, ictihad etməyi, kitabdan sonraya buraxmış və ictihadı, "Bəs tapa bilməsən?" ifadəsilə, kitab və sünnətdə, hadisənin hökmünü tapa bilməmək şərtinə bağlamışdır.

4. Allah Taala, mələklərə, Adəm'ə səcdə etməyi əmr etmişdir. Çünki O, "Mələklərə, 'Adəmə səcdə edin.' demişdik. İblisdən başqaları, dərhal səcdə etmişdilər." (Bəqərə/34) buyurmuşdur. Sonra iblis, bu nassı (yəni, əmri), tamamilə rədd etməmiş; əksinə, qiyas edərək, özünü, bu ümumi əmrin xaricində qəbul etmişdir. Onun qiyası da, "(Çünki), məni oddan yaratdın. Onu isə, palçıqdan." (Əraf/12) şəklindəki sözüdür. Sonra alimlər, iblisin, beləcə, qiyasını nassa təqdim etdiyini (yəni, qiyasını, nass'dan iləri çəkdiyini) və bundan dolayı lənətlənmiş olduğu xüsusunda ittifaq etmişlərdir. Bu da, nassı qiyas ilə təxsis etməyin, qiyası nassa təqdim etmə mənasına gəlir ki, bu da, caiz deyildir.

5. Quranın mətni, qətidir. Çünki O, təvatürlə rəvayət edilmişdir. Halbuki, qiyas, belə olmayıb; hər cəhətdən zənnidir. Qəti olan, zənni olana tərcih edilir.

6. Haqq Taala, "Kim, Allahın endirdiyi ilə hökm etməzsə, onlar, zalımların məhz özləridirlər." (Maidə/45) buyurmuşdur. Bundan dolayı, biz, Quran ayətinin ümumi mənasının, o hadisəni ehtiva etdiyini görüb, sonra da ona görə hökm etməyib qiyasla hökm edərsək, o vaxt, bu ayətin ifadə etdiyi ümumi hökmün (yəni, zalım olma hökmünün) içinə daxil olunmuş olar.

7. Haqq Taala, "Ey iman edənlər! Heç bir şeydə, Allah və rəsulunu qabaqlamayın." (Hucurat/1) buyurmuşdur. Quranın bu ümumi ifadəsinə rəğmən, biz, ayətin hökmünü təxsis edən bir qiyası qabağa çəkərsək, o vaxt, Allah və rəsulunu qabaqlamış olarıq.

8. Allah Taala: "Müşriklər deyəcəklər: 'Əgər Allah istəsəydi, nə biz, nə atalarımızı, (Ona) şərik qoşmazdıq...De: 'Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız." (Ənam/148) buyurmuş və zənnə tabe olmağı, kafirlərin sifətlərindən və onları qınamağı gərəkdirən qüvvətli səbəblərdən biri saymışdır. Bundan dolayı, bu ayə, qiyas ilə əməl etməyin qətiliklə caiz olmamasını gərəkdirir. Bu ayə ilə əməl edilməmişdir. Çünki biz, (təfsir etməkdə olduğumuz Nisa/59 ayəsinin), qiyas ilə əməl edilə biləcəyini göstərdiyini açıqlamışdıq. Lakin, bu ayə, bunun, 3 şər'i əsldə o xüsusda bir hökm mövcud olmadığı vaxt olacağına dəlalət etməkdədir. Bundan dolayı, o xüsusda bir nass mövcud olduğunda, əsli üzərə (nassda olduğu şəkildə) qalması lazımdır.

9. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, belə dediyi rəvayət edilmişdir: "Məndən bir hədis rəvayət edildiyi vaxt, onu, Allahın kitabına vurun. Əgər ona uyğun olsa, qəbul edin. Əks təqdirdə, onu atın."

Şübhə yoxdur ki, bu hədis, qiyasdan daha qüvvətlidir. Bundan dolayı, Qurana uyğun olmayan hədis, qəbul edilmədiyinə görə; Qurana uyğun olmayan qiyas, əvləviyyətlə qəbul edilə bilməz.

