Nəsx nədir?

Quran nasslarından (haşiyə) ikisi, zahirləri cəhətindən bir-birilə təaruz edərsə (zidd düşərsə), bunları uzlaşdırmaq, qaçılmazdır.

-------------------

(Haşiyə:

Nass nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nass-n%C9%99dir)

-------------------

Uzlaşdırma şəkilləri də, bunlar ola bilər:

a. Biri, xass; digəri isə, amm (haşiyə) olduğu təqdirdə, xass, amm'ı təxsis edər.

---------------------

(Haşiyə:

Amm və Xass, nə deməkdirlər?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem...)

----------------------

Bu xüsusu, yuxarıda kifayət qədər açıqladıq.

b. İki nass'dan biri, dinin məbadisinə (məbdələrinə, prinsiplərinə) uyğun olar; və digəri də müxalif olarsa, təvil cəhətinə gedilir. Əlbəttə, dinin ümumi prinsiplərinə müxalif olan nass, təvil edilmək surətilə, digərilə uzlaşdırılar. Bunu da, "təvil" (haşiyə) bəhsində açıqladıq. Təxsis və ya təvil surətilə uzlaşdırmaq mümkün olmazsa, müctəhid, sənəd cəhətindən daha qüvvətli olanı tərcih edər.

-----------------------

(Haşiyə:

Təvil nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vil-n%C9%99dir)

------------------------

Məsələn:

Nass'lardan biri, ayə; digəri isə, əhəd xəbər dərəcəsində bir hədisdirsə, ikincisi, sənəd cəhətindən zəif sayılır və tərcih edilməz. Əgər qüvvət cəhətindən ikisi də bərabər olub uzlaşdırmaq imkanı olmazsa və tarixləri də müəyyən deyilsə, müctəhid, bir tərcih səbəbi tapana qədər, gözləyər. Biri, hər hansı bir dəlil ilə dəstəklənərsə, onu tərcih edər; dəstəklənməzsə:

~ bəzilərinə görə, təhrim (haramlıq) bildirən, ibahə (mübahlıq) bildirənə tərcih edilər;

~ bəzilərinə görə də, yenə gözlənilər.

Əgər bir-birinə zidd düşən 2 nass'dan birinin tarixi, əvvəl; digərininki də, sonra olduğu bilinərsə, sonrakı tarixi daşıyan, əvvəlkini nəsx edər.

Fiqh üsulu istilahı (termini) olaraq, "nəsx": "Şari'nin, son bir əmr ilə əvvəlki hökmü qaldırması"dır. Bax nəsx ilə təxsis arasındakı fərq də, budur. Nəsxdə, zamanları eyni olmayan 2 nass mövcud olur; birinə, "nasix/nəsx edən"; digərinə də, "mənsux/nəsx edilən" deyilir; və nasix (nəsx edən), zaman cəhətindən mənsuxdan sonra gəlir.

Nəsx'i, ilk olaraq, imam Şafi, "ər-Risalə" adlı əsərində ələ almış və bunu, nassları ilqa (qaldırmaq, hökmsüz buraxmaq) deyil; hökmləri açıqlamaq qəbilindən saymışdır. Ona görə, nəsx, nassı ilqa deyil; nassın hökmünün sonlandığını bildirməkdədir.

ibn Hazm (əz-Zahiri) də bu görüşdə olub, nəsxi belə tərif etməkdədir: "Nəsx, ilk əmrin zamanının sonlandığını bildirməkdədir."

Nəsx, müəyyən bir hökmlə əməl etməyin sonlandığını bəyan etmək sayılınca, sonrakı bir tarixə aid açıqlama növlərindən birini təşkil edər. Buna görə, bəyan, 2 qismə ayrılır:

 

1. Mücməli (haşiyə) açıqlayan və ya amm'ı təxsis edən bəyan.

------------------

(Haşiyə:

Mücməl nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mucm%C9%99l-n%C9%99dir)

------------------

Bunda, hər iki nassla əməl edilir və biri, digərinə köməkçi olur.

2. Nassı ilqa etmədən, əvvəl əməl olunan hökmün artıq sonlandığını bildirən bəyan.

ibn Hazm, daha da iləri getmiş və nəsxin, təxsis şəkillərindən biri olduğunu; ləfzə və ifadə etdiyi ümumi hökmlərə toxunmadığını deməkdədir. Ona görə, nəsx, sadəcə zamanın ümumiliyi cəhətindən hökmü ələ almaqdadır. Bu mövzuda, o, eynilə belə deyir:

"Nəsx, istisna növlərindəndir. Çünki bu, zamanın istisnası, yəni, əməli, müəyyən bir zamana təxsisdir. Buna görə, 'Hər nəsx, istisnadır. Hər istisna isə, nəsx deyildir.' demək, doğru olur." (ibn Hazm, "əl-İhkam", 4-cü cild, s. 67)

Bundan başa düşürük ki, ibn Hazm'a görə, hökm ifadə edən ləfzin 2 ümumu vardır:

• Birincisi: ləfzə aid olan ümum'dur. Bunun təxsisi, bir ləfz və ya əmələ söykənir və bu vaxt, amm'ın hökmü, digər fərdləri haqqında daimi olur.

• İkincisi də: zamana bağlı olan ümum olub, bunun təxsisi, nəsxdir. Məsələn:

Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Sizi, qəbr ziyarətlərindən nəhy etmişdim. İndi, onları ziyarət edə bilərsiniz." (Muslim, "Cənaiz", 106) buyurmuşdur.

Bax bu nass, qəbr ziyarəti üçün qoyulan qadağanın, sonlandığını bildirməkdədir ki, bu da, zamanla bağlı bir təxsisdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, ilk əvvəl, qəbr ziyarətini qadağan etdiyi nassa işarət edərək, bu hədisi ifadə etmişdir.

İslamın gəlməsilə vaqe olan nəsx, bir həqiqətdir. İslam dini, əvvəlki səmavi dinlərin bəzi hökmlərini nəsx etmişdir. Məsələn, yəhudilər üçün haram olan bəzi yeməkləri, İslam mübah qılmışdır. Yəhudilərə, çox yedikləri səbəbilə haram qılınan bəzi şeyləri, Quran, bizə belə xəbər verməkdədir:

وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا كُلَّ ذِى ظُفُرٍ ۖ وَمِنَ ٱلْبَقَرِ وَٱلْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَآ أَوِ ٱلْحَوَايَآ أَوْ مَا ٱخْتَلَطَ بِعَظْمٍ ۚ ذَ‌ٰلِكَ جَزَيْنَـٰهُم بِبَغْيِهِمْ

"Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır." (Ənam/146)

Quranın bunları nəsx etdiyi, məlumdur.

Əlimizə mövcud olan yəhudi qaynaqlarına görə, evlənməkdə, qadın sayı məhdudlaşdırılmamışdır. İnsan, istədiyi qədər qadınla evlənə bilər. Bu da, Quran tərəfindən nəsx edilmiş və 4 qadından artığı ilə evlənməyə, icazə verilməmişdir.

Bunlardan başa düşülür ki, Quran, əvvəlki şəriətlərin bir qisim əməli hökmlərini nəsx edərək ortadan qaldırmışdır. Quranın nəsx etdiyi bu hökmlər, zaman, məkan və şərtlərə görə dəyişə bilən şeylərdir. Əxlaqi dəyəri olan, insan fitrətindən doğan və inanc əsaslarını təşkil edən şeylər isə, əsla nəsx edilə bilməz. Çünki, insanlığın dəyişməz dini, bunlardır. Bunun üçündür ki, Allah Taala da, belə buyurmaqdadır:

شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَ‌ٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ ۖ أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ

"Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi, sizin üçün də dində qanun etdi: 'Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!" (Şura/13)

İslami hökmlərdə də nəsx vaqe olmuşdur. Bunu, qəbr ziyarətlərilə bağlı hədis də göstərməkdədir. Dolayısı ilə, ilk əvvəl qadağan edilən qəbr ziyarəti, sonra mübah qılınmışdır.

Qiblənin nəsxi də, məşhurdur. Bilindiyi kimi, hicrətdən sonra, Mədinədə, Müsəlmanların qibləsi, Beytu'l-Maqdis idi. 16 ay sonra, Allah, bunu nəsx edərək, Beytu'l-Harama (Kəbəyə) dönülməsini əmr etmişdir. Quran, bu hadisəni belə təsvir edir:

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِى ٱلسَّمَآءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَىٰهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ

"Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!" (Bəqərə/144)

Daha əvvəl, qiblənin Beytu'l-Maqdis olduğu, sünnətlə sabit olmuşdu. Ayədə, buna işarət vardır. (haşiyə)

------------------------

(Haşiyə:

Qiblənin dəyişdirilməsindəki hikmətlər:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qibl%C9%99-niy%C9%99-d%C9%99...)

-------------------------

Fəqihlərin cumhuruna görə, miras ayələrilə varisə vəsiyyəti əmr edən bu ayə də, nəsx edilmişdir:

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ إِن تَرَكَ خَيْرًا ٱلْوَصِيَّةُ لِلْوَ‌ٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ بِٱلْمَعْرُوفِ ۖ حَقًّا عَلَى ٱلْمُتَّقِينَ

"Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi var-dövlətdən müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. Bu, müttəqilər üçün bir borcdur." (Bəqərə/180)

Bu ayəyə görə, yaxın varislər üçün vəsiyyət etmək, caiz, hətta vacibdir. Sonra, bunlar üçün vəsiyyət etmək nəsx edilmiş və varis olmayan kimsələr üçün vəsiyyət, caiz və ya vacib olaraq qalmışdır. Muxassis (təxsis edən)'in amm'dan sonra gəlməsinə cəvaz verən alimlərə görə isə, burda nəsx deyil, təxsis vardır.

Suyuti, 20-yə qədər Quran nass'ının nəsx edildiyini söyləməkdədir. (bax: "əl-İtqan fi Ulumi'l-Quran", 2-ci cild, s. 27-28) Lakin, yaxşıca təhqiq edilərsə, bu nassların bir qisminin, digərlərilə uzlaşdırıla biləcəyi görülür. Uzlaşdırılmaları mümkün olarsa, bu, nəsxə tərcih edilər. Çünki, nassın i'məli, ehmalından üstündür.

Burda, belə bir sual soruşula bilər:

"İslam şəriətində, nə üçün nəsx vardır? Nəsx, mövzu qanunlarda ola bilər. Çünki nəsx, bir qanunu qaldırıb yerinə başqa bir qanunu qoymaqdır. İnsanlar tərəfindən qoyulan qanunlar, insani təcrübələrə söykəndiyi üçün, isabətli olmaya bilər və bu səbəbdən, dəyişdirilməsi lazım gələr. Hər şeyi haqqı ilə bilən Allahın göndərdiyi qanunların əbədi olması lazım gəlmirmi? Fel və sözlərində xəta imkansız olan Allahın qanunları, yəni, səmavi nizamlar, nə üçün dəyişməlidir?"

Bu sualı, belə cavablandırmaq, mümkündür:

Səmavi nizamlar, insanları islah üçün Allahın göndərdiyi qanunlardır. Bunlar, əslində birdir. Ancaq, Allah, insanların hamısını bərabər yaratmamışdır. Bunun təbii nəticəsi olaraq da, bəzi hökmlər bir qisim insanlara əlverişli olduğu halda; digər bir qisim insanlar üçün əlverişli olmaya bilər. Bu etibarla, səmavi şəriətlər, zaman və insanların dəyişməsinə paralel olaraq, bir-birini nəsx etmişdir. Əxlaqi əsaslar, millətlərin təbiətini təmin edən ünsürlər və tövhid əsaslarında isə, nəsx cərəyan etməməkdədir. (haşiyə)

İslam şəriətindəki nəsxə gəlincə, Allah, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, hər hansı bir İlahi dinə sahib olmayan, hər hansı bir qanun və nizama bağlı olmayan bir qövm içində vəzifələndirmişdir. Əgər bu qövm, şəri hökmlərlə bir dəfədə əmr olunsaydılar, qaldıra bilməzdilər. Bunun üçündür ki, Allah, hökmlərini, tədrici olaraq bildirmiş; ilk əvvəl, Peyğəmbərə, insanların gücü çatacağı şeyləri göndərmişdir. Beləcə, onlar, İslamın gözəlliyini dadıb, nəfslərini əxlaqi fəzilətlərlə tərbiyə etdikdən sonra, şəri hökmlərlə mükəlləf qılınmışlardır. Bu xüsusda, bir neçə misal verək:

1. Ərəblərdə, qadının bir hüququ yox idi. Onlar, qadına, hər cür haqqlara sahib müstəqil bir insan gözü ilə baxmırdılar. Onlarda, nəsəb, yalnız evliliklə sabit olmaz; eyni zamanda, zina ilə də sabit olardı. İslam gəldiyi vaxt, onlar, qadın "dostlarına" da, öz xanımlarına tanıdıqları bəzi haqqları tanıyır və buna, "mutə" deyirdilər. İlk illərində, İslam, onları, bu halları üzərə tərk etdi. Onlar, İslam prinsiplərinə yaxşıca isindiklərində, bu cür şeylər nəsx edildi; ailə həyatının məşru evlilik əsaslarına söykəndiyi bildirildi və bu vaxt, qadının haqqları da, tam olaraq özünə verildi. Necə ki, Quran, bu xüsusu,

"...Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır..." (Bəqərə/228) ayətilə bildirmişdir.

2. Müşriklər, bütlərə ibadət edən kimsələr idilər. Bunlardan, müsəlman olduqları halda, hələ imanı zəif olanlar var idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bütə ibadət etmə kimi bir şeyə səbəb olmasın deyə, qəbr ziyarətini qadağan etmişdi. Nəhayət, şirk və bütə ibadət etmə ortadan qalxmış və şeytan, insanları, təkrar azdırma xüsusunda ümidsizliyə düşmüşdür. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:

"Mən, sizi, qəbrləri ziyarətdən nəhy etmişdim. Artıq, onları ziyarət edə bilərsiniz." (Muslim, "Cənaiz", 106) buyuraraq, qəbr ziyarətini mübah qılmışdır.

3. Cahiliyyə dövründə, miras, sağlam bir əsasa söykənmirdi. Ən böyük övlad, bütün mirası alırdı. Bəzən də, şəxs, özünə düşən mirası, istədiyi kimsəyə vəsiyyət edirdi. Qadının isə, heç bir haqqı yox idi. İslam, ilk əvvəl, ata-anaya və qohum-əqrəbalara bir şey vəsiyyət edilməsini əmr etmişdir. Müsəlmanlar buna alışınca, miras ayəti gəlmiş; mirasçıları və onların alacaqları hissələri təyin etmişdir. Bu vaxt, Quran,

"Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay düşür." (Nisa/7) ayətilə, qadının da mirasçı olduğunu bəyan etmişdir.

Quran, ata tərəfindən olan yaxınlara miras tanıdığı kimi; ana tərəfindən olan yaxınlara da miras haqqı tanımışdır. Ancaq, ata tərəfindən olan yaxınların miras haqqı, digərlərindən daha çoxdur.

4. İçki və qumarı götürək. Ərəblər, bununla fəxr edirdilər. Bəziləri də, bunların, kişini, cəsurluq və comərdliyə sövq etdiyini qəbul edirdi. İctimai üfüqləri dar olduğu üçün, ağılları, bunun fövqünə çıxmırdı. İslam da, ilk əvvəl, içki və qumarı haram qılmadı. Lakin, bunların xoş olmadıqlarına işarət etdi. Bu məqsədlə, Quran,

"Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız." (Nəhl/67) buyurmuşdur.

Bu ayədə, içki, xeyirli ruzi ilə bərabər zikr edilmişdir. Lakin, bunda, içkinin gözəl olmadığına bir işarət vardır. Sonra --->

İçki və qumarın zərərlərinə daha açıq bir şəkildə işarət edilmişdir:

"Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: 'İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır." (Bəqərə/219)

ayəti, bunların, haram qılınacağına bir başlanğıc təşkil edir; çünki, zərərləri faydalarından çox olan şeylər, nəhy edilmək yerindədirlər. Lakin bu nass, açıqca nəhy ifadə etməməkdədir. Ancaq təqva sahibi səhabələr, içki və qumarın İslam əsasları ilə uzlaşmadığını qavramışdılar. Daha sonra --->

Vaxtların çoxunda içki içilməsi, bu şəkildə nəhy edildi:

"Ey iman edənlər! Sərxoş ikən namaza yaxınlaşmayın." (Nisa/43)

Bu ayə qarşısında, möminlər, içkinin nəhy edildiyini başa düşdülər. Nəhayət --->

İçki və qumarın qəti olaraq nəhy edilməsini, bu ayə bəyan etdi:

"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (Maidə/90-91)

Bu ayələr gəlincə, müttəqilər, "Bəli, bunu tərk etdik." deyə bağırdılar.

Bu misallardan, İslamın, hökmlər qoyarkən, tədricə necə riayət etdiyi başa düşülməkdədir. O, mövcud hökmlər qarşısında, ilk əvvəl, susur; sonra, bunların haram qılındığını bildirir. O, indiyə cavab verən hökmləri qəbul edir; daha sonra, onların nəhy edildiyini açıqlayır. Nəhayət, tamamlanan İslami hökmlərin, qiyamətə qədər əbədi olduğu, əbədiləşdiyi bildirilir və Quranda:

"...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim..." (Maidə/3) buyurulur. (haşiyə)

-------------------

(Haşiyə:

Maidə surəsi 3-cü ayə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/maid%C9%99-sur%C9%99si-3-cu-...

-----------------

Nəsxin şərtləri:

Nəsxin, 4 şərti vardır:

1. Mənsux (nəsx edilən)'in hökmünün əbədi bir qərinə ibarəsi ilə ifadə edilməməsi, şərtdir.

(Yəni, əbədilik bildirən bir qərinə ibarəsi yoxdursa, o vaxt, hökm, mənsux deyildir. Hökm də davam edir. Mənsux olması üçün, əbədi bir qərinə ifadəsi lazımdır.) Buna bənzər hökmlər, nəsx edilə bilməz. Əks təqdirdə, nass'da təzad mövcud olar ki, bu, nasix və mənsux hökmləri bildirən qaynağın birliyi ilə uzlaşmaz. Bu etibarla, fəqihlərə görə, cihad hökmü, nəsx edilməz. Çünki:

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Cihad, qiyamətə qədər davam edəcəkdir." (əbu Davud, "Cihad", 33) buyurmuşdur.

~ Qazf cəzasına düçar olmuş kimsənin şahidliyinin qəbul edilməməsi də, belədir. Çünki, Quranda, "Onların şəhadətlərini əbədi olaraq qəbul etməyin." (Nur/3) buyurulmuşdur.

 

2. Mənsux (nəsx edilən) hökm, yaxşı və ya pis olduğuna ağıl sahiblərinin ittifaq etdiyi şeylərdən olmamalıdır.

Allaha iman, ana-ataya yaxşılıq, doğruluq və ədalətin gözəlliyi; zülm və yalanın çirkinliyi kimi əsrlər boyunca insanlığın qəbul etdiyi şeylər, nəsx mövzusu ola bilməz.

 

3. Nasix (nəsx edən) nass, tarix cəhətindən, mənsux (nəsx edilən) nass'dan sonra olmalıdır.

Çünki nəsx, əvvəlki hökmün sonlandığını bəyan etməkdir. Bir də, hər 2 nass, eyni gücdə olmalıdır.

 

4. Əgər nass, sarih/açıq deyilsə, hər 2 nassın təvfiqi (uzlaşdırılması), imkansız olmalıdır. Hər hansı bir şəkildə bunların uzlaşdırılması mümkün olarsa, nəsx cəhətinə gedilməz; təvfiq və tə'vil cəhəti tərcih edilər.

------------------------

Nəsxi qəbul etməyən hökmlər:

Haqqında nass mövcud olduğu halda, icma, qiyas və ümumi olaraq da rəy ilə sabit olan şeylər də, nəsxi qəbul etməz. Çünki, hökmlərin ortadan qaldırılması, Quran və sünnətlə sabit olur. Vəhy sonlandıqdan və Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bu dünyadan köçdükdən sonra, artıq bu hökmlər istiqrar qazanıb sabitləşmişdir. İcma və qiyas kimi digər şəri dəlillərlə sabit olan hökmlər, əslində, Kitab və sünnətə söykənir deməkdir ki, bunlarda da, nəsx cərəyan etməz.

--------------------------

Nəsxin qisimləri:

Nəsx:

1. Sarih/açıq; və

2. Zimni/qapalı

olmaq üzərə, iki qismə ayrılır. (Belə ki):

 

1. Sarih nəsxdə, nəsx edilən hökmün sonlandığı, açıqca bildirilir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Sizi, qəbrləri ziyarətdən nəhy etmişdim. Artıq onları ziyarət edə bilərsiniz." (Muslim, "Cənaiz", 106) hədisi, buna misal ola bilər.

Bəşəri qanunlarda da nəsx, belə sarih bir şəkildə bildirilir. Yəni, "Bu qanunla, filan qanun, carilikdən qaldırılmışdır." kimi ifadələr istifadə edilir.

Sarih nəsxə misal olaraq, qiblənin dəyişdirilməsini əmr edən ayələri də zikr edə bilərik. (bax: Bəqərə/142-150)

 

2. Zimni nəsx, aralarını uzlaşdırmaq mümkün olmayan və eyni mövzuya aid olan 2 nassın bir-birinə müxalif olmasıdır. Bunlardan zaman etibarı ilə sonraya aid olan, əvvəlkinin hökmünü nəsx edir. Miras ayətinin, varislərə vəsiyyəti əmr edən ayəti nəsx etməsi, buna misal ola bilər. (Bəqərə/180)

 

Zimni nəsx də, iki qismə ayrılır:

2.1. Külli nəsx. Bu, əvvəlki nassın ehtiva etdiyi bütün hökmləri nəsxdir. Məsələn:

"Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər." (Bəqərə/234) ayətinin; "Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər." (Bəqərə/240) ayətini nəsx etdiyi deyilir.

Bizə görə, bu 2 ayə arasında, nəsx bəhs mövzusu deyildir. Çünki, bunların uzlaşdırılması, mümkündür. Belə ki:

Birinci ayə, qadına düşən vəzifəni bəyan etməkdir. Bu da, 4 ay 10 gün iddət gözləməkdir. İkincisi də, onun haqqını təyin etməkdədir ki, bu da, ərinin evində tam 1 il otura bilməsidir. Mirasçılar, bu müddət ərzində, onu evdən çıxara bilməzlər. Əgər qadın özü çıxıb gedərsə, onlara bir məsuliyyət yoxdur. Bu xüsus, şəxsən nassın özündən başa düşülməkdədir.

2.2. Cüzi nəsx. Bu da, əvvəlki nassın bəzi hökmlərinin, sonrakı nass tərəfindən qaldırılmış olmasıdır. Məsələn:

Qazf ayəti (Nur/3-4), lian ayətilə (Nur/5-9), belə qismi olaraq nəsx edilmişdir. Birinci ayədə, ümumi olaraq qazfın hökmü bəyan edilmiş; ikinci ayədə isə, xanımına qazf edən kimsə üçün, ayrı bir hökm qoyulmuşdur.

Bu iki ayə arasında nəsx cərəyan etdiyi də, mübahisəyə açıqdır. Çünki, fəqihlərə görə, amm ilə xass bərabər olarlarsa, hansı daha əvvəl olursa olsun, burda, nəsx deyil, təxsis cərəyan edər. Hənəfilərə görə isə, sonra gələn xass, əvvəl zikr edilən ammın bir qisim fərdlərini nəsx edər. Biz, qazf ayətilə lian ayətinin eyni tarixi daşıdıqlarını və nəsx yerinə təxsis ifadə etdiyi görüşündəyik. (haşiyə)

--------------------------

(Haşiyə:

Cüzi və Külli, nə deməkdirlər?

Ləfz:

1. Cüzi; və

2. Külli

olmaq üzərə 2 qismə ayrılır. (Belə ki):

1. Cüzi: məfhumunda şəriklik olmasını əngəlləyən (ləfz)'dir. (Məsələn), sənin, "Zeyd", "Bu, ağacdır.""Bu, atdır." ləfzlərində olduğu kimi.

2. Külli: məfhumunda şəriklik olmasını əngəlləməyən ləfzdir. (Məsələn), "at", "ağac", "insan" ləfzləri kimi. Əgər dünyada 1 ədəd atdan başqa heç bir at olmasa belə, "at" ləfzi, külli bir ləfzdir. Çünki, şəriklik, bi'l-fiil (felən, feli olaraq) mövcud olmasa belə, bi'l-quvvə (potensial olaraq) mövcud olması, mümkündür.

"Bu at" dediyin vaxt isə, "cüzi" bir ləfz olur.

Bundan dolayı, "bu günəş" ləfzinin yerinə "günəş" deyərsənsə, "külli" bir ləfz istifadə etmiş olarsan. Çünki, (bu günəş ləfzi), "günəşlər" deyə təqdir edilmiş olsaydı, bu ismə (yəni, günəş isminə) daxil olardı.

(Ğazzali, "Maqasidul-Fəlasifə")

--------------------------

Hökmləri nəsx edilən nass'lar:

• Sünnətdə nəsx vaqe olduğuna, alimlər ittifaq etmişlərdir. Buna, kimsə müxalifət etməmişdir. Məsələn:

~ Əvvəllər namaz qılınarkən, Beytu'l-Maqdis'ə yönəlirlərdi. Sonra, Kəbə'yə dönülməsi əmr edildi.

~ Yenə, qəbr ziyarəti əvvəl qadağan edilmiş; sonra sərbəst buraxılmışdır.

~ Yenə, mutə nikahı əvvəl xoş görüldüyü halda, daha sonra nəsx edilmişdir.

 

• Qurana gəlincə, alimlərin cumhuruna görə, Onda da nəsx vaqe olmuşdur.

əbu Muslim əl-İsfahani isə, Quranda nəsx mövcud olduğunu qəbul etmir.

 

Cumhur, Quranda nəsx mövcud olduğunu isbat üçün, bu dəlilləri gətirir:

1. "Biz, hər hansı bir ayəni nəsx edər və ya onu unutdurarıqsa, ondan daha xeyirlisini və ya onun mislini (bənzərini) gətirərik." (Bəqərə/106)

Bu ayə, Quranda nəsxin mövcud olduğunu isbat etməkdədir.

2. Miras ayələrinin vəsiyyət ayətini nəsx etməsi kimi; Quranda, bir çox nəsx edilən hökm vardır. Suyuti, 20-yə qədər ayətin nəsx edildiyini söyləməkdədir.

3. Quranda, "Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: 'Sən ancaq bir iftiraçısan!'– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların çoxu bunu bilmir." (Nəhl/101) buyurulmuşdur.

Bu ayə də, Quranda, Allah tərəfindən dəyişiklik edildiyini göstərir ki, bax bu dəyişiklik, hökmlərin dəyişdirilməsidir.

 

əbu Muslim əl-İsfahani də, bu dəlillərə istinad edərək, Quranda nəsxin mövcud olmadığını müdafiə etməkdədir:

a. Nəsx, ibtal etmək deməkdir. Quranın ehtiva etdiyi şeylərdə nəsxin mövcud olduğu caiz görülərsə, Onda, ibtal edilən şeylər mövcuddur, demək olur. Halbuki Allah: "Nə önündən, nə də arxasından batil ona girişə bilməz." (Fussilət/42) buyurmuşdur.

b. Quranın hökmləri, qiyamətə qədər daimi və əbədidir. Dolayısı ilə, Onun bu xüsusiyyətinə münasib olan, Onda, nəsxin mövcud olmamasıdır.

c. Quranın ehtiva etdiyi şeylərin çoxu, küllidir, cüzi deyildir. Onda, hökmlər, icmali olaraq bəyan edilir. Buna münasib olan da, nəsx edilməməkdir. Ailə və miras hökmləri kimi Quranın təfsilatı ilə bildirdiyi şeylər, əbədi olduğu üçün, belə genişcə zikr edilmişdir. Cumhurun dəlil olaraq iləri sürdüyü şeylər, qəti bir şəkildə nəsxin mövcudluğunu göstərməz. Məsələn: "Hər hansı bir ayəni nəsx edər və ya unutdurarıqsa..." (Bəqərə/106) kəlamındakı "ayə", möcüzə mənasında istifadə edilmişdir. Yəni, Allah, hər peyğəmbərə, digər peyğəmbərlərdən ayrı bir möcüzə verir. Bunun üçündür ki, zikr edilən ayətin sonunda, "Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?" buyurulmuşdur. Bir ayə sonra da, "Yoxsa bundan əvvəl Musadan tələb olunduğu kimi siz də Peyğəmbərinizdən möcüzə tələb etmək istəyirsiniz?" (Bəqərə/108) deyilmişdir. Bax bu ayə, nəsx edilən şeyin, Peyğəmbər üçün verilən möcüzənin dəyişdirilmiş olmasına dəlalət edir. Yenə, "Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə..." (Nəhl/101) kəlamındakı "ayə" də, möcüzə mənasında istifadə edilmişdir. Bu 2 "ayə" sözü ilə, Quran ayələri qəsd edilmiş olsa belə, bu, Quranda nəsxin mövcud olduğunu deyil; bundan, bunun vaqe olması imkanı başa düşülür ki, bu ikisi arasında, böyük fərq vardır.

əbu Muslim əl-İsfahani'yə görə, nəsx edildiyi iddia edilən ayələrin təvil və ya təxsis surətilə uzlaşdırılması, mümkündür və bu, nəsxdən daha yaxşıdır.

------------------------------

Quranda nəsx:

Fəqihlərin cumhuruna görə, Quranda, hökmü nəsx edilən ayələr vardır. Quranın təvatürlə sabit olduğu da, ittifaqla qəbul edilən bir xüsusdur. Buna görə, Quranın hökmü, ancaq, mütəvatir bir nass'la nəsx edilir. Dolayısı ilə, əhəd xəbərlərlə Quran hökmləri nəsx edilə bilməz. Çünki, nəsxin əsası, 2 nassın bir-birinə zidd düşməsinə söykənir. Bu ziddiyyət də, ancaq sənəd cəhətindən eyni dərəcədə olan 2 nass arasında olur.

Lakin "Quran, mütəvatir sünnətlə nəsx edilə bilərmi?"

Şafi'yə görə, Quran ayəti, ancaq, özü kimi Quranın başqa bir ayətilə nəsx edilə bilər. Şafi, bu görüşünü isbat üçün, Qurandan dəlillər gətirməkdədir. Məsələn:

~ "Biz, hər hansı bir ayəni nəsx edər və ya onu unutdurarıqsa, ondan daha xeyirlisini və ya onun mislini (bənzərini) gətirərik." (Bəqərə/106); və

~ "Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə..." (Nəhl/101)

ayələrinin zahirinə görə, Quranın nəsxi, ancaq Quran ilə olmaqdadır.

Şafi,

~ "Allah, istədiyini silər; istədiyini də sabit buraxar." (Ra'd/39)

ayətini də dəlil olaraq zikr etməkdədir. Yəni, bu nass da, Şafi'yə görə, Quranın ancaq Quranla nəsx ediləcəyinə işarət etməkdədir.

İmam Şafi, Quran ayətinin, ancaq Quranın başqa bir ayətilə nəsx ediləcəyini qəbul etməklə bərabər; nasix və mənsux bildirən bir sünnətin mövcud olmasını da şərt qoşur. Çünki nəsx, İslam şəriətinin müəyyən bir hökmünün sonlandığını bəyandır. Bunu da, sünnət açıqlayır. Necə ki, Quranda da,

"Biz, onları, aydın dəlillər və kitablarla göndərdik. Sənə də, Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr." (Nəhl/44) buyurulmuşdur.

Üstəlik, nəsxdə, əvvəlki nassın nəsx edildiyini açıqlayan və zaman cəhətindən sonraya aid bir nass mövcud olacaqdır ki, bu açıqlayıcı nass da, sünnətdir. ("ər-Risalə", s. 107-108)

Fəqihlərin cumhuruna görə isə, Quran ayəti, Quranın başqa bir ayətilə nəsx edilə biləcəyi kimi; sünnətlə də nəsx edilə bilər. Ancaq, bu sünnətin, mütəvatir olması lazımdır. Çünki Quran, sənəd cəhətindən qətidir və Onu nəsx edəcək olan sünnətin də, eyni şəkildə sənəd cəhətindən qəti olması lazımdır. Dolayısı ilə, Quran ayəti, əhəd xəbər ilə, nəsx edilə bilməz.

ibn Hazm əl-Əndəlusi'yə görə, Quran ayəti, əhəd xəbər ilə nəsx edilə bilər. Çünki ibn Hazm, bütün sünnəti, sənəd cəhətindən qəti olaraq qəbul etməkdədir; və beləcə, əhəd xəbər də, sənəd cəhətindən, Ona görə qətidir.

-----------------------------

Sünnətin nəsxi:

Alimlərin ittifaqına görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə, sünnət hökmlərinin nəsxi, caizdir.

İmam Şafi, burda da cumhura müxalifət etmişdir. Ona görə, sünnəti, ancaq sünnət nəsx edər; Quranla sünnət nəsx edilə bilməz. Bu etibarla, o, "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnətini, ancaq Allah rəsulunun sünnətilə nəsx edərik." deyir və bunu, belə açıqlayır:

"Əgər Allah, Quranda, Peyğəmbərin sünnətinə müxalif bir şey vəhy etsəydi, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu sünnətlə əməl etməyin sonlandığını açıqca söyləyərdi. Çünki, daha əvvəl əməl edilməsi bildirilən şeyin nəsx edildiyini, insanlara, Onun açıqlaması lazımdır. O halda, sünnətlə sabit olan bir hökmü, ancaq sünnət nəsx edə bilər."

İmam Şafi'yə görə, sünnətin bir hökmünü Quran nəsx edərsə, belə bir nəsxi açıqlayan bir sünnət də mövcud olmalıdır ki, əsl nasix də, məhz bu ikinci sünnətdir.

Şafi'ni belə düşünməyə sövq edən şey, Kitaba müxalif düşmək iddiası ilə, bəzi sünnətlərin tərk edilmə qorxusudur. O, bu xüsus haqqında, belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qoyduğu sünnəti, Quran nəsx etdi.' demək cazi olarsa, Peyğəmbər tərəfindən haram qılınan bütün alış-verişlə bağlı şeylər, 'Allah, alış-verişi halal; və faizi haram qıldı.' (Bəqərə/275) ayətinin nüzulundan əvvəlinə aiddir demək, mümkün olar. Rəcm cəzası da, 'Zina edən qadınla, zina edən kişiyə 100 çubuq vurun.' (Nur/2) ayətilə nəsx edildi deyilə bilər. Yenə, 'Oğurluq edən kişi və qadının əllərini kəsin.' (Maidə/38) ayətilə də, mühafizə altında olmayan və ya 10 dirhəmdən az olan şeyi oğurlayan kimsənin də əllərini kəsmək lazım gələ bilər. Beləcə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hər hədisini rədd etmək, mümkün olar." ("ər-Risalə", s. 111-112)

Bu ifadələrdən, imam Şafi'nin "Sünnətin nəsxi, ancaq sünnətlə olur." deyə israr etməsinin səbəbini başa düşmüş oluruq.

Həqiqətən, bu görüş, ilk anda qəribə görsənə bilər. Lakin, yaxşıca araşdırılsa, normal olduğu başa düşülər. Quran, bir sünnəti nəsx edərsə, bunu, başqa bir sünnətin elan etməsi lazımdır. Bax bu elan, nəsxin mövcudluğunu və yeni hökmə görə əməl edilməsini isbat etmiş olur.

Cumhura görə isə, Quran ilə sünnət; sünnət ilə də Quran nəsx edilə bilər. Ancaq Quranın hökmünü nəsx edən sünnətin, mütəvatir olması lazımdır. Aradakı fəhm fərqi isə, böyük bir şey təşkil etməməkdədir.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

-------------------------------------

-------------------------------------

Əlavələr:

Bəqərə surəsi 106-cı ayə (1):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9...

Bəqərə surəsi 106-cı ayə (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9...

Read 39 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR