Təvil nədir?
Zahir və nass'ın (haşiyə), təvil qəbul edəcəyini demişdik. O halda, təvil'in mahiyyət və şərtləri, nədir? Bəzi fiqh kitabı müəllifləri, təvil ilə hökmlərin tə'lilini bir görürlər. Təvildən məqsəd isə, bu deyildir.
------------------------------
(Haşiyə:
Zahir nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/zahir-n%C9%99dir
Nass nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nass-n%C9%99dir)
--------------------------------
Hökmlərin tə'lili: "nassı olduğu kimi tətbiq etməklə bərabər, ifadə etdiyi hökmün illətini ortaya çıxarıb, eyni hökmü, bu illətin olduğu hər yerə tətbiq etmək"dir. Demək ki, tə'lil, nass'ı, zahir mənasından çıxarmaq deyildir. Zahirinə görə əməl etdirərək, onu, haqqında nass mövcud olmayan bənzəri hadisələrə tətbiq etməkdir.
Təvil isə: "nassı, zahiri mənasından çıxarıb, möhtəməl olduğu başqa bir mənaya həml etmək"dir.
Təvilin 3 şərti vardır:
1. Təvil nəticəsində çatılan mənaya, ləfzin dəlalət ehtimalı olmalı və o (yəni, ləfz), (ilk baxışda), bu mənadan, tamamilə uzaq olmalıdır.
2. Təvil üçün bir səbəb olmalıdır. Məsələn, nassın zahiri, dincə zəruri olaraq bilinən bir qayda ilə və ya bir hədisin Qurana müxalif düşməsi kimi sənəd cəhətindən daha qüvvətli bir nassla zidd düşməli və özü də, təvili qəbul etməlidir. Bu təqdirdə, o nassın zahiri, rədd ediləcəyinə təvil edilir. Ya da, ləfz, dəlalət cəhətindən, daha qüvvətli bir ləfzə zidd düşməlidir. Məsələn, ləfz, zahir olub zidd düşdüyü şey nass olarsa və ya ləfz nass olub müxalif düşdüyü şey müfəssər olarsa, təvil edilir.
3. Təvil, sənədsiz olmamalıdır. Onu gərəkdirən bir sənəd olmalıdır.
Təvil, 2 qismə ayrılır:
a. Təşbih ifadə edən ayə və hədislərin təvili.
Məsələn,
~ "Allahın əli, onların əllərinin üstündədir." (Fəth/10) ayətindəki "Allahın əli" sözü, "Allahın qüdrəti" deyə;
~ "Allahın, hər 2 əli də açıqdır, istədiyi kimi verər." (Maidə/64) ayətindəki "Allahın 2 əli" təbiri, "Allahın lütf və kərəmi" deyə; və
~ "Rahmən (olan Allah), ərşə istiva etmişdir." (Taha/5) ayətindəki "istiva" təbiri də, "istila/hakimiyyət" deyə
təvil edilmişdir.
Bütün bunlar, təfsir və Allahı sonradan yaradılmışlara bənzətməkdən çəkinmə əsasına söykənir. Çünki, "Onun bir bənzəri yoxdur." (Şura/11) buyurulmuşdur. Bu cür təvilləri, ağıl gərəkdirməkdədir və təvilin bütün şərtləri də, bunlarda mövcuddur.
Burda bildirməliyik ki, bunlar, tamamilə təvil sayılmaz. Çünki bunlar, bir cəhətdən, məşhur məcazlara görə təfsir deməkdir. Beləcə, məcazlar, təvil ilə deyil; bir başa nass'dan başa düşülür. Məsələn, bir ərəbə, "Əmir, şəhər üzərinə əlini qoydu." deyilsə, o, bundan, "əmirin şəhərə hakim olduğu"nu başa düşər. Bax bu, ləfzin zahirindən başa düşülmüşdür, deməkdir. "Allahın əli, onların əllərinin üzərindədir." ayətindən də, "Allahın qüdrəti" mənası bu şəkildə başa düşülməkdədir. Bu ayə, Hudeybiyyə'də, ağac altında edilən razılaşmaya və uca qüdrət sahibi olan Allahın müsəlmanlara buyurmuş olduğu nüsrət (kömək) vədinə işarətdir.
Görülür ki, bu növ təvillər, məcaz yolu ilə də olsa, ləfzin dəlaləti qəbilindəndir. Dolayısı ilə, belə ayələri mütəşabih saymamaq lazımdır.
b. Təklifi hökm ifadə edən nass’ların təvili:
Bu cür təvil, zahirən, aralarından ixtilaf mövcud olan ayə və hədisləri bir-birinə yaxınlaşdırmaqdır. Buna görə, təvil, hər 2 nassı da əməl mövqeyinə qoymaqdır. Çünki, nassları təfsir sahəsində, "Ləfzin i'məli (əməl etdirilməsi), (ləfzi) ehmalından daha yaxşıdır." prinsipi vardır. Buna görə, hər ikisinə də əməl etdirmək üçün, nass'lardan biri təvil edilir.
• Amm bir ləfzi (haşiyə) təxsis (xass qılmaq) da, təvil sayılır. Bəlkə bu, təvilin ən açıq şəklidir.
-------------------------
(Haşiyə:
• Amm ləfz: "bir vaz (sözün ilk qoyuluş və istifadəsi) ilə, bir çox şeyə dəlalət edən ümumi ləfz" deməkdir. Məsələn, "ər-rical/kişilər" sözü, amm bir ləfz olub, bu mənaya vaz (sözün ilk qoyuluş və istifadəsi) cəhətindən əlverişli olan hər kəsə dəlalət edir. "Bir vaz ilə" qeydi, müştərək (omonim)'i tərif xaricində qoymaq üçün gətirilmişdir. Məsələn, "ayn=göz" sözü, müştərək bir ləfzdir. Bu ləfz:
~ zat;
~ göz; və
~ bulaq
mənalarına da gəlir. Lakin, bu mənalara, bir vaz ilə deyil; ayrı-ayrı zamanlarda, fərqli vazlarla və təbadül surətilə dəlalət etməkdədir.
Amm ləfz isə, dəlalət etdiyi şeylər üçün, bir vaz ilə və bir halda istifadə edilən ləfzdir.
Demək ki:
~ amm, bir cinsdən olan bir çox şeyə;
~ müştərək isə, ayrı-ayrı şeylərə
dəlalət edən sözlərdir.
• Amm'ın tərifindən, qismən də olsa, xass'ın tərifi də başa düşülmüş oldu. Buna görə, "xass": "tək mənaya vaz edilən ləfz"dir. Yəni, bir mənaya dəlalət edən kəlimələr, xass'dır. İstərsə, bu, "heyvan" sözü kimi cins ifadə etsin; istərsə, "insan" kimi bir növ ifadə etsin; istərsə, Əli, Vəli kimi şəxs ifadə etsin.
Demək ki, sözdən məqsəd tək şeydirsə, o söz, xass'dır və alimlərin ittifaqı ilə, onun dəlaləti, qətidir. Burdakı qətilikdən məqsəd də, dəlildən meydana gələn ehtimalın mövcud olmamasıdır.
----------------------------------
• Mütləq bir ləfzi (haşiyə) təqyid də, təvil sayılır.
-----------------------------------
(Haşiyə:
Mütləq ləfz: "təklik, çoxluq və ya vəsf kimi şeylərə baxılmadan, vaz edildiyi/qoyulduğu mənaya dəlalət edən ləfz" deməkdir. Başqa bir şəkildə ifadə etsək, mütləq, yalnız mahiyyətə dəlalət edir. Məsələn, "qul azad etmək" (Bələd/13) ayətindəki "qul" ləfzi, belədir.
Mütləq ilə Amm ləfz arasında, belə bir fərq vardır:
~ Mütləq: təklik və ya çoxluq kimi hər hansı bir qeydə bağlı olmadan bir mahiyyət ifadə edir. "Qul, azad etmək" sözü, azad ediləcək qulun, mömin olub-olmamasını, bir və ya çox olmasını göstərməz. Sadəcə qul ismi verilə biləcək bir şəxsin azad edilməsini göstərir.
~ Amm isə: Say etibarı ilə bir mahiyyət ifadə edən ləfzdir. Məsələn, Qital (Muhamməd) surəsinin 4-cü ayətində:
"O küfr edənlərlə (müharibədə) qarşılaşdığınız vaxt, boyunlarını vurun." buyurulmuşdur. Burdakı "boyunlar" ləfzi, amm olub bütün kafirlərə şamildir.
~ Muqayyəd'ə gəlincə: Bu, bir:
- vəsf;
- hal;
- məqsəd; və ya
- şərt
qeydinə bağlı olaraq mahiyyətə dəlalət edir. Başqa bir təbirlə, muqayyəd, sayları nəzərə almadan hər hansı bir qeydə bağlı olan ləfzdir. Məsələn:
"Mömin bir qul azad etmək..." (Nisa/92) ayətindəki qul, möminlik vəsfilə muqayyəddir.
- Şərtlə muqayyədə misal olaraq:
"...tapa bilməzsə, 3 gün oruc tutsun..." (Maidə/89) ayətindəki "3 gün oruc tutsun" sözü, qul azad etmək, 10 nəfəri geyindirmək və ya yedirmək imkanı olmama şərtilə muqayyəddir.
- Məqsəd ilə təqyidə misal:
"...sonra gecəyə qədər orucu tamamlayın..." (Bəqərə/187) ayətində, orucun tamamlanması "gecəyə qədər" qeydi ilə muqayyəddir. Buna görə, axşam olduqdan sonra, iftar etmədən ertəsi günkü oruca davam etmək, caiz deyildir.)
Mütləqin muqayyəd'ə həml edilməsi:
Mövzu və hökm, eyni olarlarsa, alimlərin ittifaqına görə, mütləq, muqayyəd üzərinə həml edilər. Məsələn:
"...Leş, qan, donuz əti..." (Maidə/3) ayətində, "qan", mütləq olaraq zikr edilmişdir.
Digər tərəfdən, "De: 'Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti...müstəsnadır..." (Ənam/145) ayətində isə, "axar qan", muqayyəd olaraq keçməkdədir.
Hər iki ayətdə də, mövzu, "qan"; və hökm də, bunun haram qılınmasıdır. O halda, birinci ayətdəki, mütləq qan; ikinci ayətdəki isə, muqayyəd qan'a həml edilir.
Əgər mütləq ilə muqayyəd arasında hökm və ya səbəb cəhətindən bir ayrılıq varsa, əbu Hənifə və əshabına görə, mütləq, muqayyəd üzərinə həml edilə bilməz. Məsələn,
~ Qətl kəffarəti haqqında:
"...Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli..." (Nisa/92); buyurulmuş; və
~ Zihar kəffarəti haqqında da:
"Qadınlarını zihar edib (anaya bənzədərək özlərinə haram edib), sonra sözlərini geri götürənlər, onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər..." (Mücadilə/3) buyurulmuşdur.
Birinci ayətdə, nökər, muqayyəd; ikincisində isə, mütləq olaraq zikr edilmişdir. Burda, mütləq, muqayyəd üzərinə həml edilə bilməz; yəni, zihar kəffarətində də, nökərin müsəlman olması, şərt deyildir. Çünki, hər 2 kəffarətin hökmləri, eyni isə də, səbəbləri, ayrı-ayrıdır.
Mütləq ilə muqayyəd, hökm cəhətindən ayrıldığı halda, səbəb cəhətindən birləşərlərsə, başqa müstəqil bir dəlil mövcud olmadıqca, mütləq, muqayyəd üzərinə həml edilə bilməz. Məsələn:
"Ey iman gətirənlər! Namaza durarkən, üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün..." (Maidə/6) ayətini götürək.
Burda, dəstəmaz və təyəmmümün səbəbi bir olub, o da, namaz qılmaq arzusudur. Lakin, hökm, mütləq və muqayyəd olmaq cəhətindən, fərqlidir. Dəstəmaz alarkən, əllərin dirsəklərə qədər yuyulması əmr edilmişdir. Təyəmmümdə isə, əllərin məsh ediləcəyi, mütləq olaraq zikr edilmişdir. Görəsən, mütləq, muqayyəd üzərinə həml edilərək, təyəmmümdə də dirsəklərə qədər məsh ediləcəkdirmi?
Fəqihlər, burda, mütləqin muqayyəd üzərinə həml edilməsini, yerində görməzlər. Ancaq, təyəmmümdə, dirsəklərə qədər məsh edilməsi gərəkdiyi, başqa bir dəlil ilə, yəni, hədislə sabit olmuşdur:
"Təyəmmüm, 2 vuruşdur. Biri, üz üçün; digəri də, dirsəklərə qədər əllər üçün." ("əl-Camiu's-Sağir", hədis no: 3414)
Bu, mütləqi muqayyəd üzərinə həml etmək şəklində bir təqyid deyil; ayətdəki icmalı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in açıqlaması qəbilindən bir şeydir.