10. Quran, nə önündən, nə də arxasından, batilin girişə bilməyəcəyi (Fussilət/42) Allah kəlamı və Hakim (hikmət sahibi) və Həmid (həmd edilən) Allahın bir tənzili (endirməsi)'dir. Qiyas isə, zəif olan insanın ağlını qarışdırır. Halbuki, səlim ağlı olan hər kəs, birincisinin tabe olunmağa daha layiq və daha qüvvətli olduğunu başa düşər.

--------------------------

✓ Altıncı məsələ:

Bu ayə, bu 4 şər'i əsl'in, yəni, Kitab, sünnət, icma və qiyasın xaricində qalan şeylərin, batil və mərdud (rədd edilən) olduğuna dəlildir.

Bu, belədir. Çünki, Haqq Taala, hadisələri, 2 qismə ayırmışdır:

a. "Hökmləri haqqında nass olanlar" olub, O, bu nasslara tabe olmağı əmr etmişdir. Bu da, Onun: "Ey iman edənlər! Allaha itaət edin. Peyğəmbərə və sizdən olan əmr sahiblərinə də itaət edin." əmridir.

b. "Haqqlarında nass olmayan" olub, onlar üçün ictihad edilməsini əmr etdiyi hadisələr.

Bu ictihad əmri də, "Əgər bir şey haqqında çəkişərsənizsə, onu, Allah və rəsuluna irca edin." əmridir.

Bundan dolayı, bu 2 qisim xaricində bir şey mövcud olmadığına; və Allah Taala da, bunların hər birilə bağlı müəyyən əmrlər verdiyinə görə, bu, mükəlləfin, 4 şər'i əslin xaricində heç bir şeyə söykənməməsi gərəkdiyinə dəlalət etməkdədir.

----------------------

✓ Yeddinci məsələ: (Əmr siğası [sözün, əmr formasında gətirilməsi]'nin, vaciblik ifadə edib-etməməsi)

Fəqihlərdən əksəriyyəti, ayədəki: "Allaha itaət edin. Peyğəmbərə də..." ifadəsinin, əmrin zahiri mənasının fərziyyətə dəlalət etdiyini gərəkdiyini iddia etmişlərdir. Kəlam alimləri isə, buna qarşı çıxaraq, belə demişlərdir: "Allaha itaət edin.' ayəti, vacib qılmağa, ancaq və ancaq, əmr vaciblik üçün olarsa dəlalət edər."

Bu, dəlilin, mədlula (dəlalət edilən şeyə) möhtac olmasını gərəkdirir ki, bu da, batildir. Fəqihlər buna, bu 2 şəkildə cavab vermişlərdir:

1. Müəyyən hadisələr haqqında gələn əmrlər, məndubluğu göstərir. Bundan dolayı, Haqq Taala'nın "itaət edin" ayətinin mənası, əgər: "Əmr edilənləri yerinə yetirmək, məndubdur." mənasında olsaydı, bu halda, bu ayətin hər hansı bir məna və faydası olmazdı. Çünki, sırf məndub olma, o əmrlərdən də, zatən başa düşülmüşdür. Bundan dolayı, bu ayəti, "vacibliyi", fərziyyəti ifadə etmə mənasına həml etmək lazımdır. Hətta, belə də deyilə bilər:

O əmrlər, o əmr edilən şeylərin edilməsinin, edilməməsindən daha əvla olduğuna dəlalət etməkdədirlər. Bu ayə isə, o əmr edilən şeyləri tərk etməməyə dəlalət etməkdədir. Bundan dolayı, beləcə, geriyə, bu ayətin də, bir məna və faydası qalmış olur.

2. Allah Taala, bu ayəti, "Əgər Allaha və axirət gününə inanırsınızsa..." buyuraraq bitirmişdir ki, bu qisim, bir təhdid ifadə etməkdədir. Bu səbəblə, bu sözün, Haqq Taala'nın "Onu, Allaha irca edin." əmrinə təxsis edilmə ehtimalı mövcud olduğu kimi; bunun, Haqq Taala'nın hər 2 əmri, yəni, həm: "Allaha itaət edin.", həm də "Allaha irca edin." əmrlərilə bağlı olma ehtimalı da mövcuddur. Şübhə yoxdur ki, ehtiyat da, bundadır. Biz, təhdid ifadə edən bu ayənin hər cümlə ilə də əlaqəli olduğuna hökm edərsək, o vaxt, Haqq Taala'nın "Allaha itaət edin." əmri, vacibliyi gərəkdirmiş olar. Beləcə, bu ayətin, əmrin zahirinin vaciblik ifadə etdiyinə dəlalət etdiyi sabit olmuş olar. Bunun, şəriətdə nəzərə alınan bir əsas qayda olduğu xüsusunda, şübhə yoxdur.

----------------------------

✓ Səkkizinci məsələ:

Bil ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəql edilən:

~ ya Onun sözüdür;

~ ya da feli.

• Nəql edilən, Onun sözü olması halında, Haqq Taala'nın "Allaha itaət edin. Peyğəmbərə də itaət edin." əmrindən dolayı, Onun sözünə itaət etmək, vacib olur.

• Bunun, Onun feli olmasına gəlincə, dəlilin təxsis etmiş olduğu hallar müstəsna olmaqla, Onun felinə tabe olmaq, ümmətə vacibdir. Çünki biz, Haqq Taala'nın "itaət edin" sözü vəsiləsilə, Allahın əmrlərinin vaciblik ifadə etdiyini açıqlamışdıq. Sonra Haqq Taala, bir başqa ayədə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i mədh edib, "Ona tabe olun." (Ənam/153) buyurmuşdur ki, bu, bir əmrdir. Bundan dolayı, bunun da vaciblik ifadə etməsi lazımdır. Bu səbəblə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə tabe olmağın da vacib olduğu, sabit olur. Tabe olmaq isə, başqası o feli işlədiyi üçün, o başqasının etdiyi felin bənzərini etməkdən ibarətdir. Bu səbəblə, Haqq Taala'nın "Allaha itaət edin." sözünün, bütün felləri xüsusunda Peyğəmbərə tabe olmağı gərəkdirdiyi; və: "Peyğəmbərə də itaət edin." sözünün də, bütün sözlərində Peyğəmbərə tabe olmağı gərəkdirdiyi sabit olmuş olur. Bu 2 xüsusun da, şəriətdə nəzərə alınan 2 əsl olduğunda, heç bir şübhə yoxdur.

-------------------------------

✓ Doqquzuncu məsələ:

Bil ki, əmrin zahiri, hər nə qədər vəd olunmasında bir təkrar və dərhallığı ifadə etməsə belə, şəriətin örfündə, bu mənalara dəlalət etməkdədir. Bunun dəlilləri, bunlardır:

a. Haqq Taala'nın "Allaha itaət edin." əmrindən, hansı vaxt olursa olsun, bir istisna etmək, doğru olur. Bundan dolayı, Haqq Taala'nın "Allaha itaət edin." əmrinin bütün vaxtları ehtiva etməsi lazımdır ki, bu, bir təkrarı; təkrar da, dərhal edilməyi gərəkdirir.

b. Əgər ayə, bunu ifadə etməsəydi, mücməl (haşiyə-1) olardı. Çünki, xüsusi vaxt və xüsusi hallar, ayədə zikr edilməmişdir. Ancaq biz, bu ifadəni ümum (haşiyə-2) mənasına həml etdiyimizdə, o vaxt ayə, mübəyyən (haşiyə-3) olur. Allahın kəlamını, mübəyyən olacağı bir mənaya həml etmək, onu mücməl və məchul olacağı bir mənaya həml etməkdən əvla və daha uyğundur. Bu mövzuda söylənəcək son söz, budur:

Bu ifadə, təxsis edilmişdir. Təxsis isə, ifadəni mücməl buraxmaqdan daha xeyirlidir.

---------------------------

(Haşiyə-1:

Mücməl:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mucm%C9%99l-n%C9%99dir

Haşiyə-2:

Ümum:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem...

Haşiyə-3:

Mübəyyən:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muf%C9%99ss%C9%99r-n%C9%99dir

----------------------------

c. Haqq Taala, "Allaha itaət edin." buyurmuş; itaət ləfzini də, Özünə nisbət etmişdir ki, bu, bizim, Ona; bizim, Onun qulu; Onun da, bizim İlahımız olması halında ancaq itaət etməyimizin vacib olmasını gərəkdirir. Bax bu izahla da, itaət etməyin vacib olmasının qaynağının, "ubudiyyət" "rububiyyət" (haşiyə) olduğu sabit olmuş olur ki, bu da, qiyamətə qədər, bütün mükəlləflərin itaət etmələrinin vacib olmasının davamlı olmasını gərəkdirir. Bax bu da, şəriətdə mötəbər olan bir əsl və təməl bir qaydadır.

