Peyğəmbərə iman rüknü (2)
7-ci Bab: "Nübüvvət haqqındadır."
Bunda, məsələlər vardır. (Belə ki):
✓ Birinci məsələ: Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətinin isbatı:
Muhamməd (sallallahu aleyhi və səlləm), Allahın rəsuludur.
Bunun dəlili, budur:
O, nübüvvət iddia etdi və bu iddiasını dəstəkləmək üzərə, möcüzə göstərdi. Belə olan bir kimsə, haqq rəsul olur.
~ Birinci iddia: "O, nübüvvət iddia etdi."
Bu, təvatür olaraq bilinməkdədir.
~ İkinci iddia: "O, bu iddiasını dəstəkləmək üzərə, möcüzə göstərdi."
Bunun, dəlilləri vardır:
• Birinci cəhət: Ona, Quran nazil olmuşdur. Quran, ləfzinin fəsahatı və ehtiva etdiyi elmlərin çoxluğunun çatdığı səviyyə cəhətindən, şərəfli bir kitabdır. İlahi bəhslər, Onda, ən gözəl şəkildə yer almaqdadır. Əxlaq elmləri, siyasət elmləri, nəfs təzkiyəsi elmi, keçmiş əsrlərin hallarının elmi də, bunun kimidir.
Bəziləri, Onun, kamalda i'caz (möcüzəlilin) nöqtəsinə çatıb-çatmadığı xüsusunda, ixtilaf etdilər. Ancaq, Onun, şərəfli, üstün, çox faydalar, çox elmlər ehtiva edən və ləfzləri fasih bir kitab olduğu xüsusunda, bir çəkişmə yoxdur.
Sonra, Muhamməd (sallallahu aleyhi və səlləm), Məkkədə böyüyüb-başa çatdı. Bu şəhərdə, elm və fəzilət əhli kimsələr yox idi. Elmi kitablar, əqli həqiqətlərlə bağlı araşdırmalar da yox idi.
Muhamməd (sallallahu aleyhi və səlləm), yalnız, qısa müddətə, 2 dəfə səyahət etmişdi. Sonra O, oxumaq və (alimlərdən) istifadə etmək üçün, əsla səy göstərməmişdi. Ömrünün 40 ilini, bu minval üzərə keçirmişdi. 40 yaşından sonra, Özünə, belə bir kitab endirildi. Bu, açıq bir möcüzədir. Çünki, araşdırma, incələmə etməyən; mütaliə və təlim görməyən bir İnsanın belə bir kitab ortaya qoyması, ancaq, Allah Taala'nın irşadı, vəhyi və ilhamı ilə ola bilər. Bunu bilmək, zəruridir. Bu ayədə qəsd edilən də, budur:
...وَإِن كُنتُمْ فِى رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍ مِّن مِّثْلِهِۦ
"Əgər Qulumuza endirdiyimizdən şübhə içindəsinizsə, Onun mislindən 1 surə gətirin." (Bəqərə/23)
Yəni, Muhamməd (sallallahu aleyhi və səlləm) kimi oxuma bilməyən, araşdırmayan və alimlərdən istifadə etməyən bir kimsə kimi...Bu, qüvvətli bir dəlil və qahir (qəhr edən) bir burhandır.
• İkinci cəhət: Muhamməd (sallallahu aleyhi və səlləm), Quranla aləmlərə meydan oxumuşdu. Bu Quran, ya i'caz dərəcəsinə çatmışdır, ya da çatmamışdır. Əgər i'caz dərəcəsinə çatıbsa, məqsəd hasil olmuşdur. Yox əgər: "İ'caz dərəcəsinə çatmamışdır." desək, o vaxt, Ona etiraz etmək, mümkün olar. Etiraz etməyə qüdrət və istək olduğu halda etiraz edilməmiş olması da, xariqə və möcüzə olar.
Beləcə, hər iki halda, Muhamməd (sallallahu aleyhi və səlləm)'in möcüzə göstərdiyi, sabit olur.
• Üçüncü cəhət: Muhamməd (sallallahu aleyhi və səlləm)'dən, bir çox möcüzə nəql edilmişdir. Hər nə qədər, onlardan hər biri əhəd yolla rəvayət edilmişdirsə də, ən azından, onların bəzilərinin, səhih olması lazımdır. Çünki, xəbərlər çoxaldığı vaxt, adətən, onların hamısının yalan olması, imkansız olur.
Bu 3 dəlillə, Onun möcüzə göstərdiyi, sabit olur.
İkinci müqəddiməyə gəlincə, o da, budur: "Belə olanların hamısı, Nəbi'dir."
Bunun dəlili də, budur:
Böyük bir hökmdar, böyük bir məclisə gəldiyində, biri ayağa qalxar və: "Ey insanlar! Mən, bu məlikin elçisiyəm." deyər və sonra da: "Ey hökmdar! Əgər mən, sözümdə sadiq (doğru) isəm, həmişə etdiyindən fərqli olaraq, taxtından qalx." deyə davam edər. Əgər hökmdar, bu sözü eşitdiyində ayağa qalxarsa, məclisdə hazır olanlar, zəruri olaraq, bu iddia sahibinin, iddiasında sadiq olduğunu bilərlər. Bax bu (yəni, Peyğəmbərin möcüzə göstərməsi) də, belədir.
Bu, məsələdəki dəlilin hamısıdır.
(Bu məsələnin izahında), digər bir yol da, budur:
(İzlədiyimiz) ilk yolda, biz, Onun nübüvvətini, möcüzələrlə isbat edirik. Nübüvvəti sabit olduqdan sonra, Onun qövlünü, görüşlərinin və fellərinin sihhətinə dəlil olaraq göstəririk.
Bu (digər) yolda isə, biz, Onun gətirdiyi söz və fellərin, Nəbilərin felləri olduğunu bəyan edirik.
Beləcə, onun, Allah tərəfindən (vəzifələndirilmiş) haqq bir nəbi olması vacib olur.
Bu yolun açıqlaması isə, belədir:
İnsan:
- Ya zatı gərəyi nöqsan olur ki, bu, ən aşağı dərəcədir. Bunlar, avam (insanlar)'dır.
- Ya zatı gərəyi kamil olur; lakin, başqasını kamilləşdirməyə qadir ola bilmir. Bunlar da, orta dərəcədə olan övliya (vəlilər)'dir.
- Ya da zatı gərəyi kamil olur və başqasını kamilləşdirməyə də qadir olur ki, bunlar da, Nəbilərdir. Onlar, ən yüksək dərəcədədirlər.
Sonra, bu kamal və kamilləşdirmə, nəzəri və əməli qüvvətdə etibara alınır. Nəzəri qüvvətdə etibara alınan kamilliyin başı, mərifətullah (Allahı tanıma)'dır. Əməli qüvvətdə etibara alınan kamilliyin başı isə, Allah Taala'ya itaət və ibadətdir. Bu 2 sahədə, hər kimin kamal dərəcəsi daha yüksəkdirsə, onun vəlayət dərəcəsi, daha kamil olur. Kimin başqasını kamilləşdirmə xüsusunda bu 2 sahədəki dərəcəsi daha yüksək olarsa, Onun nübüvvətinin dərəcəsi də, daha kamil olar.
Əgər bunu bildinsə, belə deyirik:
Muhamməd (sallallahu aleyhi və səlləm) gəldiyində, aləm, küfr və fisq ilə dolu idi.
- Yəhudilər: təşbih (Allahı, məxluqata bənzətmə), nəbilərə böhtan, Tövratı təhrif (kimi) mövzularda, fasid yolda ən son həddə çatmışdılar.
- Xristiyanlar isə: təslis, ata-ana-oğul, hulul (Allahın, insanın içinə girməsi), ittihad (Allahın, insanla bütünləşməsi) (kimi) mövzularda (kı fəsadda), ən son hədd çatmışdılar.
- Məcusilər (atəşpərəstlər), bir-birilə müharibə halında olan 2 ilah (nur və zülmət ilahlarını) qəbul etməklə, öz anaları ilə nikahı halal görməkdə (ki fəsadda), ən son həddə çatmışdılar.
- Ərəblərə gəlincə, onlar, bütlərə ibadət etmə, talan və qarətdə, ən son həddə çatmışdılar.
Dünya, bu batillərlə dolu idi. Allah Taala, Muhamməd (sallallahu aleyhi və səlləm)'i göndərib, O da, insanları haqq dinə dəvət etməyə başlayınca, dünya, batildən haqqa, yalandan doğruya, qaranlıqdan işığa inqilab etdi; bu küfrə dair inancların, hökmü qalmadı. Yer üzünün bir çox ölkəsində, bu cahilanə inanclar, yox oldu. Dillər, tövhidi söylədi; ağıllar, Mərifətullah ilə aydınlandı. Xalq, əldən gəldiyincə, dünya sevgisindən Mövla sevgisinə yönəldi.
Nübüvvətin, nəzəri və elmi qüvvələrdə nöqsan olanları kamilləşdirməkdən başqa mənası olmadığına görə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in gəlişilə hasil olan təsir, Musa və İsa (əleyhiməssəlam)'ın gəlişilə hasil olan və ortaya çıxan təsirdən, daha kamil və daha üstün olduğunu görürük. Beləcə, Onun, nəbilərin seyyidi (ağası) və seçilmişlərin öndəri olduğunu bilirik.
Mən (Razi)'yə görə, bu yol, 1-ci yoldan daha kamil və daha üstündür. Çünki bu, limmi burhan (müəssirdən əsərə doğru edilən istidlal)'dər. Çünki biz, Peyğəmbərliyin mənası araşdırdıq və onun mənasının, əməli və nəzəri qüvvətdə naqis olanları müalicə etməyə gücü çatacaq dərəcədə bu 2 qüvvətdə də kamilləşmiş bir şəxs olduğunu öyrəndik. Digər tərəfdən də, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, bu mənada, bəşərin ən mükəmməli olduğunu da öyrəndik. Dolayısı ilə, Onun, nəbilərin ən mükəmməli olması lazım gəlir.
Birinci yol, inni burhan (əsərdən müəssirə doğru edilən istidlal) metodudur. Çünki biz, bu yolda, möcüzələrin meydana gəlməsini, Onun, peyğəmbər olmasının dəlili olaraq göstəririk. Bu (yəni, inni burhan), bir şeyin əsərlərindən bir əsər ilə, Onun varlığına istidlal etmə metodudur. Şübhə yoxdur ki, limmi burhan, inni burhandan daha qüvvətlidir.
-----------------------------
-----------------------------
✓ İkinci məsələ: "Möcüzələri inkar edənlərin rəddi"
Nübüvvəti inkar edənlər, 3 cəhətdən möcüzələrə etiraz etdilər:
• Birinci Məqam:
Onlar: "Nə üçün, siz: 'Bu möcüzələr, Allah Taala'nın feli və xəlqi/yaratmasıdır.' deyirsiniz?" dedilər.
Bu sualın izahı, bir neçə cürdür. (Belə ki, onlardan):
~ Birincisi: İnsan, ya nəfsdən ibarət olur, ya da bədəndən. Əgər nəfsdən ibarət olursa: "Bu Rəsulun nəfsi, digər məxluqların/yaradılanların nəfsindən fərqlidir. Nəfsinin bu xüsusiyyətindən dolayı, O, digərlərinin etmədiklərinə qadir oldu." demək, nə üçün caiz olmasın?!
Əgər insan, bədəndən ibarətdirsə: "O, başqalarının edə bilməyəcəklərini edə biləcəyi, özünə məxsus bir mizac (temperament) səbəbilə, xüsusi oldu." demək, nə üçün caiz olmasın?!
~ İkincisi: Şübhəsiz, dərmanların, əcaib təsirləri vardır. Bu halda: "O, (həmin) dərmanını tapdı və onun vasitəsilə, digərlərinin edə bilmədiklərini etməyə qadir oldu." demək, nə üçün caiz/mümkün olmasın?!
~ Üçüncüsü: Nəbilər, cinlər və şeytanların varlığını qəbul etdilər. (İndi, sən) varlıqları möhtəməl olmaqla bərabər, "Onların varlıq dəlilləri, yoxdur." deyə fərz et. Bu halda: "Bu əcaib və qərib (möcüzələri), cin və şeytanlar gətirdi." demək, nə üçün caiz olmasın?! Çünki siz: "Cin, sara xəstəsinin bədəninin içinə girər və orda danışar." demirsinizmi? O halda, nə üçün, "Muhamməd (sallallahu aleyhi və səlləm) ilə danışan qurd, dəvə və inləyən ağac gövdəsi, bu yolla danışdı." deyilməsin?! Digər (möcüzələri) də, belədir.
~ Dördüncüsü: Münəccimlər və Sabiun (ulduza ibadət edənlər), ulduzların və planetlərin, diri olduqlarında və danışdıqlarında, ittifaq etmədilərmi?! Fərz et ki, belə olması möhtəməl olmaqla bərabər, bu (hal), dəlillə sabit olmadı. Bu təqdirdə: "Bu möcüzələrin faili, bu planetlər və ulduzlardır." demək, nə üçün mümkün olmasın?!
~ Beşincisi: Münəccimlər, "səhmu's-saadə"nin (haşiyə), xariqə felləri gerçəkləşdirməyə; "səhmu'l-qeyb"in də, bilinməyəni xəbər verməyə qabiliyyətli olduğu xüsusunda, ittifaq etmədilərmi? Söylədiklərinin doğru olması halında: "Onların, səhmu's-saadə və səhmu'l-qeyb haqqında ittifaq etmələri, böyük bir gücdür. Bu güc sayəsində, onlar, bu fövqə'l-adi felləri etməyə və qeybdən xəbər gətirməyə qadir oldular." demək, nə üçün mümkün olmasın?!
---------------------------
(Haşiyə:
Səhm nədir?
Bu kəlimə, farscada, "ox" mənasına gəlir. Cəm halı, "siham"dır.
Həndəsə alimlərinə görə, "(yarım dairədəki) yayın orta qismindən, tavanın ortasına uzanan düz"ə deyilir. Buna, eyni zamanda, "mə'kus (əks edən) sinus" da deyilir. O, "yayın sinusunun uc tərəfilə yayın uc tərəfini birləşdirən çap"dır.
Ulduz elmi tətbiqatlarında, yayın səhmilə qəsd edilən də, budur. Və "Zic-i İlxani"də də, belə açıqlanmışdır.
Münəccimlərə görə, "ekliptikin müəyyən bir qismi"ndən ibarətdir. Onlara görə, səhmlər çoxdur. Məsələn:
~ ayın səhmi də deyilən, "səhmu's-saadə/uğurlu səhm";
~ qeyb səhmi;
~ günlər səhmi;
~ qılman səhmi; və
~ cariyə səhmi
Bunlara qiyas edilə bilər.
• Münəccimlər, "səhmu's-saadə/uğurlu səhm"i, günəş günündən alır və doğuş dərəcəsini, yəni, günəş və ayın dərəcələri arasındakı fərqi əlavə edir və doğuşdan çıxan sigan'ı əldə edirlər. Çıxan nəticə, uğurlu səhmin mövqesinin dərəcəsidir. Gecələri isə, ayın dərəcəsindən günəşin dərəcəsinə qədər olan qismi alırlar. Daha sonra da, doğuş dərəcəsini, buna əlavə edirlər. Məsələn:
Qoç bürcünün doğuş nöqtəsi, 10 dərəcədə; günəş, şir bürcündə ikən, 20 dərəcədə; və ay, tərəzi bürcündə ikən, 15 dərəcədədir. Bu, tərəzi bürcünə qədər, 40 dərəcədir. Daha sonra, ayın 15 dərəcəsini əlavə edib 55 dərəcə əldə edirlər. Buna, doğuş nöqtəsini də əlavə edib cəmi 65 dərəcə çıxarırlar. Qoç bürcünə, 30 dərəcə; buğa bürcünə, 30 dərəcə verilərsə, əkizlər bürcü üçün qalan, 5 dərəcə olur. Beləcə, uğurlu səhmin mövqeyi, əkizlər bürcündən 5 dərəcədir.
• "Səhmu'l-qeyb/qeyb səhmi"ni, gündüz olaraq aydan, gecə olaraq da günəşdən alırlar. Buna, doğuş dərəcəsini əlavə edirlər. Daha sonra, bu cəmdən, doğuşu, daha əvvəl söyləndiyi kimi çıxarırlar. Əldə edilən nəticə, "qeyb səhmi" olur. (Muhamməd b. Əli ət-Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum", "səhm maddəsi")
----------------------------
~ Altıncısı: Münəccimlər, bu cür (xariqə) hadisələr üzərində, planetlərin ictima etməsinin böyük təsiri olduğu xüsusunda, ittifaq etmiş deyillərmi?! (Elə isə), möcüzələrin də bu növdən olması, nə üçün mümkün olmasın?!
~ Yeddincisi: Münəccimlər: "Sabit ulduzların səadət və bədbəxtlik xüsusunda, böyük, təəccüb verici təsiri vardır." deməmişlərdirmi?! (Elə isə), (Nəbilərin) hallarının da, bu növdən olması, nə üçün mümkün olmasın?!
~ Səkkizincisi: Filosoflar, ağıllar və nəfslərin varlığında ittifaq etmədilərmi?! O halda, bu möcüzələri ortaya qoyan, nə üçün bu ağıllar və nəfslər olmasın?!
~ Doqquzuncusu: Muhamməd (sallallahu aleyhi və səlləm) və digər nəbilər, bu Quran və digər kitabların, Özlərinə, mələk vasitəsilə çatdığını iqrar etmədilərmi?! Bu halda, biz də deyirik ki, bu dəlildən əvvəl, bu mələyin məsum olmaması, mümkündür. (Yəni, pis bir iş ortaya qoya bilər). Ancaq, Nəbilərin şəhadətilə, biz, bu mələyin məsum olduğunu başa düşürük. Bu halda, Nəbilərin nübüvvətinin sihhəti, bu mələyin məsumluğuna söykənir. Mələyin məsumiyyəti də, Onların nübüvvətlərinin sihhətinə söykənir. Bu, dövrdür ki, o da, batildir.
~ Onuncusu: Nəbilər, qüvvəti və şiddəti cəhətindən son həddə pisliklə vəsflənən ruhun, -ki, o, şeytandır- varlığında ittifaq etmədilərmi?! O halda, iblisin, Ona (yəni, Peyğəmbərə) bu əməllərində kömək etməsi, nə üçün mümkün olmasın?! Çünki (Nəbinin) dini, iblisi lənətlədiyi halda, "İblis, Ona necə kömək edər?" deyilə bilməz.
Biz deyirik ki, pis tələlər quran (şeytan), pisliyini və kinini yayğınlaşdırmaq üçün, öz nəfsinin lənətlənməsinə razı ola bilər.
Bu 10 ehtimal, möcüzələrin failinin Allah Taala olduğunun dəlillə sabit olmadığının bəyanı haqqındadır.
----------------------------
• İkinci məqam:
Yaxşı, deyək ki, onların (yəni, möcüzələrin) failinin Allah Taala olduğunu qəbul etdik. Lakin, nə üçün, "Allah Taala, onları (yəni, möcüzələri), (Nəbini) təsdiq üçün etdi." dediniz?
İnsanlar, bunu, 2 yolla açıqlamışlardır:
~ Birincisi: Allah Taala'nın felləri və hökmləri, qayə və illətlərə söykənməz.
~ İkincisi isə: Onun felləri, illətlərə bağlıdır.
Birincisi, Əhl-i Sünnətin görüşüdür. Bu təqdirdə, "Allah Taala, bir şeyi, bir şey səbəbilə edər." demək, imkansızdır. O vaxt, bu görüşə rəğmən, "O, möcüzələri, təsdiq məqsədilə etdi." necə deyilə bilər?!
İkinci görüşə gəlincə, bu, "Allah Taala'nın fellərində, illətlərin olması, labüddür." deyənlərin (yəni, mötəzilənin) görüşüdür. Bu görüşə görə, Allah Taala'nın bu möcüzələri yaratmasının, (nübüvvət) iddiasında olan kimsəni təsdiq etməkdən başqa səbəbi olmadığını, necə bildiniz?
Bu məsələ, bir neçə şəkildə izah edilir:
~ Birincisi: Aləm, muhdəs (sonradan yaradılmış)'dır. Bu mu'təd (adət edilmiş) işlər, yaradılışın başlanğıcında, mu'təd deyildi. Ola bilsin ki, Allah Taala, bu möcüzələri, adətə başlanğıc olsun deyə etdi.
~ İkincisi: Bəlkə də, bu, uzun (zamandan bəri davam edən) bir adətin təkrar etdirilməsidir. Necə ki, planetlər, öz orbitlərində, bir dövrəsini, 36.000 ildə tamamlayırlar. Buna görə, planetin adəti, müəyyən bir nöqtəyə, 36.000 ildə, 1 dəfə çatmasıdır. Bax bu, hər nə qədər bu dərəcə uzun bir müddətdə gerçəkləşirsə də, yenə də, adət sayılır.
~ Üçüncüsü: O, bəlkə də, bu möcüzələri, dünyanın başqa bir tərəfindəki bir Nəbiyə, möcüzə; bir vəliyə, kəramət; səmalardakı mələklərdən bir mələyə, möcüzə; və ya havada, yaxud dənizdə məskun olan birinə, möcüzə və ya kəramət olsun deyə yaratmışdır. Bunların hamısı da, ehtimal daxilindədir.
~ Dördüncüsü: Allah Taala, bu möcüzəni, yalançı olmasına baxmayaraq, şübhə şiddətlənsin və imtahan qüvvətlənsin deyə, (nübüvvət) iddia edən bu kimsə əlində ortaya çıxarmış ola bilər. Sonra, mükəlləf, şübhənin qüvvətinə rəğmən, ondan uzaqlaşarsa, böyük savab qazanar. Mütəşabihlərin endirilməsinin hikməti haqqında danışarkən, bunun haqqında danışmışdıq.
Beləcə, bütün bu təsəvvürlərlə, möcüzənin, iddia sahibinin sidqinə (doğruluğuna) dəlalət etmədiyi, sabit olur.
Biz, bu fəsli bağlayır və deyirik ki:
Fel, ya bir dai'yə (sövq edən hissə) bağlıdır, ya da deyil.
~ Əgər birincisi olarsa, o vaxt, felin quldan çıxması, Allah Taala'nın onda yaratdığı bir məqsədə bağlı olur. Bu təsəvvürə görə, Allah Taala'nın feli, qulun felini gərəkdirir. Səbəbi yaradan, müsəbbəbi (nəticəni) də yaratmış olur. Nəticədə, qulların felləri, Allah Taala'nın yaratması və muradı ilə olmuş olur. Buna görə, bütün qubh (çirkinlik)'lərin yaradıcısı, Allah Taala olur. Bu halda, Onun, yalançının əlində möcüzə yaratması, necə imkansız ola bilər?!
~ Əgər ikincisi olarsa, o vaxt, fel, dai'yə bağlı olmaz. Bu halda, Allah Taala'nın, əslində, bir qayə olmadan bu möcüzələri yaratması, səhih olur. O vaxt, möcüzə, (Nəbinin) sidqinə dəlil olmaqdan çıxır.
---------------------------
• Üçüncü məqam:
Əgər Allah Taala'nın, möcüzəni, iddia sahibini (yəni, Peyğəmbəri) təsdiq üçün yaratdığını qəbul etsək, o vaxt, nə üçün: "Allahın təsdiq etdiyi hər kəs, sadiqdir." deyirsiniz? Bu (söz), ancaq, Allah Taala üçün yalanın imkansızlığı sabit olduğunda tamamlanmış olur. Allah Taala'nın felləri haqqında hüsn və qubhu (haşiyə) rədd etdiyiniz təqdirdə, Onun üçün yalanın imkansızlığını, necə biləcəksiniz?
--------------------------------
(Haşiyə:
Hüsn və qubh məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/husn-v%C9%99-qubh-m%C9%99s%C...
---------------------------------
Bil ki:
• 1-ci məqamdakı sualların cavabını, biz, sifətlər mövzusunda bəyan etdik. Allahın qüdrətindən başqa, yaradıcı yoxdur. Bu halda, zikr edilən 10 ehtimal, batil olur. Mötəzilə, "Qul, (öz felinin) yaradıcısıdır." dediyindən, onlar üçün, bu yol (yəni, bu açıqlama) batil olur. (haşiyə)
-----------------------------
(Haşiyə:
Qulun, öz felini yarada bilməyəcəyi; dolayısı ilə, bütün fellərin failinin Allah olduğu üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-qudr%C9%99t-sif%C9%9...
-----------------------------
• 2-ci və 3-cü Məqamdakı iddialara gəlincə: Bəzən bir şey, zatı gərəyi caiz ola bilir. Onun gerçəkləşməyəcəyi haqqında zəruri bilik əldə edilmiş olsa da, bəzən bir şey, öz nəfsində mümkün ola bilir. Məgər görmürsənmi ki, vaqe olmadığını qəti olaraq bilməyimizə baxmayaraq, bir şəxsin, qocalıq vəsflərilə doğulması, mümkündür. Eyni şəkildə, gördüyümüz bir insan, sonra gözümüzdən itdiyində; və sonra, ikinci dəfə onu gördüyümüzdə, Allah Taala'nın ilk adamı yox etməsi, sonra, surət və yaradılışda ona bənzər başqa bir şəxs yaratması, mümkündür. Bunun mümkün olduğunu bildiyimiz halda, belə olmadığından, qətiliklə əmin oluruq. Sizin burda zikr etdiyiniz ehtimallar, mümkün olmaqla bərabər; Allah Taala, ağlımıza, bu zəruri biliyi qoymuşdur:
Allahın, peyğəmbərlik iddia edən şəxsin iddiasının ardından bu möcüzələri yaratdığına inandığımızda, zəruri olaraq bilirik ki, Allah, onları, bu iddiada olan şəxsin iddiasını təsdiq üçün yaratmışdır.
Məgər görmürsənmi ki, Musa (əleyhissəlam)'ın qövmü, Onun nübüvvətini inkar etdiyi vaxt, Allah Taala, dağı, üzərlərinə kölgə etdi. Müxalifət etmək istədikləri vaxt, az qalsın üzərlərinə düşəcək şəkildə onlara yaxınlaşdırdı. İtaət və imana yönəldikləri vaxt da, dağı onlardan uzaqlaşdırdı. Bu hala şahid olan hər insaf sahibi kimsə, zəruri olaraq, bunun, təsdiqə dəlalət etdiyini bilər.
Bu mövzuda, ən mötəməd cavab, budur. Bu yola, ikinci yolda zikr etdiklərimizi də əlavə etsən, bunların cəmi, arzu ediləni isbat nöqtəsində, kifayət edəcək dərəcəyə çatar. Beləcə, xəyal etdiklərinin hamısı, düşər.
-------------------------
-------------------------
✓ Üçüncü məsələ: "Nəbilərin, vəlilərdən əfdal/daha fəzilətli olması"
Bu bəhs, Nəbilərin, vəlilərdən daha fəzilətli olması haqqındadır.
Nəql və ağıl, buna dəlalət edir. (Belə ki):
~ Nəqli dəlil:
Nəbi (əleyhissəlam)'ın, əbu Bəkr (radiyallahu anh) haqqındakı bu sözüdür: "Allaha and olsun ki, Nəbilərdən sonra, əbu Bəkr'dən daha fəzilətli birinin üzərinə, günəş doğub-batmamışdır."
Bu (hədis), əbu Bəkr'in, Nəbi olmayan hər kəsdən daha fəzilətli olduğuna dəlalət edir. Onun fəzilətinin, bütün Nəbilərin altında olması, Nəbilərin, digər insanlardan daha üstün olmasını gərəkdirir.
~ Əqli dəlilə gəlincə, o da, budur:
Vəli, sadəcə zatında kamil olandır. Nəbi isə, kamil və kamilləşdirən kimsədir. Məlumdur ki, ikincisi, birincisindən daha fəzilətlidir.
Hər nə qədər, cahillərdən bəziləri, nöqsanlardan (yəni, avamdan) bir topluluğun özü tərəfindən kamilləşdirildiyini iddia etsə də, o, öz topluluğununmu, Muhamməd (aleyhissalatu vəssələm)'in əshabınınmı sayca daha çox və fəzilət cəhətindən daha üstün olduğuna bir baxsın!
Əgər onların topluluğu, say və fəzilət cəhətindən, Muhamməd (aleyhissalatu vəssələm)'in topluluğuna nisbətlə, dənizin damlaya nisbəti kimidirsə; o vaxt, Ona (yəni, Peyğəmbərimizə) nisbətlə özlərinin yox məsabəsində olduğu başa düşülər.
----------------------------------
----------------------------------
✓ Dördüncü məsələ: "Mələklərin, insandan daha fəzilətli olması"
Mən (Razi)'nin tərcih etdiyi görüşə görə, mələk, bəşərdən daha fəzilətlidir. Buna, bir neçə cəhət dəlalət etməkdədir. (Belə ki):
~ Birincisi: Allah Taala, məxluqlar nəzdindəki böyüklüyünü açıqlamağı murad etdiyi vaxt, göylərin, yerin və ikisi arasındakıların İlahı olmasını, dəlil olaraq gətirir. Ammə (və ya Nəbə) surəsində, belə buyurulur:
رَّبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا
"Göylərin, yerin və onların arasında olanların Rəbbi, Rahmən ki, Ondan bir xitaba malik olmazlar." (Nəbə/37)
Sonra, bu mənanın izahını ziyadə üzərə, ardınca belə buyurur:
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًا
"Ruh və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq." (Nəbə/38)
Əgər mələklər, dərəcə cəhətindən məxluqatın ən üstünü olmasaydılar, bu tərtib/sıra, doğru olmazdı.
~ İkincisi: Yenə, Allah Taala, belə buyurur:
...كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ...
"Hamısı da, Allaha, Onun mələklərinə, Onun kitablarına və Onun rəsullarına iman etdilər." (Bəqərə/285)
Bax bu, səhih tərtibdir. Çünki İlah, ən şərəfli varlıqdır. Sonra, dərəcə cəhətindən, Onu, mələklər izləyir. Çünki mələklər, Allah Taala'dan kitabı alıb rəsula çatdırırlar. Bu hal, tərtibin belə olmasını gərəkdirir:
İlah ---> Mələk ---> Kitab ---> Rəsul.
Quranda zikr edilən tərtib də, budur. Bu da, mələyin, bəşər üzərindəki üstünlüyünə dəlalət edir.
~ Üçüncüsü: Mələklər, şəhvət qaranlıqlarından və qəzəb kirlərindən bəri olan münəzzəh cövhərlərdir. Onların yeməkləri, təsbih; içkiləri, təqdis və təhlildir (yəni, "Lə iləhə illəllah" demək). İşləri, Allah Taala'nı zikr etmək; sevincləri də, Allah Taala'ya ibadət etməkdir. Bu halda, onların qəzəb və şəhvətlə vəsflənən (insan) ilə qarşılaşdırılması, necə mümkün ola bilər?!
~ Dördüncüsü: Fələklər, mələklərə aid bədənlərin məcrasında hərəkət edirlər. Ulduzlar, qəlblərin məcrasında hərəkət edirlər. Bədənin, bədənə; və qəlbin, qəlbə nisbəti, parlaqlıq və saflıq cəhətindən, ruhun, ruha nisbəti kimidir. (haşiyə)
---------------------------
(Haşiyə:
Dəyərlinə oxuyucu! Bu görüş, bir qrupdan da nəql edilmişdir. Bundan başqa görüş üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rmi-us...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9...
----------------------------
----------------------------
✓ Beşinci məsələ: "Peyğəmbərlikdə ismət sifəti"
Bu bəhs, risalətləri vaxtında, Nəbilərin ismətinin vacibliyinin isbatı haqqındadır.
Buna dəlalət edən dəlillər vardır. (Belə ki):
~ Birincisi: Hər kimin üzərində Allahın neməti daha çoxdursa, ondan günah meydana gəlməsi, daha qəbih (çirkin) və pisdir. Allahın nəbilər üzərindəki neməti, daha çoxdur. Elə isə, Onların günahlarının, bütün ümmətin günahlarından daha qəbih və daha çirkin olması lazım gəlir. Ümmətin bütün asilərinin layiq olduqlarından daha çox qınanmağa və azarlanmağa haqq sahibi olarlar. (Elə isə), bu (yəni, Onların günah işləməsi), batildir. Elə isə, bunun (yəni, ismət sifətinin olmaması) da, batildir.
~ İkincisi: Ondan (yəni, Nəbidən) günah sadir olsa, O, fasiq olar. Fasiq olarsa, şəhadətinin qəbul olmaması lazım gələcək. Çünki, ayədə, belə buyurulur:
...إِن جَآءَكُمْ فَاسِقٌۢ بِنَبَإٍ فَتَبَيَّنُوٓا۟...
"Əgər bir fasiq, sizə bir xəbər gətirsə, onu araşdırın." (Hucurat/6)
Onun şəhadəti, belə dəyərsiz şeylərdə belə qəbul edilməyincə; qiyamətə qədər davamlı olan dinlərin isbatı xüsusunda qəbul edilməməsi, daha əvladır. Bu (yəni, şəhadətlərin qəbul edilməməsi) batil olduğuna görə, o (yəni, Nəbinin günah işləməsi) də, batildir.
~ Üçüncüsü: Allah Taala, Muhamməd (sallallahu aleyhi və səlləm) haqqında:
...وَٱتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ
"Ona tabe olun. Bəlkə hidayət olunarsınız." (Əraf/158); və
... إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ
"Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin." (Al-i İmran/31)
buyurmuşdur.
Əgər O (yəni, Nəbi) (Allaha) üsyan etməyi gətirsəydi, bu nassın hökmü gərəyi, bizə, günah olan felində ona tabe olmaq lazım gələrdi ki, bu da, batildir.
Bu (yəni, Peyğəmbərlərə günah ətfilə bağlı) mövzuda nazil olan bütün ayələr:
~ ya əfdal olan şeyin tərkinə həml edilir;
~ ya da -məsiyət olduğu qəti olaraq sabit olarsa, bu da- nübüvvətdən əvvəl vaqe olmuş deməkdir. (haşiyə)
-------------------------
(Haşiyə:
Mövzunun daha geniş izahları üçün, bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rl%C9%99r-...)
--------------------------
--------------------------
✓ Altıncı məsələ: "Allahın rəsulu Muhamməd (sallallahu aleyhi və səlləm)'in, digər nəbilərdən daha fəzilətli olması"
Bizim Rəsulumuz, gözəl sifətlərilə, nəbilərin ən fəzilətlisidir. Buna, nəql və ağıl dəlalət etməkdədir. (Belə ki):
~ Nəqli dəlil:
Allah Taala, nəbiləri, mədh edilən sifətlərlə vəsf etdi. Sonra da, Muhamməd (sallallahu aleyhi və səlləm) üçün, belə buyurdu:
...أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ
"Bunlar Allahın hidayət etdiyi (doğru yola yönəltdiyi) kəslərdir. Sən də, onların hidayətinə tabe ol." (Ənam/90)
Ona, onların hidayətinə tabe olmağı əmr etdi. Beləcə, Onun, (onlara) tabe olması, vacib oldu. Əks təqdirdə, (əmri) tərk etmiş olar. Əmri tərk edən də, asidir. Halbuki, biz, Onun, belə (asi) olmadığını izah etdik. O, onların (yəni, digər peyğəmbərlərin) gətirdiyi gözəl xislətlərin hamısını gətirdiyinə görə, (demək ki), onlarda parça-parça olanı, Özündə toplamışdır. Beləcə, O, onlardan daha fəzilətli olur.
~ Əqli dəlil:
Onun, tövhid və ibadət xüsusundakı dəvəti, digər nəbilərdən fərqli olaraq, aləmin çoxuna çatmışdır. Musa (əleyhissəlam)'ın dəvəti, İsrail oğulları ilə məhdud qalmışdır. Onların, (yer üzündə), Muhamməd (sallallahu aleyhi və səlləm)'in ümmətinə nisbəti, damlanın dənizə nisbəti kimidir.
İsa (əleyhissəlam)'ın gətirdiyi haqq dəvət isə, şübhəsiz, qalıcı olmamış (günümüzə qədər, salamat bir şəkildə çatmamış)'dır. Xristiyanların danışdıqları isə, cəhalət və küfrün məhz özüdür.
Beləcə, ortaya çıxır ki, dünya xalqının, Muhamməd (sallallahu aleyhi və səlləm)'dən istifadəsi; digər ümmətlərin, digər Nəbilərin dəvətindən istifadəsindən daha çox olmuşdur. Dolayısı ilə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, digər nəbilərdən daha fəzilətli olması lazım gəlir.
----------------------------
----------------------------
✓ Yeddinci məsələ: "Risalətindən əvvəl, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, hər hansı bir şəriət üzərə olmaması"
Doğru olan, budur ki, Muhamməd (sallallahu aleyhi və səlləm), vəhyin nüzulundan əvvəl, Nəbilərdən hər hansı birinin şəriəti üzərə deyildi. Bunun səbəbi isə, İsa (əleyhissəlam)'dan əvvəlki şəriətlərin, İsa (əleyhissəlam)'ın şəriətilə nəsx edilməsi; İsa (əleyhissəlam)'ın şəriətinin isə, onu nəql edənlərin xristiyanlar olması səbəbilə, kəsintiyə uğramış olmasıdır. Onlar, təslis görüşləri səbəbilə, kafir idilər. Təslisdən bəri olmaqla İsa (əleyhissəlam)'ın şəriətinə bağlı qalanlar isə, azlıqda idilər. Dolayısı ilə, onların görüşləri, dəlil ola bilməz. Belə olunca da, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, nübüvvətindən əvvəl hər hansı birinin şəriəti üzərə olmadığı, sabit olur. (haşiyə)
------------------------------
(Haşiyə:
Daha geniş izahları üçün, bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rimiz-peyg...
-------------------------------
-------------------------------
✓ Səkkizinci məsələ: İsra və mirac
Mirac haqqındakı görüş, haqqdır.
Məkkə'dən Beytu'l-Maqdis'ə qədər olan qismi, bu ayə ilə sabitdir:
سُبْحَـٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا
"Qulunu, bir gecə, Məscidu'l-Haram'dan Məscidu'l-Aqsa'ya yeridən, Subhan (münəzzəh)'dir." (İsra/1)
(Məscidu'l-Aqsa'dan) səmaların üzərinə olan qisim isə, bu ayə ilə sabitdir:
لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ
"Siz, təbəqədən-təbəqəyə minəcəksiniz." (İnşiqaq/19)
Yenə, məşhur hədislə də sabitdir.
Bir insanın, səmaların üzərinə çıxmasının mümkün görülməməsi, bu səbəblərlə uzaq ehtimaldır:
~ Birincisi: Adətən, necə ki, ağır bir cismin yüksək hava (təbəqəsi)'nin üzərinə çıxması, uzaq bir ehtimaldırsa; eyni şəkildə, bunun kimi, havai bir cismin yerə enməsi də, uzaq bir ehtimaldır. Əgər Muhamməd (sallallahu aleyhi və səlləm)'in çıxışının imkansızlığı doğru olsaydı, Cəbrail (əleyhissəlam)'ın enməsinin imkansızlığı da, doğru olardı (haşiyə). Bu isə, nübüvvətin inkarı demək olur.
-------------------------
(Haşiyə:
İmamın qəsdi, budur:
Cəbrail, nurdan yaradılmış bir varlıqdır. Bunların cisimlərinin, torpaqdan yaradılan cisimlərdən daha xəfif olduğu bilinir. Əgər torpaqdan yaradılan bir İnsanın, cismən ağırlığına rəğmən, göylərə qaldırılması mümkün görülmürsə; elə isə, nəyə görə, (hava kimi olan) nurdan yaradılan bir varlığın səmadan yerə enməsi mümkün görülür? Çünki, havadan və ya nurdan meydana gələn bir cismin, yerə enmədiyi müşahidə edilməkdədir.)
---------------------------
~ İkincisi: İblis'in, bir anda, şərqdən qərbə və ya qərbdən şərqə intiqal etməsi (keçməsi) mümkün ikən, Muhamməd (sallallahu aleyhi və səlləm) üçün, bu, necə imkansız ola bilər?!
~ Üçüncüsü: Həndəsə elminə görə, bir at, sürətli qaçarkən, qabaq ayaqlarını qaldırıb yerə qoyuncaya qədərki müddətdə, ən böyük fələk, 3000 fərsəx məsafə qət edir. Beləcə, sabit oldu ki, bu dərəcəyə qədər sürətli hərəkət, mümkündür. Allah Taala da, bütün mümkünlərə qadirdir. Beləcə, (meracdakı sürət mövzusundakı) şübhə də zail olur. (haşiyə)
---------------------------
(Haşiyə:
Daha geniş izahları üçün, bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/meracin-%C9%99qli-isbati
---------------------------
---------------------------
✓ Doqquzuncu məsələ: "Muhamməd (sallallahu aleyhi və səlləm)'in dəvətinin ümumiliyi"
Muhamməd (sallallahu aleyhi və səlləm), bütün məxluqata göndərilmişdir. Bəzi yəhudilər, Onun, xüsusi olaraq bəzi ərəblərə göndərildiyini söylədilər.
Bu görüşün fəsadının dəlili, budur:
Onlar, Allah Taala'nın, (ərəblərə göndərilmiş) sadiq sözlü elçisi olduğunu qəbul edirlər. Buna görə, Onun bütün söylədiklərinin doğru olması lazımdır. Onun, bütün aləmlərə peyğəmbər olaraq göndərildiyini söylədiyi isə, təvatürlə sabitdir. Bu mövzuda Onu yalanlasaq, tənaquza (ziddiyyətə) düşmüş olarıq (haşiyə).
-----------------------------
(Haşiyə:
Yəhudilərin gətirdiyi iddia və cavabı üçün, bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99nam-sur%C9%99si-92-ci-...
------------------------------
------------------------------
✓ Onuncu məsələ: "Nəbi (sallallahu aleyhi və səlləm)'in şəriətinin nəqli
Bu bəhs, Onun şəriətini bilməyin yolu haqqındadır. Muhamməd (sallallahu aleyhi və səlləm), əshabının sözləri qəti bilik ifadə edəcək təvatür səviyyəsinə çatıncaya qədər, həyatda qaldı. Sonra, bütün əshabı, bütün xalqa, Onun şəriətinin əsaslarını nəql etdilər. Beləcə, bu əsaslar, yerləşdi. Lakin, dinin füruatına gəlincə, onlar, zənni yollarla bilinir ki, əhəd xəbərlər və ictihadlar, bunun kimidir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məalimu Usuli'd-din" əsərindən nəql)
------------------------------
------------------------------
Əlavələr:
Peyğəmbərə iman rüknü (1):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r%C9%99-im...