Yuxarıda keçən zihar ayəti də, eyni şəkildədir. Zihar kəffarəti üçün nökər azad etmək və ya ard-arda 2 ay oruc tutmaq işi, təmasdan əvvəl olmaqla muqayyəddir. Bunlara gücü çatmayan kimsənin, 60 kasıbı doyurmasında, təmasdan əvvəl qeydi yoxdur. Lakin, Hənəfilər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Kəffarət verincəyə qədər, ondan uzaq dayan." (əbu Davud, "Talaq", 17) hədisinə istinad edərək, bunun da, təmasdan əvvəl olmasını şərt qoşurlar.
Səbəb, fərqli; hökm, eyni olduğu vaxt, mütləqin muqayyəd üzərinə həml edilib-edilməməsində, fəqihlər ixtilaf etmişlərdir. Hənəfilərin bu xüsusdakı görüşlərini, yuxarıda açıqladıq. Fəqihlərin əksəriyyətinə görə isə, bu halda, mütləq, muqayyəd üzərinə həml edilə bilər. Dolayısı ilə, zihar, and və oruc kəffarəti olaraq azad edilməsi bildirilən "nökər", mütləq olaraq zikr edildiyi halda; qətl kəffarəti olaraq azad edilməsi əmr edilən "mömin nökər" üzərinə həml edilir və bu kəffarətlər üçün, azad edilən nökərlərin də, mömin olması lazım gəlir.
Yenə,
"...Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun..." (Bəqərə/282)
ayətində, şahidlərin, adil kimsələr olması qeydi yoxdur.
Lakin, talaqla bağlı olan:
"...Aranızdan iki ədalətli şahid çağırın..." (Talaq/2)
ayətində, şahidlərin adil olması qeydi vardır.
~ Amm'ın təxsisinə misal olaraq:
"Allah, alış-verişi halal; faizi də, haram qıldı." (Bəqərə/275) ayətilə; "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin." (Nisa/29) ayətini zikr edə bilərik.
Bununla bərabər, bəzi əşyanı inhisar altına almaq üçün əldə etmək, qadağan edilmişdir. Dolayısı ilə, bəzi alış-verişlər, haram qılınmışdır.
Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), dənizdəki balıq və havadakı quş kimi əldə edilib-edilə bilməyəcəyi bəlli olmayan şeyləri əldə etmədən əvvəl satmaqdan; yemək maddələrində inhisara səbəb olan alış-verişlərdən əngəlləmişdir. Bax bu şəkildə, ümumi olaraq halal qılınan şeyləri təxsis etmək, təvil babına girir.
Yenə, "Hamilə qadınların iddəti (gözləmə müddəti), doğmalarına qədərdir." (Talaq/4) ayəti də, təxsis surətilə təvil edilmişdir. Nassın zahirinə baxılarsa, doğuşla iddət sonlanmaqdadır. İstərsə bu iddət, talaq (boşanmaq); istərsə də, ölüm səbəbilə olsun. Lakin, "Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər." (Bəqərə/234) ayəti, ölüm səbəbilə gözlənməsi lazım gələn iddətin, 4 ay 10 gün olduğunu ifadə etməkdə; qadının hamilə olub-olmadığına işarət etməkdədir. Bu 2 ayənin zahiri arasındakı ziddiyyəti ortadan qaldırmaq üçün, ölüm səbəbilə gözlənilən iddəti bildirən ayə, "əgər qadın hamilə deyilsə" şəklində təxsis edilmişdir.
------------------------------
• Mütləq bir ləfzi təqyid (bir qeydə bağlama) işi də, təvil sayılır. Məsələn, Quranda,
"Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi." (Maidə/3) ayətilə;
"De: 'Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm." (Ənam/145)
ayətini ələ alarsaq, birinci ayədə, "qan" kəliməsi, tək başına; ikinci ayədə isə, "axan qan" deyə bir sifət alaraq zikr edilmişdir. Hökm mövzusu da eyni olduğuna görə, mütləq ləfz, muqayyəd ləfzlə açıqlanmış; yəni, ikincisi, əsas olaraq qəbul edilmişdir.
Alimlər, təvilin lüzumu və şərtlərində birləşdikləri halda; metod və təvil mövzusu olan şeylərdə ixtilaf etmişlərdir. Məsələn, əhəd xəbərlə bir amm'ın təxsisi və qiyas və ya zənni olan ümumun maslahatı ilə təxsis mövzusu üzərində birləşə bilməmişlərdir. Yenə, mütləqin nə vaxt muqayyədə görə təxsis ediləcəyi də, ixtilaf mövzusudur.
Təvil, əqli istinbat (hökm çıxarmaq) mövzusunda, çox əhəmiyyətlidir. Bəzən təvil, səhih; bəzən də, fasid olur. Yuxarıda sayılan şərtləri ehtiva edirsə, təvil, səhih olur. Bu şərtləri daşımırsa və ya təvilə lüzum da yoxdursa, ya da lüzum olduğu halda təvil metodu şər'i bir əsasa uyğun gəlmirsə, iləri sürülən təvil, fasid olur.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
--------------------------
--------------------------
Əlavələr:
Varlığın, 5 mərtəbəsi mövcuddur. Onlardan:
1. Birincisi: "əl-vücudu'z-zati / zati varlıq";
2. İkincisi: "əl-vücudu'l-hissi / hissi varlıq";
3. Üçüncüsü: "əl-vücudu'l-xəyali / xəyali varlıq";
4. Dördüncüsü: "əl-vücudu'l-əqli / əqli varlıq";
5. Beşincisi: "əl-vücudu'ş-şibhi / varlığa bənzəyən varlıq";
✓ Birincisi: "əl-vücudu'z-zati / zati varlıq":
Hiss və ağlın xaricində sabit olan həqiqi varlıqdır. Hiss və ağıl, bu varlığın bir surətini götürür və zehndəki bu surətə də, idrak deyilir. Göylərin, yer üzünün, heyvanların və bitkilərin var olmaları, belədir. Bu növ varlıq, çox açıqdır. Daha doğrusu, bu cins varlıqlar, o qədər açıqdırlar ki, bir çox kimsə, bu növdən başqa varlıq olduğunu bilə bilməz.
Bunun üçün misal verməyə ehtiyac yoxdur. Çünki, açıqdır, olduğu kimi başa düşülür, təvil edilə bilməz. Mütləq və həqiqi varlıq, budur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xəbər verdiyi arş, kürsi və 7 qat səma kimi...Bunlar, zahiri mənaları ilə başa düşülür, təvil edilməzlər. Hiss və xəyal ilə istər idrak edilsin; istər edilməsin, bunlar, bizatihi (zatları etibarı ilə) var olan cisimlərdir. (haşiyə)
------------------
(Haşiyə:
• Hiss nədir?
https://suallarlaislam.com/m%C9%99qal.../10-hiss-hansilardir
• Surət nədir?
https://suallarlaislam.com/m%C9.../sur%C9%99t-n%C9%99dir)
------------------
✓ İkincisi: "əl-vücudu'l-hissi / hissi varlıq":
Sadəcə hisslər üçün var olan; varlığı onu hiss edənə məxsus olan; xaricdə maddi bir varlığı olmayan varlıqdır. Yatan bir kimsənin; hətta oyaq, lakin xəstə olan birinin gördüyü bəzi şeylər, varlığın bu sinfinə girirlər. Bu halda olan kimsələr, bəzi şeylər xəyal edər və surətlərini görərlər. Ancaq bunların, hissin xaricində varlıqları yoxdur. Lakin eynilə xarici aləmdə var olan şeylər kimi görünərlər.
Hətta sağlam və oyaq olduqları zamanlarda, peyğəmbərlərlə övliyaya (vəlilərə), mələklərin cövhərlərini əks etdirən gözəl surətlər görünür. Onlar, bu vasitə ilə, vəhyə və ya ilhama mazhar olurlar. Başqalarının, yuxuda ikən qeyb aləmindən tələqqi etdikləri şeyləri, onlar, oyaq ikən tələqqi edərlər. Bu keyfiyyət, onların daxili aləmlərinin saf və parlaq olmasından iləri gəlir. Necə ki, Allah Taala:
...فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا
...Fətəməssələ ləhə bəşəran səviyyən.
Yəni:
"...(Cəbrail), Ona (Məryəmə), düzgün insan surətində təməssül etdi (göründü)." (Məryəm/17)
Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, əksəriyyətlə, Cəbrail (əleyhissəlam)'ı, bu yolla görürdü. Onu, əsli surətilə, sadəcə 2 dəfə (ilk vəhy başladığı vaxt; və meracda) görmüşdü. Cəbrail, müxtəlif surətlərə təməssül edər (bir şeyin, bir yerdə, surət və ya mahiyyətinin əks etməsi; bir şəkil və surətə girmək); Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, onu, bu surət içərisində görərdi.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yuxuda görülməsi də, belədir. Hədisdə:
"Yuxuda Məni görən, həqiqətən Məni görmüşdür. Çünki şeytan, Mənim surətimə bürünə (təməssül edə) bilməz." buyurulmuşdur.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu şəkildə görülməsi, (mübarək) vücudunun Mədinədə dəfn olunduğu yerdən, yuxu görənin olduğu yerə intiqal etməsi (keçməsi) surətində deyildir. Əksinə, vücuduna aid bir surətin, yatanın hissində var olması (təməssülü) şəklindədir.
Əgər verdiyimiz bu misallara inanmırsansa, öz gözünə inan! Məsələn, bir nöqtə böyüklüyündə bir atəş parçasını əlinə alırsan, sonra bu atəşi doğru bir cizgi üzərində, sürətlə hərəkət etdirirsən və (nəticədə) atəşdən bir cizgi görürsən. Bu atəş parçasını bir dairə üzərində hərəkət etdirdiyin vaxt da, atəşdən bir dairə görürsən. Görülən atəş cizgi və dairə, sənin hissində mövcuddur; hissin xaricində isə mövcud deyildir. Çünki, hər bir halda, xarici aləmdə mövcud olan bir nöqtədən başqa bir şey deyildir. Bir-birini izləyən zamanlar içində, nöqtənin xətt və dairə şəklində görünməsi, cizginin və dairənin xarici aləmdə mövcud olduğunu, heç bir şəkildə göstərməz. Cizgi və dairənin hissdə olan mövcudluğu, sadəcə bir halda və bir andadır.
Bu varlığın təvilləri bəhsində, bir çox misallar vardır. Biz, 2 nümunə verməklə kifayətlənəcəyik. (Belə ki):
a. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Qiyamət günü, ölüm, gözəl bir qoç şəklində gətiriləcək və cənnət ilə cəhənnəm arasında boğazlanacaq."
~ "Ölüm, bir arazdır." və ya
~ "Ölüm, bir arazın olmamasıdır." və ya
~ "Arazın cismə çevrilməsi imkansızdır, buna güc çatdırmaq mümkün deyil."
kimi bir nəticəyə dəlil ilə vasil olanlar, bu xəbəri, bu şəkildə başa düşəcəklərdir:
Qiyamət günü toplanan insanlar, qoçu görəcəklər; və onun, ölüm olduğuna etiqad edəcəklərdir. Bu qoç, xarici aləmdə deyil; sadəcə onların hislərində mövcud olacaqdır. Bu hal, axirətdə ölümün mövcud olmasından qəti olaraq ümidi kəsmək xüsusunda, yəqini (qəti) bir biliyin hasil olmasını təmin edəcəkdir. Bu halda, boğazlanan, qoç deyil; özündən ümid kəsilən şeydir, yəni, ölüm.
Bu istidlalı və düşünmə tərzini bəyənməyənlər isə, bəlkə də, ölümün özünün, qoçun zatı halına çevriləcəyinə və beləcə, boğazlanacağına etiqad edəcəklərdir.
b. (Günəş tutulması ilə bağlı olaraq rəvayət edilən) bir hədisdə, belə buyurulmuşdur:
"Bu divarın içində, Mənə, cənnət (ilə cəhənnəm) göstərildi."
~ "Cisimlər, bir-birinin içinə girməz."
~ "Böyük cisim, kiçik cismin içinə sığmaz."
kimi bir nəticəyə dəlil ilə çatanlar, bu hədisi belə başa düşəcəklərdir:
"Cənnətin özü (yəni, zatı) divara nəql edilmiş deyildir. Lakin cənnətin divardakı surəti, sanki gözlə görülürmüş kimi; hissdə təməssül etmişdir."
Böyük bir şeyin misalının, kiçik bir cisimdə görülməsi, imkansız deyildir. Necə ki, böyük səma, kiçik bir aynada görülə bilirsə...Bu halda, bu, mücərrəd xəyal gücü ilə, cənnətin mücərrəd surətinin fərqli bir şəkildə görülməsidir. Səmanın aynada görülməsilə, gözlər örtüldükdən sonra aynadakı səmanın surətinin təxəyyül yolu ilə idrak edilməsi (zehndı canlandırılması) arasındakı fərq, məlumdur. (Yəni, birincisi, hissdə; ikincisi isə, xəyalda).
Ayın aynada görülməsi, hissi varlıq; müxəyyilədə (xəyal qüvvəsində) təsəvvür edilməsi, xəyali varlıqdır. (haşiyə)
--------------------
(Haşiyə:
Misal aləmi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/misal-al%C9%99mi-n%C9%99dir)
--------------------
✓ Üçüncüsü: "əl-vücudu'l-xəyali / xəyali varlıq"
Hisslər ilə görməkdə olduğumuz varlıqlar, gözümüzdən itdikləri vaxt, zehnimizdə, onların bir surət (forma)'ları qalır ki, buna, xəyal deyilir. Göz qapanmış vəziyyətdə, məsələn, bir filin və ya bir atın surəti, zehndə canlandırıla bilər. Sanki fil və ya at görülürmüş kimi zehndə meydana gətirilən bu surət, mükəmməl bir şəkildə zehndə mövcud isə də, xarici aləmdə yoxdur.
Bunun misalı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisləridir:
"Mən, Yunus b. Mətta'ya sanki baxır kimiyəm. Üzərində, Qatvanda emal edilmiş bir əba olduğu halda, təlbiyyə edir (ləbbeyk Allahummə ləbbeyk deyir) və dağlar, Ona cavab verirdi. Allah Taala isə, ona: 'Ləbbeyk, yə Yunus' deyirdi."
Aşkardır ki, bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xəyalındakı bir surətin, təmsil yolu ilə ifadə edilməsidir. Çünki, Yunus'un bu vəziyyətdə olması, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dünyaya gəlməsindən çox əvvəl idi. Bu vəziyyət, yox olub getmişdi. Həmin vaxt, mövcud deyildi.
"Yatan bir kimsənin, yuxusunda müxtəlif surətlər görməsi; bu hadisə, sanki müşahidə edirmiş kimi Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hissinə təməssül etmişdir." deməkdə də, qərib görüləcək bir hal yoxdur. Lakin, "Kəənni ənzuru / Sanki (Ona) baxıram" demiş olması, bu baxışın, həqiqi bir baxış olmadığı; lakin baxışa bənzəyən bir hal olduğu hissini oyandırmaqdadır. Məqsəd, misal verərək izah etməkdir. Surətin özü isə, qayə deyildir.
Xülasə, müxəyyilədə görülən hər şeyin, görmə məhəlli olan hissdə görülməsi, təsəvvür edilə bilər. Və beləcə, müşahidə meydana gəlmiş olar. Nadir hallar xaricində, imkansız deyildir.
✓ Dördüncüsü: "əl-vücudu'l-əqli / əqli varlıq":
Müəyyən bir şeyin, bir ruhu, bir həqiqəti və bir mənası olur. Ağıl, bu şeyin xarici aləmdəki varlığını, hiss və xəyaldakı surətini, heç nəzərə almadan, mücərrəd məna cəhətini qavrayır, məsələn əl kimi...Əlin hissi və xəyali bir surəti vardır, ayrıca bir də mənası vardır ki, bu, onun həqiqətidir. Bu məna, əlin "tutma gücü"dür. Əqli mənada, əl, bu "tutma qüvvəti"dir.
Eyni şəkildə, qələmin bir surəti vardır. Lakin, onun həqiqəti, elmləri/bilikləri yazma cəhətidir. Ağıl, qələmin bu mənasını, qamışın xəyali və hissi surətinə bağlı olmadan qavrayır.
Bunun da, bir çox nümunuləri varsa da, biz, 2 misal vermək surətilə kifayətlənəcəyik. Bunlardan biri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisidir:
a. "Günahları səbəbilə cəhənnəmə girib ordan çıxanlara, cənnətdən, bu dünyanın 10 misli böyüklüyündə bir yer verilər."
Bu hədisdən başa düşülən zahiri məna, bu yerin, en, uzunluq və hündürlük etibarı ilə, dünyadan 10 dəfə böyük olmasıdır. Bu isə, hissi və xəyali bir fərqdir. Onun üçün, bu xəbər qarşısında heyrət edilərək:
"Hədislərdə bildirildiyi üzərə, cənnət, səmadadır. Səma da, dünyadan (dünya məfhumu da daxil) olduğu halda, dünyanın 10 mislini necə ehtiva edə bilər?"
Təvil etməsini bilənlər, bu hökmlə heyrətlərini ortadan qaldırarlar:
"Burda bəhsi edilən fərq, mənəvidir, əqlidir; hissi və xəyali deyildir."
Məsələn, bəzən, belə deyilir:
"Bu çinar çəyirdəyi, bu çinar ağacından, bir neçə misli böyükdür."
Bununla, çəyirdəkdəki istedad qəsd edilir. Bu, çəyirdəyin hiss və xəyal ilə idrak edilən sahə etibarı ilə böyüklüyünü deyil; ağılla idrak edilən böyüklüyünü ifadə edir.
b. Bir hədisdə: "Allah Taala, Adəmin palçığını, 40 sabah əlilə yoğurdu." buyurulmuşdur.
Görüldüyü kimi, bu hədisdə, Allahın əli olduğundan bəhs edilməkdədir. Hissi və xəyali orqan mənasındakı əl məfhumunun Allah Taala üçün istifadə edilməsinin doğru olmadığını dəlil ilə isbat edənlər, bu əlin, əqli və ruhani olduğunu qəbul etməkdədirlər. "Əl" kəliməsinin mənası və ruhu isə: "bir şeyi tutmağa yarayan, özü ilə iş görülən, özü ilə yaxşılıq edilən və ya edilməyən vasitə" deməkdir. Allah Taala, mələkləri vasitəsilə ehsan edir və ya etmir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir hədisində, belə buyurmuşdur:
"Allah Taalanın ilk yaratdığı şey, ağıldır. Allah Taala, ağlı, ilk dəfə yaratdığı vaxt, ona dedi: 'İnsanlara, səninlə verəcəm, (yenə) səninlə geri alacam."
Mütəkəllimun'un (kəlam alimlərinin) inandıqları kimi, bu hədisdə keçən ağlın, araz (haşiyə) olması, mümkün deyildir. Bəlkə bundan məqsəd:
Adı "əql" (ağıl) olan və təlim görməyə möhtac olmadan, zatı və cövhərlərilə əşyanı idrak edən mələkdir.
Vəhy və ilham yolu ilə, həqiqi elmi/bilgiləri, nəbilər və övliyaların Lövh-i Məhfuz'a bənzəyən qəlblərinə nəqş etməsi etibarı ilə, bu mələyə: "Qələm" də deyilir.
Bundan dolayı, başqa bir hədisdə:
"Allah Taala'nın ilk yaratdığı şey, qələmdir." buyurulmuşdur.
Burdakı "qələm"in, ismi "əql" olan bir mələk mənasına gəldiyi qəbul edilməzsə, 2 hədis arasında bir ziddiyyət hasil olur. Müxtəlif etibarlar ilə, bir şeyin bir çox ismi olması, mümkündür.
~ Zatı etibarı ilə "ağıl": Allah Taala ilə məxluqat arasında vasitə olması etibarı ilə "mələk";
~ Vəhy və ilham yolu ilə elmi/bilgini qəlblərə nəqş etmə işi onunla hasil olduğu üçün "qələm"
adını almışdır.
Necə ki, Cəbrail (əleyhissəlam)'a da:
~ Zatı etibarı ilə: "Ruh";
~ Sirlərin özünə verilmiş olması səbəbilə: "Əmin";
~ Qüvvətinin kamalı etibarı ilə: "Zu-Mirrah" (qüvvətli); "Şədidu'l-Quva" (çox qüvvətli)
~ Məqamının Allah Taalaya yaxın olması etibarı ilə: "Zi'l-Ərşi'l-Məkin" ("Ərşin sahibi yanında böyük hörmət sahibi") (Təkvir surəsi/20)
~ Mələklərdən bəzilərinin özünə tabe olması etibarı ilə "Muta" (Təkvir/21)
deyilmişdir.
-------------------------------
(Haşiyə:
Araz: öz-özünə varlıq qazanmayıb başqa bir cövhərlə meydana gələn hal və keyfiyyətlər. Məsələn, qəndin rəngi və ya dadı kimi.
Bənzəri bir hədis də, "günəşin səcdəsi" hədisidir. bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/gun%C9%99sin-s%C9%99cd%C9%99...)
------------------------------
Qənaəti belə olan bir kimsə, hissi və ya xəyali qələm və əl yerinə, əqli bir qələm və əl qəbul edər. İstər qüdrət olsun, istər başqa bir şey, əlin, Allah Taala'nın bir sifəti olduğu qənaətində olanlar da vardır. Necə ki, bu xüsusda, kəlam alimləri ixtilaf etmişlərdir.
✓ Beşincisi: "əl-vücudu'ş-şibhi / varlığa bənzəyən varlıq":
Bu, bir şeyin surəti və həqiqəti ilə, nə xaricdə, nə hissdə, nə xəyalda və nə də ağılda bizatihi (zatı etibarı ilə) mövcud olmamasıdır. Lakin, mövcud başqa bir şey olub, bir xüsusiyyəti və sifətilə, digər varlıqlara bənzədiyindən, "şibhi varlıq" adını almışdır.
Bunun misalı, Allah Taala haqqında varid olan, qəzəb, şövq, fərəh, səbr və s. kimi şeylərdir.
Məsələn, qəzəbin mahiyyəti, nəticədə sükunət qazanmaq və rahatlamaq üçün, qəlbdəki qanın qələyan etməsidir. Bu isə, ağrı və əskiklik mənasına gəlir. Qəzəbin, hissi, xəyali və əqli bir şəkildə, Allah Taala'ya isnad edilə bilməyəcəyi nəticəsinə dəlil ilə çatanlar, qəzəbi, qəzəbin meydana gətirdiyi nəticələri meydana gətirən başqa bir sifət şəklində anmış; və beləcə, "qəzəb"i: "cəza verməyi iradə etmə" deyə açıqlamış və onu, iradə sifətinə irca etmişlərdir. Əslində, iradə ilə qəzəb arasında, heç bir münasibət yoxdur. Lakin, qəzəb ilə iradə:
~ ehtiva etdikləri sifətlərdən bəziləri cəhətindən bir-birinə yaxın olduqları kimi;
~ ağrı vermə kimi bir nəticə meydana gətirmələri etibarı ilə də, digərinə bənzəyərlər.
...Bu 5 mərtəbənin ən zahir olanı, "zati varlıq"dır. Bunun sabit olması, hər şeyə şamildir (yəni, digər bütün ehtimalları qaldırar). Zati varlığın sübutu imkansız olarsa, --->
Hissi varlığa keçiləcək. Bunun sübutu da, bundan sonrakılara keçilməsinə əngəl təşkil edir. Hissi varlığın sübutu da mümkün olmazsa --->
Xəyali və əqli varlığa keçiləcək. Bunların sübutu da mümkün olmazsa, --->
Şibhi və məcazi varlıqda qərar qılınacaq.
Dəlilə söykənən bir zərurət olmadıqca, bir dərəcədən onu izləyən dərəcəyə keçməyə, icazə yoxdur!
Not: Peyğəmbərin haqqında xəbər verdiyi varlıqlar, mütləq, bu 5 sinifdən birinə daxildir.
(Hüccətü'l-İslam əbu Həmid əl-Ğazzali, "Faysalu't-Təfriqa beynə'l-İslam və'z-zəndəqa" əsərindən nəql)
-----------------------
-----------------------
Təfsir və Təvil məsələsi:
A. Təfsir:
"Təfsir" kəliməsi, lüğətdə, "izah etmək" və "açıqlamaq" mənasına gəlir. Furqan surəsi 33-cü ayədə də, bu mənada istifadə edilmişdir:
وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَـٰكَ بِٱلْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا
Və lə yə'tunəkə biməsəlin illə ci'nəkə bi'l-haqqi və əhsənə təfsira.
Yəni:
"Onlar, Sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı təfsiri verməyək."
1. İstilah (termin) olaraq isə, "Bəşərin gücü nisbətində, Allahın muradına dəlalət etməsi cəhətindən, Quranı araşdıran bir elmdir." şəklində tərif edilir.
Tərifdə keçən "elm" ifadəsi ilə, "təsəvvürlər qəbilindən olan biliklər" qəsd edilir. (haşiyə)
---------------------
(Haşiyə:
Təsəvvür nədir?
Elmlər bir çox şöbələrə ayrılsalar da, 2 qisimlə məhduddurlar:
1. Təsəvvür;
2. Təsdiq.
1. Təsəvvür: “Müfrəd (yalnız 1şeyə və ya 1 şəxsə işarət edən) bir ifadənin dəlalət etdiyi zatların, təfhim (fəhm etmə) və təhqiq yolu ilə idrak edilməsi”dir. "Cisim, ağac, mələk, cin, ruh” və bənzəri ləfzlərdən qəsd edilən mənanı idrak etmək kimi...
2. Təsdiq: Sənin,
~ "Aləm (hiss və ya ağıl yolu ilə qavrana bilən və ya mövcudluğu düşünülə bilən, Allah xaricindəki varlıq və hadisələrin bütününü ifadə edən bir termin), sonradan yaradılmışdır.";
~ "Allaha itaətə qarşılıq mükafat vardır." və
~ "Günaha qarşılıq cəza vardır."
kimi hökmləri, bilməyindir.
Hər təsdiqin, 2 təsəvvürdən sonra gəlməsi, zəruridir. Tək başına aləm və tək başına hadis (sonradan yaradılma) kəlimələrini başa düşməyən kimsənin, "Aləm, sonradan yaradılmışdır." qəziyyəsini (hökm bildirən cümlələr üçün istifadə edilən məntiq termini; Aristotel, qəziyyəni: "Özü ilə bir şey haqqında, bir başqa şeyin təsdiq və ya inkar edildiyi sözdür." deyə tərif etmişdir.) təsdiq etməsi, təsəvvür edilə bilməz.
Hətta, məsələn, "hadis/sonradan yaradılma" kəliməsinin mənası bilinmirsə, "madis" kimi mənasız bir kəlimə ilə dəyişdirilərsə, "Aləm, madisdir." deyildiyində, sənin bu cümləni nə təsdiq etməyin, nə də təkzib etməyin, mümkün olmaz. Fəhm etməyən, necə inkar edə və ya təsdiq edə bilər?!
Eyni şəkildə, "aləm" kəliməsi də, mənasız bir kəlimə ilə dəyişdirildiyində, eynidir.
----------------------
"Mutavvəl"ə yazdığı şərhdə, Abdu'l-Hakim, belə deyir:
"Təfsir elmi, təsəvvür qəbilindəndir. Çünki, bu elmdən məqsəd, Quranın ləfzlərinin mənasını təsəvvür etməkdir. Bu da, təriflər qəbilindəndir. Bu qədər var ki, bunların çoxu, hətta hamısı, ləfzi təriflər kategoriyasında yer alır."
Seyyid (Şərif əl-Cürcani) isə, təfsir elminin, təsdiqlər qəbilindən olduğu görüşündədir. Çünki, bu elm, ləfzlərə dair hökmləri ehtiva etməkdədir. Belə ki: Bu elmdə, təfsir qaynaqlarında, ayə mətnləri ilə bərabər zikr edilən açıqlamaların, o mənaları ifadə etdiyinə hökm etmək bəhs mövzusudur. (Zəhəbi, "ət-Təfsir və'l-mufəssirun", l, 31)
~ "Quranı araşdıran" ifadəsilə, başqa kitabları araşdıran elmlər, tərifin xaricində qalmışdır.
~ "Allahın muradına dəlalət etməsi cəhətindən" qeydilə, məsələn, ləfzlərinin zəbti və bunları əda keyfiyyəti cəhətindən, Quranı ələ alan qiraət elmi ilə; ləfzlərinin necə yazılacağı məsələsini mövzu edən Rəsmu'l-Osmani elmi kimi (dəlaləti xaricində) Quranı araşdıran elmlər, tərifin xaricində qalırlar. Bununla bərabər, bu qeyd ilə, məxluq olub-olmaması cəhətindən Quranı araşdıran nizamlar da, tərifin xaricində qalırlar. Çünki bu, kəlam elminin mövzusudur. Eyni şəkildə, cünub və ya bənzəri sifətləri daşıyan kimsələrin Quran oxumasının haram olmasını araşdıran disiplinlər də, bu tərifin xaricində qalırlar. Çünki bu, fiqh elminin mövzusudur.
~ "Bəşər gücü nisbətində" qeydi, mütəşabih ayələrin mənasının və hal-hazırda Allahın muradının bilinə bilməməsinin, təfsirin bilinməsinə bir zərər verməyəcəyini açıqlayır.
2. Təfsir elmini, bu şəkildə də tərif etmişlərdir:
"Təfsir: nüzulu, sənədi, ədası, ləfzləri, ləfzlərə bağlı mənaları və hökmlərlə bağlı mənaları cəhətindən, Quranın araşdırma mövzusu edildiyi bir elmdir."
Bu tərifdə keçən:
~ "Nüzulu" qeydi, ayələrin nüzul səbəblərini, (ayələrin) harda və nə vaxt endiyini əhatə edir.
~ "Sənədi" qeydi, onun, mütəvatir, əhəd və şazz qiraətlərini açıqlayır.
~ "Ədası" qeydi, mədd və idğam kimi bütün əda təriqlərini açıqlayır.
~ "Ləfzləri" qeydi, həqiqət-məcaz; müştərək-mütəradif; səhih-mutəl; və mu'rab-məbni cəhətindən, kəlimələrini əhatə edir.
~ "Ləfzlərə bağlı mənaları" qeydi, fəsl və vəsl kimi mövzuları açıqlayır.
~ "Hökmlərlə bağlı mənaları" qeydi, ümum-xüsus və möhkəm-mənsux kimi mövzuları əhatə edir.
Görüləcəyi üzərə, bu tərif, qiraət, fiqh üsulu, sarf, məani, bəyan, bədi kimi ərəb dili və bəlağat elmlərinin qaydaları arasında mövcud olan bir çox cüzi mövzunu ehtiva etməkdədir.
3. Təfsirin üçüncü tərifi isə, bu şəkildə verilmişdir:
"Təfsir, Quran ləfzlərinin tələffüz keyfiyyətinin, bu ləfzlərin göstərdiyi mənaların, gərək kəlimə, gərəksə tərkib şəklində dəlalət etdiyi hökmlərin, tərkib halında kəlimələrə yüklənəcək mənalarla bərabər, nəsx, nüzul səbəbi, qissə və məsəl kimi daha başqa mövzuların araşdırma mövzusu edildiyi bir elmdir." (Suyuti, "əl-İtqan", ll, 1191)
Bu tərif, daha əvvəl verilən 2 tərifin ortasında bir tərifdir. Bu tərifi, birinci təriflə bərabər dəyərləndirmək, mümkündür. Çünki, bunda təfsilatlı olaraq verilənlər, "Bəşər gücü nisbətində, Allahın muradına dəlalət etməsi cəhətindən" ifadəsinin açıqlaması olaraq qəbul edilir.
B. Təvil:
"Təvil", lüğətdəki ən məşhur mənasına görə, təfsirlə eyni mənalıdır. "Qamus" müəllifi, belə deyir:
"Əvvələ'l-kəlam' ifadəsi, 'Sözü, yaxşıca düşündü, ölçdü-biçdi və açıqladı.' mənasına gəlir."
Necə ki, bu ayədə də, bu mənada istifadə edilmişdir:
...فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَـٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ...
Fəəmməlləzinə fi qulubuhum zəyğun fə yəttəbiunə mə təşəbəhə minhu'b-tiğaə'l-fitnəti və'b-tiğaə tə'vilihi və mə yə'ləmu tə'viləhu illəllah.
Yəni:
"Qəlblərində əyrilik olanlar, fitnə çıxarmaq və onu təvil etmək üçün, ondakı mütəşabih ayələrin ardınca düşərlər. Halbuki, onun təvili/açıqlamasını, ancaq Allah bilir." (Al-i İmran/7)
Təvil kəliməsi, bir çox ayədə keçmişdir. Hamısında da, "açıqlamaq", "ortaya qoymaq" və "izah etmək" mənaları daşıyır.
Müfəssirlərin istilahında (terminologiyasında) isə, təvil, fərqli mənalara gəlir. (Belə ki):
• Bəzi müfəssirlərə görə, təvil, təfsir kəliməsilə eyni mənadadır. Buna görə, hər 2 söz, ifadə etdikləri məna cəhətindən, bərabərdirlər. Təvilin bu mənası, ilk dövr müfəssirlərinin istifadəsində, yayğındır. Məsələn,
~ Mücahid, "Alimlər, Quran təvilini bilirlər." deyərkən, təvil kəliməsini, bu mənada istifadə etmişlərdir.
~ ibn Cərir ət-Tabəri'nin bu ifadələrində, eyni hal bəhs məvzusudur: "Allahın bu sözünün təvili xüsusundakı görüşlər...", "Təvil əhli, bu ayətin mənası haqqında fərqli görüşlər zikr etmişlərdir."
• Bəzi müfəssirlərə görə isə, təfsir, sadəcə ümum-xüsus cəhətindən təvildən ayrılır. Onlara görə, təfsir, hər bir halda, təvildən daha ümumi mənaya sahibdir.
Elə başa düşülür ki, bu görüşdə olanlara görə, təvil, "bir dəlildən dolayı, bir ləfzi, ağla gələn ilk mənasından başqa bir məna ilə açıqlamaq"dır. Təfsir isə, "mütləq olaraq, ləfzin göstərdiyi mənanı bildirmək"dir. Buna görə, təfsir, həm ləfzin ağla gələn ilk mənasını, həm də ilk başda ağla gəlməyən mənasını açıqlamağı əhatə edir.
• Bəzilərinə görə isə, təfsir, təvilin ziddidir. Bunu, 3 şəkildə izah etmək, mümkündür:
a. Təfsir, Allahın muradı xüsusunda, qəti bilik ifadə edir. Təvil isə, qətilik daşımadan, ehtimallardan birini tərcih etməkdir. Bu görüş, imam əbu Mansur əl-Maturidi'yə aiddir.
b. Təfsir, rəvayət yolu ilə; təvil isə, dirayət yolu ilə ləfzi açıqlamaqdır.
c. Təfsir, kəlimələrin ilk mənalarından başa düşülən mənaları; təvil isə, onlardan işarət yolu ilə başa düşülən mənaları açıqlamaqdır.
Bu ayırma, son dövr alimləri nəzində, yayğınlıq qazanmışdır. Necə ki, Alusi, bu mövzudakı görüşləri ərz etdikdən sonra, bu ifadələrilə, buna toxunmaqdadır:
"Bura qədər danışdıqlarımız və danışmadıqlarımız xüsusunda söylənənlər, günümüzdəki örfə müxalifdir. Çünki müəlliflər nəzdində,
~ təvilin, 'qeyb buludlarından, ariflərin qəlblərinə yağan müqəddəs mənalar və Rabbani biliklər';
~ təfsirin də, bundan başqası
olduğu bilinməkdədir. Bu mövzuda, hər hansı bir qəribsəmə də, yoxdur." (Alusi, "Ruhu'l-Məani", l, 5)
Alusi'nin,
~ təvili, işarət yolu ilə götürülənlərə;
~ təfsirin də, ibarədən başa düşülənə
xas qıldığı görülməkdədir.
Təfsir, 2 qismə ayrılır. Təbiidir ki, təfsirin 2 qismə ayrılması, əsasları etibarı ilədir. (Belə ki):
a. Quru təfsir.
Bu təfsir, ləfzləri həll etmək, cümlələri erab etmək və Quranın nəzminin ehtiva etdiyi bəlağat mənaları ilə ədəbi sənətlərlə bağlı işarətləri açıqlamağın fövqünə çıxmaz. Bu cür açıqlamalar, təfsirdən və Allahın qəsd etdiyi hidayəti açıqlamaqdan çox, ərəb dili qaydalarının tətbiq edilməsinə daha yaxındır.
b. Bu sərhədləri aşan təfsir.
Bu sərhədləri aşan təfsir, Quranın hidayətini; öyrətdiklərini; və onda, insanlar üçün buyurulan dini nizamların hikmətini ortaya qoymağı, özünün ən böyük hədəfi olaraq təyin etmişdir. Bu hədəfə gedərkən, ruhları cəzb edən, qəlbləri fəth edən və fərdləri Allahın hidayətini mənimsəməyə sövq edən bir üslub istifadə edilir. Bax bu cür təvillərə, təfsir adı verilməsi, daha uyğundur.
(Muhamməd Əbdü'l-Əzim əz-Zurqani, "Mənahilu'l-İrfan" əsərindən nəql)