-----------------------------

(Haşiyə:

Ubudiyyət:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ibad%C9%99t-n%C9%99dir

Rububiyyət:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C...

------------------------------

✓ Onuncu məsələ:

Haqq Taala, "Allaha itaət edin." buyurmuş; bu əmri də, müstəqil olaraq zikr etmişdir. Daha sonra da, "Peyğəmbərə və sizdən olan əmr sahiblərinə də itaət edin." buyurmuşdur. Bax bu, Allah tərəfindən, bu tərbiyyəni və ədəbi öyrətməkdir. İnsanlar, Haqq Taala'nın ismilə, başqasının adını bərabər zikr etməməlidirlər. Ancaq, hal insanlarla bağlı olunca, Haqq Taala'nın "Peyğəmbərə və sizdən olan əmr sahiblərinə də itaət edin." ayətinin də dəlalət etdiyi kimi; bu, caizdir. Bax bu da, belə bir tərbiyyəni təlim etmək, öyrətməkdir. Bundan ötürü, rəvayət edildiyinə görə, bir kimsə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanında danışıb:

"Kim, Allaha və rəsuluna itaət edərsə, doğruya çatmış olar. Kim də, İkisinə üsyan edərsə, azmış olar." deyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Sən, nə pis xatibsən! Kim, Allaha üsyan edər və Rəsuluna asi olarsa...' deməli deyildinmi?" (Buxari, "Cihad", 109) və ya bu mənaya gələn bir söz söylədi.

Bu mövzuda, sözün özü, budur:

Haqq Taala'nı, eyni ləfz içində başqası ilə bərabər zikr etmək, aralarında bir cür münasibət və bənzərliyin mövcud olduğu zənni oyandırır ki, Haqq Taala, belə şeylərdən münəzzəhdir.

--------------------------------

✓ On birinci məsələ: (Ulu'l-əmr/əmr sahibləri qeydinin, icmaya və ondan qaynaqlanan məsələlərə dəlaləti)

Biz, Haqq Taala'nın, "Sizdən olan əmr sahiblərinə də" ifadəsinin, icmanın bir dəlil olduğuna dəlalət etdiyini söyləmişdik. Bundan dolayı, yenə, biz deyirik ki, bu ifadə, bu əslə dəlalət etdiyi kimi; icmadan meydana gələn bir çox fər'i məsələlərə də dəlalət etməkdədir. Bunların bir qismini, zikr edək:

• Birinci fər: Bizə görə, icma, ancaq, kitab və sünnətin nass'larından Allahın hökmlərini istinbat edə (çıxara) biləcək alimlərin görüşü ilə gerçəkləşir ki, bax bunlar, fiqh üsulu kitablarında, "əhlu'l-hall və'l-aqd" deyə adlandırılan kimsələrdir.

Biz deyirik ki, ayə də buna dəlalət etməkdədir. Çünki, Haqq Taala, "əmr sahibləri"nə itaət etməyi vacib qılmışdır. Şəriətdə, əmr etmək və nəhy etmək səlahiyyəti, ancaq bu sinif alimlər üçün bəhs mövzusudur. Çünki, nass'lardan necə hökm istinbat ediləcəyini bilməyən kəlam aliminin, əmrinə və ya nəhyinə etibar edilməz. Quran və hədisdən hökm istinbat edə biləcək gücdə olan müfəssir və mühəddis də, belədir. Beləcə, bu da, bizim söylədiyimiz bu xüsusa dəlalət etmişdir. Bundan dolayı, ayə, "əmr sahibləri"nin icmasının bir hüccət olduğuna dəlalət edincə; ayətin, icmanın sırf bu sinif alimlərin sözü ilə gerçəkləşib münaqid olacağına (hökmə bağlanacağına) dəlalət etdiyini başa düşdük. Ayətin, avamdan olan kimsənin bu hökmə daxil olmadığına dəlalət etməsi isə, zahirdir. Çünki, avamın, "əmr sahibləri olmadıqları", açıqdır.

• İkinci fər: Alimlər, ixtilafın dərhal ardından meydana gələn icmanın bir hüccət olub-olmadığı xüsusunda, ixtilaf etmişlərdir. Ən doğru görüş, bunun, bir hüccət olduğudur. Bunun dəlili isə, bax bu ayədir. Çünki biz, Haqq Taala'nın, "Peyğəmbərə və sizdən olan əmr sahiblərinə də itaət edin." əmrinin, bu ümmətin "əhlu'l-hall və'l-aqd" olanlarına itaət etməyin vacib olması gərəkdirdiyini, bəyan etmişdik. Buna, həm ixtilafdan sonra gerçəkləşən icma, həm də belə olmayan icma daxildir. Bundan dolayı, hamısının bir hüccət və dəlil olması lazımdır.

• Üçüncü fər: Alimlər, icma edilə bilməsi üçün, 1 əsrdəki alimlərin varlığının şərt olub-olmadığı xüsusunda, ixtilaf etmişlərdir. Ən doğru olan görüş, bunun, şərt olmadığıdır. Bunun dəlili isə, bax bu ayədir. Çünki bu ayə, icma edən kimsələrə itaət etməyin vacib olduğuna dəlalət etməkdədir. Bax buna, əsrin sonlanması və sonlanmaması da daxildir.

• Dördüncü fər: Ayə, nəzərə alınan icmanın, mömin kimsələrin icması olacağına dəlalət etməkdədir. Çünki, Haqq Taala, ayətin başında, "Ey iman edənlər!" buyurmuş; sonra da: "...və sizdən olan əmr sahiblərinə də..." demişdir. Beləcə bu, nəzərə alınacaq icmanın, mömin kimsələrin etdiyi icma olduğuna dəlalət etmiş olur. İmanlarında şübhə edilən digər firqələrin etmiş olduğu icmaya isə, etibar edilməz.

--------------------------

✓ On ikinci məsələ: (Bu ayənin, qiyasdan meydana gələn məsələlərə dəlalət etməsi)

Biz, Haqq Taala'nın, "Əgər bir şey haqqında çəkişərsənizsə, onu, Allah və rəsuluna irca edin." ifadəsinin, qiyas ilə əməl etməyin səhih olduğuna dəlalət etdiyini söyləmişdik. Bundan dolayı, indi, biz deyirik ki:

Bu ayə, bu əsas dəlilə dəlalət etdiyi kimi; qiyasdan əldə edilən bir çox füru məsələlərinə də dəlalət etməkdədir. İndi biz, bunlardan bəzilərini zikr edək:

• Birinci fər: Biz, Haqq Taala'nın, "Allaha və rəsuluna irca edin." əmrinin mənasının "Onu, Allahın, hökmünü bəyan etdiyi bir hadisəyə qiyaslayın, vurun." şəklində olduğunu söyləmişdik. Bundan muradın, mütləq, "Onu, özünə bənzəyən bir hadisəyə qiyaslayın, vurun." şəklində olması lazımdır. Çünki, "irca"dən murad, "Onu, özünə, həm şəkil, həm də sifət cəhətindən müxalif olan bir hadisəyə qiyaslayın, vurun." şəklində olsaydı, bu halda, onu, bəzi hadisələrə qiyas etmək, geriyə qalan digər bəzi hadisələrə qiyas etməkdən daha əvla olmazdı. Bax bu halda da, qiyas, imkansız olardı. Beləcə, bundan muradın, mütləq, onu, həm şəkil, həm də sifət cəhətindən özünə bənzəyən bir hadisəyə qiyas etmək olduğunu başa düşmüş olduq. Bizim söylədiyimiz bu mənanı, xəbər və rəvayətlər də dəstəkləməkdədir.

Bu mövzudakı xəbərə gəlincə, bu, budur: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, oruclu kimsənin öpməsinin (hökmü) haqqında sual soruşulunca, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "De, mazmaza etsəydin (suyu ağzında çalxalasaydın), nə olardı?" deyə soruşdu. Yəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Mazmaza, yemək-içməyin başlanğıcıdır." demək istəmişdir. Bunun kimi, öpmək də, cimanın (cinsi münasibətin) bir müqəddiməsidir. Mazmaza, orucu pozmadığı kimi; öpmək də, orucu pozmaz.

Yenə, əl-Husamiyə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən həcc haqqında soruşunca, O, belə buyurmuşdu: "De! Əgər atanın bir borcu olsaydı, sən də onu ödəsəydin, bu, kifayət edərdimi?" Bunun üzərinə, qadın: "Bəli." deyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Allahın dini (borcu), yerinə yetirilməyə daha layiqdir." buyurdu.

Bu mövzudakı rəvayətə gəlincə, Ömər (radiyallahu anh)'ın: "Bir-birinə bənzəyən şeyləri tanı və öz rəyinlə bir-birinə qiyasla." dediyi rəvayət edilmişdir.

Beləcə, bu ayə, xəbər və bu rəvayətin dəlalətlərinə dair zikr etdiyimiz şeylərin hamısı, Haqq Taala'nın "fə rudduhu / onu irca edin" əmrinin, bir şeyi, bənzərinə qiyas etməyi əmr etmək olduğuna dəlalət etmiş olur. Bu, sabit olunca, heç şübhəsiz, Haqq Taala, həm şəkil, həm də sifət cəhətindən bir-birinə bənzəməyi, nass mövcud olmayan yerdəki hökmün, nass mövcud olan yerdəki hökmə bənzər olduğuna bir dəlil qəbul etmişdir ki, buna, Şafi (rahiməhullah), "qiyasu'l-əşbəh / bir-birinə bənzəyənləri qiyaslamaq"; fəqihlərin əksəriyyəti isə, "qiyasu't-tərd / şamil etmək surətilə qiyas" adını vermişlərdir. Bax bu ayə, bunun doğruluğuna dəlalət etməkdədir. Çünki, Haqq Taala'nın "fə rudduhu / onu irca edin" əmrindən məqsədin: "onu, bənzərinə qiyas edin" şəklində olduğu dəlil ilə sabit olunca, qiyas mövzusunda özünə etimad edilən əsas qaydanın, "sırf bənzəmə" olduğunu, başa düşmüş oluruq.

Bu, uzun bir mövzudur. Bizim məqsədimiz isə, ayələrdən məsələlərin necə istinbat ediləcəyini bəyan etməkdir. Ancaq, bu xüsusdakı uzun açıqlamalar, digər kitablarda zikr edilmişdir.

• İkinci fər: Bu ayə, bir məsələ haqqında qiyas ilə istidlal edə bilməyin şərtinin, o məsələ haqqında, kitab və sünnətdə hər hansı bir nassın mövcud olmaması olduğuna dəlalət etməkdədir. Çünki, Haqq Taala'nın: "Əgər bir şey haqqında çəkişərsənizsə...onu, irca edin." ifadəsi, belə bir şərti hiss etdirməkdədir.

• Üçüncü fər: Ayə, bir məsələ haqqında, kitab, sünnət və icmada bir nass mövcud olmadığı zaman, orda, hər nə şəkildə olursa olsun, qiyasın istifadə edilə biləcəyinə dəlalət etməkdədir. Bax bununla, kəffarətlər, həddlər və bunların xaricində qalan digər xüsuslar haqqında qiyasın istifadə edilməyəcəyini söyləyənlərin görüşü, batil olmuş olur. Çünki, Haqq Taala'nın, "Əgər bir şey haqqında çəkişərsənizsə..." ayəti, haqqında hər hansı bir nass mövcud olmayan hər hadisəni ehtiva etməkdədir.

• Dördüncü fər: Ayə, bir məsələ haqqında qiyas ilə hökm vermək istəyən kimsənin, mütləq, o hökmü, haqqında nass ilə hökm sabit olmuş olan bir məsələyə qiyas etməsi gərəkdiyinə dəlalət edir. Yoxsa, məsələni, haqqındakı hökmün qiyas ilə sabit olduğu bir məsələyə qiyaslaması, caiz deyildir. Çünki, Haqq Taala'nın "Onu, Allaha və rəsuluna irca edin." əmrinin zahiri, o məsələni, Allah və rəsulunun nassı ilə sabit olan bir hökmə qiyaslamağın vacib olduğunu hiss etdirməkdədir.

• Beşinci fər: Ayə, hökmü, Quran ayətilə sabit olan bir əslə qiyas etmək ilə; hökmü, sünnət ilə sabit olan bir əslə qiyas etmək bir-birilə təaruz etdiyində (zidd düşdüyündə), Qurana qiyas etməyin, xəbərə (yəni, sünnətə) qiyas etməkdən əvvəl gələcəyinə dəlalət etməkdədir. Çünki, Haqq Taala, "Onu, Allaha və rəsuluna irca edin." əmrində də, Kitabı, sünnətdən; Allahı da, peyğəmbərindən əvvəl zikr etmişdir. Muaz hədisində də, belədir.

• Altıncı fər: Ayə, biri, Allahın kitabındakı bir işarət və ima ilə; digəri isə, Allah rəsulunun xəbərlərindən bir xəbərin ima və işarətilə dəstəklənən 2 qiyas bir-birilə zidd düşdüyündə, birincinin, ikincisinə təqdim ediləcəyinə dəlalət etməkdədir. Yəni bu da, beşinci fərdə zikr etdiyimiz kimidir.

Bax, (mən, Razi), üsula dair bütün bu məsələləri, 2 saatdan az bir zaman içində, bu ayədən istinbat etdim. Bəlkə də, insan, fikrini yaxşıca istifadə etsə, fiqh üsulu məsələlərinin əksəriyyətini, bu ayədən istinbat etməsi, mümkün olacaqdır.

(İmam Fəxrəddin ər-Razi əş-Şafii əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

-----------------------

-----------------------

Əhli Rəy imamlarından, Əhli Sünnənin şeyxi, imam Əbu Mənsur əl Maturidi -radiyAllahu anhu- öz möhtəşəm təfsirində Allahın,

"Allaha və Rəsuluna itaət edin, sizdən olan əmr sahiblərinə də..." ayəsini təfsir edərkən maraqlı bir məqama toxunuraq belə deyir:

"Bu ayədə rafizilərin imamət məsələsindəki inancları ibtal edilir. Belə ki, Allah Təala "Allaha və Rəsuluna itaət edin, sizdən olan əmr sahiblərinə də" buyurur. Buradakı "əmr sahibləri" sözünə üç məna verilə bilər:

1. Onlar əmirlərdir.
2. Onlar fəqihlərdir.
3. Onlar rafizilərin iddia etdiyi mənada imamlardır.

Əgər fəqihlər, yaxud əmirlər qəsd edilərsə, rafizilərin "burada qəsd olunan imamdır" sözləri batil olur.

Burada onların dediyi mənada imam qəsd edilə bilməz. Çünki Allah Təala, ayənin davamında "Aranızda bir ixtilaf çıxarsa, onun hökmünü Allaha və Rəsuluna həvalə edin" buyurur. Rafizilərə görə isə iddia etdikləri imama itaət etmək fərzdir. Üstəlik onlara görə (hər zamanda var olduğunu deməklə) imam ixtilafa düşmüş kəslərin arasındadır. Məzhəblərinə görə də ona müxalif davranmaq küfrdür.

Əgər bu belə olsaydı (yəni küfr olsaydı) Allah -Özü daha yaxşı bilir- "o məsələni imama (da) həvalə edin, kim ona müxalif olarsa küfrə girər" buyurardı.

Lakin Allah Təala ixtilaflı məsələni Onun kitabına və Rəsulunun -sallAllahu aleyhi və əlihi və səlləm- sünnəsinə həvalə etməyi əmr etdi. Bu da dəlildir ki, hüccət olaraq heç kəsin sözü Allah Rəsulunun -əleyhissalam- sözü mərtəbəsində (yəni inkarı küfr) deyil". [Əbu Mənsur əl Maturidi, Təvilətu Əhlis Sunnə, 1/442-443].

İmamımız demək istəyir ki, yalnız Allah və Peyğəmbərlərinin sözü hüccət olduğu üçün, Allah ixtilaflı məsələləri, həm Öz kitabına, həm də Rəsulunun sünnəsinə həvalə etməyi əmr etdi. Əgər rafizilərin inandığı kimi imama uymaq da fərz olsaydı və onun da sözünün inkarı küfr olsaydı, o zaman Allah onu da qeyd edərdi.

----------------------------

----------------------------

Əlavələr:

Nisa surəsi 59-cu ayə (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nis%C9%99-sur%C9%99si-59-cu-...

Read 449 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR